Super User

Super User

 

Azərbaycan çoxmillətli dövlət kimi zəngin və rəngarəng mədəni irsə malikdir.

AzərTAC xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

 

Nazir qeyd edib: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni irs obyekti dövlət tərəfindən qorunur və beynəlxalq aləmdə fəal şəkildə təbliğ olunur”.

 

A.Kərimli qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə təcili ehtiyac olduğunu vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransı Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində təşkil ediləcək mədəniyyət nazirlərinin görüşündə iqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusunun diqqət mərkəzində olacağını da diqqətə çatdırıb.

 

Mədəniyyət naziri tədbirdə iştirak edənləri bu konfransda iştirak etməyə dəvət edib.

 

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsi festivallarının qorunub saxlanmasının və təbliğinin vacibliyini qeyd edib. O, həmçinin bildirib ki, ən yüksək səviyyədə dəstəklənən mübadilə - Mədəniyyət illərinin elan edilməsi yaxşı təcrübədir.

 

Rusiya Federasiyasının şimal paytaxtında keçirilən Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda 80 ölkədən nümayəndələr iştirak edirlər. Bu il Forumun əsas mövzusu “XXI əsrin mədəniyyəti. Suverenlik və ya qloballaşma?” olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

“ASAN xidmət”in Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reallaşdırdığı “Yeni nəfəs” adlı ekoloji-sosial layihə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət” dən verilən məlumata görə layihə çərçivəsində bu günədək 1000 körpənin adına ağac əkilib və onların valideynlərinə "Yaşıl Gələcək" sertifikatı təqdim olunub.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan layihənin məqsədi ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Rəsm qalereyası: Klod Mone, “Pişik mürgüləyərkən”

"Ernest Heminquey – həyat və yaradıcılığından strixlər" adlı ön sözlə açılan kitaba yazıçının "Qoca və dəniz", "Ya var, ya yox" romanları, "Qadınsız kişilər", silsiləsindən "Məğlubedilməz", "Yad ölkədə", "Ağ fillər", "Qatillər", "On hindu", "Təqib yürüşü" kimi hekayələri və "Həmişə səninlə olan bayram" avtobioqrafik memuarı daxil edilib.

Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.

Kitablar 10 gün müddətinə oxuculara verilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə İBRƏTAMİZdə sizlər üçün yenə də bir Şərq pritçası əldə edib bölüşürəm. Əminəm ki, həmişəki kimi sizlər üçün çox faydalı olacaq. 

 

Ustad tələbələrini imtahana çəkmək qərarına gəldi. Onlardan üçünü çağıraraq ağ vərəqə bir mürəkkəb damcısı saldı və soruşdu:

-Nə görürsünüz?

Birinci tələbə cavab verdi: 

-Qara nöqtə. 

İkincisi dedi: 

-Ləkə. 

Üçüncüsü isə dilləndi: 

-Mürəkkəb.

Son dərəcə məyus halda ustad öz otağına çəkildi. Bir müddətdən sonra tələbələri ondan soruşdular:

-Nə üçün cavablarımız sizi bu dərəcədə məyus etdi?

Ustad cavab verdi:

-Çünki heç biriniz ağ vərəqi görmədiniz.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nadir Məmmədlinin şeirləri təqdim edilir.

 

Yaddaşımın məzarlığında

uyuyan dostlar!

Yorulub yolda qalanınız da,

Ömrün baharında solanınız da,

Güzəran davasında həlak olanınız da -

Bir daha keçəməyəcəyim yollar,

Gəlişimə açılmayacaq qollar.

Ömrün bu başından salamlar sizə...

Sevgimin göylərinə

hərəniz adına bir ulduz taxdım,

Yalqızlığın qaranlığından baxdım,

baxdım...

Ömrüm kimi uzun imiş

səbrim də.

O ulduzlar...

O ulduzlar uyuyacaq qəbrimdə.

 

*

Bu kənddə

məndən qərib adam yox,

Nə də

məndən sevimli bir qonaq.

Bunu kimsə duymasa da,

Anlamış yol üstə quruyan qovaq.

Ürəyim bələdçi,

xatirim ünvansız -

Gəlmişəm -

təmənnasız-filansız...

Bir də axı

dərviş hara, mələk hara?...

Gəldim, eləcə salam deyəm

səni tanıyan yollara,

ağaclara...

 

*

Ey könül şəhərimin

Əsrarəngiz sakini!

Səni Tanrı atamış -

Oldun şəhər hakimi.

Hüznlü axşamlara

Sən bir əsinti mehsən.

Dan üzünə səcdədə

Kirpiyimdəki şehsən.

Hardandı bu yasaqlar?

Götür, Tanrı eşqinə.

Apar bir keşikçi qoy

Məni saray-köşkünə.

Nə bu güzərgahında

Qadağan saatları?!

Səbrimin üstən keçir

Hər gün fayton atları...

Haralarda qoşarsan,

Kimlərdi sağın, solun?!

Xəyalımda yaşarsan -

Könlümdən keçir yolun...

 

*

Mən bir xəyalpərəst, sən də utancaq,

Əsir ürəyimdən bir qəm rüzgarı.

Min il də beləcə gözlərdim, ancaq

Həyat bağışlamır utancaqları.

Günlər qanad açıb uçur bir, iki,

Çox da aldatmasın bizi xoş güman.

Bir gün də ayılıb görəcəyik ki,

Ayrılıq nəğməsi oxuyur zaman.

Sükut qaranlıqdır, zülmət nəğməsi,

Susdurub qəlbini durma, danış, din.

