“Şəkil” – ibrətamiz hekayə Featured

Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun redaksiyamıza yolladığı növbəti hekayə “Şəkil” adlanır, onu diqqətinizə çatdırırıq. Düşünürük ki, “həyat bumeranqdır, etdiyiniz pisliklər mütləq qarşınıza çıxacaq” deyiminə bu hekayəni oxuduqdan sonra bir daha əmin olacaqsınız.

                                                                 

Dostlarımdan birinin oğlunun toyunda idik. Şadlıq evinin foyesinə çıxıb telefonla danışmaq istəyirdim. Bayaqdan, bəkə də on dəfə masamıza yaxın­laşıb zorən şək­limizi çəkmək istəyən fotoqrafın bir nəfərlə mübahisə etdiyini gör­düm.

-Vallah, cibimdə 3 manatım var,  1 manatın avtobusa verəcəyəm, qalan 2 ma­nat­dır.

-A kişi, şəklin qiyməti 3 manatdır, pulun yoxuydusa çəkdirməyəydin.

-Dedim, dostumun toyudur, yadigar qalsın. Həm də elə bilirdim ki, şəkli 2 mana­ta çəkirsiniz.

-Yadigar cırıq şəklin qalacaq – fotoqraf  hirslə şəkli əvvəl ortadan böldü, son­ra bölün­müş hissələri cırıq-cırıq elədi.

Şəkil sahibi qıp-qırmızı qızardı, az qaldı, ağlasın. Amma heç nə demədi.

Arıq, çəlimsiz, təxminən qırx yaşlı bu kişinin durumu ürəyimi göynətdi. Yad­daşım mənə uzaq uşaqlıq illərində başıma gələn bir hadisəni xatırlatdı.

Rayon mərkəzindən xeyli aralıda yerləşən kəndimizdə fotoqraf olmadığından ayda, iki ayda bir dəfə  Müseyibin gəlişinı camaat, xüsusilə müəl­limlər və şagirdlər inti­zar­­la gözləyirdilər. Müseyib kişi standart ölçülü şəkillərin birini 1 manata çəkirdi. Adam vardı 3 şəkil çəkdirirdi, adam da vardı  5 şəkil. Kəndin bəzi  imkanlıları onu evləri­nə dəvət edir, ailə üzvlərinin kefləri istə­yən qədər şəkillərini çəkdirərdilər.

Mən heç vaxt şəkil çəkdirməzdim. Cibimdə pulum olmadığından bəhanə ta­pıb deyir­dim ki, xoşuma gəlmir.

Qonşumuz, kommunxozda mühasib işləyən Fərzalının böyük oğlu Bənda­lı­nın fo­toqraflığa başlaması Müseyibin bazarını bağlamasa da zəiflətdi. İş burasındaydı ki, Bəndalı şəklin birini 50 qəpiyə çəkirdi. Düzdür, şəkillər bir az solğun olardı, kağızı parlaq deyildi. Amma  üstünlüyü o idi ki şəkli on beş gün gözləməzdin, uzağı 3  günə verərdi.

İstirahət günü idi. Kürün qırağındakı bağda oynayırdıq. Birdən Bəndalı gəldi, çiy­nində də fotoaparatı. Uşaqlar onu dövrəyə aldılar, bir-bir şəkil çəkdirdilər. Mən də həvəsləndim, şəklimi çəkdirdim.

Növbəti bazar günü yenə Bəndalı həmin bağa şəkilləri paylamağa gəldi. Uşaq­lar pul­larını verib şəkillərini alırdılar. Növbə mənə çatdı, cibimdə 50 qəpik olmalıydı, iki iyirmi qəpiklik, bir on qəpiklik. Amma 40 qəpiyi tapdım, 10 qəpik isə yox idi. Görünür oynayanda cibimdən düşmüşdü. 40 qəpiyi Bəndalıya uzatdım, -On qəpiyi itirmişəm, -dedim.

-Şəkil 50 qəpikdir, ay yalançı. 40 qəpiyə get şor al, sürt başına, -dedi.

-10 qəpiyi də atamdan alıb verərəm.

-Cəhənnəmə alarsan, qara yola alarsan, -yadımdadı, elə-belə də deyərək, şəklimi cırıq-cırıq elədi.

Nəinki pərt oldum, hirsimdən az qala ağladım.

Bu hadisədən üç gün keçmiş qəribə bir hadisə baş verdi. Bizim həyətlə Bəndalıgilin həyətinin arasından dərin arx axırdı. Bir tərəfdən o biri tərəfə keçmək üçün arxın üzərinə enli, qalın 5-6 metr uzunluğunda taxta-körpü qoyulmuşdu. Bu körpünü keçərkən Bəndalının beş yaşlı kiçik qardaşı Ağasəfərin ayağı sürüşüb suya düşmüşdü. Yanında olan qardaşı Cahid - onun  yeddi yaşlı vardı, qardaşına kömək etmək istəyəndə o da suya yıxılmışdı. Boğulmaq təhlükəsi olan qardaşlar qışqırmağa başlayanda, yəqin ki, onların səsini ən tez mən eşitdim. Özümü cəld arxa atdım. O vaxt mənim on bir yaşım vardı, həm boy-buxunlu idim, həm də üzməyi yaxşı bacarırdım. Qardaşları xilas etmək o qədər də çətin olmadı. Amma uşaqlar çox qorxmuşdular. Onları aparıb analarına verdim. Ana sevinir, mənə min dillə dua edirdi.

Bilmirəm, necə oldusa bu xəbər bütün kəndə, o cümlədən məktəbə yayıldı. Böyük tənəffüsdə iclas elədilər. Həm direktor, həm də sinif rəhbərimiz məni o qədər tərif­lədilər ki... Hətta mənə tərifnamə də verdilər. Həmin iclasda Bakıdan gəlmiş “Azərbaycan pioneri” qəzetini müxbiri də iştirak edirdi.

O da mənə bir neçə sual verdi, həm təklikdə,  həm də müəllimlərimlə şəklimi çəkdi.

Təxminən bir ay sonra poçtalyon bizə xüsusi bi zərf gətirdi. Zərfin içərisində, redaksiyanın mənim adıma göndərdiyi məktub, iki ədəd qəzet və altı şəkil vardı.  Qəzetdə haqqımda yazılmış “Balaca xilaskar” adlı məqaləni görəndə elə sevindim ki...

Səhəri gün məktəbə gedəndə hamı mənimlə mehribanlıqla görüşür, məqalə haqqında danışırdılar.

Qəribədir, şəklimi cırandan sonra əvvəllər hər gün görüşdüyüm Bəndalıyla heç rastlaşmamışdım. Ona nifrət edirdim. Bir gün hər halda onunla üz-üzə gəldik.

Deyəsən, səhvini başa düşmüşdü.

-Ceyhun, gəl şəklini çəkim, pul-zad lazım deyil-dedi.

Mən: -Şəkli saxla özünə. Ehtiyac yoxdur, -deyib ondan uzaqlaşdım.

Xəyaldan ayrıldım. Gözüm bir az aralıda müştərilərlə söhbət edən fotoqrafa sataşdı. Sanki Bəndalını görürdüm.

(16-23.11.2024)

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.