
Super User
“Apardı sellər Saranı” - Allahşükür AĞA
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Allahşükür Ağanın şeirləri təqdim edilir.
Ölüm
Güllələr nəğmə kimi səslənir bəzən,
Adamlar qaçırlar o nəğməni oxumağa.
Adamları nəğməylə aldadırlar... nahaq.
Məsələn, bilməsə,
Uşaq yerə düşüb
közərən bir mərmiyə tərəf qaçar
Və əlinə götürər ölümü.
Uşaqlar həmişə
oyuncaq gəzdiyindən yenə aldanarlar.
Ən zəhərli göbələk belə
o qədər şirindi ki, adam doymur.
Gör ölümü harda gizlədiblər?!
Biz qaçırıq ölümlərdən,
Sən demə, biz ona tərəf qaçırıqmış əslində.
Sürətli maşınların əlindən qaçıb
Bir at arabasının təkəri altında da
Ölmək təsadüfü varmış...
Amma çox nahaq,
Gərək bizi nəğməylə,
Göbələklə,
At arabasının nəğməli təkəri ilə
Aldatmayaydılar...
Unudun məni
Unudun məni, getsin,
20 Yanvar kimi...
Elə bilin, olmamışdım,
Heç ağlamamışdım,
Heç sevməmişdim...
Məni unudun, getsin,
Şəhid kimi
Elə bilin, ölməmişdim,
Elə bilin, evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı daraqlayırdı...
Məni unudun, getsin...13-cü ay kimi,
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri vardı,
Necə ki ağac unutdu onu,
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm,
əlvida!
Parta üstündəki yazılar
Parta üstə yazılar
Uşaqlardan düşüb qalıb
Yaddan çıxmış qələm kimi.
Xadimə qadın sildikcə partaları
Gülümsəyir.
"Sevirəm" sözünə o qədər əyilir,
Elə bil ki, baş əyir.
Partalar yazılıdı,
Yazılarda səs donub.
Hər yazının üstünə
körpə təbəssüm qonub.
Şeir dəftəridir partanın üstü,
Məni dərd-xəyal alıb.
Yazıları oxuya-oxuya
Xadimə cavan qalıb.
Dustaq qatarları
Bu gecə ayıldım qatar səsinə,
Haradan-haraya gedir bu qatar?
Bir cüt əl görünür pəncərəsindən,
Deyəsən, yox olub, itir bu qatar.
Bəlkə də uzanan o yorğun əllər,
Qoyma bu qatarı getsin, deyirdi.
Əlləri qatardan qalırdı dala,
Kömək istəyirdi, əl istəyirdi.
Vaqonlar sallayıb qaş-qabağını,
Payız quşlarıtək uçub gedirdi.
Heç kimi aparmaq fikri yoxuydu,
Dəmir qapıları açıb gedirdi.
Nəyə sevinirdi, görəsən, nəyə?
Təkərlər relslərə əl çalırdılar.
Gedirdi dustaqlar irəli, ancaq,
Səsləri arxaya atılırdılar.
Apardı sellər Saranı
Bəlkə də Arpaçay aşıb-daşmayıb,
Yalandan üstünə günah yıxıblar.
Nə də sel Saranı alıb qaçmayıb,
Suların adına qara yaxıblar.
Zaman öz hökmünü veribdi belə,
Cavan bir gəlinin ömrünə qıydı.
Yad əllər Saraya uzanan yerdən
Arpaçay hiddətlə gurlamalıydı.
Deyin Xan Çobana, Saranı yad yox,
Aparan öz qəmin, öz kədərindi.
Sara saf suların öpdüyü yerdən
Bir çiçək donunda göyərib indi.
Uşaq bağçasında
düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.
Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar
Uşaq əllərindən, uşaq gözündən.
İlahi, nur elə, gur işıq elə
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.
Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi,
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə,
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr
Çiçəklərin ayağının tozudur,
Məncə.
Ağac
Görürəm başında payız qocalıb,
Bu ağac bahara açıb əlini.
Görürəm budaqlar tamam sınıxıb,
Üzüyünü salmış barmaqlar kimi.
Başında qaranquş ümidi qalıb,
Yarpağı yerinə bitib inamı.
Budaqlar necə də ağappaq olub,
Şümşad biləyinə oxşar anamın.
Açılıb ağaca budaq qollarım,
Nəğmə oxuyuram yenə ucadan.
Uzaqdan tökülüb gələn yollarım,
Nədənsə özünü asır ağacdan.
İstərəm quş olub başına uçam,
Körpə qönçələrdən qalayım ocaq.
Ağacı gözümdən uzaq qoymuram,
O ağac gözümdə yarpaqlayacaq.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
GAP Antologiyasında Ramin Behzadın “Trauma” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Ramin Behzaddır.
Ramin Behzad
Təbriz
TRAUMA
Gökalp Ergenin Trauma mahnsına yazılmış bir hekayə
Ruhunu pianonun gözəl səsi oxşayırdı və mahnının eşliyində yuxudan ləzzət alırdı. Sanki yuxuda, mahnıya video çəkirdi. Bir anda pianonun səsi güpünə dönüşüb hər bir səs başına vuruldu və gözünü açdı. Gözünün önündə qorxunc bir varlıq var idi. Kitablar açılmış, içindəki xarakterlər çıxıb qaçırdılar, hətta bədənindəki döymədə olan adam isə onlar ilə birləşib uzaqlaşırdı, amma nəfəsi kəsilmiş bədəni qurumuşdu. Nə çığırmağa, nə qaçmağa macalı var idi.
Kafkanın "Çevrilmə" kitabının içində bir böcək qaça-qaça bağırırdı və qaçmağa bir yol axtarırdı, amma Alper hər zaman təsəllini bağlanan qapı-pəncərədə və hər kəsin gözündən uzaq olduğu yerdə tapırdı, onun üçün yenə otaqda həbs olmuş o böcək və yenə bir qapalı qapı var idi.
Bağırtısı qulaq pərdəsini yırtmaqda böyük bir addım atmışdı, amma bağıraraq bədəni çatlayırdı. Axan iyrənc ağ şirənin qoxusu otağı götürmüşdü. Böcəyin vücudundan iki qol çıxdı. Sonra iki əlini sinəsindəki çatlağa salıb dərisini ikiyə böldü. Üzə çixan, bir insan idi. Hələ də bədəninin üstündə böcək dərisi qalmış olsa da və o iyrənc maddə bədəninə yapışsa da bir adam olduğu qəti idi. Üzünü silib, özünü göstərdi. Tanış bir üz idi. Hə, o Kafkanın özü idi.
Masanın üzərindəki siqaralardanbirini alışdırdı və o böcəyin dərisinə tüpürdü: "Bax, biz özümüz yazırıq. Mən ailəmin gözündə yararsız və önəmsiz bir varlıq idim. Atam məndən utanardı. Mənim inanclarım və gördüyüm işlər atamın gözündə eynən ürək bulandırıcı bir böcəyin işləri kimi olmuşdu. Ailənin naxələf övladı ki, dörd divar arasında özü ilə bir şeylər fısıldayıb sonra bir böcək kimi o pislikləri kağıza tökürdü. Hə, çevrilən böcəyəm. Otağına qapanan, hər kəsdən utanan və ən pisi özündən belə iyrənən o böcək mənəm. Sözümü anlayan biri yoxdur. Sanki bir böcək özü-özünə səs salıb hər kəsin rahatlığını pozurdu. Və bu gün sənə demək istədiyim budur: Yazılarındakıdünyada yaşamağa qatlana bilməsən, bu dünyanı başqası üçün təsvirə çəkmə. Bax, mən yaratdığım dünyada yaşayıram, eynən BİR SAVAŞ TƏSVİRİ öyküsündə, öz rəsmində yaşayan bir rəssam kimi, amma o rəsimdən eşiyə çıxıb bir şeyləri dəyişə bilirdi, mən isə bu öyküləri dəyişmək üçün bir fürsət tapmadım. Başqası üçün yaranan dəhşətli anlarda mən özümə gəlirəm. Başqalarının acısından özünü tapan bir varlıq opmaq heç xoş deyil. Bu sözləri eşitdiyin an bil ki, sənin də hekayələrin daha dəyişilməz. İndi o hekayələrdə oynamaq zamanı gəlmiş. Həyatının ssenarisini yazırdın və bu acı ssenaridə oynamaq üçün bir üsyan nədənin ola bilməz. Zamanım varkənqəbristanlığa gedib heç görmədiyim oğlumun adını, qəbir daşlarının üstündən tapmalıyam. Ölümdən sonra insan daha çox bilir amma yaşadığı günləri özləmək və yaşadığı günlərdə heç önəmsəmədiyi şeylərə toxunmaq həsrəti, aman vermir." - dedi.
