Super User

Super User

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

 

 

1850-ci ildə yazılmış “Hekayəti Molla İbrahimxəlil kimyagər” əsəri yazıcı-dramaturq, filosof, içtimai xadim Mirzə Fətəli Axundzadənin ilk komediyasıdır. Həm də ədəbiyyat tariximizdə bir ilkdir. Məhz bu komediya ilə Azərbaycan dramaturgiyasının  əsası qoyulmuşdur. 

 

 M.F.Axundzadə komediyada o zaman baş verən, cəmiyyətdə hökm sürən çatışmazlıqları, tamahkarlıq, hiyləgərlik, şeirə, sənətə qiymət verilməməsi, xalqa, vətənə laqeyd münasibətlərdən söhbət acır, cəhaləti tənqid edir. Əsərdə həmçinin “misi gümüşə çevirən”, saxta yolla varlanmaq, pul qazanmaq üçün hiyləyə əl atan yalancı kimyagərlərin fırıldaqları da ifşa olunur.

 

 Qeyd edək ki, kimyagərlik, o cümlədən yalancı kimyagərlərin iksirdən istifadə etməklə misi gümüşə çevirmək motivi həm xalq yaradıcılığında, həm də şərq və dünya ədəbiyyatında işlənən mövzulardan biridir. Məsələn, XII əsrdə kimyəvi elementlərin, o cümlədən misin, gümüşün xassələrinə aid məlumatlardan istifadə etməklə misilsiz poetik bənzətmələr yaradan dahi N.Gəncəvi özünün “İskəndərnamə” poemasındakı bir  epizodda, XVIII əsr fransız maarifçilərindən olan Alen Rene Lesaj “Çolaq şeytan” əsərində   misi gümüşə çevirmək üçün iksir axtaran kimyagərlərin dələduzluğunu və saxtakarlığını ifşa etmişdilər. XVII əsr ingilis yazıcısı Ben Conson və XX əsr Braziliya yazıcı  Paulo Koelyonun “Kimyagər” əsərləri də oxuculara yaxşı məlumdur. Bu arada “həyat daşı” (fəlsəfə daşı) haqqında məlum əfsanəni də xatırlatmaq istərdik. Həmin əfsanəyə görə, guya elə bir daş (maddə) var ki, onu başqa metallara vuranda qızıla, gümüşə çevrilir. Bu, əlkimyagərlərin – fırıldaqçı və dələduzların meydana çıxmasına səbəb olmuşdu.

 

Tədqiqtçılar həmin motiv və mövzunun bədii ənənələr vasitəsilə yaşarlıq qazandığını söyləyirlər. “Hekayəti Molla İbrahimxəlil kimyagər” də bunun bariz nümunələrindən sayıla bilər.

 

Bəs “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”in meydana çıxmasında konkret olaraq hansı yazıcının hansı əsəri, hansı rəvayət və ya hadisə tutarqa, vəsilə olub? Bu barədə bir-birindən maraqlı müxtəlif fikirlər vardır.  

 

Bəzi tədqiqatçılar ilk komediyamızın yazılmasında Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin həmin mövzudakı əsərlərini “dayaq nöqtəsi” hesab edirlər.  

 

Mərhum şair Q.Qasımzadə vaxtıyla qələmə aldığı “Zirək Xorasanlı”nın bədii səyahəti” adlı yazısında komediyanın mövzusunun dahi N.Gəncəvinin  “İskəndərnamə” (“İqbalnamə”də)  poemasındakı  bir epizoddan (“Qibtli Mariyənin hekayəsi və onun kimyagərliyi”) götürüldüyünü iddia edir.

 

 Hər iki əsərdəki hadisələrin oxşarlığı, bəzi obrazların paralelliyi (Qitbli Mariyə və Hacı Nuru) göz önündədir. Üstəlik N.Gəncəvini çox yüksək qiymətləndirən, “Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm... Nizaminin “Xəmsəsi”…kimi nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir”, – deyən M.F.Axundzadə, əlbəttə, “Xəmsə”yə dərindən bələd olub. Çox böyük ehtimalla “İskəndərnamə” poemasındakı həmin epizoddan da xəbərdar idi. Yəni mövzu ona məlum olub.

 

Q.Qasımzadədən fərqli olaraq bəzi tədqiqatçılar isə komediyanın Qoqolun məşhur “Müfəttiş” əsərinin təsiri ilə meydana çıxdığını söyləyirlər. Akademik M.Kazımoğlu qeyd edir ki, “Danmaq olmaz ki, “Ölülər”dən xeyli qabaq “Molla İbrahimxəlil kimyagər” komediyasının ortaya çıxmasında “Müfəttiş” öz müsbət və işıqlı rolunu oynayıb”. Tədqiqatçı L.Məmmədova da “Mirzə Fətəli Axundzadə və müasirlik” adlı avtoreferantında bu barədə yazır ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının süjeti, orada qoyulan ictimai-siyasi məsələlər Qoqolun “Müfəttiş” komediyasındakı hadisələrlə yaxından səsləşir”. Yazar T.Vahid  “Mədəniyyət” qəzetində çap etdirdiyi “Azad düşünsənin ilk mehi və ya uzun yolun başlanğıcı” adlı məqaləsində dolayısı ilə bu fikri təsdiq edərək qeyd edir ki, “XIX əsrin birinci yarısında Rusiyada tənqidi realizmin əsasını qoymuş Qoqolun yaradıcılığı bir çox yazıçılar kimi Axundzadənin də diqqətini çəkmişdi. O, rus realizm ənənələrini Azərbaycanın yerli şəraitinə uyğun şəkildə ədəbiyyata tətbiq etmişdi”.

 

Görkəmli yazıcımız Ə.Haqverdiyev isə “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının Molyerin “Tartüf” əsərinin təsiri altında yazıldığını vurğulamışdır. (Bəzi araşdırıcılar “Mizantrop” pyesinin də adını çəkirlər.)

 

 Tədqiqatçıların bir başqa qrupu “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasında hadisələrin real həyatdan götürüldüyünü, tiplərin uydurma olmadığını söyləyirlər. Ə.Haqverdiyev, R.Əfəndiyev və Axundzadəşünas N.Məmmədovun qeydlərində Molla İbrahimxəlildən real şəxs kimi bəhs olunur.

