Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Füzuli günləri davam edir.

 

 

...Dünyanın qəm yükünü dünyadan alan, cahanı dərddən təmizləyən karvanın adı – poeziyadır və onun da “karvanbaşı”sı Füzulidir.

Düz beş əsrdir ki, Füzuli xalqının, Füzuli millətinin muradını öz qəsdi, öz qərəzi ilə yandıran fələyi, əvəzində Füzuli də hər dövrdə, hər dəfə bağrının ahı ilə yenidən yandırır və bu gün də şeirin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsl şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.

Bəli, beş əsrdir ki, “Füzuli məktəbi” Şərq poeziyasını təsir orbitindən buraxmır. “Divan”ı, “Leyli və Məcnun”u isə xüsusən türk və islam xalqlarının, istisnasız, bütün nəsillərinin sənət, fəlsəfə, etika və əxlaq ənənəsini özündə birləşdirən vahid bədii dövriyyədə fasiləsiz iştirak edir. Hər nəsil hər yeni dövrdə bu irsə yenidən qayıdır. Hər dəfə də Füzuli irsi keçmişin və tarixin yox, müasirliyin beynəlmiləl sərvəti kimi yenidən dərk olunur.

...Məzhəb, irq, din, dil qardaşlığı. Ruhani və bəşəri problemlər. dünyəvilik və ilahilik, Tanrı eşqi və insan sevgisi, planet və kosmos, ekologiya və poeziya ... Füzulidə, bəlkə də, başqa heç kəsdə olmayan qədər bütövlük və ahəng təşkil edir, bu gün də dünyanı mənəvi vəhdətə və harmoniyaya çağırır...

 

***

 

Azərbaycan (bütünlükdə türk) poeziyasını Füzulidən əvvəlki və sonrakı dövrlərə ayırmaq olar. Həmin dövrlər arasındakı fərq milli-mənəvi və bədii-fəlsəfi fikrin tarixində Füzulinin şair-mütəfəkkir xidmətindən yaranmışdır. Məhz Füzulidən sonra şeirin və bədii-fəlsəfi fikrin tarixində çox “çətinlər asana çevrilmişdir”...

Çətini asan etməkdə Füzuli hünərinin ən möhtəşəmi şairin türk dili qarşısında xidmətləridir.

Poeziyada və nəsrdə türkcəni də Şərqdə hakim elitar dil səviyyəsinə qaldırmaq!.. Füzulinin qarşıya qoyduğu və əməli şəkildə sona qədər çözələdiyi milli ədəbi-tarixi missiya bu olmuşdur... Milli dilin tarixində və taleyində şairin rolunu və missiyasını hələ heç kəs bu qədər dərindən başa düşməmişdi. O hətta təziyədarlığa dilin mənafeyi və taleyi mövqeyindən yanaşır, “Hədiqət-üs-süəda”nı ona görə qələmə alır ki, hətta təziyə mərasimləri də türkcə icra olunsun: “Mən ərənlərin himməti ilə belə düşünürəm ki, kitabı türkcə bitirəcəyəm”.

Hətta Mövlanəni doğma ana dilinə çevirir. “Hədisi-ərbəin”i türkcəyə tərcümə edir. Nəhayət, ən yaxşı əsərini ən doğma dildə – ana dilində, türkcə yazır – “Leyli və Məcnun”u. Ərəb torpağında ərəb süjetini türk dilində qələmə alır! Bu – ikiqat, üçqat dil hünəri idi. Axı bu vaxta qədər Məcnun elə məhz Bağdadda, elə məhz ərəbcə dil açmışdı. Hətta Gəncədə də bizimlə farsca danışmışdı. İndi isə ərəb dilli Məcnun, özü də Ərəbistanın lap göbəyində bizimlə türkcə danışırdı!.. Nizami doğma yurdda başqa dillə, Füzuli – başqa məkanda doğma dillə yazır!..

Nizamini və Xaqanini türkcə yazmamış Füzuliyə bənzətmək olar... Nizami və Rumi türkün təfəkkürü ilə, Füzuli isə türkün həm təfəkkürü, həm də dili ilə islam oyanışına xidmət etdi...

Şair türklüyün həm sənət, həm də dil gücünü eyni vaxtda göstərir. Bu imkanları vəhdətdə ifadə eləyə bilmək Füzulinin şəxsində türkcənin azəri qoluna qismət olur. Şairin dil stixiyası təpədən-dırnağa oğuz-azəri stixiyasıdır.

... Füzuliyə qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh dili kimi daxil eləmişdilər. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu!..

Füzuli, ümumiyyətlə, sözə, dilə ruhani münasibət bəsləyir, onu “uca dərgahdan gələn feyz” hesab edir: “Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli bir cövhər tapmadım...”

Füzulinin qədim türk dünyasında məhz sözlə yenidən yaratdığı vahid bədii məkan indi də qalmaqdadır...

 

***

 

Füzuli eşqini kədərdən də ayırmaq olmaz, əksinə, Füzuli dərdinin miqyasını yalnız onun kədərinin miqyası ilə müqayisə etmək olar. Ondakı “Qəm və Mən” nisbətini aşağıdakı misra çox dəqiq ifadə edir: “Mənəm ki, qafiləsalari-karvani-qəməm”. Dünyanın itən qəmləri gəlib Füzulinin sarvan olduğu karvanda cəm olub. Nəinki Məcnun, hətta Leyli qəm daşıyan və dünyanın dərdini dünyadan azaldan qəhrəmandır...

Füzuli – sözün fəlsəfi mənasında məhəbbət dininin, bütün dünya miqyasında taysız və təkrarsız bir eşq təliminin banisi – filosofu və şairidir.

 

***

 

Əgər peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbərdirsə, peyğəmbər aşiqlərinin sonuncusu – Məhəmməd Füzulidir. Daha doğrusu, o, bütün dövrlərin ən böyük aşiqi, eşqdə özünə qədərkilərin, əzabda özündən əvvəlkilərin hamısının məcmusudur. Bütövlükdə şeirin və bəşərin “eşq və qəm” tarixini öz fərdi ömründə, öz şəxsi tərcümeyi-halında tək (!) yaşayır:

 

Məcnun oda yandı, şöleyi-ah ilə pak,

Vamiq suya batdı əşkdən oldu həlak.

Fərhad həvəs ilə yelə verdi ömrün,

Xak oldular onlar, mənəm imdi ol xak.

