Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Sacda can əti qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Sacda can əti qızartmasının
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Can əti – 117 qr
§ Soğan – 50 qr
§ Badımcan – 50 qr
§ Pomidor – 50 qr
§ Yaşıl bibər – 45 qr
§ Acı bibər – 25 qr
§ Kartof – 50 qr
§ Kərə yağı – 50 qr
§ Nanə – 8 qr
§ Reyhan qurusu
(və ya təzəsi) – 3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ lavaş – 30 qr
HAZIRLANMASI:
Can əti təmizlənir, halqa şəklində lay-lay doğranır. Yüngülcə döyülür, duz, istiot vurulur. Tərəvəzlər yuyulur, təmizlənir, dairəvi şəkildə doğranır. Sac odun üzərinə qoyulur, ərinmiş yağ əlavə olunur. Yağ dağ olanda tərəvəzlər ardıcıl olaraq qızardılır, sacın qırağına çəkilir. Pomidor lap sonda qızardılır. Sonra ətin iki tərəfi qızardılır, kənara çəkilir, pomidor qızardılır. Ət, pomidor, fal-fal doğranmış soğan bir yerdə sacın ortasına düzülür. Kənardan qalan tərəvəzlər və qızarmış lavaş düzülür. Üzərinə göyərti səpilir və sacda süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
“Yaxınında olanlar doğma olsa da yaddır” - Adilə Nəzərin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adilə Nəzərin şeirləri təqdim edilir.
Sevdalanmaq
bir başqa şəhərə
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?
Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi...
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?
O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən...
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir...
Danışma...
sənə sevdalananları mən tanıyıram...
sevdalandığın oldusa, ondan danış...
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?..
Durub hara gedəsən...
Həyat elə bil susub,
nə "de" var, nə "danış" var,
Durub hara gedəsən?!
Dost deməklə alınmır,
indi dost yox, tanış var,
Durub hara gedəsən?!
Yuvasından perikmiş quş kimi qəribsəyir,
qapalı qəfəsində budaq-budaq sınırsan.
Yarımçıqlar özünü bütövdən üstün sayır,
əlin Allaha çatmır, - içinə sığınırsan...
Durub hara gedəsən?!
Yaxınında olanlar doğma olsa da yaddır,
Dünən tanıdıqların bu gün ötüb, - boyatdır.
Həsəd aparılası müqəddəs heç nə yoxdur,
Biri qazanc düşünür, birinin dərdi addır...
Durub hara gedəsən?!
Hansı yana baxıram, hamı kükrəyir, əsir,
Biri o birisinin bərəkətini kəsir...
Alınıb əllərindən elə bil ki, hissləri...
Bitmir, bitmir niyə bəs
ölümlü insanların ölümsüz ümidləri?!..
Məgər bəlli deyilmi,
hər ürək döyüntüsü əcəlin ayaq səsi...
bilən də, bilməyən də ölümünə tələsir...
Durub hara gedəsən?!
Axşam yeli
Yenə də qəmli əsirsən,
Dərdin nədir, axşam yeli?!
Zalımca ümid kəsirsən,
Fərqin nədir, axşam yeli?!
Ruhumla verib səs-səsə,
Çılğınlaşdın əsə, əsə,
Körpülər namərdlərdəsə,
Mərdin nədir, axşam yeli?!
Hər şey təzad, təzad sirsə...
Qəlbən iblis üzdə pirsə...
Oyunu zər həll edirsə,
Nərdin nədir, axşam yeli?!
Sözdür Haqdan gələn buta,
Dartır əldən tuta-tuta...
O hay-küydə bu sükuta
Qərqin nədir, axşam yeli?!
Adilə, dur yığış, adla,
İslan, quru yağış altda.
Bu qədər yad baxış altda
Ərkin nədir, axşam yeli?!
Külək
Gətirdin günəşli günləri bizə,
Vidalaşdıq axır bu qışla, külək.
Bütün dərd-qəmimiz yuyuldu-getdi
O sağnaq, o leysan yağışla, külək.