 

Yazıçı Ə.Haqverdiyev M.F.Axundzadənin komediyalarındakı surətlərin həqiqətən də real həyatda yaşamış insanlar olduğu barədə yazır: “Mən deməliyəm ki, Axundzadə komediyalarındakı tiplər uydurulmamışdır, bilavasitə həyatdan götürülmüşdür. Komediyalarda verilən şəxslər, həqiqətən həyatda yaşamışdır. Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar. Molla İbrahimxəlil kimyagərin nəvəsi ilə mən özüm Tiflisdə tanış olmuşam. O, orada həvəskar artist idi. Hələ Axundov anadan olmamışdan əvvəl vəfat edən Vaqifin şeirlərində, Müsyö Jordan və Hatəmxanağa haqqında işarələr vardır. Lakin onlardan həqiqi, ölməz surətlər yaratmaq üçün Axundov istedadı lazım idi”. (Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1971, s. 396.)  

 

Görkəmli maarifçi, 1890-1892-ci illərdə Vartaşen (indiki Oğuz) rayonundakı Xaçmaz   kənd məktəbində müəllim işləmiş R.Əfəndiyev 1928-ci ildə yazdığı və Mirzə Fətəli Axundzadəyə həsr etdiyi "Mirzə Fətəli haqqında bildiklərim və eşitdiklərim" adlı xatirəsində göstərir ki, Molla İbrahimxəlil tarixi şəxsiyyətdir. Həmin xatirədə  oxuyuruq: “Çar höküməti Zaqafqaziyanı istila etdiyi zaman Nuxa qəzasında Molla Ibrahimxəlil adlı bir aferist zərgər kimya xülyasına qapılaraq yalnız avam xalqı deyil, çar hökümətinin yerli işçilərini də aldatmağa müvəffəq olmuşdur. Molla Ibrahimxəlil bir qədər gümüşü qumlu torpağa qatıb sərdar dəftərxanasına gətirir. Bir ərizə ilə Sərdara müraciət edərək, Xaçmaz dağlarında gümüş mədəni tapdığını bildirib, haman mədəni işlətməyə icazə istəyir və hökümətdən maddi yardım tələb edir. Sərdar Molla Ibrahimxəlilin gətirdiyi qarışıq torpağı müayinə üçün Peterburqa göndərir. Müayinə nəticəsində torpağın içərisində əlli faiz gümüş olduğunu aydınlaşdırdıqdan sonra haman mədəni işlətmək üçün hökümət Molla Ibrahimxəlilə icazə və dörd min manat da para verir. Molla Ibrahimxəlil icazə aldıqdan sonra gedib bir müddət Xaçmaz dağlarında çadır qurub oturur. Hər tərəfdən pullu tacirlər, bəylər çoxlu pullar ilə bunun yanına gəlirdilər. Molla Ibrahim isə yanına saçlı-paçaqlı bir dərviş alıb, iksir ilə torpağı gümüşə döndərmək haqqında mövhumatlar yayıb xalqın başını qarışdırırdı. Beləliklə, az bir zaman içərisində Molla Ibrahimxəlil çox para yığdı. Mirzə Fətəli “Kimyagər” komediyasında Molla Ibrahimxəlilin xalqı və hökümət adamlarını aldatmasını çox gözəl bir surətdə göstərmişdir. Senzor hökümət qulluqçularının aldadılması qismini nəşr etməyə icazə verməyərək əsərin içərisindən silmiş olduğundan əsər bir qədər cansız çıxmışdır. Yoxsa Mirzə Fətəlinin bu əsərdə yazıçılıq qüdrəti daha artıq görünə bilərdi.”

 

Digər bir mənbədə - 1850-ci  ildə “Kafkaz” qəzetinin 39,41,42,43 saylarında həmin faktın dəqiqliyi – Molla Ibrahimxəlilin real şəxsiyyət olması haqqında məqalə dərc olunmuşdur. Qəzetdə yazılmışdı: “Gəldək və Daşazılı kəndləri keçmiş Şamaxı əyalətində, indiki Nuxa qəzasındadır. Bu qəzanın Artyanit kəndinin sakini Ibrahimxəlil Abdulla Rəhim oğlu Gürcüstan Ali Baş Komandanlığına xəbər verir ki, o adları çəkilən kəndlərin yaxınlığındakı dağlarda gümüş mədəni tapmışdır. Bu barədə dağ ekspedisiyasına məlumat verilmiş, lakin işdən görünür ki, həmin mədənin tədqiqi sahəsində ekspedisiya o zaman heç bir tədbir görməmişdir, mədənin sonralar da bir kəs tərəfindən tədqiq olunması barədə burada heç bir məlumat yoxdur.” (Ə.Mikayılova: “Onomastik vahidlərin üslubi imkanları”, «Mеmar Nəşriyyat–Poliqrafiya» MMC, Bakı, 2008. Səh: 86-87)

 

 Yuxarıda da qeyd etdiyimiz kimi, Axundzadəşünas N.Məmmədov da Molla İbrahimxəlilin sırf bədii tip deyil, real şəxs olduğunu Gürcüstan arxivindən əldə etdiyi məlumatlar əsasında təsdiqləmişdir.

 

Tədqiqatçı L.Məmmədova isə “M.F.Axunzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasında xarakterlərin konflikti” adlı məqaləsində yazır ki, “Molla İbrahimxəlil surəti real həyatdan götürülmüş, həqiqətən olmuş hadisələr əsasında qələmə alınaraq komediyanın ruhuna uyğun şəklə salınmış, tipikləşdirilmişdir. Komediyadakı hadisələr Şəki şəhəri yaxınlığında, Xaçmaz dağlarında cərəyan edir. L.Məmmədova “Mirzə Fətəli Axundzadə və müasirlik” adlı avtoreferantında həmçinin qeyd edir ki, Molla İbrahimxəlilin adına real həyatda, mətbuat səhifələrində, elmi monoqrafiyalarda, rəylərdə də rast gəlinir. O da göstərilir ki, Molla İbrahimxəlil savadlı və kimya elmindən (əlkimyadan) müəyyən qədər məlumatı olan biri olub, zərgərlik və qazıntı işləri ilə də məşğul olmuşdur. Axundzadəşünas N.Məmmədov da özünün “M.F.Axundzadənin realizmi” əsərində dolayısı ilə bunu təsdiq edir”.