 

Füzuli özünü yalnız “aşiqlərin və əzabkeşlərin varisi” elan etməklə böyük təvazökarlığa yol verir, əslində, o, ilahi və bəşəri, bədii və fəlsəfi ənənədə o vaxta qədərki bütün islam və Şərq kültürünün varisi və yekunu idi. Üç dildə – ərəbcə, farsca və türkcə yazıb-yaradan Füzulinin timsalında Şərqdə poeziya intibahı ilk dəfə idi ki, bu miqyasda və bu zirvədə mənəvi vəhdət, bütövlük, vahid bədii, fəlsəfi. estetik məkan kəsb edirdi...

Füzuli “Divan”ı da mənəvi məsciddir, mehrabdır, Allah evidir!.. Bu mehraba girib təmizlənməmək, Füzulinin “vəhdət şərabı”ndan içib bu eşqin hökmünə, bu ruhun sehrinə tapınmamaq qeyri-mümkündür. Artıq beş yüz ildir ki, müqəddəslik Füzulinin poeziya mehrabına daxil olub... İlahi, işıqlı, müqəddəs ruhun qızaran dan yeri, mənəvi etiraf və tövbənin əbədi məkanı bizim üçün yenə də Füzulidir...

 

***

 

Füzulidə “eşq” sözü də “elm” sözünün özü, onun daha ali mərtəbəsi deməkdir... Füzuli altmış üç il ömür sürür və əli qələm tutan gündən ta son ana qədər qələmindən sızan “eşq” sözü olur... Qəm Füzulinin ən böyük sərvətidir... Füzuli özünü əvvəl Aşiq, sonra şair hesab edir. “Leyli və Məcnun” – eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, “məcnunlaşan” (M.Əmin) şeirin özüdür... Aşiq kimi də, şair kimi də Füzuliyə ən dəqiq qiymətlər elə Füzulinin özündə var... Bütün “Divan” boyu Füzuli şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin yox, aşiqlərin arasında tapır... Füzuli özünü bütün dövrlərin ən böyük “aşiqi”, “eşq elminin müdərrisi” sayır, başqa aşiqlər hamısı bu külldən, “şərarədən” bir zərrədir... “Aşiqi-sadiq” Füzuli özüdür, Məcnunun isə “ancaq adı var”.

...Füzulinin adı da ilahi haləyə bürünən və islamda müqəddəs sayılan imzadan götürülüb – MƏHƏMMƏD; hətta doğulduğu yer də dünyada ən nüfuzlu ziyarət ünvanlarından biridi – KƏRBƏLA. Qəbri də İmam Hüseynin türbəsindədir.

Bütün bunlar az imiş ki, üstəlik, şairin gündəlik məşğələsi, sənəti, peşəsi də gəlib ilahilik və müqəddəsliklə bağlanır: Füzuli şah sarayında yox, peyğəmbər dərgahında xidmət və qulluq göstərir...

...Düz beş əsr keçib, amma indi də Şərqdə şairlər ilham çırağını Füzuli şamından yandırırlar!..

Füzuli bütün əsərlərini vahid bir “Eşqnamə” kimi yazıb. Bu “eşqnamələrin” ən gözəli olan “Leyli və Məcnun” dünyada çoxdur, amma ən yaxşı Leyli və Məcnunu gəncəli Nizamidən sonra bağdadlı Füzuli yaradıb... Hər iki Leylinin və Məcnunun tarixi-coğrafi vətəni – ərəb İraqı, bədii vətəni – Azərbaycan olub...

Eşq beşiyində paklıqla tərbiyələnən” Füzuli “Şikayətnamə” yazanda yox, “Eşqnamə” yazanda qat-qat ulu mütəfəkkir və qat-qat ulu sənətkardır...

Rum ilə və Əcəmlə, Kərküklə və Təbrizlə, Göyçə ilə, Borçalı ilə, Dərbəndlə, Şuşa ilə ...həmişə bir yerdə, bir canda yaşadığımız dünya – Füzulidir!..

1993–1994

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

Friday, 27 December 2024 10:02

İçimizdəki ulduzlar - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyat bəzən çox mürəkkəb və qarışıq olur. Bir çoxumuz daxili aləmimizdə böyük bir boşluq hissi ilə mübarizə aparırıq. Bu hiss, bəzən başqalarının gözündəki qiymətlərlə, diqqət mərkəzində olma arzusuyla qarışır. Amma ən gözəl şey, insanın özü ilə barışmasıdır; başqalarının təsdiqlərinə ehtiyac duymadan, içindəki əsl gücü və işığı tapmaqdır.

 

İçimizdəki ulduz, çox zaman özümüzü itirdiyimiz anlarda parlayır. Bu ulduz həyatın hər anında gözə çarpmır, lakin qarışıq, çətin dövrlərdə heç gözləmədiyimiz anlarda üzə çıxır. Bəzən həyatın ağırlığı altında əyilərkən, daxili gücümüzü tapmağa ehtiyac duyuruq. İçimizdəki işığı görmək, həyatın mənasını dərk etmək və hər şeyə rəğmən irəliləmək üçün həmin ulduzu axtarırıq.

Bu işıq heç vaxt başqalarının baxışlarında, sözlərində ya da təsdiqlərində tapılmır. Həqiqi güc, hər birimizin daxili dünyasında gizlənir. Hər birimiz bir ulduzun izini daşıyırıq, amma onu tapmaq üçün əvvəlcə özümüzə inanmalı və daxili sükunəti bərpa etməliyik. Əslində, bu ulduz sadəcə bir işıqdan ibarət deyil, eyni zamanda hər birimizin zəifliklərini və güclərini birləşdirən bir varlıqdır. O, yalnız ruhumuzun ən dərin nöqtələrində mövcuddur və biz onu yalnız özümüzü qəbul etdikdə, başqalarından gözləmədən sevgi və mərhəmət göstərdikdə görə bilərik.

İçimizdəki ulduz parladığında, bizə göstərir ki, həyatda nə qədər çox çətinliklə qarşılaşsaq da, əslində güc və parıltı bizim içimizdədir. Ulduz bir çoxlarının bizi yargılamasına, anlayışsızlığa, zəifliklərə qarşı dayanıqlı olmaq üçün hər birimizə həyat verir. Biz, həqiqətən də, yalnız öz daxilimizə, gücümüzə və inamımıza güvənərək irəliləyə bilərik.

İçimizdəki ulduzları tapmaq, sadəcə həyatın bütün yükü ilə barışmaq deyil, həm də hər anımızı daha dəyərli, daha mənalı etmək deməkdir. Bu, yalnız fiziki güc və şüurla deyil, eyni zamanda ruhun azadlığı ilə də bağlıdır. Ulduzumuz, sadəcə həyatımızın səhifələrindəki kiçik bir işıq nöqtəsi deyil, bütün kainatın ruhumuzda əks olunan bir təsviridir. Biz, hər zaman özümüzə inanmalı, daxili aləmimizi kəşf etməli və içimizdəki bu ulduzu tapmalıyıq. Həqiqi parıltı, yalnız içimizdən gələndir.

