ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ağdam tədricən öz statusunu almaqdadır, qonaqlı-qaralı Ağdamda budur, növbəti bir tədbir gerçəkləşib. 22 may 2025-ci il tarixində Ağdam Muğam Mərkəzində tarixçi alim Nazim Məmmədovun 65 illik yubiley tədbiri keçirilib.

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Millət vəkilləri Bəxtiyar Əliyev, Elman Məmmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Əvvəlcə qonaqlar yubilyarın kitablarından ibarət təşkil olunmuş sərgiyə baxış keçirmişlər. Respublikanın əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tarixçi alim Nazim Məmmədovu yubiley münasibətilə təbrik edərək onun əsərlərinin Qarabağ bölgəsinin tarixinin günümüzədək öyrənilməsində və yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna əhəmiyyətə malik olmasından, onun “Azərbaycan Respublikasının Ağdam rayonunun tarixi” adlı kitabında Azərbaycanın Ağdam rayonunun tarixinin kompleks şəkildə təhlil olunmasından bəhs etmişlər.

Daha sonar Nazim Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Tədbirin gedişində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

“ÇİNAR ÖMRÜ”

 

Nə payızdı,
nə qışdı...
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü
yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü –
Çinar beş yüz ildən bir az,
bircə yaz
az
yaşadı.
Amma yaşadı ha!
Yaşadı, puçurlaya-puçurlaya
bu gündən sabaha.
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də;
Çinar duymasa da onu,
Ölüm keçdi pöhrə-pöhrə
yarpaq-yarpaq,
budaq-budaq yolunu.
Bir qış duyan olmadı ki,
çinar artıq quruyub.
Yazbaşı gördülər ki,
budaqlar oyanmadı.
Yarpaqlar göyərmədi.
Çinar yatmışdı, nədi?!
Günlər keçdi.
Nə qotaz sarı sırğaları sallandı
Çinarın,
nə kölgəsi sərildi çəmənə
naxış-naxış.
Arxada qalmışdı,
qılıncı şaxtadan qış.
Yazbaşı gördülər ki,
Çinar quruyub, ölüb.
Bir gecə qara yeldən
budaq-budaq tökülüb.
Nə boy-buxundan gileyi vardı
çinarın,
nə ucalıqdan.
Çinar beş-on insan ömrü –
dörd yüz doxsan doqquz il
yarpaqlandı,
sırğalandı,
ağır-ağır yırğalandı,
sakit-sakit öldü
qocalıqdan.
Nə meydan kölgəsi qaldı,
nə narın, xəfif yeldən
bəstələdiyi nəğmə –
titrək pıçıltıları.
Bir acı göynək qaldı
insanların qəlbində
Çinardan,
Bir də həzin xatirə qaldı.
“Necə meydan kölgəsi vardı”
dedilər.
“Neçə ulduz-ulduz yarpaqlayardı”,
“Neçə qoyun-quzu
dincələrdi altında”
dedilər.
“Neçə nəğmələr gətirərdi ona
quşlar qanadında”
dedilər.
Çinar getdi;
könüllərdə yanğısı
yeri qaldı.
Dodaqlarda xan çinarın
bahar nəğmələri qaldı.
Əlli olsun, yüz olsun,
neçə-neçə əsr olsun –
ömrün ilk günü,
son günü var.
Beş yüz ildən bir əskik
yaşadı çinar.
Fırtınada, qasırğada
əyilmədi.
Acizlik, qorxu nədir –
bilmədi.
Yaşadı çinar kimi;
budaqları çətir-çətir,
kölgəsi meydan-meydan.
Az da, çox da yaşasaydı,
belə yaşayacaqdı.
Kökü torpağa bağlı,
vüqarlı çinar kimi:
müdrik babalar kimi.
Getdi səssiz, haraysız.
Təəssüfü, yanğısı gəzdi
dodaq-dodaq,
ağız-ağız,
Çinar getdi.
Ondan –
“Kaş bir il də yaşayaydı...” –
bir arzu qaldı.
Dibindən qaynayan
bir bulaq su qaldı.
Bir belə çinar ömrü
olsun, deyirəm, ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
xatirələrdə yanğısı, izi qalsın,
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü –
kişi ömrü, kişi...            

