Super User
“Qayıdan durna səsi” – SƏRDAR AMİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Sərdar Aminindir.
ZƏMİ ƏFSANƏSİ
Əlinin tərsində tər,
Ovcunda sərasər
Un gəzdirər Güləsər.
İşdən gecələr çıxar,
yuxunun kəm çağında,
sübhün nabələd vaxtı
günün mübhəm çağında.
Özündən əvvəl çatar
evə unlu xəyalı.
Çörək sexində qalar
boz, dama-dama şalı
Bakı; qara buruqlar,
Bir tərəfdə Ağ şəhər,
Bir yanda neft qoxusu,
Bir tərəfdə Güləsər…
Səhərin ilk addımın
gecədən çölə qoyar.
Şəhərin ac itləri,
ətəklərindən doyar.
Xəyalının ardınca
evə çatar Güləsər,
işığı da yandırmaz
elə yatar Güləsər.
Özü yatar, əlləri
saçın hörər qızının.
Bir azdan oyananda
üzü gülər qızının.
Hörüyü anasının
bu səhər də əlindən
hədiyyə kimi alar,
vərdişkərdə əlindən.
Xəmirli biləyindən
öpüb məktəbə gedən
qızıyçün ovucları
yuxulu dua edər.
Gecə çörək bişirər,
çörək qoxar nəfəsi,
gündüz yatar Güləsər.
Əhmədli qəsəbəsi,
çörəyindən dadanda
yuxu görər – yuxusu
bir zəmi əfsanəsi.
Qayıdan durna səsi:
Qorxma, mən səninləyəm.
Həm də burda, yel atım.
Sən çap, yarımçıq qalsın
üç misralıq bayatım...
Bibimin bişirdiyi
şirin ləzgi qoğalı,
gecəmin ay işığı,
əlimin portağalı.
Sən od-alov qızısan,
bir əlcə ürəyində,
o sərçə ürəyində
pulemyotların səsi...
Saçlarını oynadır
fərarilik nəğməsi.
Sən böyük sevinclərin,
ən böyük sevinclərin,
gülüşlərin qəmzəsi.
Qayıdan durna səsi.
Şəlaləsən, şəlalə –
Tanrıdan yerə axan...
Bitməyən su sərgisi…
Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.
Əlini gözünə qoy,
gözünü dik səmaya,
sən ki müqəddəslərin
saman qoxan ağımtıl
kətan çantalarından,
nar qoxan heybələrdən
doğulmusan dünyaya.
Mən də səni süzürəm,
yaşadığın adanı.
Bu tənhalıq, sakitlik,
Məst eləyir adamı.
Hər gün susub baxıram,
Səmadakı rənglərə
Yerini göstərməkçün
atdığın fişənglərə.
Sən canın, elə baxma,
pislik gəlmir əlimdən.
Tənha adan gözəldi
mənim miskin gəmimdən.
Sənə əlim toxunsa,
günəş çıxar bir anlıq.
İtər uçan fişənglər,
bitər atəşfəşanlıq.
Nə olar, əl yelləmə,
qaranlığında qalaq.
Portağalsan əlimdə,
sıxsam, günəş doğacaq.
33 YAŞIN ŞEİRİ
Anamın sancısı kəsəndə dünya
Qara bürünübmüş barama kimi.
Hər il ad günümdən söhbət düşəndə
Deyir, qar yağmışdı burama kimi.
Qaldığım o köhnə binanın bir gün
Cəng atmış tinindən burulacağam.
İş işdən keçəcək həmin döngədə,
Yəqin ki, ağzımdan vurulacağam.
Peşəkar qatilim bir an düşünüb,
İkinci gülləni sinəmə vurar.
Çox uzağa getməz ağzımın qanı,
Qıvrılıb ilantək yanımda durar.
Meyitim çarmıxtək çarpazlananda
Əsrə təslim olar cığal günorta.
Ağzımdan, sinəmdən şırıldayar qan,
Qarışar torpaqda venoz... aorta...
Qürbət sularıtək axıb gedəcək
Süzüləcək qanım çal birçəyimdən,
Hansısa brendin bir hərf kəm gələn
adı həkk olunmuş ağ köynəyimdən.
Qarşı göydələnin pəncərəsində
Günəş bərq vuracaq o saatlarda.
Ətirli uşaqlar böyür-başıma
Gələcək bahalı “samakat”larda.
Şubasın çiyninə salan gəlinlər
Enəcək dəbdəbə qoxan həyətə.
Orta həyacanla biraz uzaqdan
Baxacaq səmaya baxan meyitə.
Gəzərkən gözlərim göylərdə son kəs
Qarlı bacalara qonmağa gedən
ayağı qırmızı bir cüt göyərçin
sıyrılıb keçəcək üzərimizdən.
"QIŞ KƏPƏNƏKLƏRİ"
Cibində mandarin qabığı gəzdirən
duz qoxulu
sarı qız,
gəl, günəşim ol.
Ürəyində nəsə var,
ya da çantanda.
yoxsa məni görəndə
çiynindən sürüşüb
dirsəyində bənd olmazdı.
Arxamca qaç,
bir tin tapaq, nəm qoxan,
silah kimi gəzdirdiyin
çətiri aç!
Gəl, evim ol.
Pəncərəmiz olsun çirkli divardakı “A4”lər
Elanlarda “çörək var və qril var”.
Heç nə lazım deyil başqa.
Döngələrdə zibil var.
Özüylə danışıb Allaha and içən bu qoca
babamız olsun,
Elandan baxan leykoz uşaq
balamız olsun.
Nəsə olmalıdır,
heç vaxt eşitmədiyimiz bir səs gəlməlidir hardansa.
Yanımda ol, sarı qız.
Sarı işığın düşsün
boz çətirə gecələr.
Bitməyəcək onsuz da
soyuq tire gecələr.
İlğım tənhalığı var
insanların qaynaşdığı küçələrdə.
Bu insanlar kimlərinsə ilğımıdır.
Şəklə bax, nəsə demək istəyir
balamızın çöhrəsi:
insanlar bir-birinə nəzirədir,
ulduzlar da onların kölgəsi.
Sarı qız,
bir qızım var,
bir az sənə oxşayır,
bir az da anasına.
Mən qızımçün bir az gec darıxıram,
Amma batıq yanaqları düşəndə xatirimə,
heç kəsdə ağrımayan yerlərim sızıldayır.
Hamiləlik testində
nazik qoşa xətt kimi
uzanaq çətir altda,
Susaq xəcalət kimi.
Sevmədən evləndik,
inanmadan namaz qıldıq, sarı qız.
Hər şeyin yaxşı olacağını düşündük,
bütün ölənlər kimi.
Gözəllik gözdən yoluxur...
Bir adi sözdən yoluxur,
uşaqlar bizdən yoluxur,
qovur kəpənəklərini.
İndi yaz gələcək...
babamız öləcək.
Sən də çətirini bağla, sarı qız.
Aç-bağla, aç-bağla, aç-bağla...
Uç bu nəzirə dünyadan.
GÖBƏLƏKLİ KÖTÜK
Günəş batır uzaqlarda.
Milyon səbəblə zillənmişəm göbələkli bir kötüyə...
Biri bir qəpiyə dəyməyən səbəblər...
Dümağ bəziləri, bəziləri süd rəngi.
İlahi... bu göbələklər...
görən...
Deyirsən, darıxıram, gəl.
Axı göbələkli kötüyə baxıram mən.
Üstəlik, günəş batır. Anlayırsan?
Üstəlik, milyon səbəb var içimdə.
Biri bir qəpiyə dəyməyən.
Deyirsən, qızımızın qızdırması var yenə.
Ara vermir, hey danışır, əldən düşür...
Tez gəl.
Başa düşürəm, əzizim,
bircə balamız var, o da od içində, yanır!
Ancaq məni də başa düş, nolar?
Axı mən göbələkli bir kötüyə baxıram.
Üstəlik, günəş batır...
Ana, bir vaxtlar
bulaq kimi qaynayan
(Ağlama, nolar)
o evimizdə indi tənha qalmısan.
Darıxırsan,
bir saniyə sussam, telefonun bu tayında,
o tayda səsin titrəyəcək,
bir az da sussam...
Üzün büzüşüb yumağa dönəcək.
