Ümman kimi çağlayan Vahid Əziz poeziyası - ŞAİRİN 79 YAŞINA Featured

Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün

 

Mənim qənaətimcə, şeir  gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.

 

Şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltılı dualarıdır. Şeir ancaq şairlərin ifadə edə bildiyi hikmətdir.  Şeir təbiətin yaratdığı əsrarəngiz gözəlliklərdir.  Körpə təbəssümüdür şeir, yarpaq pıçıltısı, bulaq zümzüməsidir. Qartalın baxışıdır şeir, göy qurultusu, şimşək nərəsi, şəlalənin səsi, dağ çayının qıjıltısıdır.

Mən Vahid Əzizin yaradıcılığı haqqında yazdığım bu yazını təsadüfən şair və şeir haqqında fikirlərlə başlamadım.

Çünki Vahid Əziz də bir şair kimi çağdaş poeziyamızın ən görkəmli nümayəndələrindən biridir və onun şeirləri də insanı ən ülvi hisslərə, sevib sevilməyə, qurub-yaratmağa və s. səsləyir.

Oxuculara məlumdur ki, Vahid Əziz poeziyaya 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan şeiri ilə gəlib. Onda Vahid Əzizin 22 yaşı vardı.

Heç bir il keçmədi, artıq şeirlər kitabı nəşr olunmuşdu.

Vahid Əziz Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov kəndində doğulmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsindən sonrakı dövrə düşmüşdü. 

O illər, o qədər də asan illər deyildi və uşaqlığının çətin dövrü Vahid Əziz poeziyasında öz əksini tapmaya bilməzdi.

Əslində Vahid Əziz nəinki uşaqlığını, elə həyatının böyük bir hissəsini çətinlikdə, köçhaköçdə keçirmişdi. Onun özü demiş: “Həyatı keşməkeşli olub. Ordan-ora, burdan-bura köçüb”. Bu köçhaköçdə harda yaşayıbsa onun ömrünün bir parçası orda ilişib qalıb. Köhnə yaşadığı yerdən təzə bina olduğu yerə yalnız xatirələrini gətirib. Acılı, şirinli, kövrək xatirələrini. O xatirələr bəzən sarı sim kimi tarıma çəkib Vahid Əzizin qəlbini, bəzən kaman kimi inlədib onun iç dünyasını. Bəlkə elə ona görə də Vahid Əzizin şeirlərində kövrəklik var. Bu kövrəklik bəzən qəhər olub boğur onu. Bax o zaman onu boğan qəhər misralara düzülərək “Qəhərə” çevrilir:

 

Körpəlikdən ən ağrılı günləri dərdim,

Acıları hakim oldu şeirlərimə

Ovcumdakı suluqları hey... üfürərdim,

O vaxtlardan qabarları doğmadır mənə.

 

Nə beşikdən doya bildim nə gəncliyimdən,

Özüm qurub odlandırdım od-ocağımı.

Mən atamın qocalığın görmədiyimdən

Əliyalın qarşıladım qocalığımı.

 

Diqqət yetirin bu iki bəndə. Əslində bu iki bənddə ifadə olunan fikirlər şairin bütün həyatını, yaşam tərzini əks etdirir. Həm də oxucuda kövrək bir ovqat yaradır. O ağrıları, acıları yaşamış hər kəsi ilk uşaqlıq, gənclik xatirələrinə qaytarır.

Şairliyinin, şair həyatının məhrumiyyətlərlə, acılarla, təhlükələrlə dolu bir həyat olduğu heç kəsə sirr deyildir. 

Vahıd  Əzizə də şair taleyi qismət olub. Həmişə hesab etmişəm ki, şeirlər şairlərin yaşantılarıdır. Sevinc və kədəri, hiss və həyəcanı, duyğularının ifadəsi, həyatı, bir sözlə tərcümeyi halıdır. Bu Vahid Əzizdə elə belədir. Onun şeirlərini oxuduqca, həyatı ilə, tərcümeyi-halı ilə, iç dünyası ilə daha yaxından tanış olursan. 

