Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Mirzə Səfər təkcə Haqverdiyevin ədəbi qəhrəmanı deyil. Mirzə Səfər bir prinsipdir. Ziyalılıq prinsipi. Mərdanəlik prinsipi. Bu prinsip Mirzə Səfərin doğuluşundan əvvəl də var idi. Var olsunlar həyatları ilə prinsipə dönmüş Azərbaycan ədibləri və onların yaratdıqları qəhrəmanlar.
2.
Ayrıca, digərlərindən təcrid olunmuş cümləni tədqiq etmək cəhdi mənə pataloqoanatomun cəsədi yarıb orqanları ayrı-ayrılıqda öyrənməsini xatırladır: bu böyrəkdir, bu ciyərdir, bu ürəkdir... Cümlə isə kontekstdə yaşayır. Başqa cümlələrlə əlaqədə nəfəs alır, hərəkət edir. Ayrıca cümlə yoxdur. Ayrıca cümlə fiksiyadır, fantomdur.
3.
Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansı bucaqdan baxırsan, bax, eyni taleyin adamlarıdır.
4.
Məmməd Rahim Məhəmməd Rahim ola bilmədiyi kimi, Məhəmməd Füzuli də Məmməd Füzuli ola bilməz.
5.
“ Bürünür yağışa bu gün,
küçə də hərdən səksənir
Yaş-yaş olmuş bir ömrün
Sakit ayaq səslərinə.”
6.
Xislətin nədirsə, sən osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir, sən xislətinin köl gəsisən.
7.
Əsl mətn öz həqiqi oxucusunu özü seçir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)