Super User

Super User

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Biz, əslində, ümuminsan dilində, yəni, dünyadakı bütün xalqlar kimi məntiq dilində düşünüb Azərbaycan dilində danışırıq. Bizə elə gələndə ki, biz rusca düşündüyümüzdən Azərbaycan dilində zəif danışırıq, bu, əsla belə deyil. Rus dili bizim düşüncəmizin dili deyil, belə bir rusca bizim daxili nitqimizdir. Eləcə də bütün digər dillər. Daxili və xarici nitqi bir-birindən ayırmaq vacibdir.

2.

Kim dedi ki, Simurq quşu var imiş?!

3.

Bulqakov özünün ölməz “Sənətkar və Marqarita” əsərində Sənətkar haqqında belə deyir: “O, işığa layiq deyil, o, hüzura layiqdir.” Hüzur - yəni, sakitlik, rahatlıq... Milli himnimizdə də “hüququndan keçən əsgər” yox, əslində, “hüzurundan keçən əsgər” olmalıdır. Hansı hüququndan keçirdi əsgər ki, qəhrəman olurdu?! O, hüququndan keçmirdi, hüzurundan keçirdi! Söz (“hüzur”) tanış deyildi, ona görə də oxşar, tanış sözlə (“hüquq”) əvəzlənmişdi.

4.

“Amma ölür yavaş-yavaş,

Amma ölür addım-addım,

 Amma ölür qanad-qanad

 – ölür uçmaq həvəsi.

Dünya sənin qəfəsindi,

 ya sən onun qəfəsi?!

 Var - gəl, var - gəl, yəni, pıçıltı!”

5.

Dünyaya hələ doğulmamış, amma hökmən doğulacaq adamların da ruhları var. Doğulmuşların ruhları doğulmamışların dəcəl və dünyaya gəlmələrini səbirsizliklə gözləyən ruh larına məyus-məyus, səbir və təmkinlə baxır, dünyada nə ilə üzləşəcəklərini bəri başdan onlara xəbər verməyə tələsmirlər.

6.

Səhvlərimizin qrammatikası bizə doğru düzgün yazmağı yox, doğru-düzgün həyat tərzini seçməyi öyrədir.

7.

“Səhvlərimizin qrammatikası”ndan: Bizim bir çox bəlalara düçar olmağımız hansısa məsələləri bilməməyimizdən deyil, əksinə, çox yaxşı bildiyimizi güman etməyimizdən qaynaqlanır.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiri. Bu gün növbə Səddam Laçınındır.



BİR QARIŞLIQ ADAM

 

Günəşi görmək üçün gecə baxırsan göyə...

Hamı sənə kor deyir, necə baxırsan göyə?

Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik,

Ürəyin dünya boyda olsa da, biz bilirik,

Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır,

Belə də davam elə, sənə də bu yaraşır,

Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır,

Axı niyə baxanlar üzünə bir də baxmır?

Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə heç çatmasın, əzizim,

Səni qara buludlar aldatmasın, əzizim,

Bir yağışlıq adamsan.

 

 

YUXU YOZMA

 

Yum gözünü, bəlkə, hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldi,
Oyanma.
Oyandınsa, yuxulara inanma.

Bir yuxudu gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım, utanma.

Bir eşqi ki qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var,
Yubanma.

 

 

QƏRİBƏ QADIN

 

Sən qəribə qadınsan,

Nəfəsin od kimidir,

Buz kimi görsənirsən.

Sən öz dərdi bir yana,

Hamının dərdin çəkən

Qız kimi görsənirsən.

Sən qəribə qadınsan,

Gözlərində həqiqət,

Dilində yalan yatır.

Ürəyində məhəbbət,

Qoynunda ilan yatır.

Sən qəribə qadınsan,

Yalandan dilin küsüb,

Dodaqların öpüşmür.

Gözlərin açıq qalıb,

Kirpiklərin görüşmür.

Özünü danlamaqla,

Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan,

Əməlin arzularla

Bir gün üst-üstə düşmür.

 

 

BƏXTSİZ

 

Ay bəxti üzündən qara,
Qısqanırmı kömür səni?
Ömür deyib yaşayırsan,
Öldürəcək ömür səni.

Bu ki, heç kimə sirr deyil,
Ömür ölümlə bir deyil,
Dünya ölməli yer deyil,
Sevdiklərin gömür səni...

 

TREMOR RƏSSAM

Dağınıq otaq...

Fonda Mozart... Reqviem-d minor.

