Super User

Super User

Thursday, 26 December 2024 09:33

The Beatles, ilk paraşüt, Mao

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günə olan əsas tarixi hadisələri diqqətinizə çatdlırırıq:

26 dekabr

 

Hədiyyələr günü

Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.

 

Nıtik günü

Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.

 

Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao

Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.

Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb.

Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.

1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.

 

Paraşütün sevdası

1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.

Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Lalə Hüseynovanın şeirləri  təqdim edilir. 

 

Eşq nədir

 

Eşq nədir?

Birinə sarılmaqmı?

Yoxsa,

Birinin səni sevdiyinə inanmaqmı?

 

Eşq nədir?

Birini özündən daha çox sevməkmi?

Yoxsa,

Səndən xəbəri belə olmayan birinə

Ruhunu verməkmi?!

 

Mən səni axtarıram 

 

Dolub hicran yaşıyla yenə qəmli gözlərim,

Gözlərimin yaşında mən səni axtarıram.

Mənim ayaq izlərim izlərinə bənd olur,

Bu yolların başında mən səni axtarıram.

 

Gözlərimin önündə durub dumanlı səhər,

Bu dumanlı səhəri mən açmışam birtəhər...

Ayrılandan bəri biz darıxıbdı göy Xəzər,

Tənələr yağışında mən səni axtarıram.

 

Bu sevən ürəyimin ehtiyacı sən oldun,

Bu həyatın özütək şirin, acı sən oldun.

Sağalmayan dərdimin son əlacı sən oldun,

Taleyimin qışında mən səni axtarıram.

 

*

Son dəfə görəm gözəl üzünü,

Son dəfə sarılam bütün gücümlə sənə.

Yenə hiss edəm ürək döyüntünü sinəmdə,

Yenə "küsmə" deyəsən səndən küsənə.

 

Birnəfəsə çəkəm qoxunu içimə,

Təkrar oturaq eyni yerdə, məkanda.

Təkrar tutam o isti əllərindən,

Tale birləşdirmişkən bizi, necə ayrılaq bu anda?!

 

*

Neçə gün gözləyəcəm səni

Sabahım belə bəlli deyilkən?

Neçə mövsüm yarpaq tökəcəm

Qəlbim hər mövsüm qış ikən?

 

Neçə boşqab qoyacam süfrəyə,

Mən açlıqdan ölərkən.

Neçə gün daha gözləyəcəm gəlməni

Yeməklər çoxdan soyumuşkən?

 

Neçə ömür gözləyəcəm səni,

Mənim ömrüm tükənmişkən.

Daha neçə insana sarılacam

Sənin saçının telinə toxunmamışkən.

 

*

Birini sevərsən:

Dağdakı çiçək,

Göy üzündəki bulud,

Səmadakı ulduz qədər xoşbəxt olarsan.

 

Sevdiyin birini itirsən:

Bir daha əsla olmazsan,

Dağdakı çiçək,

Göy üzündəki bulud,

Səmadakı ulduz qədər xoşbəxt...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

 

AzərTAC xəbər verir ki, təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Dövlətimizin başçısı müşavirədə çıxış edərək deyib:

-Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbir diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.

Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.

Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.

Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbir diləyirəm. Sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin Natəvan klubunda 24 dekabr 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.

 İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd xüsusən gənc nəsildə sağlam davranışların formalaşdırılması, zərərli vərdişlərin həm sağlamlığa, həm də cəmiyyətin inkişafına mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılmasıdır.

AYB-nin katibi Elçin Hüseynbəylıi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı Nazilə Gültac, AYB-nin Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək bildiriblər ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.