Kafka dərisini soyunub yola düşmüşdü. Eynən oxuduğu bir şeirdəşair demişkən: "Bu bədəni soyunaraq azadlığa çatacağıq, azadlığı dadacağıq." Sonra qolundakı döymədə olan adam çıxdı. Yatağının yanında oturdu. İlk dəfə ləçəyini açdı, saçlarını ətrafa şaçdı. Qaranlıqda belə gözləri parlayırdı, gülümsədi, otağında uşaq kimi bir səs dolandı, yanaqlarındakı çuxurda ömrünü quylamışdı. "Bax, - dedim - saatları sevmərəm və evin divarına saat asmaram. Bax, saatların durduğu anda zaman və məkan anlamın itirdiyimdə sən mənə çatarsan. Əlbəttə ki, sən röyalarda seyr etməkdə başarılısayılırsan və orda bir neçə görüşümüz oldu, amma heç zaman anlamaq istəmədin ki, mən sənin deyiləm, ola bilmərəm. Sən mənə qaranlıq yanını göstərdin, mən də sənə qaranlıqda qalmağını göstərdim. Çox sadiq idin, amma heç dözümün yox idi. Məsum həyatını kirlətmək istəmərəm və sən mənim anlıq həvəsim qurban ola biləcək son adamsan dedin, amma bir ömür sürünməyini hesaba qatmamışdın. Mən də bu gün, bu qədər çox sevdiyini anlamadım. Bir dəfə yuxuda səni gördüm, arxancagəldim, bir döngədə də döndün, mən isə daha sürətli qaçdım, döngəni dönəndə bir qəbr var idi və sənin adın üstündə yazılmışdı. İndi bu röyanın anlamını bildim, amma gec olmuş. Daha çox qala bilmərəm, səhərə sinifim var, indi bu yuxudan oyanmalıyam". - deyib gözdən itdi.
Kafka geri döndü "Sanıram ölümdən öncəki arzuna da yetişdin" - dedi. Əlinə bir kitab alıb ona sarı tutdu. Kitab "Ev gərək təmiz ola" adında idi. Saidinin anlatdığı o böcək və canavarlar toplumunu düşünürdü. Kafka dedi: "Hə, can biraz zor çıxar. Qapını açıb böyründən o kitabı göyə atdı. Kitab açıldıqca içindən böcəklər yağırdı. Onların altında quyulanırdı və bağırdığında ağzı böcək və onların iyrəncli şirəsi ilə doldu. Dişini sıxdı və onların xırça-xırç bölünməsini və ağzına tökülməsini hiss etdi. Bir səs gəlməyə başladı. Bu qazmaq kimi bir səs idi. Ağır zərbələri sinəsində hiss etdi. Üstündəki böcəklərin ağırlığı azalırdı və bir an bir bel boğazını kəsdi...
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
Professor və deputat Nəsirov qaranlıqda da işıq axtarır...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu bir həqiqətdir ki, respublikamız totalitar sovet rejimindən qurtlulan ölkələrdən biri olsa da, hələ də tam demokratikləşməyib. Bizdə bu ənənə əvvəllər olmadığından demokratiya deyəndə, məcbur olub özümüzü qərb ölkələri ilə müqayisə edirik. Və istəyirik ki, bu sahədə yüz illiklərlə ənənsi olan Amerika-Avropa ölkələrini də ötüb keçək. Bu isə belə qısa zamanda heç vaxt baş verə bilməz. Bunun üçün zaman tələb olunur...
Bəli, hər bir məmur, iş adamı, eləcə də digərləri yaşayıb çalışdığı sistemin bir “diyircəyidir”. Əgər bu “diyircək” sistemin- işlək mexanizmin çalışmasına mane olursa, onu yenisi ilə əvəzləmək məcburiyyəti yaranır. Haqqında danışmaq istədiyim iki sahə üzrə- siyasi və fəlsəfə elmləri doktoru Elman Nəsirov da bu sistemin “diyircəklərindən” biri- parlamentin üzvüdür. O, öz təyinatını icra edir...
Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində dünyaya gəlib. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil aalaraq, oranı fərqlənmə diplomu ilə bitirib. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olub. Eyni zamanda həmin kafedrada çalışıb. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2011-ci ildə isə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və siyasi elmlər doktoru elmi dərəcəsinə yüksəlib. Rus, türk və ingilis dillərini bilir...
Bir insan kimi səmimi və mehribandır. Bəzən səmimiyyəti ona elə bir güc gəlir ki, söylədiklərini kontekstdən çıxarmağa səy göstərənlərə şərait yaradır. “Əsgərlərimizdən qorxduğu üçün, ermənilər səngərlərində əyilib gəzirlər.”- bu sözlər ona məxsusdur. Şahidi olmamışam, amma eşitmişəm. Bəlkə də, o bununla demək istəyib ki, düşmən Azərbaycan əsgərindən qorxub təlaşa düşür. Amma fikirini dolğun ifadə etmədiyi üçün qınaq hədəfinə çevrilib. Doğrudur, onun barəsində buna bənzər bir sıra söhbətlər də var, amma bu o demək deyil ki, o pis adamdır. Necə deyərlər, çoxları elə bilir ki, qaranlıqda işıq olmur. Qaranlıqdakı işığı görmək üçün bir qədər səbirli olmaq lazımdır. Bəli, səbir edən qaranlıqda da işığı görə bilir...
Deyir ki:- “Sosial şəbəkə istifadəçilərinə üzümü tutub demək istəyirəm: bir özləri fikirləşsinlər ki, gün ərzində boş yerə nə qədər vaxtlarını sərf edirlər. Bir onun hesabatını aparsınlar. Görəcəklər ki, saatlarla klaviratura arxasında ona bir söz yazırlar, buna bir söz yazırlar. Onunla, bununla bağlı qanunazidd hərəkətlər edirlər. Yəni, çox dərinə getmək istəmirəm. Ancaq bunun qarşılığında saat yarım vaxt ayırmaq lazımdır. Biz deputatlar fəal həyat tərzi keçiririk. Bir sıra tədbirlərimiz olur, seçiçilərimizlə görüşürük və sair. Bəzən fəal həyat tərzinə orqanizm dözmür. İnsan çox yorulur, əzgin olur...”
Tələbə vaxtlarında trenajor zallarına gedib, son illər isə üzgüçülüklə məşğul olur. Sağlamlığına ciddi yanaşır.
“Milli mətbəximizin yağlı yeməklərinə, kabablarına maksimum iki həftədə bir dəfə özümə icazə verirəm. Günorta saatlarında yağlı yeməklər yeyirəm, ancaq axşam yemirəm. Çünki yeyəndə özümü pis hiss edirəm. Yuxum da qaçır, normal yata da bilmirəm. İçkilərə gəldikdə isə ancaq qazsız su içməyə üstünlük verirəm. İdman sağlamlıqdır. İdmanla məşğul olandan sonra insanın sanki ruhu təmizlənir. Sanki insanın potensialı, imkanları genişlənir. İdmanla məşğul olan insanlar həm də təbiətən sakit olurlar. İdman sanki insanı neqativ hərəkətlərdən çəkindirir, insanı mənən tərbiyə edir, özünə güvəncli edir. Ümumiyyətlə, pis adətlərdən, vərdişlərdən uzaq durmaq lazımdır. Çünki son nəticədə o, insanı məhvə aparır. Cəmiyyətdə də, ailədə də hörmətsiz edir. Əyyaş həyat tərzi keçirən insanın gələcəyi necə ola bilər? Gənclərə xitabən söyləyirəm ki, mənim kimi siz də idmana gəlin. İdmanla məşğul olun. Bu, həm də sizin fəaliyyətinizdə ciddi nailiyyətlər qazanmağınız üçün çox önəmli məsələdir.”- söyləyir.
Mübahisə etməkdən xoşu gəlməsə də, bəzən televiziyalarda siyasi polimikalara qoşulur. Bir çox deputatlar kimi, müxalifətdə olan siyasilərlə çəkişmədən qorxmur. Bacardığı, bildiyi qədər təmsil etdiyi sistemi müdafiə edir. Ümumiyyətlə, çox sadə adamdır. Təkəbbürdən, dikbaşlıqdan uzaqdır. Dərin savadı var, araşdırmaçı olduğundan çox məsələdən halidir...
Seçicilərindən biri mətbuatda yazır: ““Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Belə insanlardan biri də Elman Nəsirovdur. Azərbaycanda bu gün onu hamı tanıyır. Hər kəs televiziya, radio dalğalarında, mətbuat səhifələrində onun çıxışlarını dinləyir və ya oxuyur. Həm də təkcə ölkəmizdə deyil, vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da onu tanıyır, sevir və qiymətləndirirlər. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı istər peşəkar alim kimi məşğul olduğu sahədə- müəllimlikdə, istərsə də siyasətşünas, beynəlxalq icmalçı kimi fəaliyyət göstərdiyi ictimai-siyasi prosesdə aparıcı şəxslərdən biri kimi dəyərləndirirlər. Bəli, bu şəxs çox gənc yaşlarından ali məktəb auditoriyasında geniş ictimaiyyət qarşısında çıxışlar edən, mühazirələr söyləyən siyasi elmlər doktoru, professor Elman Xudam oğlu Nəsirovdur...”
Nə isə, onun haqqında bir söhbətdə geniş məlumat vermək çətin olduğundan vaxta qənaət edib söhbətimi burada yekunlaşdırıram. Məqsəd təbliğ etmək yox, onu yeni yaşı münasibətilə təbrik etməkdir. Axı, bu gün - mayın 23-də professorun 57 yaşı tamam olur. Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
PORTAL AKADEMİYASINDA - FAYDALI QİDALAR: yarma, paxla, qoz, tum...
