Super User
BİR SUAL, BİR CAVAB Aysel Xanlarqızı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?
CAVAB:
-Tale çox vaxt insanın öz əlində olur, ömür ağ vərəqdir, qələmi alıb bəzi yerləri silib yenidən yazmaq üçün heç vaxt gec deyil...
Önəmli olan yazmaq bacarığının olmasıdır...
Mübarizədən və sınaqlardan əsla yorulmasınlar.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Marneulidə Azərbaycan kəlağayı guşəsi açılıb
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kəlağayının Gürcüstan sərgüzəştlərindən sizlərə danışmışdıq. Düşünməyin ki, bu sərgüzəştlər bitibdir.
26 noyabr 2024-cü il tarixində "İnkişaf və Təhsil Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşkilatçılığı ilə qonşu Gürcüstanın Marneuli rayonunda, “Tea House"da Milli Kəlağayı Gününə həsr olunmuş tədbir keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisindən aldığımız məlumata görə, tədbir "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədovun çıxışı ilə başlayıb.
Öz çıxışında natiq Milli Kəlağayı Günüylə bağlı iştirakçıları təbrik edib, bu günün Azərbaycandan kənarda qeyd edilməsinin incəsənətin təbliğində böyük rol oynadığını vurğulayıb və "Kəlağayı Güşəsi"nin gələcək fəaliyyətindən danışıb. Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi"nin, Gürcüstan üzrə nümayəndəsi Nurlana Məmmədova və Savalan Osmanlı çıxışlarında milli mədəni dəyərlərin qorunmasının önəmi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Daha sonra Səmra Həsənova və Aminə Əhmədova Azərbaycan kəlağayısının növlərindən və qədim tarixi haqqında geniş məlumat veriblər. Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən edilib. Yekunda, "Tea House"da yaradılan "Milli Kəlağayı Güşəsi"nin açılışı olub.
İştirakçılar güşədə kəlağayı sənətinə həsr olunmuş kitablar, 50 ədəd qədim və müasir kəlağayılarla tanış olublar.
Məlumat üçün:
"Milli Kəlağayı Güşəsi" “Mirvarid Dilbazi Poeziya Məclisi" və "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə fəaliyyət gostərəcək. Güşənin məqsədi kəlağayı sənətinin təbliği və gənclərin məlumatlandırılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunun açılış mərasimində iştirak edib
Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər.
Ali nümayəndənin dəvəti ilə ölkəmiz də forumda təmsil olunur. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib. Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
75 yaşın mübarək, Sumqayıt!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş beş yaşın var, mən isə əlli səkkizin içindəyəm. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər. Bilirəm, şəhərlər üçün yetmiş beş yaş elə də çox deyil...
Adına müxtəlif əfsanələr qoşulsa da heç birinə inanmıram. Mən səni gördüyüm, tanıdığım kimi vəsf etmək istəyirəm. Kimin dediyini unutmuşam- “Sumqayıt keçmişi olmayan gələcəyin şəhəridir”. Qoy olsun, fəqət yüz minlərlə insanın keçmişi səninlə bağlıdır. Elə mənim də...
Özümü tanıyanda “İnşaatçılar” qəsəbəndə zəhmətkeşlər üçün inşaa olunan birmərtəbəli “barak”lardan birində yaşayırdıq. Yaşıdlarımla həftənin istirahət günləri yaxınlıqdakı hərbi hissədən cərgələrlə kluba aparılan əsgərlərə qoşulub, müxtəlif filmlərə tamaşa edərdik. Hərəmizin bir əsgər dostu var idi. Dostluq etdiyimiz əsgərlər bizi şinellərinin içində klubun daxilinə keçirərdilər. İllər ötdü. Dördüncü sinifə keçəndə səkkizinci mikrorayona köçdük. Və indiyədək həmin ərazidə yaşayıram. Novruz bayramlarında necə tonqal qalamağımız, həyətdə aşıq, bişdi, çilədi, çijik, qurzinka, xokkey, tennis, futbol oynamağımız yaxşı yadımdadır. Hələ güləş, boks "çempionatlarını" demirəm. Xüsusi zövqlə taxtadan düzəltdiyimiz “samokat”larla ötüşmə yarışları keçirməyimizi indi də xatırlayıram. Elə ki, tədris ili başlayırdı, evdən çölə çıxmağımıza məhdudiyyət qoyulurdu. Hamımızın başı dərs oxumağa qarışırdı.