Təbəssüm məhəbbət müqəddiməsi,

Səpilsin yoluma təbəssümlərin.

 

*

Bir də eşidəsən köçüb karvanım -

Yaddaşında açan səhərin olum.

Ahının ucunda adım göynəsin,

"Eyvah"ına dönüm, qəhərin olum.

Ruhum tufansonu kirimiş dəniz,

Xatirəm sahilə çırpılan qayıq...

Küləklə danışan bir sərsərini

Bəs kim ağlayacaq? Qayıt, sən qayıt!

Bir nağıl danış ki yatsın uşaqlar -

Zamanın yelləri acı qəhqəhə.

Denən biri vardı, birisi yoxdu...

Sonra da dərdləri tök bir qədəhə.

 

*

Sən, ey yaddaşımın üfüqlərində

mürgüləyən xəyal süsü!

Hələ də səslənir ruhumda

o sevda türküsü...

Uğraşma göstərməyə o mələyi

mənə bir qadın qiyafəsində.

Bilirdim bir qadın olacağını,

Hələ

ondan bir az ötəsin də...

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Friday, 13 September 2024 16:11

GÜLÜŞ KLUBUnda endirimli soğan

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Diqqət. 

Hacıqabulda yerləşən “Əfrasiyabla Müşkinazın marketi” inanılmaz, şok bir endirim kampaniyasına başlayır. 

Sentyabr ayının 30-dək 1000 manatlıq alış-veriş edən şəxslərə baş soğanın bir kiloqramı 80 qəpik deyil, 65 qəpiyə veriləcək.

 

2.

“500 manatı 600 manata satıram” elanını vuran şəxsə hamı xəstə diaqnozunu qoydu, halbuki banklar 500 manatı azı 750 manata satırlar.

 

3.

Aytəkin eyni vaxtda iki kişiyə sms göndərdi: “Sən axı niyə mənə inanmırsan?”

 

4.

Səsini satırsansa, barı əvəzində nəsə al da, ay zavallı.

 

5.

-Kapitan!!! Torpaq!!! Mən torpaq görürəm!!!

-Gicbəsər, gəmi hələ tərpənməyib.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

“Nizami” Kino Mərkəzində “Şərqin əks sədaları” (“Echoes of the East”) adlı konsert proqramı təqdim olunub. 

 

AzərTAC xəbər verir ki, konsertdə gənc musiqiçi, bəstəkar Nigar Əsgərova (“Kengerléa”) tərəfindən yazılmış və ifa olunmuş əsərlər səsləndirilib. 

Elektron və akustik musiqi elementlərini ənənəvi Azərbaycan musiqisinin motivləri ilə birləşdirilirdiyi konserdə proqramında, həmçinin N.Əsgərovaya məxsus “Suvenirlər”, “Şərq məskəni” (“East dwell”), “Köhnə truba” (“Old trumpet”) və digər bəstələr ifa olunub. 

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının skripka ixtisası üzrə magistr məzunu olan “Kengerléa” hazırda təhsilini Almaniyada davam etdirir. O, həmçinin filmlər, oyunlar və media üçün musiqi yazmaq üzrə ixtisaslaşır. N.Əsgərova indiyədək “Second home” (İkinci ev), “Sınaq” kimi filmlərə musiqi bəstələyib.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Friday, 13 September 2024 14:44

BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Düma söyləyib ki, " Uğurun iki səbəbi var- səbir və ümid."

Təranə xanım, səbirdən yoxsul olanlara nə tövsiyə verərdiniz? 

 

CAVAB

Baxır səbrə hansı tərəfdən yanaşırsan. Haqsızlığa, bərabərsizliyə qarşı aşırı səbrin əleyhinəyəm. İstər sosial həyatda olsun, istər ailədə, istərsə də sevgidə. Amma səbir etməyənləri də  elə hər şeyə üsyan edənləri, bütün sərhədləri çılğıncasına qırıb atanları da, hövsələsizləri, ən sonda demək istədiklərini ən əvvəldə deyənləri də təqdir etmirəm

Səbrin də həddi, sərhəddi olmalıdır.

 

Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu bu dəfə “Ədəbiyyat və incəsənət”ə “Yunus Əmrə” adlı şeirini göndərib. 

 

 

YUNUS ƏMRƏ

 

Böyük Türk dünyasının

Aşığı Yunis Əmrə,

Allahın, Peyğəmbərin

Aşiqi Yunus Əmrə.

 

Zəkasıyla, fəhmiylə

Sözdən nələr yaratdı,

Mahir bir zərgər kimi

İnci, gövhər yaratdı.

 

Elə bir yol seçdi ki,

Yolu haqq yolu oldu,

Həqiqət zirvəsində

Uludan ulu oldu.

 

Öyüdü, nəsihəti

Günəş kimi nur saçır,

Müdriklik bağçası tək,

Hər gün təzə gül açır.

 

Ozan-söz sənətinin

Kamil ustadıdır o,

Hüdudsuz Vətənimin

Əziz övladldır o.

 

Söylərdi, könül qıran,

Qıldığın, deyil namaz,

Min Kəbə ziyarət et,

Günahların yuyulmaz.

 

Yüz illərdi bəşərə

Yetirir salamların,

Sovqat kimi paylayır

Təzə-tər kalamların.

 

İnsanları səsləyir

Saflığa, mərifətə,

Allaha, Peyğəmbərə,

İslama sədaqətə.

 

Böyük Türk dünyasının

Aşığı Yunus Əmrə,

Allahın, Peyğəmbərin

Aşiqi Yunus Əmrə.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.