 

 Hətta Molla İbrahimxəlilin canişinlikdən fırıldaq yolu ilə pul alıb Xaçmaz dağlarında qazıntı aparması, adamları aldatması ilə bağlı məlumatlar da dillərdə dolaşmaqdadır. R.Əfəndiyevin xatirəsində göstərilənlər və “Kafqaz” qəzetində çap olunanlar da bunu təsdiq edir.

 

Komediyanın özündə də İbrahimxəlilin tarixi şəxsiyyət olmasına işarə olunur. Müəllif əsərin müsbət qəhrəmanı Hacı Nurunun dili ilə deyir: “…Molla İbrahimxəlili mən görməmişəm…Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o, Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim icazə verdi və kim gördü?” Və yaxud  zərgər Hacı Kərim deyir: “Sizə qəribə xəbərim var. Kərdəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaçmaz dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur”. Bunlar M.F.Axundzadənin özünün də həmin əhvalatdan xəbərdar olması anlamına gəlmirmi?!

 

Gördüyümüz kimi, bir neçə mənbədə Molla İbrahimxəlilin tarixi şəxsiyyət olduğu qeyd edilir. Amma professor M. Rəfili bunlara inanmadığını söyləmiş,  belə bir rəvayətin “komediyanın bilavasitə təsiri altında yarandığını” güman etmişdir. Onun iddiasının tənqidə dözümü yoxdur. Bizcə, Ə.Haqverdiyev və R.Əfəndiyevin qeydləri və N.Məmmədovun aşkara çıxardığı arxiv materialları onun fikrini təkzib etmək üçün kifayətdir.

 

 Əsərdəki hadisələrin təsvir olunduğu coğrafi mövqe də yuxarıda qeyd olunan ehtimallara haqq qazandırır. Belə ki, remarkası aydın və maraqlı bir hekayəni xatırladan əsərin ikinci məclisinin əvvəlində oxyuyruq: “Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaçlarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağaçların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəgəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin Gündoğan tərəfi göz işləməyən səhradır”. Pyesdə bəhs edilən məkanın dəqiq adı Balaşumdur. Xaçmaz kəndindən 3 – 4 km içəridə dağın ətəyində, meşənin içində qədim yaşayış yeridir. Şahidlər həmin yerlərin ötən əsrin ortalarına kimi remarkada göstərilən vəziyyətdə qalmaqda olduğunu söyləyirlər.

 

Bu yerlərdə doğulub böyümüş şair Cəlil Cavanşır “İbrahimxəlil Kimyagərin kəndindən reportaj” adlı yazısında deyilənləri təsdiq edərək yazır ki,

 

 “…Axundzadəni Xaçmaz dağlarında xatırlamaq, onun ilk əsərində adı çəkilən yerləri gəzmək izaholunmaz dərəcədə maraqlı və həyəcanlıdır. “Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır”. Həmin dərəni də, qarlı dağları da görmüşəm. “Balaca çay”da əl-üzümü yuyub, həmin çayın suyundan çay qaynadıb içmişəm…” 

 

            Bizcə, coğrafi mövqeyin belə yerli-yataqlı təsviri M.F.Axundzadənin buralarda olması və bu yerləri tanıması ehtimalını da yaradır. Həmin vaxtlar Vartaşen (Oğuz) və onun qədim Xaçmaz kəndi Nuxa qəzasının tərkibində olmuşdur. Məntəqələr arasındaki məsafə də çox qısadır. Nuxada (Şəkidə) yetişən böyük mütəffəkirlər, o cümlədən, Mirzə Fətəli Axundzadə üçün də bu yerlər doğmadır, onun buralara gəlməsi və burada baş verən hadisələrdən xəbərdar olması, əsərləri üçün mövzu seçməsi də təbiidir. Filologiya üzrə fəlsəfə doktoru İ.Şəmsizadə haqlı olaraq yazır ki, “…dramaturq hadisələri elə təqdim edir ki, sanki onun real şahidi olduğu hadisələrdir”. 

 

 Şübhəsiz ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının meydana çıxmasında N.Gəncəvinin “İskəndərnamə” poemasındakı məlum epizodun da, N.V.Qoqolun “Müfəttiş”inin də, Molyerin “Tartüf” əsərinin də və bir sıra digər amillərin də rolu olub. Amma, fikrimizcə, müəllif həmin əsərlərdən təsirlənsə də, movzu və ideya ortaqlığı, hadisələrin oxşarlığı olsa da, adı çəkilən əsərlərin heç biri komdediyanın yazılması üçün “dayaq nöqtəsi” deyil.

 

Yuxarıda qeyd etdiklərimizdən belə qənaətə gəlirik ki, “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının yazılması üçün əsas vəsilə (vasitə, səbəb, bəhanə, fürsət) Molla İbrahimxəlil əhvalatı olmuşdur. Bu mənada əsərdəki hadisələrlə əhvalatdakı hadisələrin uyğunluğu, baş qəhrəmanın real şəxs olması, əhvalatın baş verdiyi tarixlə əsərin yazılma tarixinin, demək olar ki, üst-üstə düşməsi təsadüfi sayılmamalıdır. 

 

Belə bir hadisədən, Ə.Haqverdiyevin dediyi kimi, “…həqiqi, ölməz surətlər yaratmaq üçün Axundzadə istedadı lazım idi”. Elə də oldu. Amma Mirzə Fətəli əhvalatın təsvirçisi olmadı, bədii ənənələr vasitəsilə müasir dövrümüzə və ədəbiyyatimiza qədər gəlib çıxmış “misi gümüşə çevirmək motivini” öz dövrünün və zamanının tələbinə məharətlə uyğunlaşdırdı, komediya janrının ruhuna uyğun şəklə salmaqla müasirləşdirdi və tipikləşdirdi. N.V.Qoqolun da dediyi kimi,  o, kopya şəklində portret çəkmədi, portretin özünü yaratdı.