Həddibuluğa çatandan sonra isə hərəmiz bir dərnəyə yazılıb ya aktyorluq, ya rəssamlıq edər, ya da ki, hansısa idman zalında məşqlərə qatılardıq. İstirahət günləri isə yenə də bir yerə toplaşıb, necə deyərlər, deyib-gülüb bildiklərimizdən danışardıq...
O vaxt şəhərin on yeddinci mikrorayonunu uzaq olduğuna görə öz aramızda “Kamçatka” adlandırırdıq. Beş-on binası olan altıncı mikrorayon isə bizim üçün dənizə çıxış rolunu oynayırdı. Yayda çimərliyə gedər, birlikdə istirahət edərdik...
Evlərdə işıqlar tez-tez sönərdi. Məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Hətta evdə yemək hazırlamaq üçün biri digərindən bir ədəd soğan, kartof, yumurta və ya bir qaşıq duz, tomat istəməkdən çəkinməzdi. İnsanlar arasında qəribə bir mehriban münasibət vardı...
Novruz bayramı ərəfəsində qalayacağımız tonqal üçün əlimizə düşən taxta, odun parçalarını yığıb binamızın zirzəmisində gizlədərdik. Hacı Zeynalabidin Tağıyev qəsəbəsinə gedib, "Aviazavod"un metal zibilliyindən təyyarə təkərlərinin "disk"lərini gətirərdik ki, tonqala atıb fişəng effekti yaradaq və həmçinin partlayış səsi çıxaran, "zırpaket" bükümləri düzəldək...
Bayramda isə hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq...
Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə qab-qaşıq, nə də bir qaşıq duz, tomat və ya yumurta almır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Elə bil dünyanın sonudur, hamı harasa tələsir. Bircə səndən başqa, Sumqayıtım...
Beş il uzaq Amerikada yaşadım. Vaşinqton, Nyu York, Çikaqo, Filadelfiya, Hyuston, San Fransisko, Detroit, Sinsinati, İndianapolis və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma, əziz olmayıb. Çox bulvarlarda ayaq saxlayıb istirahət etmişəm, Sumqayıt bulvarı qədər gözəlini görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri sumqayıtlıların yerini verməyib...
Mənim atam gənc yaşlarında Sumqayıta gəlmişdi. Bu şəhərdə yaşa dolsa da əksər böyüklərimiz kimi haradan olduğu soruşulanda özünü gəldiyi bölgənin adıyla təqdim edirdi. Demirəm ki, dədə-baba yurdum mənə yaddır, amma mən özümü sumqayıtlı hesab edirəm və bundan qürur duyuram. Fəxr edirəm ki, haqqında əfsanələr dolaşan bu şəhərdə doğulub böyümüşəm. Necə deyərlər, bu şəhərin övladıyam, məni bu şəhər yetişdirib. Və dünyanın harasında rast gəlsəm də hər bir sumqayıtlı mənim doğmam, əzizimdir...
Bəli, mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım…
Harada olsam, haraya getsəm də sən mənim ilk və son mənzilimsən, SUMQAYIT!..
75 yaşın mübarək!
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Səni düşünürəm! Səni!” - GÜNEYDƏN MEHDİ XOŞXƏLQ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Mehdi Xoşxəlqin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Ayrılıqdan daha yaxın bir şey düşünürəm
Səni düşünürəm! Səni!
Kilometrlərcə uzaq olsan da
Gözlərində bir duzaq başına salıb
Xəyalımdan duyğularımı eşiyə çıxardıb
Onları sorğulayırsan.
Duyğuların yaş olur.