Kətan parça üzərində

Tələskən barmaqlar – tremor.

 

İki dünya bir olur hər səhər,

İki adam qovuşur hər axşam.

 

Səsləri kəsən bəstəkar,

Əlləri əsən rəssam,

Notlara hakim adam,

Rənglərə kəniz qız.

Bir gözü gölməçə,

Bir gözü dəniz qız…

 

 

UNUDULAN QADIN

Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki?
Dərd eləmə, qurban olum dərdinə,
Unut məni, unutmağa nə var ki?

 

Mən ki sənin sevmədiyin adamam,

Elədirsə, kimin dərdin çəkirsən?

Get tarının, mizrabının dərdin çək,

Niyə gəlib simin dərdin çəkirsən?

 

Axtardığın mən olsam da, əzizim,

İtirdiyin mən deyiləm, bilirsən.

Mən olsam da, itirdiyim adamı

Axtarmaram, sən deyiləm, bilirsən...

 

Bir bağçada gül olsan da, sonunda

Ləçək-ləçək qurudulan qadınsan.

Unut məni, unutmağa nə var ki?

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova ölkəmizi Tanabe şəhərində keçirilən “Lifelong Learning Festival”da (“Ömürboyu Öyrənmə Festivalı”) təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər ilin noyabr ayında təşkil olunan bu festivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənmə imkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələri haqqında vətəndaşları geniş məlumatlandırmaqdır.

Həmyerlimiz festivalda bu il Azərbaycan xalçaları haqqında guşə yaradıb, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, əsasən də məktəblilərə müxtəlif bölgələrin xalçaları haqqında geniş məlumat verib. Azərbaycan guşəsini milli xalçalar və milli atributlarla bəzəyən Minarə Şükürova qonaqlara xalçalarımızın UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından və Bakıda fəaliyyət göstərən Milli Xalça Muzeyindən bəhs edib.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

FƏRİD HÜSEYN

 

DAŞ QAZAN

 

Yanmış kibrit çöplərinə baxıram:

başından kül olmağın kədəri bürüyür könlümü...

Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı -

eynən kibrit çöpləri kimi...

 

Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,

Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?

Oğlumun gözlərindən başqa

sürətim hər yerdə kiçilir.

 

Ölüm ayağındaymışam kimi

itirib bütün mənasını sirlərim.

Qəlbimin daşlığında boğuldu

tumar çəkməyə həsrət əllərim.

 

Könlümdə qiyama qalxıblar

dilimdəki qullar...

Sizə ölüm yoxdur, ey unutmadıqlarım...

Daş qazandır yaddaşım - gec qızar, gec soyuyar.

 

 

TALE YORĞUNU

 

Çoxumuz yorulduq taleyimizdən,

çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.

Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş

insanlara necə kömək əli uzadasan?

Qaralmış üzlərə baxmaqdan

qançır olmuş bəbəklərin əllərindən

matəm yaylıqlarını hansı haqla alasan?

 

Axar sular surətlərimizi

korların qabağına tökdü,

heç kəs tanımadı bizi, dünya!

Özünü də itirdin, bizi də...

 

Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.

Qiyamət günə qurulmuş saatlar yatdı.

Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?

Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?

On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?

Ananın qocalmasıyla barışmaq üçün

onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?

Yalana şeir donu biçənlərin parçasının pambığı

ölü dillərin kəfəni deyildimi?

Səni tanıyandan sonra,

kitabların üz qabığının hasarından

həqiqət çökəkliyinə yıxılmağa alışdıq.

Yarlı-yaralı su içdik, dünya! -

Özünü də öldürdün, bizi də!

 

 

“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN...

 

Eşitdim qovulmusan yer üzündən,

amma çox qala bilməzsən getdiyin yerdə

qayıdacaqsan qəlbinin ardıyca.

Qayıt, yer tap özünə öz ömründə...

 

Dilindən "Allah" sözü düşməyən bir riyakarı

bir topa pulu sayarkən görmüşdüm.

Əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.

Orda Allahdan əsər-əlamət yox idi.

 

Sən ki, "vəfa" sözünü eşidəndə

qulaqlarını tutub qaçan adamsan...

Yerini yaxşı bilirəm.

Pul sayanların əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerdəsən.

Ən doğma günlərin dərdinə arxa çevirmisən,

yox olmusan,

gücünü arsızlıqdan alan zamana yoluxmusan...