İndi ruhumuz da çiçək ətirli,
Bəndimiz, misramız ətir sətirli,
Yaranır yasəmən, süsən xətirli -
Məhəbbət bir isti baxışla, külək.
Hərdənbir əs yenə, yenə də gurla,
Gələn hər günümü özün uğurla,
Tələs, yanağımdan öpüş oğurla,
Apar sevdiyimə bağışla, külək.
*
Yenə bu şəhərin qarmaşasından
Ayrılıb gedirəm fikrə dalmağa.
Ən şirin sözləri sənin səsindən,
Dinləyib sevgidən ilham almağa.
Xəyallar bəxtiyar, xəyallar məsud,
Açılıb göy üzü, boşalıb bulud.
Sarayım yoxsa da, verdiyin ümid
Bəs edər bir ömür tənha qalmağa.
Məhəbbət çarx deyil çəkəm əvvələ,
"Get" desəm, qayıda, "gəl" desəm, gələ.
Mənim bir baharım qalıbdır hələ,
Qismətsə səninlə xoşbəxt olmağa.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
“Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynardır…” - MÜSAHİBƏ
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün
75 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtda 75 il ərzində diqqət çəkən bir ədəbi mühit də formalaşıb. Və bu mühitdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tanınmış şair Əşrəf Veysəlli xüsusi yer tutur.
Müsahibimiz odur.
-Necəsiniz Əşrəf müəllim, səhhətiniz necədir?
- Çox sağolun, çox minnətdaram. Gözlərimdən başqa heçnədən şikayətim yoxdur. Siz kefimi soruşdunuz deyə, biraz da yaxşılaşdım.
-Bildiyiniz kimi bu il şəhərimizin 75 yaşı tamam olur. Keçmiş və indiki Sumqayıt. Hansı sizə daha doğma, daha əzizdir?
- Bəli, bu il hamımıza doğma olan Sumqayıtımızın 75 yaşı tamam olur. Bu şəhərin 70 illik yubileyini görmüş bir insan kimi onun 75 illiyinin necə olacağını təsəvvürümə belə gətirə bilmirəm. 70 illik yubiley o qədər yüksək səviyyədə keçirildi ki, bunu sözlə ifadə etmək mümkün deyil. Gərək görəsən, iştirak edəsən,yaşayasan. Bu il respublikamızda beynəlxalq və dünya əhəmiyyətli ,dövlət səviyyəli çoxsaylı tədbirlər keçirilsə də şəhərimizin 75 illik yubileyinin də möhtəşəm olacağına ürəyimdə bir əminlik hissi var. Mən Sumqayıtın həm keçmişini ,həm də indisini xatırlyanda hər ikisi mənə doğma gəlir. Birində gəncliyimin şaqraq illəri, o birində isə qocalığımın acılı - şirinli bəhrələri...
-Sumqayıtın sizin taleyinizdə yeri və rolu? Sizə ömrü geri çevirmək imkanı verilsəydi və ya zaman yolçuluğuna səyahət etmək fürsətiniz olsaydı yenə də tale şəhəri olaraq Sumqayıtı seçərdinizmi?
- Sumqayıt hamımızın tale şəhəridir. Yaxşı yadımdadır, mən ali təhsil ala-ala gecələr Sumqayıtda işə düzəldim. Gündüz fakultəsində oxuduğumdan dərslərimi elektrik qatarlarında hazırlamalı olurdum. Bununla belə ali məktəbi əla qiymətlərlə başa vurdum. Əbədi olaraq taleyimi Sumqayıta bağladım. Sumqayıt mənə xoşbəxt ailə həyatı bağışladı. Mən harda olsam da ürəyim bu şəhərlə döyünür. Çünki, bu şəhər həm də övladlaramın, nəvələrimin, nəticələrimin şəhəridir. Əlbəttə , dünyaya yenidən gəlmək fürsəti verilsəydi mən yenə də doğma şəhərimi seçərdim.
-Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əməyi olan qələm adamlarından biri və birincilərdənsiniz. O illər necə qalıb yaddaşınızda, çətin olmadı ki?
