Harun Soltanov və Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsanlar arasında yaranan kimya, sanki görünməz bir iplik kimi, bizi bir-birimizə bağlayır.
Bəzən kimsə üçün darıxdırıcı, sıradan və ciddi görünərsən. Başqa birisi səni səthi, hətta azacıq saflıqdan uzaq, çılğın və sabit olmayan biri kimi qəbul edər. Çox danışdığın üçün susdurmaq istəyənlər də olacaq, səni görməzlikdən gələnlər də. Amma elələri də tapılacaq ki, danışdığın hər darıxdırıcı mövzuda belə maraq tapacaq, toxunulmamış prinsiplərinə hörmət edəcək. Çılğınlığına və spontanlığına heyran qalacaq, uşaq ruhlu şəxsiyyətinlə əylənəcək. Bəziləri sənə ehtiyac duyacaq, məsləhətlərin onlara yol göstərəcək.
Əlbəttə, elələri də olacaq ki, sevgiyə dolu qəlbini zəiflik kimi görəcək və səni sərt reallığa qaytarmağa çalışacaq. Ancaq bəziləri də səninlə birlikdə yüksəklərə uçacaq, sənə ruh yoldaşı olacaq.
İnsanlarla birlikdə olarkən içimizdəki qəribə rahatlıq hissi – sanki onları bir ömür boyu tanıyırmışıq kimi – bu kimyanın gücündən doğur. Və əksinə, illərlə tanıdığın biri ilə danışa bilməmək də qəribədir. Çünki bu, danışa bilməməkdən çox, artıq danışmağa söz qalmadığının işarəsidir.
Hər kəsin həyatımıza müəyyən bir təsiri var. Bəzən tərs düşdüyümüz insanlardan ən dəyərli dərsləri alırıq, bəzən də ən olmayacaq dediklərimiz ruhumuzun ayrılmaz parçasına çevrilir. İnsan kimyası dedikləri budur. Kimisi yar olur, kimisi yara, kimisi isə sadəcə yarım qalır. Amma bu kimya məktəbdə öyrədilən quru formullardan çox uzaqdır.
Həyatın öz kimyasında bizi anlayan, dinləyən neçə insan var? Məsələn, Xəzərin sahilində oturub isti çayı kiminlə doğmalaşa bilərik? Kimi sözlərindən yox, gözlərindən oxuyuruq? Ən çox kimin yanında güvən tapır, kimin qucaqlanmağına ehtiyac duyuruq? Bu sualları bizə heç vaxt öyrətmədilər. Amma həyat məktəbində, kimyanı dərs kimi sevməyənlər belə, öz zərrəsini tamamlayacaq elementləri axtarmaqdan heç vaxt vaz keçməzlər. Çünki insanları birləşdirən o görünməz iplik – həqiqi kimya tapıldığında hər şeydən daha dəyərli olur.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)