İyun 1976, oktyabr 1977

Bakı – Göyçay

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Baməzə insan idi. Hər söhbətində incə bir yumor vardı. Şirin Salyan şivəsi ilə danışar, ətrafına xoş əhval-ruhiyyə bəxş edərdi. Çox adama əl tutmuşdu. Yol qırağında ibadət evi, bir neçə evsizə ev tikdirmişdi. Ömrünün son vaxtlarında ağır xəstəliyə düçar olsa da ruhdan düşmür, yaşamağa can atırdı…

 

Deyirdi ki:- “Bir gün toydan çıxıb Salyana- evə qayıdırdım. Yolda bir “Zaporojes”in sürücüsü mənə əl edib, dayanmağıma işarə etdi. Əyləcə basıb avtomobili saxladım. Yaxınlaşıb xahiş etdi ki, avtomobilini "tros"la arxamca dartım. Razılaşdıq. Necə yorğun idimsə yolun yarısında onu unutdum. Bir də gördüm ki, arxamda bir “Zapı” ele hey siqnal verir. Fikirləşdim ki, məni ötüb keçmək istəyir. Dedim, ay hay, harada görünüb ki, “Zapı” “Mersedes”i ötsün. Sürəti artırdıqca onu yenə də arxamda gördüm. Nə isə, Salyana çathaçatda avtomobilimi saxlayıb, həmin sürücüyə yaxınlaşdım. Niyə arxamca düşdüyünü soruşmaq istəyirdim ki, dedi: “Qardaş, yadından çıxıb deyəsən, yolda səndən xahiş etdim, məni də Ələtə qədər “buksir”lə apar…”

 

Haqqında söhbət açdığım Aslan İlyasov 1948-ci ilin may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşında olarkən Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinin solisti kimi çıxış edib. 2005-ci ildən isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərirdi. Onun Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lent yazıları hələ də saxlanılır. Onun adıyla bağlı 20-yə yaxın bəstələdiyi rəqs var. 20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

 

“Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaqları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur? Amma mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video görüntüsü var. Konsert verib, ondan əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm…”- söyləyirdi.

 

...Əslində Aslan İlyasov kimi sənətkarlar heç zaman ölmürlər. Onlar bizi tərk edərkən öz ruhlarını ifalarında saxlayıb vidalaşırlar. Yaşasaydı mayın 22-də 77 yaşını qeyd edəcəkdi...

 

...Haradansa “Aslani” havasının sədası gəlir...

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Könül, "Ədəbiyyat və incəsənət"

 

Ədəbiyyatsevərlərin sevimli dərgisi olan “Ulduz”un may sayının işıq üzü görməsi xəbərini alınca onu əldə etməyə hələ səbrimiz çatmamış dərginin baş redaktoru, sevilən şair Qulu Ağsəsdən bilgi almaq qərarına gəldik.

Və öyrəndik ki, may ayının “Ulduz”u  ulduzlu yazılarla doludur.

 

Dərgi Seyid Aynurun “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” bölümü Xan Abdullanın “Dumru”, Tural Cəfərlinin “Eyforiya”, Zəka Vilayətoğlunun “Eeey, səs salma”, Əlisəfdər Hüseynovun “Meloman”,  Mübariz Cəfərlinin “Amədə” və “Bal” hekayələrini təqdim edir.

“Şeir vaxtı”nda Elşən Əzim, Sevinc Yunuslu, Tural Turan, Ceyhun Ötkəm, Xuraman Hüseyn, Rəsmiyyə Sabirdir.

Qulu Ağsəs bu dəfə Xalq artisti Arif Babayevlə “Ayrı söhbət” eləyib.

Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi İsa Zakriyevin qısa hekayələri Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunur.

“Anım”da Nizami Tağısoy “Vətən ağrılarının ağırlığı”ndan yazır.

“Tribuna” Aysel Xanlarqızının “Vasif Süleyman yaradıclığı haqqında”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər” yazısını təqdim edir.  

 “Debüt”də “İndinin simfoniyası” ilə Məryəm Bağırovadır.

İltimas Səmimi, İlkin Əhmədoğlunun  şeirləri  də “Ulduz”un may sayında yer alır.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin “Qeysdən Məcnuna: təsəvvüfün mistik zaman modeli kontekstində subyektin sufi transformasiyası”nı (3-cü məqalə) təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Xatirə Həsənzadədir.

Yəqin “Ulduz”u almağa səbirsizləndiniz. Haydı, köşklərə!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

“Ədəbiyyat və incəsənət” portalı “Ev həkiminiz” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Hansı simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir?

 

Pediatr, ailə həkimi, kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova rubrikamızın məsləhətçisidir.

 

 

Bu simptomlar uşaqlarda ürək xəstəliklərinə işarə edir

 

Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.

 

Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.

Uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları aşağıdakılardır:

 

Südəmər uşaqlarda:

çəkinin zəif artması

dərinin göyümtül olması

tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)

aktivliyin az olması

fiziki inkişafda ləngimə (həmyaşıdlarıyla müqayisədə başını gec saxlayır, gec oturur)

təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)

 

Daha böyük uşaqlarda:

tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)

ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. )

burun-dodaq üçbucağının göyərməsi

dərinin ağarması

başgicəllənməsi

bayılma

təngənəfəslik

respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək

ayaqlarda şişkinlik.

 

 “Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bugünkü mövzumuz Türk Dünyası ortaq əlifba layihələridir.