Beləliklə, içimizdəki ulduzu tapdıqca, həyatın hər çətinliyinə qarşı daha möhkəm duracağıq. Ulduzlarımız bizə göstərir ki, həyatın ən qaranlıq anlarında belə, işıq heç vaxt uzaqda deyil; biz onu öz içimizdə tapırıq və onu həyatımıza yönəldirik. 

Hər birimizin içindəki ulduz parladıqca, dünya daha işıqlı və daha ümidli bir yerə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.

 

 

Xosrov Barışan

Təbriz

 

PƏNCƏRƏM

 

Göm-göy gözlərini asdım pəncərəmə!

Bir quş çəkdim

          Göy üzünə,

Bir qanadı sən..,

Bir qanadı mən;

Uçduqca həyat gerçəkləşir.

Qovuşuruq, ayrılıq.

İndi bütün yollar baxışından keçir.

Umudumuz ölməyəcək.

Uşaqlığım yenə

Kamiyon sürür önümdə;

Sözcüklər daşıyır içimdən dışıma;

Qocalıb şeir yazıram sənə.

 

“Gəcil”də qurdlu meyvədir ürək;

Satılır alanın gözündən gizli!

Buna görə quşğularım quşların qanadında gəzər.

Qızıl qanınızdır “Əmir”də vitrinlərdən axır!

Hər tükan bir həbs selluludur satana!

Buna görə saat qabağında

  Tükan olar yazdıqlarım aldıqlarınıza!

Buna görə insan seçdiyinin toruna düşər!

Buna görə yaxşılıq edincə borclu düşürəm!

 

Bu şəhərin acları

Zibil qabılardan axtarırlar diləklərini!

Yox karıxdırıldım

Bu şəhərin toxları

Zibil qabılardan axtarırlar diləklərini!

Kitablarda itib-itib özümü tapanmayıram!

Ah bu şəhər əynimə dar gəlir!

Buna görə səni geyirəm sözlərimə.

Xoşbəxtlik doğulmaz ətənədir,

                              İçimdə çabalar...

Çabalar...

   Çabalar...

     Bunca çaba

       Sifirə çarpılar!

Gizlin bir yalan kimiyəm!

Buna görə təkamül qatarı gedə-gedə şairliyim qatardan düşür!

 

Sevgi bir qar topu idi, nəmkim atmışdı!

Uşaqlığım

Dığırladıb-dığırladıb böyütdü onu,

Yaşamağın boranında.

 

Hə sonunda,

Son anda

Anladım

Baxışmamız

Aydınlığın partlaması...

Dünyayı uşaqlara verək, yönətsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Bu il Azərbaycanın neft strategiyasının əsasını təşkil edən,  XX əsrin ən əhəmiyyətli hadisələrindən biri kimi “Əsrin müqaviləsi” adı ilə tarixə düşən, Ümummilli lider Heydər Əliyevin böyük və gərgin zəhməti sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında imzalanan ilk neft müqaviləsinin təsis edilməsindən 30 il ötür.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əsrin müqaviləsi-30” adlı elektron məlumat bazası hazırlanaraq, virtual rejimdə istifadəçilərə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada YAP Siyasi Şurasının üzvü Qafar Əliyevin ““Əsrin müqaviləsi” beynəlxalq əhəmiyyətli hadisədir”,  tarix üzrə fəlsəfə doktoru Pərviz Səfərovun “XX əsrin 90-cı illərinin birinci yarısında Azərbaycan Respublikasının Rusiya, İran, Türkiyə ilə Xəzərin enerji ehtiyatlarının işlənməsi sahəsində əməkdaşlığı” kimi məqalələrin tam mətni ilə yanaşı “Heydər Əliyev və Əsrin müqaviləsi”, “Əsrin müqaviləsi haqqında”, “Rəsmi sənədlər”, “Neft startegiyası” kimi keçidlər də mövcuddur. Elektron bazada neft strategiyası mövzusunda Azərbaycan, ingilis və rus dillərində çap edilən kitab və məqalələrin siyahısı, virtual kitab sərgisi, foto və videoqalereya da sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan Evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır,  yaralananlara şəfa arzulayırlar.

Bütün dünyada yaşayan azərbaycanlılar hər zaman olduğu kimi belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan Evləri həqiqətlərimizin dünyaya çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi öyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərində birliyimizi nümayiş etdirən məkanlardır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

 

 

 

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) Yusif Səmədoğlunun doğum günü idi. (25 dekabr 1935, Bakı - 17 avqust 1998, Bakı)

Tarixdə “Qətl günü” romanı ilə qalmış məşhur yazıçının doğum gününə növbəti qətl gününün təsadüf etməsi - baş vermiş o dəhşətli təyyarə qəzası - sübut etdi ki, “Qətl günü” hələ də davam edir. 

 

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş (1953), həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969), baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı məlumatı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

1998-ci il avqustun 17-də vəfat etmişdir.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq yazıçısı Elçinin yeni hekayəsi təqdim edilir. 

 

...sonra buludlar yavaş-yavaş dağılmağa başladı - həmin bazar günü səhərdən yağmaq istəyirdi, amma yağa bilmədi - və o, eləcə açılan göy üzünə baxa-baxa heç nə fikirləşmirdi, heç nəyin fərqində deyildi, bir az üşüyürdü, ancaq bu üşüməyin də nə olduğunu, yəqin dərk edə bilmirdi. Gəlin nazik yun adyalı gətirib, onun çiyninə salanda, təəccüblə qadına baxdı, nəsə demək istədi, ancaq görünür, nə deyəcəyini yadından çıxarıb, heç nə demədi, sadəcə gözlərini yumdu.

Onun üçün ən rahatı gözlərini yummaq idi və gözlərini yumanda onun içində elə bir duyğu yaranırdı ki, elə bil, azaddır, uçur, ancaq hara uçur, niyə uçur - fərqində deyildi. Əslində bu onun üçün heç maraqlı da deyildi - xoş, zərif, xəfif uçuşun doğurduğu hissiyyatın özündə də elə bir zəriflik, xəfiflik vardı ki, elə bil, babanın bütün ruhu təzələnir, təmizlənirdi, ancaq onun üçün ruhi bir rahatlıq, ya rahatsızlıq yox idi, bu, sırf cismani bir rahatlıq idi.

