Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dünyadakı ən gözəl hiss, məncə, xoşbəxtlikdir. Xoşbəxt insan kimdir bəs? Mahnıda deyir ki, "şu dünyadaki en mutlu kişi mutluıuk verendir…”

 

Müddəti bəlli olmayan bir serialın ayrı-ayrılıqda baş roluyuq hər birimiz öz həyatımızda. Amma seriallar heç vaxt sadəcə baş roldan ibarət olmaz. O qız və ya oğlanın mütləq ki, bir ailəsi, bir neçə dostu, ya eşqindən divanə olduğu, ya da qovuşa bilmədiyi biri olar. Əgər ki, obrazınız həqiqətən insani keyfiyyətlərə malikdirsə bax onda çevrəsindəkilər də, o da bir araya gələndə, çiyin-çiyinə verdikdə üzlər gülər, qarın toxluğuna gecədən səhərə gülünər.

 

Xoşbəxtlik nisbi anlayışdır. Kiminin xoşbəxtliyi bir maşındadır, kimininki bir sarılmada. Təəssüf ki, ətrafdakı hər kəsi xoşbəxt etmək mümkün deyil. Lakin bu dünyaya kiçik təbəssümlər də lazımdır. 

Uşaqkən elə bilirdim ki, bir nəfər ağlamırsa, demək ki, hər istədiyi yolundadır. O xoşbəxtdir. Elə bilirdim ki, hər istədiyini ağlayaraq əldə etmək olar. Çünki dayım mən ağlamayım deyə gecə 2də də banan almağa gedərdi mənim üçün. Lakin böyüdükcə əslində heç nəyin bu qədər bəsit olmadığını təəssüf ki, anladım. Küçəyə çıxdıqda heç kimin üzündə təbəssüm yox, hər kəsin beynində minlərlə fikir... Hər kəs bu həyatda birtəhər ona verilən ömrü doldurmağın dərdindədir. Amma düşünmürlər ki, bunu özlərinə zülm yox, əyləncə halına gətirsələr, zövq almağa çalışsalar, əslində hər şey daha gözəl ola bilər. Mən gülüşün yoluxucu olduğuna inanıram. Məsələn yolda hər hansı bir uşağın güldüyünü görəndə istəmsiz üzümə yayılan gülümsəmədən bilirəm bunu. Nəyə görə uşaqlar daha xoşbəxt olur. Çünki onlar hər şeyi oyuna çevirib həzz almağı bacarır. Bəs biz edə bilmərik? Düşünün ki, avtobusda, ya metroda üzbəüzünüzdə oturan kefsiz biri var. Ona ehmalca gülümsəmək bəlkə də ona ruh verə bilər? Düzdür, indiki dövrdə insan nəinki tanımadıqlarından, hətta bir evdə yaşadıqlarından qorxur. Buna görə də bu dediyim jest xeyli təhlükəlidir. Amma mən sevginin də hər şeyi aşa biləcəyinə inanan romantik polyannayam deyəsən. İndi qədər yetişmişləri dəyişə bilmərik bəlkə, amma özümüz bu cür yetişdirsək, bu dünyanın gələcəyi üçün çox şeyi dəyişə bilərik. Xoşbəxt olmaq elə də çətin deyil. Hamı bir təhər dolanmağa çalışarkən kiçik bir gülümsəmə bəlkə də qarşınızdakının həyatına toxuna bilər. Sadəcə inam və birgə mücadilə..

Mahnıda da deyir axı, bütün dünya buna inansa, birlik olsa, hayat bayram olsa...

 

Birlik olun, çünki həyat qəddarcasına insanları yıxmaq istədikdə yalnız bir halda onlar müvazinəti saxlaya bilərlər -  çiyin-çiyinə verdikdə. Sağlıcaqla qalın.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan xoreoqrafiya sənətində özünəməxsus yeri olan bənzərsiz balet ustası, xalq artisti, Dövlət mükafatı laureatı baletmeyster Çimnaz Babayevanın anım günüdür.