Sən güc qələmin qaşlarına çəkirsən
Ruhuma
Köksümə
Bir deprem salırsan.
Ayrılıqdan daha yaxın mənim öpüşüm
Sənin gözlərinin ortasındadır
Aydınlıqdır gözlərin.
Saçların inci dənəsi tökülüb
Gün-ay olarsan xəyalımda
Bir yorğun-arğın divara oxşadıb səni.
Ayrılıqdan daha yaxın sənin əllərindir
Sənin əllərini axtarır gözlərim
Şeir yazmaq üçün.
Ayrılıqdan daha yaxın
Sənsən mənə
O an ki gözlərini bağlayırsan mənə.
II.
Sonu bilinməz... Görünməz... Bir dəniz
Mən bir sərxoş kapitanam.
Xatirələrin bu çaxır misalı dənizə tökülüb
Obasını,
Tayfasını itirmiş
Yalqız bir kapitanam.
Məndən vida edəndən sonra
Səndən mənə qalan
Əflatun gözlərinin başında yansımasıidi.
Əllərimizin iz yeri hər yerdə qalmışdı
Sanki bir sənət əsəri
Ya da ki bir musiqinin notları
Bilmirəm
Sən məni tərk edəndən sonra
Daha azca romantik ola bilirəm.
Xəyalımın torpağında sevda çiçəyi solub
Mən ağlamazdım dəniz məni ağlatdı.
Dalğalar zərbə vurur
Mənim içimdə bir fırtına qalxır
Dənizlə bir ölüb yaralanmış sulara bənzəyirəm.
Sonunda limana çatdım
Alışmışdım səni axtarmağa
Qucaqlaşırlar
Öpüşürlər
Mən sadəcə
Qaşımı qaşlarına qoyub
Ağlayıram
Mən təkcə Ağlayıram!
III.
Mən Xəzərəm!
Tetisim sonuncu
Evranın birinci uşağı
Fikrim bu balaca balıqlara tutunub.
Məni görməyə gəlsən
Donduraram zamanı.
Yandıraram gəmimi
Heç bilməzsən həyat necə keçdi
Dəniz qabıqları,
Balıqçılar
Səsinin məni tanıyandan
Öncəliklə qulaq as və sonra eşit.
Mən xəzəm!
Mən daş-torpaqlar arasında dustaqqalmamışam.
Böyük bir Alabuğayam
Quyruğumun tərsi ilə çəkərəm uçqunları.
Başımdakı dəliklə
Saçıram aydınlığı
Üzgəcimlə
Saxlayaram
Soyuq saxlayaram bu tutqun yeri.
Yüz il boyunca sizi
Səsləyərəm
Mən Xəzərəm.
Səsləyərəm
Mən Xəzərəm!..
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Kollec tələbələrinin hekayələri - “Naməlum əsgərin dedikləri"
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Ayxan Məmmədlidir. Hekayəsini “Naməlum əsgərin dedikləri" adlandırıbdır.
Bax budur. Yenə gəldilər. Səhv etmirəmsə bu onların dördüncü ziyarətidir. Onların hər ilin eyni günü və saatı gəlmək kimi ənənəsi varsa, mənim də bütün hadisələri eyni şəkildə yadetmə ənənəm var.
Qış idi. İsti peçin yanında ailəliklə oturmuşduq. Səhv etmirəmsə… hə hə, atamın ad günü idi. Əmilərim gəlmişdi. Atamla əmilərim söhbət edir, mən də onları dinləyirdim. Bilmirəm söhbət hardan gəldi düşdü mənə:
-Sən də qardaşın kimi həkim olmaq xəyalındasan?
-Mən, mən…
(əmimin bu qəfil sualı məni çaşbaş saldı)
-Yox, axı onun xəyalı hərbçi olmaqdır.
(atam yenə köməyimə çatdı)
-Hərbçi? Nə gözəl! Sən bizim ailəmizin fəxr mənbəyi olacaqsan!