Həmişəki o qarğa yenə uçub gəlib, elə həmişəki də budağın ucuna qondu və gözləri hələ də yumulu baba, qəribədir, elə bil, bunu hiss etdi və gözlərini açıb, budağın hündürlüyündən qara gözlərini babanın əyləşdiyi eyvana sarı zilləmiş qarğaya baxdı.

Sonra da qarğa qarıldamağa başladı.

Gəlin yenə eyvana çıxıb, onun qabağına bir stəkan çay qoydu və baba gözlərini qarğadan çəkib, açıq-aşkar bir narazılıqla qadına baxa-baxa:

- Sən kimsən? - soruşdu.

Gəlin:

- Mən sənin gəlininəm, ay baba, - dedi və həmin payız günü neçənci dəfə də təkrar etdi: - Gəlinin. - Və babanın eləcə sual dolu baxışlarını görüb: - Sənin nəvənin arvadıyam, da... - dedi. - Həyat yoldaşı.

Ancaq baba üçün gəlinin bu izahatının heç bir əhəmiyyəti yox idi və bu dəfə rəngi itərək tamam bozarmış gözlərini diqqətlə gəlinin gözlərinin içinə zilləyib:

- Yadına gəlir, Kübra necə çörək bişirirdi? - soruşdu.

Gəlin həmişəki kimi tələsik:

- Hə, əlbəttə, yadımdadı, - dedi və otağa keçdi.

Bu qadın hələ 40-45 il əvvəl bu evə gəlin gələn vaxtdan baba yaddaşını itirirdi, sonra da 30 ildən çox idi ki, elə bu vəziyyətdəydi - eləcə eyvanda oturub, öz dünyasına baxırdı və elə bil, o da bu küçədəki binalar kimi məhəllənin bir abidəsi idi. Hərdən onun hafizəsində nələrsə işıqlanmaq, aydınlaşmaq istəyirdi və o zaman baba canlanırdı, yazda, yayda, ilkin payızda boz gözlərini daha artıq bir diqqətlə eyvanla üzbəüz yaşıllıqda dolaşdırırdı, payızın sonlarında, qışda isə çılpaq ağacların qol-budaqları arasında elə bil, nəsə axtarırdı, sonra da başını qaldırıb göy üzünün o tərəf-bu tərəfini gözdən keçirirdi. Onun yeməyi-içməyi ilə gəlin məşğul olurdu, ona gəlin qulluq edirdi, ancaq bu 40-45 ildə hərdən gəlinin ürəyindən heç kimə demədiyi narahat bir cizgi keçib gedirdi və o cizgidən ufacıq bir iz qalırdı. Elə olurdu ki, baba ildə-ayda bir dəfə boz gözlərini bu qadının gözlərinin içinə zilləyirdi və bu zaman onun, yəni qadının ürəyində dediyim həmin yüngül təlaş qığılcımı ani olaraq közərirdi, tez də sönürdü.

Heç kimin görmədiyi, tanımadığı Kübra, deyilənə görə, babanın nənəsi, ya ulu nənəsi idi və dünyanın qəribə işlərindən biri də bu idi ki, baba heç vaxt anasını, atasını, hansısa başqa yaxın bir adamını yada salmırdı, ancaq Kübranı yada salırdı - əgər doğrudan da, onun bu adda nənəsi, ya kimisə olmuşdusa, yəqin dinozavrlar dövründə rəhmətə getmişdi. Həmişə də Kübranın çörək bişirməyini soruşurdu və bəlkə də o rəhmətlik Kübranın bişirdiyi çörəyin iyi, dadı uşaq yaşlarından babanın yaddaşına elə hopmuşdu ki, hərdən fikrini darayırdı, içində hansısa məqamları titrədirdi, oyatmaq istəyirdi.

Qarğa uçub getmişdi.

Eyvanın qarşısı hündür və hələ yarpaqlarını tökməmiş ağaclıq idi, ancaq o payız yaşıllığı içində adda-budda qırmızımtıl-sarı xəzan yarpaqları da var idi və baba bu ağacların adından, növündən xəbərsiz idi, ancaq xəzan yarpaqlarının rənginə görəydi, ya nəyə görəydisə, gözləri ilə o yaşıllıq içində bir-bir qırmızımtıl-sarı yarpaqları axtarırdı - elə bil, fikrində də nəsə arayırdı, yaddaşından nəsə umurdu. Onun fikrində yüngül bir xatirə ərəfəsi yaranırdı, yəqin nəsə yada düşəcəkdi, ancaq görünür, bu ərəfə hissiyyatı axır məqama gedib çıxmırdı və itib yox olurdu.

Eyvandan baxanda ağaclığın kənarında, dar bir aralıqdan dənizin bir parçası görünürdü və baba gözləri ilə xəzan yarpaqlarını izləyə-izləyə o gömgöy dəniz görüntüsünə gəlib çıxanda, elə bil, xəzan yarpaqlarının qırmızımtıl-sarısı o payız günü birdən-birə dənizin göylüyünə çevrilirdi. Baba təzədən xəzan yarpaqlarını izləyirdi və izləyə-izləyə də qırmızımtıl-sarının birdən-birə gömgöy rəngə dönməsi, deyəsən, onun xoşuna gəlirdi, elə bil, bu da bir oyun idi.

Bilmirəm, baba bunu hiss edirdi, başa düşürdü, ya yox, onun beynində daimi bir yük, ağırlıq var idi, bu ağırlıq, bu yük onun beynini basırdı, olan-qalan heyini də əlindən almaq istəyirdi və heysizlikdən gözləri yumulurdu, yumulduqca da o gözəl uçuş başlamaq istəyirdi, ancaq belə zamanlarda bəzən babanın hissiyyatında bir təlaş, hövl baş qaldırırdı. O, bəlkə də təhtəlşüur olaraq qorxurdu ki, bir də heç zaman gözlərini açmayacaq və elə bil, hansı bir qüvvə isə onu silkələyirdi - elə həmin anda da baba ürəyinin döyüntüsünü eşidirdi, bəlkə də bu döyüntü səsinin hardan gəldiyini başa düşmürdü, ancaq bir müddət diqqətlə bu ardıcıl döyüntüyə qulaq asırdı.

Bu dəfə eyvana çıxan onun nəvəsi idi və kefi də deyəsən, bir az kök idi:

- Necəsən, baba?