“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçıları – Azər Qismət, Coşqun Xəliloğlu, Nemət Mətin, Günel Mehri, Qafar Cəfərli, Rövşən Qaragözov, Ruzbeh Məmməd, Məlahət Hümmətqızı, Nazilə Gültac və Tural Cəfərli qalib elan olunub. Onların hekayələrindən ibarət “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr toplusu nəşr olunub. Kitabda yer alan hekayələrdə narkotik maddələrdən istifadənin acı nəticələri təsvir olunub, sağlam həyat tərzi seçmək təbliğ və təşviq edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Fiziki məhdudiyyətli insanlar cəmiyyətə necə adaptasiya olunurlar? Əlbəttə ki, maraqlı mövzudur. Həm də aktual! 

 

Dekabrın 23-də Sumqayıt Dövlət Universitetində Mükəmməllik Mərkəzinin təşkilatçılığı və İnklüziv Təhsil Mərkəzinin dəstəyi ilə rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filmi nümayiş olunub. 

 

Film Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyat hekayəsindən bəhs edir. Universitetin Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev çıxışında "Problem yoxdur" sənədli filminin inklüziv cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, film vasitəsilə Alik öz həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edərək, “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə ötürür.O, həmçinin SDU-da inklüziv tələbələrə xüsusi diqqət göstərildiyini və onların təhsil mühitində bərabər imkanlarla təmin olunduğunu nəzərə çatdırıb. Sonra tədbirin təşkilatçısı Pərvanə Seyidli və inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxış ediblər. Onlar tədbirin əhəmiyyəti və inklüziv təhsilin cəmiyyətə təsiri barədə fikirlərini bölüşüblər. Tədbirin növbəti hissəsində inklüziv sahədə istedadlı gənclər rəqs və musiqi nömrələri ilə iştirak edərək tədbir iştirakçılarına xüsusi bir təəssürat bəxş ediblər. Filmin nümayişindən sonra yazıçı-psixoloq İlqar Kamil, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov, "Ümidlə gəl" xeyriyyə layihəsinin rəhbəri və sosial məsələlər üzrə TV eksperti Hacı Quliyev, həmçinin yazıçı Almaz Bəyazid filmin gənclərə motivasiya baxımından əhəmiyyətini vurğulayıblar. Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranma prosesindən danışaraq, hər kəsə təşəkkürünü ifadə edib. Təqdimatın sonunda Mükəmməllik Mərkəzi adından rejissor Elçin Ağazadəyə xatirə hədiyyəsi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdə yaşayan Xosrov Barışandır.

 

 

Xosrov Barışan

Təbriz

 

YENİ BİR RİTM

 

Qaranlığı mən yazmadım gecəyə,

Gözlərin yazdı...

Bax... Həkk olunur ürəyim bu tıxaclarda.

Sol döşümə mayın qoydu səsin.

Səsin ortadoğuda gurultudur

Savaş uçaqları tanrısı.

Toxunduqca sənə çatan yolların nəbzinə

Şeir olub partlayıram.

Dilim məsum,

Anasız bir uşaqdır, itkin olub.

Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.

Susuz quyuların dibində səsləndi kəlmələrim!

Sözlərin gözlərindən su içirdilər.

Yox sən Yusif deyilsən ki...

Səni göstərən barmağımı kəsdilər,

Ah... barmağım kimliyimi qanıtlayardı.

Güzgülərdəki üzlərdə itdi gözlərim.

Əh nə qədər əlləşsəm də

O müqəddəs adını

Şeirlərimdə səsləndirə bilməyirəm

Kəlmələri pozaraq tükənən silgilər şahid.

Hanı, hanı mənim izlərim?

Söz vermişdim

Bu şəhərdəki tabuları birlikdə

Sındıracağıq sevgilim

Ancaq yolumuzun tabloları sındı, nə yazıq!

Bura Təbriz

Min üç yüz doxsan beşin ikinci ayı

Qar yağır, qar...

Şəhərin üzü ağarır, ağarır hey

Qar danaları göyərçinlər

Yuxularımı sənə aparırlar.

Çürüyür ürəyim bu vicdansızlıq havasında

O qədər qışsan ki,

Tüpürsəm üzünə donar arzularım.

Sən bir qar adamı

Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.