 

Türk dünyası dedikdə təkcə coğrafi məkan deyil, ortaq tarix, dil, mədəniyyət və mənəvi bağlarla bir-birinə yaxın olan bir toplumlar silsiləsi nəzərdə tutulur. Bu toplumların birliyi üçün müxtəlif istiqamətlərdə – iqtisadi, siyasi, hərbi və təbii ki, mədəni və dil sahəsində inteqrasiya vacib sayılır. Bu baxımdan ortaq əlifbaya keçid ideyası, türkdilli xalqlar arasında həm mənəvi birliyi möhkəmləndirmək, həm də rabitə və informasiya mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.

  Tarixi fon və müstəqillikdən sonrakı dövr:

 XX əsrin əvvəllərində, xüsusən 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda ortaq əlifba məsələsi qaldırılmış, latın qrafikasına keçid təklif olunmuşdu. Bu təşəbbüs müəyyən qədər uğur qazansa da, sonradan Sovet hakimiyyətinin təzyiqləri nəticəsində türk respublikaları kiril əlifbasına keçməyə məcbur edildi. Nəticədə türkdilli xalqlar arasında yazılı ünsiyyət kəsildi, dil və mədəni yaxınlıq süni şəkildə parçalandı.

 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqillik qazanan türkdilli respublikalar yenidən latın qrafikasına keçmək məsələsini gündəmə gətirdilər. Bu dəyişiklik, sadəcə, texniki yenilənmə deyil, həm də milli kimliyin bərpasıpostsovet təsirindən qurtulma cəhdi kimi qəbul olunurdu.

  Uğurlar və pozitiv nəticələr:

 Ən böyük uğurlardan biri, bu ideyanın siyasi səviyyədə qəbul olunması və bir çox ölkənin rəsmi sənədlərdə, təhsil sistemində və mediada latın qrafikasına keçməsi oldu. Azərbaycan bu sahədə öncül rola malikdir – 1992-ci ildən etibarən rəsmi olaraq latın əlifbasını qəbul etmiş və 2000-ci illərdə bu keçid böyük ölçüdə tamamlanmışdır.

 Türkiyə isə artıq 1928-ci ildə əlifba islahatı ilə latın qrafikasına keçdiyi üçün bu məsələdə təcrübəyə malikdir. TürkmənistanÖzbəkistan da latın əlifbasını qəbul etmiş, baxmayaraq ki, bu ölkələrdə keçid prosesləri bəzi gecikmələrlə müşahidə olunur. Son illərdə Qazaxıstan da latın qrafikasına keçidlə bağlı konkret qərar qəbul etmiş və yeni əlifba variantlarını cəmiyyətə təqdim etmişdir.

 Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də ortaq əlifba məsələsi xüsusi vurğulanır. 2021-ci ildə bu təşkilatın əsas sənədlərindən biri olan "Türk Dünyası 2040 Strateji Görüşü" sənədində ortaq əlifba məsələsi konkret hədəf kimi göstərilmişdir. Bu, ideyanın artıq sadəcə mədəni deyil, siyasi prioritetə çevrildiyini göstərir.

  Mövcud problemlər və çətinliklər:

 Lakin bu istiqamətdə ciddi problemlər də mövcuddur. Ən önəmlilərindən biri – fərqli fonetik və orfoqrafik sistemlərə malik dillərə eyni əlifbanın tətbiqində ortaya çıxan uyğunsuzluqlardır. Məsələn, Azərbaycan dilindəki “ə”, “ö”, “ü” səsləri ilə Qazax və Türkmən dillərindəki bəzi səslər fərqlidir. Bu isə əlifbanın standartlaşdırılmasını çətinləşdirir. Qrafik fərqlər, texniki imkanların bərabər səviyyədə olmaması da problemlər yaradır.

  Bundan başqa, bəzi ölkələrdə siyasi və geosiyasi faktorlar, xüsusən də Rusiyanın təsiri və rus dilinin güclü mövqeyi bu dəyişiklikləri ləngidir. Xüsusilə Qırğızıstan və Qazaxıstanda rus dili hələ də rəsmi statusa malikdir və rus dilli əhali ilə balansı qorumaq üçün əlifba keçidi yubanır.

 İctimaiyyətin dəyişikliklərə hazır olmaması da başqa bir problemdir. Yeni əlifbaya uyğunlaşma, onu öyrənmək, köhnə sənədlərin yenidən işlənməsi, tədris materiallarının tərcüməsi – bütün bunlar zaman və maliyyə tələb edən mürəkkəb proseslərdir.

  Nəticə və perspektivlər:

 Ortaq əlifba ideyası təkcə yazı sistemi dəyişməsi deyil, Türk dünyasının mənəvi-mədəni birliyinin rəmzlərindən biridir. Uğur əldə etmək üçün bu prosesə yalnız dövlət səviyyəsində deyil, cəmiyyətin bütün təbəqələri – müəllimlər, alimlər, media nümayəndələri və tələbələr daxil edilməlidir.

