
Super User
“Ətrafımızda nə varsa, hamısı oyundu” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ De mənə varmıydın, ya bəlkə yoxdun?!
De mənə yuxudu bəlkə bu dünya?!
Bu bulaq suyunda sənmiydin axdın?!
O bulud apardı səni haraya?!”
2.
Antiqona ölümü seçir. O, nişanlısının atası Fiv şəhərinin hakimi Kreontun qərarına qarşı çıxaraq şəhərə hücum edib həlak olan qardaşlarının cəsədini torpağa tapşırır. Beləliklə, şəxsi mənafeyi ictimai mənafedən üstün tutur. Beyrək də ölümü seçir. O, Qazan xana dönük çıxmadığına görə Dış Oğuz bəyləri tərəfindən ölümcül yaralanır. Qazan xana dönük çıxmamaq dövlətçiliyə, ictimai mənafeyə, Oğuzun bütövlüyünə dönük çıxmamaq demək idi. Antiqona və Beyrək! Hər ikisi həlak olur. Amma heç biri məhv olmur.
3.
“ Dədə Qorqud” dastanında boy boya (birində Beyrək əsirlikdən qaçır, o birində Beyrək öldürülür) xəbər göndərir. Eynən Ramiz Rövşəndə olan kimi: dağ dağa duman göndərir – sevgi məktubu kimi.
4.
Sanço Pansa ölüm yatağına düşmüş Don Kixota deyir: “Dünyada ən böyük axmaqlıq göz görə-görə ölümə yol verməkdir. İnsanı kimsə öldürmədən özü nə üçün ölsün?! Tənbəl olmayın, qalxın, şərtləşdiyimiz kimi cəngavər paltarı geyib çölə gedək. Bəlkə kollardan birinin dibində tilsimi açılmış Dulsineyaya təsadüf etdik, kim bilir?!”
5.
“ Od olub yandıraram” - mifoloji təsəvvürün təzahürüdür. Bundan doğan “od kimi yandıraram” ifadəsi isə Yazı təsəvvürünün məhsuludur.
6.
Haydegger: “Həyat insanla sonsuz qara boşluq arasında bir oyundur.”
Ətrafımızda nə varsa, hamısı oyundu.
7.
Fal açana:
“Fal nə dedi, falı açan?
Səsin batdı, harda qaldı?
Köhnə ömür burayacan,
Yeni ömür falda qaldı.”
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Görkəmli rejissor Əlisəttar Atakişiyevin doğum gününə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdirƏlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Qəribədir ki, eyni gündə iki görkəmli sənətkar dünyaya gəlib. Az öncə haqqında bəhs etdiyim Əli Sultanlı da 1906-cı il 25 dekabrda dünyaya göz açıb.
Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.
Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan, mən bildiyim qədəri, başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Bu gün görkəmli ədəbiyyatşünas Əli Sultanlının doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Deyilənə görə, o dərs deyəndə həmişə dərsləri açıq olurdu, tələbələr bir yana, ədiblər də gəlib onun mühazirələrini dinləmək, bəhrələnmək istəyirdilər.
Ədəbiyyatşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əli Abdulla oğlu Sultanlı. O, 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində anadan olub. 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Şərq fakültəsini bitirib, oradaca müxtəlif vəzifələr alıb, 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini vəzifəsində çalışıb. Əli Sultanlı Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə “M.F. Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi olub. 1945-ci ildə o, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmlər doktoru alimlik dərəcəsi, 1947-ci ildə professor adı alıb.
Əli Sultanlı Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir, xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üçcildlik, monumental “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin əsas müəlliflərindən və elmi redaktorlarından biridir. Ə. Sultanlı SSRİ Ali Sovetinin fərmanı və Əmək igidliyinə görə medalı ilə təltif olunub.
Böyük alim 1960-cı il iyul ayının 18-də Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Konstantin Balmont: “Poeziya sehr kimi”
Məti Osmanoğlunun tərcüməsində
“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun tərcüməsində rus poeziyasının zirvələrindən sayılan Konstantin Balmontun “Poeziya sehr kimi” məqaləsini təqdim edir.
Güzgüdə əks olunan güzgü, iki əksi qarşı-qarşıya yerləşdirin və onların arasına bir şam qoyun. Şamın alovu ilə şölələnən iki dibsiz dərinlik getdikcə dərinləşdirəcək, biri digərini dərinləşdirəcək, şamın alovunu zənginləşdirəcək və onları bir yerdə birləşdirəcək. Bu, şeirin obrazıdır.