 

M.F.Axundzadə həmin hadisədən  istifadə edərək özünün mütərəqqi ideyalarını  bədii dillə bizə çatdırdı. Həm də bu mövzunu ictimai düşüncəyə daha dərindən nüfuz  edə biləcək bir səviyyədə təqdim etməklə. Və həm də hər kəsin anlayacağı dildə, üslubda və tərzdə.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(28.11.2024)

 

                                                                                            

 

 

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün görkəmli mütəfəkkir, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi, böyük maarifçi, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür. 

 

Həsən bəy Məlikov bəzi mənbələrə görə 28 iyun 1842-ci, bəzi mənbələrə görə isə 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.  İlk təhsilini doğulduğu kənddə mədrəsədə alan Həsən bəy təhsilini Şamaxı və Tiflisdə məktəbdə davam etdirir.  Daha sonra təqaüdlə Moskva Dövlət üniverisitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır.  O, 1869-cu il noyabr ayının 18-də Bakı Realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir. Burada işlədiyi müddət ərzində Həsən bəy Zərdabi kasıb və kimsəsiz uşaqlara kömək etmək onları məktəbə düzəltmək, məktəbdə oxuyanların isə acınacaqlı vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil edir. Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini anlayan görkəmli mütəfəkkir 1873-cü ildə öz şagirdləri ilə birlikdə, Nəcəf bəy Vəzirov və Əsgər bəy Adgözəlovun da yaxından iştirakı ilə Bakı Realnı gimnaziyasının otaqlarından birində  dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyur və bununla da Azərbaycan milli teatrının əsası qoyulur.

"Hər bir Vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən Həsən bəy qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində Əkinçi qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur.

Əkinçi Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi. Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır.  Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır. Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış Əkinçi qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş, 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı.

Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi nəşr olunmuşdu. Zərdаbinin fəаliyyətindən qоrхuyа düşən pоlis idаrəsi оnu Bаkıdаn uzаqlаşdırmаq məqsədilə ona dəfələrlə təzyiqlər göstərmiş və 1878-ci ildə Zərdаbi öz rаzılığı ilə məktəbdən аzаd оlunmuşdu. Bu dövrdə həmdə o, mollaların ateist, Osmanlı agenti, şapqalı urus kimi təhqirlərinə də məruz qalmışdı.

Zərdаbi 1879-cu ilin sonlarındа аiləsi ilə birlikdə dоğmа kəndləri оlаn Zərdаbа köçmüş və 1896-cı ilə qədər оrаdа yаşаmаlı оlmuşdu. Hər zaman öz xalqının inkişafı üçun çalışan ziyalı burda da məktəb açmaq üçün çalışır və hətta öz evini məktəb kimi istifadə edir. 

1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin I qurultayının təşkilatçısı və sədri olmuşdur. 

Həsən bəy Zərdabi Hənifə xanım Məlikova ilə ailə həyatı qurmuş və onların bu izdivacdan iki oğlu və iki qızı dünyaya gəlmişdir.  Hənifə xanım Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur. 

Zərdabi 1907-ci ildə noyabr ayının 28-də iflic olur və dünyasını dəyişir.

Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan."  deyirdi böyük ziyalı. Və bu sözləri onun vəfatı zamanı öz təsdiqini tapdı.  "Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin" deyə vəsiyyət etməsinə baxmayaraq həmin gün Bakıda böyuk bir izdiham müşahidə olunur. “Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilir. Həsən bəy Zərdabi köhnə Bibiheybət məscidinin yanında dəfn edilir. 1937-ci ildə həmin ərazilər dağıdılır və Zərdabinin sümükləri bir müddət qızının evində saxlanılır.  Təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü bu yurdun insanının inkişafı üçün çalışan böyük maarifçinin sümükləri üçün tam 20 il bir qarış torpaq tapılmır. Nəhayət 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur. 

Həsən bəy Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının  “Cəmiyyəti-Xeyriyyə” nin banisi, 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycanın milli teatrının və  mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur.

Onun xalqı qarşısındakı əvəzsiz xidmətləri danılmaz və unudulmazdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

 

 

 

Thursday, 28 November 2024 10:03

Qışa cəmi iki gün qaldı - TƏQVİM

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Aşıq Alının təbirincə desək, payızı aşırdıq, qışa nə qaldı.

Payız öz son günlərini yaşayır. Cəmi iki gündən sonra qış gələcək. İlin sonu daha aşkar hiss edilir, ömrün daha bir ilini sona vurmaq üzrəyik.

Bu gün 28 noyabrdır — Qriqorian təqvimi ilə ilin 332-ci günü (uzun illərdə 333-cü). İlin sonuna 33 gün qalır.

 

 

Bu günə təsadüf edən əhəmiyyətli hadisələrlə “Ədəbiyyat və İncəsənət” portalı olaraq sizləri tanış edirik.

1627 — İsveç İmperiyası və Reç Pospolita arasında Oliva donanma müharibəsi baş vermişdir.

1943 — İkinci Dünya Müharibəsinin məşhur Tehran konfransı keçirilmişdir: ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın baş naziri Uinston Çörçill və Sovet İttifaqının rəhbəri İosif Stalin müharibə strategiyasını müzakirə etmək üçün Tehranda görüşmüşlər.

1964 — Mariner proqramıNASA Marsa doğru Mariner 4 zondunu buraxaraq Marsın tədqiqində bir ilkə imza atmışdır.

1967 — Kiçik Tülkü bürcündə ilk pulsar astronomlar Coselin Bell Bernell və Antoni Hyuiş tərəfindən kəşf edilmişdir.

1975 — Şərqi Timor azadlığına qovuşaraq Portuqaliyadan müstəqilliyini elan etmişdir.

1991 — Cənubi Osetiya Rusiyanın müdaxiləsi ilə Gürcüstandan qoparılaraq müstəqilliyini elan etmişdir.