Baba bu yekəpər, ağbaş kişiyə, yəni öz nəvəsinə baxıb, onu tanımaq istədi, ancaq deyəsən, bir şey alınmadı və baba sövq-təbii bir narahatlıqla arxaya qanrılıb, gözlərini qapının şüşəsindən otağa tərəf zillədi.

Nəvə arvadını səslədi:

- Deyəsən, səni istəyir.

Gəlin də eyvana çıxdı. Baba aşkar bir həyəcanla soruşdu:

- Bu kimdi belə?

Gəlin:

- Sənin nəvəndir də, ay baba, - dedi.

O, başını qaldırıb, oturduğu kürsüdə altdan yuxarı nəvəsinə baxdı:

- Nəyimdir?

- Nəvən, ay baba, sənin nəvən.

Baba zənnlə bu yekəpər, ağbaş kişiyə baxdı və gəlinin nə dediyini anladı, anlamadı, bilmirəm, ancaq birdən-birə, tamam gözlənilmədən nəvəsindən:

- Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü? - soruşdu.

Nəvə ilə gəlin heyrətlə bir-birinə baxdı: birinci dəfə idi ki, baba belə bir sual verirdi: "Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü?"

Nəvə belə bir qəfillikdən udquna-udquna:

- Yox, - dedi.

Baba başını gəlinə tərəf çevirib:

- Bunun yaddaşına nə olub? - soruşdu və bu anda da xısın-xısın gülməyə başladı - elə də içəridən uğunurdu ki, elə bil, nəfəs almağa da macal tapmayacaqdı.

Gəlinin əti ürpəşdi - bu xısın-xısın gülüşün anlaşılmaz bir çaları var idi, ancaq nə çalar idi - gəlin bunu heç cürə başa düşə bilmirdi və astadan güldükcə babanın boz gözləri bir az kiçildi, rəngini itirmiş göz bəbəyinə də elə bil, bir dolu dənəsi qondu - gülüşündə buz soyuğu var idi.

Gəlin tələsik otağa keçdi və hiss etdi ki, alnını soyuq tər basır, ürəyi də deyəsən, bulanmaq istəyirdi və həmin an özündən asılı olmayaraq fikrindən keçdi ki, gərək uşaqları, yəni onların özlərinin kiçik nəvələrini babanın yanına buraxmasın.

Ağbaş kişi də otağa keçdi və deyəsən, o da bir az şaşırmışdı:

- "Kübra çörəyi yerə çırpıb, tüpürdü"? - Təəccüblə babanın sözlərini təkrar etdi, sonra da: - Buna nə oldu belə? - soruşdu.

Gəlin:

- Yəqin nəsə yadına düşüb də, - dedi və o biri otağa keçmək istədi.

Kişi:

- Dur görüm, - dedi. - Bəs, sənə nə oldu? Birtəhərsən.

Gəlin:

- Yox, - dedi.

Başqa nə deyəydi ki? Doğrudan da, nə olub? Allah bilir, babanın - hərdən olur də - nəsə yadına düşüb, gülür - nə olsun? Gülsün də.

Hətta gəlin indicə ötüb keçən o fikrin də bir balaca xəcalətini çəkdi: necə yəni "uşaqları gərək babanın yanına buraxmayım? Bəlkə daha kişiyə çay-çörək də verməyəsən, pal-paltarını da yuyub, ütüləməyəsən? Allaha xoş gedər də, hə?"

Babanın nəvəsi həmin bazar günü dostları ilə görüşüb, Bakıda təzə açılmış alman pivəxanasına getmişdi, ancaq deyəsən, babanın tez-tez yada saldığı çörəkbişirən Kübranın qəflətən çörəyi yerə atması, bu azmış kimi, sonra da çörəyə tüpürməsi bu yekəpər, ağbaş kişinin də kefini pozmuşdu və o, eyvan tərəfə ötəri bir nəzər salıb, çiyinlərini çəkdi və öz-özünə:

- Nə bilim?.. - dedi, sonra da o biri otağa keçdi.

Qarğa yenə uçub, gəlib, elə həmin də hündür budağın ucuna qonmuşdu və başını o tərəf-bu tərəfə çevirə-çevirə qarıldayırdı, elə bil, nədənsə arxayın olmaq istəyirdi. Bəlkə sıx yarpaqlığın içində o qarğanın yuvası var idi və onun nigarançılığının da səbəbi yuvadakı cücələri idi?! Ola bilər, əlbəttə, ancaq niyə başqa bir budağın yox, elə eyni budağın ucuna qonurdu və nigarançılıqla ətrafı nəzərdən keçirdikdən sonra, gözlərini eyvana zilləyirdi, niyə?

Doğrusu, adamın gülməyi də gəlir desin: bəlkə qarğa elə babanın özünün keşiyini çəkirdi?

Günorta babanın nəvəsinin, yəni gəlingilin böyük nəvəsi - babanın nəyi olurdu, kötükcəsi? - hə, kötükcəsi həmin bazar günü də eskiz dəftərini qoltuğuna vurub gəlmişdi və bu cavan oğlan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını iki-üç il əvvəl bitirmişdi, ancaq artıq istedadlı bir rəssam və eyni zamanda şair kimi tanınırdı, hətta Avstriyadan gəlmiş məşhur milyoner-filantrop Vilyam Vess Vyanada onun əsərlərindən ibarət fərdi sərgi-satış təşkil etmək istəyirdi. Bu rəssam və şairin nəşr olunmuş ilk şeirlər kitabı da əməlli-başlı səs salmışdı və bu kitabdan sonra tənqidçilər onu müasir Azərbaycan poeziyasında "ilk mistik-fəlsəfi şair" hesab edirdi.

Gənc rəssam və şair neçə müddət idi ki, hələ Akademiyada oxuduğu vaxtlardan - babanın, yəni indi eyvanda oturmuş ulu babasının portretini çəkmək istəyirdi və imkan düşən kimi, etüd dəftərini qoltuğuna vurub, onlara gəlirdi. Etüd dəftərinin vərəqləri babanın karandaşla çəkilmiş cürbəcür eskizləri ilə dolu idi və gənc rəssam-şair həmin portreti rəngli boya ilə çəkmək istəyirdi, ancaq məsələ burasındaydı ki, eskizlərin heç birində onun istədiyi alınmırdı. Əslində nə istədiyini o, heç özü üçün də söz ilə ifadə edə bilmirdi və bunu yalnız hiss edirdi.

"Bunu" - yəni nəyi?

