Tağıyev Təzəpirin təməlinə ilk daşı kimin istəyi ilə, nə üçün qoydu? Featured

 

TƏZƏPİR MƏSCİDİNİN TƏMƏLİNİN QOYULMASINDAN 110 İL ÖTÜR

 

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

Müqəddəslərin və müqəddəsliklərin diyarı Bakının incilərindən biri də mövcud olduğu bütün dönəmlərdə dini, elmi, ictimai-siyasi mərkəz rolunu oynayan Təzəpir məscididir.

Təkcə Azərbaycanın, Qafqazın deyil, bütün İslam aləminin müqəddəs ziyarətgahlarından, memarlıq abidlələrindən sayılan Təzəpirin müqəddəsliyi övliya Əbu Seyid Abdullanın adı ilə bağlıdır. Yaxın və Orta Şərqdə kəraməti, islam dəyərləri ilə bağlı düşüncələri, traktatları ilə məşhur olan, xəlvətiyyə təriqətinin banisi Seyid Yəhya Bakuvinin müridi kimi şöhrət tapan Əbu Səid Abdullanın dəfn olunduğu məkan – Xəlfədam yüzillər boyu ziyarətgah olub. Onun müqəddəsliyinə ehtiramda bulunan Bakı əsilzadələri daima Xəlfədamın, onun zinəti olan Əbu Səid Abdullanın məzarının qayğısına qalıb. Bu müqəddəs məkan Bakı xanı Hüseynqulu xanın və ailə üzvlərinin də Tanrıya əl açdıqları ünvan olub. 1917-ci ildə Hüseynqulu xan və kürəkəni Qasım bəy tərəfindən bərpa edilən Xəlfədam məscidi 90 il sonra Şərqin, türk dünyasının, islam mədəniyyətini çevrələyən ölkələrin, Odlar Yurdu Azərbaycanın, ən əsası Bakının məşhur milyonçusu, mesantı, ata tərəfdən əfşarlar soyuna, Nadir şah Əfşara, ana tərəfdən Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı olan Nabat xanım Xoca bəy qızı Aşurbəyova tərəfindən Təzəpir adında məscid kompleksə çevrilib.

Nabat xanım milli vətənpərvər bir ailədə böyümüş, belə bir ailəyə də gəlin getmişdi. Bakı milyonçularından olan Hacı Musa Rza Rzayevin ömür-gün yoldaşı idi.

Bakının bir çox tarixi tikililəri, yaşayış binaları, ovdan və hamamları, məscidləri məhz bu iki əsilzadə soyunun, zadəganların adı ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyev, Şəsmi Əsədullayev, Murtuza Muxtarov kimi nüfuzlu Bakı mesantları ilə yanaşı, Aşurbəyovlar da onun mədəni simasının, mənəvi mühitinin formalaşmasına sərmayə yatırır, xeyriyyə cəmiyyətləri qurur, mədəni-maarif məsələlərinə töhfələr verir, millətin cəhalətdən qurtuluşu, tərəqqisi üçün əllərindən gələni əsirgəmir, digər millətlərin elmi-mədəni elitasının qarşısına əldə etdikləri nailiyyətlərlə çıxırdılar.

Nabat xanım Xəlfədan məscidinin yerində daha möhtəşəm bir abidəni tikdirmək istəyəndə Bakının hər tərəfindən əzəməti ilə görünən Aleksandr Nevski kilsəsi var idi. Bu bir türk, müsəlman olaraq onun qüruruna toxunurdu. Bu səbəbdən də Təzəpir məscidinin təməlini qoymağı qərara alır. Bu yolda bütün sərvətini sərmayə etməklə kifayətlənmir, zinət əşyalarını belə satmaqdan çəkinmir. Hacı Zeynalabdin Tağıyevin, qardaşı Əjdər bəy Aşurbəyovun yardım təklifindən imtina edir. Qardaşı Əjdər bəyə üz tutaraq: “Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir” – deyib, ona doğru, düz olan yolu göstərir. Bu gün Bakının bir başqa memarlıq incisi sayılan Əjdər bəy məscidinin təməli belə qoyulur.

Nabat xanım ilahi eşqinə, Tanrı sevgisinə, dini etiqadına, Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı soyuna, soy-kökünə, şəcərə dəftərinə hörmətin əlaməti olaraq dövrünün məşhur memarı Zivər bəy Əhmədbəyovu məscid komplekslərin incəliyini öyrənmək məqsədilə Şərq ölkələrinə ezam edir. Bunun üçün də kifayət qədərə sərmayə ayırır. Zivər bəy bu gün əvəzsiz memarlıq incisi, İslam dəyərlərini özündə ehtiva edən tarixi abidə kimi dünyada məşhur olan Təzəpirin layihəsi ilə dönür. Zivər bəy Nabat xanıma onun xəyal etdiyi, arzusunda olduğu “hündür, ikimərtəbəli (yaruslu) minarəsi olan məscidin layihəsini təqdim edir, lakin Bakı qubernator idarəsi provaslav ruhanilərinin fətvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) yaxınlıqda tikilmiş Aleksandr Nevski provaslav kilsəsini kölgədə qoyardı”.