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:
C. Yarmalar və paxlalar
1. Mərci (bitki mənşəli proteinlə, vitaminlərlə, zülalla boldur, toxluq vermə xüsusiyyətinə malikdir).
2. Lobya (zülal bolluğuna görə onu ət və balıqla bir tutmaq olar, mikro və makroelementlərlə zəngindir, bir çox xəstəliklər zamanı pəhriz qidasına daxil edilir, xərçəng və ürək xəstəliklərindən qoruyur, çəkini, qan şəkərini tənzimləyir).
3. Qəhvəyi düyü (qanda şəkərin miqdarına, arterial təzyiqə, mədəaltı vəzə müsbət təsir göstərən dietik məhsuldur).
4. Yulaf (30% sellüloza, «pis xolesterin»in səviyyəsini azaldan beta-qlyukana malikdir).
D. Qoz və tumlar
5. Badam (E vitaminli, maqnium və antioksidantlarla boldur, çəki salmaq üçün əvəzsizdir, metabolizmi sürətləndirir).
6. Hind qozu (günə 7 ədədi yeyilsə insan immunitetini yüksəldir, ürək-damar xəstəlikləri riskini azaldır, insançün faydalı əksər vitamin və minerallara, üzvi turşulara malikdir, tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir).
7. Araxis (çiy halda çox faydalıdır, çəki atmağa kömək edir, antioksidantdır).
8. Balqabaq tumu (vitamin və minerallarla, üzvü turşularla zəngindir, tərkibindəki 32-52%-lik balqabaq yağı insanın dərisinə, saçına və dırnaqlarına sağlanmıq verir, tərkibindəki bol sink cinsiyyət orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Əsəb sistemi, yaddaş üçün də faydalıdır).
9. Fındıq-fıstıq (həftədə 5 dəfə yemək ürək problemlərini 50 faizədək (!) azaldır).
Növbəti təqdim edəcəyim ət və süd məhsulları olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
Müasir dövr poeziyasında sufilik: Yeni Nəfəs
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Sufilik – ruh dəyişimi, məqsədli ali bir yoldur. Qəlbin Tanrıya doğru yüksəldiyi, cismin arxa plana çəkilib, ruhun önə çıxdığı bir yaşam fəlsəfəsidir. Tarix boyunca böyük şairlər: Mövlana, Nəsimi, Yunus Əmrə, Füzuli kimi adlar bu mənəvi aləmin poeziyada necə təcəlla etdiyini bizə miras qoyublar. Amma sufilik yalnız orta əsrlərin poeziyasında deyil, müasir dövrdə də fərqli səslərlə, modern ruhla, lakin eyni yanğı ilə səslənməkdədir. Günümüzdə poeziyada sufilik həm mövzu, həm forma, həm də duyğu baxımından yenidən doğulur.
Müasir şairlər artıq mistikliyi sadəcə dini mətnlərdən deyil, şəxsi axtarışlardan, fəlsəfi boşluqlardan və mənəvi tənhalıqdan doğan duyğularla birləşdirərək yeni bir sufi dili yaradıblar. Bu dil, həm klassik təsəvvüf motivlərini daşıyır, həm də insanın müasir həyatda Tanrı ilə olan mürəkkəb münasibətini əks etdirir.
Məsələn, İran şairi Sohrab Sepehri öz şeirlərində belə göstərir ki:
Uzun anlardan sonra
Bir əlin kölgəsi bədənimin üzərinə düşdü
Və barmaqlarının titrəyişi məni oyatdı.
Və mən hələ
Öz yalnız şüamı
İçimin qaranlıq uçurumuna atmamışdım ki,
Yola çıxdım.
Misralarında sufizmin əsas ideyasını Tanrını batində axtarmağı incə bir şəkildə əks etdirir. Burada “bir əlin kölgəsi” və “barmaqlarının titrəyişi” Tanrının rəmzi toxunuşudur; insan hələ içindəki nuru yəni ilahi işığı kəşf etməmişkən, yola çıxması, mənəvi oyanışın məhz ilahi təmasla başladığını göstərir. Bu, sufi ənənəsindəki “seyr və süluk” yolunun başlanğıcını simvolizə edir.
Türkiyədə İslam mistisizmi ilə müasir şeir arasında körpü quran İsmet Özel və Sezai Karakoç kimi adlar da bu baxımdan önəmlidir. Onların şeirlərində Tanrıya doğru qaçış, batinən özünü tanıma prosesi, "ölmədən əvvəl öl" fəlsəfəsi tez-tez qarşımıza çıxır. Karakoçun "Mona Roza" şeirində eşq bədənə deyil, ruha yönəlmiş bir duyğudur. Bu da sufilikdəki eşq anlayışı ilə səsləşir eşqin dünyəvi maskası altında ilahi axtarış önə çıxır.
Azərbaycan poeziyasında da bu tendensiya müşahidə olunur.
Salam Sarvan, Ramiz Rövşən kimi şairlərin bəzi şeirlərində Tanrı, ruh, tənhalıq və insanın öz mənliyini axtarması ön plana çıxır. Klassik ədəbiyyatda olduğu kimi açıq sufi fikirləri olmasa da onun izləri özünü göstərir. Salam Sarvanın bir şeirində deyilir:
Yuxu dərmanıymış içimdə qəhər
Udub bu küncdə yatdım bir təhər...
Gün döydü, qapı tək açıldı səhər,
Gördüm, gecə çıxır işıq içindən.
Üzüdönük baxtın üzübəridi...
Yaş-yorğun gözlərin axan təridi...
Dünya – altı sümük, üstü dəridi,
Biz də bu bədənin boşuq içində.
Qələm – barmaqların altında tətik...
Ömrün daxılında hər gün bir qəpik...
Torpaq yeyir bizi, bişdik-bişmədik,
Gedirik bir taxta qaşıq içində.
Bu misralarda sufiliyin əsas mahiyyəti batində olanı görmək, təfəkkür və sükutla Tanrıya yaxınlaşmaq aydın hiss olunur. “Qəhər”in içə çəkilməsi nəfsin dərdini, “gecənin işıq içindən çıxması” isə nurun, ilahi həqiqətin zülmətdən doğmasını simvolizə edir. Dünya təsviri altı sümük, üstü dəridən ibarət bədən sufilikdəki fanilik anlayışına işarədir. Şair burada maddi varlığın içindəki boşluğu göstərərək, ruhani həqiqətə çatmağı təlqin edir. “Qələm tətik” kimi hər söz, hər an ilahi təcəlli ola bilər.
Ramiz Rövşənində bu misralarında neosufizmin əsas cizgiləri görünür: Tanrını zahirdə deyil, batində, sevginin özündə tapmaq ideyası gözə çarpır. Şairin poetik dili sadə görünsə də, içində dərin bir fəlsəfə və mistik işarələr daşıyır. “Bir quşam, bu quşun dəni sevgidi” – deyə başlayan misra, ilahi eşqin insan qəlbindəki izini simvolizə edir. Sevgi, burada həm dinin təməli, həm də Tanrının özü kimi təqdim olunur. Bu da sufilikdəki əsas mahiyyəti əks etdirir: Tanrıya eşqlə yaxınlaşmaq, onu könüldə, sevgidə tapmaq.
Bir quşam, bu quşun dəni sevgidi,
Məni dinsiz saymaq günahdı axı.
Dünyanın ən gözəl dini sevgidi,
Ən gözəl sevgili Allahdı axı...
Müasir sufi poeziyasının əsas xüsusiyyətləri aşağıdakı kimi formalaşır:
1. Daxili axtarış – Müasir sufi şairləri Tanrını kainatın zahiri ölçülərində deyil, insanın daxili aləmində axtarırlar. Tanrı, artıq uzaqda olan bir varlıq deyil, insanın öz mənəvi dərinliyində gizlənmiş həqiqətdir.
2. Simvolizmlə zəngin poetik dil – Klassik sufilikdə geniş istifadə olunan gül, su, şərab, ayna və yol kimi simvollar müasir poeziyada yeni mənalar qazanır. Bu simvollar həm fərdi təcrübələri, həm də universal mənəvi gerçəklikləri ifadə etmək üçün yenidən şərh olunur.
3. Tənhalıq və mənəvi boşluq hissi – Müasir dövrün insanı bəzən Tanrının varlığından çox, Onun yoxluğunu və ya susqunluğunu hiss edir. Bu duyğular sufilikdəki “fəna” (yoxluqda varlıq) və “təcrid” (dünyadan ayrılıq) anlayışlarının çağdaş forma və ifadələridir.
4. İlahi eşq və insan eşqi arasında sərhədin silinməsi Müasir sufi poeziyasında şairin bir qadına yazdığı şeir əslində Tanrıya yönəlmiş bir duadır və ya Tanrıya ünvanlanan şeirdə bəşəri eşqin izləri sezilir. Bu yanaşma, klassik sufilikdəki “məcazi eşqdən həqiqi eşqə keçid” anlayışının müasir poeziyada davamı kimi çıxış edir.
Poeziyada sufilik niyə bu qədər cazibədardır?
Çünki sufilik, insanın özünü anlaması üçün yazılmış poetik bir ssenaridir. Müasir insan texnologiyanın, sürətli həyatın və mənasızlığın içində ruhunun itirdiyi hissələri poeziyada axtarır. Sufilik isə bu axtarış üçün bələdçidir. O, şairə də, oxucuya da deyir: “Tanrını uzaqlarda axtarma, o sənin qəlbindədir.”
