Super User

Super User

 

26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçiriləcək. BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşir.

Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni ətrafında birləşdirir.

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

“YARADICILIQ EMALATXANASI” SAKİT İLKİNLƏ

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bütün izləyicilərimizə salam olsun!

Bu dəfə " Yaradıcılıq emalatxanası" rubrikasının qonağı sözlərlə bacarıqla rəsm çəkən, daxili duyğular dəryasından xəbərdar olub onu ustadlıqla nəzmə gətirən  şairimiz Sakit İlkindir.

 

Heç kimnən ad ummuram,

Mənə bir ad ver, Allah...

Yoruldu ayaqlarım,

Mənə qanad ver, Allah...

 ( Sakit İlkin, 2 mart 2024)

 

Bəlkə də şairlərin yorğunluğu, onların daxilindəki yaradıcılğın enerji mənbəyidir. Çünki yalnız yorulan ruh dünyanın yükünü hiss edir.

 

--Xoş gördük, Sakit bəy! Dünyaya fərqli emosional baxışla baxan şairləri nə yorur, nə sevindirir?

 

-Xoş gördük, dəyərlimiz Ülviyyə xanım, xoş gördük dəyərli oxucular. Bilirsiniz bu gün adamı ən çox nə yorur?

.... Birinci yalanlarla dolu həyat, etibarsızlıq, zəhmətinə, fəaliyyətinə sağlığında qiymət verilməməsi, abır-həyanın get-gedə itməsi, insanların çoxunun ürəyində sevgi hissinin azalması və sairə...

Mənə elə gəlir ki, hal-hazırda yaşadığımız dünya əsl şairlərin dünyası deyil...

 

Sapand atdım, o daş dağa dəymədi

Dil qurudu, yaş damağa dəymədi.

Ha çarpışdım, yaşamağa dəymədi,

Gördüm kimin dünyasıymış bu dünya

 

Ölüm çıxır yaxşıların ovuna,

Mənim könlüm çətin bir də ovuna...

Çox çalışdım, yenə düşdüm toruna,

Gördüm kimin dünyasıymış bu dünya...

 

Allah bilir bu dünyada tək nədi,

Mən doldurdum, o boşaltdı təknəmi.

Tək atanı, tək oğulu təklədi,

Gördüm kimin dünyasıymış bu dünya...

 

Bu dünyanın qışı qar yox, dərd yağır

Ömrə sevinc dost dolanır, dərd yağı

Qədəh-qədəh ömrüm içir dərd yağı

Gördüm kimin dünyasıymış bu dünya...

 

Gecə keçir, ulduz səssiz, Ay sakit, 

Ömrün keçir ahu-vayla, say-sakit... 

Bu dünyaya bel bağlama, ay Sakit, 

Gördün kimin dünyasıymış bu dünya... 

 

Mənə elə gəlir ki, düşünülmüş şəkildə adamları robatlaşdırırlar sanki... 

Sənin sevincinə şərik olanlar azalır, uğuruna, hətta yaxşı yaşamağına belə mane olurlar. Ülvi, saf duyğularını anlayanlar azalır. 

Sanki adamı adam kimi olmağa qoymurlar... 

 

Sakit, hanı səni edam edənlər? 

Odu çoxdan söndü odam deyənlər

Odu çoxdan sönüb "odam"  deyənlər, 

O qədər çoxalıb "adamyeyənlər "

Adamı qoymurlar adam olmağa!!! 

 

Məni sevindirən ən çox son illərdə gənclərimizin ürəklərində vətən eşqinin çiçəklənməsidi..

İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasıdı... 

Bizim igid oğullarımız qanlarıyla, canlarıyla yağılara qarşı mübarizə apardı. Canlarından keçsələr də torpaqlarımızı düşmən tapdağında qoymadılar... 

Sevinirəm ki, indi suveren Azərbaycanımızın övladıyam. 

Bizə bu sevinci yaşadan ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhları qarşısında baş əyirəm... 

 

Canım sevgilim vətən

Yarana qurban sənin... 

Yad əlində utanan 

qalana qurban sənin... 

Neçə şəhid balan var, 

balana qurban sənin

Dalğalan Qarabağda, 

dəhşətə gəlsin yağı, 

Azərbaycan bayrağı...

 

Bizə bu qələbəni yaşadan ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhlarına, qazilərimizə daim borcluyuq...

 

-Sakit İlkini şeir yazarkən elə Sakit İlkinin özü uzaqdan görsəydi, onu bizə necə təsvir edərdi?

 

-Mən Sakit müəllim Sakit İlkini masa əvəzi qaya üstündə, mamırlı daş üzərində, dizi üstə yazan görürəm. O, şeir yazanda ona yazığım gəlir. Əzablar içində qıvrılan, alnını qovuşduran, saçlarını darta-darta yazan görürəm. Yəni əzablar içində görürəm. Sanki yaza-yaza can verdiyini görürəm. 

Elə ki, şeiri bitirdi... Təzə oyuncaq alınmış uşaq kimi sevinir. Görən olmasa, bəlkə də, uşaq kimi atılıb düşər də... 

Bax onda Sakit İlkinə baxıb mən də müəllim olaraq sevinirəm... 

     

Yazmağa bir yazı masam, 

Yatmağa taxtım olmadı

Səni sevməklə məşğulam, 

Özümə vaxtım olmadı...

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı Əyyub Qiyasın Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti barədəki yazısını təqdim edir. 

 

Bayıl təcridxanasının «karantin» kamerasının qarşısından keçəndə gözlərimə inana bilmədim. Adətən dustaqları  kameradan çıxırdıqda dəhlizdə nəzarətçilərdən  başqa heç kəs olmazdı. Bu günsə gördüyüm mənzərə məni çaşdırmışdı. Normalda adam belə yerdə dostunu görəndə  sarsılmalıdır, mənsə  Faiqi gördüyümə uşaq kimi sevinirdim…

 

Həbsxananın də öz qanunları var… Əməllicə görüşə bilmədik ki… Sadəcə, bir anlıq da olsa bir-birimizin əlini sıxdıq, vəssalam…
Bir dəfə gəzinti yerində səsimi eşitmişdi Faiq… Nə yaxşı ki, səs üçün divar, sədd, sərhəd yoxdu… Hərəmiz divarın bir tayında doyunca danışdıq.
… Dəqiq bilirdim ki, Faiq həbsxanada dinc oturan deyil, bilirdim ki, nəsə yazacaq… Başına gələn başmaqçı olar, deyiblər… Mən yazmıya bilirdimmi? Bircə qorxum ondan idi ki, artıq-əskik şeylər yazar, həbsxanadı da, başını ağrıdarlar. Bir vaxtlar Mahir Əliyev adlı bir mayor mənim başımı yazılarıma görə çox ağrıtmışdı.
Deyirlər ki, pis günün ömrü az olur…  Bu məsəlin həbsxanaya qəti aidiyyatı yoxdu. Orada pis günün ömrü az olmur… hara baxırsan divar, tikanlı məftillər, səni səndən çox qoruyan paqonlu əmilər, əliavtomatlı qaqaşlar… Adamın insanlığından, şəxsiyyətindən, savadından daha çox cibindəki tədavül vasitəsi hesab olunan kağız parçalarının dəyərinə hörmət qoyan nəzarətçilər… 