Gənc rəssam-şair babanın elə bir "baxışı"nımı deyim, "təbəssümü"nümü, "cəhəti"nimi deyim, hiss edirdi ki, həmin hissiyyatı karandaşla heç cürə ifadə edə bilmirdi və bu hissiyyatı hərdən şeirlə ifadə etməyə çalışırdı, ancaq  doğrusu, elə olurdu ki, oxucuların çoxu heç nə başa düşmürdü. Maraqlısı da o idi ki, ömründə görmədiyi, hərdənbir təkcə elə bu sualı - "Yadına gəlir, Kübra necə çörək bişirirdi?" - eşidən gənc rəssam-şair təsəvvüründə yaratdığı Kübranın yağlı boya ilə gözəl bir portretini çəkmişdi və rəssam dostlarının da, şair dostlarının da, sənətşünasların da dediyinə görə, "Kübranın portreti" onun çəkdiyi portretlərin içində ən əlası idi. O portretdəki Kübranın 60-65 yaşı olardı, ancaq gənclik çağlarının yaraşığı hələ tamam solub-saralmamışdı və psixoloji dərinliklə fırçaya alınmış Kübra gülərüz, mehriban, təbəssümündən açıq-aşkar xeyirxahlıq, rəhmdillik, yumşaqlıq yağan bir qadın idi.

Gənc rəssam və şair:

- Eyvandadı? - soruşdu, guya günorta çağı baba hardasa, başqa bir yerdə ola bilərdi.

- Hə, də... - Gəlin dedi və fikrindən keçdi ki, nə yaxşı, babanın Kübra haqqında dediyi o son sözləri gənc rəssam və şair eşitmədi, qocanın o xısın-xısın gülüşünü, səssiz uğuntusunu görmədi. Gəlin böyük nəvəsini çox sevirdi və onunla fəxr edirdi.

Gənc rəssam eyvana çıxdı:

- Salam, ay baba!

Baba bu cavan oğlanın kimliyi ilə maraqlanmadı və onun eskiz dəftərini açdığını görən kimi elə bil, oğlanı yox, eskiz dəftərini tanıyıb, belini nə qədər mümkün idisə, o qədər də dikəltdi, başını düz tutub, yenə də oğlana yox, eskiz dəftərinə baxdı.

Həmin bazar günü gənc rəssam-şairə vəhy gəlmişdi, nə idi? Anfas da,  profildən də bir neçə eskiz işlədi, xoşuna gələni də oldu, gəlməyəni də, ancaq bu dəfə də gördü ki, istədiyi çıxmır, alınmır ki, alınmır və əslində yenə də çəkdiyi eskizlərdən razı qalmayıb, gedəndə fikirli-fikirli nənəsinə, yəni gəlinə:

- Bilirsən? - dedi, - deyəsən, baba bu həyatda öz missiyasını başa vura bilmir. Onun missiyası hansı bir çətinlikləsə rastlaşıb, hansı maneə, sədd isə onun qabağını kəsib... Həmin səddi də keçə bilmir... Heç özünün də, yəqin bundan xəbəri yoxdu...

Gəlin gülümsəyə-gülümsəyə:

- Sənə neçə dəfə demişəm ki, mənimlə danışanda sadə danış, - dedi. - Elə danışırsan ki, adam heç nə başa düşmür.

Gənc rəssam-şair də fikrindən ayılıb, gülümsədi və:

- Elə bilirsən, özüm başa düşürəm? - dedi, ancaq qapıdan çıxmaq istəyəndə də yenə nənəsinə yox, daha çox özünə dedi: - Əlbəttə, düz deyirlər də, hərənin bu dünyada bir missiyası var... - və getdi.

Bir azdan gün batacaqdı və baba bunu fikirləşdi,  ya nəsə başqa bir şey fikrindən keçdi, başını qaldırıb göyə baxdı. Elə bu vaxt da bütün ətrafı qəfil bir kölgə bürüdü və şimal tərəfdən nəhəng qarğa dəstəsi - yüzlərlə qarğa - uçub gəlib, eyvanın qarşısındakı o yaşıllığa qondu. Bu qədər qarğa hardan bir-birini tapmışdı və bu axşamçağı hara uçurdu?

Və qarğalar səs-səsə verib, elə bir car çəkməyə başladılar ki, küçədən keçən adamlar başlarını çiyinlərinə qısıb, addımlarını yeyinlədərək, bu qarğa kölgəsindən tələsik uzaqlaşırdılar.

O qarğa xorunu mətbəxdə xörək bişirən gəlin də eşidib, eyvana çıxdı və ağacların üzünü qapqara qaraltmış qədərsiz qara qarğaları görəndə, özündən asılı olmayaraq:

- Allah, sən saxla! - dedi, sonra da babaya baxdı: - Baba, bəlkə içəri keçəsən?

Baba gözlərini qarğalardan çəkərək, üzünü ona çevirdi və gəlin bu 40-45 ildə babanın gözlərinin bu qədər həlim olduğunu, bu qədər mülayim, hərarətli olduğunu yəqin birinci dəfə görürdü.

Baba elə o həlimliklə də barmağını dodaqlarına tutub, az qala pıçıltı ilə:

- S-s-s-s...- dedi, yəni səs salma.

Bir azdan o qarğa xoru kəsildi və elə bil, o saysız qarğa dəstəsi hansısa bir bənd, işarə gözləyirmiş, havaya qalxaraq, səs-səsə verə-verə uçub getdi.

Küçəni bürümüş o kölgə eləcə yox oldu.

Yavaş-yavaş qürub vaxtı başlayırdı.

Küçədə adamlar da, maşınlar da azalırdı.

Və həmişəki qarğa yenə uçub gəlib, öz budağının ucuna qondu. Yenə o tərəf-bu tərəfə baxdı və görünür, nə istəyirdisə, ona da əmin olub, gözlərini eyvana tərəf zillədi.

Bu dəfə nəvəsi eyvana çıxdı:

- Vaxtdı, baba, evə keçək. Hava sərinləyir.

Baba bu yekəpər kişinin ağ saçlarına, iri biləyindəki saatına baxdı - axşamın toranında saatın neçəliyini görmək mümkün deyildi, ancaq baba üçün bunun mənası yox idi və sonra o, barmağını budağın ucuna qonmuş qarğaya tuşlayıb, elə bil, fikri, təfəkkürü də özündə idi - nadir hallarda belə anlar olurdu - soruşdu:

- O neçə il yaşayacaq?

Nəvə də o qarğaya baxdı və:

- Min il. - dedi, ürəyində də fikirləşdi ki, "elə sən də min il yaşayacaqsan, ay baba... biz heç... biz gəldi-gedərik".

Sonra babanın qolundan tutdu ki, otağa keçirtsin.