Bütün təzyiqlərə, Bakı qubernatorluğunun çıxardığı qərara baxmayaraq Nabat xanım Təzəpir məscidinin təməlini qoyur, sübut edirki, bura Bakıdı, türk, müsəlman şəhəridi. Onun tarixi sakinləri, özünəməxsus milli-mənəvi dəyərləri var.

Nabat xanım təkcə xeyriyyəçi, messant, milli burjuaziyanın qurucularından deyildi. Onda bir türk əzəməti, müsəlman mədəniyyəti, Azərbaycanlı qüruru, qeyrəti vardı. Təzəpirin təməlinə, möhrəsinə onun xüsusi istəyi ilə Bənnalıqdan Millət Atası şöhrətinə qədər müqəddəs, vüqarlı bir yol keçən, milli məfkurədən milli dövlətçiliyə körpü olanmücahidlərin Ruhunun Atasına çevrilən, mənsub olduğu millətin oyanışı, cəhalətdən qurtuluşu üçün məktəb, teatr binaları tikən, mətbuat orqanları quran, Qurani- Kərimin bəzi ayələrini ana dilinə çevirtdirən bu yolda sərvətini səxavətlə sərmayə edən Hacı Zeynalabdin Tağıyev qoyur. 9 ilə tikintisi başa çatan Təzəpirin künbəzinə də son daşı onun vəsiyyəti, oğlu Hacı Abbasqulu Rzayevin istəyi ilə Tağıyev qoyur.

1914-cü ildə Təzəpir məscidində açılış olur – ilk Bayram namazı qılınır. Nabat xanım artıq iki il idi ki, Tanrı dərgahında idi. 117 yaşında mələklərin sırasına qoşulmuşdu. Onunvəsiyyətinə uyğun olaraq Bakı Qazılar Şurası Təzəpir məscidinə Nəcəfdə, Kufədə dini təhsil alıb Vətənə dönən sonralar Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi şöhrət tapan Ağa Əlizadə təyin olunmuşdu. İlk xütbəni də o vermişdi

Nabat xanmın ruhundan qida verdiyi məscid qısa zaman kəsiyində dini, elmi, ictimai-siyasi mərkəzə çevrilmişdi. Bakı messenatlarının, xüsusən də Hacı Zeynalabdin Tağıyevin diqtəsi, Ağa Əlizadənin iradəsi ilə burada Səadət Ruhani Məktəbinin təsis konfransı keçirilmişdi. Qafqaz Müsəlmanları Qadınlarının qurultayı çağırılmışdı. Qadına seçmək, seçilmək hüququnun verilməsi, qadınların təhsilə cəlb olunması məsələsi qaldırılmışdı. Ən əsası 1914-cü ildə Rusiya-Türkiyə müharibəsi zamanı Bakı Quberniyasının qərarına, qubernatorun göstərişinə baxmayaraq Təzəpirin axundu Ağa Əlizadə, Bakı milyonçularının, şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Osmanlı əleyhinə fətva verməkdən imtina etmiş, Bakı əhlinə üz tutaraq onları Osmanlıya, Çanaqqala və Sarıqamış hadisələri zamanı dəhşətlərə məruz qalan qan qardaşlarına ianə toplamağa çağırmışdı. O ianələrin içərisində Bakılı qızların nişan üzükləri belə vardı. 

Təzəpir təkcə bir ibadət yeri, ziyarətgah deyil, o həm də dini, ictimai, siyasi mərkəzdir. 1918-ci ilin Mart soyqırımı zamanı Xəzər dənizindən atılan ilk bombanın ünvanı da Təzəpir olmuşdu. Bakının düşünən beyinləri daşnaklara qarşı mübarizə planını Hacı Zeynalabdin Tağıyevin və Ağa Əlizadənin rəhbərliyi ilə burada müzakirə edirdilər. Soyqırım günü və öncəki gecə şəhər əhli Təzəpirə sığınmışdı. Erməni daşnakları, onların arxasında dayanan səlibçilər, xaçlı yürüşə çıxanlar əhalini də, Tanrı evini də güllə-baran etməkdən çəkinməmişdi.