Başa düşürəm,
bir vaxtlar uşaq səsindən durmaq olmurdu o evdə...
İndi tənhasan, üstəlik, günəş batır orda da.
Başa düşürəm, anam...
Nə olar, sən də oğlunu anla
Mən göbələkli bir kötüyə baxıram.
Günəş batır uzaqlarda...
Birazdan kölgəm düşəcək göbələkli kötüyə.
BAX, AMELİ...
(İkincilərə...)
Bax, Ameli, yenə dovşan çıxacaq
Bu uzunbığ sehrbazın əlindən.
Sən verməsən o qırmızı dəsmalı,
heçnə gəlməz yaramazın əlindən,
Yenə sabah o filləri döyəcək,
Qamçı onun, yarıtmaz zor onundu.
Xortumların dik tutar səni görcək,
Mən bilirəm, fillər sənin dostundu.
Salınarsan tənin boyda çənbərə,
Tən ortadan... bu şəlalə qamətin.
Sağ tərəfdə ayaqların tərpənər,
Sol tərəfdə gülümsəyər sifətin.
İzlərimi tapdayan ayaqlarım
Qopsun, getsin, gəzsin ayaqlarınla.
Qoy uzanım bu qabırğa çənbərə,
Alma yeyim gülümsəyən yarınla.
Hamı səni ikincitək alqışlar,
Bilməzlər ki, yeganə canbaz sənsən.
Heç kim belə gözəl yarı bölünməz,
Bax, Ameli, əsl sehrbaz sənsən.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
“Canavarlar” - AĞALAR İDRİSOĞLUNUN PRİTÇASI
“Ədəbiyyat və incəsənət” portalı tanınmış dramaturq, yazıçı, publicist, teatr xadimi Ağalar İdrisoğlunun “Canavarlar” adlı pritçasını diqqətinizə çatdırır.
Həmin il bu mahala qış çox sərt gəlmişdi. On gün idi ki, qar-çovğun ara vermir, külək ağacları elə bil ki, yerindən çıxarmaq üçün onlarla “güləşirdi”. Küləyin bu gücünə tab gətirməyən yaşlı, kökləri çürüməkdə və üzdə olan ağaclar gurultu ilə yerə dəyirdilər.
Bu qardan, tufandan vəhşi heyvanlar da çox qorxuya düşmüşdülər. Həmişə bir-birini görəndə didib-parçalamaq istəyən vəhşi heyvanlar, indi instinktlə bir yerə yığışıb, mehribanlaşıb, bir-birini qorumaqla bu tufana, qasırğaya, lopa-lopa yağan qara, buz parçalarına güclə də olsa sinə gərərək, ölüm-dirim uğrunda döyüşürdülər…
Amma bir canavar sürüsü başqa heyvanlara qarışmayaraq, özləri qarlı, şaxtalı meşədə yemək axtarmaq, acından ölməmək üçün on gün idi ki, ov axtarırdılar, amma heç nə tapa bilmirdilər… Başqa heyvanlara hücum edib, onlardan ən zəiflərini özlərinə ov etmək istəsələr də indi heç nə tapa bilmirdilər…
Çünki havanın belə sərt olmasından bütün heyvanlar, ayılar, şirlər, çaqqallar, tülkülər, hətta ən zəif heyvanlar, quşlar belə instinktlə biri-birinin ətrafına sığınmışdılar. Belə ki, onlar instiktnən başa düşürdülər təbiətin bu şıltaqlığına yalnız birikdə qalib gələ bilərlər. Ona görə də bu heyvanlar ayıların yaşadığı böyük bir mağaraya sığınmışdılar. Əlbəttə, həmin canavar sürüsünün bundan xəbəri yox idi. Əgər xəbərləri olsaydı bəlkə onlar da həmin heyvanların yanına “təşrif”buyurardılar. Beləliklə, meşədə heç bir canlıdan ins-cins olmadığınadan həmin canavar sürüsü özlərinə ov tapa bilmirdilər. Heç bir qarğa, saxsağan, tısbağa da gözə dəymirdi…
… Artıq bu canavar sürüsünün aclıqdan öləcəyini görən bir canavar özünə belə qərar verdi ki, sürüdən ayrılıb, bir kəndə, insanlar yaşayan yerə getsin. Həm də bu sürü ilə onu daha heç nə bağlamırdı. Çünki iki gün bundan qabaq onlar yol gedən vaxtı həmin canavarın dişisi qayadan dərəyə uçmuşdu. Erkək canavar onu xilas eləyə bilməmişdi. Həmin canavar sürüsü də ona köməklik eləməmişdi. Buna görə özünü qınayırdı ki, uzun illər bu sürüyə arxa-dayaq olmuşdu. Onları həm insanlardan, həm də vəhşi heyvanlardan qorumuşdu. Amma iki gün bundan qabaq onun dişisi qayadan dərəyə düşəndə, heç bir canavar ona kömək edib, qayadan dərəyə düşüb, onun dişisinin sağ qalıb-qalmadığını öyrənmək istəməmişdi. Məhz buna görə də onda artıq bu sürüyə qarşı nifrət yaranmışdı. O özü dərəyə düşmək istəyəndə də onu qoymamışdılar və məcbur eləmişdilər ki, onlarla birlikdə ov axtarmağa getsin. Axı sürüdə olan canavarların çoxu məhz ona, onun qoçaqlığına güvənirdi... Bütün bunları beynindən keçirən və bu canavar sürüsünə artıq nifrət eləyən erkək canavar, o biri canavarlardan bir qədər arxada qalıb, onlar gözdən itəndən sonra, böyük bir ümidlə son gücünü toplayıb, başqa bir səmtə getdi.
Beş-altı kilometr bu ümidlə, inamla yol gedəndən sonra bir işıq gördü. Meşənin kənarında olan həmin işığa doğru getmək qərarına gəldi. Belə də etdi və son gücünü torlayıb, qarda sürünə-sürünə həmin işıq gələn yerə çatdı. Artıq gecənin yarısı idi. Evdən səs-səmir gəlmirdi. Deməli, evdəkilər yatmışdılar. Bir az kənarda isə başqa evlər görünürdü. Amma həmin evlərə tərəf getməyə canavarda hey qalmamışdı... Canavar həyətin ağac budaqlarından hörülmüş hasarının yanında dayanıb ucadan ulamağa başladı. Artıq heydən düşdüyünə görə səsi elə də ucadan çıxmırdı. Canavar bir neçə dəfə ulayandan sonra, bu vaxt evdən əlində beşaçılan tüfəng bir kişi çıxdı. Əlindəki fanarı hasarın yanındakı qaraltıya tuşladı. Gördü ki, canavardır. O, ömrü boyu burada yaşadığından və heyvanların da dilini bildiyindən başa düşdü ki, bu canavar bura ziyan verməyə gəlməyib. Yəqin sürüsündən ayrı düşüb və acdır. Ondan kömək istəyir.
Canavar isə elə başa düşdü ki, əlində silah olan adan onu öldürəcək, ona görə də həmin adama yalvarmağa başladı.
-Ey insan! Sizə yalvarıram. Məni öldürməyin. Mən bura sizin mal-qaranı oğurlamağa, sizə ziyan verməyə gəlməmişəm. Məni bura gəlməyə aclıq məcbur eləyib. On gündən çoxdur ki, acam. Mənə nə isə verin yeyim, acından ölməyim.
Kişi canavarın həqiqətən də ac olduğunu başa düşdü və evə girib, bir parça ət götürüb, yenidən bayıra çıxdı və canavara sarı atdı. Canavar cəld qarın üstünə düşən ətə yaxınlaşıb, onu acgözlüklə yeməyə başladı. Əti yeyəndən sonra bir qədər də kişiyə yaxın gəlib, qarın üstündə uzandı.
-Sağ ol ey insan. Sən məni ölümdən qurtardın. Bundan sonra mən sənə qul kimi, sənin sadiq itin kimi qulluq eləməyə hazıram.
-Siz canavarlara etibar yoxdur.
-Düzdür. İnsanlar bizim haqqımızda belə deyir. Əslində belə deyil.
-Mən əlli ildir ki, lap uşaqlıqdan bu meşənin kənarında yaşayıram. Bu vaxta qədər siz canavarların bizə necə ziyanlar vurduğunu çox görmüşəm. Ulularımız da deyib ki, “canavarla dostluq eləyənin silahı yanında olmalıdır”.