 

Bu gün dünyaya gəlmişlər:

1489 — Marqarita Tüdor, Şotlandiya kraliçası

1592 — Abaxay xan, Mancuriya hökmdarı

1632 — Jan-Batist Lülli, Fransa bəstəkarı

1757 — Vilyam Bleyk, İngiltərə şairi

1772 — Lük Hovard, Böyük Britaniya kimyagəri

1820 — Fridrix Engels, Almaniya filosofu

1857 — XII Alfonso, İspaniya kralı

1863 — Şarl Filije, Fransa boyakarı

1880 — Aleksandr Blok, Rusiya şairi

1881 — Stefan Sveyq, Avstriya yazıçısı

1887 — Ernst Röm, Almaniya hərbi zabiti

1892 — Tərlan Əliyarbəyov, Azərbaycan general-mayoru

1907 — Alberto Moravia, İtaliya yazıçısı

1908 — Klod Levi-Stross, Fransa antropoloqu

1915 — Konstantin Simonov, Rusiya yazıçısı

1940 — Alqayıt, Azərbaycan aşığı

1943 — Rəfael Abbasov, Azərbaycan boyakarı

1960 — İlqar Cəfərov, Azərbaycan fotoqrafı

1982 — Yuliya Əhmədova, Rusiya aktrisası

 

Bu gün vəfat etmişlər:

1859 — Vaşinqton İrvinq, ABŞ yazıçısı

1870 — Frederik Bazil, Fransa boyakarı

1907 — Həsən bəy Zərdabi, Azərbaycan jurnalisti və maarifçisi

1949 — Vladimir Obraztsov, Rusiya alimi

1954 — Enriko Fermi, ABŞ və İtaliya fiziki

1962 — Vilhelmina, Niderland kraliçası

1993 — Yevgeni Ptiçkin, Rusiya bəstəkarı

1994 — Cefri Damer, ABŞ seriyalı qatili

 2010 -  Lesli Nilsen, ABŞ və Kanada aktyoru

2010Samuel Koen, ABŞ fiziki

2010 - Vladimir Maslaçenko, Sovet futbolçusu və idman şərhçisi

2011 — Sevil Xəlilova, Azərbaycan aktrisası

2016 — Mark Taymanov, Rusiya şahmatçısı

 

Bu günə təsadüf edən bayramlar və xüsusi günlər isə aşağıdakılardır:

Burundidə — Respublika Günü

Çadda — Respublika Günü

Mavritaniyada — Müstəqillik Günü

Panamada — Müstəqillik Günü

Rumıniyada — Bukovina Günü

Ən nəhayət, bu gün Ümumdünya Təəssübkeşlik Günüdür. Hər kəsi heç olmasa ildə bir dəfə təəssübkeşlik etməyə çağırırıq. Sizin himayənizə, mərhəmətinizə, lap elə bircə xoş sözünüzə o qədər möhtac olan var ki.

 

“Ədəbiyyat və incəsənət”

 (28.11.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Malihulya dönemeçleri”

 

Yusuf Alper Oyar

 

-Ölmeden Önce Ölünüz!-

 

Yer-yer bulanıklaşan parametreler hesabıyla,

Küf-küf toplanan kalabalıklardan ve

Veri kirletişimlerinden mustarip bir hal içinde

Kanayan parmağımı şehrin koyu veçhesine bastırdım,

Değişen tonlarda sıkışan her katrede

Titreyen ve kırılan bir ses dokundu bana:

“İnsan insanın ihanetidir”,

Geriye dönüp-dönüp baktığında...

 

Kesik ve keskin dumanların esaretinden kurtulmak için

Saklanmaya yer aradığında gece,

Pencere perdesi sakinliğinde dudak kanatan söylencelere

Tesirli sözleri ikame etmek istedim,

Dile pelesenk olan bir şarkının hazzını unutmadan

Şehrin katledilen suretlerinin serpiştirildiği

Enkazların üstüne çıkarak.

 

Dönemeç sonsuzluğuna tutukluydu hayat...

Ahdimizin masumiyet karinesini aradım,

Pençe-pençe tutunduğum sırtımda,

Bir sınanmanın daha ertesinde

Kalender bir sılanın işaretiydi belki de...

Ter-ter biriken neyse alnımızda,

Yapıldığı gün köhneyen mabetlerden kaçarak

Bir kez daha umdum, umulmadık şeyleri;

Mezkur bir hissiyatın hengamesinde,

Alarmla uyanılan vehimlerin ötesine

Simerenya yenilgisinin tebessümüyle kavuşmak istedim...

Kavuşmak istedim

Ölümün kusursuz ölümüne...

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

 

 

 

 

Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin növbəti not kitabı buraxılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq bəstəkarın fortepiano üçün əsərləri gündoğar ölkədə işıq üzü görüb.

 

“Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunan əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib.

 

Artıq mağazalara satışa verilən kitabın 2025-ci ildə təqdimatının, həmçinin konsert proqramının keçirilməsi, Qara Qarayev musiqisi haqqında mühazirələrin, açıq dərslərin və digər bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasından ibarət iki not kitabı yapon musiqisevərlərin ixtiyarına verilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” adlı sərginin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyev-Qafarova, Mahir Qafarov, Aynur Məmmədovanın, həmçinin gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri nümayiş olunub.

 

UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin səfirləri, daimi nümayəndələri və yerli incəsənət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbirdə çıxış edərək, sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin sarsılmaz öhdəliyinin təcəssümü olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir.

 

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E.Abdullayev “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixi nəticələrə imza atdığını diqqətə çatdırıb.

 

UNESCO-nun rəhbər nümayəndələri də mərasimdə çıxış edərək, mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyətdən və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar. Həmçinin COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər ünvanlanıb, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğu diqqətə çatdırılıb.

 

Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinə qədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiət təsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda, onun qorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

 

Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edib, əsərlərlə yaxından tanış olublar. “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında üç gün müddətində ziyarətçilərə açıq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Noyabrın 27-də Bakı Kitab Mərkəzində “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov əsərin İrəvanın tarixi həqiqətlərini, mədəniyyətini və orada yaşamış tarixi şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu kimi tədqiqatların İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıb.

 

Professor Dilarə Seyidzadə, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışlarında qeyd ediblər ki, kitab İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətlər haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəridir. Əsər, əsasən, unikal və etibarlı tarixi mənbələrə, eləcə də arxiv sənədlərinə və araşdırmalara əsaslanaraq hazırlanıb.

