
Super User
Hüseyn Arif - Dastan ömrü yaşayan şair
Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
XX əsr Azərbaycan ədəbiyyatı üçün, xüsusilə Azərbaycan poeziyası üçün çox məhsuldar və poeziya nəhəngləri ilə zəngin bir əsr kimi Azərbaycan ədəbiyyatı tarixinə düşmüşdür. Bu əsrin başlanğıcında dünyaya gələn və yaradıcılığa başlayan Hüseyn Cavid, Əhməd Cavad, Hacıkərim Sanılı, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim kimi görkəmli və nadir söz ustadları adlarını Azərbaycan ədəbiyyatını tarixinə əbədi yazmış sənətkarlardır və nə qədər ki, Azərbacan var, Azərbaycan poeziyası var, onlar da var olacaqdır.
Bu söz ustadlarının Azərbaycan ədəbiyyatı qarşısındakı ən böyük xidmətlərindən biri də, bütün ideoloji basqı və təsirlərə baxmayaraq yaratdıqları nadir sənət nümunələri ilə yanaşı, həm də özlərindən sonra böyük bir yaradıcı nəslin yetişməsinə vəsilə olmaları ilə əlamətdardır. Məhz adlarını çəkdiyim və çəkmədiyim görkəmli sənət adamlarının təsiri nəticəsində, ötən əsrin ortalarında, əslində yeni bir şairlər nəsli böyük axınla poeziya kəhkəşənımıza parlayan ulduzlar kimi daxil olmağa başladılar. Bu sıradan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Əliağa Kürçaylı, Cabir Novruz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Fikrət Qoca kimi şairlər, əsrin ikinci yarısında Azərbaycan poeziyasına əvəsiz töhfələr vermislər.
Heç şübhəsiz, həmin dövrdə poeziyamıza böyük vüsətlə daxil olan gənc şairlərdən biri də Hüseyn Hüseynzadə idi. İkinci Dünya Müharibəsi başlayanda cəbhəyə çağrılan və 1942-ci ildən 1946-cı ilə qədər ön cəbhədə döyüşən, Ukraynanın, Polşanın, Çexoslovakiyanın faşist işğalçılarından azad edilməsində fəal iştirak edən Hüseyn Hüseynzadə yaradıçılığa həmin illərdə başlamışdı. Lakin onun böyük ədəbiyyata gəlişi müharibədən sonrakı dövrə təsadüf edir.
Düşür yadıma hərdən,
Məktəb həyətində mən
Yoluna göz dikərdim…
Qəlbim sızlardı hərdən
Sən dərsə gəlməyəndə.
Nümunə kimi gətirdiyim bu bəndlə başlayan “Sən dərsə gəlməyəndə” şeiri Böyük Səməd Vurğundan xeyir-dua alan gənc Hüseynın sənət dünyasına gəlişinin müjdəsi idi…
... Hər dəfə Xalq şairi Hüseyn Arifin şeirlərinii oxuyanda, eşidəndə, sözlərinə yazılmış mahnıları dinləyəndə, bu mətnlərdəki lirizm insanı heyrətə gətirir. Son dərəcə səmimi duyğularla ifadə olunan Hüseyn Arif yaradıcılığı səmimi olduğu qədər də təbii və lirikdir. Azərbaycan xalqının mərdlik, ziyalılıq, ağsaqqallıq simvollarından biri olan, şairin yaxın sənət və şəxsi dostu, Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: “Hüseyn Arif fitrətən lirik şairdir. Onun lirik ricətləri, təbiət və insan psixologiyasının təsvirindəki lirizm təsdiq edir ki, bu cəhət şairin yaradıcılığında əsas aparıcı amildir və doğrudan da onun bütün əsərlərinin ruhuna hopmuşdur”.
Düşünürəm ki, Hüseyn Arif yaradıcılığını bu qədər lakonik və dolğun ifadə etmək üçün İsmayıl müəllimin bu möhtəşəm sözlərindən gözəl ifadə tapmaq çətin olardı. Onun şeirlərini, poemalarını oxuduqca xəyal səni ilkin uşaqlığına, boya-başa şatdığın müqəddəs məkanlara, indi səndən çox uzaqlarda yerləşən, əlçatmaz dogma insanlara, çağdaş zamanımızda az qala unudulmuş isti insani münasibətlərə, acılı-şirinli xatirələrə qovuşdurur. İnsanda şirin xatirələr, ülvi hisslər, xoş duyğular oyadır. Düşünürəm ki, Hüseyn Arifin əsərlərindəki lirizm ilk növbədə onun daxili aləmindən, təbiətindən irəli gəlirdi. Bu lirika təkcə Hüseyn Arifin şeirlərindən deyil, həm də xarakterindən, davranışından, söz-söhbətlərindən, səsinin ahəngindən hiss olunurdu. Hüseyn Arifin könül rübabının simləri, sazın simləri ilə həmahəng səslənirdi:
Ötür şirin-şirin xınalı kəklik,
Pozma sevincini, qaya onundur.
Toxunma çəməndə açan laləyə,
Təbiət bəxş edən boya onundur.
Hüseyn Arifin şeirlərində lirika o qədər güclüdür ki, onları oxuduqca içimizdə bir oxşama, bayatı, mahnı, musiqi oyanır. Sanki şair öz əsərlərini lirik not dəftəri üstündə yazıb. Məhz elə ona görə də Hüseyn Arifin şeirləri müasirləri, məşhur bəstəkarların diqqətindən yayınmamış və onlar ən gözəl mahnılarını Hüseyn Arifin şeirləri üstə kökləmişlər. İndi sevə-sevə dinlədiyimiz “Xatırla məni”, “Sən mənimlə get”, ”Şeir deyilmi”, “Mən inanmadım”, “Qonşu qız”, “Könül deyir yaşa hələ”, ”Dedim dedi” və digər mahnılar xalqımızın mənəvi dünyasına o qədər sirayət edib ki, bu gün həmin mahnılar xalqımızın yaddaşında həm də xalq mahnıları kimi qalıb. Aşağıda gətirdiyim nümunə, dediklərimin təsdiqi üçün məncə kifayət edərdi:
Sonasan, qıymaram gölə,
Göldə soyuq dəyər sənə.
Gül yanında dönmə gülə,
Güldə soyuq dəyər sənə….
Hüseyn Arif bu nə sirr?
Vədə ötür, vaxt tələsir.
Könlümə köç, külək əsir,
Çöldə soyuq dəyər sənə…
1976-cı ilə - gənc və yeganə oğlu Arifin faciəli vəfatınadək, pozitiv ovqatlı şeirlər yazan Hüseyn Hüseynzadə, həmin faciəli hadisədən sonra soyadını dəyişərək Hüseyn Arif oldu. Elə o gündən də Hüseyn Arif poeziyasına təzadlı ovqat, sevinclə kədərin vəhdəti hakim kəsildi. “Aman yetmiş altı, başımda tufan qopardı” deyən, oğul itkisinin dəhşətli ağrı-acılarını, iztirablarını yaşayan Şair, məşhur kaman ustası, Xalq artisti Habil Əliyevə xitabən ağlaya-ağlay deyirdi:
“Habil, indiyədək səni dinləyəndə ağlayırdım, indən sonra mən neyləyəcəm”.
Həmin iztirablı günlərdə yaşadığı sarsıntıların ovqatı şairin şeirlərinə hopmuşdu və O, bir-birinin ardınca kədərli şeirlər yazırdı. Bu şeirlər şeir deyildi, çırağı sönmüş, dünyası talan olmuş kövrək bir atanın fəryadı, ağısı, laylası idi:
Bir övlad tüstüsü çıxdı başımdan,
Göylər göz yaşını yerə sıx- dedi.
Ümidim, istəyim gözümdə qaldı,
Könül nəğməsini yarımçıq dedi.
Hüseyn Arifəm, payım zəhərmiş,
Bu səfər nə yaman ağır səfərmiş.
Ata balasını necə sevərmiş,
Görüş deməyəni ayrılıq dedi.
Və ya
Qucuram Zöhrəni, Səhəri sənsiz,
Yandı Məleykənin ciyəri sənsiz,
Birgə gəzdiyimiz yerləri, sənsiz,
Gəzməyə bilmirəm, gəzə bilmirəm.
Və ya
Qəza bir qapını bağlamayıbdır,
Bizim qapımızı bağlayan kimi
Füzuli Məcnunu ağlamayıbdır,
Hüseyn, Arifi ağlayan kimi...