-Onu düz deyirsiniz. Biz canavarlar sizlərə çox ziyanlar vurmuşuq. Ona görə etibarımızı itirmişik. Amma mən söz verirəm ki, onlar kimi olmaram. Sizin etibarınızı qazanaram.
Bu vaxt kişi eyvanın üstündəki dəmir məftillərlə toxuduğu qəfəsi götürüb, həyətə düşdü. Hasara yaxınlaşdı və cəld hərəkətlə canavar olan yerə atdı. Canavar dəmir qəfəsin ortasında qaldı. O qəfəsdən çıxmağa da heç bir hərəkət eləmədi.
-Qoy siz deyən kimi olsun. Məni elə bu qəfəsin içərisində saxlayın. Əgər sizin etibarınızı qazansam çıxararsız. Amma söz verirəm ki, sizə sadiq itlərinzdən daha yaxşı xidmət eləyəcəm.
-Təki sən deyən kimi olsun. Yaşayarıq, görərik,-deyə kişi cavab verdi. O, həmin dəmir qəfəsi sürüyüb, kürsülü evin altına atdı ki, canavar səhərə kimi qarın altında qalıb donmasın.
Sübh tezdən kişi yuxudan durandan sonra həyətə düşüb, evin altında dəmir qəfəsin içində olan canavara baxdı. Canavar soyuqdan donub öləmişdi. Büzüşüb yatmışdı.
-Deyəsən soyuqdan donubsan?
-Hə. Donmuşam. Amma ac olmadığıma görə bir təhər soyuğa dözmüşəm. Bilirəm siz mənə inanmırsız. Amma möhlət verin əməllərimlə özümü doğruldum.
-Lap yaxşı. İndi səni istlər olan isti tövləyə aparacam. Amma onlarla bir yerdə saxlamayacam. Elə dəmir qəfəsdə qalacaqsan. Yoxsa onlar səni parça-parça eləyərlər.
-Necə istəyirsiniz, elə də olsun.
Kişi dəmir qəfəsi canavarın üstündən götürdü. Amma itlər üçün həmişə hazır saxladığı bir dəmir boyunduruğu canavarın boynuna bağladı və həmin boyunduruğa da bir zəngir bağlayıb, dəmir qəfəsi bir əlində, canavarın ipi də o biri əlində isti tövləyə, itlər üçün olan dama gətirdi. Bunu görən itlər hürməyə, haray-həşir salmağa başladılar.
-Haray-həşir salmayın! Bu canavar bundan sonra burada, sizin yanınızda, sizin damınızda, amma qəfəsdə qalacaq. Əgər ona hansı biriniz toxunsanız, hamınızı güllələyərəm!
İtlər ev yisəsinin dediyi sözü eləyən, cod adam olduğunu bildiklərindən və ondan qorxduqlarından susdular.
Beləliklə, canavar bir müddət həmin qəfəsin içində, itlərin damında qaldı. Kişi hər gün itlərə verdiyi yaldan bir az da artığını camavara verirdi ki, özünə gəlsin. Canavar da bu yalı həvəslə yeyirdi.
Artıq kiçik çillə qurtarmışdı. Qarlar da ərimişdi. Yalnız dağların ətəklərində gün düşməyən yerlərində və başında qar qalmışdı. Az bir vaxtdan sonra havalar da isinməyə başladı.
İtlər həyətdə gəzir və yeri gələndə həmin kişinin qoyun sürüsü və mal-qarası ilə birlikdə meşəyə gedirdilər. Amma canavar hələ də itlərin damında qəfəsdə qalırdı. Hərdən kişinin ən çox sevdiyi qancıq iti, kənardan durub, bu canavara baxırdı. Canavar, həyətdəki itlərdən daha böyük və yaraşıqlı idi. Hətta alnında ağ bir qaşqa vardı. Ev yiyəsi də canavarın alnında ağ olduğuna görə, ona Alabaş adı qoymuşdu.
Kişi qancıq itin kürsəyə gəldiyini başa düşüb, onu canavarla cütləşdirmək istəyirdi. Amma canavar heç cürə cancıq itə yaxın getmək istəmirdi. Bu, kişini çox qeyzləndirirdi. Axırda dözməyib canavara dedi:
-Sən niyə bu itə yaxın getmək istəmirsən?
-Biz meşədə yemək axtaran vaxtı mənim cütüm olan dişi canavar qayandan dərəyə düşüb öldü. Siz bilirsiniz ki, biz erkək canavarların dişisi öləndən sonra o heç bir dişi canavarla cütləşmir. Hətta bir dişi canavarın doğduğu dişi və erkək canavarlar da bir-birilə cütləşmirlər.
-Onu bilirəm. Axı bu canavar deyil, itdi.
-İtlər üçün bunun fərqi yoxdur. Amma biz canavarlar heç vaxt belə şey eləmirik.
-Mən istəyirəm ki, sən bu qancıqla cütləşəsən. Onda onun doğduğu küçüklər də sənin kimi güclü, yaraşıqlı olacaq.
-İstəyirsiniz məni vurub öldürün. Amma mən sizin bu istəyi, arzunu eləməyəcəm... Eləyə bilməyəcəm…
Kişi daha heç nə demədi. Bir gündən sonra gördü ki, həmin qancıq it, öz həyətlərində olan iki erkək itlə yox, qonşunun erkək iti ilə cütləşib. Bu, ona pis təsir etsə də üzə vurmadı…
… Adı Alabaş qoyulan canavar az bir vaxtda ev yiyəsinin də, onun uşaqlarının da etibarını qazandı. Kişi zənciri açıb, onu çölə buraxdı. İtlər də kişinin qorxusundan ona dəyib-dolaşmırdılar. Amma qancıq it, daha ona yaxınlaşmırdı. Həmişə ona nifrətlə baxırdı. Hər dəfə də ona hürürdü ki, ev yiyəsi canavara inamını itirsin və onu burdan qovsun. Alabaş da həmin qancıq itə heç fikir vermirdi. Kişinin meşəyə gedən mal-qoyun sürüsünü itlərlə birlikdə qoruyurdu.
Bir dəfə yenə meşəyə gedəndə qonşunun erkək iti də gəlib ora çıxdı. Həmin it neyçünsə birdən-birə Alabaşın üstünə cumdu. Əvvəlcə Alabaş ona fikir vermək istəmədi. Qonşunun iti Alabaşın ondan qorxduğunu hiss edib, onun üstünə cumdu. Alabaş qonşu itinin onu parçalayacağını başa düşüb, cəld onun qulağından tutdu və möhkəm sıxmağa başladı. Alabaşın dişləri qonşu itinin qulağını bıçaq kimi kəsdi. Qonşu itinin bir qulağı canavarın dişlərinin arasında qaldı. Qonşu iti fəryad qopararaq zingildəməyə başladı. Kişi cəld onlara yaxınlaşıb, Alabaşı vurmağa başladı. Amma özü də görürdü ki, günah Alabaşda yox, qonşunun itindədir. Alabaş qonşunun itindən uzaqlaşdı. Qonşunun iti qulağından qan axa-axa, tayqulaq və fəryadla zingildəyə-zingildəyə tez oradan qaçdı. Yəqin fikirləşirdi ki, Alabaş onun o biri qulağını da qoparacaq. Bu, kişiyə çox pis təsir elədiyinə görə yenə də əlindəki çomaqla canavarı vurdu və əsəbi dedi:
- Bax, görürsən? Siz canavarları əhilləşdirmək mümkün deyil. Deyirlər sizi heç sirkdə də əhilləşdirə bilmirlər. Bu hərəkətinə görə də mən səni cəzalandıracam!
Kişi axşam qoyun sürüsü və mal-qara ilə meşədən qayıdandan sonra canavarı yenə həmin dəmir qəfəsə saldı. Dəmir qəfəsi həyətdəki böyük ağacının altına qoydu. Qonşunun iti isə qorxusundan bir neçə gün heç öz həyətlərinə də getmədi. Qulağının ağrısından zingildəyə-zingildəyə küçələrdə veyil-veyil gəzdi.