Orda da yaxşılar olur… Amma Allah kəsin oranı da, ordakı yaxşını da, yaxşılığı da. Nə isə…  Hərəmiz paytaxtın bir həbsxanasında dustaq ömrümüzü yaşadıq. Mən çıxanda qoltuğumda «Köpək bürcü»  var idi. Sağ olsun dostlar, məni unudulmağa qoymamışdılar. Elçin Hüseynbəyli «Ulduz»da, İntiqam Qasımzadə «Azərbaycan»da, Rəşad Məcid  «525»də, Əsəd Cahangir «Körpü»də ara-sıra çap eləmişdi yazılarımı. Hələ qonorar da göndərirdilər zindana! Adam yaxşı dostlar üçün yaşamaq istəyirdi. Bilmirəm nədəndi, həbsxanada olanda dostların adama ya yazığı gəlir, ya nəsə eləmək istəyirlər adamçün, izah eləmək çətindi, ancaq mənə elə gəlirdi ki, zindanda  olanda dostlarım məni daha çox istəyirlər. Onların sevgilərinin xatirinə adam həmişə zindanda olmaq istəyir bəzən. Amma azadlıqdan gözəli yoxdur, düz demirəmmi Faiq?
«Ulduz»  jurnalında Faiq Balabəylinin  «Lənətlənmiş həyat»  povestini görən kimi, adından başa düşdüm ki, zindanla bağlı yazı olacaq. Əl boyda yazıydı, üç-dörd  siqareti qurban verib bir oturuma oxudum. Əvvəla onu deyim ki, hisslər, hadisələr, qəhrəmanlar, problem, süjet xətti, konflikt, düyün… nə bilim e, nəsrin tələbləri adlanan bütün terminləri unudub oxudum Faiqin povestini. Faiqin istedadlı şair olduğuna şübhəm yox idi, daha çox zindan şeirləri gözləyirdim ondan, amma açığını deyim ki, povesti də şeir kimi birnəfəsə oxunurdu. Bir də ki, kim nə deyir desin, Faiqin Mamedi bir az da mənim Məmmədağamsayağı qəhrəman idi. Kasıb,  amma mərd, qədeş…
Faiq Mamedi ilə zindan dvarları arasında günahlı-günahsız cəza çəkən dustaq yoldaşlarına olan borcunu verməyə çalışıb. Yüzlərlə insanın acı taleyinin cəmləndiyi bu kiçik həcmli povestdə bir insanın, bir ailənin, bir cəmiyyətin deyil, bütöv bir toplumun lənətlənmiş həyatı öz əksini tapıb. Bu povesti oxuduqdan sonra adam bir qədər ehtiyattlı olmağa çalışır. Bəzən Faiqin asi fikirləri ilə qarşılaşmalı olan oxucu ilk baxışdan bu fikirləri ani bir hissin, ötəri bir duyğunun göstəricisi kimi qəbul edir, amma povest finala doğru irəlilədikcə bu asiliyin arxasında duran konkretliyi görmək olur.
«Əgər Allahın xəbəri olsa idi, heç olmasa bir dəfə, cəmi bircə dəfə özünün yaratdığı ən ali varlığa rəhmi gələrdi. Yox idi Allahın Azərbaycan türmələrində baş verən hadisələrdən xəbəri. Allahın bu bağlı qapılar, hündür, qalın divarlar, tikanlı məftillərlə əhatələnən, adına “zon”, islah-əmək koloniyası, türmə, zindan, qazamat deyilən yerlərdən və buradakı nəzarətçilərdən, DPENK-lardan, operlərdən xəbəri olmayıb. Bura şeytanın və şeytanabənzərlərin nəzarətində olub həmişə».
Bu yerdə Faiqin üzünü tutub ittiham etdiyi bəzi nəzarətçilərin, polis işçilərinin, müstəqtiqlərin və bu sahədə çalışan insanların insanlığa sığışmayan hərəkətlərini xatırlayıram mən də. Onların hər biri yəqin ki, Faiqə müəyyən qədər hörmətlə yanaşıblar, onu ziyalı, qələm əhli kimi qəbul ediblər. Faiqin ünvanladığı sərt ittihamlar təbii ki, birbaşa onun özünün hisslərinin təzahürü deyil, amma bu ittihamların  arxasında Faiqin özünün keçirdiyi hisslər, qarşılaşdığı məqamlar, haqsızlıqla barışmayan bir insanın duyğuları dayanır.
Faiqin  Məmmədi bir dəfə dustaq yoldaşının «zibilinə» düşərək həbsxanaya qayıtmalı olur. Növbəti dəfə «uçastkovu»nun tikdiyi torbaya düşüb həbsxanaya qayıdır və hələ Mamedin gələcək həyatında belə sürprizlərin nə qədər olalacağı heç kəsə məlum deyil. Amma ürək ağrıdan odur ki, baş verən hadisələrin, yaşanan olayların hər birinin sonunda şər qalib çıxır.
Mən tale yazısına inanan adamam. İnandığım da odur ki, Mamed də talelisiz bir bürcün altında doğulub və onun xoşbəxt olmağa haqqı yoxdur. Bu fikirlə kim barışmırsa özü bilər. Amma mən dəqiq bilirəm ki, Faiq ömrünün müəyyən bir hissəsində zindan həqiqətini yaşamalıydı. Bu ömürdü, taleydi… Mamed qızının adını Xoşbəxt qoymuşdu ki, balası xoşbəxt olsun. Adla xoşbəxt olmaq olsaydı Mamed hər kəsdən çox xoşbəxt olmalıydı, adı peyğəmbər  əfəndimizin adıydı.
Sonuncu dəfə «KPZ»də olanda Mamed bir vaxtlar namusunu qoruduğu qadının oğlunun yaxşılıqları ilə qarşılaşır. Son dərəcə dəyərli və yerində olan mənzərədir. Müəllif bununla demək istəyir ki, həyatda yaxşılıq da, pislik də itmir. Onunla  çörək kəsən, dustaqlığın əzablarını yaşayan «dostu»  Ağamirzənin nakişiliyi də itən deyil, bir vaxtlar onunla bərabər kənddəki fermada işləyən Sənəmin oğlunun diqqəti və hərəkəti də. Yəni lənətlənmiş həyatın içində  də bir işıq, bir ümid, xoşbəxtlik var. Sadəcə hamı üçün deyil…
Açığını deyim ki, final hissəsində bir qədər kövrəldim də. Son dərəcə sentimental duyğularla verilən parça inanmıram ki, hanısa oxucunun içini göynətmədən keçsin. Amma Faiqin polis işçisinin Mameddən götürdüyü 100 000 (20 AZN) manatın arvadı Yetərə qaytararaq  «Orda ona lazım olmayacaq»- deməsinə inanmadım. Birincisi, bu vaxta qədər görməmişəm və eşitməmişəm ki, polis gtürdüyünü geri qaytarsın, ikincisi isə zindanda pul azadlıqdan çox lazım olur adama. Nə isə…
Povestdə bəyəndiyim, razılaşdığım, içimi göynədən duyğuların olduğundan az-çox söz açdım. Amma bu o demək deyil ki, «Lələtlənmiş həyat» povesti ilə bütövlükdə razıyam. Hiss olunur ki,  Faiq yazı üzərində az işləyib. Bir tələskənlik duyulur povestdə. Bir də balaca bir povestdə çoxsaylı «varavskoy»  terminlərin işlənilməsi ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, hər bir əsər müxtəlif tələbləri olan oxucu üçün yazılır.  Bu əsər məndə daha çox insan taleyinə, onun faciəsinə, keçirdiyi hisslərə, yaşadığı acı həyata  münasibət bildirməyə çalışan, üsyan etmək istəyən, barışmaz mövqeli bir şairin nəsrin dili ilə cəmiyyətə göndərdiyi mesaj təsiri bağışladı. Kim nə deyirsə desin, mənə elə gəlir ki, hər bir oxucu bu povestdən öz dərsini ala biləcək. «Lənətlənmiş həyat»ın ən böyük uğuru da elə budur.


