İstanbulda Azərbaycan mədəniyyəti və Qarabağ Zəfərinə həsr olunan tədbir keçirilib

İstanbulda Azərbaycan mədəniyyətini tanıtmaq və Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Qarabağdan İstanbula” mövzusunda xalça sərgisi və panel iclas təşkil edilib.

 

AzərTAC xəbər verir ki, Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi (TÜRGEV) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin əməkdaşlığı ilə ərsəyə gələn proqram İstanbulun Gözəl İşlər Fabrikası (GİF) “Safveti Paşa” mərkəzində baş tutub.

 

Tədbirin açılışında çıxış edən TÜRGEV-in İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış, böyük mübarizələrin və həsrətin rəmzinə çevrildiyini bildirib.

 

O, deyib: “Qarabağ yalnız bir torpaq deyil, eyni zamanda, bir millətin əzminin, səbrinin və birlik ruhunun ən böyük nişanəsidir. Xocalıda yaşanan zülm və illər boyu davam edən işğal hamımızı dərindən yaraladı. Lakin bu, eyni zamanda, Azərbaycanın haqlı davasını dəstəkləmək üçün Türk dünyasında daha güclü bir bağın qurulmasına vəsilə oldu. Qarabağda yaşanan zülmü və Azərbaycanın haqlı davasını bütün dünyaya çatdırmaq üçün Türkiyə böyük səylə çalışırdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlət qurumlarımız və vətəndaş cəmiyyətlərimiz “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında oldu. Şükürlər olsun ki, haqq öz yerini tapdı və Qarabağ torpaqları 30 il davam edən işğaldan azad edildi. Bu gün burada Azərbaycanın tarixi və mədəni zənginliyini, Türk dünyasının dərin əlaqələrini sənət vasitəsilə bir daha xatırlamaq üçün toplanmışıq. Sənət millətlərin ruhunu qidalandıran, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini işıqlandıran körpüdür. Bu körpü vasitəsilə millətlər öz kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz mədəniyyətlərini tanıdırlar”.

 

Tədbir çərçivəsində “Qarabağın tarixi, toxuma sənətindən bu günün sənət sahəsinə uzanan səyahət” mövzusunda təşkil olunan panel iclas keçirilib.

 

Paneldə Rəssamlar İttifaqının üzvü, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova sərgidəki xalçaların xüsusiyyətləri və hekayələri barədə məlumat verib. Milli parça kolleksiyaçısı və araşdırmaçısı Fuad Cəbrayılov isə “Azərbaycanın ənənəvi Qarabağ qadın geyimləri və tarixi formaları” mövzusunda təqdimatla çıxış edib. “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin qurucu rəhbəri, aktrisa Kəmələ Kamal Cabbarova isə çıxışında Qarabağın xalçaları və mədəni irsi barədə məlumat verib, bölgənin mədəniyyəti, sənəti və tarixi haqqında danışıb.

 

Proqram zamanı iştirakçılara Azərbaycan və Türk mətbəxinin fərqli bölgələrinə aid nümunələr təqdim olunub.

 

Tədbirdə Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, o cümlədən dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus Qarabağ Zəfərinə həsr edilmiş “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçaları sərgilənib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.