Baba isə deyəsən, eyvandan getmək istəmirdi, ancaq o, nə edə bilərdi və onlar otağa keçdilər, nəvə də eyvanın qapısını örtdü...

...Bəlkə də vaxt gələcəkdi, o cavan rəssam və şair ahıl çağında nəhayət ki, istədiyini çəkə biləcəkdi və hələ də işbazlıq enerjisini itirməmiş milyonçu-filantrop Uilyam Vessin Vyanada təşkil etdiyi növbəti sərgidə "Babanın portreti" də, "Kübranın portreti" də nümayiş olunacaqdı və "Kübranın portreti"ndəki Kübra hələ çörəyi yerə çırpıb, tüpürməmişdi və o, portretdə nə qədər səmimi idisə - tamaşaçılar ona baxıb, bəlkə də Kübraya gülümsəyib, keçəcəkdilər, ancaq "Babanın portreti"ndəki baba yəqin mürəkkəb bir sənət nümunəsi olacaqdı, tamaşaçıları saxlayacaqdı, düşündürəcəkdi, aydın bir fikrə gələ bilmədikləri üçün əsəbiləşdirəcəkdi, hətta Avropada da məşhurlaşmış rəssam-şairin şeirləri də onlara kömək edə bilməyəcəkdi.

Kim bilir, o zaman "Babanın portreti"nin tamaşaçıları arasında, bəlkə kimlərsə də olacaqdı ki, babanı daha yaxından, daha dəqiq, daha dərindən tanıya bilsin?

Ancaq daha yaxından, daha dəqiq, daha dərin - yəni haraya qədər?

 

18 iyun 2024, Bilgəh

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bir duyğu var, əslində bir çoxumuzun öz içində gizlətdiyi, gizlin istifadə etdiyi və sıxışdırıldığımız qəliblər sayəsində bəlli etməkdən qorxduğu bir duyğu. Adına Empatiya deyirlər bu duyğunun. 

Göstərişdən uzağ, insanın içində yaşanan, bir hadisəni özün yaşamış kimi hiss etdirən duyğudur. Çox zaman gizlində qalan empatiya bəzən ən gözləmədiyimiz anda ortaya elə çıxır ki, özümüz də nəyə uğradığımızın fərqinə vara bilmirik. Məsələn, dünəni açdığımız qara xəbər kimi. Bəli, dünən AZAL-da ağır bir qəza oldu. 67 nəfərlik uçuşda başda pilotumuz olmaqla 5 nəfər işçi heyyəti həlak oldu, sərnişinlərdən 37 nəfər yerlimizdir. Qəza anı kadrlara alınıb və qəzanı izləyən çox insanın canı eyni anda yandı, hər kəs bacardığı duanı edərək, istər həmvətənlərimizin, istər digər vətəndaşların sağlığını diləyir, uçuşda sağ qalanlar üçün pilotu hörmətlə yad edir, yaşayanların ailələri adına sevinirdilər. Baxın, bizi vaxtsız yaxalayan empatiya elə bu anda araya girib. Əminəm ki, bir çoxumuz özümüzün və ya doğmalarımızın orda olduğunu bir an təsəvvürünə gətirərək ürpərib, orda yaralananlar üçün canı yanıb. 

Hə, həyat belədir. Ölüm insanı vaxtsız yaxalayır. Hər an nəfəs kəsilə, kəlmələr tükənə bilər. Bəlkə mən belə burda son yazımı yazıram, bəlkə sən də, son dəfə bir yazı oxuyursan. 

Deyəcəyim odur ki, həyat sonsuz deyil, nəfəsimiz sonsuz deyil. Elə isə nəfsin, kinin, qırğınlıqların sonu olmalıdır. Həyatda sevdiyiniz, dəyər verdiyiniz insanlar ilə indi əlaqəniz olmasa belə, aranızda buz dağları yaransa belə sevinməyi, şükr etməyi, o gözəl xatirələrin xətrinə xoşbəxt olmağı bacarın. Gedin, qəlbini qırdığınız insanlarla barışmağa, könül almağa çalışın.

Yoxsa zaman onları sizdən vaxtsız alanda canınız daha çox yanacaq. 

Elə mən də, bu yazımı gedib qəlbini qırıb da , qürurumu qırmamaq üçün üzr istəmədiyim insanlara ithaf edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

Thursday, 26 December 2024 17:35

Heç kəs unudulmur!

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin şəhidi  Elfaq Nağıyevin ad günü münasibəti ilə anım tədbiri keçirildi.

 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. 

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı şəhid Elfaq Nağıyevin qəhrəmanlıq yolundan danışdı. 

Şəhid Elfaq Nağıyeva həsr olunmuş video- çarx nümayiş olundu.

Tədbiri aparmaq üçün söz məzarsz şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıla  verildi. O, tarix yazan oğulların, vətən yolunda şirin candan keçən oğulların əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən heç vaxt unulmayacağını qeyd etdi. Sonra söz Səbael Rayon İcra Hakimiyyətinin əməkdaşı Abasağa Dərbəndliyə verildi.  O, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan Elfaq Nağıyevin ömür yolunun gələcək nəsillərə bir örnək olduğunu bildirdi.

Şəhid Elfaq Nağıyevin təhsil aldığı 307 saylı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi.

Tədbirdə şəhid Rəşad Ələkbərovun anası Nailə xanım, şəhid Zaur İsmayılzadənin anası Sevil xanım, şəhid Əkbər Pənahovun anası Mayqa xanım, Emin İsmayılovun anası Məlahət xanım,  şəhid Elfaq Nağıyevin dayısı qazi Sarvan Tağıyev, Əməkdar jurnalist Şəmsiyyə Kərimova çıxış etdilər 

Bəstəkar, müğənni Yaqut Almaz, müğənni Vüsal Mingəçevirli, müğənni Ruslan Səfərli, hərbi jurnalist Ötərxan Eltac, şairlərdən Səringül Sadə, Mətanət Ulu Şirvanlı  vətənpərvərlik mövzusunda musiqilər, şeirlər səsləndirdilər.

Şəhid Elfaq Nağıyevin atası Araz Nağıyev, anası Aytəkin Nağıyeva öz çıxışlarında oğulları ilə fəxr etdiklərini bildirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 DİREKTOR :

Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir. 

2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.

2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir. 

2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 

2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı  bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.

Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.

Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında  “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.

 

ŞAGİRD

Mehdi Zaur oğlu Yarıyev 10 iyul 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə 138 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2019-cu ildən etibarən isə təhsilini 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal-hazırda 11-ci sinif şagirdidir.

2021-2022-ci tədris ilində “Steam Azerbaijan Festival”da iştirak etmişdir. 