 Gələcəkdə uğurlu nəticələr əldə etmək üçün bir neçə vacib addım atılmalıdır:

  • Ortaq komissiyalar yaradılmalı və bütün türkdilli ölkələrin mütəxəssisləri bu komissiyalarda təmsil olunmalıdır.
  • Beynəlxalq forumlar və konfranslar vasitəsilə bu məsələ müzakirə olunmalı, yeni əlifba modelləri sınaqdan keçirilməlidir.
  • Rəqəmsal platformalarda ortaq texnoloji uyğunluq yaradılmalı, mobil tətbiqlər və tədris proqramları hazırlanmalıdır.
  • Gənc nəsil üçün motivasiyaedici layihələr, yarışmalar, təlimlər keçirilməlidir.

Sonda qeyd etmək lazımdır ki, ortaq əlifbaya keçid prosesi uzunmüddətli və mərhələli şəkildə aparılmalıdır. Amma bu istiqamətdə atılan hər bir addım Türk dünyasının ortaq gələcəyinə doğru atılmış strateji bir addım kimi qiymətləndirilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

                                                                                

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Ceyn Adams! O, Rəngli İnsanların İnkişafı Milli Assosiasiyasının, Amerika Vətəndaş Azadlıqları Birliyinin qurucu üzvüdür. Tarixə isə Nobel Sülh Mükafatını alan ilk amerikalı qadın kimi düşüb.

Bu gün biz onu vəfatının növbəti ildönümündə anırıq.

 

1860-cı ildə ABŞ-nin İllinoys ştatının Cedarville şəhərində bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində dünyaya gəlib. 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır.

 

1910-cu ildə Adams Milli Sosial İş Konfransının ilk qadın prezidenti, 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti, 1915-ci ildə Dünya Qadınlar Partiyasının sədri, 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti, "Settlement House Movement"-in təsisçisi və Amerika sosial reformizminin ilk xadimlərindən biri olub.

 

1883-cü ildə Ceyn Adams dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır.

 

Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi "Toynbi-holl" sığınacağına baş çəkirlər. Onların işindən çox təsirlənərək, Adams və Starr ABŞ-yə qayıdırlar və hər ikisi "həyatı həyatın özündən öyrənmək mümkün ola biləcək" yer tapmağa qərarı verərək, bu fikri reallaşdırmağa başlayırlar. Axtarışlar onları yoxsulların, kasıb mühacirlərin məskunlaşdığı bölgəyə – Çikaqonun 19-cu məhəlləsinə gətirib çıxarır. 1889-cu ilin sentyabr ayında rəfiqələr Çarlz Hullın evinə köçürlər və orada gələcəyin bir çox görkəmli islahatçılarının diqqətini çəkən eksperiment təşkil edirlər.

 

 Rəfiqəsi Ellen Starrla birlikdə Ceyn Adams 1889-cu ildə Çikaqonun ucqar yerlərindən birində "Hull Haus"u ("Hull House") təsis edirlər. Bir neçə il ərzində Çikaqoda "Hull-House"da rəfiqəsi E.Starrla bərabər uşaq bağçası, kitabxana, gimnastika zalı, nəşr işləri emalatxanası, kommunal mətbəx, bədii studiya, əmək muzeyi, gənc işçi qadınlar üçün yataqxanalı məktəb qururlar. Burada onlarca klub, rəqs qrupları, musiqi məktəbi və hətta aktyor truppası yerləşirdi. Məhəllə sakinləri burada ingilis dili, kulinariya, dərzilik və ədəbiyyat dərsləri ala bilərdilər. Xarabalıqların minlərlə sakini müxtəlif zamanlarda "Hull-House"a baş çəkirdilər. Bu gün "Hull Haus", Jane Addams'a və təhsil və sosial inkişaf üçün birlikdə çalışan qadınlara həsr olunmuş bir muzeyə çevrildi.

 

1902-ci ildə yazdığı "Demokratiya və İctimai əxlaq" (Democracy and Social Ethics) əsəri bu gün də öz aktuallığını qoruyub saxlayır. 1910-cu ildə yazdığı "Hull House-da iyirmi il" əsərində isə Ceyn Adamsın bəşəriyyətə və insanlığa xidmət edən fədakar ömür yolunu görmək olur.

 

 Ceyn Adamsın əsərləri, "Hull Haus"-dakı təcrübələrindən nümunələrlə doludur, mühacir əhalinin xalq nağıllarından və fahişəlikdən zibil yığımına qədər qeyri-adi mövzulara toxunur. 11 kitab və 500-dən çox məqalə nəşr etdirdi ki, burada da əvvəlcə formalaşdığı Şimali Amerika praqmatik ənənəsini əhəmiyyətli dərəcədə problemləşdirdi.