Sonrası… sonrası yadımda dəqiq deyil. Nə yalan deyim, hərbçi olmaq istəmişəm, deyəmmərəm ki atamın istəyinə görə oldum. Amma mənim müəllim olmaq kimi də bir arzum mövcud olub.
Bir dəqiqə dayan! Onlar niyə belə tez getdi?! Axı onlar hər zaman bu soyuq daşa baş qoyub ağlayardılar. Bəlkə də qar yağdı deyə getdilər deyərdim, amma ikinci ziyarətlərində qar yağsa belə tez getməmişdilər. Bilmirəm, bəlkə də onlar da mənim kimi unutqandılar deyə, bura yenicə gəldiklərini unudub tez getdilər. Digər variantı düşünmək istəmirəm, bəli istəmirəm! Mənim ziyarətimə heç kim gəlmir, bunu anlayaram, axı mənim daşımda iki quru söz var. Hə, bir də 2 solmuş qərənfillə 1 bayraq. Amma onun - Teymurun (daşına Teymur yazıldığı üçün deyirəm) daşına adı, soyadı, ata adı, doğum tarixi, göylərə ucaldığı tarix, həyatı - yəni hər şeyi yazılıb. Hər şeyi məlum birini necə unudarsan axı?! Heyif, həm də çox heyif. Əvvəllər ziyarətinə gələnlərin sayı çox idi, hətta birinci ziyarətinə bütün şəhər gəlmişdi. Ümid edirəm, bu qəhrəman yoldaşı kimsə unutmaz, ziyarətinə gələr, yoxsa...
Axı o qəhrəmanın yeri bilinir!
Hörmətlə: Naməlum əsgər
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “İlahi, sənin də sirrini açdım” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şairin bu şeiri də dünyadan, onun işləklərindən giley-güzardan ibarətdir.
Məni yağışlar da yuya bilmədi-
Məndə əzablardı, məndə kir deyil, -deyir şəir. Gözəl metaforadır.
Xoş mütaliələr.
Ömür yarımçıqmış-doya bilmədim,
Atdım son ümidi suya, bilmədim.
Məni yağışlar da yuya bilmədi-
Məndə əzablardı, məndə kir deyil.
O yorğun arzular yoxuşlardadı...
Göyün ağrıları o quşlardadı.
Bəlkə günah elə baxışlardadı-
Bəlkə də bu dünya heç kifir deyil?
Qorxur kölgəsindən- bu, nə ağacdı?
Dərd var ki, dərd özü elə əlacdı.
İlahi, sənin də sirrini açdım-
Daha mənim üçün heç nə sirr deyil...
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Nyuton qanunu bilən təcavüzçül, kimyəvi elementləri bilən istismarçı yetişdirmişik - ESSE
Amil Əhmədov, İqtisad Universtitetinin 3-cü kurs tələbəsi, həvəskar yazıçı - “Ədəbiyyat və incəsənət” üçün
Emine Bulut (TÜRKİYE), Yelena Zakotnova (RUSİYA), Con Lensi (AMERİKA)
Adı çəkilənlər xüsusi amansızlıqla qətlə yetirilən minlərlə qadından yalnızca 3-dü.
Fərqli ölkələrdə, fərqli adət ənənələrlə, fərqli coğrafiyalarda, fərqli mentalitetlərdə yaşamalarına baxmayaraq bu qadınlar amansızlıqla əkscinsləri tərəfindən qətlə yetiriliblər.
Bu da qadınlara zorakılığının və təcavüz hadisələrinin lokal, regional və ya tək bir ölkənin xalqına məxsus birşey olmadığını, global problem olduğunu göstərir. Müasirliyin, modernliyin beşiyi sayılan, iqtisadi-sosial baxımdan inkişaf etmiş cəmiyyətlərdə belə qadın istismarı, qadınlara zorakılıq hallarına rast gəlinir, bu da " Azərbaycan müasir deyil, ona görə qadınları öldürüllər, qağaş" deyən neandertalların ağzına uçan tekme vurur.