Təzəpir Mart soyqırımı Şəhidlərinin yuyulub kəfənləndiyi, Çəmbərəkənddə Torpaq müqəddəsliyinə yola salındığı yer olsa da, 1918-ci ilin sentyabrında Müjdə məkanına çevrildi. Nuri Paşanın, XI Qafqaz İslam Ordusunun gəlişi, Bakı Qoçularının iradəsi ilə işğaldan azad olunan Bakının gözaydınlığı xəbəri Bakılılara Nabat xanım Aşurbəyovanın təməlini qoyduğu Təzəpirdən verildi. Hacı Zeynalabdin Tağıyevin istəyi ilə Təzəpir məscidinin axundu Ağa Əlizadə və XI Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa minbərə qalxıb Birliyin, Bütövlüyün, Qardaşlığın simgəsinə, bəlgəsinə döndülər. Həmin gün Təzəpirin də, Tağıyevin malikanəsinin də önünə 250 metrlik “Qırmızı xalı” sərildi. Xalıdan iki türk əzəmətlə, şəstlə keçirdi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və Təzəpir məscidinin axundu Ağa Əlizadə.

Ağa Əlizadəni Nəcəfə, sonra da Kufəyə təhsil almağa göndərən də, təməlini qoyduğu Təzəpir məscidinə vəsiyyəti ilə axund təyin etdirən də, Nabat xanım Aşurbəyova idi. 1918-ci ilin 16 sentyabrında yaşanan bu tarixi müjdə gününün eynisi Naxçıvanda yaşanmışdı. Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin, Naxçıvan Qızlar Seminariyasının qurucusu, Araz-Türk Cümhuriyyətinin təsisçilərindən biri Mirzə Nəsrulla bəy Əmirov IX Qafqaz İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın ayaqlarının altına 250 metrlik “Qırmızı xalı”salmışdı. Onunla birlikdə İbn Küseyir Məscidindən Naxçıvan əhlinə bu torpaqların daşnaklardan təmizlədiyi müjdəsini vermişdi. Mirzə Nəsrulla bəy Əmirov Naxçıvan xanlarının - Kəngərlilərin Yurdçu qoluna, Nabat xanım Aşurbəyova isə Əfşarlara bağlı idi. Hər ikisi qüdrətli türk, hər ikisi xeyirxah müsəlman, hər ikisi Millət Fədaisi idi. Biri Bakı qubernatorunun fətvasına baxmayaraq Təzəpir məscidini qurmuşdu. Digəri Şura hökumətinin“Dini etiqad azadlığı haqqında direktivi” ləğv etməsinə baxmayaraq, Asəf-Kəhf ziyarətgahınayol çəkdirmişdi. Millət millət olur cəsarəti, ləyaqəti, həm də tarixi şəxsiyyətləri ilə...  

Təzəpir tarix, həm də tarixin canlı salnaməsidir. Bakı əsilzadələrinin, Bakı xanı Hüseynqulu xandan, Nabat xanım Aşurbəyovadan sonra Təzəpir məscidi haqqında tarixi qərarı Müzəffər Ali Baş Komadan, Prezident cənab İlham Əliyev aldı. Təzəpiri Bakının Memarlıq incisinə, Qafqaz və İslam mədəniyyətini çevrələyən ölkələrin elmi, dini, ictimai-siyasi mərkəzinə çevirdi. Bununla kifayətlənmədi. Təzəpirin ünvanında Nabat xanım Aşurbəyovanın adını əbədiləşdirdi. 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin baş ofisi Təzəpirdə yerləşir. Burada mövcud olan İslam tarixi dəyərləri ilə bağlı qiymətli dini kitabların, risalələrin qorunduğu kitabxana dünyada məşhurdur. İlahi eşqdən, Tanrı sevgisindən təməli qoyulan Təzəpir məscidində Seyid Yəhya Bakuvinin müridi Əbu Səid Abdullanın, Nabat xanım Aşurbəyovanın və əsil anasının yolunu əsilzadə şərəfi ilə davam etdirən yarımçıq arzusunu gerçəyə çevirib tamamlayan Hacı Abbasqulu Rzayev uyuyur.

Təzəpir məscidi müqəddəsdi. Pirlərin, övliyaların, əməlisalehlərin, millət fədailərinin ruhunun dolandığı yerdi. Onu sevin, ziyarət edin, o zaman millətə təmmənasız Sevgidən, xidmətdən, Tanrıya ibadətdən gözəl heç nəyin olmadığını anlayacaqsınız. Təzəpirin təməlini qoyanlar, layihəsini cızanlar, fərman və sərəncamları ilə adını tarixə yazanlar o müqəddəs yolda yürüdükləri üçün üstündən 110 il ötəndən sonra belə sevgi ilə anılır, unudulmurlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.