 

1935-ci il mayın 21-də əziyyət çəkdiyi xəstəlikdən vəfat etdi və ABŞ-nin Sedervilldəki qəbiristanlığında dəfn edildi.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

                     

İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:

 

B. Meyvə və giləmeyvələr

1.     Alma (tərkibində pektin, antioksidantlar və C vitamini çoxdur, arıqladıcı xüsusiyyətə malikdir).

2.     Avokado (77% sağlam yağlardan ibarətdir, vitamin və sellülozla zəngindir).

3.     Banan (fiziki əməkdən sonra gücün bərpasına kömək edir, kalium, protein, B 6 vitamini ilə zəngindir).

4.     Yemişan (ən güclü antioksidant mənbələrindəndir, gözə çox faydalıdır).

5.     Portağal (digər sitruslar kimi bol C vitamini mənbəyidir, habelə antioksidantla zəngindir).

6.     Çiyələk (tərkibində C vitamini, marqans var, az kalorilidir).

7.     Nar (qan dövranını tənzimləyir, damarları qoruyur, şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur).

8.     Qarağat (xərçəngdən qoruyan antioksidantlarla boldur, yaddaşı gücləndirir).

9.     Limon (C vitamini anbarı hesab edilir, qan dövranının effektiv fəaliyyəti üçün çox xeyirlidir).

 

Növbəti təqdim edəcəyim yarmalar və paxlalar olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Cümə axşamı, 22 May 2025 15:40

BİRİ İKİSİNDƏ – Oğuz Ayvazın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində nəsr saatıdır, sizlərə Oğuz Ayvazın “Soyuducuya aşıq olan adam” hekayəsi təqdim edilir.

 

 

Oğuz AYAZ

 

“SOYUDUCUYA AŞİQ OLAN ADAM”

 

Bu il cəhənnəm istiləri yayın ilk günlərindən şəhərdə köç saldı. Yollarda, küçələrdə, parklarda, dayanacaqlarda adamlar azalmağa başladı. Camaat dənizə getməyə ərinir, kondisionerlərin, sərinkeşlərin qabağında vaxt keçirir, yavaş-yavaş tənbəlləşirdilər.

Bizim evdə də məişət qaydaları istilərə görə dəyişdi. Gündə iki dəfə yemək yeyir, fasilələrlə duş qəbul edir, bir dəfə çay içir, adama litrlərlə su içir, qalan saatları çarpayımızda uzanıqlı keçirirdik. Bircə qızım evin hər küncünə qaçır, hoppanır, gülür, küçəyə çıxmaq üçün can atırdı; sanki dəhşətli istilər ona təsir etmir, kəpənək misalı olanlardan xəbərsiz görünürdü. Arvadım bütün gününü gözünü dirədiyi telefonuyla keçirir, hərdənbir ayağa qalxır, yemək bişirir və təzəcə öyrəndiyi yoqaya girişirdi (tərləyən kimi gülə-gülə bu qədim şərq fəlsəfəsindən uzaqlaşıb təzədən hamama cumurdu). Mənsə vaxtaşırı siqaret çəkmək üçün pəncərəyə çıxır, buzxanadakı su butulkasını başıma çəkir, əsnəyə-əsnəyə kitab oxuyur və başımı soyuducuya salıb qulaqlarım buzlayana qədər orda saxlayırdım; başımın içində qalan ilğım Şimal Buzlu okeanının havasına qarışır, sinir hüceyrələrim sərinlənir, fikirlərim qaçış üzrə dünya çempionu kimi qıvraqlaşırdı... Heyif ki bu gözəl hisslər salona qayıdan anda yoxa çıxır, qulaqlarımın da, burnumun da buzu əriyir və elə o vaxt evin içində bardaş qurub məni gözləyən isti hiyləgərcəsinə üzümə baxıb gülümsünürdü.

Hər səhər ərinə-ərinə yerimdən qalxıb noutbuku dizlərimin üstünə qoymağım mənim işə başlamağı göstərən işarə olurdu. Pandemiya başlayandan evdən işləyirdim, hər gün dəqiqəbaşı admin panelə xəbər qoymaqdan boğaza yığılmışdım. Redaktorumuz ehtiyatda olan zabit idi, gəncliyində əyalətlərin birində qəssab işləmiş, toyuq, yumurta satmış, əlinə bir az pul keçəndən sonra Bakıya gəlib özünə xəbər saytı açdırmışdı. Onda zabitlikdən qalma ifrat nizam-intizam vardı, hamını hərbi rejimlə işlədir, əsgərsayaq danlayır, yayın istisində məzuniyyət gözləyən işçiyə isə erməni gözüylə baxırdı. Redaktorun gözünə çöp kimi batan, gün ərzində saysız-hesabsız danlaq yiyəsi olansa mən idim – hərbidəki pis xatirələrin, qəssablığı dövründəki iylənmiş ətlərin, toyuq, yumurta satanda qiyməti öldürmək istəyən əyalət arvadlarının qisasını məndən alır, balaca bir səhvimi belə bağışlamır, telefonda, ya da inboksda danışanda boğazındakı damarların şişə-şişə partlamaq həddinə çatdığını hiss edirdim. Hər səfər onun danlağını qulaqardına vurur, bu günə-sabaha küləkli havaların gələcəyini gözləyir, xəstəliyin yoxa çıxacağına, hamının o xoşbəxt güzəranına qayıdacağına ümid edir və hər gün yatmazdan əvvəl inanmadığım Allaha əlimi açıb deyirdim ki, təzə iş tapım, bu leş yeyəndən canım qurtarsın.