- Fikirləşəndə o illər gözümün qarşısından kino lenti kimi keçir. Əli Kərimi, Vaqif İbrahimi, Feyzi Mustafayevi, Ağəddin Mansurzadəni, Xasay Cahangirovu və digərlərini heç cür unuda bilmirəm. Ancaq burada ədəbi mühitin formalaşmasında böyük əməkləri olan Qulam Feyzullayevi, Söhrab Abdullayevi, Vaqif İbrahimi, Xasay Cahangirovu, İbrahim İlyaslını xüsusi qeyd etmək istəyirəm. O zamanlar mən Sumqayıt qəzeti nəzdində bədii şuranın sədri və poeziya klubunun direktoru idim. Sumqayıtda gənclik qaynayırdı. Elə indiki kimi...
-Sumqayıtın bugünki ədəbi mühiti sizi qane edirmi?
-Mən bugünki ədəbi mühitimizdən çox razıyam. Əgər adlarını çəksəm çox böyük bir siyahı alınar. Həm də kiminsə adı yadımdan çıxsa məndən inciyə bilər. Onların arasında geniş miqyasda tanınan şairlər, yazıçılar və ədəbi mühitə təzəcə qədəm qoyan, hələ öz dəsti - xəttini tam tapa bilməyən gənclərimiz də var. Mən onlara yeni - yeni uğurlar arzu edirəm.
-Sumqayıt cameəsində güvəndiyiniz və bəyəndiyiniz imzalar?
- Güvəndiyim və bəyəndiyim imzalardan Rafiq Yusifoğlu, Məmməd İlqar,
Zirəddin Qafarlı, Varis, Eyruz Məmmədov, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Almaz Ərgünəş Bəyazid, Gülnarə Cəmaləddin, Məryəm Aslanqızı, Hümbət Quliyev, Əli Ələmi, Rəfiqə Şəms, Nadir Azayoğlu, Hafiz Ataxanlı, Əli Nəcəfxanlı, Xatirə Fərəcli, Rafiq Oday, Nazilə Gültac, Süleyman Hüseynov, Lilpar Cəmşidqızı, Xəqani Abbasəli, Aygün Yaşar, Əyyub Qiyas, Ehtiram İlham, Mənsurə Xələfbəylinin adlarını xüsusi qeyd edə bilərəm.
-Sİz həm də AYB Sumqayıt bölməsində Məsləhət Məclisinin sədrisiniz. Bölmənin işindən razısınızmı?
- AYB Sumqayıt bölməsinin işindən saatlarla danışmaq olar. Bölmə öz işini planlı şəkildə qurur. Respublika yazıçılarının qurultayında irəli sürülən və gənclərin yaradıcılıqlarını istiqamətləndirmək baxımından tələb olunan göstəriş və vəzifələri layiqincə yerinə yetirir.Qardaş ölkə Türkiyə ilə ədəbi əlaqələrin qurulmasında, Aərbaycanın qələm adamlarımnın,eləcə də Sumqayıtlı qələm adamlarının əsərlərinin və eyni zamanda Türkiyənin istedadlı qələm adamlarının Azərbaycanda tanıdılması baxımından da xeyli işlər görür. AYB- nin Sumqayıtda yaşayan üzvləri xalqımızın yüz illərlə davam edən mübarizəsinin parlaq nəticəsi olan Qarabağ döyüşlərinin haqqında geniş, müfəssəl yazılar yazıb və yazmağa davam edirlər. “Şəhidlər ölməz,Vətən bölünməz!” devizi altında şəhidlərimiz və qazilərimiz haqqında, onların şəhadətləri və xarakterləri haqqında sanballı əsərlər meydana gəlir. Qarabağ mövzusunda Aidə Eyvazlı və Aygün Hacıyevanın zəhmətlərini xüsusi qeyd etmək lazımdır. AYB Sumqayıt bölməsinin Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə Şəhidlərimizə həsr etdiyi maraqlı layihələr təqdirəlayiqdir. Bundan başqamütəmadi olaraq Sumqayıtda yaşayan AYB üzvlərinin yubileyləri, kitab təqdimatları, görüşləri keçirilir və bütün bu görülən işlər şəhət ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bundan başqa bölmənin həyata keçirdiyi bir- birindən maraqlı tədbirləri və layihələri saysaq məncə bunun üçün bir müsahibə bəs eləməz.