“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şairin bu şeiri dünyadan, onun işləklərindən giley-güzardan ibarətdir. İçində “Hərdən xoşbəxt olmağa. Xoş gün də bəs eləmir” kimi mükəmməl ibarələr də var. 

Xoş mütaliələr.

 

Ay da danışa bilir,

Nə olsun, səs eləmir.

Hərdən xoşbəxt olmağa

Xoş gün də bəs eləmir.

 

Kim yandırdı laləmi?

Dağ da tutmaz naləmi.

Mən istəyən aləmi

Dünya əvəz eləmir.

 

Nə qayıq var, nə avar,

Sən yoxsansa, bəs nə var?!

Sənsiz udduğum hava

Tək bir nəfəs eləmir...

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlham Qəhrəmanın portret-hekayəsi təqdim edilir.

 

Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.

Məhəmməd peyğəmbər (s.a.v.)

 

- Burdan bir atlı keçmədi?

- Keçdi.          

- Çaparağıdı, yorğaraq?

- Çaparaq (və ya yorğaraq).

- Çapsaq, çatarıq?

- Həəə.

- Dəh-dəh-dəh-dəh-dəəhhh!

Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb məni qarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəz cavabını deyib tamamlayandan sonra "dəh-dəh" deyib at çapışı qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb  məni belində gəzdirirdi. Papağının dimdiyini geri hərləyib "höl-höl" deyə-deyə mənimlə qoç kimi hölləşirdi. Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm Dədəbalası çağırırdı. Yaxşı işimi görəndə ağızdolusu "dədəbalası" deyirdi, işim xoşuna gəlməyəndə Ağəmmədlərə - Qızılcada nənəmin mənsub olduğu tirə - çəkdiyimi deyirdi. Nənəm nadir hallarda adını çəkərdi, eləcə ortalığa danışardı. Adını çəkməsə də, dinləyənlər bilirdi ki, dədəmdən söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsus ad qoyub bizimlə məzələnirdi. Aralıdan gələn dədəmi uşaqlardan birinə göstərib deyirdi:

- Dədikun gəlir.

Dədəmin dədəsinin adı Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlı adam olub. Kollektivləşmədə babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti kolxoza alınmış şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə sürüsündən heyvan ayırarmış. Dədəm danışırdı ki, qonşu erməni kəndi Xənəzəyə getmişdim. Ata nal-mıx almaq üçün dəmirçi dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətin oğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi maraq bürüyür. Erməni deyir ki, aclıq illərində getdim Susda Nemətin qapısına. Uşaqların ac olduğunu deyən kimi, 2 öküzə buğda yüklətdirdi, yanıma da 2 adam qoşub dedi, bu adamı aparın çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı, əlində çəlik şərq ziyalısı görkəmində bir adam gəldi çıxdı alma bağında olduğumuz dəfə. Dədəmlə çox mehriban görüşdü. Özünü isnad verəndə məlum oldu ki, kişi Laçının Alıqulu kəndindəndir, şəhərdə (Laçında) yaşayırlar. Adı Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlı xatirələrini danışdı. Abbas kişi Alıquluya qaçqın gəldiklərini, babamın onlara heyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bu kişinin din adamı, Quran hafizi olduğunu gördüm.

Kolxoz qurulandan sonra babamın keçmiş çobanının anası ölür. Çoban dağdan gəlir babamın üstünə ki, ehsan verməyə ətlik heyvan yoxdu. Babam deyir ki, bəs heyvan kolxozdadı, sədrə denən anan ölüb, ehsanlıq versinlər. Çoban kolxoz sədrinə bu haqda deyir və cavabında sədrdən gözağartması alır. Babam ondan sonra kolxozun nə olduğunu başa düşür. Bir müddət sonra o vaxt Laçında NKVD olan şəxs gəlir babama deyir ki, atını da ver. Babam deyir, "qoyunu sürüynən apardınız, ata dəymə". NKVD ev yıxmaqda Laçında ad çıxartmış adam idi. Onun əliylə Laçında çoxları kulak adıyla uzaq diyarlara sürgün edilmişdi. NKVD atı götürüb gedir. Susun qənşərindəki dikdən aşanda at bir dəfə kişnəyir, babam qapıda keçinir. Dədəsi öləndə dədəm də, özündən böyük bacısı Həvva mamam da ağlıkəsməz yaşda olurlar. Heç biri atasını xatırlamırdı. Babamın ölümündən sonra oğrular Susdakı ağ evindən - o dövrdə ancaq imkanlı adamların ağ evi olurdu - bir gecədə 12 gəbə aparırlar. Günü bu gün də Susda qoşa qazma tövlələri durur. Sus qəbiristanlığındakı başdaşında ərəb əlifbasında yazı vardı. Bakıda "Bilik" cəmiyyətində kursa getdim ki, əlifbanı öyrənim, başdaşındakı yazını oxuyum. Kursu bitirənə qədər Laçın işğal olundu...