Günlər qarşıqa yerişiylə keçir və heç nə ifadə etmirdi: küçələr dodaq kimi çat-çat, ağaclar isə hələ də heykəl kimi qalmışdı.

Bu gün yayın onuncu günü idi. Səhərlər artıq zəngli saatın hesabına yox, ilğımın üstümüzə hücum çəkməsilə oyanırdıq. Oyanan kimi pəncərədən göy üzünə baxır, heç olmasa bu günün buludlu olmasını diləyirdik. Göy üzü rəsm tablosu kimi dəyişilməz olaraq qalmışdı. Qızım sərçə ayaqlarına bənzəyən əlləri ilə səmada bulud çəkir, məhəlləmizə yağış yağdırırdı. Əlləri göydə rəqs edir, üzünə yağışın nəfəsi hopurdu.

Həyətdə adamların səs-küyü eşidildi. Qonşunun soyuducu аldığını görüb yerimdə dondum. Bəmbəyaz, par-par parıldayır, işıq saçır. Bu işıq seli ağlımı başımdan aldı. Afrodita soyuducu libasında gülümsəyirdi. Onu təkcə mən görə bilirdim. İlahi, içimdə sevgi nəğmələri cəh-cəh vururdu.

– Qonşu? Özündəsən? Ə, buna nə oldu?

Qonşu əlini havada yellədir, dodaqları açılıb-örtülür, sözlərsə gəlib mənə çatmırdı.

– Xeyirli olsun soyuducun, – deyəndən sonra qonşunun key-key mənə baxdığını gördüm.

– Nə?

– Soyuducu da...

– Hə... Kefsən e. Xoşumuza gəlməyəndə dəyişirik onsuz. Varlığa nə darlıq, – qəhqəhə çəkib çiynimdən vurdu. – Xeyirli olsun deyəndə elə bildim nişanı deyirsən. Oğlumu nişanlamışam axı. Toyu da rayonda gizlicə eləyəcəyik.

Soyuducuda yaşamaq istəyi qəfil güllə kimi beynimin bir küncünə saplandı. Bizim soyuducumuz balaca olduğundan bircə başımı yerləşdirə bilirdim. Qonşunun soyuducusu əsl mənim ölçümdə dizayn edilmişdi. Bütün günü o soyuducuya necə girəcəyimin xəyalını qururdum.

Dəhşətli istilər, arvadım, redaktorum, kanalizasiyamızın tez-tez sıradan çıxıb əsəblərimi sıradan çıxarması – hər şey məndə kondisionerin süni havası kimi soyuq və uzaq gəlir, heç nə içimə yatmırdı. İşdən başımı qaldırıb siqaret fasiləsinə çıxanda səbəbsiz yerə qonşuya baş çəkir, gizlicə soyuducuya tamaşa edirdim. İndi də özümü qonşugildə tapdım – necə gəlmişdim, necə divanda oturub çay hortuldadırdım, xəbərim olmamışdı. Qonşu yenə müxtəlif mövzulardan danışsa da, mənim qulağım soyuducunun mühərrikində ilişib qalmışdı. İçinə girməyi, üşüməyi hər şeydən çox istəyirdim. Soyuducu ona baxanda daha da gözəlləşir, təzə gəlin kimi utana-utana yanaqlarını qızardır və bu an məni daha da özümdən çıxarırdı. Soyuducuyla baş-başa qaldığımızı, onu qucaqladığımı, qapısını açdığımı xəyalımda yüz dəfə fırladıb xoşhal olarkən birdən qonşunun arı vızıltısını xatırladan sözləri aydınlanmağa başladı:

 

– Kəndə gedirik, qapının açarını sənə verirəm, evdən muğayat olarsan.

Qonşunun əlini sıxıb açarı götürdüm. Necə sevinəcəyimi, qışqırmağımı içimdə yaşayırdım. Az qalırdım küçəyə çıxıb hoppanam, insanları qucaqlayam. Arvadımın qorxusundan qələbəmin atəşfəşanlığını gözlərimdə saxladım. O da içəri keçən kimi duyuq düşdü:

– Yaman sevinclisən! Nolub?