Səhəri günü kişi özü mal-qoyun sürüsü ilə, uşaqları və itləri də ona köməklik etməklə meşəyə getdilər. Hətta kişi acığından Alabaşa yal da qoymamışdı. Onu aclıqla imtahana çəkirdi. Bu yolla da ona zülüm verirdi…
Artıq günortaya yaxınlaşırdı. Aclıq canavara təsir eləyirdi. Çünki axşamdan ac idi. Bu vaxt kişinin xanımı əlində bir padnos yemək evdən çıxıb, qonşunun hasarına yaxınlaşıb, bir fit işarəsi verdi. Evin iyəsi, cavan kişi eyvana çıxdı. Qonşu qadını görüb, tez eyvandan düşüb, onlarla aralarında olan həyət qapısını açdı.
-Getdilər,- deyə qonşu kişi soruşdu.
-Hə. Getdilər. Uşaqları da məcbur elədim ki, onunla getsinlər.
-Nə yaxşı,-deyə kişi yemək padnosunu qadından aldı və qadın da onun qoluna girib, qonşunun evinə girdilər.
Bunu görən canavar çaşıb qaldı. Başa düşdü ki, bu qadınla kişinin arasında uzun müddətdi ki, bir sevgi macərası var. Əvvəl fikirləşdi ki, dəmir qəfəsi sındırıb, hasardan atılıb, evə girib onların hər ikisin parçalasın. Amma səbrini basıb bir qədər gölzədi.
… Bir müddət keçəndən sonra onlar pörtmüş bir vəziyyətdə evdən eyvana çıxdılar… Qonşu kişi qadını qucaqlamışdı və qadın da balaca quş anasına sığınan kimi ona sığınmışdı və başını sinəsinə qoymuşdu.
Bundan qeyzlənən canavar möhkəm uladı və qeyzlə qəbəsi sındırmaq istədi ki, oradan çıxıb, onları parçalasın. Canavar qeyzlə qəfəsi qonşunun hasarına sarı sürüyüdü. Qonşu yekəpər kişi və qadın bundan möhkəm qorxdular. Kişi cəld evə girib, tüfəngi götürdü və bayıra çıxdı. Canavar başa düşdü ki, qonşu kişi onu vurub öldürəcək. Tez sakitləşdi. Yenidən qəfəsi əvvəlki yerinə tərəf sürüdü. Qadın qorxu ilə qonşunun həyətindən çıxıb, tez öz evlərinə qaçdı. Və bütün günü daha evdən çıxmadı…
Axşam kişi evə gələndə, arvadının çox əsəbi olduğunu gördü.
-Nə olub? Niyə rəngin-rufun ağarıb?
-Sənin bu vəhşi canavarın az qalmışdı ki, məni parçalasın. Axı mən sənə neçə müddətdi ki, deyirəm bu canavarı itir getsin, sən isə mənə qulaq asmırsan!
-Axı canavarın səninlə nə işi?
-Həyətə düşüb, toyuq-cücəyə dən atmaq istəyirdim, cümdu mənim üstümə. Az qalırdı ki, dəmir qəfəsi sındırıb, məni parça-parça eləsin.
- Axı o səkkiz aydan çoxdur ki, buradadır və heç vaxt belə hərəkət eləmir. Hətta…
-Sənə əmr eləyirəm, -deyə qadın onun sözünü kəsib daha uca sələ dedi:- Ya elə indi onu vurub öldürməlisən, ya da apar meşəyə burax qoy çıxıb getsin! Bu evdə ya o canavar qalacaq, ya da mən!
Kişinin arvadı özündən çox cavan idi. Arvadını çox istəyirdi və onun hər əmrini də həmişə yerinə yetirdi. Bu evdə böyüklük də qadının əlində idi. Uşaqlar analarına etiraz etmək istəyəndə qadın onların başına elə çımxırdı ki, hər iki uşaq, qorxularından daha heç nə demədilər.
-Eşidirsən məni,- deyə qadın yenidən ərinin üstünə çımxırdı. O canavar elə indicə bu evdən getməlidi!
Kişi heç nə deməyib, həyətə düşdü. Əsəbi canavara yaxınlaşdı. Canavar artıq hər şeyi başa düşmüşdü. Çünki qadının bayaq dediyi sözləri eşitmişdi.
-Gördün ki, siz canavarları əhilləşdirmək olmur. Deməli, sən neçə müddətdir ki, mənim evimdə yediyin yeməyə də qiymət vermədin. Deyirdin ki, mənə sadiq olacaqsan. Bəs nə oldu?
Canavar kişinin üzünə bax, ona heç nə demədi. Çünki bilirdi ki, əsl həqiqəti ona desə, kişi inanmayacaq. Qadın da məcbur eləyəcək ki, kişi canavarı güllələsin.
-Bağışla. Mən sənə sadiq ola bilmədim,-deyə canavar günahkar kimi başını aşağa dikdi. Yalvarıram. Məni öldürmə. Burax gedim öz canavar sürümüzün yanına.
Kişi dəmir qəfəsi açdı. Canavar oradan çıxdı. Kişiyə və səkkiz aydan çox qaldığı bu həyətə baxdı və meşəyə sarı getdi. Kişi canavarın ardınca baxıb, donub qalmışdı. Bilmirdi düz hərəkət elədi ya yox…
Beləliklə, canavar meşəyə getdi və yenidən sağ qalan bir neçə canavara qoşuldu. Canavarlar onu qəbul elədirlər. Amma özlərinə başçı təyin eləmədilər. Çünki etibarı itirmişdi…
Kişi elədyi hərəkətdən peşiman idi və bir neçə gün gözlədi. Fikirləşdi ki, boynuna dəmir xalta taxdığı həmin canavarı sürüsü qəbul etməyəcək və o yenidən geri qayıdacaq. Amma həmin canavardan bir xəbər-ətər olmadı…
Həmin il yenidən qış sərt gəldi. Canavarlar meşədə heç nə tapa bilmədiyindən artıq kəndlərə hücum eləyirdilər, kəndlilərin mal-qarasına, hətta özlərinə də hücum eləyirdilər və ziyan vururdular. Ona görə də kənd adamları silahlarını hazır saxlayıb, tövlələrin də deşik yerlərini möhkəm suvayırdılar. Gecə səhərə qədər tövlənin yanında öz itlərilə birlikdə keşik çəkirdilər.
Həmin kişinin də qoyun sürüsü, mal-qarası çox idi. Bu ağzıqaralara heç nə verməmək üçün bütün gecəni tövlənin yanında keşik çəkirdi. Onun beş köpək iti vardı. Kişi inanırdı ki, bu itlərin hər biri on canavara dov gələ bilər. Ona görə də tam arxayın idi ki, canavarlar onun sürüsündən heç nə apara bilməzlər…
Fevralın son günləri olduğuna görə kiçik çillə özünü daha yava göstərirdi. Bütün günü lopa-lopa qar yağmışdı və gecə də səngimək bilmirdi. Hava çox soyuq olduğundan kişi nə qədər çox geyinsə də artıq üşüyürdü. Və qorxurdu ki, ayaq barmaqlarını don vursun. Ona görə də sübhə yaxın evə girib, ayaqlarını isitmək istəyirdi. Gecə yuxusuz qalması və otaqda havanın da isti olması, arvadının, uşaqlarının mışıl-mışıl yatması ona da yuxu gətirdi və özündən aslı olmayaraq mürgüləməyə başladı. Bu mürgüləməyin nə qədər davam eləməsini bilmədi və bir də onda eşitdi ki, bayırdan çox dəhşətli səs-küy gəlir. Bir it ucadan hürür, ulayır və hərdən də onun xırıltısı gəlir. Kişi tez bayıra çıxdı. Artıq hava işıqlanmışdı. İtlərinin ikisinin qar üstə sərildiyini və həmin qarın qan ləkələrindən qıp-qırmızı olduğunu gördü. Qalan üç itin orada olmadığını görüb, onların canavarların qorxusundan canlarını götürüb qaçdıqlarına əmin oldu və çox təəssüfləndi…
Qoyun tövləsinin qarşısında isə bir canavar var-qüvvəsilə qapını qoruyur və o biri canavarların tövlənin içərisinə girməsinə imkan vermirdi. On canavar isə onu dövrəyə alıb, didib-parçalamaq istəyirdilər. Hətta böyük bir canavar onun boğazından yapışsa da heç cürə boğa bilmirdi… Və tövlənin qapısından dartıb, uzaqlaşdırmağa çalışırdı ki, o biri canavarlar tövləyə girsinlər…
Kişi cəld beş açılan tüfənginin tətiyini çəkib, canavarlardan ikisini vurdu. Onlar zingildəyib, yerə yıxıldılar. Bunu görən o biri canavarlar tez qaçmağa başladılar. Bayaqkı canavarı boğmaq istəyən canavar da bunu görüb tez o canavarın boğazını buraxıb, qaçmaq istədi. Bu vaxt kişinin sərras gülləsi ilə yerə sərildi. Kişi bayaq yekə canavarın boğduğu canavara yaxınlaşdı. O ayağa durmaq istəsə də dura bilmirdi və zingildəyirdi. Boynundan axan qan isə ağ qara qarışır və qarın üstündə əcaib-qəraib rəng yaranırdı… Kişinin ona yaxınlaşdığını görən canavar da ona yaxınlaşmaq və elə bil ki, imdad diləmək istəyirdi. Amma yaxınlaşa bilməyib, qarın üstünə sərildi və xırıltı ilə can verməyə başladı.
