Gənclər Kitabxanasında Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə əlaqədar görüş

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Tekniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi və proqram ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar. 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, qonaqlar ilk növbədə kitabxananı ziyarət edərək, ümumi iş prosesi ilə tanış olublar, kitabxananın fondu, oxucu tərkibi, istifadəçilər üçün yaradılan şərait və onlara  təqdim edilən xidmətlər haqda geniş məlumat əldə ediblər.

Sonradan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinə bu ildən başlandığını söyləyərək, hal-hazırda proqramın işlədilməsi, yaranan çətinliklərin tezliklə aradan qaldırılması və qarşıda duran perspektivlər haqda danışdı.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Tekniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican qardaş ölkə Azərbaycanda səfərdə olmaqdan və ölkənin aparıcı kitabxanalarını ziyarət etməkdən böyük məmnunluq duyduğunu dilə gətirərək Türkiyədə Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi, işlənib hazırlanması, yeni-yeni modullar və funksiyalar ilə təkmilləşdirilməsi haqda məlumat verdi. KOHA proqramının dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini söyləyərək, öz bilikləri və bu istiqamətdə qazandıqları təcrübə ilə bölüşmək istədiklərini bildirdi.

Proqramla bağlı məsələlərin müzakirəsi formatında keçən görüşdə kitabxana əməkdaşlarının sualları cavablandırıldı, proqramın işlədilməsində yaranan çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində müzakirələr aparıldı.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.