 

 

CƏSARƏT GİLEYİ

 

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə

və hər şeyin əvvəlki kimi olması

yaman üzdü məni,

sanki qorxaqcasına

səni unutmağımızı bayram edirdi işıqlar,

sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

 

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,

kimsə gəlməyəydi,

birimizin halı pisləşəydi,

amma olmadı.

Dostlar şərab süzdü

və hər şeyin əvvəlki kimi olması

məni yaman üzdü.

 

Sənin baş qəhrəmanı olduğun

lətifəni danışdılar adını çəkmədən,

arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.

Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə

və mənim bağrımın başı göynədi

hər şey əvvəlkitək davam etdiyinə görə.

 

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –

dağılışdıq evə.

Mənsə üzümü qaranlığa tutub pıçıldadım:

xatirələrini halal elə.

 

 

GÖZƏL XANIMLARIN QOCALMASI

 

Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.

 

Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.

 

Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.

 

Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.

 

Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.

 

Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.

 

Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.

 

Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.

 

Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  əməkdaşları tərəfindən hazırlanan “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “İrəvan xanlığının tarixi”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası və etnik tərkibi”, “Xəritələr” kimi bölmələrlə yanaşı AMEA A.A.Bakıxanov adına Tarix və Etnolo­giya İnstitutunun "Qərbi Azərbaycan Tarixi" şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmovun “Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi”, Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı, filologiya fəlsəfə doktoru Əziz Ələkbərlinin “Qərbi Azərbaycan həqiqətlərini bədii əsərlərə daşımalıyıq”, BDU-nun kafedra müdiri, professor, Əməkdar müəllim İradə Hüseynovanın  “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir”, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması” məqalələrinin tam mətni də yer alır. “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazasında Qərbi Azərbaycan İcması, icmanın inzibati binasının açılışı zamanı söylənilən nitqlərin tam mətni, Qərbi Azərbaycana, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına, Qərbi Azərbaycanın ədəbəyyatına və mədəniyyətinə dair nəşr edilən kitab, məcmuə və məqalələrin siyahıları təqdim edilir. Bazada “İrəvan Dövlət Azərbaycan Dram Teatrı”, “Qərbi Azərbaycan toponimləri”, “Qərbi Azərbaycan abidələri” “İzonəşrlər, xəritə və atlaslar”, “Dissertasiya və avtoreferatlar”, “Elektron ressurslar”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib:

 https://ryl.az/melumat-bazalari/Qerbi_Azerbaycan_el_melumat_bazasi/index.html   

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Friday, 29 November 2024 10:04

Black Friday və Buy Nothing Day

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

Black Friday

Noyabr ayının sonuncu cümə gününün qara cümə adlandırılması ənənəsi 1952-ci ildən başlayıb, vətəni ABŞ-dır.

Qara cümə günündə misligörünməmiş ticarət endirimləri etmək dünya mağazalarının dövriyyəsini xeyli artırır, insanlar böyük izdihamla mağazalara yüyürürlər. Təsəvvür edin ki, kişilərin böyük əksəriyyəti necəsə həzz almaq barədə düşündükləri zamanda qadınların 74 faizinin fikrini məhz alış-veriş məşğul edir, odur ki, endirimlər hətta 80 faizə çatan qara cümə günü qadınların əsl bayramıdır.

ABŞ-da 2013-cü ilin qara cümə günündə 61,4 milyard dollarlıq mal satılıb. Tək elə bu fakt qara cümə anlamının nə qədər populyar olduğuna bir işarədir.

 

Heç nə almamaq günü

Buy Nothing Day-in təşəbbüskarı reklamçı Ted Deyvdir, o, cəmiyyətə aşılamağa çalışır ki, hər gün nəsə almaq bizi xoşbəxt edə bilməz, dünyada pulla satılmayan həzzlər də var, təbiətin qoynuna çıxmaq, özünü idmana, incəsənətə həsr etmək, dostlarla ünsiyyətdə olmaq və s. Bu günün başqa bir anlamı da insanların ildə bircə gün bərabərləşməsidir, imkanlıların hər gün hətta lazımsız şeylərə belə milyonlar xərclədiyi, kasıbınsa bir kömbə çörəyə pul tapmadığı ədalətsiz cəmiyyətdə bir gün hamını eyni – sıfır büdcəsində saxlamaq da az iş deyil.