Dədəm çox zəhmətkeş, işcanlı adam idi. Əgər görüləsi iş vardısa, axıra çatdırmayınca rahatlıq tapmazdı. Hər işin çəmini bilən idi, gördüyü işi səliqəylə - cani-dildən  görərdi. Evimizdə kəndçilikdə işlənən hər bir həcət vardı. Evində həcəti olmayan kişilərə "korocaq" deyirdi. Mən balaca olanda yaxşı çarıq tikirdi. Sus kəndinin cavan qız-gəlini toylardan əvvəl çarıqlıq gön götürüb bizə gələrdilər. Dədəm həvəslə onlara üçburun (gülburun da deyirdilər) çarıq tikərdi. Çox halal adam idi. Deyirdi, bizim evə haram düşmür. Təxminən, 4, ya 5 yaşım olardı, yazda Laçının altındakı dərənin ağzında (indiki "Laçın pavilyonu"nun sol tərəfi) düşərgə salan  köçü gecə qəflətən sel tutur. Yaddaşım məni aldatmırsa, köç İmişlinin Əlipənahlı tərəkəmələri idi. Sel alaçıq qarışıq dolu farmaşları Həkəriyə axıdır. Biz o vaxtı Sus kəndinin çayqırağı alma bağındakı dəfdə olurduq. Hadisə bizdən 4-5 kilometr yuxarıda olmuşdu. Səhər-səhər gördüm dədəm alma bağının çəpərinin üstünə gəbə-kilim, yorğan-döşək sərir, çəpərin dibinə nehrə, qazan qoyur. Gəbə-kilimlər qumlu idi. Dədəm bu şeylərin bəzisini gecə daşan çay səhər yatandan sonra çaylaqdan tapmış, bəzisini lildən çıxartmışdı. Qənşər yerə sərirdi ki, sahibləri axtaranda görsünlər. Günortadan sonra tərəkəmə atlıları gəldilər dədəmin seldən çıxartdığı bu şeyləri alxış eləyə-eləyə atlarının üstünə atıb apardılar. Sonralar dədəm evdə deyinirdi ki, filan naxırçı bu ziyanlıqdan tapdığı şeyləri Xırman təpənin dalındakı böyürtkən şəlində gizlədibmiş.

Dədəm çox qonaqpərvər idi. Yadımdadı, Padşahlı körpüsünün (Nikolay körpüsü də deyirdilər) yanında Yol İdarəsinin  gözətçi evində olurduq, tək evliydik. Qonum-qonşu aralıda olurdu. Evdə hinduşkanı kəsib çıxırdı el yolunun qırağına ki, bir yolötən gəlsin, onu evə dəvət etsin, birlikdə çörək yesinlər. Bəzən yolda yolötən olmurdu, yemək bişirdi, dədəm evə gəlmirdi ki, biz də yemək yeyək. Bu zaman nənəm qarasına deyinirdi: "ta bitib qalacaq orda, gəlməyəcək ki, körpələr loxmasını yesin".

Qonaq olanda gizlindən tut arağını çıxardıb qoyurdu süfrəyə. Yaxşı tut arağı çəkirdi. Qonağa deyirdi, mən çəkən araq inəyin sarı yağı kimi təmizdi. İçki olan məclisdə sağlığı bu olardı - "içək kişiliyin sağlığına!" Evimiz yol kənarında olduğundan Susdan, Qızılcadan əsgər gedən gənclər evimizin yanından keçirdi. Onlarla görüşəndə pul kisəsi əvəzi işlətdiyi hərbi biletinin arasından bir onluq çıxarıb ciblərinə qoyardı.

Dədəm sərt adamıdı. Sağılmazdan əvvəl buzov və oğlaqlar anasını əməndə bizimlə dalaşırdı. Evimizdə həmişə iri qazanlarda ərinmiş sarı yağ, pendir, bəhməz,  mürəbbələr olurdu. Keçi pendirimiz heç ələ düşməzdi. "Laçın pavilyonu" evimizlə üzbəüz idi. Rayonun rəhbərliyi, Bakıdan gələn qonaqlar olanda ofisiant əlində boşqab yüyürürdü bizə ki, bəs qonaq gəlib, Səlbi xalanın pendirindən istəyirlər. Nənəm boşqabı doldurub yola salardı, buna görə pul almaq ağlımıza da gəlməzdi.  

Dədəmin həm də dolayısıyla söz anlatmağı vardı. Tut vaxtı uşaqlar ayaqqabı istəyəndə deyirdi:

- Ayaqqabı tutun dibindədi - yəni dibinə tökülən tutu yığın, araq çəkilsin pul olsun.

Yanında bir dəfə bərk utanmışam. Qaçqınlıq vaxtı Xırdalanda dədəmgil məskunlaşdığı evdə hamımız oturub ordan-burdan söhbət edirdik. Nənəmlə dədəm dəyinmişdilər - bir-birinin qarasına danışırdılar. Nənəm onu suçlayan bir məişət əhvalatı danışdı, dədəm də dedi ki, yalansa, ağzın əyilsin! Cavabdan bildim ki, nənəm haqlıdı, sadəcə, dədəm cığallayır, bizim yanımızda günahını boynuna almaq istəmir. Həm də cavabdakı and-töhmətin hər iki başı nənəmi tuturdu - yəni yalan deyirsənsə, ağzın əyilsin, düz deyirsənsə, heç nə. Bu cavabdan sonra nənəm özünə görə dədəmə ayıb bildiyi bir sirrin üstünü açdı. Dedi:

- Bir dəfə də mənə dedi ki, sən get bostanı sula, özü də guya dəhnəyə gedir ki, suyu döndərən olmasın. Uşaqları da götürüb yendim bostanı sulamağa. Gün qızana qədər bostanı suladım qurtardım, çıxdım evə ki, filankəslə (nənəm xanımın adını da dedi, uzaqda olan tanıdığımız qadın idi) qayğanaq eləyib üstünə də bal töküb yeyirlər. Nənəm cümlənin bal yerini hirsli vurğuyla dedi. Hiss etdim ki, o an nənəm hakim, dədəm müttəhim olsaydı, nənəm dədəmə "uff" demədən rahat 50 il iş kəsərdi. İstədim deyəm, ay nənə, sən nəyi qoyub, nəyi axtarırsan, qayğanaq nəmənədi, indikilər bozbaş bişirib yeyirlər. Amma deyəsən, dədəmə görə utandım, nitqim batdı. Nənəmin bu ittihamlı çıxışından sonra dədəm ortalığa:

- Ə, bu arvad ağlın itirib, - deyib uzandığı çarpayıda üzünü divara çevirdi. Hələ onun nənəmlə ev davasında belə əliyalın qalmasını, müqavimətsiz  təslim olmasını görməmişdim. Bu yerdə dədəmin bir söhbətini də əlavə edim. Özü danışırdı ki, Zabuxda Sümüklü Əvəz Savat adlı qızla evlənəndən bir neçə gün sonra əsgərliyə çağırılır. Əvəz Savatın qolundan tutub gətirir dədəmin yanına və deyir:

- Umud, əsgərə gedirəm, Savatı bircə sənə umud eləyirəm.

Dədəm deyir 3 il müddətində kolxozun hansı işinə getdimsə, Savat yanımda oldu. Bu sirri bilənlər dədəmlə Savat xalanı bacı-qardaş hesab edirdilər.