Mənalı-mənalı üzümə baxdı.

– Heç nə. – Yalan axtardım. – Elə-belə...

– Sənin üzün belə gülməzdi. Yüz faiz nəsə olub.

– Qonşunun oğlu evlənir, – tapdığım yalana özümün də gülməyi gəldi. Arvadım da əlini etinasızlıqla yelləyib mətbəxə yollandı, yolüstü ocaqdakı yeməyini yandırmağa səbəb olduğum üçün məni yaş yuyub quru sərməyi də unutmadı.

Səhər siqaret fasiləsinə çıxanda arvadıma mağazaya gedirəm deyib qapını örtdüm. Ətrafa göz gəzdirə-gəzdirə qonşunun qapısını açdım. İçəri keçib qapını bağlamaq istəyəndə əlimi saxladım. Bəs bura girsəm, qapını kim açacaq? Axı soyuducuların içinə girəndə qapını ancaq çöldən açmaq olur. Kor-peşman içəridən çıxıb evə qayıtdım. Gedə-gedə düşünürdüm: bir uşaq tapmalı idim, mənimlə birgə qonşunun evinə girməli, soyuducuyla eşq yaşamağıma köməklik eləməliydi. Məhəlləmizdə də itətök uşaq vardı. Birinin başını bişirməliydim, soyuducuda sərinlədiyim yerdə növbə çəkməli, qapısını açmalı idi. Evə girən kimi arvadımdan gizli saxladığım pulu gizlətdiyim yerdən çıxarıb cibimə qoydum. Oyuncaq dükanından bir neçə balaca maşın, xırda əsgərlər, rəngli karandaşlar, toplar aldım. Qalan pulu da saxladım ki, köməkçimə hər gün bir dondurma alım. Axşamüstü uşaqların toplandığı meydançaya getdim. Aralarına girib futbol oynadım. Qarabuğdayı, sısqa bədənli oğlan uşağını gözümə kəsdirdim. Onunla daha mehriban, sakit tonla danışdım və qısa müddətdə ürəyini qazandım.

Səhəri oğlan uşağını marketdə gördüm. Çıxmağını gözlədim. Günəşdən yanmış qolları parlayırdı. Yaxınlaşıb saçına tumar çəkdim. Ona aldığım oyuncaqlardan danışdım. Oyuncaqları indi istədiyini dedi. Mən də ona bir şərtlə verəcəyimi dedim. Şərtim belə idi: mənimlə guya qardaşımın evinə girmək və soyuducunun yanında gözləmək. Hər gün də bir dondurma. Uşaq şərtlərimi qəbul elədi. “Urraa” deyib hoppandı. Marketdən dondurmanı alıb yollandıq qonşunun evinə. Ətrafı dinşəyib içəri keçdik. Uşağa dəfələrlə soyuducunun qapısının necə açılmağını başa saldım. Soyuducunu açıb içəri keçdim. Uşaq dondurmasını acgözlüklə yeyə-yeyə oyuncaqlarla oynamağa girişdi.

Afroditamın qapısını açdım. Üzümə sərinlik, şadyananlıq yayıldı. İçəridəki rəflərdən birini ən yuxarıda saxladım. Qalanını da döşəməyə sərdim. İçəridə qışın soyuğu hökm sürürdü. Elə bil Afrika qitəsindən Anrtaktidaya addım atmışdım.

 

Soyuducunun içi bambaşqa planet idi. Burada süd rəngli işıq selinin içində nağıllar aləmindəydim. Yuxarı başımdakı rəfdə göyərtilərin, kahıların yamyaşıl yarpaqları məni meşənin qoynundakı kimi hiss elətdirirdi. Aşağıdakı qutularda isə rəngli limonadlar gözə çarpırdı. Hər şey susmuşdu – bütün səslər, sözlər, istilər, xatirələrim, həyatım... Sükutun, soyuğun içində gözlərimi yumub şirin xəyallar içində gəzişirdim. Başımın içində işğal edilən düşüncələrim azadlıqlarına qovuşurdu. Cəhənnəmi unutduran bu hava axını içimdə sevinc toxumları əkir, cücərdirdi...

Nə qədər vaxt keçdiyini bilmirdim. Aclıq hiss elədim. Soyuducunun aşağı tərəfində kolbasa gözə dəydi. Burda içdiyim su, yediyim kolbasa tamam başqa dad verirdi. Heç evdə, kafedə, küçədə belə ləzzət vermirdi.