Bir-biri ilə əlaqəsi olmayan, lakin bir qafiyə ilə şölələnən iki misra ahəngdar şəkildə qeyri-müəyyənliyə və məqsədsizliyə gedir və bir-birinə baxa-baxa dərinləşir, birləşir və ahənglə şəfəq saçan vahid bir bütövlük yaradır. Üçlüyün bu qanunu, ikinin üçüncü ilə birləşməsi bizim Dünyamızın əsas qanunudur. Güzgünü güzgüyə yönləndirərək dərindən baxsaq, hər yerdə oxuyan qafiyə tapacağıq. Dünya çoxsəsli musiqidir. Bütün dünya heykələ dönmüş bir misradır.
Sağ və sol, yuxarı və aşağı, hündürlük və dərinlik, yuxarıdakı Göy və aşağıdakı Dəniz, gündüz Günəş və gecə Ay, göydəki ulduzlar və çəmənlərdəki çiçəklər, ildırımlı buludlar və nəhəng dağlar, gözişləməz düzənliklər və sərhədsiz fikir, havadakı tufanlar və ruhdakı fırtınalar, qulaqbatıran göy gurultusu və qulağa güclə çatan çay səsi, qorxunc bir quyu və dərin bir baxış – bütün dünya ikiliyə əsaslanan bir uyum, nizam, harmoniya içindədir, gah səslərin və rənglərin sonsuzluğuna dalır, gah da ruhun daxili bir himninə, ayrıca bir ahəngdar mənzərənin vəhdətinə, sağın və solun, yuxarının və aşağının, zirvənin və uçurumun ucsuz-bucaqsız müxtəlifliyini özündə cəmləşdirən bir Mənin hər şeyi əhatə edən simfoniyasına qovuşur.
Bir günümüz iki yarıya – gündüzə və gecəyə bölünür. Günümüzdə iki parlaq şəfəq var, səhər və axşam şəfəqləri, biz gecədə toranlığın qatılaşan və seyrəkləşən ikiliyini bilirik və həmişə varlığımızdakı başlanğıcın sonla qovuşduğu ikiliyinə arxalanırıq, gümüşü ulduzlar səpələnmiş qara məxmər yolda səhərdən axşama qədər aydınlığa, parlaqlığa, ayrılığa, genişliyə, həyatın çoxluğu ilə kainatın ayrı-ayrı hissələrinin rəngarəngliyi duyğusuna, ala-toranlıqdan ala-qaranlığa doğru gedib böyük sükut məbədinə, mənzərənin dərinliyinə, vahid bir xorun, bütöv bir Ahəngin dərkinə daxil oluruq. Həmin dünyada gecə-gündüz o ahəngi səsləndirə-səsləndirə ikini bir araya gətiririk, ikiliyi həmişə bütövlüyə çeviririk, birləşdirən düşüncəmizlə, onun yaradıcı toxunuşu ilə bir neçə simi səsli bir alətdə birləşdiririk, əbədi ayrı olan iki böyük yolu bir araya gətiririk, onlar qafiyədə öpüşən iki ayrı misra kimi ayrılmaz ahəngdə birləşirlər.
Səslər və əks-sədalar, hisslər və onların yaratdığı xəyalat,
Yaradıcılığın sirri, yeni yaranmış misra.
Bir yaz səhərində leysan yağışının təzəcə yağdığı və selin bütün su tutarlarından daşdığı zaman gərginləşmiş qulağımıza bəzən kristal bir səs gəlir – damın harasındansa düşən damlalar uzun müddət yüngül cingilti ilə bir-birini təqib edir, su yığıntısının altından gələn bu səs fikirlərdə əks-səda verərək insan düşüncəsini bir xəyaldan başqasına, bir daxili xülyadan yeni xülyaya aparır, bu xülya getdikcə genişlənir, kiçik ilə böyüyü, fərd ilə dünyanı qovuşdurur. Bir damcı səslənərək Dünya haqqında danışır, bərq vuran bir damlada göy qurşağının bütün rəngləri cilvələnir. Beləcə misra doğulur, ahəngdar obraz yaranır, insan özünü Dünyada görür, əks olunan Dünyanı da özündə tapır.
İnsan həm damladır, həm də Dəniz. Dənizdə nə qədər xəzinələr var! Mərcan meşələri, ağ, mavi, çəhrayı, qırmızı, sarı, göy və sirli yosunlar, kürəyində xaç təsviri olan, müxtəlif nöqtə və xətlərin bir-birilə kəsişdiyi naxışlı meduza var - və dəniz suyunun ənginliklərində rəngarəng formada balıqlar qaçışır, elə orada kəskin qısqacları olan dəhşətli canlılar sürünür. Gecə bənövşələri üzür, kiçik avarlara oxşayan üzgəcləri ilə hərəkət edir, onlar gündüzlər Dənizdə qırmızımtıl talalar əmələ gətirir, gecələrsə fosfor işığı ilə işıldayırlar və bu işıq dalğada yellənib daha güclü alovlanır, sülhməramlı Dənizdə şüa saçan kökayaqlılar yaşayır, onların naxışlı üzləri cilvələnir, tikan-tikan kiçik şəffaf toplar, canlı torlar, dəbilqələr və fənərlər, canlı səbətciklər, zənglər, minlərlə xırda məxluqlar - hamısında da mahnı var, onların hər qatarı bir misradır.