Balalarına sevgisini heç vaxt bildirməzdi. Amma bir dəfə yayda belə bir hadisə oldu. Məndən balaca bacım Gültəkin Həkərinin sağ tayında Sus bağlarının qabağındakı adada otlayan oğlaqları gətirməyə gedir. Bacım gecikəndə dədəm evin böyründəki dikə çıxır ki, bacımı çağırsın. Qənşərə çıxanda görür ki, Həkəri çayın başına yağan yağışdan elə daşıb, o tay-bu tay gedir. Ada selin altındadır. Zeynəb xalam danışırdı ki, Umud yanıqlı səslə, "ay Gültəki, ay Gültəki" çağıra-çağıra çay yenişə qaçırdı. Sən demə, bacım selin özündən əvvəl gələn fışıltı səsindən - soyuq suyla sahildəki qızmış daş-qumun cızıltısından yaranan xor fışıltı əmələ gətirir - duyuq düşüb oğlaqları adadan Böyük bağa çıxardıb. Dədəm bacımı görəndə dəsmalını çıxardıb gözlərini silib.

Ehtiyatlı kişi idi. Papağının içində daim iynə-sap olardı. Deyirdi, "örüşdə paltarın elə yerdən sökülə bilər ki, o halda ortalığa çıxmaq ayıb olar". Örüşə gedəndə həmişə əlində ağac olardı. Mala, keçiyə gedəndə bizi əli ağacsız görəndə hirslənirdi. Deyirdi, "korocaq olmayın". Ocaq çatıb alça və zoğal ağaclarını əvvəl yaxşı ütürdü, sonra onlardan toppuzlu əl ağacları düzəldirdi. Kəndçilikdə hər işin çəmini bilirdi. Ən etibarlı və ələyatımlı alətlər də dədəmdə olardı. Bəzən tanışlar gəlib kərəntisini, belini (çala, təfkeş), dəhrə-baltasını işlətmək üçün aparırdılar. Kövşənə çıxanda özüylə bir düjün alət götürərdi - kərənti çəkici, zindan sancılmış kötük, yiyə, daş, satıl, törpü və 6 ölçüdən 9 ölçüyə qədər kərəntilər. Bəzən ot çalanda kərənti otun arasında qart bir şeyə dəyirdi və bu zaman kərəntinin ağzına yel düşürdü. Dərhal həmin kərəntini söküb dəmirkəsənlə ağzındakı yelli hissəni kəsib çıxardardı. Yelli kərənti ot layını yaxşı vərrəmirdi, ot zay olurdu. Biçin vaxtı kövşəndə kərəntisi korşalan kəndçilərimiz kərənti çiynində bizim ot yerinə gələrdi. "Yoruldum" deməzdi - zindanda onların da kərəntisini döyürdü.  

Yaxşı əl qabiliyyəti vardı. Sus kəndində, Bəylikdə kimin dəm çaynikinin lüləyi, qulpu sınardısa, o vaxtın mampası şirni qutularından yamaq kəsib təmir edirdi. Belə xeyirxah işləri elə həvəslə edərdi, qazancı da alxış olardı. Qaranlıqda çöldə, tövlədə işlətmək üçün tutacaqlı, lalalı əl çırağı düzəldirdi. Yadımdadı, evdə uşaqlar üçün əski parçası, keçə və kirpi oxundan kuklaya bənzər oyuncaq düzəldirdi. Adına da "Qarnıkeçəburnubiz" deyirdi. Sonralar Tallinə gedəndə mağazada o oyuncağın oxşarını gördüm. Adına "Buratino" deyirdilər. Gecə körpə uşaqlar səs eləyib böyükləri yatmağa qoymayanda deyirdilər ki, yatmasanız, Qarnıkeçəburnubiz" gəlib sizi aparacaq. 

Yaxşı at və yaxşı itdən həmişə söhbət salardı. Çəmbər adlı qara köpəyimiz vardı. Dədəm deyirdi ki, bu it bircə dil bilmir. Bir dəfə belə bir hadisə oldu. Bazar günü atı da, eşşəyi də palanladıq, çayın o tayında "Çarıxçıxmaz" deyilən yerə oduna getdik. Qış fəsli idi, bərk qarlamışdı. Çəmbər də bizə qoşulmuşdu. Meşədə at-eşşəyi ardıca bağlayıb qabaqlarına ot qoyduq. Dədəm sırıqlısını, ardınca da təzə pencəyini çıxardı. Pencəyi ardıcdan asıb sırıqlısını yenidən əyninə aldı. Başladıq odun eləməyə. Dədəm doğrayırdı, mən də gücüm çatanları ardıcın altına - yük vurulacaq yerə daşıyırdım. Bazar günü olduğundan radioda saat 14-ün muğamat konsertinə çatmaq üçün dədəm əl-ayaq eləyirdi. Çəmbər arada ərincək səslə uzaqda ovçuların atdığı güllə səsinə hürürdü. Yük hazır olan kimi at-eşşəyi yüklədik. Eşşək irəlidə, at yedəkdə çaya sarı yenməyə başladıq. Çəmbər gəlmir, ardıcın dibində gah hürür, gah zingildəyirdi. Biz çayı keçib getdik evə, yükləri qapıya aşırıb içəri keçdik. Dədəm radionu qoşdu, nənəm də bizə yemək çəkdi. Çəmbər axşam da qapıya gəlmədi. Fikrim Çəmbərin yanında qalmışdı. Səhər tezdən Zabuxdan gələn kolxoz maşınından dədəmi səslədilər ki, tez gəl, Qızılcada filankəs ölüb, yasa gedirik. Dədəm tez nənəmə dedi ki, pencəyi gətirsin, maşın gözləyir. Nənəm ora-bura baxdı, pencək tapılmadı. Dədəm köhnə pencəyi geyib nənəmin tirəsinə də bir yağlı söyüş söyüb kolxoz maşınına tərəf qaçdı. Maşın gedəndən sonra atımızı tövlədən çəkdim çölə. Nənəmlə atı palanladıq. Boyum çatsın deyə, çəlləyin üstə çıxıb atı mindim. Nənəm itin kəmsiyini verib dedi: "Gəlməsə, kəmsiyi sal boynuna çək". Günəşli qış havası idi. Çayı keçib dünən odun elədiyimiz ardıclığa - Çarıxçıxmaza gəldim. Çəmbər elə ardıcın altında idi, məni görəndə şikayət edirmiş kimi gah quyruq buladı, gah zingildədi. Atdan düşdüm itin yanına ki, kəmsiyi itin başına salam, birdən ardıcdan ərimiş qar suyu boynuma düşdü. Devikdim. Yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılmış gördüm. Çəmbərin dünən niyə bizimlə getmədiyi sirr bu imiş.