-Sumqayıt ədəbi mühiti ilə Bakı ədəbi mühitinin fərqi?
-Mənə elə gəlir ki, Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynar və coşqundur. Tez-tez keçirilən kitab müzakirələri, yeni kitabların təqdimatı, şair və yazıçılarla görüşləri misal gətirmək olar.
-Şəhər rəhbərliyinin ədəbiyyata göstərdiyi diqqətdən razısınızmı?
- Açıq deyək ki, Sumqayıt ədəbi mühiti şəhər rəhbərliyinin diqqətindən kənarda deyil. Ayrı-ayrı yazarlara mütəmadi olaraq köməklik ediliir, onların güzəranına diqqət yetirilir. Son vaxtlara qədər möhtəşəm tədbirləri ilə çoxlarını heyrətdə qoyan poeziya klubu boynu bükük bənövşə kimi kol dibindən boylanır, zirzəmilərdə fəaliyyət göstərirdi. İndi isə Əli Kərim adına Poeziya evi keçmiş Heydər Əliyev mərkəzində əbədi məskunlaşmışdır. Elə təkcə buna görə şəhər rəhbərliyinə dəfələrlə minnətdar olmağa dəyər.
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
- Mənim nəyim varsa mənə Sumqayıt verib. Mən isə xəsislik etmişəm, Sumqayıta heç nə verməmişəm.
-Şəhərimizin 75 illik yubileyi ilə bağlı arzu və təklifləriniz?
- Arzum budur ki, gəlin kimi bəzənən şəhərimizin mənzillərindən həmişə xoşbəxt insanların gülüş sədaları yayılsın. Heç kimin üzündən təbəssüm, gözlərindən işiq, ürəklərindən məhəbbət əksik olmasın.
-75 yaşlı gənc şəhərimizə nəyi tövsiyə edərdiniz?
- Gələcəyə doğru inamla addımlayan əziz və doğma şəhərimiz, sükanı həmişə belə saxla.
Yaranışdan o mənim könlümə ilham verib,
Qoyunu coşub daşmalı, çağlamalı şəhərdir.
Otuna sığal çəkib, gülünə salam verib,
Hər gün halını sorub, yoxlamalı şəhərdir.
Bütün dünya bir ola, bütün aləm yığıla,
Bu möcüzə, bu heyrət gəlməzdi hər ağıla.
Büküb sözə, nəğməyə, bayatıya, nağıla
Namus kimi qoruyub saxlamalı şəhərdir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
İBRƏTAMİZ - Həyat niyə bu qədər çətinləşdi?
Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə İBRƏTAMİZdə sizlər üçün həyati əhəmiyyətli bir məsələyə toxunacam. Əminəm ki, həmişəki kimi sizlər üçün çox faydalı olacaq.
...Arifə sual verdilər ki, həyat niyə bu qədər çətinləşdi?
Buyurdu:
Çünki günə "Bismilləh" ilə başlayanlar azaldı...
İbadət və itaətləriniz dərəceyi-qəbul olsun inşəAllah...
Kimilərinə görə insanlar tanıdıqca dəyişir...
Mənsə bu mövzuda tam tərsini düşünürəm...
Bilirsiz niye..?
Çünki insan tanıdıqca dəyişməz,
tanıdıqca özü olar...
Aktyorluq etməkdən imtina edər
və həqiqi xarakterini ortaya çıxarar...
Buna məcbur qalar...
Çünki heç bir ömür saxta xarakterlə,
aktyorluq edərək tükənməz...
Allah bizi saxta düşüncə riyakarlıqdan qorusun .
Ədəbiyyat və incəsənət”
(18.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ağaclar diksinər yarpaq düşəndə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Ağaclar diksinər yarpaq düşəndə“ söyləyir.
Sizi bilmirəm, mən dərhal bu mənzərəni hiss etdim. Payızdır, qocaman bir çinarın saralmış yarpağı yerə düşür və çinar səksənir…
Xoş mütaliələr.