 

Çıxış edənlər bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Natiqlər çıxışlarında belə tədqiqatların yerli və beynəlxalq səviyyədə diqqətə çatdırılmasının zəruriliyini vurğulayıblar. Onlar vurğulayıblar ki, bu kimi əsərlərin daha da təkmilləşdirilməsi, bir neçə xarici dilə tərcümə olunması, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir.

 

Kitabın müəllifi Fəridə Səfiyeva bildirib ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı, İrəvan şəxsiyyətlərinin tanıdılması baxımından kitabın yayılması məqsədəuyğundur.

 

Onun sözlərinə görə, "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazılıb.

 

Müəllif kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümid etdiyini söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından olan, tənqidçi və ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadə elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlayıb. O, yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək elmi düşüncə ilə təhlillər və müqayisələr aparıb. Alim konkret ədəbi şəxsiyyətlərə qiymət verərkən dövrün ədəbi və ictimai proseslərini nəzərə alıb. Akademik Məmməd Arif Dadaşzadə bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə məqalə yazmış, ömrünün təqribən 40 ilini dünya ədəbiyyatından tərcümələrə həsr etmişdir. O, sözün əsl mənasında, ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətlərdən biridir.

 

AzərTAC xəbər verir ki, bu fikirlər noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas-alim, tərcüməçi, pedaqoq, nasir, ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyinə həsr olunmuş “Ədəbi üfüqlərdə” adlı bədii-musiqili gecədə səslənib.

 

Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən görkəmli alimin nəvəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ədəbiyyatşünas alimin gənclərə diqqət və qayğısından danışıb. “Bu mənada mən onu həmişə görkəmli bəstəkarımız Qara Qarayevlə müqayisə edirəm. Çünki o da bir bəstəkar-pedaqoq kimi gələcək haqqında düşüncələrlə yaşayırdı. Bizim ailədəki mühit, ab-hava əsl həyat məktəbi, gələcəyə bir şəxsiyyət kimi yetişmək, formalaşmaq üçün yetərli idi. Biz kitablar, musiqi vallarının arasında böyüyürdük. Babamın elmi axtarışlarla zəngin ömür yolu, oxuduğu kitablar bizim də mənəvi dünyamızın formalaşmasına təsirsiz ötürməmişdi. Babam bizim oxuduğumuz kitablarla ciddi maraqlanırdı və bu istiqamətdə öz tövsiyələrini verirdi. O, klassik ədəbiyyatı sevməklə yanaşı, yeni gənc yazıçılarımızı da tanımağımızı istəyirdi. Axı Məmməd Arif 60-cılar nəslinin tanınmasında bir tənqidçi kimi mühüm rol oynamışdı. Onun elmi irsi hər zaman öz aktuallığını qoruyub saxlayacaq, ədəbiyyatımızın inkişafı, tədqiqi naminə gördüyü işlər heç vaxt unudulmayacaq".

 

Gecəyə akademik Məmməd Arif Dadaşzadənin ömür yoluna nəzər salan videomaterialın nümayişi ilə başlanılıb.

 

Tədbirin ssenari müəllifi Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə alimin ömür yoluna nəzər salıb, yaradıcılığından danışıb.

 

Azadə Əsgərzadənin aparıcılıq ilə davam edən mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının prezident, akademik İsa Həbibbəyli, Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, dəyərli ziyalı, bütöv bir şəxsiyyət olan Məmməd Arif Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafına çox böyük töhfələr verib. Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi", ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Onun “Azərbaycan xalqının ədəbiyyatı" kitabı ingilis, fars, rus, bolqar dillərində, "Азербайджанская литература" monoqrafiyası Moskvada çap olunub.

 

Səlis, lakonik Azərbaycan ədəbi dilində yazdığı dərsliklər, monoqrafiyalar, ədəbi-bədii əsərlər gənc nəslin formalaşmasına, bu tərzdə danışmasına, ritorikasına böyük təsir göstərib. O, elmdə konyukturanı sevməzdi. Daim gənc kadrlara kömək edər, diqqət və qayğı göstərərdi. Kim olursa olsun, hətta qohum, tanış olsun - elmdə piyadadırsa, onu yaxın buraxmazdı. Bu, onun ədalətli, vicdanlı olmasına dəlalət edirdi.

 

Çıxışlarda görkəmli alimin XX əsr Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri vurğulanıb. Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olub.

 

Qeyd edilib ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası genişhəcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairinin yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.

 

Diqqətə çatdırılıb ki, Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

 

Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsi səhifələrində çıxan “Bədgümanam”, “Mərsiyə xəbərləri” felyetonları ilə başlayıb. 1920-1930-cu illərdə mətbuatda şeir və hekayələrlə çıxış edib. Ədibin “Yurdsuz cocuqlar”, “Son bahar təranələri”, “Brodskinin boyaları”, “Təyyarə və mən”, “İki nəşədən biri”, “Həvəs” şeirləri, “Son izdivac”, “Arakəsmə”, “Mal həkimi”, “Tar çalınır” hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb və maraqla qarşılanıb.

 

Bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərinin əsərlərindən bədii tərcümələr edib. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun "Hərb və sülh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından M.Servantesin "Don Kixot" və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyur.

 

Gecədə çıxış edən natiqlər alimin ömür yoluna və elmi yaradıcılığına geniş nəzər salıb, onun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi töhfələri bir daha diqqətə çatdırıblar. Yubiley tədbirində, həmçinin bədii-musiqili proqram təqdim olunub.

 

Tədbir boyunca gecəni Əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.

 

Sonda görkəmli alimin nəvələri Zümrüd və Aqşin Dadaşzadələr babalarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2014)

COP29 çərçivəsində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turizm yerləri 12 mindən çox yerli və xarici turist tərəfindən ziyarət edilib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, xarici ölkələrdən olan ziyarətçilər arasında Rusiya, Çin və Hindistan vətəndaşları üstünlük təşkil edib.

 

UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız qalası və Şirvanşahlar Sarayı, həmçinin Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam da qonaqların ən çox ziyarət etdiyi məkanlardan olub.