 

Zamanım olmadı güləm doyunca

Darısqal günləri, ayları saydım

Hərdən düşünürəm: Şair olunca

Kaş ruhu olmayan bir daş olaydım

 

 və ya

 

Ağıllana bilmirəm ki,

Harda gəldi ağlayıram

Bir sərgərdan buludam.

Bir doğma əl tapmıram ki, 

Öpə-öpə dəsmal kimi,

Göz yaşını qurudam.

 

Vahid Əziz yaradıcılığa uzun müddət, özünün dediyinə görə 20 il fasilə verdikdən sonra poeziyaya böyük bir enerji ilə, hətta deyərdim ki, heyrət edici bir enerji ilə qayıtdı. Onun yaradıcılığının ən mühüm cəhəti ondadır ki, o şair kimi yaşayır, yaradıcılığında son dərəcə səmimidir və gözəgörünməz qüvvə necə diktə edirsə eləcə də yazır:

 

 Şair başdan-başa yanan ürəkdir.

Qovrulub dönmüşəm külə, yanmışam,

Görməyə nə var ki, duymaq çətindir.

Necə duymuşamsa, elə yazmışam.

 

Əslində bu bircə bənd şeir Vahid Əzizin bütün yaradıcılığının, əgər belə demək mümkündürsə uverturasıdır. Onun yaradıcılığının leymotivini, ana xəttini təşkil edir.  Vahid Əziz müsahibələrinin birində deyir: “Mən nə yazdığımı yazı prosesində bilmirəm. Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər söz də gəlir.”

“Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərblə yazıram ki, çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Elə bir səs gəlir ki, mənə eşitsən dəhşətə gələrsən”.

“Şeir Tanrının yazdırdığı inşadır, misraları Allah diqtə edir. Mən şeir yazanda içim musiqi ümmanı kimi çağlayır. Sözlər bu musiqili dalğaların üstündəki bəmbəyaz köpüklər kimi aşıb-daşır...”

Görəsən Vahid Əziz göydən gələn melodiyanı yadda saxlaya bilsəydi və həmin melodiya ilə bu melodiya altında yazılan şeirin vəhdətindən necə bir əsər yaranardı?

Onun şeirlərində daxili bir musiqi ahəngi var. Şeirləri musiqiyə, bəstəkarın qulağına yatımlıdır.

Bu səbəbdəndir ki, bəstəkarlar Vahid Əzizin şeirlərini oxuyan kimi, onları bu şeirlər vəcdə gətirir. 

Əgər Vahid Əziz adi oxucunu, sadə bir insanı şeirləri ilə ovsunlayırsa, özündən alıb göylərə apara bilirsə, onda bəstəkarlar neyləsin?!

Elə ona görə də Vahid Əzizin 200-dən artıq şeirinə mahnı, musiqi bəstələnib və bu şeirlərinə yazılmış mahnılar populyardır, seviləndir. Elə bu səbəbdən də Vahid Əzizin şeirlərinə mahnı bəstələmiş bəstəkarlar zəmanəmizin, çağdaş dövrümüzün ən populyar bəstəkarları, mahnı ifaçıları isə xalqımızın ən məşhur sənət adamlarıdır. 

Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar və onların ifaçıları şedevrlər yaradır. Bu mahnılar insanların qəlbini fəth edir.

Mən əminəm ki, nə qədər ki, Azərbaycan xalqı var, onun musiqisi, mədəniyyəti, ədəbiyyatı var, Vahid Əzizin də yazdığı nəğmələr yaşayacaqdır. 

Vahid Əzizin poeziyasının mövzu əhatəsi çox rəngarəngdir. Bununla yanaşı heç bir tərəddüd etmədən cəsarətlə Vahid Əzizi məhəbbət şairi adlandırmaq olar. Əslində elə həyatın da, yaşamağın da mənası və elə bu səbəbdən poeziyanın da əsas mövzusu məhəbbətdir. 

Bununla yanaşı, Vahid Əzizin məhəbbət mövzusunda yaratdığı şeirlərin özü də çox spektrlıdir. Əgər biz onun bu şeirlərini ümumi olaraq ağ işığa bənzətsək görərik ki, ağ işıq sınanda min bir rəngə çaldığı kimi, Vahid Əzizin də məhəbbət mövzusunda yazdığı şeirlər min bir rəngə çalır, və heç biri də bir-birinə bənzəmir. Hər birində fərqli nəfəs, fərqli məna var. Lakin bu şeirlərin bir ana xətti var. 

