Sonadək oxuyanı mükafat gözləyir - ESSE Featured

Amil Əhmədov, tələbə, “Ədəbiyyat və incəsənət” üçün

 

Ey insanlar! 

Söyləyin! 

İnsanların Sizin haqqınızda bilməsindən qorxduğunuz şeyləri deyin. Xarakterinizdə olan ən pis xüsusiyyəti, ən mundar əməlinizi. Hansıki o əməl ağlınıza gələndə tükləriniz biz-biz olur. "Mən bunu necə etmişəm?" deyə özünüzə sual verir və vicdanınızı susduracaq bir bəhanə ilə o sualı keçişdirirsiniz. Bilirəm, Siz inanclı insansınız Tanrıya inanırsınız. Onun Sizi daima izlədiyini düşünürsünüz. Onu qəzəbləndirdiyini düşündüyünüz bir hərəkətinizi deyin. Qorxmayın. Mən Tanrı deyiləm. Sizi sonsuz bir dövr ərzində yandıracaq bir Cəhənnəmim yoxdu. Ona görə tam şəkildə rahat ola bilərsiniz. 

Sizi qınamayacam. Özüm sanki mükəmməl bir insanmışam kimi Sizi sorğu-suala çəkməyəcəm. Sizə öz doğrularımı diktə etməyəcəm. Söz verirəm, bu, aramızda sirr olaraq qalacaq. Lakin bir problem var. Siz məni tanımırsınız. Həyatınızda heç tanımadığınız birinə niyə ən pis xüsusiyyətinizi, əməlinizi, elədiyiniz hər hansı hərəkəti deyəsinizki? 

Haqlısız.

O zaman özünüzə etiraf edin. 

Məsələn, bir güzgünün önünə keçin.

Güzgüdə hərzaman saç düzümünüzə, üzünüzdə çıxan böyük sızağa, makyajınıza (kişilərsə, tutalım, saqqallarına) baxmısınız, bu səfər daha fərqli bir məqsəd üçün istifadə edin güzgünü.

Güzgü qarışısında etiraf edin. 

Özünüzü pis vəziyyətdən çıxarmaq üçün danışdığınız yalanları, maddi, dini, iqri, cinsi səbəblərdən yuxarıdan aşağıya baxdığınız insanları, qısqanclıqlarınızla, narsist düşüncələrinizlə həyatı onun üçün yaşanmaz hala gətirdiyiniz sevgilinizi, həyat yoldaşınızı, bioloji Ata olmağınıza baxmayaraq atalıq, ana olmanıza rəğmən analıq edə bilmədiyiniz uşaqlarınızı, qadınlara, uşağa, canlıya hörməti aşılaya bilmədiyiniz oğlunuzu, qızınızı düşünün. 

Metroda, avtobusda cinsi istismara məruz buraxdığınız insanları düşünün. 

Əlinizdə minlərlə imkan varkən 1 imkansızlığınıza fokuslanaraq o minlərlə imkanı Sizə təmin edən insanlara qarşı göstərdiyiniz nankorluqları düşünün. 

 

"Yalvarıram, barı bugün anama təcavüz etməsinlər" deyə yalvaran bir Suriyalı uşaq ola bilərdin. 

Küçə həyatı yaşayan tək xəyalı gecə hündür bir yerə başını qoymağ üçün boş skamya tapmaq olan bir insan ola bilərdin. 

"Valideynləri" tərəfindən dilənçilik etməyə məcbur buraxılan azyaşlı qız ola bilərdin. 

Amma olmadın. Ortalama ailədə, ortalama gəlirlə, ortalama bir həyatla müəyyən şeyləri əldə edə bildin. 

Bunlar qarşısında etməli olduğun şey əgər bir Tanrıya inanırsansa ona şükür, əgər inanmırsansa sahib olduğun şeyləri cəmiyyətin yararına xərcləməyindi. Sahib olduğun şey dedikdə təkcə pul yox ağlını, bacarıqlarını, istəklərini, arzularını insanlara faydalı olacaq şəkildə sərf etməyindi.

Beləliklə, əgər hələ də insan olaraq qalmısansa vicdan əzabından da qurtulmuş olacaqsan. 

Bəziləriniz artıq özünü tanıdı, yanlış yönlərini bildi. 

Lakin hələ də aranızda güzgüylə baxışıb heçnə etiraf etməyənlər var, bilirəm. 

Heçbir mənfi yönünün olmadığını düşünənlər. Axxx Sizin üçün bu dünya necədə çətindi. Hamı Sizə qarşı haqsızlıq edir, hamı Sizi incidir, hamı Sizlə düşməndi, amma bu dünyada bir tək Siz xətasız, qüsursuz və nöqsansızsınız. 

Əlbətdə yanılırsınız. Dərinliklərdə gizlətdiyiniz birşeylərin olduğunu adım kimi bilirəm. Bəziləriniz də varki artıq vicdan əzabı çəkmir. Bu şəxsləri başdakı "Ey insanlar" xitabından kənar tuturam. Çünki artıq onlar insan deyil. Heyvan da deyə bilmirən, çünki heyvanlarda belə bəzi insani keyfiyyətlərə rast gəlinir (yaralı olduqda bir birinə yardım etmələri, yeməkləri bölüşmələri kimi), lakin vicdan duyğusunu itirən bir insan heyvandan belə aşağı səviyyəyə düşər. İnsanlara etdiyi haqsızlıqlar, ədalətsizliklər, yalanlar onun üçün adiləşər. Bir stəkanı qırmaq ilə insan qəlbi qırmaq arasında fərq qoymaz. 

Bu insanların əlində biraz da pul varsa daha çirkin işlər etməkdən çəkinməz. Pulun onlara verdiyi güc və gücə aşiq olanların onlara göstərdiyi yalançı hörmət ilə həyatını keçirər, ölər və öldükdən sonra insanlar onun haqqındakı mənfi düşüncələrini dilə gətirməyə başlayar. 

Axxx bu insanlar nə qədər ikiüzlüdülər. 

Nə qədər də tez aldanırlar. 

İnsanlar narkotik satanlara pis baxır, amma narkotik satan 2-3 kimsəsizlər evinə, 5-6 ailəyə, 10-15 xəstəyə yardım edən kimi qəhrəman olur, hamı onu alqışlayır, dəstəkləyir və sevir. Narkotiklə bədbəxt etdiyi minlərlə insanı unudub etdiyi kiçik yaxşılıqların illuziyasına qapılırlar. Bunun nümunəsini çox yerdə görmüşük, bu haqda da başqa yazıda. 

Hərnəysə bugünlük bu qədər, sona qədər oxuyan hamıya konfet verəcəm. 

Salamat qalın, əgər qala bilsəniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.