İndi burda başqa mövzu da nədi, bəzi qadınlar varki sərt kişilərə meyil eliyir. Buna türklər "maço" deyir. Yəni yumruğu stoldan əskik olmayan hər hadisədə “qoruma" refleksi ilə hərəkət edən, qısqanclıqla qarışıq şüuraltındakı narsizmi ilə qızın həyatının hər nöqtəsinə müdaxilə etmək istəyir. Qız da "Erkəyim necə də məni qoruyur və sevirrr ahğğğ" deyir. Evlənir, 2 il keçir, qucağında bir uşaq münasibətin başlarındakı kiçik ayı olan Erkəyi artıq böyüyüb dağ ayısına çevrilib qapıdan çölə qoymur. Gördüyü psixoloji şiddətin üzərinə bir də fiziki şiddətlər başlıyır, ağıllıdısa boşanır, ağıllı deyilsə" Uşağımın xətrinə" deyə absürd bir səbəb göstərərək özünü, ömrünü, gəncliyini, Ona 1 dəfə yaşamaq üçün verilən həyatı bir dağ ayısı ilə keçirir, bəlkə də keçirə bilmir.
Fiziki şiddətlər bəzən bıçaqlanmalar, qətillərlə bitir.
Yaxşı, indi bu qız ağılsızdı, amma bu şiddətə şərait yaratmayıb yenə də təcavüzə, istismara məruz qalan qadınlar var. Bunun qarşısın necə alaq, nə edək ki bu olmasın. Hamı qınayır, amma bir çözüm yolu təklif edən yoxdu. İllərdi bu kimi hadisələr olur, hamı qınayır, amma azalmaq əvəzinə arta-arta davam edir.
Azaltmaq üçün 2 şeyi düzəldməliyik :
1. Cəza sistemini
2. Cəmiyyəti.
1.İndi cəza sistemi deyəndə nəyi nəzərdə tuturam. Bir insan etdiyi bir hərəkətin nəticəsində onu pis vəziyyətə salacaq birşey olduğunu bilsə, o hərəkəti etməkdən imtina edir. Məsələn, maşınla gedirsiz, ailəniz də maşındadı, qarşıdan Tır gəlir, onun qarşısına çıxsanız bütün ailəniz və Siz öləcəksiniz, bunu bilə-bilə tırın qabağına çıxmarsınız, çünki bunun nəticəsində çəkəcəyiniz vicdani, psixoloji, mənəvi əzab Sizi bu işdən çəkindirər. Yəni qadına zorakılıq və qadına təcavüzün elə bir cəzası olmalıdırki, insanlar bunu etməkdən çəkinsin. Elə bir cəza olmalıdırki, həm insanları bundan çəkindirsin, həm də təcavüzə məruz qalan qadının ürəyi soyusun ki "Aha bu şərəfsiz mənə bunu etdi, amma bunun qarşılığında da bu cəzanı aldı, əccəb oldu"
Yəni qadının ahı yerdə qalmasın. Mövcud məcəllədə adam qadına şiddət göstərir, məhkəməyə çıxır, vəkili buna gəşəng kostyum geyindirir, qalstuk taxdırır, saxta dəli kağızı aldırır, rüşvətin olduğu ölkələrdə belə olur, yəni Siz görməmisiz, Azərbaycanda yoxdu çünki belə şeylər çox şükür ki.
Nəticə olaraq adam kiçik bir cəza ilə məhkəmədən çıxır gəlir 2 ci, 3cü qurbanını axtarmağa, bu qədər sadə.
İndi deyəcəksiz, Amil, yaxşı, buna nə cəza versinlərki, ağlı başına gəlsin?
O Cəzalarla bağlı başqa geniş bir yazı yazacam, hələki burda nə etməliyik, onu deyirəm. Yəni Cəza sistemimiz yetərsizdi, nə qatili qətldən çəkindirir, nədə ki, qətlə məruz qalanın ahını yerdən götürür. Buna görə də insanlar rahat şəkildə "1-2 il yatb çıxaram" düşüncəsi ilə qadınları istismar edə bilir.
