HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl Təranə Dəmirin şeirlərini sizlərə təqdim etməkdədir. Əminik ki, onları bəyənirsiniz.
Ömür kələ-kötür,
Ayaqlarım çəlik.
Ürəyimi söz aparır,
Əllərimi təklik.
Təzə arzular, boyat misralar
Üşüyür varağın küncündə.
Kibrit çöpü boydadı azadlıq,
Yandırsam alışacaq.
Çətini Tanrıya çatanacandı,
Yaxşı ki, ümid var.
*
Hərə bir rəngdə darıxır,
Hərə bir dadda üşüyür.
Hərə bir kökdə doğulur,
Hərə bir adda üşüyür.
Hərə bir sözə aldanır,
Hərə bir gözə aldanır,
Hərə bir közə aldanır,
Hərə bir odda üşüyür.
Qovhaqovdu, qaçaqaçdı,
Gəlhagəldi, köçəköçdü,
Küy-kələkdi, pıçapıçdı,
Hərə bir notda üşüyür.
Hərə öz dənin axtarır,
Hərə öz mənin axtarır,
Hərə öz tənin axtarır,
Hərə bir yadda üşüyür.
*
Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal, yağışı kal,
Sükutu kal, hayı kaldı.
Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.
Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan.
“Ədəbiyyat və incəsənət”
(20.12.2024)