Kişi ona yaxınlaşanda canavarın boynundakı dəmir xaltanı gördü və birdən heyrətə gəldi. Özündən asılı olmayaraq, diz üstə onun qarşısında çökdü. Başa düşdü ki, bir vaxtlar acından ölməyə qoymadığı “Alabaş” adlandırdğı bu canavar onun qoyun sürüsünü qoruyub ki, mal-qarasına canavarlar xətər yetirə bilməsinlər…
Canavar artıq son nəfəsini yaşayırdı. Gözlərindən yaş axırdı. Kişi onun qanlı başını yuxarı qaldırıb, bağrına basdı və özündən aslı olmayaraq hönkür-hönkür ağladı. O, indi sevimli itlərinin ölməsindən çox canavarın can verməsinə daha çox heyifislənirdi…
-Məni bağışla Alabaş. Deməli, sən mənə sadiq olubsan, amma mən bunu bilməmişəm. Arvadımın sözlərinə qulaq asıb, səni buradan uzaqlaşdırmışam…
-Sənin o sevimli qancıq itin, balalarını da götürüb qaçdı. Əgər o da balaları ilə bizə kömək eləsəydi, o biri itləri canavarlar boğa bilməzdi. Sən həmin vaxtı mənə çox qeyflənib, məni qovdun. Amma həmin vaxtı mənim heç bir günahım yox idi. Əsl həqiqəti də sənə deyə bilməzdim. Çünki…Çünki sən mənə yox, sevimli arvadına inanacaqdın. O…o… səni…
Canavar sözlərinin ardını deyə bilmədi və öldü. Onun başı kişinin qolları üstünə düşdü…
… Güllə səsinə gələn qonşular da, kişinin canavarı qucaqladığını, hönkür-hönkür ağladığını görüb, təəccüblə ona baxır və heç nə başa düşə bilmirdilər…
(Sumqayıt şəhəri, 04 -aprel- 16 may 2024-cü il)
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Xəyal Rza, şeirlər
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
XƏYAL RZA
YOSUNLAR
Məndən bir şey qalmaz
Bu yer üzündə
Bir qara qəpik də
Bir qara daş da
İndi hər nə varsa
Göy üzündədi
Qanadlı balıq da
Qanadsız quş da
Məndən bir şey qalmaz
Bu yer üzündə
Nə şeir, nə yazı, nə söz, nə söhbət
Bütün yetimlərə mərhaba...
Bir də...
Məhəbbət, məhəbbət, yenə məhəbbət!
Məndən bir şey qalmaz
Bu yer üzündə
Mənim nəyim var ki,
Mənim kimim var?!
Yeyib-bitiriblər bütün dünyanı
Bircə mən qalmışam...
Və... Qarışqalar
Məndən bir şey qalmaz
Bu yer üzündə
Yosunlar ehsandı ayaq izimdə
Məndən heç nə qalmaz
Bu yer üzündə
Nə Allah özündə, nə göy özündə
Məndən heç nə qalmaz
Bu yer üzündə...
Yosunlar, yosunlar, yazıq yosunlar
Hər şey mənimlədir, Yerdən Göyədək
Bütün başlanğıclar və bütün sonlar
ZƏHRAM
Üzündə qan ləkəsi – Zəhra...
Dərdlərin ən yekəsi - Zəhra...
Körpələr mələkdilər, Zəhra...
Sənə silah çəkdilər, Zəhra...
Mələyə qıyılarmı, Zəhra...
Göz yaşım quruyarmı, Zəhra...
Qanadların gözəldir, Zəhra...
Onlar sənə özəldir, Zəhra...
Uçub getdin göylərə, Zəhra...
Yerim fəryad eyləyər, Zəhra...
Bəndə Tanrı quludur, Zəhra...
Qulun haqqı uludur, Zəhra...
Dünya göz yaşı boyda, Zəhra...
Ömür başdaşın boyda, Zəhra...
Ürək boyda kəfəni – Zəhra...
İki yaşlı VƏTƏNİM – ZƏHRAM!
EVSİZ QAPI
Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı
Hələ qırmızısı
Sarısı da var
Yarını gözləyən, yarısı da var
Sökülmüş, uçulmuş, köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var...
Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan, yox yerdən dolar pulqabı
Salam, həyət qapı
Salam, yol qapı
Salam, qabaq qapı
Salam, dal qapı
Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan sallanan
Qara nal qapı
Salam, otuz doqquz
Salam, qırx qapı
Salam, söyülməkdən
Üzü tökülmüş
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı
Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı...
Tər-təmiz qapı.
Salam, evsiz qapı
Ən əziz qapı!
QARA GÖZƏLƏ ELEGİYA
Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin mavi göz yaşı
Şopenin ritmiylə dənizə damlar
Görüşüb, öpüşüb, qucaqlaşarlar
Dəniz damlaları özündən bilər
Bu qızın bu yaşda yaşadıqları
Gəlməzmi dünyanın gözündən, gələr
Gah günəş yandırar ümidlərini
Gah sazaq dondurar arzularını
Gözünü yumanda ölmüş körpələr
Gözünü açanda can verən qarı
Neçənci gündüzdür, neçənci gecə?..
Günlərin sayını salıb, itirər...
Qəribə bir dildə nəsə pıçıldar
Bir-bir barmağını sayıb, bitirər
Külək zəhrimar da başlayar yenə
Görünməz dünyanın azad ölkəsi
“Bəlkə aldadıblar, sağ qalan yoxdu”,
Boğular içində yetim həvəsi.
Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin... Körpə bədəni...
Bir də ki... buz kimi soyuq dalğalar...
MƏNİM DƏRDİM TƏKCƏ SƏNSƏN?
Sənin çəkdiyin dərd mənəm,
Çək sürü, başına dönüm.
Nə çəkim var, çətin gələm,
Tək sürü, başına dönüm!
Evin yolun itirmişəm,
Yolum haradı bimirəm...
Sağımda itlər ulaşır,
Solum haradı, bilmirəm.
Ürəyimdə "at yarışı",
Yuxum üzümə dirənib.
Varım yoxa çıxıb, vallah,
Yoxum üzümə dirənib.
Sınıq-sökük xatirələr,
İnan, ağladıb anamı.
Ana, sənə qurban olum,
Niyə doğdun bu adamı?!
Mənim dərdim təkcə sənsən?
Çəkərəm, başına dönüm!
İşimin adı nədi ki...
Bekaram, başına dönüm!
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Bu dünya nərdivandı – Qalxanda mehribandı, Enəndə nə yamandı...
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Azərbaycan poeziyasında ürəkləri ən çox oxşayan, ən çox toxunulan və dəyər verilən mövzu sevgidir. Dünyada elə bir şair olmaz ki, onun yaradıcılıq izlərində sevgi şeirlərinə rast gəlinməsin. Sevgi ən məhrəm duyğu, ən incə oyanış, ən zərif yaşantı, ən təhlükəsiz körpü, ən ülvi hissdir.