 

Çimnaz Məmməd qızı Babayeva 1946-cı il dekabr ayının  23-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini  bitirmiş gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilmişdir. Azərbaycanın balet ustalarından biri kimi tanınmış görkəmli sənətçi teatr səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz obrazlar yaratmışdır. 

Çimnaz xanım həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan”da Nəsiminin sevgilisi, L.Minkusun “Don Kixot” baletində Kitri kimi obrazlara can etmişdir.

O, eyni zamanda klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olmuş, baletlərə yüksək professionallıqla quruluş vermişdir. Teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir.

Çimnaz xanım həmçinin pedaqoji fəaliyyətlə də məşğul olmuş 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərmiş. Teatrda gənc balet artistlərinin yetişdirilməsində əvəzsiz xidməti olmuşdur.

Milli baletimizin görkəmli nümayəndələrindən biri olan Çimnaz Babayeva özünün qırxillik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülmüşdür. 2002-ci ildən Prezident təqaüdüçüsü olmuşdur.

Görkəmli baletmeyster 2019-cu il dekabrın 23-də 73 yaşında vəfat etmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

21 dekabrda növbəti dəfə ilin ən uzun gecəsini yaşadıq. Söz vaxtına çəkər, illər əvvəl bu gecəyə həsr etdiyim bir şeir var, istəyirəm onu oxucularıma ərməğan edim. 

 

GÖZ YADDAŞI

 

Saçların tək uzun bir qış gecəsi,               

Qarşımda dəftərçə, əlimdə qələm.

Səni düşünürəm tənha otaqda, 

Kaş xəyal da olsa, yanına gələm. 

 

Rəsminə baxıram gözümü yumub,

Döyünmür ürəyim, bir sükut çöküb.

Bu şəkli nə rəssam, nə də fotoqraf,                     

Sevən gözlərimin yaddaşı çəkib. 

 

Bu qış gecəsində qovuşsaq əgər, 

Sevincdən ağlaram, gülər göz yaşım.

Həsrətdən ağlasam qorxuram birdən,

Şəklini gözümdən silər göz yaşım. 

                                       

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Naiq Məmmədhəsənov, “Ədəbiyyat və incəsənət” üçün

 

Prezident İlham Əliyev Azərbaycanın Parlaq Gələcəyinin Təminatçısıdır

 

Azərbaycanın müasir tarixi zəngin və şərəfli hadisələrlə doludur. Bu tarixin hər səhifəsində xalqımızın birliyi, dövlətimizin gücü və inkişafın təməlinə qoyulan əzm və qətiyyət var. Ölkəmizin bu möhtəşəm inkişaf yolunun başında dayanan uzaqgörən, qətiyyətli və müdrik lider – Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan, müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatı güclü, beynəlxalq arenada nüfuzlu və öz xalqına layiq həyat səviyyəsi yaradan bir dövlətə çevrilmişdir.

Prezident İlham Əliyevin 24 dekabrda qeyd olunan doğum günü həm şəxsi bayram, həm də xalqımız üçün tərəqqi və inkişaf yolunda yeni başlanğıcların rəmzidir.

 

İqtisadi İslahatlar və Davamlı İnkişaf

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanmış və bu proses 2024-cü ildə də sürətlə davam etmişdir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması ölkəmizin iqtisadi dayanıqlılığını artırdı. 2024-cü ildə qəbul edilən qərarlar nəticəsində əməkhaqları və pensiyalar əhəmiyyətli dərəcədə artırıldı, əhalinin sosial müdafiəsi gücləndirildi. Dövlətin həyata keçirdiyi islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafına şərait yaradıldı, yeni iş yerləri açıldı və vətəndaşların rifah səviyyəsi yüksəldi.