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
BİRİ İKİSİNDƏ Corc Oruellin “Fili öldürdüm” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün dünya klassikasının görkəmli siması Corc Oruellin “Fili öldürdüm” hekayəsi Tərcümə saatı rubrikasında təqdim edilir.
Corc ORUELL
“FİLİ ÖLDÜRDÜM”
Tərcüməçi: Fidan VAHİD
Birmanın cənubunda yerləşən Moulmeyn şəhərində insanların əksəriyyəti mənə nifrət edirdi. Bütün yaşamım boyunca ilk dəfə idi ki, özümü bu qədər önəmli biri kimi hiss edirdim. Məni oraya bölmə üzrə polis zabiti kimi göndərmişdilər. Bu şəhərdə avropalılara qarşı çox güclü, bir o qədər də fərqli və mənasız nifrət ab-havası hökm sürürdü.
Əslində, heç kimin üsyan eləməyə cəsarəti çatmırdı. Lakin hansısa bir avropalı qadın bazarda təkbaşına gəzirdisə, mütləq kimsə ağzındakı betelini (xüsusi meyvə) çeynəyib acığını onun paltarına tüpürməli idi. Təbii ki, polis əməkdaşı olduğumdan mən də həmişə onların açıq hədəfində idim, imkan düşən kimi “zərbə endirmək”dən çəkinmirdilər. Bir dəfə futbol meydançasında bir qoçaq birmalı məni ayağı ilə vurub yıxmışdı, hakim (başqa bir birmalı) isə bunu görməzliyə vuraraq üzünü yana çevirdi. Bu hadisə ətrafımızdakı izdiham üçün böyük əyləncə olmuşdu, az zamanda çirkin gülüşlər ətrafı bürüdü. Bu cür hadisələr dəfələrlə baş verirdi.
Şəhərin dörd bir tərəfindən məni dövrəyə alan sarıdərililərin alçaldıcı baxışlarından və təhqirlərindən təngə gəlmişdim, əsəblərim get-gedə incəlib üzülürdü. Hamısından daha betəri isə gənc buddist rahiblərdi. Şəhər başdan-başa bu rahiblərlə doludur, onların da ki yeganə bir işi var – küçə tinlərində post quraraq avropalıları “sındırıb” məsxərəyə qoymaq.
Bütün bunlar məni çox incidirdi və düzünü desəm, yorulmuşdum. Çünki məhz həmin zaman kəsiyində imperiyanın əsl mahiyyətini anladım, qərarım qəti idi – işi tez başa vurub buralardan qurtulacaqdım. İngilis məmuru olsam da, gizlindən-gizlinə bütün qəlbimlə birmalıların yanında idim. İşimə də sözlə ifadə edilməyəcək qədər nifrət edirdim. İmperiyaların əsl simasını görmək üçün belə işlər əvəzolunmazdır. Həbsxanaların üfunətli zirzəmilərinə məhkum bədbəxt məhbuslar, azadlığı əllərindən zamansız alınanların simasına çökən dəhşətli bozluq, bambuk çubuqları ilə çarmıxa çəkilən çapıqlı bədənlər – bütün bunlar məni dözülməz bir günah duyğusuna düçar edirdi. Əlimdən də heç nə gəlmirdi. Gənc idim, bir tərəfdən təhsilim ala-yarımçıq, həm də şərqdə yaşamağa məcbur olan hər bir yalqız avropalı kimi, mən də öz problemlərimlə məşğul olmalı idim. Hətta imperiyanın qüruba yaxınlaşdığını, yeni doğacaq günəşlərin ondan da işıqsız günlər vəd edəcəyini də bilmirdim. Bircə onu duyurdum ki, mən iki od arasında çırpınıram: nifrət etdiyim imperiyaya sədaqətli xidmətlə məni təngə gətirən o iblis ruhlu balaca vəhşilərə olan hiddətim, qəzəbim arasında ilişib qalmışdım. Bəzən İngiltərə hakimiyyətinin əsarəti altında çabalayan zavallı xalqa ürəyim yanırdı, bu hakimiyyətin sonsuza qədər davam edən bir tiranlıq olduğunu anlayırdım, digər tərəfdən isə düşünürdüm ki, dünyada ən böyük həzz bir buddist rahibin qarnına süngü soxmaqdan ibarət ola bilər... Bu cür düşüncələr imperiya dünyasında yaşamağa məcbur olan bütün insanlara tanışdır. Yəni ən azından Hindistanda yaşayan istənilən ingilis məmurundan soruşsanız, bunu təsdiqləyə bilər. Əgər boş-bikar yaxalaya bilsəniz!
Bir gün bu tərəddüdlü düşüncələrimə dönüş nöqtəsi olan qəribə hadisə baş verdi. Birmalılar üçün adi, mənim üçün isə çox önəmli bir hadisə. Bu hadisə imperializmin və despotik siyasətin acı gerçəklərinə daha yaxşı nəzər salmağıma imkan verdi. Səhər saatlarında şəhərin başqa səmtində yerləşən polis idarəsindən azğınlaşmış bir filin bazarı dağıdıb-tökməsi ilə bağlı telefonuma zəng gəldi. Polis məmuru məndən kömək istəyirdi. Belə anlarda nə etmək lazım olduğunu bilmirdim, amma hadisə maraqlı gəldiyi üçün tez miniyimə atlanıb bazara tərəf yola düşdüm. 44-lük vinçestrimi də özümlə götürmüşdüm, düzdür, nəhəngi öldürmək üçün çox kiçik idi, amma hər halda, dar məqamda səsindən istifadə etmək olardı. Yol boyu birmalılar məni saxlayıb filin “sərgüzəşt”lərindən danışmaq istəyirdilər. O, vəhşi deyildi, əhliləşdirilmiş fil idi, sadəcə, mest dövrünü keçirirdi (erkək fillərdə testosteron hormonunun artımı nəticəsində həddindən artıq təcavüzkar davranışlarla özünü göstərən periodik dövr). Başqa erkək fillər kimi, onu da zəncirləyiblərmiş, amma dünən gecə zənciri qırıb qaçıb. İndiki halda bu fili ancaq öz təlimçisi ram edib sakitləşdirə bilərdi, amma o da filin ardınca düşəndə yolunu azmışdı və indi fil ilə aralarında on iki saatlıq bir yol uzanırdı. Birmalılardan heç kimin silahı yox idi, çarəsiz halda gözləyirdilər. Fil bu zamana qədər bambukdan tikilən evi dağıtmış, bir inəyi öldürmüş, meyvə köşklərinə hücum edərək nə varsa basıb yemişdi, bələdiyyənin zibil maşını qarşısına çıxanda isə sürücü qaçmaq istəsə də, ona imkan verməyərək maşını gurultu ilə yerə çırpmışdı.
Birmalı polis yardımçısı və bir neçə hindli polis məni orada gözləyirdilər. Bu məhəllə dik yamac boyu uzanan, damları palma yarpağı və samanla örtülmüş, səfil bambuk daxmalardan ibarət bir labirintə bənzəyirdi. Hava isə yağış öncəsi boğunuqluğu xatırladırdı. Filin hansı istiqamətə getməsi ilə bağlı adamları sorğu-suala tutduq, amma bir nəticə vermədi. Bu, Şərqin dəyişməz qanunundur: uzaqdan aydın duyulan bir əhvalata yaxınlaşdıqca qaralıb yoxa çıxır. Bəziləri deyirdi, fil bu istiqamətdə gedib, bəziləri deyirdi ki, yox, o biri istiqamətdə, bəziləri də, ümumiyyətlə, fil haqqında eşitmədiklərini söyləyirdilər. Artıq bütün bu əhvalatın uydurma olduğu qənaətinə gəlmişdim, birdən yaxınlıqdan qışqırıq səsi eşitdik. Qoca bir qadın əlində çubuq daxmanın yanından çıxaraq çılpaq uşaq dəstəsini qamçılaya-qamçılaya “Ay uşaqlar, uzaqlaşın buradan! Tez rədd olun!” deyə qışqırırdı. O biri qadınlar da yaşlı qadına qoşulandan sonra anladım ki, orada uşaqlara uyğun olmayan nəsə var. Yaxınlaşdıqda palçığın içərisində ölü bir bədənin uyuduğunu gördüm. Yerdə uzanan bu cansız hindli bədəni bir qaradərili dravid hambal bədəni idi və deyəsən, canını təzə tapşırmışdı. İnsanların danışdığına görə onun ölümü dəhşətli olub, qəfil qabağına çıxan azğın fil öncə xortumu ilə yazığı yuxarı qaldırmış, sonra ayağını üstünə basaraq palçığa pərçimləmişdi. Yağış mövsümü olduğundan torpaq yumşaq idi, hambalın bədəni yerdə bir fut dərinliyində və bir neçə yard uzunluğunda çuxur yaratmışdı. O, qolları sanki çarmıxa çəkilirmiş kimi və başı yana dönük halda eləcə üzüüstə uzanmışdı. Sifəti bütünlüklə palçıq olan hambalın bərələn gözləri və ağ dişləri dəhşətli bir iztirab ifadə edirdi. (Yeri gəlmişkən, heç kim mənə ölülərin hüzurlu göründüyünü deməsin, indiyədək qarşılaşdığım meyitlərin əksəriyyəti şeytani görkəmli olub). Nəhəngin ayağının gücü ilə hindlinin beli dovşan dərisi kimi soyulmuşdu. Ölünü görən kimi yaxınlıqda yaşayan bir dostumun evinə fil silahı gətirməsi üçün adam göndərdim. Atı da artıq geri göndərmişdim, filin iyini hiss edən kimi qorxudan dəli olub məni belindən tullamasını istəmirdim. Bir neçə dəqiqədən sonra göndərdiyim adam silah və beş patronla qayıdıb gəldi. Elə bu vaxt birmalılar xəbər verdilər ki, fil yaxınlıqdakı çəltik sahəsindədi. Mən üzü sahəyə doğru addımlayırdım, arxamda isə böyük bir izdihamın addım səsləri...Artıq gec idi. Əlimdəki silahı görmüşdülər, fili güllələyəcəm deyə, həyəcanla qışqırışırdılar. Fil evlərini yerlə-yeksan edəndə heç bu qədər maraqlanmamışdılar, indi vəziyyət fərqli idi. Fili vuracaqdım və bu onlar üçün yeni bir əyləncə idi. Onları qınamıram, çünki ingilislərdən ibarət kütlə də, yəqin, elə bu cür hərəkət edərdi. Bundan əlavə, filin ətinə də göz dikmişdilər. Bu da məni əsəbiləşdirirdi. Fili öldürmək niyyətində deyildim – silahı yalnız zəruri halda özümü müdafiə üçün gətirtmişdim, həm də insanın arxasınca kütlənin gəlməsi həmişə onun əsəblərinə toxunur.