Müasir Azərbaycan poeziyasının ən görkəmli simalarından olan Nəriman Həsənzadə poeziyasında da sevgi mövzusu özünəməxsus çalarları ilə diqqəti cəlb edir. Onun hər hansı bir şeiri yaşanılan anların, çəkilən iztirabların və duyğuların inikasıdır. Təbii harmoniyası olmayan ifadə vasitələri və söz çalarları bu sevgi şeirlərinin ruhuna yaddır. Necə yad olmaya bilərdi axı, o ki, ömrünün uşaqlıq illərini dağ başında sübh tezdən Günəş doğarkən üfüqün çöhrəsinin necə rəng aldığını, nəsim bahar küləklərinin dağ yamaclarında yaşıl yarpaqlı sarı güllər açmış incə çiçəkləri və gözoxşayan lalələri necə rəqs etdirdiyini və Nabat xalanın zəhmət qoxan halal və ətirli çörəyi ilə böyümüş, şairlik təbini şairlər diyarı olan bu el-obadan almış, Vaqifin, Vidadinin və Səməd Vurğunun təbinə yeni ruh, yeni nəfəs vermişdir. Xalq şairi Məmməd Araz Nəriman Həsənzadə poeziyasının vurğunu, Bəxtiyar Vahabzadə və Nəbi Xəzri də şairin istedadını yüksək qiymətləndirmişdir.
Azərbaycanın unudulmaz şairi Səməd Vurğun yazırdı: “Məhəbbətin hakim olduğu ürəklər yağışdan sonra açılmış şəffaf və ləkəsiz bir yaz səmasını andırır ki, orada yalnız al-əlvan şəfəqlər, təravət və qüdsiyyət görünür. Məhəbbət insan qəlbini süzgəcdən keçirir, zərərli hisslərdən təmizləyir, yaşamağın mənasını gözəlləşdirir, insanı xeyirxah olmağa dəvət edir. Bir kişinin bir qadına olan sevgisindən başlayan məhəbbət ülvilik zirvəsinə qədər ucalır”. Məhz Nəriman Həsənzadə yaradıcılığına bələd olan Səməd Vurğun 1952-ci ildə gənc şairi Yazıçılar İttifaqına daxil olması üçün yazılı zəmanət vermiş, əlini sıxaraq ədəbi yaradıcılıqda ona uğurlar arzu etmişdir.
Nəriman Həsənzadə yaradıcılığa çox gənc yaşlarında lirik şair kimi gəlmiş, ilk şeir kitabları da demək olar ki, lirikadan ibarətdir. Bu lirika təbiiliyi, səmimiliyi, dil üslubu baxımından məhz elə onun müəllifinə məxsus idi.
Mir Cəlal 60-cı illərin ortalarında deyirdi: “Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir”.
Şair hər zaman çox sadə baxış üslubu ilə fərqlənərək sadə səmimiyyətlə yazırdı:
Mənim kitabımı ucuz eləyin
tələbələr üçün, fəhlələr üçün,
hardasa, lap kasıb bir nəfər üçün,
maaşı aşağı olanlar üçün,
şəhərdə kirayə qalanlar üçün,
oxumaqdan ötrü alanlar üçün,
çörək qiymətinə, duz qiymətinə,
qoy sonar qalxsın o öz qiymətinə…
Nəriman Həsənzadənin səmimi yaradıcılığı aşağıdakı xüsusiyyətlərdən irəli gəlir:
- Əsərlərində mənsub olduğu xalqın hissi, duyğusu, inamı və etiqadı əks olunur
- Qələmə aldığı mövzulara həssas yanaşması və yaxud daha həssas mövzulara müraciət edir.
- Hansı mövzuda yazırsa, yazsın mövzunu hərtərəfli araşdırıb böyük bir ruh yüksəkliyi və inamla təqdim edir.
Nəriman Həsənzadənin sevgisində məhrəmlik, ehtiram, heç kimə hesab verməyə borclu olmayacaq bir əxlaqilik, mənəvi və ruhi cəsarət, etik normalılıq, adət-ənənəçilik və vətən qədər müqəddəslik var.
Sənin nəfəsində hərarətində
Elə bil Günəşin od nəfəsi var.
Həya var, ismət var hərəkətində,
Qədim bir millətin ənənəsi var.
Gözünə o nuru, o baxışı da,
nənələr veribdi hey zaman-zaman.
Gəlincik bəzəyən qız uşağı da
Ana ürəklidi əslinə baxsan.
Qoy yeri gəlmişkən deyim bir sözü,
Nə var yer üzündə anadan əziz?
Sənin yastığına baş qoymaq özü,
Cəmiyyət önündə borcdu, şübhəsiz.
Halal süd əmmişik ana döşündən,
Yaşa, bu müqəddəs duyğular üçün.
Bəlkə də, qadına borcludur Vətən
Onun böyütdüyü oğullar üçün.
Ailə məişət lirikası da şairin yaradıcılığında xüsusi yer tutur. Türk dünyası anlayışında məhəbbət ailə deməkdir. Ailə ilə yekunlaşmayan bir məhəbbət heç bir əxlaqi don geyindirmək olmaz. Nəriman Həsənzadə də öz məhəbbət fəlsəfəsini türk eposunun yaradıcılarının məntiqi ilə tamamlayaraq həyatın vaxtsız qurbanı olmuş, həyat yoldaşı Sara xanım haqqında yazır:
Mən səni sevdim ki, yoldaş olasan
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan
Qədim qəbiristanda, yol kənarında
Mən səni sevdim ki, sevin, qaç oyna...
Yenə seçilməsin ətrin bahardan,
Demədim, təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.
Nəriman Həsənzadənin məhəbbət lirikası tərcümeyi-hal xarakterlidir ki, bu da bizə aşıq ədəbiyyatını xatırladır. Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Qərib, Aşıq Ələsgər kimi böyük sənətkarların xələfləri çox keçmədən onların tərcümeyi-hal xarakterli şeirləri əsasında gözəl dastanlar yaratmışlar. Bu oxşarlıq kifayət edir ki, Nəriman Həsənzadə lirikasının mahiyyətcə, xalq (aşıq) yaradıcılığı ilə bağlı olduğu qəbul edilsin.
Belə gözəl, belə zərif, belə pak,
Səni harda bəsləyiblər, qız belə?
Hansı evə qədəmlərin dəyəcək,
O evdə də yeri belə, gəz belə.
Nəriman Həsənzadə sevgiyə təkcə şəxsi münasibətlər kimi baxmır, buna həm də cəmiyyət hadisəsi, mənəvi-əxlaqi sosial prinsiplər əsasında yanaşır. Şairin lirik qəhramanı sevgini ötəri bir hiss kimi deyil, işıq və gözəllik simvolu kimi qəbul edir.
Mənim köməyim ol mən dara düşsəm,
baxma uzaqlardan, gəl dindir məni.
Hardasa, nabələd yollara düşsəm,
özün qarşıma çıx, sevindir məni.
Bəzən hıçqırığım ucalır göyə,
insanam, mənim də ağrım-acım var.
Mənim, sən verdiyin bir təsəlliyə,
sən dediyin sözə ehtiyacım var.
Adam var, neyləyim vicdanı dardı,
Onun insafına qalsaydı əgər,
Mənim ürəyimi çoxdan qırardı,
adımı hər yerdən çıxartdırardı,
istəyinə çatsın təki birtəhər.
Sən eşit bunları, sıxılma fəqət,
Arabir sevincim qəm qarışıqdı.
Yüz təqib eləsin qoy məni zülmət,
Sən varsan dünyada, dünya işıqdı.
Bu şeirdə “MƏN”dən “SƏN”ə doğru görünən yolda sevinc də, qəm də var, amma “Sən varsan dünyada dünya işıqdı” həqiqətini bizə çatdırır şair.
Nəriman Həsənzadənin şəxsi həyatı da onun sevgi şeirlərində xüsusi bir önəm kəsb edir. 80-ci illərin sonuna qədər yazdığı sevgi şeirlərində ayrılıq küləkləri əsmir, əsasən, ötəri ayrılıqlardan və umu-küsülərdən söz açılır. Məhəbbətin insana bəxş etdiyi İlahi gözəllik, bu yolda kamilləşməyə, işığa və həyatla səsləşməyə köklədiyi halda qadın bu yolun sədaqət simvoluna çevrilir. Bu baxımdan Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vüsalın hicranı, birliyin vəhdəti, aşiqin eşq poeziyasını yaradan şairlərdən biridir. Fəqət taleyin Nəriman Həsənzadəyə atdığı dabalaqdan sonra həyat yoldaşı Sara xanımı itirməsi onun sevgi lirikasında hicran küləklərinin əsməsinə və sevgi yarpaqlarının tökülməsinə başlayır. Bir zamanlar hər şeyinə çevrilən bu qadın indi heçliyə çevrilərək daşlaşaraq lal olub.