Həmin ağrılı-acılı günlərdə Arifin faciəli ölümü hamını-bütün Hüseynsevənləri yandırıb yaxmışdı. Yadımdadır o kədərli günlərdə Qərbi Azərbaycanın Amasiya bölgəsindən olan Nüşabə Qəribova adında bir xanımın Arifin faciəli ölümünə həsr etdiyi bir bənd şeir dillər əzbəri olmuşdu və hamı yana-yana həmin şeir təkrarlayırdı:
Ölmə, torpaqlara qoymaram səni,
Yerin qollarımın arasındadır.
Təbii sularla yumaram səni,
Suyun gözlərimin qarasındadır.
Bu bir bənd şeir Hüseyn Arifə çatınca, böyük şairin üstünə bir su səpələnmişdi və həmin xanıma xitabən Hüseyn Arif yazırdı:
Eşitdim səsini, hikmət dolu səs,
Yapışdı qolumdan yorğun çağımda.
Oxudum şeirini, odlu bir nəfəs
Bahara çevrildi qış, otağımda.
Həyatda çox yanıb-yaxılmışam mən,
Belə yanmamışdım bu vaxta kimi.
Hüseyn Arifə təsəlli verən
Ana Nüşabəmi, qız Nüşabəmi?
Bu ağır itkidən özünə gələ bildi Hüseyn Hüseynzadə, özündə güc, taaqət tapıb dözə bildi oğul dərdinə.
Elimin, obamın üzü ağ olsun,
Min kəndə, şəhərə məndən salam var
Min bir bacı, qardaş tutdu qolumdan,
Min bir əmim, dayım, min bir xalam var
Hüseyn Arifəm qəlbimdə aləm,
Qarşımda atını oynatmasın qəm.
Bir dəfə demişəm, bir də deyirəm,
Balama oxşayan min bir balam var.- deyərək yaşamağı, yazıb yaratmağı davam etdirsə də, başına gələn müsibəti unuda bilmədi. “Özgəni güldürən sözüm, söhbətim, Özümü ağladan qəmim var mənim”- deyərək, ömrünün axırınadək təzadlı şeirlər yazdı...
Hüseyn Arif yaradıcılığına bələd olan hər kəsə məlumdur ki, onun yaradıcılığının mayasını yaşı min illərə gedib çıxan zəngin folklorumuz və türkün şəriksiz musiqi aləti olan, səsi, avazı Dədəmiz Qorquddan gələn saz təşkil edir.
Sığmaz kitablara sözüm, söhbətim,
Yolumda gah şəfəq, gah çisək oldu.
Gecəli, gündüzlü fikrim, niyyətim,
Soyumu, kökümü öyrənmək oldu-deyən şair, bütün şüurlu həyatını folklorumuzun, aşıqlarımızın həyat və fəaliyyətinin araşdırmasına, yaradıcılığının böyük bir hissəsini onların tərənnümünə həsr etdi:
Dədə Qorqud ustadım,
Qurbani qol-qanadım.
Abbas arzum, muradım,
Alı vicdanım mənim.
Hüseyn Arif aşıqlarımızın həyat və yaradıcılığına, sazımıza, saz havalarına aid yüzlərcə şeir, ”Dilqəm”, Aşıq Alı”, “Caz” kimi poemalar yaratdı. “Dilqəm” poemasında ustad şair yazırdı:
Sinədəftər babaları,
Sinələrdə axtarıram...
Abbasları, Əmrahları,
Qasımları, Qurbanları axtarıram...
... Neçə-neçə unudulmuş sənətkarı,
İstəkləri, arzuları, Valehləri, Musaları,
Novruzları axtarıram...
... Nə müddətdir
Dilqəm məni buraxmayır.
Mən Dilqəmi axtarıram.
Təsadüfi deyil ki, bu istək və arzuda olan Şair düşündü ki, bu axtarışlara daha geniş meydan vermək üçün aşıqların, aşıq şeiri yaradıcılarının, folklor bilicilərinin bir birliyinə ehtiyacı var. Elə bu məqsədlə də 1982-ci ildə dünyaya göz açdığı Ağstafada Aşıqlar Birliyini yaratdı, 1984-cü ildə Aşıqlar Birliyi ünvanını Bakıya dəyişdi, dövlət birliyi himayəyə götürdü, Hüseyn Arif Aşıqlar Birliyinin ilk sədri seçildi və ömrünün axırınadək bu birliyin sədri kimi məhsuldar fəaliyyət göstərdi. Bununla da kifayətlənmədi. Onun bilavasitə təşəbbüsü və təşkilatşılığı ilə səsi, sorağı aləmə yayılan, fəaliyyətini bu gün də davam etdirən “Aşıq Pəri” məclisini yaratdı.
Sözsüz ki, Hüseyn Arifin sədrliyi altında Aşıqlar Birliyinin fəaliyyəti ayrıca bir söhbətin mövzusudur və görünür nə vaxtsa bu sahənin tədqiqatçıları sanballı monoqrafiyalarını yazacaqlar.
Hüseyn Arif görüşləri, “turşməzə” söhbətləri, lətifələri, yardıcılığı, sərgüzəştləri ilə xalqın yaddaşəna köçmüş, xatirələşmiş bir şəxsiyyərdir. O, sözün həqiqi mənasında bir dastan ömrü yaşadı. Bu dastanın coxsaylı qolları var. Nə qədər ki, Hüseyn Arifi görənlər, onunla ünsiyyətdə olanlar, bir yerdə çalışanlar var, oğul gərək onları toplaya, qələmə ala, xalqın mənəvi sərvətinə çevirə.
Hüseyn Arif təkcə dastan ömrü yaşamadı. O, həm də dastanlar yaratdı. Onun yaratdığı hər bir poema öz məzmun və mənası etibarı ilə dastandır. Belə dastanlardan biri də şairin öz ustadı Böyük Səməd Vurğuna həsr etdiyi “Yolda” poemasıdır. Hələ dastanı yazmağa başlamamışdan əvvəl, Səməd Vurğunun mənəvi ustadı Molla Pənah Vaqiflə xəyalən söhbət edib, “Vaqif məndən sordu hər şeydən əvvəl, bəs hanı dastanı Səməd Vurğunun” deyə soruşduqda, O, Vurğunun dastanını yaratmağa cəsarət edə bilmədiyi cavabı verəndə Vaqif ,...səni tanıyıram şeirlərindən, Vurğunun dastanı sənə yaraşır”- deməklə əslində dastanı yazmaq üçün şairə xeyir-dua verib.
Tez başa gəlmədi yazdığım əsər
Kənddə gecələdim, şəhərdə qaldım.
Yolda deyə-deyə hər axşam , səhər,
Ömürdən düz beş il mən yola saldım.
Bu bircə bənd şeir, düşünürəm ki, poemanın mahiyyətini və şairin məram və məqsədini açmağa imkan verir. Səməd Vurğunu özünün sənət ustadı və mənəvi varisi hesab edən, onun şəxsiyyətinə, yaradıcılığına, həyatına bütün varlığı ilə bağlı olan şair, əslində Böyük şairə olan məhəbbətini “Yolda” poemasında ifadə etməyə çalışıb və məqsədinə də uğurla nail olub. Nümunə gətirdiyim şeirdən göründüyü kimi şair Səməd Vurğunun dastanını yaratmaq üçün beş il onun dünyasında yaşayıb. Onun gəzdiyi, ov etdiyi yerlərə gedib, görüşdüyü dostları ilə, tanıdığı insanlarla görüşüb. Bir sözlə beş il sərasər Vurğun ömrü yaşayb.
Mənim qənaətimcə Hüseyn Arifin Səməd Vurğun obrazını dastanlaşdırmaqda məqəsədi onun şəxsiyyətinin və sənətinin böyüklüyünü xalqa təqdim etmək və xalqın yaddaşına köçürməkdən ibarət idi. İstər sağlığında, istərsə də onun fiziki yoxluğundan ötən 70 ilə yaxın müddət ərzində Böyük şairimiz Səməd Vurğun haqqında məşhur sənət adamları, alimlər, tədqiqatçılar, şairlər, nasirlər onlarca tədqiqat əsərləri, monoqrafiyalar nəsr və dram əsərləri, poemalar, şeirlər, məqalələr yazıb.( Mən Böyük şairə həsr olunmuş heykəlləri, büstləri, kompazisiyaları, rəsm və musiq əsrlərini demirəm). Onların hamısı Səməd Vurğuna məhəbbətdən yaranıb və alqışa layiqdirlər. Bütün bunlarla yanaşı, düşünürəm ki, Hüseyn Arifin yaratdığı ”Yolda” dastan-poeması Səməd Vurğun haqqında yazılmış ən mükəmməl, ən bitkin və ən yetkin əsərlərdən olmaqla Səməd Vurğuna qoyulmuş möhtəşəm abidələrdən biridir.
