“Ətrafımızda nə varsa, hamısı oyundu” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA Featured

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ De mənə varmıydın, ya bəlkə yoxdun?!

 De mənə yuxudu bəlkə bu dünya?!

Bu bulaq suyunda sənmiydin axdın?!

O bulud apardı səni haraya?!”

2.

Antiqona ölümü seçir. O, nişanlısının atası Fiv şəhərinin hakimi Kreontun qərarına qarşı çıxaraq şəhərə hücum edib həlak olan qardaşlarının cəsədini torpağa tapşırır. Beləliklə, şəxsi mənafeyi ictimai mənafedən üstün tutur. Beyrək də ölümü seçir. O, Qazan xana dönük çıxmadığına görə Dış Oğuz bəyləri tərəfindən ölümcül yaralanır. Qazan xana dönük çıxmamaq dövlətçiliyə, ictimai mənafeyə, Oğuzun bütövlüyünə dönük çıxmamaq demək idi. Antiqona və Beyrək! Hər ikisi həlak olur. Amma heç biri məhv olmur.

3.

“ Dədə Qorqud” dastanında boy boya (birində Beyrək əsirlikdən qaçır, o birində Beyrək öldürülür) xəbər göndərir. Eynən Ramiz Rövşəndə olan kimi: dağ dağa duman göndərir – sevgi məktubu kimi.

4.

Sanço Pansa ölüm yatağına düşmüş Don Kixota deyir: “Dünyada ən böyük axmaqlıq göz görə-görə ölümə yol verməkdir. İnsanı kimsə öldürmədən özü nə üçün ölsün?! Tənbəl olmayın, qalxın, şərtləşdiyimiz kimi cəngavər paltarı geyib çölə gedək. Bəlkə kollardan birinin dibində tilsimi açılmış Dulsineyaya təsadüf etdik, kim bilir?!”

5.

“ Od olub yandıraram” - mifoloji təsəvvürün təzahürüdür. Bundan doğan “od kimi yandıraram” ifadəsi isə Yazı təsəvvürünün məhsuludur.

6.

Haydegger: “Həyat insanla sonsuz qara boşluq arasında bir oyundur.”

Ətrafımızda nə varsa, hamısı oyundu.

7.

Fal açana:

“Fal nə dedi, falı açan?

 Səsin batdı, harda qaldı?

 Köhnə ömür burayacan,

 Yeni ömür falda qaldı.”

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.