Bakıdan dünyaya… Qahirədən Bakıya… - ƏKBƏR QOŞALI YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist və siyasi şərhçi Əkbər Qoşalının son siyasi hadisələrə baxışını təqdim edir. 

 

Daha bir təqvim ilinin son ayındayıq. İşlər bəzən o qədər intensiv xarakter alır, elə məsuliyyətli olur ki, məhsuldarlıq və digər amillər zamanında dəyərləndirilməmiş qala bilir. COP29-u məsuliyyətlə, beynəlxalq aləmin maraqları, COP mandat-missiyası baxımından məhsuldarlıqla, bir sözlə, uğurla başa vurduq; amma durmaq yoxdur. Ölkə olaraq, “Yalnız İrəli!” şüarını elan etmədən belə, yeni uğurlara qoşmaq əzmindəyik.Xalqımızın xarakterindən, dövlətimizin ləyaqətindən, ölkəmizinurvatından irəli gələrək, beynəlxalq töhfələrimizi nəinki əsirgəyir, yeni töhfələrlə çıxış edirik. 

Biz, 20 faiz ərazimiz işğaldaykən, hər 8 nəfərimizdən biri qaçqın-köçkün həyatına düçarkən, beynəlxalq aləmdən umacaqlarımız çox idi. – O umacaqlarda haqlıydıq – çünki beynəlxalq hüququn özünə əsaslanırdıq; bu gün də, əsas istinadgahımız beynəlxalq hüquqdur, sabah da belə olacaq. Biz qalib dövlət eqosu, ədası ilə deyil, qalib dövlət şərəfi, ləyaqətiilə hərəkət edirik. Hərəkət duyğuya, düşüncüyə, fikrə, niyyətə və nitqə əsaslanır. Niyyətimiz ədalətin güclü olacağı bir dünyadır;haqqın heç vaxt, heç yerdə tapdanmamasıdır niyyətimiz. El sözüdür – “Niyyətin hara, mənzilin ora”... Ona görə, dünyanın qarışıq vaxtında, sanki bir an öncə başa çatmaq “istəyən” təqvim ilinin son günlərində qulağımız, gözümüz sövq-təbii niyyətimizin yoluna daha çox dikilib. 

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə Bakıda verdiyi müsahibədəki ismarıcların, eləcə də, respublikamızın D-8-in (İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının) Qahirədə keçirilən toplantısında bu nüfuzlu quruma tamhüquqlu üzv seçilməsinin beynəlxalq səciyyəsinə toxunmaq istərdim.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Rossiya Seqodnya”ya verdiyi və beynəlxalq səviyyədə yayılan müsahibəsi, ilk növbədə, bu faktor və amilləri güncəlləşdirdi, diqqətə çatdırdı: 

- Azərbaycan etibarlı tərəfdaşdır;

- Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir;

- İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir;

- Biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq.

- COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

 

İndi isə keçək, D-8-ə:

 

Azərbaycan Respublikasının D-8 üzvlüyü yeni əməkdaşlıq müstəvisindən və dərəcəsindən xəbər verir.

Ölkəmizin D-8 üzvü seçilməsi həm ölkəmiz, həm də təşkilat üçün tarixi önəm daşıyır. Bu addım yalnız Azərbaycanın beynəlxalq nüfuzunun artmasını deyil, həm də qlobal iqtisadi və siyasi inteqrasiyaya verdiyi önəmin bir göstəricisidir. Tamhüquqlu üzvlük, habelə D-8-in özünün gələcək inkişafına da strateji töhfə verəcək yeni imkanların qapısını açır.

Artı1 27 yaşına dolmuş D-8, iqtisadi əməkdaşlığa odaqlananbir beynəlxalq təşkilatdır. Bizdən öncəki 8 ölkə - qardaş Türkiyəvə Pakistan başda olmaqla, İran, Misir, Banqladeş, İndoneziya, Malayziya və Nigeriya inkişaf etməkdə olan iqtisadiyyatları ilə tanınır. 

Üzv ölkələr arasında ticarət həcmini artırmaq,

texnologiya transferi və innovasiyanı stimullaşdırmaq,

davamlı iqtisadi inkişafı təmin etmək,

sosial ədalət, iqtisadi ədalət prinsiplərini təşviq etmək və s.

kimi məqsədləri özü üçün əsas alan D-8-in danılmaz perspektivivardır. Bizim D-8-dən öncə də üzv olduğumuz önəmli beynəlxalq qurumlar var, bununla belə, G-7, BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı, G-20 üzvü deyilik. Azərbaycanın D-8-ə tamhüquqlu üzvlüyü həm onun bölgəsəl çevrəsini genişləndirir, həm də ölkəmizin öz iqtisadi, siyasi prioritetlərini daha geniş bir platformada gerçəkləşdirməsinə münbit ortam vəd edir.Azərbaycan, ölkəiçi iqtisadiyyatı kimi, ölkədışı iqtisadiyyatda da şaxələndirmə ilə üstünlüklər qazanmış olur. Bizdən asılı olmayan hər hansı siyasi-iqtisadi kataklizm qarşısında daha üstün, sığortalanmış duruma malik oluruq.