İnfrastruktur layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində oldu. Yolların, körpülərin, magistral və kənd yollarının inşası, elektrik, su və qaz təchizatı ilə bağlı mühüm layihələrin icrası ölkənin hər bir bölgəsinin inkişafına təkan verdi. Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr ölkəmizi dünya iqtisadiyyatına daha sıx inteqrasiya etdirir.

 

Xalqın Rifahına Yönəlmiş Sosial Siyasət

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında hər zaman xalqın rifahı dayanır. 2024-cü ildə də sosial siyasət istiqamətində bir çox mühüm addımlar atıldı. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr cəmiyyətin inkişafına mühüm töhfələr verdi. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin açılması, gənclərin və qadınların sosial fəallığının artırılması üçün aparılan tədbirlər davamlı inkişafın təminatıdır.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olundu. Məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin inşası, mənzil şəraitinin yaxşılaşdırılması və onların doğma yurdlarına qayıdışı dövlətin xalqına göstərdiyi qayğının bariz nümunəsidir.

 

Beynəlxalq Arenada Nüfuz və Diplomatik Qələbələr

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanındı. Azərbaycanın COP29-a ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin beynəlxalq mövqeyinin gücləndiyini göstərdi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji problemlərin həllində, qlobal məsələlərdə fəal və məsuliyyətli ölkə olduğunu nümayiş etdirdi.

Azərbaycanın xarici siyasəti müstəqilliyə, ədalətə və milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlar qarşısında səsləndirdiyi prinsipial və qətiyyətli mövqelər ölkəmizin haqq işinin dünya tərəfindən qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Regional və qlobal layihələrdə Azərbaycanın iştirakı, müxtəlif ölkələrlə iqtisadi və mədəni əlaqələrin inkişafı dövlətimizin nüfuzunu daha da artırdı.

 

Qarabağın və Şərqi Zəngəzurun Bərpası

Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 2024-cü ildə bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdi. Füzuli, Şuşa, Laçın və digər şəhərlərdə həyata keçirilən layihələr nəticəsində müasir yaşayış kompleksləri, yollar, məktəblər və xəstəxanalar tikildi. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, bu ərazilərdə həyatın bərpa edilməsi dövlətimizin gücünün və xalqımızın qətiyyətinin təcəssümüdür.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən bu layihələr, Azərbaycanın hər qarış torpağının inkişaf etdiyini və gələcək nəsillərə daha gözəl və abad bir vətən qoyulduğunu göstərir.

 

Gələcəyə İnamla

Prezident İlham Əliyevin doğum günü – 24 dekabr, Azərbaycan xalqı üçün hesabat və gələcəyə baxış günüdür. Hər il bu tarixdə həyata keçirilən işlərə nəzər salmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək və yeni uğurlara doğru irəliləmək üçün bir fürsətdir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyəti və xalqına olan sevgisi sayəsində Azərbaycan daha böyük nailiyyətlərə imza atacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də bü şənbə günü onu ailəsindən, qohumlarından və dostlarından başqa anan tapılmadı. Axı nomenklaturada onun adı olmayıb vaxtı ilə.

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında – düz 72 il öncə Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub.

Və başqalarını bilmirəm, amma biz həmin gün Adil Mirseyidi böyük hörmətlə andıq, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət dilədik.

Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

 

Təzəlikcə Azərbaycan Prezidenti cənab İlham Əliyev ümum-Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verdi. Həmişəki kimi, müsahibəsi peşəkar, hərtərəfli, statistik, fakt yönümlü, gərginiliyi azaltmaq və sülhə çağırış yönümlü idi. 

 

Hər sözündə bir məna, hər fikrində yeni hədəflər olan Prezidentimizin bu tarixi müsahibəsi bizi çox qürurlandırdı. Heç bir gücdən qorxmayaraq sözünü cəsarətlə deməsi, supergüclərə yerini və həddini bildirməsi və onlara Azərbaycanın daxili işinə qarışmamalarını tövsiyə etməsi böyük diplomatik siyasi iradənin nümunəsidir. 

