Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “İrəvan xanlığının tarixi”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası və etnik tərkibi”, “Xəritələr” kimi bölmələrlə yanaşı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan Tarixi" şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmovun “Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi”, Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı, filologiya fəlsəfə doktoru Əziz Ələkbərlinin “Qərbi Azərbaycan həqiqətlərini bədii əsərlərə daşımalıyıq”, BDU-nun kafedra müdiri, professor, Əməkdar müəllim İradə Hüseynovanın “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir”, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması” məqalələrinin tam mətni də yer alır. “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazasında Qərbi Azərbaycan İcması, icmanın inzibati binasının açılışı zamanı söylənilən nitqlərin tam mətni, Qərbi Azərbaycana, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına, Qərbi Azərbaycanın ədəbəyyatına və mədəniyyətinə dair nəşr edilən kitab, məcmuə və məqalələrin siyahıları təqdim edilir. Bazada “İrəvan Dövlət Azərbaycan Dram Teatrı”, “Qərbi Azərbaycan toponimləri”, “Qərbi Azərbaycan abidələri” “İzonəşrlər, xəritə və atlaslar”, “Dissertasiya və avtoreferatlar”, “Elektron ressurslar”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.
“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib:
https://ryl.az/melumat-bazalari/Qerbi_Azerbaycan_el_melumat_bazasi/index.html
“Ədəbiyyat və incəsənət”
(29.11.2024)