 

Təpədən dırnağa sevən ürəyəm,

Ayaqdan-başacan atəşəm, qoram.

 

deyən şairin bir neçə şeirini bu yazıya daxil etmək istərdim.

 

Bir sərgərdan buludam

Ağıllana bilmirəm ki, 

Dəli kimi sevdiyimi

Birdəfəlik unudam. 

 

Və ya

 

Xatirəm bir olsa ya iki olsa

Yaşayıb dözməyə nə varıdı ki?

Sənsiz yaşayardım, özümə qalsa

Sənsiz yaşamağa ürək qoyurki?

 

Sığışmır torpağa, ümmana, göyə

Xatirən bir deyil, beş deyil gülüm

Sevgini vücud da unutmur deyə

Ölümnən qorxmuram, qorxuram öləm

 

Vahid Əzizin özü sevgi məhəbbət haqqında deyir: “Sevgi ilahinin insana verdiyi ikinci ruhdur... ikinci ruh da hər kəsdə olmur. Insan sevə bilirsə deməli xoşbəxtdir”.

Vahid Əziz yaradıcılığının mayası səmimiyyətdən tutulub, onun xəmiri səmimiyyətdən yoğrulub. O, məhəbbət şeirlərində də belədir,məhəbbətində də, nifrətində də səmimidir. Diqqət yetirin:

 

Aman külək məndən yarı küsdürmə,

Od vuracaq, sevinəcək tüstümə,

Bu məhəbbət bir gün mənim üstümə

El-obanı güldürməsə yaxşıdır.

 

Və ya

 

Dünya elə bilir “Arsız qonağam”

Hamı düşünür ki, “Sənsiz də sağam”

Uzat, kor olsam da tanıyacağam

Əlini min zərif əllər içində.

 

Vahid Əzizin poeziyası bu gün gənclər, sevənlər tərəfindən çox sevilir. Əgər  sevənlər bir-birinə öz sevgilərini Vahid Əzizin şeirləri ilə bildirirsə, o xoşbəxt sənətkardır.

Vahid Əziz özü deyir. “Əgər cavan bir qız mənim kitabımda oxuduğu və ya efirdə dediyim bir şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə demək orada özünü görür”.

Akademik Nizami Cəfərov demiş: “.....şair taleyi yüzlərlə, minlərlə insanın taleyində yaşanır. Sənətkar üçün bundan böyük xoşbəxtlik tapmaq çətindir”.

 

Çaşdım yolumu, başıma sən sərdar olannan

Tapmır özünü, bu könül sərgərdan olannan

Hər gün küləyə yalvarıb sənnən soraq aldım

Gəlməzmi xəbər eşqidən xəbərdar olannan

 

Göyün tutulub-açması yalnız sənə bağlı

Günəş də batıb, məskənin uzaqlar olannan

Məcnun hələ də Vahid Əziz, özünə gəlmir

Sevdiyi deyil, qisməti biilqar olannan.

 

Və nəhayət Leyli-Məcnun sevdası. Vahid Əzizin qəhrəmanı məhəbbətinin adiləşməyindən qorxur. Diqqət yetirin:

 

Sən mənə tanrıdan gələn bir əlac

Qocalıb quruyan, ağac kimiydim

Hər canlı işığa, Günəşə möhtac

Mən isə ölümə möhtac kimiydim

 

Sən ölüm anında batanda dilim

Demək istədiyim sonuncu kəlmə

Sındır budaq budaq, kəs dilim-dilim

Amma qurban olum yaxına gəlmə

 

Elə beləcə gəl mələk donunda,

Yetər çiçək kimi baxıb gülməyin,

Görünür ən böyük Adil olanda,

Qorxur sonrasından adiləşməyin. 