Cənab Prezident müsahibə boyunca bir çox faktlara diqqət çəkərək bütün çıxışlarında, müsahibələrində maksimum dərəcədə beynəlxalq leksikondan istifadə edir. Nədənsə işlətdiyi bir termin daha çox maraq çəkdi. “Detente”, yəni “gərginliyin azaldılması”. 

Dünyada yeni müharibə ocaqlarının yarandığı bir dönəmdə uzaqgörən lider “gərginliyin azaldılması” terminini işlətdi. Və vurğuladı ki, indi bu sözə beynəlxalq leksikonda ehtiyac var. 

Bir ölkə düşünün ki, dünyadakı güclər ona basqı edir, düşməni günü-gündən silahlandırılır, bölgədə sönən od körüklənir, amma o ölkəni təmsil edən ali rəhbər gərginliyin azadılmasından danışır, sülhdən danışır, əmin- amanlıqdan danışır. 

Həm də rahatdır. Çünki ağıl sahibidir, güc sahibidir, yaxşı dostları və müttəfiqləri var. Makron hökuməti isə Hindistanla əl-ələ verib ABŞ-nin dəstəyi ilə şər üzərinə müttəfiqlik qurur, Ermənistana ölümcül hücum silahları tədarük edir. 

Azərbaycan 30 ildən artıq öz doğma dədə-baba torpaqlarından didərgin düşən sakinlərini azad olunmuş, yeni  nəfəs, yeni ruh gəlmiş torpaqlara köçürmə prosesiilə məşğuldur. Orada hava limanları, bağçalar, məktəblər tikir, qurur-yaradır. Və ən əsası, görülən bunca işi təhlükəyə atmaq olmaz. Sərhədə köçürülən bunca əhalinin öz torpağında, evində rahat yaşaması üçün dövlətimiz bütün qabaqlayıcı həmlələrə hazırdır. 

Cənab Prezident, həmçinin müsahibəsində Azərbaycanın hərbi büdcəsinin 2025-ci ildə rekord büdcə olacağını vurğuladı. Və bu büdcənin ən azı 60 faizinin xərclənəcəyini bildirdi. Həmçinin onu da bildirdi ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.

 

Sülhə kimlər maneə olur?

Biz hər zaman sülhsevər xalq olmuşuq. Biz sülh istəyirik. Lakin Qərb başqa oyun oynayır. Ermənistan da bəlkə maraqlıdır sülhə, çünki “dəmir yumruğ”u dadıb deyə burnundan qan qoxusu çəkilmir. Sülh sazişinin 17 maddəsinin 15-i razılaşdırılıb, qalıb iki maddəsi. Ümidvarıq ki, bu iki maddə də tezliklə öz həllini tapacaq, yoxsa nə ATƏT, nə Fransa, nə də ki ABŞ Ermənistanı Azərbaycanın cəngindən xilas edə bilməyəcək. Bəlkə də, bu, onlara vurulan son zərbə olacaq. 

İllərdir, ATƏT-in Minsk qrupu Qarabağ məsələsinin guya ki, həllinə çalışdı, amma, əksinə, başyastıqlamaqla məşğul oldu. İndi ki, Qarabağ məsələsi həll olunub və Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, onda nəyə lazımdır bu qrup? Cavab çox sadə və lakonik. Revanşist planlarını həyata keçirmək üçün.

Azərbaycan dövləti hər zaman sülhsevər ölkə olaraq tanınıb. Həm İkinci Qarabağ savaşında, həm də antiterror əməliyyatlarında Azərbaycan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya planını rəsmi dərc etdi. Orada təhsil almaq, mədəni mühiti qoruyub saxlamaq, reinteqrasiya, inteqrasiya, yaşamaq üçün müraciət etmək, vətəndaşlıq almaq və işləmək üçün icazə verilməsinədək  hər şey  qeyd olunmuşdur. Yaşasalar da, yaşamasalar da, bizə xoşdur. Atalar deyir: “Çörəyi ver çörəkçiyə, birini də artıq”. Cənab Prezident İlham Əliyev demişkən: “…Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu onların problemidir”.

