“Qayıdan durna səsi” – SƏRDAR AMİNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Sərdar Aminindir.


 

ZƏMİ ƏFSANƏSİ

 

Əlinin tərsində tər,
Ovcunda sərasər
Un gəzdirər Güləsər.

İşdən gecələr çıxar,
yuxunun kəm çağında,
sübhün nabələd vaxtı
günün mübhəm çağında.

Özündən əvvəl çatar
evə unlu xəyalı.
Çörək sexində qalar
boz, dama-dama şalı

Bakı; qara buruqlar,
Bir tərəfdə Ağ şəhər,
Bir yanda neft qoxusu,
Bir tərəfdə Güləsər…
Səhərin ilk addımın
gecədən çölə qoyar.
Şəhərin ac itləri,
ətəklərindən doyar.

Xəyalının ardınca
evə çatar Güləsər,
işığı da yandırmaz
elə yatar Güləsər.

Özü yatar, əlləri
saçın hörər qızının.
Bir azdan oyananda
üzü gülər qızının.

Hörüyü anasının
bu səhər də əlindən
hədiyyə kimi alar,
vərdişkərdə əlindən.

Xəmirli biləyindən
öpüb məktəbə gedən
qızıyçün ovucları
yuxulu dua edər.

Gecə çörək bişirər,
çörək qoxar nəfəsi,
gündüz yatar Güləsər.
Əhmədli qəsəbəsi,
çörəyindən dadanda
yuxu görər – yuxusu
bir zəmi əfsanəsi.

 

Qayıdan durna səsi:

Qorxma, mən səninləyəm.
Həm də burda, yel atım.
Sən çap, yarımçıq qalsın
üç misralıq bayatım...

Bibimin bişirdiyi
şirin ləzgi qoğalı,
gecəmin ay işığı,
əlimin portağalı.

Sən od-alov qızısan,
bir əlcə ürəyində,
o sərçə ürəyində
pulemyotların səsi...
Saçlarını oynadır
fərarilik nəğməsi.

Sən böyük sevinclərin,
ən böyük sevinclərin,
gülüşlərin qəmzəsi.
Qayıdan durna səsi.
Şəlaləsən, şəlalə –
Tanrıdan yerə axan...
Bitməyən su sərgisi…

Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.

Əlini gözünə qoy,
gözünü dik səmaya,
sən ki müqəddəslərin
saman qoxan ağımtıl
kətan çantalarından,
nar qoxan heybələrdən
doğulmusan dünyaya.

Mən də səni süzürəm,
yaşadığın adanı.
Bu tənhalıq, sakitlik,
Məst eləyir adamı.

Hər gün susub baxıram,
Səmadakı rənglərə
Yerini göstərməkçün
atdığın fişənglərə.

Sən canın, elə baxma,
pislik gəlmir əlimdən.
Tənha adan gözəldi
mənim miskin gəmimdən.

Sənə əlim toxunsa,
günəş çıxar bir anlıq.
İtər uçan fişənglər,
bitər atəşfəşanlıq.

Nə olar, əl yelləmə,
qaranlığında qalaq.
Portağalsan əlimdə,
sıxsam, günəş doğacaq.

 

 

33 YAŞIN ŞEİRİ

 

Anamın sancısı kəsəndə dünya
Qara bürünübmüş barama kimi.
Hər il ad günümdən söhbət düşəndə
Deyir, qar yağmışdı burama kimi.

Qaldığım o köhnə binanın bir gün
Cəng atmış tinindən burulacağam.
İş işdən keçəcək həmin döngədə,
Yəqin ki, ağzımdan vurulacağam.

Peşəkar qatilim bir an düşünüb,
İkinci gülləni sinəmə vurar.
Çox uzağa getməz ağzımın qanı,
Qıvrılıb ilantək yanımda durar.

Meyitim çarmıxtək çarpazlananda
Əsrə təslim olar cığal günorta.
Ağzımdan, sinəmdən şırıldayar qan,
Qarışar torpaqda venoz... aorta...

Qürbət sularıtək axıb gedəcək
Süzüləcək qanım çal birçəyimdən,
Hansısa brendin bir hərf kəm gələn
adı həkk olunmuş ağ köynəyimdən.

Qarşı göydələnin pəncərəsində
Günəş bərq vuracaq o saatlarda.
Ətirli uşaqlar böyür-başıma
Gələcək bahalı “samakat”larda.

Şubasın çiyninə salan gəlinlər
Enəcək dəbdəbə qoxan həyətə.
Orta həyacanla biraz uzaqdan
Baxacaq səmaya baxan meyitə.

Gəzərkən gözlərim göylərdə son kəs
Qarlı bacalara qonmağa gedən
ayağı qırmızı bir cüt göyərçin
sıyrılıb keçəcək üzərimizdən.

 

 

"QIŞ KƏPƏNƏKLƏRİ"

 

Cibində mandarin qabığı gəzdirən
duz qoxulu
sarı qız,
gəl, günəşim ol.