Mən bu daş saçlara sığal çəkmişəm,
Nə qədər öpmüşəm bu daş üzündən.
Bu daş dodağından, bu daş gözündən,
Arı pətəyindən mən bal çəkmişəm
Yer üzü vətəndi, qəbir də vətən
Bu gözün ağıdı, o qarasıdı.
Lakin bu dünyada olmayıb deyən,
Bunun vətən hansı, qürbət hansıdı?
Ayrılıq əbədi bir qəmdi, nə qəm,
Nə arzuya qıyır, nə yaşa baxır.
Mən daşa baxmaqdan daşa dönmüşəm,
Üz-üzə durmuşuq: daş daşa baxır.
Üstündən illər keçsə də vəfalı şair öz sevgisinə sadiq qalaraq onu qəlbində hələ də yaşadır, yarasını əziz tutaraq xatirələrini daima diri saxlayır, ömür nərdivanlarının pillələrində ani rastlaşan, vaxtsız ayrılan, biri qalxarkən digəri enən, bir-birlərinə hər zaman gecikmiş və qüruba doğru yol alan sevgiləri unutmurdu!!!
Bu dünya nərdivandı –
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan,
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz günçıxana.
Birimiz günbatana.
Gərək ya düşməyəydi
bu görüş heç araya.
Ya sən əvvəl gələydin,
Ya mən sonra dünyaya.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Rəsm qalereyası: İqor Sava, “Əbədi şəhər”
“Xislətin nədirsə, sən osan” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Mirzə Səfər təkcə Haqverdiyevin ədəbi qəhrəmanı deyil. Mirzə Səfər bir prinsipdir. Ziyalılıq prinsipi. Mərdanəlik prinsipi. Bu prinsip Mirzə Səfərin doğuluşundan əvvəl də var idi. Var olsunlar həyatları ilə prinsipə dönmüş Azərbaycan ədibləri və onların yaratdıqları qəhrəmanlar.
2.
Ayrıca, digərlərindən təcrid olunmuş cümləni tədqiq etmək cəhdi mənə pataloqoanatomun cəsədi yarıb orqanları ayrı-ayrılıqda öyrənməsini xatırladır: bu böyrəkdir, bu ciyərdir, bu ürəkdir... Cümlə isə kontekstdə yaşayır. Başqa cümlələrlə əlaqədə nəfəs alır, hərəkət edir. Ayrıca cümlə yoxdur. Ayrıca cümlə fiksiyadır, fantomdur.
3.
Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansı bucaqdan baxırsan, bax, eyni taleyin adamlarıdır.
4.
Məmməd Rahim Məhəmməd Rahim ola bilmədiyi kimi, Məhəmməd Füzuli də Məmməd Füzuli ola bilməz.
5.
“ Bürünür yağışa bu gün,
küçə də hərdən səksənir
Yaş-yaş olmuş bir ömrün
Sakit ayaq səslərinə.”
6.
Xislətin nədirsə, sən osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir, sən xislətinin köl gəsisən.
7.
Əsl mətn öz həqiqi oxucusunu özü seçir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Xanuka günü, Darıxnlar günü və Con Lennon
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünkü təqvimi az öncə diqqətinizə çatdırdım. Bu isə təqvimə əlavələrimdir.
28 noyabr. Xanuka günü
Bu gün yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.
Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.
Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək! Onlara müharibədən tezliklə qurtulmağı, sülhə qovuşmağı arzulayaq.
28 noyabr. Yeni il mövludunun başlanğıcı
Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.
28 noyabr. “Özünə əlavə baş düzəlt” günü
Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.
28 noyabr. Con Lennon əfsanəsi
1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon (şəkildə) son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...
1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.
28 noyabr. Öldür ki, abidə qoyasan
Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.
Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş. Bax belə.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Sevdası Azərbaycan, yanğısı Araz... – FATMA ARASLA MÜSAHİBƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Canım Azərbaycanım! Səni sevən hər könülə mütəşəkkirəm!
...İllər əvəlliydi. Bir gün gözəl şair, “çay, arkadaşım, çay” deyərək insanın ən səmimi halını misrasına əmanət edən Orhan Bahçıvan mənə Fatma Arasdan danışdı. “Azərbaycanı çox sevər o...”-dedi. Zaman keçdi, bir gün mənə mesaj gəldi: “Canım, səndən mənə Orhan Bahçıvan danışmış...” Mesajı yazanın Fatma Aras olduğunu görəndə sevindim. Sədnik Paşanın mənə bu dünyada qoyub getdiyi dəyər idi Orhan Bahçıvan. Onun başqa bir şairə məndən danışması mənim də haradasa bir iz qoymağım demək idi... Və gözəl idi!
Belə başladı Fatma Arasla qiyabi dostluğumuz. Onun şeirlərində Arazın həsrətini yeddiqat yaşadım, onunla birgə Araz sahilindəki çöllərdə ayaqyalın yüyürdüm, onunla birgə heç görmədiyim Araza yenidən və yenidən aşiq oldum. Ədəbi təxəllüsünü Aras-Araz seçməyinin səbəbini heç soruşmadım Fatma xanımdan. “Türkülər qan damlası” kitabını oxumaq istədiyimi deyəndə düşünmədən elektron şəkildə mənə göndərdi. Kitabı oxudum... Oxuduqca həm qürurlandım, həm kədərləndim. Fatma xanım Azərbaycanı elə dumanlı həsrət ilə sevir ki!
...Həsrətin özünü duman sanırdım nə vaxtsa... Ortaq xatirələrin belə, iki ayrı insan tərəfindən fərqli anladıldığının şahidi olmusunuz, yəqin. Hadisə eyni, məkan eyni, zaman eyni, amma yaşananlar nə qədər fərqliymiş! Bizi bu fərq yaşadır bəzən ... Ya da bizi özümüzüinakara sürükləyir o fərqlər. “Aç mənə ürəyini, zaman!” –deyə biləcək ərkimiz yoxdur. Yoxdurmu? Bəlkə, var? Varsa, onun mövcudiyyətini niyə inkar edirik? Hə, inkar etməyək ki, bu inkara haqqımız çatdığını düşünməkdən çox, ona daldalanırıq. Məbəd bildiyimiz eşqlərin arx qurutduğu vaxtını görərkən yaşayırıq ən böyük xəyal qırıqlığını. Qeyri-adi bildiyimiz, ilahiləşdirdiyimiz sevdalımız “o” olmayanda uçulur başımıza ümid qəsrlərimiz. Altında əzilən təkcə özümüz oluruq, təkcə özümüz... Şükrümüz oradadır ki, biz də kiminsə sevdalısıymışıq!
“Qütb adamı”nı bitirməliyəm... “Qütb adamı”nı üzə çıxarmalıyam... Özümü qatmalıyam roman müəlliflərinin sırasına... Amma yolkəsənim qoymur. Şeirdir adı o yolkəsənin-bir romana sığacaq hissləri üç bənddəcə elə anladır, olursan “doymuş”! O bir neçə anın verdiyi doymuşluq hissi bəs edir ki, əlin sözdən soyusun... Ta ki, ruhumuzun sözün əsiri olduğunu anlayanadək...
Söz əsirlərindəndir Fatma Aras... 1954-cü ildə Qardaş Türkiyənin İğdır Aralık ilçəsində Yukarı Aratan köyündə dünyaya gəlib. Bir müddət Almaniyada yaşayan Fatma Arasın imzası da ilk dəfə burada duyulub -1975-ci ildə “Hürriyyet” qəzetinin Avropa bürosunda ilk mətbu şeiri dərc olunub. O zamandan bəri, dövri mətbuatda şeirləri, yazıları ilə yer alan Araz həsrətli şairin heca şeirləri ədəbiyyatşünasların daha çox marağını çəkir. Qazi Universitetinin əməkdaşı olan Dr. Fatma Ahsen Turan hazırladığı “Sazın və sözün sultanları” toplusuna da Fatma Arasın məhz heca şeirlərini salıb. Manisa Celal Bayar Universitetindən Fahriye Merve Türker isə 2009-cu ildə onun şeir kitabları üzərinə elmi iş hazırlayıb.