Bu gün dünyada sülhdən  danışan, lakin məqsədi və niyyəti talan, qarət olan Fransa Yeni Kaledoniyadan ta ki Mayot adasınadək olan ərazilərdə təbii mədənləri yağmalamaqla və diktatorluqla məşğuldur. Onlar özləri də yaxşı bilir ki, artıq iflas edir, fiaskoya uğrayırlar. Bu rəzil və gülünc durumla da bizə diş keçirmək istəyirlər. Prezident cənab İlham Əliyev demişkən: “Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”.

Cənab Prezident müsahibəsində onu da vurğuladı ki, Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Yəni ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Müharibələrə son qoymalı, talan və qarətlərin qarşısını almalı, dünyanı sülh və əmin-amanlığa səsləməli, həmçinin bu kimi tendensiyalara qoşulmalıyıq. Qoşuluruq və bir an belə olsun bundan geri durmuruq. Bunu bizə 44 günlük Zəfər tariximizi yazan Müzəffər Ali Baş Komandan öyrətdi. Bunu, həqiqətən də, özünün də dediyi kimi, liderlərə inanan cəmiyyət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Harun Soltanov və Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsanlar arasında yaranan kimya, sanki görünməz bir iplik kimi, bizi bir-birimizə bağlayır.

 

Bəzən kimsə üçün darıxdırıcı, sıradan və ciddi görünərsən. Başqa birisi səni səthi, hətta azacıq saflıqdan uzaq, çılğın və sabit olmayan biri kimi qəbul edər. Çox danışdığın üçün susdurmaq istəyənlər də olacaq, səni görməzlikdən gələnlər də. Amma elələri də tapılacaq ki, danışdığın hər darıxdırıcı mövzuda belə maraq tapacaq, toxunulmamış prinsiplərinə hörmət edəcək. Çılğınlığına və spontanlığına heyran qalacaq, uşaq ruhlu şəxsiyyətinlə əylənəcək. Bəziləri sənə ehtiyac duyacaq, məsləhətlərin onlara yol göstərəcək.

 

Əlbəttə, elələri də olacaq ki, sevgiyə dolu qəlbini zəiflik kimi görəcək və səni sərt reallığa qaytarmağa çalışacaq. Ancaq bəziləri də səninlə birlikdə yüksəklərə uçacaq, sənə ruh yoldaşı olacaq. 

 

İnsanlarla birlikdə olarkən içimizdəki qəribə rahatlıq hissi – sanki onları bir ömür boyu tanıyırmışıq kimi – bu kimyanın gücündən doğur. Və əksinə, illərlə tanıdığın biri ilə danışa bilməmək də qəribədir. Çünki bu, danışa bilməməkdən çox, artıq danışmağa söz qalmadığının işarəsidir.

 

Hər kəsin həyatımıza müəyyən bir təsiri var. Bəzən tərs düşdüyümüz insanlardan ən dəyərli dərsləri alırıq, bəzən də ən olmayacaq dediklərimiz ruhumuzun ayrılmaz parçasına çevrilir. İnsan kimyası dedikləri budur. Kimisi yar olur, kimisi yara, kimisi isə sadəcə yarım qalır. Amma bu kimya məktəbdə öyrədilən quru formullardan çox uzaqdır.

 

Həyatın öz kimyasında bizi anlayan, dinləyən neçə insan var? Məsələn, Xəzərin sahilində oturub isti çayı kiminlə doğmalaşa bilərik? Kimi sözlərindən yox, gözlərindən oxuyuruq? Ən çox kimin yanında güvən tapır, kimin qucaqlanmağına ehtiyac duyuruq? Bu sualları bizə heç vaxt öyrətmədilər. Amma həyat məktəbində, kimyanı dərs kimi sevməyənlər belə, öz zərrəsini tamamlayacaq elementləri axtarmaqdan heç vaxt vaz keçməzlər. Çünki insanları birləşdirən o görünməz iplik – həqiqi kimya tapıldığında hər şeydən daha dəyərli olur.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Monday, 23 December 2024 10:30

Snoubord, Daxili işıq günü, imperator

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

23 dekabr. Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

Ümumdünya snoubord günü

Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.

Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.

 

Daxili işıq günü

Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.

 

Köklər günü

Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.

Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün 

 

Dekabrın 21i gün ilin ən uzun gecəsidir. Ən uzun gecə ilə qoşa çəkilən fərqli adlar, yaraşdırmalar, nanclar vardır: Çillə, Nardoqan, Ayaz Ata, Yelda… - Bayram bilsək-bilməsək də, Çillə sansaq-sanmasaq da… - bunlar, nə ilin ən uzun gecəsini qısaltmaz, nə də ona yüklənən gözəllikləri azaltmaz… 

 

Bu anlamlı gündə/gecədə dostum-qardaşım 

Namiq Hacıheydərli haqqında yazımı paylaşır, onun timsalında haqq dünyasında olan bütün əziz dostları-qardaşları sayğılarla anıram:

 

SƏNƏ YAZIRAM, NAMİQ…

Sənin bizlərdən əbədi ayrıldığın bu təqvim ilinin son ayında, elə bil, ilin özü ilə birgə, hər şeyin, hər kəsin də şələ-şüləsini yığışdırıb harasa gedəcəyi son ayda yazıram sənə. - Sanki bir an sonra səssizliyin qulaqları batıracağı “dönəm”də - ilin kövrək ayında - Anadolulu qardaşlarımızın “Aralıq” dediyi bu soyuq ayda sənə isti ürəklə yazıram. Artıq sən olmayan dünyada, sənin olmadığını bir acı gerçəklik kimi içimizə sindirdikdən sonra yazmaq gerçəkçilikdir hər halda... Yazı - həm gerçəklik həm metafizik hala sahib olsa gərək; yazı - mistik olanları “tutan”dır, elə deyilmi?..

Nə qəribədir, elə bil, hər an telefon zəngin gələcək, o doğma səsin, gülüş kimi gülüşün yenidən könüldə işıq yandıracaq… Amma yox, yox, illa da yox!.. - Telefon susur, susmayınca da, başqalarından gəlir zənglər... Qalxıb, mən özüm zəng vururam – sənin yerinə övladın cavab verir, “Salam, Əkbər əmi” deyir. Sən “Günaydın, Qoşalı” deyərdin, “Mərhaba, qurddaş” söyləyərdin, eləcə, “Hə, qardaş”, yaxud nə bilim, “buyur, abi” deyərdin… Mən də sənə “Hacıheydərli”, “Varlı balası”, eləcə, “Qardaş” deyərdim… İndi övladlarınla danışanda, Tanrı ağzımı əyməsin, elə bil suç işləmiş, günah eləmiş kimi hiss edirəm özümü - mənə əmi deyən ayparçalarına, aslanparçasına əmilik edə bilirəmmi məgər?.. - Nə gizlədim, bu planda özümdən razı deyiləm; sən mənim yerimə olsaydın yəqin daha diqqətcil olardın.

 

Hərdən hər kəlmə bir yükə çevrilir…

 

Zalım, balalarına necə də gözəl adlar qoymusan: Selcan, Leylabanu, Qorqud… Adları ilə yaşasınlar!

 

Hələ-hələ sosial media hesabında balalarının paylaşılmları… şəkillərin… – o qamətli duruşun, gülümsəyən gözlərin… Baxıram… baxa bilmirəm, ürəyim tökülür, ürəyim... Elə bilirsən, insan alışır buna? Alışmışıq kimi görünürük amma alışammırıq… Dost-qardaşın yoxluğu heç vaxt əriməyəcək buz kimidir – toxunduqca dondurur… di gəl, dondursa da, yenə toxunmadan keçinə bilmir insan...