Dədəmdə güclü yumor hissi vardı, çoxlu lətifələr bilirdi. Şuxluğu sevirdi. Nənəm uzun qış gecələri ağzında dınqıdı çalıb uşaqları oynadanda dədəm tez papağının dimdiyini geri fırlayıb bir-birinə pərçimlənmiş əllərinin şəhadət barmağıyla çırtıq vurmağa başlayardı. Belə baməzə hərəkəti bizi güldürərdi. Yaxşı səsi olmasa da, hərdən kefi durulanda Aşıq Ələsgərdən və muğamlardan bir ağız zümzümə edərdi. Belə məqamda nənəm ona sataşmaq üçün deyərdi: "eşitməyən, qulaqların tutulsun!"

Evdə həmişə sac çörəyi bişərdi. Axıra qalan balaca kündədən bişən çörəyin adına "koka" deyirdik. "Koka" hər dəfə evdə uşaqların birinə düşərdi. Onu yeməz, mətah kimi saxlayardıq. Axşam dədəm "koka"sı olan uşağa deyərdi - "koka"nı ver, sənə dəvə düzəldim. Biz də sevincək razılaşardıq. "Koka"dan dişlək ala-ala deyərdi: "bu əyri yer dəvənin boynudu, bu dik yer dəvənin belidi, bu boş yer dəvənin qarnının altıdı" və s. Axırda "koka" dədəmin dişləyində yoxa çıxardı. Bu vaxt "koka" sahibi ağlayırdı, qalanlar gülüşürdük. Evə vırdı-vızan düşürdü. Mənzərəni seyr edən nənəm deyirdi: "elə dədəniz də siz ağıldadı". 

Həyatının son 16 ilini dünya işığına həsrət yaşadı. Hansı həkimə apardıqsa, dedilər, çarəsi yoxdu. Arada giley eləyirdi ki, məni həkimə aparmırsız. Elə bilirdi çarəsi var. İki dəfə şair dostum, göz həkimi Paşa Qəlbinurun yanına apardım. Paşa doktor vəziyyətin nə yerdə olduğunu bilirdi, dədəmi stola oturdub müayinə edirdi. Axırıncı dəfə müayinədən sonra Paşa doktor dədəm eşitməsin deyə əl işarəsiylə mənə başa saldı ki, heç bir ümid yeri yoxdu. Mən: "Dur gedək evə", deyəndə dədəm asıldı Paşa doktorun qolundan, yalvarıcı səslə dedi:

- Sənin başına dönüm, sol gözümü əməliyyat elə, o gözüm açılacaq. Bu sözdən sonra mən doluxsundum. Paşa doktor da kədərləndi və bu sözləri dedi:

- Əmi, and olsun Həzrət Abbasın kəsilən qollarına sənin gözlərini əməliyyat eləməyin xeyri yoxdur.

Doktorun bu sözlərindən sonra dədəm bir daha onu göz həkiminə aparmağı dilinə gətirmədi.

Gözləri görməsə də, əl havasına evdə papağının, pencəyinin, çəliyinin, dəyişəyinin harda olduğunu bilirdi. Əlləri dədəmə həm də gözünü əvəz edirdi. Bizə o lazım idi ki, evdə hərəkət edəndə ona toxunmayaq. Hava sakit olanda çəliyini, bir də balaca döşəkcəni götürüb qapının ağzında dayanırdı - bu o anlama gəlirdi ki, evdən konfet verək, cibinə qoysun. Dördüncü mərtəbədən birinci mərtəbəyə minnətsiz - məhəccərdən tutub özü aşağı düşürdü. Aşağıda balaca uşaqlardan hansı biri məhəccərsiz pilləkəndən həyətə çıxmağına kömək etsə, ona konfet verirdi. Bir dəfə həyətdə qonşulardan bir nəfərə 20 manat verir ki, xırdalasın - bərbərə gedir. Qonşu kişi dədəmə iki beşlik vermişdi. Qonşunun bu hərəkətini nə dədəm, nə də biz heç kəsə demədik.     

Ömrünün son 7 ayını yanında qaldım. Səhərlər şora qaymaq qatıb ona loxma tuturdum. Düşmənin Laçından çıxacağı xəbərini deyəndə bizə inanmadı. Televizorda xəbərlər başlayanda yeriyib düz televizorun yanında diktorun dilindən eşidəndən sonra dərindən həsrət çəkdi. Bu həsrətdə həm də rahat ölə bilməyin kədər qarışıq sevinci vardı dədəmin üzündə. Bir dəfə səhər süfrəsində loxma tutan zaman Savad bacımın - dədəm bacıma öz anasının adını qoymuşdu - yanında mənə dedi ki, ta qoyun ölüm. Laçına ordumuz yeriyən gecə canını tapşırdı. Laçın azad olmuşdu, dədəm ölmüşdü. Qarabağda rayonlar işğaldan azad olduqca Sabunçuda tanıdım-tanımadım, qənşərimə çıxan hər kəsə ovuc-ovuc ağızşirinliyi konfet paylayırdım. Sabunçuda məni tanıyanlar gözləyirlər ki, Laçın azad olub, şair gəlib ağızşirinliyi paylayacaq.

 

Burdan bir atdı getdi,

Atın nallatdı getdi.

Ay kimi şəfəqləndi,

Gün kimi batdı getdi.

 

Sarı Aşığın bu bayatısında atlının keçməsi xəbəri var, dədəmin sual-cavabında isə atlının keçib-keçməməsi xəbər alınır - burdan bir atlı keçmədi?! Bu an dədəmin at belində çaparaq Laçında döngədən aşdığı gözümün önündədi.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Tuesday, 26 November 2024 12:47

Şəkidə kəlağayı bayramı

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

26 noyabr - Kəlağayı Günü ərəfəsində Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Şəki Tibb Kolleci Publik Hüquqi Şəxsdə “Yaşıl dünyanın əlvanlığı – kəlağayı” adlı tədbir təşkil olunub. 

 

Tədbirdə. özündə ümumbəşəri mənalar aləmini əks etdirən, Azərbaycan qadınının ismət, ləyaqət, ülfət, sədaqət, gözəllik rəmzi olan, mahiyyətində, fəlsəfəsində çox sirlər gizlənən milli kimliyimiz - kəlağayı haqda gənclərə ətraflı məlumat  verilib.

Azərbaycanın milli-mənəvi, mədəni irsinə sahib çıxan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahasına daxil edilməsinin 10 illik yubileyində təşkil edilmis tədbirdə Şəki Tibb Kolleci PHŞ-nın tələbələri şeirlər səsləndirmiş, rəqs  nomrəsi ilə çıxış etmişdilər.

Tələbələrə Dünya Azərbaycan Qadınlar Cəmiyyətinin diplomları təqdim edilmişdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“İcazə ver soruşum

 niyə soyuqsan?!

Bu ocaq daha yanmır

küçədə yağış...

Otağa isti dolur

Sən yenə yoxsan.”

2.

Mənim qulağıma hələ də gəncliyimin Bakı çayxanalarından ucalan cürbəcür səslər gəlir. Çılğıncasına mübahisə edən, bir-birini nəyə isə inandırmağa çalışan, bir-birini sevən və bir-birinə nifrət edən doğma, çılğın səslər...

