“Qarğaların xoru” - Xalq yazıçısı Elçinin yeni hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq yazıçısı Elçinin yeni hekayəsi təqdim edilir. 

 

...sonra buludlar yavaş-yavaş dağılmağa başladı - həmin bazar günü səhərdən yağmaq istəyirdi, amma yağa bilmədi - və o, eləcə açılan göy üzünə baxa-baxa heç nə fikirləşmirdi, heç nəyin fərqində deyildi, bir az üşüyürdü, ancaq bu üşüməyin də nə olduğunu, yəqin dərk edə bilmirdi. Gəlin nazik yun adyalı gətirib, onun çiyninə salanda, təəccüblə qadına baxdı, nəsə demək istədi, ancaq görünür, nə deyəcəyini yadından çıxarıb, heç nə demədi, sadəcə gözlərini yumdu.

Onun üçün ən rahatı gözlərini yummaq idi və gözlərini yumanda onun içində elə bir duyğu yaranırdı ki, elə bil, azaddır, uçur, ancaq hara uçur, niyə uçur - fərqində deyildi. Əslində bu onun üçün heç maraqlı da deyildi - xoş, zərif, xəfif uçuşun doğurduğu hissiyyatın özündə də elə bir zəriflik, xəfiflik vardı ki, elə bil, babanın bütün ruhu təzələnir, təmizlənirdi, ancaq onun üçün ruhi bir rahatlıq, ya rahatsızlıq yox idi, bu, sırf cismani bir rahatlıq idi.

Həmişəki o qarğa yenə uçub gəlib, elə həmişəki də budağın ucuna qondu və gözləri hələ də yumulu baba, qəribədir, elə bil, bunu hiss etdi və gözlərini açıb, budağın hündürlüyündən qara gözlərini babanın əyləşdiyi eyvana sarı zilləmiş qarğaya baxdı.

Sonra da qarğa qarıldamağa başladı.

Gəlin yenə eyvana çıxıb, onun qabağına bir stəkan çay qoydu və baba gözlərini qarğadan çəkib, açıq-aşkar bir narazılıqla qadına baxa-baxa:

- Sən kimsən? - soruşdu.

Gəlin:

- Mən sənin gəlininəm, ay baba, - dedi və həmin payız günü neçənci dəfə də təkrar etdi: - Gəlinin. - Və babanın eləcə sual dolu baxışlarını görüb: - Sənin nəvənin arvadıyam, da... - dedi. - Həyat yoldaşı.

Ancaq baba üçün gəlinin bu izahatının heç bir əhəmiyyəti yox idi və bu dəfə rəngi itərək tamam bozarmış gözlərini diqqətlə gəlinin gözlərinin içinə zilləyib:

- Yadına gəlir, Kübra necə çörək bişirirdi? - soruşdu.

Gəlin həmişəki kimi tələsik:

- Hə, əlbəttə, yadımdadı, - dedi və otağa keçdi.

Bu qadın hələ 40-45 il əvvəl bu evə gəlin gələn vaxtdan baba yaddaşını itirirdi, sonra da 30 ildən çox idi ki, elə bu vəziyyətdəydi - eləcə eyvanda oturub, öz dünyasına baxırdı və elə bil, o da bu küçədəki binalar kimi məhəllənin bir abidəsi idi. Hərdən onun hafizəsində nələrsə işıqlanmaq, aydınlaşmaq istəyirdi və o zaman baba canlanırdı, yazda, yayda, ilkin payızda boz gözlərini daha artıq bir diqqətlə eyvanla üzbəüz yaşıllıqda dolaşdırırdı, payızın sonlarında, qışda isə çılpaq ağacların qol-budaqları arasında elə bil, nəsə axtarırdı, sonra da başını qaldırıb göy üzünün o tərəf-bu tərəfini gözdən keçirirdi. Onun yeməyi-içməyi ilə gəlin məşğul olurdu, ona gəlin qulluq edirdi, ancaq bu 40-45 ildə hərdən gəlinin ürəyindən heç kimə demədiyi narahat bir cizgi keçib gedirdi və o cizgidən ufacıq bir iz qalırdı. Elə olurdu ki, baba ildə-ayda bir dəfə boz gözlərini bu qadının gözlərinin içinə zilləyirdi və bu zaman onun, yəni qadının ürəyində dediyim həmin yüngül təlaş qığılcımı ani olaraq közərirdi, tez də sönürdü.