Hüseyn Arif yaradıcılığının mövzu əhatəsi çox genişdir. Bu mövzuların içində təbiət təsvirləri, təbiətin əsrarəngiz gözəlliklərinin tərənnümü xüsusi yer tutur. Və çox maraqlıdır ki, onun təbiət şeirləri insanla vəhdətdə verilir. Onun şeirlərində təbiətlə insanın vəhdəti o qədər təbii verilir ki, sanki təbiətin qoynundasan, onunla canlı ünsiyyətdəsən. Ən maraqlısı da odur ki, Hüseyn Arif təbiətdə olan gözəllikləri insanda axtarır. O gözəlliyi də, ülviliyi, zərifliyi də sərtliyi, əyilməzliyi, qüruru və vüqarı da təbiətdə görür və insanda axtarır. Düşünürəm, Hüseyn Arifin təbiətə həsr etdiyi şeirlərinin belə canlı və güclü olmasının səbəbi onun fitrətən təbiəti duymasından və bu duyğunu son dərəcə poetik qüdrətlə ifadə etmək qabiliyyətindən irəli gəlirdi.
Ən böyük anadır təbiət bizə
Ən ulu, ən qədim həyat aşiqi,
Ümmanlar səbridir, dağlar vüqarı,
Qayalar alnının sərt qırışları.
Hüseyn Arifin təbiətə həsr etdiyi şeirlərini oxuyanda gözlərin önündə təbiət təsvirləri canlanır. Belə anlarda ilk xəyala gələn Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan məşhur rənggar Səttar Bəhlulzadə yada düşür. Hər iki ustad sənətkarın yaradıcılıqlarında ( elə xarakterlərində də) üzvi bir bağlılıq, bir bənzərlik var. Fərq ondadır ki, Hüseyn Arif sözlərdən mənzərə çəkir, Səttar Bəhlulzadə rənglərdən. Anacaq onların yaratdıqlarında əsrarəngiz və lətif bir poeziya var. Diqqət yetirək:
Ağ başlı, göy sinəli,
Yaşıl ətəkli Kəpəz.
Daş dişli, daş çənəli,
Qaya kürəkli Kəpəz.
Göy göl gözünün yaşı,
Üfüq çatılan qaşı,
Əsrlərin sirdaşı,
Çənli, çisəkli Kəpəz.
Bu poetik ifadələri oxuduqca düçünürsən ki, sanki Səttar Bəhlulzadə özünün məşhur “Kəpəzin göz yaşları” tablosunu Hüseyn Arifin “Kəpəz” şeirinin təəssüratı altında yaradıb və ya əksinə. Bu baxımdan Hüseyn Arifin Səttar Bəhlulzadəyə həsr etdiyi şeirdən də nümunə zənnimcə yerinə düşmüş olardı:
Səni düşünəndə nə iclas, nə zal,
Nə də bir kabinet düşür yadıma,
Səni düşünəndə yüz boya, yüz rəng,
Al-əlvan təbiət düşür yadıma.
Vaxtlımı doğulduq, vaxtsızmı olduq?
Bir də qəm gətirən bu söhbət nədir?
Ana təbiətin əkiz oğluyuq,
Bizim qüdrətimiz təbiətdədir.
Bu il sevim li söz ustadımızın yüz illik yubileyi ölkəmizin hər yerində sevilə-sevilə qeyd olunur. Yaradıcılığı, şəxsiyyəti və xarakteri bir vəhdət təşkil edən ustad Hüseyn Arif həmişə sevilib, sevilir və seviləçək, xalqımızın yaddaşında həmişə yaşayacaqdır.
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tədbir: "Tarixin işığında Azərbaycan"
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri tarix müəllimləri Xumar Səfərovanın təşkilatçılığı ilə" Tarixin işığında Azərbaycan"adlı tədbir təşkil ediblər.
"Tədbirdə dekan müavini, müəllimlər və tələbələr iştirak eləyiblər.
Tədbiri giriş sözü ilə açan aparıcılar - Zəhra Möhübbətova və Səid Bağırzadə çıxışlarında qonaqları salamlayıb, tədbirin mahiyyəti haqda məlumat veriblər: “Azərbaycanın qədimdən bu günə qədər keçdiyi inkşaf yolu, xalqımızın zəhməti, müdrikliyi, dözümlülüyü ilə əldə edilib. Bu tədbir vasitəsilə tarixinizin işığında xalqımızın kimliyini bir daha xatırlatmağı qarşımıza məqsəd qoymuşuq"
Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Və daha sonra şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad olunub.
Müstəqillik tariximizdən bəhs edən videoçarxlar izlənilib.
Aparıcıların ilk söz verdiyi tələbə Nuray Əliyeva olub. O öz çıxışında bugünkü gənclərin ilham mənbəyi olan şəxs- Ulu öndərimiz Heydər Əliyev haqqında çıxış edib. Çıxışına bədiilik vermək və dəyərli öndərimizi daha mükəmməl təqdim etmək məqsədi ilə bayatıya da yer verib:
"Ay elə tək-tək doğar,
Gün elə tək-tək doğar,
Böyük öndər, sənin kimi oğulu,
Analar tək-tək doğar".
Sonra isə aparıcı Səid növbəti çıxışçını - Qurbanlı Laləni səhnəyə dəvət edib. Və Qurbanlı Lalə görkəmli şair Bəxtiyar Vahabzadənin "Ana dilim" şeirini təqdim edib.
Vəliyeva Asiman isə Azadlıq Günəşinin sönməz çırağı Məmmədəmin Rəsulzadə haqqında çıxış edib.
O öz çıxışında bildirib: “Bu mövzunu seçmə səbəbim bu dahi şəxsin ideologiyasıdır və məhz onun qərarı ilə təsis olunan BDU tələbəsi olmağımız məni bu çıxışa sövq edir". Və çıxışını "Gəncliyə xitabla" bitirib.
Müstəqillik rəmzimiz olan bayrağımız haqqında çıxışı ilə Ayşən Səlimova səhnəyə dəvət edilib.
O zirvələrdə dalğalan bayraq haqda danışmağı özünə borc bildiyini izhar edib.
Bu çıxışı şeirlə tamamlamaq üçün Ağayevə Çimnaz Tofiq Fikrətin "Bayrağım" şeirini təqdim edib:
"Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir".
Sonrakı çıxışda isə Süleymanlı Zəhra "44 Günlük şanlı tariximizin" icmalını tədbir iştirakçılarına mükəmməl formada təqdim edib. Onun çıxışının ardınca isə Aydan Cəbrayılova bu zəfər tarixini bizə yaşadan şəhidlər haqda danışıb. Şəhid jurnalistlərimizdən bəhs edən Fatimə Şahverdiyeva seçdiyimiz peşənin zənginliyini bizə bir daha xatırladıb. Qələm və kamera ilə yazılan qəhrəmanlıq səlnaməsini Çingiz Mustafayev və Salatın Əsgərovanın timsalında təqdim edib. Ondan daha sonra isə doğma torpağını -Maştağanı və bu qəsəbənin qəhrəman şəhidlərini təqdim edən Nigar Həsənzadə Maştağa Şəhidlər xiyabanından çəkdiyi video ilə nitqini daha da gözəl təsvir etmiş olub. Ağacavad Mütəllimzadəni və Raul Priyevi BDU-ya təqdim edən Nigar öz kəndindən və qəhrəmanlarından qürurla bəhs edib. Çıxışını öz sərbəst vəznli şeiri ilə bitirib.
"Şəhidim, məqamın yüksək,
Alidən də alisən inan ki sən.
Min illər savab etsək qazanmaq üçün,
Bəlkə də heç olmaz bizə qismət,
Lakin sən vətənin sevimli oğlu,
Sən o cənnəti əldə etmisən".
Xəlilli Fatimeyi Zəhra da öz doğma torpağı olan Şamaxıdan bəhs etməklə bu qədim və dəyərli, müqəddəs torpağı dinləyicilərə daha çox tanıdıb, bir az da sevdirib.