Elə bil bir qədər kiçilirəm mən,
Bu dağlar qoynundan bir dağ düşəndə.
Ana sevgisinə bürünüb düşür
Hər uşaq bətndən çılpaq düşəndə.
Bu sünbül sevgimiz indi dən tutur...
Səni hər gözələ necə tən tutum?!
Sənin ayrılığın əlimdən tutur
Haçan ki könlümə yanmaq düşəndə.
Quru budaqlarda gülümsəyər nar,
Payız yağış dolu boxçanı açar...
Gecə səhərəcən yuxusu qaçar-
Ağaclar diksinər yarpaq düşəndə...
Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bir fotonun ardınca - İçərişəhərdə çirkab
Ələviyyə İbadlı, “Ədəbiyyat və incəsənət”
Sosial medianı dolaşan bu foto diqqətimi çəkdi. Kişi adı daşıyan nakişiləri görüb də inanın ki dəhşətə gəldim.
Biz hara gedirik? Razrezli bığlı-saqqallı kişiciklər - bu murdarlar İçərişəhərimizin küçələri ilə gəzərək gənclərə, uşaqlara nə nümunəsi göstərirlər?
Biz mənəvi deqradasiyanın son həddindəyik.
İctimaiyyət ayağa durmalıdır, Azərbaycanı Hollandiyaya çevirmək istəyənlərə yox demək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bu gün Sofi dö Kue Bakıda konsert verəcək
İsveçrəli müğənni Sofi dö Kue sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.
Sofi dö Kue eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək.
Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bu gün Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlayır
Könül, “Ədəbiyyat və incəsənət”
Bu ilin mədəniyyət təqviminin ən önəmli səhifələrindən biri - bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlayır.
Bəri başdan deyim ki, festival qonaqlı-qaralı olacaq, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq.
Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.
Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Festival sentyabrın 28-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - 261 nömrəli məktəb-liseydən Könül Məmmədli və Zeynəb Quluzadə
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
ŞAGİRD:
Mən, Quluzadə Zeynəb Anar qızı 2008-ci ildə Bakı şəhərində doğulmuşam. 2014-cü ildə Xətai rayonunda 254 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2022-ci ildən isə təhsilimi 261 nömrəli məktəb-liseydə davam etdirirəm. Hazırda 11-ci sinif şagirdiyəm. 8 yaşımdan rəsmlə məşğulam. 2022-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimlərinin təşkilatçılığı ilə “ArtAccent” tərəfindən keçirilən “Yay məktəbi”ni müvəffəqiyyətlə bitirmiş, 2024-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən İ.Repin adına İncəsənət Akademiyasının “Yay məktəbi”nə qəbul almış və məktəbi müvəffəqiyyətlə bitirmişəm. Müxtəlif qurumlar tərəfindən keçirilən müsabiqələrdə sertifikat və diplomlar almış, o cümlədən 261 nömrəli məktəb- liseyin 2023-cü ildə keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisində I yerə layiq görülmüşəm. Bundan əlavə, Hindistan, Qazaxıstan kimi ölkələrin, Meksika, Mərakeş və Rusiyanın Azərbaycandakı səfirliklərinin təşkil etdiyi rəsm müsabiqələrində müxtəlif yerlər qazanmış və sertifikatlarla təltif olunmuşam. İlk sərgim 2023-cü ildə 261 nömrəli məktəb-liseydə təşkil olunmuşdur. Həmçinin 2022-ci ildə “Ustad” jurnalında köməkçi rəssam kimi fəaliyyət göstərmişəm. 2023-cü ildə “Balabilgə” nəşrlərində çapdan çıxmış Sevinc Elsevərin “Döyüş iti” və Həmid Piriyevin “Balaca delfinin macəraları – Xərçəngin xəzinəsi” uşaq hekayələrinin illüstrasiyalarını çəkmişəm.
ESSE:
Müasir dövrdə kosmopolit olmağa çalışan, özünü “dünya vətəndaşı” elan edən və öz köklərindən qopduğunu zənn edən insanların sayı bütün dünyada artır. Lakin onların əksəriyyəti müəyyən məqamda necə bir qəflətə qapıldığını anlayır. Çünki əngin səhrada bircə qum dənəsi kimi itib yox olmamaq üçün insanın köməyinə onun kökləri, milli kimliyi, qanı və canı ilə bağlı olduğu Vətəni gəlir.