Çiynimdə silahım və arxamda bir-birini itələyə-itələyə hər an böyüyən izdihamlı ordu ilə təpəni üzüaşağı səfeh kimi addımlayırdım. Və deyəsən elə səfeh kimi də görünürdüm. Aşağıda – daxmalardan uzaqda asfalt yol başlayırdı, ondan sonra isə hələ ki şumlanmayan, amma ilk yağışlardan sonra islanmış və ara-sıra kobud, cod otların bitdiyi min yardlıq palçıqlı çəltik sahələri gəlirdi. Fil yoldan təxminən yeddi-səkkiz yard məsafədə, sol tərəfi bizə çevrilmiş halda dayanmışdı. İzdihamın yaxınlaşmasını zərrə qədər də hiss etmədi. Yerdən dəstə il ot çıxarır, onları təmizləmək üçün dizlərinə çırpır, sonra da ağzına soxurdu.
Yolda dayanmışdım. Fili görəndə dəqiq anladım ki, onu öldürməyimə gərək yoxdur. Çalışan fili öldürmək ciddi məsələdir – bu, bahalı bir maşını məhv etmək kimi bir şeydir, insan bunu etməsə, daha yaxşıdır. Sakitcə öz yeməyi ilə məşğul olan filin bir inəkdən heç bir fərqi yox idi. O vaxt da, elə indi də bu fikirdəyəm ki, filin “mest dövrü” üçün etdiyi hücumlar artıq geridə qalmışdı; sahibi qayıdıb onu ram edənə qədər heç kimə zərər vurmadan gəzib-dolanacaqdı. Heç mən özüm də onu öldürmək istəmirdim. Yenidən vəhşiləşmədiyinə əmin olmaq üçün bir az onu izləmək və sonra da çıxıb getmək qərarına gəlmişdim.
Lakin həmin an ardımca gələn izdihama nəzər saldım. Böyük bir kütlə idi, ən azı iki min adam vardı və sayları hər dəqiqə artırdı. Yolu hər iki tərəfdən uzun bir məsafədə bağlamışdılar. Rəngarəng paltarlardan boylanan bu üzlər sarı dənizə bənzəyirdi–xoşbəxt və həyəcanlı sarı simalar, hamısı əmin idi ki, fil öldürüləcək. Onlar məni sirkdə şou göstərməyə hazırlaşan sehrbaza baxdıqları kimi izləyirdilər. Məni sevmirdilər, amma əlimdə silah olduğundan onların dəyərli baxışlarına layiq görülmüşdüm. Və qəfil dərk etdim ki, gec-tez mən bu fili öldürməliyəm. İnsanlar bunu məndən gözləyirdilər və mən bunu etməli idim; məni irəliyə itələyən ikiminlik arzunu üzərimdə hiss edirdim və bu, qaçılmaz idi. Əllərimdə silah dayandığım həmin anda, ağ insanın şərqdəki hökmranlığının mənasızlığını, bihudəliyini ilk dəfə anladım. Budur, mən, silahsız yerli insanlardan ibarət kütlənin qarşısında əlisilahlı ağ adam – tamaşanın aparıcı aktyoru kimi görünürdüm; amma gerçəkdə səhnənin arxasındakı o sarı üzlərin iradəsi ilə irəli-geri itələnən mənasız bir kukla idim. Həmin an dərk etdim ki, ağ insan tirana çevriləndə özünün də azadlığını məhv etmiş olur. Bir növ boş, idarəedilən müqəvvaya, bir “sahib”in şərti fiquruna çevrilir. Çünki onun hökmranlığının əsas şərti bütün həyatını “yerlilər”də təəssürat yaratmaqla keçirməkdir və beləcə, hər böhran anında “yerlilər”in ondan gözlədiyini etməyə məcburdur. O, bir maska taxır və sonda sifəti həmin maskaya alışır. Filə atəş açmalıydım. Mən silah dalınca adam göndərəndə artıq bu öhdəliyi öz üzərimə götürmüşdüm. Sahib sahib kimi hərəkət etməlidir; qəti, əzmkar görünməlidir, öz fikrində əmin olmalıdır və hər kəsə aydın olan hərəkətlər etməlidir. Əlimdə silah, arxamca addımlayan ikiminlik izdiham və mən zəiflik göstərərək çəkilib gedirəm, heç nə etmirəm – yox, bu, qeyri-mümkündü. Kütlə mənə güləcəkdi. Mənimsə bütün həyatım, şərqdə yaşayan hər ağ insanın həyatı kimi, bir məqsəd uğrunda aparılan mübarizədən ibarət idi – gülüş hədəfinə çevrilməmək.
Amma yenə də fili öldürmək istəmirdim. Onun heyvanlara xas bir qayğıkeşliklə ot dəstələrini dizlərinə çırpmasına baxırdım. O an mənə elə gəldi ki, ona atəş açmaq çox böyük bir cinayətdir. O yaşımda heyvanların öldürülməsi məsələsində həssas deyildim, əslində. Amma heç vaxt da fil öldürməmişdim, belə bir istəyim də olmamışdı (Nədənsə iri heyvanları öldürmək insana həmişə pis təsir edir). Həm də heyvanın sahibini də nəzərə almalıydım. Canlı filin ən azı bir neçə yüz funt dəyəri var idi, amma öləndən sonra onun qiyməti yalnız dişi qədər olacaqdı, uzağı beş funt. Amma qərarımı tez verməli idim. Oradakı təcrübəli görünən bəzi birmalılardan filin necə hərəkət edtidiyini soruşdum. Hamısı eyni şeyi söylədi: irəli getməsəniz, sizi görməyəcək belə, amma çox yaxınlaşanda üstünüzə cuma bilər.
Qərarımı verdim. Filə, təxminən, iyirmi beş yardlıq bir məsafəyə qədər yaxınlaşmalı və onun necə davranacağını yoxlamalı idim. Əgər hücum etsəydi, atəş açacaqdım; yox əgər məni hiss etməsəydi, sahibi geri qayıdana qədər onu orada təkbaşına buraxmaq ən yaxşısı olacaqdı. Amma bilirdim ki, bunların heç birini etməyəcəm. Zəif atıcı idim, torpaq da ki yumşaq palçıq; hər addımda batmaq olardı. Əgər fil hücum etsəydi və mən onu vura bilməsəydim, həyatda qalmaq şansım qır maşınının altında qalan qurbağanın şansına bərabər olacaqdı. Lakin o halda belə öz canım barədə, arxamda dayanıb məni diqqətlə güdən sarıları düşündüyüm qədər düşünmürdüm. Bəlkə də, tək olsaydım, heç bu qədər qorxmazdım. Əslində, Ağ insan “yerlilər”in qarşısında qorxmamalıdır və o, ümumiyyətlə, qorxu nədir, bilməməlidir. Beynimdəki tək düşüncə ondan ibarət idi ki, əgər işlər yolunda getməsə, o iki min birmalı məni qovulan, yaxalanan, tapdalanıb təpədəki hindli kimi dərisi soyulmuş meyit halında görəcək. Və əgər bu baş versəydi, çox güman, bəziləri mənə güləcəkdilər. Bu isə baş verməməli idi.
Yalnız bir yol qalmışdı. Silahımı patronlarla doldurdum və yaxşı nişan almaq üçün yerə uzandım. Kütlə sükuta qərq olmuşdu. İnsanlar sanki teatr pərdəsinin qalxmasını gözləyirdilər. Nəhayət ki, bir azdan o cılız əyləncələri başlayacaqdı. Silahım çarpaz nişangahlı gözəl bir alman tüfəngi idi. Amma mən o zamanlar təcrübəsiz olduğumdan fili öldürmək üçün onun iki qulağı arasında xəyali bir xətt uzandığını və oranı hədəf almaq lazım olduğunu bilmirdim. Mənim gülləm onun qulağından bir neçə düyüm kənara hədəflənmişdi, çünki beyninin hardasa oralarda olduğunu düşünmüşdüm.