Heç kimin görmədiyi, tanımadığı Kübra, deyilənə görə, babanın nənəsi, ya ulu nənəsi idi və dünyanın qəribə işlərindən biri də bu idi ki, baba heç vaxt anasını, atasını, hansısa başqa yaxın bir adamını yada salmırdı, ancaq Kübranı yada salırdı - əgər doğrudan da, onun bu adda nənəsi, ya kimisə olmuşdusa, yəqin dinozavrlar dövründə rəhmətə getmişdi. Həmişə də Kübranın çörək bişirməyini soruşurdu və bəlkə də o rəhmətlik Kübranın bişirdiyi çörəyin iyi, dadı uşaq yaşlarından babanın yaddaşına elə hopmuşdu ki, hərdən fikrini darayırdı, içində hansısa məqamları titrədirdi, oyatmaq istəyirdi.

Qarğa uçub getmişdi.

Eyvanın qarşısı hündür və hələ yarpaqlarını tökməmiş ağaclıq idi, ancaq o payız yaşıllığı içində adda-budda qırmızımtıl-sarı xəzan yarpaqları da var idi və baba bu ağacların adından, növündən xəbərsiz idi, ancaq xəzan yarpaqlarının rənginə görəydi, ya nəyə görəydisə, gözləri ilə o yaşıllıq içində bir-bir qırmızımtıl-sarı yarpaqları axtarırdı - elə bil, fikrində də nəsə arayırdı, yaddaşından nəsə umurdu. Onun fikrində yüngül bir xatirə ərəfəsi yaranırdı, yəqin nəsə yada düşəcəkdi, ancaq görünür, bu ərəfə hissiyyatı axır məqama gedib çıxmırdı və itib yox olurdu.

Eyvandan baxanda ağaclığın kənarında, dar bir aralıqdan dənizin bir parçası görünürdü və baba gözləri ilə xəzan yarpaqlarını izləyə-izləyə o gömgöy dəniz görüntüsünə gəlib çıxanda, elə bil, xəzan yarpaqlarının qırmızımtıl-sarısı o payız günü birdən-birə dənizin göylüyünə çevrilirdi. Baba təzədən xəzan yarpaqlarını izləyirdi və izləyə-izləyə də qırmızımtıl-sarının birdən-birə gömgöy rəngə dönməsi, deyəsən, onun xoşuna gəlirdi, elə bil, bu da bir oyun idi.

Bilmirəm, baba bunu hiss edirdi, başa düşürdü, ya yox, onun beynində daimi bir yük, ağırlıq var idi, bu ağırlıq, bu yük onun beynini basırdı, olan-qalan heyini də əlindən almaq istəyirdi və heysizlikdən gözləri yumulurdu, yumulduqca da o gözəl uçuş başlamaq istəyirdi, ancaq belə zamanlarda bəzən babanın hissiyyatında bir təlaş, hövl baş qaldırırdı. O, bəlkə də təhtəlşüur olaraq qorxurdu ki, bir də heç zaman gözlərini açmayacaq və elə bil, hansı bir qüvvə isə onu silkələyirdi - elə həmin anda da baba ürəyinin döyüntüsünü eşidirdi, bəlkə də bu döyüntü səsinin hardan gəldiyini başa düşmürdü, ancaq bir müddət diqqətlə bu ardıcıl döyüntüyə qulaq asırdı.

Bu dəfə eyvana çıxan onun nəvəsi idi və kefi də deyəsən, bir az kök idi:

- Necəsən, baba?

Baba bu yekəpər, ağbaş kişiyə, yəni öz nəvəsinə baxıb, onu tanımaq istədi, ancaq deyəsən, bir şey alınmadı və baba sövq-təbii bir narahatlıqla arxaya qanrılıb, gözlərini qapının şüşəsindən otağa tərəf zillədi.

Nəvə arvadını səslədi:

- Deyəsən, səni istəyir.

Gəlin də eyvana çıxdı. Baba aşkar bir həyəcanla soruşdu:

- Bu kimdi belə?

Gəlin:

- Sənin nəvəndir də, ay baba, - dedi.

O, başını qaldırıb, oturduğu kürsüdə altdan yuxarı nəvəsinə baxdı:

- Nəyimdir?

- Nəvən, ay baba, sənin nəvən.

Baba zənnlə bu yekəpər, ağbaş kişiyə baxdı və gəlinin nə dediyini anladı, anlamadı, bilmirəm, ancaq birdən-birə, tamam gözlənilmədən nəvəsindən:

- Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü? - soruşdu.

Nəvə ilə gəlin heyrətlə bir-birinə baxdı: birinci dəfə idi ki, baba belə bir sual verirdi: "Sənin yadındadı, Kübra çörəyi necə yerə çırpıb, tüpürdü?"