Düz 33 ildir ki, hər bir azərbaycanlı müstəqil Azərbaycanın vətəndaşı olduğunu bütün dünyada rahatlıqla dilə gətirir və düz 4 ildir ki, hər bir azərbaycanlı əzəli torpaqlarının qaytarılması ilə yaşadığı sevinc və fərəh hisslərini bütün dünyaya hayqırır. 4 ildir ki, hər bir vətəndaşımız 44 rəqəminin sehrinə qapılıb. Çünki 4 il əvvəl məhz cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin tarixində əhəmiyyətli bir addım atdı – Azərbaycan son 200 il ərzində ilk dəfə öz torpaqlarını qaytarmağa müvəffəq oldu. I Qarabağ müharibəsində itirdiyimiz torpaqlar II Qarabağ müharibəsində onun əzəli sakinlərinin – azərbaycanlıların qələbə qazanması ilə qaytarıldı, milyonlarla insan bu tarixi anın şahidi oldu, viran edilmiş o torpaqlarda quruculuq-bərpa işləri aparıldı, neçə-neçə hava limanı, məktəb, bağça, yaşayış evi, hotel, idarə açıldı, yollar salındı, məscidlər bərpa olundu, tarixi abidələrin qorunub saxlanılması üçün müvafiq addımlar atıldı. Ən əsası, gəncliyimizin təhsili yönündə əhəmiyyətli bir iş görüldü, belə ki, Qarabağ Universiteti açıldı və fəaliyyətə başladı.
Düzdür, bu yolda verdiyimiz qurbanlar da oldu. 3000-ə yaxın şəhid Qarabağda Vətən uğrunda gedən döyüşlərdə öz canını itirdi, lakin onların öz qarşısına qoyduğu hədəfə nail olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın qaytarılması onların ruhuna ən gözəl müjdə oldu.
Az qala, bütün dəyərlərin itirildiyi, əxlaq kodekslərinin pozulduğu və çoxunun yalnız öz rifahı üçün çalışdığı bu dünyada yox olmamağın, milyardlarla insanın içində itib-getməməyin tək yolu milli kimliyini dərk etmək və Vətənin naminə əlindən gələn hər şeyi etməkdir. Bir azərbaycanlı olaraq, hamımızın borcu o 44 gündə göstərdiyimiz şücaəti ömrümüz boyunca göstərməkdir.
Biz məktəblilərin göstərə biləcəyi şücaət isə oxumaq, layiqli vətəndaş kimi yetişmək, öz ölkəmizin inkişafı üçün çalışmaq və dünyanın harasında olmağımızdan asılı olmayaraq, Vətən sevgisinə sadiq qalmaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Qafqaz İslam Ordusunun şücaəti Ankarada anılıb
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Türkiyə Azərbaycan Dostluq və Həmrəylik Fondu və Türk Dünyası Parlamentarilər Fondu Azərbaycan səfirliyi ilə birgə “Bakü’nün İşgalden Kurtuluşu; Kafkas İslam Ordusu ve Enver Paşa” adlı anım toplantısı keçirib.
Toplantıda Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran iştirak edib və çıxış eləyib.
Toplantıda bir çox rəsmilər də iştirak ediblər.
İclasın açılışında Milli Müdafiə Nazirinin müavini Şuay Alpay, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım, MHP sədrinin baş müşaviri Prof. Dr. Ruhi Ersoy, Azərbaycan Ankara səfirliyinin müşaviri Yaşlı Əliyev, TADİV prezidenti Prof. Dr. Aygün Attar, TDPV prezidenti Dr. Abdullah Çalışkan, Yıldırım Beyazıt Universitetinin müəllimi Prof. Dr. Zakir Avşar, yazıçı Ali Yurtseven və digərləri iştirak etmişlər.
Bakını erməni-rus-ingilis işğalçılarından xilas edən türk qardaşlarımızın qəhrəmanlığı vəsf olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)