Bundan sonra isə istiqlal şairimiz Əhməd Cavaddan danışan Ayan Sədi çıxışında Əhməd Cavadın "Susmaram"-ını videoçarxda izlətdirib, qəlbləri titrədib.
Aytac Mustafayevə isə bu tədbirə poeziya dəqiqələrini - Mikayıl Müşfiqli dəqiqələr əlavə edib. Müşfiqin vətəni olan Xızıda onun şərəfinə muzeyin də yaradılmasını qeyd edən Aytac Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz kimi şəxsiyyətlərin onun yetişdiyi torpaqdan olmasını qürurla vurğulayıb. "Həyat sevgisi"şeirini də dizləyicilərə qulaq asdıran Aytac represiya qurbanı olan Müşfiqin qəlbindəki həyat sevgisini bir daha xatırladıb.
Sonda isə Azərinin "Çırpınırdı Qara Dəniz" ifası ilə iştirakçılar öz təqdimatlarını bitiriblər.
Qonaqlar: Jurnalistika fakültəsinin Dekan müavini Samir müəllim çıxışında Xumar xanım başda olmaqla bütün tədbir iştirakçılarına belə tariximizin hər dönəmini əhatə edən tədbir üçün fakültə rəhbərliyi adından təşəkkürünü bildirib. Bu tədbirin təqdir olunası tədbir olduğunu bildirib. Və gənclərə tarixi daha dərindən öyrənməyi və tarixi sevməyi tövsiyyə edib. Hər bir vətəndaşın, xüsusilə jurnalistin tarixi bilmək borcunun olduğunu bildirib.
Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə çıxışında bildirib:
-Azərbaycanın tarixin işığında elə bir şəfəq saçdı ki, o işıqla biz bütöv Azərbaycanıq. Azərbaycan heç zaman belə bütöv olmamışdı. Bunu Prezidentimiz bizə bəxş elədi, hələ tariximizdə bundan böyük hadisə olmayıb.
O, gənclərə öz tövsiyyəsini də bildirib:
-Bir işiniz var elm, sənət, bilgi və vətənə sevgi.
Sonda Xumar Səfərova da öz tələbələrini bu tədbiri uğurla başa vurduqları üçün təbrik edib və öz tövsiyyələrini bildirib, hər zaman olduğu kimi tarixi sevməyin vəzifə borcu olduğunu bir daha xatırladıb.
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı - YENİ KİTABLAR
“Ədəbiyyat və incəsənət” portalı Hikmət Məlikzadənin şair Yusif Nəğməkarın yeni işıq üzü görmüş “Ələsgər zirvəsi” kitabına yazdığı rəyi təqdim edir.
Bilirik ki, Aşıq Ələsgərin xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr bəxş edib. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hisləri, Ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Mənbələrdə deyildiyi kimi, Aşıq Ələsgər özündən sonrakılar üçün misilsiz bir məktəb formalaşdırıb...
Tam mənası ilə bizə bəllidir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik Aşıq sənətinin ən mükəmməl, ən qabaqcıl nümayəndələrindən biridir. O, Aşıq sənəti ənənələrini ömrünün sonuna kimi şərəflə qoruyub, davam etdirib. Üstəlik, yaradıcılığında əsasən qoşma, gəraylı, təcnis, qıfılbənd... kimi janrlar xüsusilə üstünlük təşkil edən görkəmli aşığın Azərbaycan poeziyasının inkişafında da diqqətçəkən xidmətləri var. Əbəs yerə deyil ki, onun sənət nümunələri bu gün də el tərəfindən sevilməkdədir.
Bəlli ki, Aşıq Ələsgər yaradıcılığı barədə yüzlərlə elmi-bədiitədqiqat işi yazılıb. Bu işlərdən biri də istedadlı şair Yusif Nəğməkarın yazdığı “Ələsgər zirvəsi”dir. Burada Ələsgər poetik Obrazdır, saz-söz (isə) ictimai-ədəbi gerçək kimi əks edir...
Səmimi etiraf edək ki, “Ələsgər zirvəsi” poeması bu günə qədər Dədə Ələsgər haqqında yazılmış poemalardan quruluş, məna özəllikləri, məzmun sərrastlığı, ictimai reallığı ilə fərqlənir, əsər həm də dramatik səhnələrlə zəngindir.
Əslində, Yusif Nəğməkarın Ələsgərlə bağlı bu kitabında fikir bədii sual kimi mürəkkəb-metafizik batini məna kəsb edir, bir sıra pünhan zərrələr aşkar zərurət kimi diqqətə çatır; onları açmaq üçün dərin mündəricələr tapmaq, aşkar surətləri gizlin mənalarda təqdir etmək tələb olunur.
Bu kitabda əsas məğz müəllifin Allah, kainat və yaradılış konteksti üzrə mümkün mülahizələr vermək cəhdidir; biz bu mülahizələrin zahiri qatını yaradılışın dürüst istiqamətləri kimi xarakterizə edir, Göyün, Yerin, bütünlükdə kainatın Allaha məlum bir təməlin üzərində bərqərar olduğu qənaəti ilə üz-üzə qalırıq. Bu təməl üzərində məkan fəhm edən Ələsgər də bizi bu israrda tutub saxlayır.
Aşağıdakı şeir parçaları bunun mümkünlüyünü isbat edir:
Kim? Ələstdən “bəli!” deyən o bəlli,
Pak ruhuyla Qalu-bəla təməlli.
Ərki olan Şahi-Mərdan o Əli –
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
O üçlər, o beşlər, yeddilər, qırxlar –
Hər biri saf duyğu axıdan arxlar!..
Onlardan güc alıb, dolanan çarxlar,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Kitab boyu Yusif Nəğməkar həm görkəmli aşıq-şairlə öz fəlsəfi təmasını dərinləşdirir, həm də Ələsgər şeirinin mahiyyətini öz zəruri fikirləri ilə açır, oxucuya Lövhi-Məhfuzda yaradılışın Allaha aid olması faktı barədə anlayış verir, - yəni, bəlli edir ki, ərşin - külli-kainatın bənnası Allahdır. Allahın bir “Ol!” kəlməsi ilə hər şey nizama düşüb... Aşıq Ələsgər kimi batini mənalar da məhz yaradılışın aşkar surətləridir.
İstedadlı şair kitabda Ələsgər şeirinin batini qapalı-aşkar tərzlərini özünəməxsus eyhamlarla diqqətə çəkib, idrak edib ki, Allah Ərşdən sonra Müqərrəb mələkləri (Allahın mərifət və məhəbbətinə qərq olub Ona itaət edən, Allah dərgahına yaxın mələklər) - Ərşi-Əzəmi, Haffun və Saffunu, digər mələkləri xəlq edib, onlara Ərşin yanında məskən yaradıb. Onların bir qismini Kürsüdə, bir qismini Sidrdə, digər bir qismini Livaul-həmd altında, bir çoxlarını Cənnətdə, minlərlə mələyi də göydə, yerdə, dənizlərdə, Cəhənnəmdə yerləşdirib... Bu mistik-fəlsəfi gerçəklər Aşıq Ələsgər şeirinin əsas ədəbi qayəsidir, kitab boyu müəllif bu kontekstləri müxtəlif aspektlərdən cilalamağa müvəffəq olub...
Yusif Nəğməkarın yeni kitabında sual-kontekstdə qəti cavaba sirayət edən bir çox nüanslar olduğundan, deməliyik ki, Ələsgər şeiri batini məna da konkretlik ifadə edir, aşkar surətlər də. Allaha aid müfəssəlliyin bəzi prosesləri bu kitabda zəruri fakt kimi açılır. Burada Ələsgərə aid zəruri kəsblər də zahiri səciyyəvi tərzdədir; “Həm irfandır, həm təsəvvüf, həm sufi, Həm arifdir, həm maarifdir, həm şafi. Həm hürufi, sidqi məqbul, həm kafi, Ələsgərdi, Ələsgərdi, Ələsgər” ədəbi faktında şair bu üstüörtülü-qabarıq fəhmləri hər kəsə bir ismarıc kimi ünvanlayıb, Allah eşqində təcəlla edən aşıq-şairin bir az aşkar, daha çox isə pünhan olmasını israrla müəyyən edib.