2022-2023-cü tədris ilində isə “Robogames” üzrə “Roboyarış” kateqoriyasında qızıl medal qazanmışdır. 

Həmin tədris ilində yenidən “Steam Azerbaijan Festival”da iştirak etmiş, bundan əlavə,  “Survivor” müsabiqəsində gümüş medal qazanmışdır.  

2023-2024-cü tədris ilində isə, “Steam Azerbaijan Festival” (SAF) da “First Lego League” (FLL) müsabiqəsində bürünc medal qazanmışdır. 

2024-cü ildə SAF festivalında FLL müsabiqəsində yenidən gümüş medal qazanmışdır. 

O, həmçinin, beynəlxalq imtahan olan SAT- imtahanından 1430 (riyaziyyat - 760, verbal - 670 olmaqla) bal nəticəsinə ilk cəhddə nail olmuşdur.

TOEFL dil imtahanında da 108 bal toplayaraq ingilis dili CEFR səviyyəsinin C1 olduğunu göstərmişdir. 

Asudə vaxtlarında MMA tamkontaktlı döyüş növü ilə məşğul olmağı sevir. Boks üzrə də qızıl medal sahibidir.

 

ESSE

Xaricdə təhsil

    

Xaricdə təhsil almaq bir şəxsiyyət kimi inkişaf etməyin, daha geniş perspektivlər əldə etməyin və qlobal dünyagörüşü formalaşdırmağın ən effektiv yollarından biridir. Bu təhsil imkanı yalnız yeni biliklər, bacarıqlar və mədəniyyətlərlə tanış olmaqla məhdudlaşmır, həm də həyata baxışımızı kəskin şəkildə dəyişir, mənəvi və intellektual inkişafımıza təkan verir. Bu proses fərdin özünü tanımasına, yeni ideyalara açılmasına və daha zəngin düşüncə tərzinin formalaşmasına səbəb olur.

Xaricdə təhsilə dövlətin dəstəyinin olması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə gənclərin beynəlxalq səviyyədə təhsil alması üçün müxtəlif proqramlar həyata keçirilir. Bunlardan ən məşhuru “2022–2026-cı illər üçün Dövlət Proqramı”dır. Bu proqram çərçivəsində gənclərə müxtəlif təqaüdlər, reytinqli və  tanınmış universitetlərdə oxumaq üçün maliyyə dəstəyi, elmi-tədqiqat layihələrində iştirak və qlobal təhsil şəbəkəsinə inteqrasiya imkanı təklif olunur. Bu cür dövlət proqramları gənclərin yalnız fərdi yetişdirilməsi ilə məhdudlaşmır, eyni zamanda, ölkənin ümumi inkişafına misilsiz  töhfələr verir.

İlk olaraq, xaricdə təhsil almaq daha keyfiyyətli təhsil sistemində ixtisaslı kadr kimi yetişmək üçün geniş imkanlar yaradır. Xarici universitetlər tələbələrə beynəlxalq səviyyəli proqramlar, ixtisasartırma kursları, yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılan dərslər, müasir laboratoriyalar və yenilikçi təcrübə imkanları təklif edir. 2023-cü il "QS World University Rankings"  siyahısına əsasən, ilk 100-lüyə daxil olan universitetlərin böyük əksəriyyətinin  tələbələrə dünya miqyasında tanınan bakalavr və magistr proqramları təklif etməsi buna misaldır. Bundan əlavə, ABŞ və Böyük Britaniyanın bir sıra ali təhsil ocaqları (Stanford, MIT, Oxford, Cambridge) “Executive Education” proqramları vasitəsilə peşəkarların mövcud ixtisaslarını təkmilləşdirməsinə şərait yaradır.

Xaricdə təhsil almağın şəxsi inkişafda da rolu danılmazdır. Başqa bir ölkədə yaşamaq, tamamilə fərqli bir mühitdə öz yerini  tapmaq, məsuliyyət hissini artırmaqla yanaşı, fərdin özünə inamını da möhkəmləndirir. Bu proses gündəlik həyatda müstəqil qərarlar vermə bacarığını gücləndirir, stresslə mübarizə aparma mexanizmlərini təkmilləşdirir və müxtəlif mədəniyyətlərlə ünsiyyət qurma qabiliyyətini artırır. 

Yeni mühitə uyğunlaşmaqla tələbələr, həm akademik, həm də sosial sferada daha çevik və bacarıqlı fərdlərə çevrilirlər. Onlar komanda ilə işləmək, liderlik keyfiyyətlərini inkişaf etdirmək və qlobal miqyasda düşünmək kimi önəmli bacarıqlar əldə edirlər. 

Xaricdə təhsil fərdlərin, vətəndaşların şəxsi inkişafı ilə yanaşı, eyni zamanda, ölkənin daha parlaq gələcəyinə investisiya qoymaq deməkdir. Əgər mənim xaricdə təhsil alma şansım olsa, qarşıma bir sıra konkret hədəflər qoyardım. İlk növbədə, əldə etdiyim bilik və bacarıqları ölkəmə qayıtdıqdan sonra tətbiq etmək niyyətində olardım. Xaricdə öyrəndiyim elmi metodologiyalardan, innovativ idarəetmə modellərindən və texnoloji yeniliklərdən istifadə edərək  ölkəmin biznes, elm, texnologiya və iqtisadiyyat sahələrində səmərəli inkişafına töhfə verməyə çalışardım. Məsələn, xaricdə keçirilən startap akseleratorlarına qoşularaq qazanacağım  təcrübəmi Azərbaycana daşımaqla yeni innovasiyaların, rəqəmsal həllərin, süni intellekt texnologiyalarının tətbiqinə dəstək olmaq niyyətindəyəm. 

Bundan əlavə, düşünürəm ki, təhsil sistemində müşahidə etdiyim effektiv metodları və tədris yanaşmalarını öz Vətənimdə tətbiq edərək gənclərə daha yüksək keyfiyyətli və beynəlxalq səviyyədə rəqabət aparmağa qadir bir təhsil mühiti yarada bilərəm. Yeni pedaqoji modellərin tətbiqi, beynəlxalq mübadilə proqramlarının təşkili, tələbələri yeni araşdırma istiqamətlərinə yönəltmək və praktiki biliklərin tətbiqinə şərait yaratmaq mənim əsas məqsədlərimdən biridir. 

Beləliklə, xaricdə əldə etdiyim biliyin yalnız mənə deyil, cəmiyyətimə, xüsusən də gənclərə böyük fayda gətirəcəyinə inanıram.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.