3.

A.Blok: “Təsadüfi cizgiləri sil ondan

 Sən görərsən, dünya gözəl dünyadı...”

Əsas məsələ də elə budur - təsadüfi cizgiləri tapmaq...

4.

Homer təkcə şair deyil. Homer müxtəlif dövrləri birləşdirən bir prinsipdir. Eynən Dədə Qorqud kimi. Dədə Qorqud da prinsipdir. Bir ayağı Təpəgöz boyunda, o biri ayağı Beyrək boyunda olan prinsip.

5.

“... Çünki sən gözəldin, gözəl görünmək

Heç kimə bu qədər yaraşmamışdı.”

6.

Bəzən bütöv bir ömür - əlçatmaz qocalığa qədər uzanan təlatümlü, amma bu şərtlə ki, bütöv bir ömür yaşamaq lazım gəlir ki, səndən çox çox uzaqlarda və sakit bir qədimlikdə qalmış o təmiz uşaqlığın qədrini anlayıb biləsən.

7.

- Hansı yolla gedək?

- Bilmirəm.

- O zaman getməyə yol çoxdu, deməli.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

 

 

 

Tuesday, 26 November 2024 15:34

Tanrının Qamçısı - Attila

MuradVəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Bizlər Atilla haqqında nələri bilirik? Ən azından onu bilirikmi ki, söhbət 5-ci əsrdə yaşamış, Avropa ərzilərinin yarıdan çoxuna hakim olmuş Hun hökmdarından gedir? Əlbəttə ki, biliklərin hər gün genişləndirilməsi gözəl şeydir. Odur ki, gəlin biz türklərlə bağlı olan Atilla barədə məlumatlanaq.

 

Attilanın atası Muncuq xan idi. Əmisi Rua, onu atası öldükdən sonra təkbaşına yaşamağa çalışarkən tapıb və yanına gətirmişdi. Eramızın 434-cü ilində qardaşını devirərək taxta keçən Attila deyilənə görə İdil Türklərindəndir. Müasirləri onun ortaboylu,enlikürək, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. O, Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim olub və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirib. Hökmdarlığı boyu ordusu ilə Qərbi və Şərqi Roma imperiyalarını tez-tez istila edən Attila orta əsr salnamələrində qəddarlığı ilə tanınırdı. Bu səbəblə avropalılar ona “Tanrının Qamçısı” deyirdi. Ancaq Macar və Türk mənbələrində müsbət şəkildə anılır və adından hörmətlə bəhs edilir.

Avropada Hunları Attiladan əvvəl də yaxşı tanıyırdılar. 374-cü ildə Hunların hökmdarı seçilən Balamir qərbə doğru irəliləyərək xeyli torpaqlar almış,şərqi german tayfalarını öz tərəfinə çəkmişdi. 409-cu ildə Balamirin oğlu Ulduz xan Bizans üzərinə hücuma keçdi. İstilalardan bezən Bizans imperatoru elçi göndərib Hunlara sülh təklif etdi. Atillanın adının Avropada qorxu ilə çəkilməsinin bir digər səbəbi isə Romaya səfərə hazırlaşdığı ərəfədə Roma papasının Attilanın qarşısında diz çökməsi ilə əlaqədardır. Nəticədə Attila hücuma keçmədi, əvəzində Romanı vergiyə bağladı. Attilanın ölüm səbəbi olaraq isə həyat yoldaşı ilə evləndiyi gün həddindən artıq şərab qəbul etməsi göstərilir. Məzarının harda olduğu bilinmir. Hətta məzarın yerini bilən hər kəsin öldürüldüyü qeyd edilir. Ancaq tarixçilər arasında Tuna çayının yatağının bir müddət dəyişdirildiyi və Attilanın xəzinələri ilə birgə yatağın altında basdırıldığı qeyd edilir. Daha sonra isə çay yatağının əvvəlki vəziyyətə gətirildiyinə dair yayılmış bir inanc mövcuddur.

Atilla qədər hələ ki bu qədər.

 

“Ədəbiyyat və İncəsənət”

(26.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

NİGAR HƏSƏNZADƏ

 

 

QAYIDIŞIN MÜBARƏK...

 

Sənsiz keçən otuz il saçımızı ağartdı,

Ağır bir yükün altda qaldı kürəyimiz də. 

Gözlərimiz kor oldu göz yaşının duzundan,

Lal quşlar yuvasını qurdu ürəyimizdə. 

 

Əzablıydı dünyanı qolsuz qucaqlamaq da, 

Otuz gecə dualar elədik səs-səmirsiz.

Evindən-eşiyindən, əzizindən ayrılıb,

Böyük zəfər dalınca getdi igidlərimiz...

 

Getdi igidlərimiz – bu xalq sözünü tutdu...

Divarları, sədləri yarıb keçdilər onlar.

Otuz il yaşamışdıq sənin intizarınla,

Bir bax, sağalır indi yaralar, sıyrıntılar...

 

İndi daha gözəldi göy üzündə mələklər,

Qardaşlarım yol alıb Tanrının hüzuruna.

Bu rəşadət işığı əsrlərlə çəkilməz

Ölkəmin, şəhərimin üzərindən heç yana.

 

Köhnə yara yerləri biləklərdə sağalar. 

Dərdimiz də toxtayar, sızıldamaz canımız.

Bu qəhrəman oğullar – qəlbimizin fərəhi,

Qanımız, zəfərimiz, şöhrətimiz, şanımız.

 

Torpaq oğul qoxuyur, Vətəndə ana ətri.

Otuz ilin qürubu dönüb olub dan yeri.

Zamanın qanatdığı milli yaddaşımızdan,

Silib təmizləmişik xəyanətkar izləri. 

 

Planet əvəlkitək fırlanır bizim üçün.

Var olsun bu uşaqlar, bu atalar, analar.

Varsa xilaf çıxmayan öz andına, əhdinə, 

Demək, həqiqi insan bu dünyada hələ var.  

 

Mənim qəhrəman Şuşam, nəfəsindən öpürəm,

Otuz ilin yükündən azad olur bu kürək. 

Bu gecə nəğmə deyir qayıdışın eşqinə 

Və torpaq cavab verir: qayıdışın mübarək!

 

 

               BU DA KEÇƏR...

 

Mələklərin ölməzliyinə, 

Yelçəkənin yüngüllüyünə inanan, 

Qanadlı ayaqlarla yol gedən 

Hər kəsin barmağında

«Bu da keçər...» hikməti 

Yazılmış bir üzük.

 

«Bu da keçər...» – 

Ehtirasların və yaraların 

Üzünə çırpılan gülüşlə

Üzük dilə gəlirdi:

Şad-xürrəm yaşayaq, xoşbəxt qocalaq.

 

Yalandan gözü qorxmuş bu dünya

Ruhdan salmasın qəhrəmanları 

Və quzğunlar anlasın:

Allah qu quşlarını sevir göylərdə...