Yusif Nəğməkarın yeni kitabı bizə məlum bir həqiqəti də təlqin edir: Aşıq Ələsgərin Azərbaycan Aşıq sənətinin inkişafında yeri və rolu böyükdür, ustad aşığın miras qoyduğu poetik ənənələr bundan sonra da öz sanbalını qoruyub saxlayacaq. Eyni zamanda Yusif müəllimin dədə Ələsgərlə bağlı ibrətamiz şeirlərini oxcuduqca (həm də) belə qənaətə gəlirik ki, Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, müdrikliklə əhatələnmiş söz ümmanıdır.
Bilirik ki, Aşıq Ələsgər şeirində başlıca mövzu məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai nöqsanların tənqidi və s.-dir. Yusif Nəğməkar isə Ələsgər şeirində batini mənaları ifadə edib, bu yöndə zəruri faktlara diqqət çəkib. Səmimi deyək, Ələsgər şeiri hansı miqyasda xalq ruhu ilə həmahəngdirsə, Yusif Nəğməkarın ustad aşığa həsr etdiyi fundamental əsər(i) də o çəkidə misilsizdir.
...“Vəhdəti-vücuda” ünvan alan qət,
On-on mərtəbələr, məqamlar, əlbət –
Şəriət, təriqət, mərfət, həqiqət,
Ələsgərdi, Ələsgərdi, Ələsgər...
Zənnimizcə, bu batini səbəblər əsasında Yusif Nəğməkar Ələsgər şeirini ideal fövqə qaldırıb, oradakı ədəbi nüansları ciddi-cəhdlə oxucuya açıb. Bu silsiləvi cəhddə hansı təpər rəng tapır, hansı müəmma eyhamla diqtə edilib, biz tam görə və idrak edə bilirik. Anlayırıq ki, “Vəhdəti-vücuda” ünvan alan qət”” kimdir, nə üçün “Şəriət, təriqət, mərfət, həqiqət” onun bətninə tam sığa bilir...
“Ələsgər zirvəsi” başlıqlı poemada ədəbi qayə bir qədər də xof və sarsıntı içində çabalamaq, hadisələrə ayıq baxışdır. Bu əsərdə həyatın hər anı və bu səksəkədə dünya üçün həyəcan doğuran son iztirab, son ümid ləngər vurur. Yusif müəllimin bu ricəti (bu müraciəti) əslində, çox poetik, çox fəlsəfi və çox vacibdir; şair yorğun ruhunda çırpınan arzulara dəmir zireh geyindirir, yerin məsuliyyətinə cavabdehlik daşıyır... bu simmetrik gerçəyin ilıq ovqatında həsrət çalarları da diqqət çəkir.
Yusif Nəğməkarın bir şair kimi klassik ədəbiyyata, folklora, aşıq sənətinə dərindən bələd olmasının nəticəsidir ki, o, Dədə Ələsgərə həsr etdiyi poemada görkəmli aşıq-şairin şəxsiyyətinə və örnək yaradıcılığına fərqli yanaşıb, Ələsgər şeiriyyətinə layiqli, apaydın güzgü tutub.
Yusif Nəğməkar şeiri Ələsgər şeirindəki ruhsallığı ömrün idrakda təcəlla edən mühüm cizgisi kimi ehtiva edir. Oxucuya aydın olur ki, aşığın könül dünyasının səmasında da, yaradıcılığının sənət fövqündə də elə bu tərzlər mürgü vurur... “Ələsgər zirvəsi”ni oxuduqca belə qənaətə gəlirik ki, fəlsəfi dəyərlər ruhun müjdəsi, dalğın baxışlı ləngərlər insan vəcdinin ağır ehtişamıdır. Bu salxarlı çırpıntının odunda yanaq pörtmək idrakda görünə bilmək fəlsəfəsi kimi eyhamlanır... Əsərdə ictimai sədd kimi diqtə edən ədəbi fəhm şüurüstü qatda sanbal tapır. Biz bütün hallarda (oxucu olaraq) özümüzü o əhatənin içində görür, bu təlatümlərdən vəcdə gəlirik.
Yusif müəllim Ələsgər şeirinin (əsas) prototipini (ən başlıca səciyyəni) insan-dünya varlığının dərki kimi əxz edir, ustad aşığın fəhmində sevgini bir hayqırtı kimi mənalandırır, ruhumuzu çox uzaq səmtlərə - idrakın üst qatlarında zahir olan gerçəklərə, vəcd anında yaranan susqunluğa, həniri günəş istisi qədər ilğımlı duyğulara çəkir. Biz həmin anı yaddaşımızın dərin qatlarında çırpınan işığa bükür, o işığın daha nurlu olması üçün ruhumuzu sakit hücrələrə yönəldirik. Yaxşı qavraya bilirik ki, Ələsgər bütün zamanlarda “Haqq ilə nahaqqı axtaran hakim”dir, onun poetik ədaləti üzərində nəfsani-şərçi fəhmlərə yer yoxdur...
“Ələsgər zirvəsi”ndəki ötkəm ruh, pərişan-ovqatverici təsirlər Ələsgərdə Yusif Nəğməkara qədər olan dövrlərin hamısını əhatə edir. Buradakı Obrazın isti baxışları gözüaçıq, fəal və çevikdir, onun şüurda cilalanan hisləri dərin çək-çevirdədir. Yaxşı haldır ki, Yusif müəllim oxucuya duyğu ilə ünsiyyətin, baxışla görmək əzminin, adi hisslə qavramaq gücünün qabarıq istiqamətlərini göstərir. Həmçinin, Ələsgərin sevgi şeirlərində sərxoş sevdalara yuxulu nəzərlər atır, oradakı aktivliyi hazırkı ənənəçi ruhda xarakterizə edir; belə deyək, müəllif dəlilik aspektini talesizlik faktı kimi qabartmaq niyyəti güdmür, onun ehtimallarında həyatla təsirli vasitələr bir-birilə əks əlaqədə sistem qurur - daha dəqiqi, bəlli edir ki, zora məğlub insanın idrak qatları qapanır, onun vəcdanə hissləri donur, nəhayətdə, acizlik onu ətraf aləmin dərkinə xəstə təxəyyüllü fərd kimi sığışdırır. Doğrusu, ağılsız sevdalara tuşolma eşq zəminləri deyil ola da bilməz, bu mənada müəllif yeni kitabında hadisələri tək bir obraz əhatəsində sistemli dəyişikliyə məruz qoyur və oxucunu nəticə çıxarmaq cəhdi ilə üz-üzə buraxır.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği mədəni-mənəvi dəyərlərimizin aşkar diqtəsidir.
Nə xoş ki, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi bu gün də yaşamaqdadır. Və nə xoş ki, Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı ölməz aşığın sənət inciləri barədə fəlsəfi gerçəklər ehtiva edir...
Ədəbi aləmin birmənalı qəbul etdiyi kimi, Dədə Ələsgər həm də misilsiz şairdir. Çoxlarımızın təbirində isə o, sadəcə aşıq kimi məna tapır; Yusif Nəğməkar ölməz Ələsgərə həsr etdiyi bu kitabı sanki (həm də) o fərdlər üçün yazıb, onlara Ələsgərin şair kimi hansı məcrada yön-istiqamət tapdığını göstərib. Məlum edib ki, Ələsgər Haqq Aşığı olduğu qədər də, Haqqa tapınan qüdrətli şairdir...
Dədə Ələsgər şeirinin dərin fəlsəfi məzmunu var; məsələn, kimlər üçünsə sevgi eşq sadəcə, bir yanğı təəssüratıdırsa, Ələsgər üçün sevgi göyün yeddi qatından altısında zahir olan ruhi ucalıqdır. Onun poetik yaradıcılığında göyün altı qatının sehri-möcüzəsi məna kəsb edir.
Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı tam mənada yeniliklərlə də özünü aşkar ifadə edir. Məsələn, kitab poema olaraq ənənəyə uyğun “proloq”, “epiloq” kimi başlanğıc və son ədəbi zəminlərlə başlayıb bitmir, müəllif “ön ün”, “ünləmə”, “son ün” və s. priyomlarla dilimizin imkanlarına, yeni söz kəşf etmək fürsətinə istinadən müfəssəl bir proses qurub, belə deyək, yeni sözlər kəşf edib, o sözlərin işlənmə məqamlarını doğru-dürüst tapıb. Poemada ictimai-ənənəçi ruh da yeni formada ehtiva edir.