 

Belə deyir, belə yazıram, sən baxma, səni nə, səni kim unutdura bilər? Hansı zaman, hansı məsafə əziz olanları dost-qardaşlarından bir yolluq ala bilər ki? Bəli, dost, qardaş, yoldaş itkisinin kədəri elə kolay-kolay ölçüyə gəlməz, hesab-kitaba yazılmaz - bunu hər kəs bilir, məncə. Məncə, dost-qardaş itkisini yalnız itki kimi deyil, bəlkə, həm də bir “qayıdış” kimi düşünməklə təsəlli edirik özümüzü…

Yoxluğun ürəyimdə başqa cür yaşayır, Namiq, sanki danışırsan, dərdləşirsən, zarafatlaşırsan, ərk edirsən…

Filosof sözü ilə desək, gərək Ürəkdə Günəş olsun… - olsun ki, Ürəyin təpərini heç nə söndürə bilməsin…

 

Namiq, bilənlər bilir, bilməyənlər də bilər yəqin: biz mənəvi doğmalar idik. Eyni ülkünün yolçuları, eyni ruhun daşıyıcıları, eyni yükün çiyindaşları... Bir vaxtlar dünyanı dəyişmək eşqimiz, illər uzunu qurduğumuz o möhkəm mənəvi bağ,

səninlə dərdləşmənin dadı-tamı…

– bunlar unudulmazdır, yaşarıdır. Dünyanı dəyişə bilmədik, sən bu dünyanı o dünyaya dəyişdin… Sən elə, dünya belə… Belə çıxır ki, səninlə birgə bu dünyanı dəyişməyə cəhd edən dostların özlərini dəyişməlidir, eləmi?.. - Qəliz sual üçün ruhun qüsura baxmasın… 

 

Namiq, o tanış səsini bir də eşitməyəcəyəm, gözləmədiyim anda etdiyin zəngləri daha heç vaxt almayacağam - bilirəm. Bilirəm ki, bir daha “Qoşalı, nə var-nə yox?” deyə soruşmayacaqsan… - Səs daşıyıcıları vasitəsi ilə dinlədiyimiz səs yazılarını demirəm, yuxuları da demirəm - axı, yuxu da, elektronik, virtual aləm də sənin özün ola bilməz… Mən özümü aldatmağı bacarram - lakin sən belə şeyləri xoşlamırdın - yaxşı xatırlayıram... 

Çətin günlərdə sənin “Hər şey yaxşı olacaq!” inancının çox qüvvətli təsiri vardı - çox sirayətediciydi. Bütün bunları düşünəndə sözün arxasını gətirmək istəmirəm, əslində…

 

İnsan özündən yaşca kiçik bir dostunu itirəndə onun yoxluğunu daha ağır çəkir. Amma yox! - Yaş bu mövzuda həlledici istinadgah deyil.

Rəhmətlik Hamlet Kazımoğlu məndən iki yaş böyük idi - onda da bir başqa cür tar-mar olmuşdum, indi də belə… Nə deyim? Sən iki yaş kiçik idin məndən, amma haqq-ədalət yolunda iki addım öndəydin. 

Sən bir maarifçiydin, hikmət işığın vardı sənin. 

 

Bilirsən, Namiq, hərdən mənə elə gəlir, doğrudan-doğruya yox(luq) yoxdur, varl(ıq) var. Şəxsən sənin “yoxluğun” “varlığın”a yenik düşür, məncə… O şeirlər, o yazılar, o dərindən gələn öyrədici sözlər ki vardı - sənin qələmindən süzülmüşdü, sanki yeni anlamlar, dərəcələr qazanaraq, meydanını genişləndirərək, yenə də mübarizələrdədir… 

Hər dəfə adını çəkəndə, şeirini, araşdırma yazılarını oxuyanda, televerilişlərinə baxanda, elə bil, səninlə canlı həmsöhbət oluram. 