Tətiyi çəkəndə nə atəş səsi eşitdim, nə də əks-zərbəni hiss etdim – hədəfə dəyəndə həmişə belə olur – amma kütlə tərəfdən dəhşətli bir şadyanalıq hayqırtısı gəldi. Həmin o qısa zamanda fildə çox dəhşətli bir dəyişiklik baş verdi. Nə hərəkət edirdi, nə də yerə yıxılmışdı, lakin bədəninin hər hissəsi tamam dəyişmiş, başqalaşmışdı. Qəfil zərbədən küskünləşən filin bədəni qırış-qırış oldu, sanki bir anda gözümdə qocaldı, elə bil min yaşı vardı. Güllənin qorxunc zərbəsi onu yerə yıxıb öldürməsə də, dərindən yaralamışdı. Elə bil fil iflic oldu. Ağzından su gəlirdi. Eyni nöqtəyə yenidən atəş açdım. İkinci atəşdən də yıxılmadı, çarəsiz süstlük içərisində, dizləri üzərində dayanmışdı, çətinliklə də olsa, dik saxlayırdı özünü, ayaqları taqətdən düşmüş, başı isə aşağı sallanmışdı. Üçüncü dəfə atəş açdım. Bu atəş onun üçün idi, filim üçün... Dəhşətli ağrının onun bədənini necə silkələdiyini və dizlərindəki son gücü də alıb-götürdüyünü açıq-aşkar görürdüm. Amma yıxılarkən sanki bir anlıq da olsa, yenidən qalxmaq istəmişdi; arxa ayaqları çökəndə yerindən aşırılan nəhəng qaya kimi dikəldi, xortumunu isə ağac kimi səmaya doğru qaldırdı. Son dəfə bağırdı, sonra yerə yıxıldı. Dəhşətli gurultu ilə nəhəng fil qarşımda yerə sərildi.
Yerdən durdum. Artıq birmalılar yanımdan ötərək palçığın içi ilə qaçışmağa başlamışdılar. Aydın idi ki, fil daha ayağa qalxmayacaqdı, amma hələ ölməmişdi. Çox ritmik şəkildə nəfəs alırdı, uzun sürən və xorultulu bir təngənəfəslik içərisində idi, nəhəng qarnının yan tərəfi ağrı içində qalxıb-enirdi. Ağzı geniş açılmışdı – boğazının solğun-çəhrayı boşluğunu görə bilirdim. Ölməsini gözlədim xeyli müddət, lakin tənəffüsü azalmırdı. Nəhayət, sonuncu iki gülləni də ürəyinin yerləşdiyini ehtimal etdiyim hissəyə doğru atdım. Yoğun qan şırnağı qırmızı məxmər kimi axıb töküldü, amma hələ də ölməmişdi. Hətta güllələr belə bədənini tərpədə bilmir, işgəncəli tənəffüsü isə kəsilmirdi. Yavaş-yavaş və böyük əzab içərisində ölməkdəydi, amma məndən uzaqda, elə bir dünyada idi ki, heç bir güllə artıq zərər yetirə bilməzdi ona. Anladım ki, buna bir son verməliyəm. Nəhəng bir heyvanın hərəkət etməyə, hətta ölməyə yetəcək gücü olmadan yıxılıb-qalmasını görmək dəhşətli idi. Kiçik silahımı geri gətizdirdim, filin ürəyinə və boğazına doğru dalbadal atəş açdım. Heç bir təsiri olmadı. Əzablı tənəffüs saat tıqqıltısı kimi aramla davam edirdi.
Axırda daha dözə bilmədim və oradan uzaqlaşdım. Sonradan eşitdim ki, filin ölməyi daha yarım saat davam edibmiş. Birmalılarsa hələ mən orada olanda bıçaqlarını götürüb gəlmişdilər; deyilənə görə, filin cəsədini az qala sümüklərinə qədər parçalayıblarmış.
Sonralar filin öldürülməsi barədə, əlbəttə ki, sonsuz söz-söhbət dolaşdı. Filin sahibi qəzəbdən dəli olmuşdu, amma o, sadəcə, bir hindli idi və heç nə edə bilməzdi. Onun etiraz səsləri öz qulaqlarından o yana eşidilməzdi. Həm də mən hüquqi cəhətdən doğru olanı etmişdim, qudurmuş fil əgər sahibi tərəfindən idarə oluna bilmirsə, eynən qudurmuş köpək kimi öldürülməli idi. Avropalılar arasında isə fikirlər haçalanmışdı. Yaşlı insanlar deyirdilər ki, mən haqlıyam, gənclər isə bir hambalı öldürdüyünə görə fili güllələməyin biabırçı hadisə olduğunu söyləyirdilər, çünki fil istənilən murdar hambaldan daha dəyərlidir. Və sonunda hambalın fil tərəfindən öldürülməyinə sevinəsi oldum: hüquqi baxımdan bu, mənə fili öldürmək haqqı verirdi. Tez-tez özümdən soruşuram: görəsən, həmin gün o izdihamdan bir kimsə fili axmaq kimi görünməkdən yaxa qurtarmaq üçün öldürdüyümü anlamışdımı?
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
O ala gözlər barədə BALLADA
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən həyatımı sorğulamaq pəriləri qapımı döyəndə, cavabları kitab səhifələrində deyil, insanlarda axtarıram. İnsanları müşahidə edərək özüm üçün kiçik fəlsəfi dərslər çıxarıram. Gözəllik haqqında eşitdiyim ən çox təkrarlanan söz isə budur: “Gözlərin nə gözəldir.” Bu söz qarşısında çox vaxt utanaram. Amma etiraf etməliyəm ki, gözlərimin gözəl olması məni içdən bir az da olsa sevindirir.
Bəziləri mənə "Kübra" yerinə "nəlbəki göz", "gilas göz", ya da "ceyran göz" deyə xitab edər. Əvvəllər göz təmasından çəkinərdim. Elə bilirdim ki, kiminsə gözlərinə baxmaq ayıb, uzun müddət göz təması qurmaq isə mədəniyyətsizlikdir. Zaman keçdikcə bu fikir dəyişmək əvəzinə mənim üçün qorxuya çevrildi. Hər kəsdən gözümü qaçıraraq danışmaq bir növ adət oldu. Hətta uzun söhbətlər zamanı da qarşımdakının üzünə baxmaz, gözlərini incələməzdim.
Amma son zamanlar, necə olduğunu anlamadan, göz təması qurmağı öyrənməyə başladım. İnsanları diqqətlə izləyir, bəzən gözümü belə qırpmadan onların gözlərinə baxıram. Bu sadə müşahidə tədricən məndə dərin bir marağa çevrildi. Artıq sadəcə izləmirdim – gözləri oxumağa, onların danışmadan dediklərini anlamağa çalışırdım.
Mavi, yaşıl, qonur, qəhvəyi və ya qara... Hər göz bir nağıl kimidir. Kədəri, sevinci, qorxunu, şübhəni, bəzən isə ümidi daşıyır. Bəzilərinin sıx və uzun kirpikləri var – elə bil hisslərini qorumaq üçün gözlərin üstünə pərdə çəkiblər.
Bilmədiyim çox şey var. Məsələn, mənim gözlərimdən nə oxunur? Yaxud mən bu baxışların düzgün oxucusuyammı? Amma bir şeyi bilirəm: hər kəsin üzündə qaçıb gizlənə bilmədiyi bir cüt göz, bir qığılcım var. Və bəzən ən güclü səs, heç bir söz deməyən bir baxışda gizlənir.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
70 yaşlı 70-cilər nəslinin görkəmli nümayəndəsi VAQİF BƏHMƏNLİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun dünyaya gəldiyi Füzuli rayonunun Böyük Bəhmənli kəndi Araz çayının qolu olan Quruçayın sahilində, düzənlikdə yerləşir. Füzulinin ən qədim kəndlərindən sayılan Böyük Bəhmənlinin ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər və tarixi sənədlərdə qeyd olunur ki, Qarabağ xanlığının xanı Pənahəli xan da Bəhmənlidən olub.
Bəli, mən bu dəfə Pənahəli xanın həmkəndlisi, şair Vaqif Bəhmənlidən sizə söhbət açacam. Onun həyat anlayışına görə, bu dünyada ədəbiyyatdan başqa hər nə varsa, gəldi-gedərdi. Ədəbiyyat onun üçün hava, su, gün işığı, tarix, fəlsəfə, vətən, türklük kimidir...
Deyir ki:- “Mən özümü ədəbiyyatla, söz sənəti ilə bağlı olmayan, onun dışındakı adam kimi göz önünə gətirə bilmirəm. Kökü və tarixi eyni olan möhtəşəm, imperator duruşlu, şahanə bir ədəbiyyatın övladlarıyıq. Bunu sizə qədim və çağdaş dünya ədəbiyyatını türk və rus dillərinin, eləcə də fərdi həvəsin verdiyi imkan daxilində nəzərdən keçirən həssas oxucu kimi deyirəm. Müqayisə edirəm və hər dəfə qürur hissi duyuram ki, biz bir millət kimi itib-batması heç mümkün olmayan belə bir varidata sahibik. Bəli, bu xəzinənin adı Türk xalqlarının ədəbiyyatıdır!..”