Ürəyində nəsə var,
ya da çantanda.
yoxsa məni görəndə
çiynindən sürüşüb
dirsəyində bənd olmazdı.

Arxamca qaç,
bir tin tapaq, nəm qoxan,
silah kimi gəzdirdiyin
çətiri aç!
Gəl, evim ol.

Pəncərəmiz olsun çirkli divardakı “A4”lər
Elanlarda “çörək var və qril var”.
Heç nə lazım deyil başqa.
Döngələrdə zibil var.
Özüylə danışıb Allaha and içən bu qoca
babamız olsun,
Elandan baxan leykoz uşaq
balamız olsun.

Nəsə olmalıdır,
heç vaxt eşitmədiyimiz bir səs gəlməlidir hardansa.
Yanımda ol, sarı qız.

Sarı işığın düşsün
boz çətirə gecələr.
Bitməyəcək onsuz da
soyuq tire gecələr.

İlğım tənhalığı var
insanların qaynaşdığı küçələrdə.
Bu insanlar kimlərinsə ilğımıdır.
Şəklə bax, nəsə demək istəyir
balamızın çöhrəsi:
insanlar bir-birinə nəzirədir,
ulduzlar da onların kölgəsi.

Sarı qız,
bir qızım var,
bir az sənə oxşayır,
bir az da anasına.
Mən qızımçün bir az gec darıxıram,
Amma batıq yanaqları düşəndə xatirimə,
heç kəsdə ağrımayan yerlərim sızıldayır.

Hamiləlik testində
nazik qoşa xətt kimi
uzanaq çətir altda,
Susaq xəcalət kimi.

Sevmədən evləndik,
inanmadan namaz qıldıq, sarı qız.
Hər şeyin yaxşı olacağını düşündük,
bütün ölənlər kimi.

Gözəllik gözdən yoluxur...
Bir adi sözdən yoluxur,
uşaqlar bizdən yoluxur,
qovur kəpənəklərini.

İndi yaz gələcək...
babamız öləcək.
Sən də çətirini bağla, sarı qız.
Aç-bağla, aç-bağla, aç-bağla...
Uç bu nəzirə dünyadan.

 

 

GÖBƏLƏKLİ KÖTÜK

 

Günəş batır uzaqlarda.
Milyon səbəblə zillənmişəm göbələkli bir kötüyə...
Biri bir qəpiyə dəyməyən səbəblər...
Dümağ bəziləri, bəziləri süd rəngi.
İlahi... bu göbələklər...
görən...

Deyirsən, darıxıram, gəl.
Axı göbələkli kötüyə baxıram mən.
Üstəlik, günəş batır. Anlayırsan?
Üstəlik, milyon səbəb var içimdə.
Biri bir qəpiyə dəyməyən.

Deyirsən, qızımızın qızdırması var yenə.
Ara vermir, hey danışır, əldən düşür...
Tez gəl.

Başa düşürəm, əzizim,
bircə balamız var, o da od içində, yanır!
Ancaq məni də başa düş, nolar?
Axı mən göbələkli bir kötüyə baxıram.
Üstəlik, günəş batır...

Ana, bir vaxtlar
bulaq kimi qaynayan
(Ağlama, nolar)
o evimizdə indi tənha qalmısan.
Darıxırsan,
bir saniyə sussam, telefonun bu tayında,
o tayda səsin titrəyəcək,
bir az da sussam...
Üzün büzüşüb yumağa dönəcək.
Başa düşürəm,
bir vaxtlar uşaq səsindən durmaq olmurdu o evdə...
İndi tənhasan, üstəlik, günəş batır orda da.
Başa düşürəm, anam...
Nə olar, sən də oğlunu anla
Mən göbələkli bir kötüyə baxıram.
Günəş batır uzaqlarda...
Birazdan kölgəm düşəcək göbələkli kötüyə.

 

 

BAX, AMELİ...
(İkincilərə...)

 

Bax, Ameli, yenə dovşan çıxacaq
Bu uzunbığ sehrbazın əlindən.
Sən verməsən o qırmızı dəsmalı,
heçnə gəlməz yaramazın əlindən,

Yenə sabah o filləri döyəcək,
Qamçı onun, yarıtmaz zor onundu.
Xortumların dik tutar səni görcək,
Mən bilirəm, fillər sənin dostundu.

Salınarsan tənin boyda çənbərə,
Tən ortadan... bu şəlalə qamətin.
Sağ tərəfdə ayaqların tərpənər,
Sol tərəfdə gülümsəyər sifətin.

İzlərimi tapdayan ayaqlarım
Qopsun, getsin, gəzsin ayaqlarınla.
Qoy uzanım bu qabırğa çənbərə,
Alma yeyim gülümsəyən yarınla.

Hamı səni ikincitək alqışlar,
Bilməzlər ki, yeganə canbaz sənsən.
Heç kim belə gözəl yarı bölünməz,
Bax, Ameli, əsl sehrbaz sənsən.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 



Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.