Nəvə belə bir qəfillikdən udquna-udquna:

- Yox, - dedi.

Baba başını gəlinə tərəf çevirib:

- Bunun yaddaşına nə olub? - soruşdu və bu anda da xısın-xısın gülməyə başladı - elə də içəridən uğunurdu ki, elə bil, nəfəs almağa da macal tapmayacaqdı.

Gəlinin əti ürpəşdi - bu xısın-xısın gülüşün anlaşılmaz bir çaları var idi, ancaq nə çalar idi - gəlin bunu heç cürə başa düşə bilmirdi və astadan güldükcə babanın boz gözləri bir az kiçildi, rəngini itirmiş göz bəbəyinə də elə bil, bir dolu dənəsi qondu - gülüşündə buz soyuğu var idi.

Gəlin tələsik otağa keçdi və hiss etdi ki, alnını soyuq tər basır, ürəyi də deyəsən, bulanmaq istəyirdi və həmin an özündən asılı olmayaraq fikrindən keçdi ki, gərək uşaqları, yəni onların özlərinin kiçik nəvələrini babanın yanına buraxmasın.

Ağbaş kişi də otağa keçdi və deyəsən, o da bir az şaşırmışdı:

- "Kübra çörəyi yerə çırpıb, tüpürdü"? - Təəccüblə babanın sözlərini təkrar etdi, sonra da: - Buna nə oldu belə? - soruşdu.

Gəlin:

- Yəqin nəsə yadına düşüb də, - dedi və o biri otağa keçmək istədi.

Kişi:

- Dur görüm, - dedi. - Bəs, sənə nə oldu? Birtəhərsən.

Gəlin:

- Yox, - dedi.

Başqa nə deyəydi ki? Doğrudan da, nə olub? Allah bilir, babanın - hərdən olur də - nəsə yadına düşüb, gülür - nə olsun? Gülsün də.

Hətta gəlin indicə ötüb keçən o fikrin də bir balaca xəcalətini çəkdi: necə yəni "uşaqları gərək babanın yanına buraxmayım? Bəlkə daha kişiyə çay-çörək də verməyəsən, pal-paltarını da yuyub, ütüləməyəsən? Allaha xoş gedər də, hə?"

Babanın nəvəsi həmin bazar günü dostları ilə görüşüb, Bakıda təzə açılmış alman pivəxanasına getmişdi, ancaq deyəsən, babanın tez-tez yada saldığı çörəkbişirən Kübranın qəflətən çörəyi yerə atması, bu azmış kimi, sonra da çörəyə tüpürməsi bu yekəpər, ağbaş kişinin də kefini pozmuşdu və o, eyvan tərəfə ötəri bir nəzər salıb, çiyinlərini çəkdi və öz-özünə:

- Nə bilim?.. - dedi, sonra da o biri otağa keçdi.

Qarğa yenə uçub, gəlib, elə həmin də hündür budağın ucuna qonmuşdu və başını o tərəf-bu tərəfə çevirə-çevirə qarıldayırdı, elə bil, nədənsə arxayın olmaq istəyirdi. Bəlkə sıx yarpaqlığın içində o qarğanın yuvası var idi və onun nigarançılığının da səbəbi yuvadakı cücələri idi?! Ola bilər, əlbəttə, ancaq niyə başqa bir budağın yox, elə eyni budağın ucuna qonurdu və nigarançılıqla ətrafı nəzərdən keçirdikdən sonra, gözlərini eyvana zilləyirdi, niyə?

Doğrusu, adamın gülməyi də gəlir desin: bəlkə qarğa elə babanın özünün keşiyini çəkirdi?

Günorta babanın nəvəsinin, yəni gəlingilin böyük nəvəsi - babanın nəyi olurdu, kötükcəsi? - hə, kötükcəsi həmin bazar günü də eskiz dəftərini qoltuğuna vurub gəlmişdi və bu cavan oğlan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını iki-üç il əvvəl bitirmişdi, ancaq artıq istedadlı bir rəssam və eyni zamanda şair kimi tanınırdı, hətta Avstriyadan gəlmiş məşhur milyoner-filantrop Vilyam Vess Vyanada onun əsərlərindən ibarət fərdi sərgi-satış təşkil etmək istəyirdi. Bu rəssam və şairin nəşr olunmuş ilk şeirlər kitabı da əməlli-başlı səs salmışdı və bu kitabdan sonra tənqidçilər onu müasir Azərbaycan poeziyasında "ilk mistik-fəlsəfi şair" hesab edirdi.