Uşaq ara-sıra qapını vurur, deyirdi, işəməyim gəlir, məni tualetə apar. Mənsə onun sözlərini vecimə almırdım. Soyuducunun içində xoşbəxt idim. Qəfil beyin hüceyrələrimin arasında arvadımın səsini eşitdim, içimi isti doldurdu. İçəridən qapını vurdum. Uşaq qapını açdı. Evə getmək istədiyini dedi. Qapını açıb onu uşaqlığına  qovuşdurdum. Qonşunun qapısını kilidləyib evə sarı getdim. Arvadım istinin gətirdiyi tənbəlliklə harda olduğumu soruşdu, mən də ağacın kölgəsində oturub bir az dincəldiyimi dedim. O isə ardını gətirmədi, telefonun ekranında gəzinməyinə davam elədi. Hərdən mənə elə gəlirdi ki, arvadım telefona çevrilib. Telefon adam olub. Bəlkə də, arvadım telefona çevrilidiyindən mən soyuducuya aşiq olmuşdum.

Hər gün başını bişirdiyim uşaqla birlikdə qonşunun evinə girir, soyuducuyla eşq yaşayıb təzədən süni havalı evimizə qayıdırdım. Hər şey bir saat kimi işləyirdi. Burda dayanın. Elə bilirsiniz, həyat bu qədər sadədir? Yuxarı təpəliklərdə qeybət qıran arvadlar dəstəsinin gözünə tuş gəlmişdim. Günortalar yığışıb mənim taleyim haqqında gap edir, adıma min cür qulp qoşurdular.  Məhəllə uşağı əsgər sayaq verilən əmrləri saniyəsində yerinə yetirir, arada tualet istəyi olmasa, heç cınqırını da çıxarmır, soyuducuyla baş-başa qaldığım saatların ömrünü qısaltmır, başqa uşaqlar kimi ərköyünlük eləyib ayağını yerə döyüb “mən getmək istəyirəm” demirdi. Elə bu gün də uşağın səsi çıxmadı, məni soyuducuya təhvil verəndən sonra öz əyləncə dünyasına qayıtdı və bu dəfə heç tualet adı da çəkmədi.

– Xanımınız sizdən boşanmaq istəyir, – soyuducunun içində bütün həzzlərin üstündə bir həzz yaşadığım vaxt telefonuma zəng gəldi və qalın, bariton səsli qadın mənə belə dedi: – Asan Xidmətə yaxınlaşarsınız. Nə baş verdiyini anşıra bilmədim.

Qapının açıldığını eşitdim, ev yiyəsini nazik səsindən tanıdım. Uşağı görüb təəccüblənmişdi: “A bala, sən burda nə gəzirsən, necə girdin içəri?” Bu an səssizlik oldu. Hiss elədim ki, uşaq soyuducunu işarə elədi. Soyuducunun qapısı açıldı. Qarşımda ev yiyəsi, qonşular, arvadım, qızım vardı. Qızım uşağın saçından dartır, mızıldanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Oğuz Məhəmmədikiyadır.

 

 

Oğuz Məhəmmədikiya

İstanbul

 

5.

Üzərimdədir barmaq izləri ölümün

Sarılar içində,

Girilməz, dörd divarından sən asılan

Otağam.

 

Üzərimdədir qara qadınların

Bəlirgin dodaqları.

Kafkanın ümidsizcə sevməsi

Gabo’nun son məktubu.

 

İllərcə qapının cırıltısını dinlədim

Cırdım qulaq pərdəsini və

Səslərdən aldım içi boş notu...

Səssizliyi çəkib çıxartdım aradan.

 

Sonrası sükut,

Sonrası sükut...

 

Otuz yaşındayam indi

Hələ altıma işəyib

Titrək-titrək düşünüb

Tanrıya yalvarma çağına qalıram.

 

Yox, unuduram hərdən

Yelin qorxunc səsini

Gecənin ufuldayan uzaqlarını.

 

Qırmızı dodaqların vardır

Hər zaman xatırladığım

Islaq və çatlaq.

 

“Xatırlamamaq unutmaq deyil” -

Demişdi doktor.

 

Məsələn anamdan soyunduğum günü

Xatırlamıram.

Unutmadım da...

 

İndi otuz yaşındayam

Hələ həblərdən ürək döyüntüsünü

Oksigen tankından O iki ünsürü

Serumlardan qanı alma çağına qalıram...

 

Üzərimdədir barmaq izləri ölümün

Səsdən öncə yaranmışdım

Qulaqdan sonra

Sözdən öncə ölmüşdüm

Ağızdan sonra.

 

Əynimə soyuqları geyinib əlindən

Axdığın gecə

Polislər basdı bizi.

 

Mən ölülərdən aldığım salamları eşidirdim,

Sən ölümü qoynuna alıb ağlayandın oysa.

 

Anamı soyundum

Asdım çərçivəyə.

Səsimi unutdum

Soyudum günəşin kəskinliyində

Sonrası

Qara,

Qaranlıq.

 

Və zip səsi...

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.