Sən getmisən bu dünyadan, amma əsərlərin buradadır, balaların buradadır, anıların buradadır. Səni özündən sonra əsərlərin yaşadır, ömrün balalarının ömründə davam edir - Yaradana çox şükür!

 

Bir insanın mənəvi ömrü onun ardında buraxdığı dəyərlərdə, örnəklərdə, “uzun incə bir Yol”dadır… 

Biz sənin qardaş məhəbbəti ilə süslənmiş əzəmətli duruşunu, qədd-qamətini, ziyalı şəxsiyyətini yalnız başdaşındakı şəkilndə görmürük, təbii. Mənəvi ömür ölümdən üstündür… - Qoy, buna fəlsəfə desinlər, mistika desinlər, təsəlli söyləsinlər - olsun - heç kəsə, heç nəyə ziyanı yoxdur, xeyri varsa (ki, var!) - Tanrıya xoş gedər, əlbət!..

 

Savalanda, Tanrı dağlarında zəvvar olan ruhuna alqış!

 

P.S.

Namiq Hacıheydərli (1975-2023) - Azərbaycanın tanınmış yeni nəsil aydınlarından biriydi. Mənim əziz dostum, mənəvi qardaşım, əqidə yoldaşımdı Namiq. Biz onunla illər öncə - 1998-ci ildə tanış olmuşduq. O tanışlıqdan sonra bir-birimizə daha da doğmalaşdıq. Belə demək mümkünsə, bir-birimizə zamin dura-dura, bəlli bir Yol keçdik. Əlbəttə, biz ülkü doğmalığı, ideya yaxınlığı içindəydik, ulusal düşüncələrimizin bir-biri ilə eyni ritmi, ahəngi göstərməsinin fərqinə varmışdıq. 

Bu ilin yazında hörmətli qardaşımızı - dili Türk dünyalı, Turanlı aydınımız Namiq Hacıheydərlini haqqın rəhmətinə uğurladıq. Deməsi belə artıqdır: bizim üçün çox ağır və gözlənilməz itki oldu, çox, çox!..

 

Namiq Hacıheydərli ədəbiyyata müəllimlikdən, pedaqoji fəaliyyətdən gəlmişdi. O, peşəkar müəllim idi, sözün hər anlamında müəllim idi. Və uzun illər boyunca ədəbiyyatla uğraşsa da, şair, publisist kimliyi ilə, ədəbiyyatşünas, türkoloq kimliyi ilə tanınsa da, başqa-başqa qurumlarda, başqa-başqa görəvlərdə çalışsa da, həmişə müəllim kimi qaldı, öyrədən oldu... Müəllimlik, maarifçilik, öyrətmək qüdsiyyəti onun bütün yaradcılığına və həyati fəaliyyətinə çökmüşdü. Onun şeirləri də öyrədicidir. Hələ cavan çağlarından onun şeirlərinə, publistik yazılarına, müsahibələrinə, telereportajlarına yaşından irəli, xoş bir nəsəhətçilik və təkrar edirəm, öyrədicilik hakim idi...

Bu yazı Namiqə səslənişimiydi... -Səsim yetişərmi ola?

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi 

 

 

20 dekabr 2024-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində rayon və kənd yerlərində yaradıcı sənayelərin inkişafına dəstək məqsədilə "Sənət inciləri" adlı sərgi keçirilib.

 

İncəsənət sahəsində yaradıcı şəxslərin  əl işlərindən ibarət təşkil olunmuş sərgidə müxtəlif üslublarda əl işləri nümayiş olunub.

 

Sərgidə çıxış edənlər iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, Mədəniyyət Mərkəzində mütəmadi olaraq keçirilən bu tip sərgilər  yaradıcı və mədəniyyət sənayelərinə dəstək məqsədi daşımaqdadır.

Sonda sərgi iştirakçılarına Mədəniyyət Mərkəzi tərəfindən həvəsləndirici diplomlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.