Şeirlərindən bir qismi ingilis və katalan dillərinə tərcümə edilib. Öz şeirinə bəstələnən musiqiləri dinləyərkən belə, Arazın səsini eşitdiyini deyir Fatma xanım... 10 şeir kitabının, bir neçə nəsr, araşdırma kitabının müəllifi, 5 kitabın isə həmmüəllifidir. “Türkülər qan damlası” ən sevdiyim kitabıdır. Və bir gün qərara gəldim ki, Fatma Arasla söhbətləşim...
-Azərbaycan sevginiz məni sevindirir, Fatma xanım....
-Baba tarafından atalarımız Karabağ’ın dağlık bir köyünden gelip İrevan’ın Mensimli kasabasına yerleşmiş. İrevan’a komşu olan Yukarı Aratan köyüne Yusuf adında dedemiz beş oğluyla gelip yerleşmiş. O zamanlar orası SSCB (SSRİ) yönetiminde. O beş oğlanın soyundan tek babam olmuş.1920 sınır antlaşmasıyla Türkiye’de kalmışlar. Babam Çarlık Rusya’sını, 1917 Rus ihtilalini anlatırdı. Annem de İrevan’ın Karahamza kasabasındandır. 1936-da kaçıp Türkiye’ye gelmişler. O sıralar annem 12 yaşındaymış, ama bize oradaki anılarını hep anlatırdı. Bir ağacın bir çok dalı olur ama kök birdir. Bizim de köklerimiz Azerbaycan’a dayanıyor.
-Araz çayı həyatınızda, dünyagörüşünüzdə xüsusi yer tutur. Bu da bir başqa duyğular yaradır.
-Aras çayı bolluğun, bereketin simgesi olduğu gibi, bir ağıtın da simgesidir. 1920 Sınır antlaşmasıyla O TAY, BU TAY olarak ikiye bölünən bir halkın göz yaşı gibi… Sınır ötesinde akrabalarını bırakanların hüznüyle büyüdüm. Çocukluğumda Aras nehri kenarında annem dolu gözlerle o taya bakarken bu maniyi mırıldanmıştı:
Buradan gemi geçti,
Yükü dolu fermeşti.
Aras, seni görünce
İçimden neler geçti...
Bu sözlerin büyüsüne daha o yaşta kapılmıştım. Kalemi elime almamda, şiir dünyasına girmemde bu sözün etkisi çok. Aras deyince ben halen çay olarak değil, kan damarımdan akan bir nehir gibi hissederim. Bir nevi, annemin ve halamın etkisinde ilk olarak mani yazdım. Sonra 6+5=11 hece şiirleri yazdım. İlk kitabım hece vezinli şiirlerden ibarettir: “Saklıyım” adında... Sonra İzmir’de şair, yazar, eleştirmen Veysel Çolak şiir atölyesiyle tanıştım. Orada modern (kafiyesiz) şiire yöneldim. 2012 yılında “GÖĞÜ AZALAN KUŞLAR” modern şiir dosyamla Homeros şiir yarışmasında 3. oldum. Bu benim şiire karşı yükümü daha çok ağırlaştırdı. Daha çok çalıştım. Alışılmamış bağdaştırmalara akıl yordum. Bu çabamın içinde hayatın acılarını topladım diyebilirim.
- Şeirlər şairin üsyanıdır, yoxsa özünüifadəsi?
-Şiir şairin isyanıdır. Hayata, insanlara, doğaya ve tüm evrene yapılan haksızlığa karşı bir haykırıştır, isyandır. Şiirde “ben” kavramı dünyayı içine alır. Her haksızlığa karşı çıkar. 2020-de Karabağ savaşında “Sınır Arası’ın solu” adlı bir şiir yazmıştım:
İşte kan, serseri, karanlık
toprak ölü
ama bir halkın kökleri halen diri!
“Yüreğim ata yurdu” adlı şirimde de isyankarım...
Görünmeyen yarımı içimde taşıyorum
göğsüm yaralı tarih
unutulmuş bende kalan çocukluk
kanımdan isyan ediyor bebe görmeyen karnım
boşluğunu sorguluyor, üzgünüm
Uzaklığın talanı ürpertidir her zaman
yarı sarhoş, yarı ayık kederli sınırdayım
kurtuluşsa bu gitmeler, ben kendimden gideyim
yüreğim ata yurdu
Karabağ’da kurşun yemiş yerdeyim.
- Azərbaycana gəlmək arzunuz var, bilirəm. Azərbaycanda ən çox haranı görmək istəyərdiniz?
-Nahçivan’dan başlayarak Azerbaycan topraklarında olan her taşın, her ağacın kokusunu almak isterim. Ata yurdumda-dedelerimin, annemin, babamın dünyaya geldiği topraklarda bir sabaha “merhaba” demek isterim, ama imkanlar el vermedi. En çok da HAR-I Bülbül vatanı ŞUŞA’YI görmek isterim. Bir hüznümü de paylaşmak isterim. Azerbaycan türkü hikayelerini uzun zaman araştırdım, “Türküler kan damlası” adlı kitap oldu. Ama Azerbaycan’dan bir dost eli bu kitabın tanıtımı için uzanmadı. Sevgili şair, söz Aras olunca, bir Aras şiiri okuyum...
ARAS
Dört mevsim Hazar’da çağladı sesin
Hem nazın güzeldi, hem öfken Aras
Azaldı kuşların, dağladı göğün
Her bahar sevinçle coşardın Aras.
Taşlarda nal sesi, o taylar elin
Dilucu köprüsü incinmiş belin
Ne çabuk rüzgâra kaptırdın telin
Bir zaman çağlayıp taşardın Aras.
Ayaz vurdu yaprak daldan döküldü
Burkulan çiçeğin boynu büküldü
Sunanın yüzdüğü çaylar çekildi
Sen böyle kurak mı yaşardın Aras?
Tozlanmış anılar silinmiş izler
Unutmuş toprağı gelmiyor yazlar
Kanadı mendiller ağıtız bizler
Düştüğün dile mi ağlarsın Aras?
Oğulsuz kovanın küsmüş arısı
Boy vermiş acılar kaş göz arası
Bir yağmur, bir dolu iç kanaması
Üşüyor suların, kış mısın, Aras?
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb
“44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyimiz zəruridir”
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın inzibati binasında "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədovla və bir qrup 44 günlük Vətən müharibəsi qazisi ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından aldığı məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsi və hərbçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkən polkovnik Cəlil Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib. Təşkilat sədri bildirib ki, məhz bu zəfər dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun ciddi şəkildə artmasına, siyasi mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Təşkilat sədri 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyin zəruriliyinə toxunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar anti-Azərbaycan qüvvələrinin təxribat xarakterli addımlarına çevik reaksiya verməli, bu qüvvələrin, onların məkirli məqsədlərinin ifşası prosesində aktiv iştirak etməlidirlər. Görüşdə iştirak edən 44 günlük Vətən müharibəsi qaziləri də çıxış edərək onları düşündürən məsələlərə toxunub, hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandanın hər bir çağırışına səs verməyə hazır olduqlarını bildiriblər. Görüşdə yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan vətənpərvərlik layihələri haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Həkimə Babakişizadənin “Yuxuna ölərəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.
Həkimə Babakişizadə
Ərdəbil
Boylananda
Boyasın boyumu
Xəyalın duvaqlı boyasına;
Mavini sevirəm
Sonra da yaşılı...
Şaxıyan işığa allergiyası var
Astiqmatizm ruhumun,
Abajurlu xəyallığımda
Dans edir pərdəli günəşə
Alışqanlığım,
İki sətir əllərini oxut
Gözlərimin şüşəsinə
Doldurum qoxunu,
Dincəlsin ətrin
Beynimin hüceyrələrində.
Şirin görüşündən ayılsam
Bu gecə bağa stansiyasından
Cet olub uçaram
Yuxuna ölərəm.
Projektorsa işığına
Yığışar
Əl-ayağı yığışmayan bör-böcək fikirlərin,
Durular zehnim
Sayaram kırıxmasam günləri;...
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)