Gənc rəssam və şair neçə müddət idi ki, hələ Akademiyada oxuduğu vaxtlardan - babanın, yəni indi eyvanda oturmuş ulu babasının portretini çəkmək istəyirdi və imkan düşən kimi, etüd dəftərini qoltuğuna vurub, onlara gəlirdi. Etüd dəftərinin vərəqləri babanın karandaşla çəkilmiş cürbəcür eskizləri ilə dolu idi və gənc rəssam-şair həmin portreti rəngli boya ilə çəkmək istəyirdi, ancaq məsələ burasındaydı ki, eskizlərin heç birində onun istədiyi alınmırdı. Əslində nə istədiyini o, heç özü üçün də söz ilə ifadə edə bilmirdi və bunu yalnız hiss edirdi.

"Bunu" - yəni nəyi?

Gənc rəssam-şair babanın elə bir "baxışı"nımı deyim, "təbəssümü"nümü, "cəhəti"nimi deyim, hiss edirdi ki, həmin hissiyyatı karandaşla heç cürə ifadə edə bilmirdi və bu hissiyyatı hərdən şeirlə ifadə etməyə çalışırdı, ancaq  doğrusu, elə olurdu ki, oxucuların çoxu heç nə başa düşmürdü. Maraqlısı da o idi ki, ömründə görmədiyi, hərdənbir təkcə elə bu sualı - "Yadına gəlir, Kübra necə çörək bişirirdi?" - eşidən gənc rəssam-şair təsəvvüründə yaratdığı Kübranın yağlı boya ilə gözəl bir portretini çəkmişdi və rəssam dostlarının da, şair dostlarının da, sənətşünasların da dediyinə görə, "Kübranın portreti" onun çəkdiyi portretlərin içində ən əlası idi. O portretdəki Kübranın 60-65 yaşı olardı, ancaq gənclik çağlarının yaraşığı hələ tamam solub-saralmamışdı və psixoloji dərinliklə fırçaya alınmış Kübra gülərüz, mehriban, təbəssümündən açıq-aşkar xeyirxahlıq, rəhmdillik, yumşaqlıq yağan bir qadın idi.

Gənc rəssam və şair:

- Eyvandadı? - soruşdu, guya günorta çağı baba hardasa, başqa bir yerdə ola bilərdi.

- Hə, də... - Gəlin dedi və fikrindən keçdi ki, nə yaxşı, babanın Kübra haqqında dediyi o son sözləri gənc rəssam və şair eşitmədi, qocanın o xısın-xısın gülüşünü, səssiz uğuntusunu görmədi. Gəlin böyük nəvəsini çox sevirdi və onunla fəxr edirdi.

Gənc rəssam eyvana çıxdı:

- Salam, ay baba!

Baba bu cavan oğlanın kimliyi ilə maraqlanmadı və onun eskiz dəftərini açdığını görən kimi elə bil, oğlanı yox, eskiz dəftərini tanıyıb, belini nə qədər mümkün idisə, o qədər də dikəltdi, başını düz tutub, yenə də oğlana yox, eskiz dəftərinə baxdı.

Həmin bazar günü gənc rəssam-şairə vəhy gəlmişdi, nə idi? Anfas da,  profildən də bir neçə eskiz işlədi, xoşuna gələni də oldu, gəlməyəni də, ancaq bu dəfə də gördü ki, istədiyi çıxmır, alınmır ki, alınmır və əslində yenə də çəkdiyi eskizlərdən razı qalmayıb, gedəndə fikirli-fikirli nənəsinə, yəni gəlinə:

- Bilirsən? - dedi, - deyəsən, baba bu həyatda öz missiyasını başa vura bilmir. Onun missiyası hansı bir çətinlikləsə rastlaşıb, hansı maneə, sədd isə onun qabağını kəsib... Həmin səddi də keçə bilmir... Heç özünün də, yəqin bundan xəbəri yoxdu...

Gəlin gülümsəyə-gülümsəyə:

- Sənə neçə dəfə demişəm ki, mənimlə danışanda sadə danış, - dedi. - Elə danışırsan ki, adam heç nə başa düşmür.

Gənc rəssam-şair də fikrindən ayılıb, gülümsədi və:

- Elə bilirsən, özüm başa düşürəm? - dedi, ancaq qapıdan çıxmaq istəyəndə də yenə nənəsinə yox, daha çox özünə dedi: - Əlbəttə, düz deyirlər də, hərənin bu dünyada bir missiyası var... - və getdi.