Yaxud kitabdakı yeniliklərdən biri də şairin Dədə Ələsgər yaradıcılığı barədə söz deyən, sanballı tədqiqat işi yazan alimlərin fikirlərindən sitat gətirməsi, bir növ, kitabı şahmatvari qurmasıdır. Bu kimi tərzlər bəlkə də ədəbi mahiyyətə vara bilməyən bir çoxlarına yeni-modern görünə, hətta (onları) təəccübləndirə bilər; biz bu halı müsbət məna kimi yozur, Yusif müəllimi alqışlayırıq...
Biz Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabını Ələsgərsevərlərə sanballı töhfə kimi təqdir edir, demək istəyirik ki, Yusif Nəğməkarın “Ələsgər zirvəsi”ndə Aşıq Ələsgər “əlində saz, əzbərində “Quran” olan təkrarsız söz “İNCİSİ”dir, dünya-bəşər sehrinin bütün mənaları – “məna biçini”, belə deyək, Ələsgərdir...
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
Bir Göydələn, Bir Şəhərcik, Bir Yeraltı Dünya - ESSE
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bir çox yazıçılar öz əsərlərinin işıq üzü görməsi üçün nəşriyyatların qapısını döyürlər. Bu, onların adını ucalda, bəzən də yaradıcılıq üfüqlərini genişləndirə bilər.
Nəşriyyat, yazar üçün yüksək mərtəbəli göydələn inşa edə bilər.
Həmin göydələn elə bir əzəmətə malikdir ki, onu tapmaq üçün soruşmağa ehtiyac yoxdur – hündürlüyü və parıltısı uzaqdan görünür. Göydələnin pəncərələrindən şəhərin hər tərəfi aydın görünə bilər, amma bu, yazıçının ruhunu və yaradıcılıq azadlığını məhdudlaşdıra bilərmi? Belə bir yüksəklikdə dayanarkən, yazıçı öz mahiyyətini və həqiqi qayəsini hiss edə bilirmi?
Digər tərəfdən, elə yazıçılar da var ki, göyə qalxmağa yox, ətrafa yayılmağa üstünlük verirlər. Onlar binalar deyil, geniş şəhərciklər tikirlər. Bu şəhərciklər cığırlarla, meydanlarla, parklarla doludur. Onların əsərləri, sanki bir külək kimi, qulaqdan qulağa yayılır, dəniz sahillərində əks-səda verir. Hər bir oxucu bu şəhərciyin küçələrində gəzib öz payını tapır.
Bir də başqa cür yazıçılar var. Onlar nə göyə qalxırlar, nə də genişlikdə yol açırlar. Onların dünyası yerin altındadır – səssiz, qaranlıq, amma sirli. Bu yazıçılar torpağın dərin qatlarında özünə bir sığınacaq tapır, əbədi olaraq orada yaşayırlar. Onların qələmindən çıxan hər söz bir mağara divarına həkk olunmuş ibtidai şəkillərə bənzəyir – başa düşmək üçün işıq lazımdır.
Amma bəzi yazıçılar nə yerdə, nə göydə, nə də torpağın altındadır. Onlar ruh kimi ortalıqda dolaşır. Onların mövcudluğu yalnız sözlərindədir. Oxucular onları görmür, amma yazdıqlarını təsadüfən tapanda heyrətə gəlir, "Bu kimdir?" deyə düşünürlər. Əsərləri ruh kimi havada asılı qalıb, görünməmiş bir dünyaya xidmət edir.
Başqa bir yazıçı qrupu da var ki, öz təbəqəsinin qəhrəmanıdır. Onların dünyası bir balaca dairədir, amma bu dairənin içində gözəgörünməz müharibə gedir. Onlar öz janrlarını qoruyur, öz oxucuları üçün yaşayır və yaradırlar. Kənar baxışlar onları görə bilmir, amma öz təbəqəsi onların dəyərini çox gözəl bilir.
Elə yazıçılar da var ki, bu torpaqlarla işi yoxdur, üz döndərərək yeni dənizlərə yelkən açırlar. Onlar, sanki, uzaq materiklərdə yeni dünyalar kəşf etmək üçün doğulublar. Hər əsəri bir xəritədir, hər xəritə bir xəzinə. Oxucular onların kəşf etdiyi bu materiklərə səyahət edir, onun mənəviyyatından özünə məxsus bir şey götürürlər.
Bəziləri isə zamanın çərçivələrini rədd edir. Onlar müasir dünyadan uzaqlaşıb keçmişin tozlu rəflərinə dırmaşır, tarixin əlləri ilə toxunmuş naxışlarını açır. Hər bir köhnə əşyada bir hekayə görürlər, hər bir toz zərrəsində bir xatirə. Bu yazıçılar keçmişlə gələcəyi bir körpü ilə birləşdirir.
Bəzi yazıçılar detektiv kimi çalışırlar. Onlar həyatın sirli cinayətlərini çözür, toza qarışmış əl izlərini izləyir, qaranlıq məqamların arxasında gizlənən həqiqəti axtarırlar. Sonra bu həqiqəti bir detektiv roman kimi oxucularına təqdim edir, onları da bu macəraya cəlb edirlər.
Amma bütün bu müxtəlif yolların bir ortaq nöqtəsi var: Hər bir yazıçı, öz üslubu və baxışı ilə ədəbiyyata xidmət edir. Ədəbiyyatın intibahı onların qələmlərinin ucunda doğulur. Onların hər biri – göydə olan, yerin altında gizlənən, dənizlərə yelkən açan və ya keçmişin tozlarını silkələyən – ədəbiyyat aləminə bir xəzinədir. Hər biri, öz oxucu kütləsini yaradaraq, söz dünyasına dəyər qatır. Bu, sadəcə hörmət edilməyə layiqdir...
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
Bəlkə elə mənim özümün də sonuncu günümdür?
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət"
Ən son neçənci ili problemsiz, əndişəsiz yola salmışıq xatırlayırıqmı? Mən xatırlamıram.
Demək olar ki, hər ilin sonuna az müddət qalmış, ya da ilin başa çatmasından bir neçə ay əvvəl bir hadisə baş verir və o hadisə bütün həyatımıza, ilimizə təsir edir. 2024-cü ili də problemsiz, əndişəsiz, hadisəsiz başa vurmaq nəsibimiz olmadı.
Dünənki sabahı AZAL-a məxsus təyyarənin qəza etməsi xəbəri ilə açdıq. 67 nəfərlik uçuşda Azərbaycandan 23 nəfər, Rusiya və Qazaxıstandan 6 nəfər, 1 nəfər isə Qırğızıstan vətəndaşı dünyasını dəyişdi. Əcəl sən harda olursansa ol, gəlib səni tapır. Nə qocaya, nə də cavana baxır.
Bəlkə elə mənim özümün də bu yalan dünyadakı sonuncu günümdür? Gəlin yaşadığımız hər anın dəyərini bilək. Sevdiklərimizə, özümüzə vaxt ayıraq. Nə də olsa, bu yalan dünyanın bir saniyə sonrasına etibar yoxdu.
ALLAH DÜNYADAN KÖÇƏNLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
"Ədəbiyyat və İncəsənət"
(26.12.2024)
ÖTƏN İL BU GÜN: 2023-cü moda ilində Qış stilinin zəruri atributları
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən il bu gün portalımızda nələrdən bəhs edilib? Məni bu səfər daha çox moda ilgiləndirdi. 2023-cü moda ilində Qış stilinin zəruri atributları nələr olub?
Yeni il şənliklərinin başlamasına cəmi 5 gün qalıb. Deməli, xanımlar üçün parlamağın və seçilməyin əsl vaxtıdır!
2022-2023-cü moda ilində Qış stilinin zəruri atributları barədə xanımlarımıza bilgi vermək üçün ən kompitent ünvana iqtibas edəcəyik. Söhbət dünyanın moda aləminin əsas diktəedicisi olan VOGUE dərgisindən gedir.
Həcmli aksessuarlar
Dizaynerlər bayram üçün hazırladıqları kolleksiyalarda bir qayda olaraq həcmli aksessuarlara daha böyük yer verirlər. Məsələn, küknar ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.
Mirvarilər
Mirvarilər uzun müddətdir trendlərdən kənarda idi. Bu mövsüm isə dəniz daşları hipertrofiyalaşmış formada qarşımıza çıxır. “Giorgio Armani” və “Givenchy” kimi lüks markaların şoularında modellərin obrazları mirvari sırğalar və üzüklərlə bəzədilmişdi. Sözsüz ki, bu detal demokratik brendlərin diqqətindən qaça bilməzdi. Qeyri-standart mirvari aksessuarlarının daha ucuz versiyalarını demək olar ki, bütün mass-market markalardan tapa bilərsiniz. Yeri gəlmişkən, stilistlər hesab edir ki, belə dəniz daşları 2023-cü ilin ən eleqant bəzək əşyaları olacaq.