O, 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-1978-ci illərdə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib. Sonra “Sovet kəndi” qəzetində şöbə müdiri, “Kommunist” qəzetində şöbə müdiri, “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor, sonradan “Həyat” adlandırılan "Bərəkət" qəzetində baş redaktor, “Yazıçı” nəşriyyatında redaktor, Gənclər və İdman Nazirliyində şöbə rəisi, “Ədalət” qəzetində baş redaktorunun birinci müavini, “XXI-gənclik dərgisi”ndə redaktor, “XXI- Yeni Nəşrlər evi”nin baş redaktoru, “Mars” dərgisində baş redaktorun müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri, “Humanitar” qəzetində redaktor, "525-ci qəzet"də şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Əlliyə yaxın kitabın müəllifidir...
Uşaq vaxtı rəsm çəkməyə çox böyük həvəsi olub, əsasən yazarların- Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, hətta Leninin də rəsmlərini çəkib. Bir müddət sonra bu həvəs yaxaş-yavaş onu tərk edib. Anlayıb ki, rəsm çəkmək üçün adam gərək hansısa peşəkar mühitdə yetişsin. Yaşadığı kənddə isə rəsm məktəbi olmayıb. 18 yaşına çatanda Bakıya üz tutub...
“Yaradıcılıq prosesində janrlar, formalar şərtidir, onlar ədəbiyyatın tarixi-ənənəvi inkişafı ilə əlaqədar meydana çıxan şəkillərdir. Həqiqi yazarlar şeirdən tutmuş romana, publisistikadan tutmuş dram əsərlərinə qədər hər istiqamətdə qələmlərini sınamış və uğur əldə etmişlərdir. Mən özümü onlarla müqayisə etmirəm; poetik əsərlər həcmində, bəlkə ondan da çox nəsr əsərləri- sənədli roman və povestlər yazmışam, ruscadan tərcümələr etmişəm. Onların hər biri mənə görə şeirlərim qədər əhəmiyyətlidir. Daha doğrusu, əhəmiyyətli olub. Çünki istər şeir olsun, istərsə də nəsr, yazıb bitirdiklərim, oxucuların ixtiyarına verdiyim əsərlər yurddan qanadlanıb tamam başqa bir məkanda yuva qurmuş övladlarım kimidir, onlar öz həyatını yaşayır, məni yaşadan isə düşüncəmdə olan, amma hələ yazmadıqlarımdı.”- söyləyir...
Sakit təbiətli görünsə də, əslində coşqun adamdır. Çox danışmağı xoşlamır. Yazıb yaratmaqdan zövq alır. SÖZ onun üçün dünyanın ən qiymətli incisidir...
Deyir ki:- “Azərbaycan dilinin qrammatikasında ismin altı halı var, bunlar şəxsin və eləcə də əşyanın hal və hərəkət vəziyyətlərini bildirir. Məncə, yaradıcılığın heç bir məqamı bu altı hala sığmır. Yaradıcılıq ismin yeddinci halıdır. Bəli, yaradıcılıq təfəkkürün adi halı deyil. Bu, xüsusi bir bacarıqdır, biz onun adına istedad deyirik. Əvvəl də olduğu kimi, istedadın Allah vergisi olduğunu bir daha təsdiqləyirəm. Bunu da deyirəm ki, bəyənilən əsərlər yazmaq üçün yalnız istedad kifayət etmir. Çünki ən müxtəlif istiqamətlər üzrə istedad demək olar ki, insanların əksəriyyətində var. Əsas məsələ, necə ki, bir bulağın gözünü açarsan, yolunu təmizlərsən, həmin çeşmə daha gur axıb gedər, istedad da elədir. Ona bir başqası yox, sən özün yol açmalısan. Deməli, yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək lazımdı. Bunlar isə böyük zəhmət, sənətə sevgi, sözün və həyatın əzablarına qatlaşmaqla gerçəkləşir. Kamil olmayan insana necə yaxşı deyə bilərik? Nazim Hikmət söyləyir ki, əgər sən deyirsənsə, mən şairəm, deməli, sən deyirsən ki, mən yaxşı adamam! Nə yazırsan yaz, hansı işi görürsən gör, sənin yaratdığın o zaman gərəkli olur ki, başqalarının həyatına, ovqatına, düşüncəsinə işıq qatır...”
Onunla həmsöhbət olmaq çox çətindir. Söhbətlərinin hərəsi bir fəlsəfədir, bu onun həm filosof olmasından və həm də müdrikliyindən irəli gəlir. İti zəkalı, dərin təfəkkürlü, aydın düşüncəli adamdır...
Bəli, Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, publisist Vaqif Bəhmənli sıradan bir soydaşımız deyil. Mayın 23-ü onun 70 yaşı tamam olur, yubileyidir. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
Bilənlər bilməyənlərə desin, 25 may Filoloq Günüdür
Fərasət Babazadə,
NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi, Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü
Mayın 25-i bazar gününə - qeyri-iş gününə düşür deyə mən yazımı sizlərə məhz bu gün – 2 gün öncə paylaşıram. Beləliklə, təqvimi vərəqləyirik, mayın 25-i günü görürük ki, ənənəvi, tanıdığımız əlamətdar günlərdən fərli bir günün təntənəsi duyulacaq. Filoloq gününün. Və əminliklə deyirəm ki, çox adam hələ də elə bilir ki, filoloq – nədirsə, fillə bağlı bir peşədir.
Filologiya, sözün ürəyi, dillərin yaddaşıdır. O, yalnız sözlərin arxasındakı mənanı deyil, insanlığın min illərdir yazdığı tarixcəni oxuyur. Bəzən bir şeirin içində, bəzən unudulmuş bir yazının kölgəsində, bəzən bir nənənin nağıl söyləyən səsində canlanır filoloqun baxışı. 25 may – bu tarix bəlkə də rəsmi bir gündür, amma əslində bu gün, ruhunu sözə tapşıranların günüdür. Kağızda canlanan cümlələrin, mübtəda ilə xəbər arasında qurulan görünməz körpülərin, kitabların içində böyüyən düşüncələrin günüdür bu.
Filologiya nədir, sualını cavablandırmaq istəyən biri qələm götürmədən öncə öz iç səsinə qulaq asmalıdır. Çünki filoloq olmaq yalnız kitab oxumaq deyil. Yalnız bir sözü başa düşmək yox, onu min illik zamanda yaşatmaqdır. Filologiya, sətirlərin arasında gizlənən kədəri, bir vergülün arxasındakı niyyəti anlamaq sənətidir.
Filoloq Günü 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində qeyd olunmağa başladı. Bu günün özü beynəlxalq xarakter daşıyır, lakin o, Moskva Dövlət Universitetinin filologiya fakültəsi sayəsində ölkəmizə gəlib, bu tarix ilk dəfə məhz Moskvada qeyd olunub. Amma bu tarixdən öncə də sözə səcdə edənlər vardı. Antik Yunanıstandan gələn filologiya anlayışı sevgi ilə düşüncə arasında körpü qurdu: “philo” – sevgi, “logos” – söz. Yəni filologiya, sözə olan sevgidir.
Filologiyanın kökləri antik dövrlərə gedib çıxır. Qədim Yunanıstanda Homer əsərlərinin şərhi və Sanskrit filologiyası kimi ənənələr bu sahənin ilk nümunələrindəndir. Orta əsrlərdə yazılmış mətnlərin araşdırılması və İntibah dövrünədək kassik mətnlərin yenidən tədqiqi filologiyanın inkişafında mühüm rol oynayıb.
Bu sevgini öz canına hopduran insanlarsa adını tarixə yazdı: Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Salman Mümtaz, onlar yalnız yazmadılar, həm də topladılar, qorudular, dilin canını arxivlərdən çıxarıb həyata qaytardılar. Bu gün Azadə Musayeva, Afad Qurbanov, Tofiq Hacıyev, Bəxtiyar Məmmədzadə kimi filoloqların axtarışları, Möhsün Nağısoylunun, Mahirə Nağıqızının və bir çox dəyərli filoloqlarımızın qələmi ilə yazılan qrammatik rəsmlər, hamısı bu sahənin əzəmətidir.
Bəziləri filologiyanı ölü dillərlə maraqlanan bir sahə zənn edir. Halbuki filoloq, unudulmuş sətirləri oyadan, köhnəlmiş sözlərə yeni nəfəs verəndir. Filoloq, yalnız bir lüğət yaradan deyil, həm də bir millətin mənəvi lüğətini tərtib edən şəxsdir. O, yalnız “nədir?” sualını deyil, “niyə belədir?” sualını da düşünür. Çünki filoloqun işi məna ilə başlar, fəlsəfə ilə dərinləşər, ədəbiyyatla can tapar.
Ədəbiyyat filologiyanın nəfəsidir. Bu nəfəsi yaşatmaq üçünsə sadəcə məlumat deyil, dərin duyum, diqqətli baxış, düşüncəli yanaşma gərəkdir. Ədəbiyyat hər zaman yazıçı ilə başlamır, oxucu ilə də bitmir. O, filoloqun qəlbində yaşayır, tənqidçinin ağlında yenidən doğulur, və ən əsası gələcək nəsillərin ruhuna doğru yol tapır. Sözlər unudula bilir, amma dahilərin yaratdığı əsərlər əbədi qalır.