2. Cəmiyyəti düzəltmək. İndilərdə demək olarki, hər qadının dilindədi “köhnə vaxtın kişiləri qalmıyıb, azalıb, indi kişilər elə olub, belə olub”. Bəli Sizə qatılıram, əvvəlki dövrlərdə yaxşı kişilərin sayı indikinə nisbətən daha çox idi. AXC-ni quran kişilər bu cəmiyyətdən çıxmışdı, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Üzeyir Hacıbəyov kimi dahiləri bu cəmiyyət, bu millət yetişdirmişdi. Böyük insanlar ideologiyası böyük, təxəyyülü böyük, dərk etməsi geniş olan cəmiyyətlərdən çıxır. Əgər biz 100 il geriyə getsək, mədəniyyət, əxlaq, təxəyyül, dərketmə baxımından 1000 il irəliyə gedərik. İnsanlarımızı o günə salıblarki, adamlar oxuduğunu anlaya və nəticə çıxara bilmirlər.
Adam təcavüzçü olub, tamam, bu adam şərəfsizdi, okay bu adam təcavüzçü olana qədər illərlə yaşayır və bunun təcavüzçü kimi formalaşmasında ailənin, təhsilin, ətraf mühitin axrı nəyinsə bir təsiri olub ki, bu adam təcavüzçü olub. Biz bu faktorları, yəni adamın təcavüzçü olmasına səbəbiyyət verə biləcək faktorları minimuma endirməliyik.
Tanınmış alimlər olduqda qürurla deyirik ki, bu alimi biz yetişdirmişik, biz böyütmüşük, bizim vətəndən çıxıb, əksini fikirləşsək təcavüzçünü, qatili də deməli biz yetişdirə bilməmişik, deməli, biz yaxşı təhsil verə bilməmişik ona, qadına, uşağa, qocaya münasibəti öyrədə bilməmişik. Ona inteqral öyrətmişik, qramatik qaydalar öyrətmişik, amma ən təməl insani keyfiyyətləri öyrətməmişik. Beləliklə cəmiyyətimizə inteqral bilən rüşvətxorlar, nyuton qanunu bilən təcavüzçülər, kimyəvi elementləri bilən istismarçılar yetişdirmişik.
1.Deməli, məktəblərdə ilk sinifdən başlayaraq uşaqlara qarşı cinsə necə davranmalı olduqları aşılanmalı və öyrədilməlidi.
2.Qadınlara şiddətin və istismarın olduğu ailələr müəyyənləşdirməli, şiddətə son qoyulmalıdı.
3.Həmin ailələrdə böyüyən və şiddəti gözləri ilı görən uşaqlar xüsusi qeydiyyata alınmalı və onlara qayğı göstərilməlidi.
4. Qadınların boşandıqdan sonra işlə təmin edəcək qurumlar yaradılmalıdı həmçinin.
5. Onların psixologiyasının düzəldilməsi ilə bağlı psixoloq heyəti yaradılmaldır ki, həmin psixoloqlar könüllü şəkildə fəaliyyətə cəlb edilsinlər.
6. Problemli şəkildə boşananlar ayrıca xüsusi qeydiyyata alınmalıdı, çünki çox vaxt "kişi" ayrılmaq istəmir, məcbur ayrılanda da qadının həyatına sonrakı dövrdə problem çıxarır
7. Bəlkə də ən önəmlisi qadınların təhsilinə, oxuduqları kitablara, örnək aldıqları insanlara xüsusi diqqət yetirilməlidi. Təhsilsiz tək bir qadın belə olmamalıdı.
8. Televiziya kanallarda yayımlanan seriallarda, filmlərdə, verlişlərdə qadına şiddətin legallaşdırılmasının qarşısı alınmalıdı.
Daha çox əlavə etmək olar lakin hələlik bu qədər kifayətdir.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirilib
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Qədim diyar Beyləqanda milli-mənəvi irsin təbliği, mədəniyyətin önəm daşıması faktoru daim duyulandır, gözə gələndir.