Kokteyl üzüklər
Böyük parlaq daşları olan kütləvi üzüklər adətən sağ əlin şəhadət və ya adsız barmağına taxılır. Bu ad üzüklərə ona görə verilib ki, məclisdə kokteyl tutduğunuz aksessuar xüsusilə diqqət cəlb edir. Bununla belə, daşların qiymətli olması şərt deyil. Əvvəllər kokteyl üzükləri birbaşa opera əlcəklərinin üzərinə taxılırdı. Əlcəklərin də mövsümün əsas tendensiyaları siyahısında olduğunu nəzərə alsaq, bu dəb ənənəsini asanlıqla təkrarlamaq olar.
Çiçək motivləri
Bu qış dizaynerlər bizə çiçəksiz qalmağı qadağan edir. Yeni mövsümdə çiçəklər xalta boyunbağıları, üzükləri, bilərzikləri, həmçinin digər zərgərlik və bijuteriyaları bəzəyəcək. Xüsusilə çiçəkli boyunbağılara nəzər salmağı tövsiyə edirik.
Uzun sırğalar
Nəhəng mirvarilərlə yanaşı uzun sırğalar da moda səhnəsinə geri dönüş edib. 2023-cü ildə sırğalar o qədər uzanacaq ki, çiyinlərinizə çatacaqlar. Böyük daşlı monoxrom və ya çox rəngli modellər daha möhtəşəm görünəcək. Belə sırğalar olduqca ağır görünür, lakin heç bir mərasimdə sizi diqqətdən kənarda qalmağa qoymayacaq.
Xalta boyunbağı
Xalta boyunbağılar formalarını dəyişsə də, bir neçə mövsümdür ki, gündəmdə qalmağa davam edir. Böyük zəncirli xaltalar, mirvari muncuqlar və ya kristal tennis boyunbağılar trendlər arasında gəlir. Belə bəzəklərin aşkar üstünlükləri odur ki, uzun boyunbağılardan daha çox yönlüdür və demək olar ki, hər şeyə uyğunlaşır.
Aksessuarlarınını seçməkdə kömək etdik. Libasları da özünüz seçin. Və haydı, Yeni il şənliklərinə. Hamıdan gözəl görünməyiniz arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Ayrıc” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
AYRIC
Səni sevmək
Cəhənnəmdə cənnəti
Yaşamaq kimi bir zad
Məni sevmək,
Həmişə, güclünün
Haqlı olduğunu
Bilə-bilə,
Yenə də,
Məhşər məhkəməsinə inanmaq kimi bir zad!
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımovanı tamaşaçı diqqəti qane edirmi?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.
Tamaşaçı diqqəti sizi qane edirmi?
-Bu gün o qədər, cürbə-cür bayağı mahnılar, ifaçılar və ifalar, tərzlər, üslublar, aranjımanlar var ki insanlar özlərinin artıq nəyə qulaq asdıqlarını çaşdırıblar. Siz peşəkar yaradıcı gəncimiz kimi özünüz də bunu çox gözəl bilirsiniz əziz Ayselim. İnsanların artıq zövqü qarışıb. Bir vaxt mən belə mahnıları sevirəm deyənlər artıq hər cür mahnıya qulaq asırlar. Özü də artıq çözə bilmir ki, nəyi sevir, nəyi sevmir. Ona görə də mən artıq insanları qınamıram. Biz elə zəmanəyə gəlmişik ki, insanların zövqünü çaşdırmışıq. Onları özlərindən və öz dünyalarından uzaqlaşdırmışıq. Onlar da artıq özlərini bu janrlarda tapa bilmirlər. Mən isə öz tamaşaçılarımdan çox məmnunam. Çünki bəzi tamaşaçılar ağı-qaradan seçməyi bacarırlar. Çox şükür ki, onlar hələ də bu gün yaşayırlar.
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
“Mustafanın taleyi” - HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı tanınmış teatr xadimi, yazar Ağalar İdrisoğlunun növbəti hekayasəni təqdim edir.
Mustafa məmləkətimizin axarlı-baxarlı bir bölgəsində böyümüşdü. Özü də çox imkanlı ailənin övladı olmuşdu. Atası İmran kişi uzun illər sovxoz direktoru işləmişdi. Sovetlər Birliyi dağılandan sonra da sovxozu fermer təsərrüfatı eləyib, ona rəhbərlik eləyirdi. Mustafa ailənin bircə övladı idi və atası da ona lazım olan şərait yaratmışdı. Puldan heç bir korluq çəkmirdi. Dərs oxumaqla da arası yox idi. Hətta hərifləri belə lazım olan kimi tanımırdı, amma atasına görə ona əla qiymətlər yazmışdılar və orta məktəbin ən əlaçı şagirdi kimi məktəbi qurtarmışdı. Sənədlərini ali məktəbə versə də və yaxşı pul təklif eləsələr də qəbul ola bilməmişdi. Atası məcbur olub, onu on səkkiz yaşında evləndirmişdi. Mustafanın toyundan bir müddət sonra atası İmran kişi haqq dünyasına qovuşmudu. Bax, həmin vaxtdan sonra Mustafanın qara günləri başladı. Və papağını qarşısına qoyub fikirləşdi:
-İndi mən bundan sonra nə edəcəm? Əlimdə də heç bir sənətim yoxdur.
Çünki o, heç bir iş bacarmırdı. Heç yerdə də işləməmişdi. Bir müddət atasından qalan pulları xərclədi. Bir maşın alıb, “taksavatlıq” elədi. Sonra atasından qalan mal-qoynları da satdı. Artıq tam müflisləşdi. Həmin vaxtı məmləkətimizdə də işsizlik baş alıb gedirdi. Torpaqlar camaata paylansa da qalmışdı başlı-başına. Adamların imkanı olmadığına görə torpaqları əkib-becərə bilmirdilər. Dövlət də torpağı əkib-becərmək üçün camaata heç bir köməklik eləmirdi. Bölgələrdə də fabrik və zavodlar yox idi. Bununla da adamlar ac və yalavac qalmışdılar....
Həmin vaxtı adamların Rusiyaya köçüb getmək axını da başladı. Baxmayaraq ki, Mustafagilin həyətində bir hektardan çox torpaq sahəsi olsa da “ağzı günə” qalmışdı. Çünki onun həmin torpağı əkib-becərməyə heç bir həvəsi yox idi. Axı onu uşaqlıqdan buna öyrətməmişdilər. O, özünün həmyaşıdları ilə birlikdə, pul qazanmaq həvəsilə Rusiayaya getdi. Arvadı Sənubər və iki uşağı evdə bir ümidlə qaldı ki, Mustafa onlara pul göndərəcəkdi... Və orada işlərini qurub, alver edəcək, sonra da gəlib onları yanına aparacaqdı.
Beləliklə, Mustafanın Rusiyalı günləri başladı. Heç bir sənəti və savadı olmadığına görə Mustafa məcbur olub, bir donuz fermasında işləyəsi oldu. Evlərinə isə zəng vurub deyirdi ki, bizneslə məşğuldu və tezliklə onlara pul göndərəcək və hətta onları da öz yanına aparacaq...
... Mustafanın Rusiyaya getməsindən on beş il ötsə də ondan nə pul gəlirdi, nə də gəlib uşaqlarını öz yanına aparırdı. Əvvəllər spirtli içkiyə meyili olmayan Mustafa artıq bir gün içməyəndə özünü çox pis hiss edirdi. Həm də özündən on beş yaş böyük bir qadınla yaşayırdı. Arvadı Sənubər qonşuların evini yığışdırmaqla, həyətyanı sahədə göy-göyərti əkib satmaqla, həyətdəki sitrus və başqa ağaclarının meyvələrini alverçilərə verməklə və bir də valideynlərinin köməkliyilə iki övladını böyüdürdü... Atalarının onların yanında olması həm uşaqlarına və həm də Sənubərə ağır gəlirdi. Sənubər, bu on beş ildə elə bil ki, otuz il qocalmışdı...