Ədəbiyyat, insan ruhunun kağız üzərində əksidir. Əbu Turxan demişkən: “Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər.” Bu cümlə adi bir cümlə deyil, bütün ədəbiyyatın sirrini özündə daşıyan bir güzgüdür. Füzuli bir məhəbbət deyərkən, əslində, qürurun, hicranın və insan tənhalığının portretini çəkirdi. Anar, İlyas Əfəndiyev, Cəfər Cabbarlı sanki yazdığı hər sətrə bir vicdan, bir sual yerləşdirirdi.
Bu əsərləri oxumaq üçün isə yalnız göz deyil, fəlsəfə, duyum, anlayış lazımdır. Hər kəs oxuya bilər, amma hər kəs anlaya bilməz. Bu baxımdandır ki, tənqidçi yalnız oxuyan deyil, anlayan insandır. O, yazıçının bir cümləsində gizlənən əsrin səsini eşitməlidir. Əbu Turxanın fikrində bu həqiqət açıqca ifadə olunur: “Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz.” Bu, sözə deyil, sözün arxasındakı düşüncəyə baxmağı tələb edir. Yazıçı yaradır, tənqidçi anlayır. Onlar yazarkən, əslində fikri sözə çevirirlər.
Filoloq, sanki bir arxeoloq kimidir, amma torpaqdan deyil, sətirlərdən tapar xəzinəni. Onun tapdığı xəzinə isə qızıldan deyil, elmin özündəndir.
Ulu Öndər deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
Dil ünsiyyət vasitəsindən ziyadə, xalqın göz yaşının, gülüşünün, inamının, müqavimətinin səssiz şəklidir.
Mən inanıram ki, dilin içində millət yatır. Hər araşdırdığımız kəlmə, hər öyrəndiyimiz dialekt, hər təhlil etdiyimiz şeir bu millətin qəlbində bir səsə çevrilir. Əgər bir xalq öz dilini sevə bilirsə, o xalq hər zaman ayaqda qalacaq. Və biz bu sevginin qoruyucularıyıq.
"Dəhşətli dərəcədə qəribə də olsa, indi mənə aydındır ki, bizim əsl, həqiqi marağımız mümkün qədər çox pul almaq, təriflənmək olub. Bu məqsədə çatmaq üçün isə yalnız kitab-qəzet çıxartmağı bilirdik. Elə onu da edirdik. Ancaq bu qədər faydasız işlə məşğul olub çox vacib insanlar olduğumuza inanmağımız üçün bu fəaliyyətimizə haqq qazandıran başqa bir düşüncə də olmalı idi. Elə buna görə də belə bir fikir ortaya atmışdıq: "Var olan hər şey şüurludur və var olan hər şey inkişaf edir. İnkişaf isə maarifçilik vasitəsilə olur. Maarifçilik də öz növbəsində kitabların, qəzetlərin yayılması ilə ölçülür. Bizə ona görə pul ödəyir, ona görə hörmət bəsləyirlər ki, kitab yazırıq, qəzet buraxırıq. Bax elə bu səbəbdən biz ən faydalı, ən yaxşı insanlarıq". Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı, ancaq birinin irəli sürdüyü ideyaya başqası bu ideyaya tam əks olan bir fikir ilə qarşı çıxdığından, biz yenidən düşünüb götür-qoy etməyə məcbur olurduq. Lakin biz bütün bunları görmürdük. Bizə yaxşı pul verir, tərəfdarlarımız bizi öyüb göylərə qaldırırdılar. Ona görə də hər birimiz özünü haqlı sayırdı.
İndi mənə aydındır ki, dəlixanadakı dəlilərlə bizim aramızda heç bir fərq olmayıb. Ancaq o vaxtlar yalnız azacıq şübhələnir və digər dəlilər kimi, mən də özümdən savayı hamını dəli adlandırırdım."
Tolstoy “Etiraf” əsərində bu həqiqəti sadə, eyni zamanda sarsıdıcı şəkildə göstərir. O yazır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həqiqətən də, bütün böyük ideyaların gözəlliyi onların içindəki birlik ehtimalıdır. Amma fikir parçalandıqda, ideya şəxsi marağa çevrildikdə, sözdəki işıq artıq yanmır.
Maarifçilik dediyimiz anlayış bir zamanlar insanı azad edən, cəmiyyətləri oyadan, qaranlığı işıqlandıran bir məşəl idi. Amma zaman keçdikcə bu məşəl bir çox əllərdə yalnız şəxsiyyət nümayişinə, tərif və qazanc vasitəsinə çevrildi. Fikir vasitə oldu, məqsəd isə görünmədən dəyişdi. “Maarifləndiririk” deyə-deyə kitablar yazdılar, qəzetləri çıxardılar, lakin sözün özü bizdən uzaqlaşdı. Və nəticədə Tolstoyun dediyi kimi, hər kəs öz ideyasına aşiq, başqasının düşüncəsinə isə düşmən kəsildi.
Amma o bir cümlə yenə də bütün bu xaosun içində açar kimi dayanır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həmrəylik – təkəbbürdən, eqodan, mənəm-mənəmlikdən imtina edərək, bir ümumi bizin yaranmasıdır. Filologiya, ədəbiyyat, maarifçilik, bunların hər biri məhz bu biz məvhumuna möhtacdır. Əgər filoloqlar bir-birini boğmağa yox, anlamağa çalışsa, əgər yazıçılar bir-birinə qarşı deyil, bir ideyanın fərqli səsləri kimi yanaşsa, əgər oxucu da sadəcə tərif üçün deyil, gerçək anlam üçün kitaba yaxınlaşsa, onda bəli, Tolstoyun dediyi fikir həqiqətən gözəl olardı.
Deməli, ideyaların özündən daha çox, ona yanaşma tərzimiz dəyərlidir. Və bəzən ən doğru fikirlər belə yalnız həmrəylik olmadıqda məhv olur, içi boşalır. Əsl maarifçilik isə birlikdə baş verir. Fikirin yeganə müdafiəçisi səmimiyyət və birgə əməkdir.
Biz keçmişdən gəlirik, amma gələcəyə gedirik, sözlə, sədaqətlə, səssiz, amma əbədi bir səslə. Zaman dəyişir, texnologiya inkişaf edir. Amma söz hələ də insanın ilk və son sığınacağı olaraq qalır. Gələcəyin filoloqları bəlkə də dil modelləri ilə müqayisələr aparacaq, amma yenə də onların qəlbində bir köhnə dəftərin iyini sevən ürək döyünəcək. Onlar yenə də bir şeirin ritmini, bir romanın ideyasını, bir hekayənin sirrini oxumağa çalışacaqlar.
Filologiya, bir az keçmiş, bir az gələcək, amma tam mənası ilə bu gündür. Bu gün, çünki söz bu andadır. Dünən, çünki dil kökə bağlıdır. Sabah, çünki söz yaşadıqca insan yaşayacaq. Filoloq isə bu zamanların hamısını öz qəlbində daşıyan şəxsdir. Bəzən bir lüğətin səhifəsində, bəzən unudulmuş bir əlyazmada, bəzən bir uşaq şeirində gizlənir onun izi.
Bu gün, 25 mayda, əgər sənin qəlbində sözə qarşı bir sevgi varsa, əgər sətirlərin içində itməkdən qorxmursansa, əgər bir dili sevirsənsə, deməli, sən də bir filoloqsan. Sən də bu böyük düşüncə yolunun yolçususan.
Və unutma: sözə xidmət etmək heç zaman köhnəlməyəcək bir məbəddə ibadət etməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)
Dahi Tofiq Quliyevin həm ilk, həm də son tələbələrindən biri – NAİLƏ MİRMƏMMƏDLİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür. Bu kəlmələri söyləyirəm, amma dilim gəlmir deyəm ki, “mərhum” Nailə Mirməmmədlinin. Hələ də, çoxumuz onun yoxluğu ilə barışa bilmirik.
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. O, 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur.
Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur.
1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.
Mükafatları
- Azərbaycan Respublikası Müdafiə nazirliyi- Fəxri Fərman
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Fəxri Fərman
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Diplom
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- Fəxri Diplom
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi- Diplom
- Azərbaycan Güləş Federasiyası- Fəxri Fərman
- Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi- Fəxri Fərman
- Azərbaycan Dövlət Pedaqoji Universiteti- Fəxri Fərman
- İdeal Sülhün Təbliği Fondu- Diplom
Yaradıcılığı
- "Azərbaycan" — Xor əsəri
- "Azərbaycan səs salacaq" — Xor əsəri
- "İstiqlal günü" — Simfonik orkestr və xor üçün əsər
- "Sülh" — Simfonik orkestr, xor, solist üçün oda
- "Xocalı" — Simfonik orkestr, xor, solist üçün oda
- "Laçın intizarda, Şuşam dardadır" — Simfonik orkestr, xor, solist üçün oda
- "Azərbaycan bayrağı" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
- "Çağırış" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
-Və çoxlu-şoxlu mahnısı…
Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib. "Qurd qapısı" məzarlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)