 

Qala Qoruğunda qonaqlar Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olub, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və “Qurama” sərgisinə də maraq göstəriblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Vaqif YUSİFL, Filologiya elmləri doktoru

 

“Ədəbiyyat və incəsənət” tanınmış tənqidçi Vaqif Yusiflinin “Qulu Ağsəsin şeirləri: fərqli bir poeziya” məqaləsini təqdim edir. Məqalə fərqli poeziyaya fərqli baxışdan ibarətdir. 

 

Qulu Ağsəsin şeirləri mətbuatda ilk dəfə görünəndən bu günə qədər məndə fərqli bir təəssürat oyatmaqdadır. Onu bir şair, şeirlərini də başqalarının şeirlərindən fərqləndirən nədir? Qulu heca şeirinin, sərbəstin özəlliklərinə yaxşı bələddir, bədii təsvir ustalığı da diqqəti cəlb edir, bu gün oxucuları maraqlandıran mövzuları onun şeirlərində izləyə bilərik. Amma Qulu Ağsəsin şeirləri, bu şeirlərdəki fərqli mənzərə məni həmin ifadəni söyləməyə vadar etdi. Qulu Ağsəsin "Görsən üşüyürsən" ("Təhsil" nəşriyyatı) kitabındakı şeirlərin əksəriyyətini mətbuatdan oxumuşdum. Amma şeir kitabı bir şairin portretini canlandırmaq üçün ən uyğun vasitədir, necə ki, klassik divan ədəbiyyatı sənə müfəssəl söz söyləməyə imkan verir.

 

Qulu Ağsəs bir şair kimi heç də ədəbi tənqidçilərin və digər yazarların diqqətindən yayınmır. Kəmalə Umudovanın elmi araşdırmasını, Təranə Dəmirin kitabını və Lütviyyə Əsgərzadənin çox sanbalı bir ədəbi portretini oxumuşam, bu müəlliflərin hər biri Qulu Ağsəsin şeirlərinə müasir poeziyamızın uğurları kimi yanaşıblar.

 

Qulu Ağsəsin fərqli bir poeziya yaratmasını izah etməyə çalışacağam. İlk növbədə onu qeyd edim ki, Qulunun əksər şeirlərində sərbəst improvizasiya məkanı çox genişdir. Elə düşünülməsin ki, Qulu Ağsəs hər şeydən yazır, əlbəttə, yanlış olar belə düşünmək. Onun fərdi, subyektiv düşüncəsi dinamikdir, daim hərəkətdədir. Qulu hüznlü bir ovqatda Ağdamı, Şuşanı yad edir, Qarabağ müharibəsində itkin düşən bir dostunun ölümündən kədərlənir, "güzgü qabağında ağlayan gözəlliyin" boyasını rəsm edir, "hara baxıram, şairlər" deyib, "mikrafon önündə kəllə atan" şairlərin ŞEİRSİZ ömrünü təsvir edir, sevgi şeirlərində təzadlı aşırımlardan keçir, "səni Qulu kimi sevsəm, bəsindi" deyir, hətta bizim eranın sonuna qədər "yol gedir", lap Allahın işinə də əl uzadır ("Yaxşı günün əgər busa, Yaman günü göstər bizə").

 

İşğal dövründə Qarabağa, Ağdama, Şuşaya həsr etdiyi şeirlərə gəlincə... Mən bu mövzuda yazılan əksər şeirləri oxumuşam, bir çoxu şikəstə əhval-ruhiyyəli, ümidsizlik motivləri üzərində qurulub, bir çoxu isə inam, qələbə ruhu üstündə. Bir-birini təkrar edən motivlər də var, əsl poetik axtarışların bəhrəsi olan şeirlər də. Qulu Ağsəsin işğal illərində yazdığı şeirlər isə iki mənada mənim üçün maraqlıdır, birincisi, kədərin poetik rənglərini rəsm edir, burada hər söz, hər ifadə, hər misra sərrastlığı ilə seçilir. Məsələn, Şuşaya və Ağdama həsr etdiyi şeirlərdə qədimliklə müasir dövrün cizgiləri fonunda Şuşanın da, Ağdamın da mənzərəsi canlanır:

 

Dünyanı bazara çıxaran,

dünya bazarında satılan

Şəhərim!

Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən,

Bircə əsarətdən qorxan!

Son nəfəsəcən döyüşdün,

Son nəfərəcən şəhid oldun..

Ağam şəhərim!..

Adam şəhərim!..

Ağdam şəhərim!..

Şükür külünə,

Şükür qayıdış gününə!

 

Müharibənin doğurduğu fəlakətlər Qulunun öz içindən keçir. Rza Diqqətinin fotolarından birinə baxır. "Məscid minbərdən, kəhriz çinardan, qəbir başdaşından hündürdü" görüntüsü o rəsmdə həkk olunub. Amma:

 

Hə, bir də

mat qaldım hər şeyə:

oranın quşları

adam kimi danışır,

adamları

quş kimi oxuyur deyə...

 

Qulu Ağsəsin fərqli poeziyasının ikinci əlaməti minillik Azərbaycan şeirinin ənənələri ilə bağlıdır. Sözlərin, ifadələrin öz adiliyindən "sıçrayıb" poetik məna axınına cəlb olunması, bədii təsvir vasitə və üsullarının təzəliyi (ilk dəfə Qulunun şeirlərində işlənməsi), şeir mətninə xalq dilindən, el danışıq tərzindən gələn ab-havanı gətirmək... Qulu Ağsəsin şeirlərində bütün bu poetik vasitələr özünəməxsus şəkildə yenidən canlanır.

 

Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən, yandır özünü.

 

Şeirdə qaranlıq, axşam-səhər-Günəş təzadları fonunda aləmin sanki Günəşsizləşdiyi, qaranlığın-axşamın Günəşi və onun körpəsi səhəri qəhr etdiyi ("Təzədən qaramat basar dünyanı") sonda qəfil bir ümid qığılcımı parlayır: "Görsən üşüyürsən, yandır özünü".

 

Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində təşbih və metaforaların orijinallığı şəxsən məndə heç bir təəccüb doğurmur, çünki onun "təbi-rəvan"ı axtarış üzərində köklənib.

 

Əkinçinin

havaya atdığı

bir ovuc toxumdu ulduzlar -

bar vermədiyindən qızarar.