26 noyabr 2024-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının zəngin mədəni irsini təbliğ etmək məqsədilə yaradılan “Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Xalq rəssamı Arif Hüseynov və digər incəsənət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə iştirakçılara, “Sandıq” Milli Geyimlər Studiyasının fəaliyyəti barədə geniş məlumat verildi. Slayd təqdimatında studiyanın məqsədlərindən, fəaliyyət sahələrindən və xidmətlərindən bəhs edildi. Burada həmçinin, milli geyimlərin peşəkar dizaynerlər tərəfindən hazırlanacağı, əl işi naxışlarla bəzədiləcəyi və bu geyimlərin müxtəlif tədbirlər üçün istifadə olunacağı qeyd edildi.
Eyni zamanda bildirildi ki, “Sandıq” Milli Geyimlər Studiyası milli geyim ənənələrimizin qorunması, yaşadılması və təbliği istiqamətində müasir tələblərə uyğun bir mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həm tarixi milli geyimlərin istehsalı və icarəsini təmin edəcək, həm də region əhalisinin milli geyimlərə olan tələbatını qarşılayacaq.
Daha sonra qonaqlar studiyada tarixi ənənələrimizi əks etdirən əlvan naxışlarla bəzədilmiş milli geyim nümunələri ilə tanış oldular.
Tədbir rəsmi çıxışlarla davam etdi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğuladılar. Çıxışlarda qeyd olundu ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərimizin yaşadılmasında vacib rol oynayır.
Tədbir çərçivəsində iştirakçılara çay-kofe fasiləsi təqdim olundu, tar və kamança müşayiətində milli musiqilər səsləndirildi.
Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək “Sandıq” Milli Geyimlər Studiyasının yaradılmasında dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirdi. O, studiyanın milli geyim ənənələrinin yaşadılması və inkişaf etdirilməsində yeni imkanlar açacağına əminliyini ifadə etdi.
Tədbir Azərbaycanın mədəni irsinə dəyər verən bütün iştirakçıların alqışları və yüksək qiymətləndirməsi ilə yekunlaşdı.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Gülüş klubunda begemot
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Oğlanla qız facebook-da tanış olurlar və kafedə görüşürlər.
Görüş istənilən kimi alınmır. Oğlan darıxır, narahatçılıq içində vurnuxur, nəhayət, zəng etmək bəhanəsiylə durub çıxır, qayıdıb gələndə deyir:
-Siz məni bağışlayın, mən getməliyəm, nənəm rəhmətə gedib.
Qız deyir:
-Nə yaxşı. Əks təqdirdə mənim nənəm rəhmətə gedəcəkdi.
2.
Mən çox məsuliyyətli adamam. Əgər bir işi başlayıramsa və onu başa vura bilmirəmsə çox pəjmürdə oluram. Ona görə də heç bir iş görmürəm.
3.
Ağamollayev çox böyük kvadraturada ev alanda makler təəccübləndi ki, bu boyda böyüklük nəyə lazımdır axı.
Ağamollayevin adamından makler bunu soruşanda adam dedi:
-Akvariumu yerləşdirmək üçün.
Makler lap təəccübləndi:
-Lələ, akvarium nə mənədir ki, ondan ötrü min kvadrat ev alasan? Mənim evim səksən kvadratdır, iki akvariumum var.
-Vətəndaş, cənab Ağamollayevinki balıq akvariumu deyil, begemot akvariumudur.
4.
Macarlar AES tikməyə 2 milyard pul xərcləyiblər. Sən demə, bu AES lap zırıltılı xərc aparırmış, lap bizim aeroport yolu qədər.
5.
Biz evlənəndə - 35 il əvvəl həyat yoldaşım and içdi ki, bütün ömrü boyu tək bir adamı sevəcək.
Yalnız indi - 35 ili zor-güc yola verəndən sonra onun yadına saldım ki, sən axı 35 il əvvəl belə bir vəd vermişdin.
Dedi, bəli, vermişdim və vədimə də sadiq qalmışam. Anamdan başqa heç kəsi sevmədim bu illərdə.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)