Qələmim pomada vurar məni çağıran dodaqlarına.

Qələmim al-qırmızı...

Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.

Sus... Sus...

Danışsan genişlənər ölümün sərhəddi!

Artıq qucağımdasan, qollarımdasan.

Böyüdüm otuz üç yaşındayam.

Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!

Yatağımdasan

Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...

Əmir...

Əmir...

Əmir bazarından sənə sırğa alanmadım.

Pulum yox,

Axı şairəm. Tacir deyilim ki səni satanmadım.

Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.

Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.

Təbim var.

Sən Təbrizim ola bilməzsən.

Əriyəcəksən, itəcəksən.

Yenidən göyərməyəcəksən!

Və bu şeir sonsuzadək

Islaq qalacaq göz yaşlarımda!

Yorğunam. Çox yorğunam, artıq

Gecənin saçlarını daramaqdan.

Hörüklərinə ilişib ayaqlarım.

Kimliksiz bir dəliyəm.

Sən Leylam deyilsən ki...

Məni torpağımın ürəyinə quylayın lütfən.

Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,

Ürəyimə su səpir,

Şeir gələndə toz olmayır.

Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...

Xış... xış... tap... tap...

Yeni bir ritmdir bu

Səni sevirəm musiqisindən.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Fəaliyyətə başlamaq

Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».

Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.

Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.

Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.

Nəticə əldə etmək

Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.

Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.

Hələlik isə bir şey deyim:

Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə daha iki tanınmış azərbaycanlının doğum günü təsadüf edir. Onlar da Əli Sultanlı və Əlisattar Atakişiyev kimi eyni gündə doğulublar, 1931-ci ilin dekabrının 25-də.

Görkəmli kitabşünas və bioloq...  Gəlin bir-bir bu şəxslərə ayıraq.

 

Görkəmli alim Abuzər Xəlilov

Kitabşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Abuzər Xələfov. 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olan Abuzər müəllim SSRİ məkаnındа kitаbхаnа işinin tаriхi sаhəsində ilk еlm­lər dоktоru kimi şöhrət qаzаnıb və Аzər­bаycаn kitаbхаnаşünаslıq еlmi məktəbinin əsаsını qоyub. Rеspublikаmızdа ХХ əsrin 60-cı illərindən bаşlаyаrаq kitаb­хаnаşünаslıq və bibliоqrаfiyаşünаslıq sа­həsində dоktоrluq və nаmizədlik müdа­­fiə еtmiş аlimlərin dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi məktəbinin yеtirmələridir. O, “Kitаbхаnа işi hаqqındа” Аzərbаycаn Rеspublikаsı qаnununun lаyihəsini hаzırlаyаn işçi qrupunun sədri, BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki olub. Görkəmli alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyаnın, 30-dаn аrtıq kitаbın - dərslik və dərs vəsаitlərinin müəllifidir. 2001-ci ildə Аmеrikа Biоqrаfiyа İnstitutunun nəşr еtdirdiyi “Görkəmli lidеrlərin bеynəlхаlq sоrаq kitаbı”nın ХI nəşrinin nоminаntı sеçilib, fəхri fərmаn və qızıl mеdаllа təltif еdilib. O, Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı yüksək xidmətlərinə görə 1969-cu ildə “Əməkdаr mədəniyyət işçisi”, 2000-ci ildə “Şöhrət”оrdеni, 2001-ci ildə “Əməkdаr еlm хаdimi”, 2005-ci ildə “İlin müəllimi” fəхri аdlarına layiq görülüb, 2019-cu ildə “Şərəf” оrdеni” ilə təltif edilib. Abuzər Xələfov 2020-ci il aprel ayının 27-də Bakı şəhərində vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub, ruhu şad olsun!

