Marneulidə Azərbaycan kəlağayı guşəsi açılıb

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan kəlağayının Gürcüstan sərgüzəştlərindən sizlərə danışmışdıq. Düşünməyin ki, bu sərgüzəştlər bitibdir. 

 

26 noyabr 2024-cü il tarixində "İnkişaf və Təhsil Mərkəzi" və  "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşkilatçılığı ilə qonşu  Gürcüstanın  Marneuli rayonunda, “Tea House"da Milli Kəlağayı Gününə həsr olunmuş tədbir keçirilib. 

Mirvarid Dilbazi Poeziya Məclisindən aldığımız məlumata görə, tədbir  "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədovun çıxışı ilə başlayıb. 

Öz çıxışında natiq Milli Kəlağayı Günüylə bağlı iştirakçıları təbrik edib, bu günün Azərbaycandan kənarda qeyd edilməsinin incəsənətin təbliğində böyük rol oynadığını vurğulayıb və "Kəlağayı Güşəsi"nin gələcək fəaliyyətindən danışıb. Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi"nin, Gürcüstan üzrə nümayəndəsi Nurlana Məmmədova və Savalan Osmanlı çıxışlarında milli mədəni dəyərlərin qorunmasının önəmi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar. 

Daha sonra Səmra Həsənova və  Aminə Əhmədova Azərbaycan kəlağayısının növlərindən və qədim tarixi haqqında geniş məlumat veriblər. Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən edilib. Yekunda, "Tea House"da yaradılan "Milli Kəlağayı Güşəsi"nin açılışı olub.

İştirakçılar güşədə kəlağayı sənətinə həsr olunmuş kitablar, 50 ədəd qədim və müasir kəlağayılarla tanış olublar. 

 

Məlumat üçün:  

"Milli Kəlağayı Güşəsi" “Mirvarid Dilbazi Poeziya Məclisi" və "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə fəaliyyət gostərəcək. Güşənin məqsədi kəlağayı sənətinin təbliği və gənclərin məlumatlandırılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.