 

Sinəsində ürək gəzdirən bəndələr – 

Kinlərinin, vədlərinin girovları,

Metaforaların və üzüklərin qoruyucuları

Qəbul eləsinlər bu həqiqəti: 

Bəraət yoxdu əzablara.  

 

«Bu da keçər...» – bir müdrikin 

Bu kəlamını unutmasan əgər.

Yaşamaq əmri verib həyat insana

Zəfər soraqlı sonluğa qədər...

 

  

SAVAŞ

 

Qabarlar içində ucalar saray... 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Mən həm əvvəlimi, həm də sonumu

Güzgünün önündə durub görürəm.

 

Bilirəm, kədərsiz səadət olmur...

Neçə savabım var, neçə günahım.

Qırışlar göylərə qırçın toxuyur,

Yenilmiş şeytanım, yenən Allahım!

 

Bu döyüş hər kəsin hünəri deyil, 

Əsəbi zəiflər çəkilsin geri...

Çağıraq bu savaş meydanına biz

Çılpaq baxışları, yalın əlləri...

 

Qurbansız qurbangah yoxdu, bilirəm...

Şam yanar – istisi gedər, ayrılar.

Bilirəm, ayrı cür ola da bilməz: 

Gözümdə bir savaş ehtirası var.

 

 

 

KAŞ…

 

Qaranlıq səmada işıqlı möhür...

Yağır ulduzların yağışı göydən. 

Qaçmağa lüzum yox, qaçmağa yer yox 

Cəzadan, ədalət məhkəməsindən.

 

Yerin qabığını qoparır səma,

Sanki dərisini soyur adamın...

Qoy baxıb anlasın gözləri korlar:

Göylərin altında qonaqdı hamı...

 

Kimi yuxudadır, kimi də oyaq –

Hamısı dünyada qonaqdı, qonaq.

Və bir an gələcək, hamısı tək-tək

Gözə görünməyən divar dibində

Durub kainata dua edəcək.

 

Qaranlıq səmada işıqlı möhür...

Günaha batmayan adam var hələ? 

Lələyi iynədən, mələyi cindən

Kaş seçib-ayıra biləydik elə.

 

 

                SADƏCƏ, AXTAR…

 

Bir yabanı qızılgül verib ağırlayaram

Ayağımı tikanla dalayan insanları...

Siz ey kirə-palçığa batmayan topuqların 

Hardasa körpüləri, hardasa perronları. 

 

Ruhunuz yox əzəldən sürüdə heyvan kimi,

Aşağı əyarların yiyəsisiz, uzağı... 

Cənnət havası çalır buynuz öz günahına,

Alnınıza salamım dəyir güllə sayağı. 

 

Mən tavan, siz döşəmə – nəmişliyi sevərsiz. 

Verdiyiniz ehsanı toxunmamışam hələ.

Sizin qənimət deyil zəfərlərim, çəkilin.

Oxuyuram dostları gözündən çərşənbələr.

 

Həm özünü yaradan, həm də qayçı adam var...

Edam kötükləriylə dar ağacı yanaşı...

Adam da var, çirkabı, zir-zibili təmizlər,

Usanmadan üfürər tozu, külü, yaddaşı...

 

Hamı ciyər dolusu nəfəs alar səmayla,

Hər kəsin dərisi var – hər kəsin libası var.

Hamı gəlir dünyaya, saralıb-solub gedir,

Hamının sifətini bürüyür sızanaqlar...

 

Arabir xoş təsadüf çıxır qabağımıza 

Payız yağışılarında, qışın qarında, yazda...

Dünyaya İnsan gəlir evlərin, həyətlərin, 

Və qədimi tağların, bağların arasında.

 

Varlığı hiss olunmaz, səsi gəlməz ucadan,

Bəlkə də zəngin deyil, bəlkə də kamil deyil.

İyirmi yaşındadı, amma yox, qırxdır yaşı...

Bütün varı-dövləti özündədir elə bil.

 

Ürəyində təpər var... çəkinmədən, qorxmadan

Qucaq açar hamıya, gülümsəyər üzlərə.

Onun baxışlarında yanan şamlar neçə yol

Yandırıb kainatı, alışdırıb gözləri.

 

İnanar əlamətə, işarətə, mənaya,

Gah zarafat eləyər, gah da susar bu adam.

Dadlı şərablar içər, acı şirnilər yeyər,

Ayaqyalın dolaşar tikanlıqda qorxmadan.

 

Sübh şehini xoşlayar... bədənini, ruhunu

Gərər böyük həvəslə bu dəli küləklərə.

Ürəklə salam verər özgələrə, yadlara,

Sevdiyi adamlara sehirli üzük verər...

 

Həm özünü yaradan, həm də qayçı adamlar... 

Dərisi var hər kəsin – hər kəsin libası var.

Amma bir insan da var bir ömür dəyərində –

Hardasa, yanındadı… sadəcə, axtar, axtar...

 

 

 Rus dilindən tərcümə: Salam Sarvanındır

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

28.

FASİLƏSİZ TƏHSİL ANLAYIŞI

 

Mütaliənin faydaları barədə danışırıqsa, mütləq fasiləsiz təhsil barədə də danışmalıyıq. Belə ki, özünüinkişaf proqramında əsas çəkiyə malik olan bu təmrin məhz mütaliənin hesabına formalaşır.

Heç bir ali təhsil müəssisəsi, məktəb proqramı insana təbiətin və cəmiyyətin inkişaf qanunları haqqında lazımi biliklər verə bilməz. Mövcud təhsil proqramları məhdud zaman çərçivəsi üçün hazırlanır. Odur ki, insan ömrü boyu fasiləsiz olaraq bilik almalı, bunun üçün isə şəxsi təhsilə - fasiləsiz şəxsi təhsilə müraciət etməlidir.

Beləliklə, şəxsiyyətin formalaşmasında şəxsi təhsil müəssisəsinin tərkib hissəsi olan fasiləsiz təhsilin əsas rol oynaması dünyada birtərəfli şəkildə etiraf olunur. 2000-ci ilin martında Lissabonda keçirilən Avropa Sammiti Avropa Birliyinin siyasətinin və təcrübəsinin müəyyən edilməsində dönüş anı oldu. Orada fasiləsiz təhsil haqqında Avropa Birliyi Memorandumu imzalandı.

Fasiləsiz təhsil, yəqin ki, bunu bilirsiniz, məhz kitabların hesabına formalaşır. Ən müxtəlif mövzularda, ən müxtəlif cildlərdə, ən müxtəlif müəlliflərin müxtəlif qiymətlərə milyonlarla kitabı var. Siz öz kitablarınızı seçib karyera pillələri ilə irəliləməkdə davam edin. Unutmayın, dayanmaq, kifayətlənmək olmaz. Dayanmaq inkişafdan qalmaq, tənəzzülə uğramaq deməkdir.

 

Növbəti: 29.Qara ststistika

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.