Təqvimə görə bu gün hər il noyabrın sonuncu cümə günündə qeyd edilir, bu da gəlib Black Friday günü ilə üst-üstə düşür. Bəli bu məhz Black Fridey-in əksinə yönəli bir təbliğatdır. Deyv reklama aldanıb insanları pullarını yelə verməməyə çağırır.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

30.

NƏ ETMƏLİ?

 

Mənəvi-əxlaqi dəyərlər aşılamasını və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyətini,  tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar. Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir.

Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar,  adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir. 

Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin də məsələyə baxışı diqqət çəkir. O yazır:“Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma,  sözlərin mənalarının nə olduğuna qərar vermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır.  Çoxdan sübut edilmişdir ki,  adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.

Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir.   Bunun üçün oxucu fasilələrlə oxuya,  "sözləri deyil, fikirləri görməyə" (yəni tək - tək sözləri deyil,  söz qruplarını oxumağa),  səhifə ilə  (monitorla)  göz arasında  normal  məsafə saxlamağa və səhifəyə dikbucaq altından baxmağa,  yalnız gözlərdən istifadə etməyə,  nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə,  oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərkolunmanın (qavramanın)  dərəcəsi  60 %,  sürətli qiraətdə isə  80 %  təşkil edir.  Orta qiraət bacarığı  (və ya adəti)   olan insanın gözləri bir kitab sətrində  12-16,  sürətlə qiraət edənin isə  2-4  duruş edir.   Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.

Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.

Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”.

Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.

İstər ənənəvi, istərsə də elektron mütaliədə  kitab  seçimi  xüsusi  əhəmiyyət   kəsb  edir.  Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir ki bu barədə də əvvəlki bölümlərdə geniş bəhs etmişdik.

 

Növbəti: 30.Gənclər heçmi kitab oxumur?

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Önce mavi ve yeşil, sonra tüm canlılar öldü”

 

Tuğba Güvenç

 

Eğer yaşadığımız gezegene uzaydan baksaydık, orada bir nokta görecektik. Bu nokta bizim evimiz. O biziz. Sevdiğiniz, tanıdığınız, adını duyduğunuz, yaşayan ve ölmüş olan her kes onun içinde bulunuyor.

Tüm neşemizin ve kederimizin toplamı, binlerce bir-birini yalanlayan din, ideoloji ve iktisat öğretisi; insanlık tarihi boyunca yaşayan her avcı ve toplayıcı, her kahraman ve korkak, her medeniyet kurucusu ve yıkıcısı, her kral ve çiftçi, her âşık çift, her anne ve baba, her umut dolu çocuk, her mucit, her kâşif, her ahlak hocası, yozlaşmış her politikacı, her şöhret yıldızı, her yüce önder, her aziz ve günahkâr işte orada yaşadı. Bir güneş ışınında asılı duran o toz zerreciğinin içinde…

Dünya çok küçük bir sahnedir. Bütün o komutan ve imparatorların akıttıkları kan göllerini düşünün! Şan ve şöhret içerisinde, bu noktanın küçük bir parçasında kısa bir süre için efendi olabildiler. Bu noktanın bir köşesinde yaşayanların, başka bir köşesinde yaşayan ve kendilerinden zar-zor ayırt edilebilen diğerleri üzerinde uyguladıkları zulmü düşünün! Anlaşmazlıkları ne kadar sık, bir-birlerini öldürmeye ne kadar istekliler, nefretleri ne kadar da yoğun yaşadıklarını düşünün!

Yaşadığımız yeri bile sahiplenemiyoruz. Barındığımız, içinde her role girdiğimiz her tür insanın olduğu; ama hep geçici olarak doyduğumuz yerdeyiz. Dünyadan 100 bin kilometre bile uzaklaşınca henüz ay bile olmuyor. Bu kadar yalnızken ve yaşanabilecek tek gezegenken yeşil ve maviyi aklı olanlar öldürüyor.

Çok sahip çıkamadığımızdan mı? Çok önemsemediğimizden mi? Dünyanın ciğerleri nedir? Yeşiller, o koskoca çınarlar, kavaklar, türlü-türlü yeşil-yeşil ağaçlar… Ama artık gün geçtikçe yoklar ve yok olmaya mahkûmlar. Peki niye? En büyük sorun yeterince savunmamamız. Üstünde sigara söndürülür, hâlâ âşıkların isimleri kazınır. Eliniz ateşe değince canınız acıyor, o ağacın canı acımıyor mu? Ses çıkartamıyor diye yapın gitsin, olmuyor öyle. Yakınlarda yaşadığımız o toz zerreciğinin ciğerleri yandığında, bir insan gibi inledi o yeşiller. Sellerde, gökyüzünü dumana boğduğumuzda o dilsiz hayvanlar insan gibi can çekişip ses çıkarttı. Bunu hangimiz duydu? Bu yazıyı burada bırakın ve düşünün! Ne kadar sahip çıktık? Ne kadar benimsedik o küçük toz zerresini? Onun için yakmaktan, boğmaktan ve öldürmekten başka neler yaptık?!