 

Vahid Əzizin məhəbbət mövzusunda yazdığı şeirlər səmimi olmaqla yanaşı həm də canlıdır. Hətta o qədər canlıdır ki, sanki onun bütün məhəbbət şeirlərinin qəhrəmanı şairin özüdür. Bu şeirlərdə şair dəlicəsinə sevir də, bu şeirlərdə sevgi də var, nifrət də, dönüklük də, atılmaqda var, vəfasızlıq da. 

 

Göz yaşı yandırır kirpiklərimi

Küləyin səsini nəğmən bilirəm

Sənin həsrətindən çəkdiklərimi

Bir Allahım bilir, bir mən bilirəm.

 

Səninsə Allahın yoxumuş-demə

Nə iman bilirsən, nə din bilirsən

Tək sənə bağlanmış ümidlərimi

Nə bilim bəlkə də qənim gəlmisən.

 

Vahid Əzizin şeirlərini oxuduqca qürur duyursan ki, sənin nə şirin ana dilin var. Onun şeirlərində Azərbaycan dilinin bütün gözəllikləri özünəməxsus şəkildə öz əksini tapır.  

Və heç də təsadüfi deyil ki, onun poeziyası üçün aforistik deyimlər artıq şairin, istedadı ilə yanaşı həm də onun müdrikliyindən, kamilliyindən, həyat təcrübəsindən, müşahidələrindən xəbər verir.

 

Bax ha, məhəbbət də insan kimidir

Qovula-qovula namərd də olar.

       *

Daha məhəbbətə ümidi yoxsa

Sevən də dünyadan köçsə yaxşıdır. 

*

Ayrılsaq heç zaman bar verməyəcək

Sevgimiz doğranmış çiçəklər kimi.

*

Çəkmə onu-nə dərddi ki, 

Çəkilməli dərd ola?

Çəksən elə dərdi çək ki,

Qalan dərdlər rədd ola. 

*

Kömürdən bilinər nəyin yandığı 

Kimlərin yandığı küldən bilinməz.

 

Nakişi olanlar ağladıb  məni

Sonra danlayıb ki, “Kişi ağlamır”

 

Vahid Əziz bütün lirikası ilə, qoşmaları, qəzəlləri, sərbəst şeirləri ilə nə qədər sevgidən, məhəbbətdən yazırsa yazsın, həm də üsyankar şairdir. Bu üsyankarlıq onun Vətən sevgisindən, xalq sevgisindən, dövlət sevgisindən gəlir, vətəndaşlığından gəlir.  Böyük xalqın, böyük şairinin içindəki daxili narahatçılığından gəlir, sabahkı nigarançılığından gəlir. Vahid Əziz onu əhatə edən aləmdə müşahidə etdiyi nadanlıqlara, eybəcərliklərə üsyan edir. 

Bu şeiri şair Qarabağ işğal altında ikən yazıb:

 

Daha duyuram ki, batacaq səsim, 

qatilim - bu Yurda sevgim olacaq  

nə vaxt ki, tərgitsək yalan deməyi: 

nə vaxt əl götürsək saxta tərifdən  

hələlik günaha hamımız şərik, 

birləşsək düşməni yenə bilərik, 

o vaxt qələbəni çala bilərik 

yoxsa Qarabağsız qala bilərik

 

Və belə olanda Vahid Əzizi yer üzü bezdirir, o göylərə tələsir.

 

Mənim üçün nə ölüm var, nə olum,

Qopan teləm bir rübabdan ilahi

Apar məni dərgahında qul olum

Qurtar məni bu əzabdan ilahi

 

Və ya

 

Heç bilməzdim daşım belə ağırdır

Bəxtim belə biçararədi, fağırdı 

Gedəcəyəm göylər məni çağırdı,

Daha yerdə qalmaq olmur əzizim.

 

Adama elə gəlir ki, Vahid Əziz yer adamı deyil, nə vaxtsa göylərdə məskən salıb və indi yenidən göylərə çəkilmək istəyir. 

 

Vahid Əziz anlat bu nə əməldir, 

Biri beşik, biri tabut düzəldir,

Gəzib gəldim,-Dərgah burdan gözəldir,

Yer üzündə vaxtımızı itirdik. 