 

...Şeir sirdi, Adam,

Sirri bağırmazlar -

Ulduzlardan utan.

 

"Dan yeri - gecənin göydə od tutan bağrıdı", "Başının ağrısı alnında şırım açan kotandandı, köçəri quşlara vətən - dəndi", "Başına axşam düşüb Günəşin - üfüqlər qanını yalayır", "Dördmərtəbəli binamız bayatıya oxşayır" və sair misallar Qulunun şeirlərində təşbih və metafora incəliklərindən sayıla bilər.

 

"Gəl təzədən yaşayaq şeiri, Gəl təzədən yazaq sevgini" - bu misralar Qulu Ağsəsin poetik andıdımı? Belə andı içmək sözdə asandı, amma Qulu çətinliyi asan etməyə can atan şairlərdəndi.

 

Qulu Ağsəsin şeirləri təmtəraqdan, misralarına gül ləçəkləri hopan "üstü bəzək" epitetlərdən uzaqdır. Təkcə ona görə ki, Qulu onu düşündürən nə varsa, təbii şəkildə ifadə edir. Təbiiliyin də şeiriyyəti var. "Qarabağ şikəstəsi" şeirində Qulu "balamın canına, atamın goruna, işğal gününə" and içir ki, "səni çox sevdiyimdən şeir yazmadım şəninə", "dedim birdən şeirim peşəkar ovçunun öz adaxlısını gülləylə vurub qaçırmağına bənzəyər".

 

Qulunun şeirlərinin bir fərqli xüsusiyyəti də onun deyim tərzi və intonasiyası ilə bağlıdır. Bu intonasiyanı şairin hər hansı hadisəyə özünün reaksiyası və birbaşa müdaxiləsi şəklində görürük. Qulu haqqında söz açdığı hər nəsnəyə, hadisəyə, reaksiyasız keçinmir, MƏN Qulunun bədii düşüncəsində sanki bir dirijor rolunu ifa edir. Kimsə Quluya məktub göndərir ki: "Ölürəm". O, nə desə yaxşıdır?

 

Nə yaxşı, sevgidən ölən hələ var.

...Cavab axtarıram nə vaxtdı sənə.

Cavab məktubumda sözlər baş-ayaq,

 Bir ucdan yazılır, pozulur elə.

 Qorxuram öləsən, sevgin yaşaya,

 Qorxuram qalasan, məhəbbət ölə.

 

Qulunun çoxdan yazdığı "Sənsən hər yer" adında bir şeiri var və mən o şeirə təkcə heca şeirinin incəliklərini özündə əks etdirən bir şeir kimi baxmıram, həm də olum və ölümlə bağlı həyat fəlsəfəsini ifadə edən şeir kimi də baxıram. İnsan bütün ləyaqəti, mənəvi gücü və günahları ilə Allah qarşısındadır. İnsan nə qədər ləyaqət, mənəvi qüdrət sahibi olsa da, günahlardan da xali deyil. Və Allahın böyüklüyünü dərk etməklə öz kimliyini də dərk edə bilərsən... Bu fikir bizim poeziyada heç də az səslənməyib. Qulu bəlkə bu fikrin son akkordlarından birini səsləndirib:

 

Çoxdandı ki, içimdə bir

 yalvarış dolaşmada: -

 Gedib tövbə eləməyə

 mənə yer ver, İlahi,

 Elə yer ki, baxıb görüm

 Sənsən hər yer, İlahi!

 

Ümumiyyətlə, Qulu Ağsəsin şeirlərində Allahla bağlı, ona müraciətlə səslənən şeirlər və ayrı-ayrı şeirlərdə zikr olunan misralar, bəndlər az deyil. Bir Allah bəndəsinin - Qulu Ağsəsin Allahla "dil tapması" bir xilqətin Xaliqə yalvarışı deyil, sufi düşüncəsindən doğan reallıqdır.

 

Şeirlərində Allaha üz tutan, dərdini o Aliqədrlə bölüşən, "sənsən hər yer" deyən Qulu Ağsəs tale-ömür yolunda da öz Allahından ayrılmazdır.

 

Qulu Ağsəsin şeirlərində, öncə qeyd etdiyim kimi, MƏN-ŞAİR obrazı kifayət qədər önəmlidir. Ancaq bu, özünü ifrat nağıllandırmağa gətirib çıxarmır, çünki "nağıl da yalanmış, nağılçılar da". Bir şeirində Qulu çəkdiyi dərdlərin sorğu-sualını aparır, bir gün bu dərdlərin "sərgisi" açılacaq deyir. Başqa bir şeirində ürəyinin qara qutu olmağından söz açır. Ölümdən danışır: "Ölmədim, ölüm deyilən Tələdən qurtarmadım". Yaxud: "Haradı dünyanın əvvəli, axırı?! Azanda bir dostu köməyə çağırım".

 

Qulunun bir şeiri də var ki, o şeir mənim xətrimə dəyir. Həmin şeirində deyir ki:

 

Anama: "Sevin!" dedilər,

“Bu, oğlun, evin!" dedilər,

 Mən doğulan gün dedilər

 Aprelin 20-sinə.

 

...İstədim öləm, qoymadı,

Lap nahaq yerə qoymadı,

 Tanrım bir daşı qıymadı,

Aprelin 20-sinə.

 

Başa düşürəm ki, Qulu Ağsəs bu şeirdə öz taleyi ilə bağlı nigaranlığını ifadə edib. Amma niyə bəyənmirəm bu şeiri və niyə xətrimə dəyir? Məsələ burasındadır ki, mən də 20 apreldə doğulmuşam. Təkcə mən yox, Nəsibə Zeynalova, Çingiz Hüseynov, Məmməd Rahim, Bədirxan Əhmədli, Zemfira Nərimanova, Aybəniz Kəngərli, Şahbaz Şamıoğlu və bu məqamda adlarını daha neçə-neçə tanınmış sima da. Əlbəttə, mən Qulunun doğulduğu o günü alqışlayıram. O gün Ağdamda Qulu adlı, gələcəyin istedadlı bir şairi dünyaya göz açdı. Alqış o günə!

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2014)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.