Dünya, şu ana kadar yaşam barındırdığı bilinen tek gezegen. En azından yakın gelecekte, türümüzün göçebileceği başka hiç bir yer yok. Evet, ziyaret ediyoruz. Ama henüz yerleşemiyoruz. Beğensek de, beğenmesek de... O yegâne yerde bırakalım da mavi de, yeşil de, dilsiz hayvanlar, bitkiler de olabildiğince özgür yaşasınlar. Üstün varlık olarak bilinen biz insanlar, bir az daha sahip çıkalım. Hem insanlar, mavi ve yeşil ve içinde yaşayan onlarca varlık özgürlüğünü yaşasın küçücük toz zerresinde.

Mavi ve yeşil ölmesin ki, doya-doya nefes alsın canlılar.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

 

 

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.

Xoş mütaliələr!

 

Ölümü yenmək olmur-

Ölüm ki ərlik deyil.

Ağlaya da bilmirəm-

Gözlərim tərlik deyil.

 

Bu qədərmi bəsindi?

Toyundu, ya yasındı?

...Bu ki bəy libasındı

Bu ki kəfənlik deyil...

 

Aparsa Araz məni,

Bu günaha yaz məni.

...Tabutun almaz məni-

İki nəfərlik deyil...

 

Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elə şeirlər var, həqiqətən dillər əzbəridir. Sizə təqdim etdiyim bu şeir kimi. 

Heydər Əliyevin kövrələrək söylədiyi bu şeiri uşaqdan böyüyə hamı əzbər bilir. 

Bu şeir milli poeziyamızın himnidir. 

Səməd Vurğun günəşinə kölgə salmaq istəyənlər utansınlar öz hərəkətlərindən! 

 

 

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan;

Eşitmişəm uzaqlardan

Sakit axan arazları;

Sınamışam dostu, yarı...

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

Fəqət səndən gen düşəndə,

Ayrılıq məndən düşəndə,

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

 

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

 

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə,

Nəsillərdən-nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır...

 

Hey baxıram bu düzlərə,

Alagözlü gündüzlərə,

Qara xallı ağ üzlərə

Könül istər şer yaza;

Gəncləşirəm yaza-yaza...

 

Bir tərəfin bəhri-Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolaşar gəzər

Gah Muğanı, gah Eldarı.

Mənzil uzaq, ömür yarı!

 

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr...

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranın, yaylağın sənin.

 

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

 

Bu yerlərdə limon sarı,

Əyir, salır budaqları;

Dağlarının dümağ qarı

Yaranmışdır qarlı qışdan

Bir səngərdir yaranışdan.

 

Lənkəranın gülü rəng-rəng,

Yurdumuzun qızları tək.

Dəmlə çayı tök ver görək

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

 

Sarı sünbül bizim çörək,

Pambığımız çiçək-çiçək.

Hər üzümdən bir şirə çək

Səhər-səhər acqarına,

Qüvvət olsun qollarına.

 

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan-tərə bata-bata,

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!

 

Ey azad gün, azad insan,

Doyunca iç bu bahardan!

Bizim xallı xalçalardan

Sər çinarlar kölgəsinə,

Alqış günəş ölkəsinə!

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Gözəl vətən! Mənan dərin,

Beşiyisən gözəllərin!

Aşıq deyər sərin-sərin,

Sən günəşin qucağısan,

Şer, sənət ocağısan.

 

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər!

Əlin qələm, sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

 

Bir dön bizim Bakıya bax,

Sahilləri çıraq-çıraq,

Buruqları hayqıraraq

Nərə salır boz çöllərə,

İşıqlanır hər dağ, dərə!

 

Nazlandıqca sərin külək,

Sahillərə sinə gərək.

Bizim Bakı — bizim ürək!

İşıqdadır qüvvət sözü,

Səhərlərin ülkər gözü.

 

Gözəl vətən! O gün ki sən

Al bayraqlı bir səhərdən

İlham aldın... yarandım mən.

Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan!

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.