 

Azərbaycan poeziyasının son əlli ili Vahid Əziz yaradıcılığı ilə müşayət olunur. Yarım əsrdir  ki, Vahid Əziz poeziyamızda ümman kimi çağlamaqdadır. O, əlli ildir ki, xüsusilə çox keşməkeşli, insan həyatının bütün sahələrini əhatə etdiyi ziddiyətlərlə dolu bir dönəmdə, yeni yaranmış bir dövlətdə cəmiyyətin hələ formalaşmadığı bir zamanda yeni yaranan nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara düzlük, xeyirxahlıq, halallıq, səmimilik, cəsarət, qeyrət, ədalət və məhəbbət hisslərinin aşılanmasında çox mühüm rol oynayır. 

Elə bu səbəbdəndir ki, onun mövzusundan asılı olmayaraq bütün şeirləri oxunaqlı, ürəyə yatımlı, yaddaqalandır, təsir edici enerjiyə malikdir.

Gəlin onun “Vətəndaş sərçələr” şeirinə diqqət yetirək. 

 

Sapandla vurular, ölər, qovrular... 

məclislər, saraylar yasaqlı yerdi, 

əsgər də, şəhid də sərçələr olar, 

yekəpər durnalar-fərarilərdi!

 

Binəsi kollarda, Vətən daşında, 

nə mülkü, nə gölü, nə adası var, 

amma ki, köçəri qaranquşun da,  

yerliyə şəriklik iddiası var!

 

Bizlərlə birlikdə gülüb-ağlayan 

bu Yurdun balaca sərçələridi, 

bəlkə də sərçəni cılız saxlayan, 

millət təəssübü, Vətən dərdidi?

 

Vahid Əzizin şeirlərinin belə güclü olması onu, daxilən sərbəst, geniş dünya görüşə və dərin həyat müşahidələrinə yüksək intellektinə bir az da ərkəsöyünlüyə söykənir. Cəsarət Vahid Əziz poeziyasını səciyyələndirən xüsusiyyətlərdən biridir. O,həyat gərçəklərini, insan münasibətlərini, ətrafında baş verən prosesləri poeziyaya ütüləyib gətirmir. Bu həqiqətlər, gərçəkliklər necədirsə, Vahid Əziz poeziyasında da öz əksini o cür tapır. 

 

         “Əlli-yüz” hektarı salıb çəpərə 

          görəsən neyləyir bu “dünyagirllər”

          uzağı məzarçı xətirə görə 

          qəbrini bir qarış uzun eyləyər.

 

Doğranıb gedirik çırpılar kimi,  

dağ kimi əriyib təpə qalırıq, 

altundan olsaq da qara pul kimi, 

tamah bazarında xırdalanarıq, 

İndi bir gözü var tərəzilərin, 

o birin kor etdik-pozuldu, pərsəng

 “Əmlak bazarının”-zəmanəmizin 

dəllalı ya quldur, ya da pəzəvəng.

 

Vahid Əzizin yaradıcılığını öyrəndikcə, onun poeziyası ilə tanış olduqca bu qeyri-adi insanın, qeyri-adi poeziyası içində getdikcə böyüməyə Ümman kimi çağlamağa başlayır və mən təsadüfən bu yazının başlığını “Ümman kimi çağlayan poeziya” adlandırmadım. 

 

Əzizim Vahid Əziz! 

Sizə yüz il ömür arzulamıram.  Arzu edirəm ki, özünüz-özünüzə gərək olmayanda, qapı pəncərəni özünüz açıb-bağlaya bilməyəndə, əliniz əsalıq olanda dayansın ürək...Ancaq hələ ona çox var. Hələ Sizin bu dünyayla işiniz var.

 

Vahid Əziz çəkməz gözün aynadan xəyallarda göz-qaşını oynadan, 

ömrün çoxu köç etsədə dünyadan, 

gül-çiçəyə boylanırsan nədənsə...

 

Və  sonda. Vahid Əzizin poeziyzsının təsiri altında yazdığım bu kiçik yazı heç olmasa şairin bir şeirinin oxucuya verdiyi hiss qədər sevinc hissi verə bildisə, demək, onda məqsədimə çatmışam.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.