Bir azdan gün batacaqdı və baba bunu fikirləşdi,  ya nəsə başqa bir şey fikrindən keçdi, başını qaldırıb göyə baxdı. Elə bu vaxt da bütün ətrafı qəfil bir kölgə bürüdü və şimal tərəfdən nəhəng qarğa dəstəsi - yüzlərlə qarğa - uçub gəlib, eyvanın qarşısındakı o yaşıllığa qondu. Bu qədər qarğa hardan bir-birini tapmışdı və bu axşamçağı hara uçurdu?

Və qarğalar səs-səsə verib, elə bir car çəkməyə başladılar ki, küçədən keçən adamlar başlarını çiyinlərinə qısıb, addımlarını yeyinlədərək, bu qarğa kölgəsindən tələsik uzaqlaşırdılar.

O qarğa xorunu mətbəxdə xörək bişirən gəlin də eşidib, eyvana çıxdı və ağacların üzünü qapqara qaraltmış qədərsiz qara qarğaları görəndə, özündən asılı olmayaraq:

- Allah, sən saxla! - dedi, sonra da babaya baxdı: - Baba, bəlkə içəri keçəsən?

Baba gözlərini qarğalardan çəkərək, üzünü ona çevirdi və gəlin bu 40-45 ildə babanın gözlərinin bu qədər həlim olduğunu, bu qədər mülayim, hərarətli olduğunu yəqin birinci dəfə görürdü.

Baba elə o həlimliklə də barmağını dodaqlarına tutub, az qala pıçıltı ilə:

- S-s-s-s...- dedi, yəni səs salma.

Bir azdan o qarğa xoru kəsildi və elə bil, o saysız qarğa dəstəsi hansısa bir bənd, işarə gözləyirmiş, havaya qalxaraq, səs-səsə verə-verə uçub getdi.

Küçəni bürümüş o kölgə eləcə yox oldu.

Yavaş-yavaş qürub vaxtı başlayırdı.

Küçədə adamlar da, maşınlar da azalırdı.

Və həmişəki qarğa yenə uçub gəlib, öz budağının ucuna qondu. Yenə o tərəf-bu tərəfə baxdı və görünür, nə istəyirdisə, ona da əmin olub, gözlərini eyvana tərəf zillədi.

Bu dəfə nəvəsi eyvana çıxdı:

- Vaxtdı, baba, evə keçək. Hava sərinləyir.

Baba bu yekəpər kişinin ağ saçlarına, iri biləyindəki saatına baxdı - axşamın toranında saatın neçəliyini görmək mümkün deyildi, ancaq baba üçün bunun mənası yox idi və sonra o, barmağını budağın ucuna qonmuş qarğaya tuşlayıb, elə bil, fikri, təfəkkürü də özündə idi - nadir hallarda belə anlar olurdu - soruşdu:

- O neçə il yaşayacaq?

Nəvə də o qarğaya baxdı və:

- Min il. - dedi, ürəyində də fikirləşdi ki, "elə sən də min il yaşayacaqsan, ay baba... biz heç... biz gəldi-gedərik".

Sonra babanın qolundan tutdu ki, otağa keçirtsin.

Baba isə deyəsən, eyvandan getmək istəmirdi, ancaq o, nə edə bilərdi və onlar otağa keçdilər, nəvə də eyvanın qapısını örtdü...

...Bəlkə də vaxt gələcəkdi, o cavan rəssam və şair ahıl çağında nəhayət ki, istədiyini çəkə biləcəkdi və hələ də işbazlıq enerjisini itirməmiş milyonçu-filantrop Uilyam Vessin Vyanada təşkil etdiyi növbəti sərgidə "Babanın portreti" də, "Kübranın portreti" də nümayiş olunacaqdı və "Kübranın portreti"ndəki Kübra hələ çörəyi yerə çırpıb, tüpürməmişdi və o, portretdə nə qədər səmimi idisə - tamaşaçılar ona baxıb, bəlkə də Kübraya gülümsəyib, keçəcəkdilər, ancaq "Babanın portreti"ndəki baba yəqin mürəkkəb bir sənət nümunəsi olacaqdı, tamaşaçıları saxlayacaqdı, düşündürəcəkdi, aydın bir fikrə gələ bilmədikləri üçün əsəbiləşdirəcəkdi, hətta Avropada da məşhurlaşmış rəssam-şairin şeirləri də onlara kömək edə bilməyəcəkdi.

Kim bilir, o zaman "Babanın portreti"nin tamaşaçıları arasında, bəlkə kimlərsə də olacaqdı ki, babanı daha yaxından, daha dəqiq, daha dərindən tanıya bilsin?

Ancaq daha yaxından, daha dəqiq, daha dərin - yəni haraya qədər?

 

18 iyun 2024, Bilgəh

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.