Mustafa hətta uşaqlarının toyu olanda belə həmin toylara gələ bilməmişdi. Ayıq olanda da özünü söyür və yamanlayırdı ki, niyə Allah ona belə bir acı taleyi verib... Amma o, başa düşmür və dərk eləmirdi ki, bu taleyi özü-özünə yazıb. Burada Allahın heç bir günahı yoxdur...
“Qərib quşun Vətəni olmaz”,- deyib atalarımız. Axır ki, Mustafanın qeyrəti dilə gəldi və belə qərara gəldi ki, Vətənə qayıtsın. Heç olmasa bundan sonra gedib öz doğma evində, öz ailəsi, övladları və nəvələrilə bir yerdə yaşasın. Eşitmişdi ki, Sənubər iflic olub. Daha işləyə bilmir... Məsələ burasında idi ki, Mustafanın da artıq sağlamlıq durumu yerində deyildi. Hər gün spirtli içki içmək və siqaret çəkmək də onun sağlamlığını əlindən almışdı. Hətta bir dəfə infarkt da olmuşdu. Qara ciyərində serroz da başlamışdı. Şəkəri də vardı. Arvadı Mariyadan icazə alıb, doğma elinə gəlmək istədiyini də ona demişdi. Artıq Mariyaya da Musatafa kimi xəstə, alkaş kişi lazım deyildi və ona görə icazə vermişdi. Və hətta demişdi ki, “ daha geri qayıtma. Elə arvadının yanında qal. Çünki sən daha mənə lazım deyilsən”...
... Mustafa da Dəmir yolu vağzalında bu keçmiş həyatını yadına salır və zülüm-zülüm ağlayırdı... Moskva qatarının gəlməsinə də hələ beş saat qalırdı. Moskvaya gedən qatar, bu stansiyadan gecə saat birdə keçəcəkdi. Mustafa da dərdini dağıtmaq üçün yeməkxanadan oturub, içki içirdi ki, bəlkə dərdini dağıda bilsin. O, spirtli içki içəndə çörək yeməyi xoşlamırdı. Ona görə də artıq yüz əlli qram içəndən sonra keyfli olurdu. Bu gün isə iki yüz əlli qram içmişdi. Artıq hiss edirdi ki, sərxoşdu. Yanındakı çamadanı ayarqlarının arasına qoyub, möhkəm saxlamışdı. Burada Mariyadan gizlədib saxladığı bir qədər pul da vardı və nəvələri üçün də bəzi şeylər almışdı....
O, tam sərxoş olmamaq üçün yeməkxanadan çıxdı. Oradakı ayaqyolunda üzünü soyuq su ilə yudu və Vağzalın həyətinə gəldi. Baxmayaraq ki, hələ avqust ayı idi, amma bayırda hava soyuq idi. Qarlı-şaxtalı Sibir, öz sərtliyini göstərirdi...
Mustafa bir müddət də bayırda gəzdi. Uşaqlıq illəri, atalı-analı günləri yadına düşdü. Məktəbdə niyə dərslərini yaxşı oxumadığını yadına saldı. Özünü yamanladı və hətta özünə çox biədəb bir ana söyüşü də söydü. Belə bir neçə mərtəbəli söyüşləri də Mustafa Rusiyada öyrənmişdi...
Qatarın gəlməsinə hələ dörd saat qalırdı. Yaşadığı kənddən Mustafa ona görə gündüz gəlmişdi ki, elə onun yaşadığı kəndlə Dəmir yolu vazğzalının arası iyirmi kilometr yol idi. Əgər gündüz gəlməsəydi, gecə maşın tapıb, bura gələ bilməzdi...
Deməli, məcbur olub, tez gəlmişdi.
O, qırx-əlli dəqiqə bayırda gəzdi. Keçmiş həyatı kino lenti kimi gözləri qarşısında canlandıqca, dəfələrlə doluxsundu, ağladı. Artıq havanın soyuğundan Mustafa spirtli içkidən ayılırdı. Gəzməkdən də yorulmuşdu. Əlindəki böyük çamadan da ağır idi. Ürəyində ağırlıq hiss edirdi. Ona görə vağzalın içərisinə gəldi. Burada adam da az idi. Yəqin qatar gələnə yaxın çoxalacaqdı.... Mustafa gəlib, böyük taxta oturacaqların birində oturdu. Sonra çamadanı başının altına qoyub, uzandı. Fikirləşdi ki, hələ vaxta var. Keçmiş həyatını yadına salıb, acı-acı ağlamaqdansa bir qədər də mürgüləsin. Uzanmağı ilə onu yuxu tutması bir oldu...
Bir də onu gördü ki, Vağzalın yekəpər növbətçisi olan qadın onu oyadır. Rus dilində ona deyir:
-Ay kişi qatar gəlib. Dur qatara min. Qatar burada cəmi on beş dəqiqə dayanır. Tez ol, tez ol qatara min!
Mustafa tez yuxudan oyandı. Başının altında çamadan yox idi. İlk əvvəl başa düşmədi ki, çamadan hanı.
-Burada, mənim başımın altında çamadan vardı. O haradadır,- deyə Vağzal növbətçisi yekəpər qadına baxıb, dedi.
-Mən haradan bilim? Bunu sən bilməlisən.
-Axı mən yatanda onu başımın altına qoymuşdum.
-Sən it iyi verirsən. Bu vəziyyətdə çamadanı başının altında necə saxlaya bilərdin?.. Burada çoxlu oğrular olur. Məgər sən bunu bilmirsən?..
Novbətçi qadın biədət rus söyüşləri söyə-söyə ondan uzaqlaşdı.
Mustafa artıq indi dərk elədi ki, çamadanı oğurlayıblar. Onun bütün sənədləri, şəxsiyyət vəsiqəsi, xarici pasportu da çamadanın içində idi... Qatar isə artıq fit verirdi ki, yola düşməyə hazırlaşır...
Bu vaxt Mustafanı soyuq tər basdı. Ürəyi bulandı. O, artıq başa düşdü ki, onu yenidən infakt vurub. Çünki birinci infakt olanda da onu belə soyuq tər basmışdı və ürəyi bulanmışdı... Artıq onun gözləri qaraldı və böyük taxta oturacağın üztündən yerə yıxıdı...
Qatar yola düşdü. Vağzalın növbətçisi olan qadın da öz işini bitmiş hesab eləyib, otağına keçdi.
Mustafa isə beton, tozlu, soyuq döşəmənin üstündə uzanmışdı. Can verirdi. Ağzından gələn qan isə beton, tozlu, soyuq döşəmənin üstünə tökülürdü... Və, və az bir vaxtda da quruyurdu...
Sumqayıt şəhəri,
20 -22 iyul 2024-cü il
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)
“Aktyor sənətini öyrən” layihəsi davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət Elmi-Metodiki və İxtisas Mərkəzi (MEMİM) və Azərbaycan Rəssamlıq Məktəbinin “Aktyor sənətini öyrən” layihəsi davam edir. Təlimin ilk üç ayının nəticələrinə əsasən layihə çərçivəsində imtahanlar təşkil olunub.
AzərTAC xəbər verir ki, noyabrın 30-da ilk imtahan musiqili tamaşalar olub: Əməkdar artist Qurban Məsimovun TKA 05/24 (Teatr və Kino) kiçik qrupunun quruluşunda “Mama” və Əməkdar artist Qasım Nağının rəhbərliyi ilə TKA 03/24 kiçik qrupun quruluşunda “Gülüncün nağılı”. İmtahanlar uğurla keçib, tamaşaçılar gənc istedadların çıxışlarını mehribanlıqla qarşılayıblar.
Dekabrın 11-də Azərbaycan Rəssamlıq Məktəbinin TKA 07/24 saylı yuxarı yaş qrupu üzrə “Etüdlər” imtahanı keçib. Kursun rəhbəri Xalq artisti Məmmədsəfa Qasımovdur.
Nağılların müəllifi Gülzar İbrahimova, teatrşünas Dağlar Yusif, respublikanın Əməkdar artisti Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və başqaları tamaşalarla bağlı fikirlərini bildiriblər. Onlar layihənin əhəmiyyətini və tələbələrin çıxışını yüksək qiymətləndirib, tədris proqramının qısa müddətdə uğurla mənimsənildiyini vurğulayıblar.
“Aktyor sənətini öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatr sənətinin populyarlaşdırılması, müstəqil incəsənət təhsili sahəsinin peşəkarlaşdırılması, bu istiqamətdə konseptual yeniliklərdən səmərəli istifadə etməkdir.
“Ədəbiyyat və incəsənət”
(26.12.2024)