 

Nələr olacaq? – 

İlk növbədə, ticari, ümumən iqtisadi əməkdaşlıq imkanlarımız genişlənəcək.

Azərbaycan D-8 çərçivəsində, üzv ölkələrlə ticarət bağlarınıdaha da gücləndirərək, iqtisadiyyatını diversifikasiya edə bilər. Özəlliklə, qeyri-neft sektorunda işbirliyi, kənd təsərrüfatı, tekstil, texnologiya və b. sahələrdə yeni imkanlar açılmış olacaqdır.

İkincisi, texnologiya və innovasiya sahəsində əməkdaşlığı vurğulamalıyıq:

D-8-in innovasiya və texnologiya transferi sahəsində olan təşəbbüsləri Azərbaycanın yüksək texnologiyalar və rəqəmsaltransformasiya məqsədlərinə dəstək ola bilər. Bu əməkdaşlığın,özəlliklə texnoparklar, startaplar və rəqəmsal iqtisadiyyat sahələrində önəmli rol oynayacağı gerçəkçi gözləntimizdir.

Üçüncüsü, 

enerji və nəqliyyat sahələrində yeni perspektivlər meydana gələcək:

Ölkəmizin enerji resursları, habelə nəqliyyat dəhlizlərində oynadığı strateji rol, D-8 ölkələri üçün önəmli işbirliyiplatforması yaradacaq. Bakı-Tiflis-Qars dəmir yolu, Quzey-Güney nəqliyyat dəhlizi kimi layihələr D-8 ölkələri üçün regional inteqrasiyanı gücləndirən əsas faktorlara çevrilə bilər.

Dördüncüsü,

beynəlxalq düzeydə nüfuzumuz daha da artacaqdır:

Yeni qlobal təşkilatda yer almaq, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir və ölkəmizin strateji prioritetlərini beynəlxalq aləmə çatdırmaq üçün geniş platforma təmin edir.

Bu sıralamanı artırmaq da olar, lakin saydıqlarımızı yetərli biləriksə, indi də, Azərbaycanın D-8-ə verə biləcəyi töhfələrdən söz açaq. –

İlk sırada, enerji təminatı və şaxələndirmə gəlir:

Ölkəmiz, zəngin neft-qaz ehtiyatları ilə D-8 ölkələrinin enerji təhlükəsizliyinə töhfə verə bilər. Özəlliklə alternativ enerji qaynaqları sahəsində təcrübəmizlə D-8-in enerji balansını şaxələndirə bilərik.

İkincisi,

Bölgəsəl bağların gücləndirilməsi amili önplana çıxır:

Azərbaycanın Avrasiyadakı strateji mövqeyi, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri, D-8-in iqtisadi əməkdaşlıq potensialını artıracaqdır.

Üçüncü,

kənd təsərrüfatı və qida təhlükəsizliyi faktorunu vurğulayaq:

Aqrar sahədə qabaqcıl təcrübəyə malik Azərbaycan, üzv ölkələrlə bu sahədə əməkdaşlıq etməklə həm ixracat potensialını artıracaq, həm də qida təhlükəsizliyinə dəstək vermiş olacaqdır.

Dördüncüsü,

multikulturalizm və dialoq mədəniyyətini fərqləndirək:

Azərbaycan, zəngin multikulturalizm təcrübəsi ilə D-8 ölkələri arasında mədəni əməkdaşlığı, dialoqu, anlaşmanıgücləndirə bilər. Bu isə təşkilat daxilində sosial inteqrasiyanın artmasına, ümumi dəyərlərin qorunmasına xidmət edəcəkdir.

Beləliklə, 

D-8-ə tamhüquqlu üzvlük ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirən strateji bir addım kimi xarakterizə olunmağı haqq edir. Bu tarixi addım ölkəmizin beynəlxalq işbirliyi, həmrəylik və xeyirxahlıq ruhunu, qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir.

Maraqlıdır ki, Prezident İlham Əliyevin, ölkəmizn D-8-ə üzvlüyündən az öncə “Rossiya Seqodnya”ya Bakıda verdiyi müsahibədəki ismarıcları, sanki ilk real səciyyəsini və parlaq reaksiyanı Qahirədə bulmuş oldu. Göründüyü kimi, D-8 ilə bağlı vurğular, sözügedən müsahibədəki müvafiq ismarıclarlaekvivalentlik təşkil etməkdədir. Çünki sözümüz hər yerdə imzamız qədər keçərlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.