 

Görkəmli bioloq Qara Mustafayev

Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, böyükdən kiçiyə hər bir azərbaycanlıya “Təbiəti sevənlər” proqramından tanış olan Qara Mustafayevin də doğum günüdür. Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olan, ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən, aspiranturada təhsilindən sonra 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcələrini və sonra professor elmi adını alan Qara müəllim elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox medal, fəxri fərman, diplom və digər mükafatlarla təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib, "Şöhrət Ordeni"nə layiq görülüb. 2018-ci ilin 8 oktyabrında dünyasını dəyişmiş böyük alimimizə allahdan rəhmət diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

Siz lirik əsərlərdə, lirik mahnılarda özünüzü tapmısınız. Biz də artıq sizi belə qəbul etmişik. Ritmik mahnılar ifa etməməyiniz xarakterinizdən irəli gəlir?

 

Düz düşünürsünüz. Lirik əsərlərdə, lirik mahnılarda, bəli, özümü tapıram. Nəinki lirik mahnılar və lirik əsərlər siz diqqət etsəniz mənim ifa etdiyim əsərlərin içində çox etnik səslər, etnik musiqi janrı var. Özümüzün milli və bəstəkar mahnılarımızın ritmini dəyişmək, aranjıman etdirmək, başqa tərzdə, içimdən gələn formada oxumağı çox sevirəm, çox bəyənirəm. Ritmik mahnılara gəldikdə isə düzdü mən oxumuşam, mənim repertuarımda var. Amma o cür deyil ki, mən oxuyum insanlar qalxsın oynasın. Yox. Elə gözəl ritmik mahnılar da var ki, həqiqətən insanın necə deyərlər kefini, əhval-ruhiyyəsini düzəldir. Amma o demək deyil ki, həmin mahnılara toyxana mahnıları kimi yəni həmən qalxıb oynanılmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

Wednesday, 25 December 2024 16:11

“Qəlpə” - TURAL CƏFƏRLİNİN HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalı gənc yazıçı Tural Çəfərlinin yeni yazdığı “Qəlpə” hekayəsini təqdim edir.

 

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı.Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər. Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünü silən qocalar, əllərində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.

Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi... Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

- Cek London, Drayzer, Tven...- Əsgər Ağayevin xırıltılı səsi palatada sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev tavanda hörümçək toruna gözünü zilləyib sayıqlamağa başladı.

- Su, su, su verin... Ağayevin səhra çölünə dönən dili ağzında qurumuşdu.

 Tibb bacısı dəmir stəkanda suyu Ağayevə uzatdı. Bir qurtum su içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...

Ağayev filologiya fakültəsini keçən il bitirmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmişdi. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə... Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi...

Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu:

-Əsgər, kitab oxuyursan?

-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.

-Kimləri oxuyursan?

-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu... Ağayev başını daha da dikəltdi. Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə, bunu şəxsən polkovnik Paşayev əmr etmişdi...

 

***

 

27 sentyabr... Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!

Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.

-İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi...

-“Birinci”, mən “Şahinəm” necə başa düşdün qəbul....

-...........

- Birinci, birinci!!!

-Birinci qəbulda!

-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün qəbul!

-........

 

***

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişinin görüntüsü ətrafa vecsiz bir görüntü saçırdı. Pencəyinin yaxası qədimi orden və medallarla dolu idi. Elə bil üstündə dəmirdən çiçəklər açmışdı... Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçir, bu vecsizliyin fərqinə varmırdılar. Əsgər Ağayevin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl- ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı...

 

***

-Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.

-Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.

 Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi buza dönmüş dağ kimi böyüməyə başladı…

Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O, nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü. İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı...

Palata on səkkiz... Tibb bacısının üzünə qonan kədərin bir adı var: “Ölüm”... Bu adı heç kim eşitmək istəmir, xəbəri özündən uzaqlaşdırmaq üçün var-gəl edir, addımlarının sayını çoxaldırdı . Cərahiyyə otağından qara bulud kimi dolan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı...

 

***

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin Vətən eşqi ilə döyünən ürəyinin döyüntüsü kilidə düşdü. Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…

 “Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır… Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven

göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi… Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.