“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başlayıb

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu il düşərgə Azərbaycanın qəhrəman şəhidlərinin uşaqlarının və Moldovada yaşayan soydaşlarımızın övladlarının iştirakı ilə keçirilir. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb.

Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu düşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürur hissi duyduğunu bildirib. Çıxışlarda layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixində baş tutan düşərgəyə Azərbaycandan şəhid uşaqları və Moldovadan soydaşlarımızın övladları daxil olmaqla 12-15 yaş arası 20 məktəbli qatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkar təlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ekskursiyalar təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.