Dərinliklərindəki formaların səssiz musiqisindən ləzzət alan Dənizin üzündə dalğalar nərə çəkir, oyulmuş çanaqları sahilə atır – onlardan bəzilərini insan Dəniztək zəngin olmaq, dəniztək azad olmaq üçün talisman kimi sinəsindən asacaq, bəzilərini qalaq-qalaq yerə atacaq, tapdalayacaq, əzib onlardan hamar yollar salacaq, üçüncü qismini naxışlı, yüngül, kiçik boyunbağıya düzəcək, əyri buynuza bənzəyən, spiral şəklində bükülüb dənizin qorxunc səsini özündə saxlayan dördüncü qismini isə acgözlüklə dodaqlarına toxunduracaq və bu, ilk döyüş şeypuru olacaq, insan onda ilk döyüş havasını çalacaq, havasını təzələmək istəyəndə isə öldürməyə gedəcək.
Təbiətin bütün səslərinin musiqisini dinləyən ibtidai ağıl onları öz içinə yığır. O, tədricən naxış-naxış çoxlaylı ərintilərə qarışaraq daxilində onlardan musiqi yaradır və zahirdə onu ahəngdar sözlə, nağılla, sehrlə, tilsimlə ifadə edir.
Poeziya zahirdə ölçülərə salınmış nitqlə ifadə olunan daxili musiqidir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
İstanbulda Azərbaycan mədəniyyəti və Qarabağ Zəfərinə həsr olunan tədbir keçirilib
İstanbulda Azərbaycan mədəniyyətini tanıtmaq və Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Qarabağdan İstanbula” mövzusunda xalça sərgisi və panel iclas təşkil edilib.
AzərTAC xəbər verir ki, Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi (TÜRGEV) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin əməkdaşlığı ilə ərsəyə gələn proqram İstanbulun Gözəl İşlər Fabrikası (GİF) “Safveti Paşa” mərkəzində baş tutub.
Tədbirin açılışında çıxış edən TÜRGEV-in İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış, böyük mübarizələrin və həsrətin rəmzinə çevrildiyini bildirib.
O, deyib: “Qarabağ yalnız bir torpaq deyil, eyni zamanda, bir millətin əzminin, səbrinin və birlik ruhunun ən böyük nişanəsidir. Xocalıda yaşanan zülm və illər boyu davam edən işğal hamımızı dərindən yaraladı. Lakin bu, eyni zamanda, Azərbaycanın haqlı davasını dəstəkləmək üçün Türk dünyasında daha güclü bir bağın qurulmasına vəsilə oldu. Qarabağda yaşanan zülmü və Azərbaycanın haqlı davasını bütün dünyaya çatdırmaq üçün Türkiyə böyük səylə çalışırdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlət qurumlarımız və vətəndaş cəmiyyətlərimiz “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında oldu. Şükürlər olsun ki, haqq öz yerini tapdı və Qarabağ torpaqları 30 il davam edən işğaldan azad edildi. Bu gün burada Azərbaycanın tarixi və mədəni zənginliyini, Türk dünyasının dərin əlaqələrini sənət vasitəsilə bir daha xatırlamaq üçün toplanmışıq. Sənət millətlərin ruhunu qidalandıran, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini işıqlandıran körpüdür. Bu körpü vasitəsilə millətlər öz kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz mədəniyyətlərini tanıdırlar”.
Tədbir çərçivəsində “Qarabağın tarixi, toxuma sənətindən bu günün sənət sahəsinə uzanan səyahət” mövzusunda təşkil olunan panel iclas keçirilib.
Paneldə Rəssamlar İttifaqının üzvü, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova sərgidəki xalçaların xüsusiyyətləri və hekayələri barədə məlumat verib. Milli parça kolleksiyaçısı və araşdırmaçısı Fuad Cəbrayılov isə “Azərbaycanın ənənəvi Qarabağ qadın geyimləri və tarixi formaları” mövzusunda təqdimatla çıxış edib. “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin qurucu rəhbəri, aktrisa Kəmələ Kamal Cabbarova isə çıxışında Qarabağın xalçaları və mədəni irsi barədə məlumat verib, bölgənin mədəniyyəti, sənəti və tarixi haqqında danışıb.
Proqram zamanı iştirakçılara Azərbaycan və Türk mətbəxinin fərqli bölgələrinə aid nümunələr təqdim olunub.
Tədbirdə Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, o cümlədən dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus Qarabağ Zəfərinə həsr edilmiş “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçaları sərgilənib.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
ALQIŞLAYAQ - bp tarixi Azərbaycan xalçalarının ABŞ-dan Azərbaycana qayıdışına dəstək olub
“Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi" adlı sərgi bu gün Azərbaycan Milli Xalça Muzeyində açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə nümayiş olunan möhtəşəm sənət əsərlərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Bu əsərlər Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsidir və Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq ABŞ-dan gətirilib.
Nümayiş olunan xalçaların əksəriyyəti Azərbaycan xalçalarının dünyada məşhur olan növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Azərbaycanın Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.
Sərginin açılışında çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın bu nadir incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyuruq. İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII-XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”
Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 41 min 400 AZN-dir ($24,350). Bu xərclərin əsas hissəsini əsərlərin ABŞ-dan Azərbaycana və geri daşınması, sərginin təşkili, kataloqun hazırlanması və nəşri təşkil edir.
Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 2025-ci il mayın 10-dək ictimaiyyət üçün açıq olacaq.
XVII-XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət xüsusi sərgiyə bp sponsorluq edir.
Qeyd edək ki, bp şirkəti Azərbaycanda 32 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli, etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Azərbaycanda bp şirkətində təxminən 2401 ölkə vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı vokal janrında söz və musiqinin vəhdətindən söhbət açıb. Bildirib ki, Qərb, rus və Azərbaycan vokal musiqi ənənələrini davam etdirən ifaçılar sənətə öz töhfələrini verirlər. O, yeni vokal ifaçıların tanınmasında festivalın vacib rol oynayacağına ümid edib. Gecədə dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru musiqi nömrələri ilə çıxış edib.
Əməkdar artist Ramil Qasımov və xor kollektivi Siyavuş Kəriminin “Nəsimi operasından Nəsiminin ariyasını və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel”i səsləndiriblər. IV Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Gənclər Kitabxanasında şair Məmməd Aslana həsr olunmuş virtual sərgi
Ötən gün müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın anadan olmasının 85 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə Məmməd Aslanın pedaqoji, tərcüməçilik fəaliyyəti, "Yenilik", "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzetlərinin, "Ulduz", "Azərbaycan təbiəti" jurnallarının redaksiyalarında işləməsi, "Yazıçı" nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olması haqda məlumat verilir.
Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/memmed-aslan-85 yerləşdirilən virtual kitab sərgisində şairin “Seçilmiş əsərləri”, “Varlıqla yoxluq arasında”, “Ağla, qərənfil ağla”, “Sözün özü”, “Səhəri kim açır” kimi kitabların qısa annotasiyası təqdim edilir, dövrü mətbuat nümunələri, Məmməd Aslanın müxtəlif illərdə tədbirlərdə, görüşlərdə çəkilən foto şəkilləri sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Qaziantep, Çauşesku və Çaplin
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
25 dekabr
Katoliklərin Milad bayramı
Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və 25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.
Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.
Çauşeskunun və Yelenanın güllələnməsi
Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.
1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.
1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində 55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.
Qaziantepin azadlığı günü
Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır.
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)
Əbil Əbilovun gündəliyindən növbəti seçmələr
“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş istedadlı gənc Əbil Əbilovun gündəliyindən seçmələri mərhumun atası Etibar Əbilovun təqdimatında nəzərinə çatdırır.
Allah rəhmət eləsin!
Əbilin gündəliyindən. 30 oktyabr 2006.
Böyük Dəmirçi haqqında (Birinci yazı).
...Yenə də Türkçülük barəsində...
İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər.
Oçaq sözü dünya dillərinə ordan keçib yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb. Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub.
Hz.Mevlana "Məsnəvi"də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir, məhv olur. Qətrə-qətrə sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir.
Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: "Məni əşk oduna pərvanə tək, ey şəm yandırma" və s. beytlər.
Nazim Hikmətin belə şeiri var:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq.
Necə çıxar qaranlıqlar aydınlığa...
Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsəydim. Zatən sevgi, amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşması kimi bir şey olacaq.
Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan çıxdıqdan sonra hədəf də var artıq: "Qızıl alma". Yol göstərəni var: "Simurğ" və yaxid "Əbədi Səməndər quşu".
M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında "Böyük Dəmirçi"nin tərəfinə keçməyi bizə tapşırlr. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı...
“Ədəbiyyat və incəsənət”
(25.12.2024)