Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Sufilik – ruh dəyişimi, məqsədli ali bir yoldur. Qəlbin Tanrıya doğru yüksəldiyi, cismin arxa plana çəkilib, ruhun önə çıxdığı bir yaşam fəlsəfəsidir. Tarix boyunca böyük şairlər: Mövlana, Nəsimi, Yunus Əmrə, Füzuli kimi adlar bu mənəvi aləmin poeziyada necə təcəlla etdiyini bizə miras qoyublar. Amma sufilik yalnız orta əsrlərin poeziyasında deyil, müasir dövrdə də fərqli səslərlə, modern ruhla, lakin eyni yanğı ilə səslənməkdədir. Günümüzdə poeziyada sufilik həm mövzu, həm forma, həm də duyğu baxımından yenidən doğulur.
Müasir şairlər artıq mistikliyi sadəcə dini mətnlərdən deyil, şəxsi axtarışlardan, fəlsəfi boşluqlardan və mənəvi tənhalıqdan doğan duyğularla birləşdirərək yeni bir sufi dili yaradıblar. Bu dil, həm klassik təsəvvüf motivlərini daşıyır, həm də insanın müasir həyatda Tanrı ilə olan mürəkkəb münasibətini əks etdirir.
Məsələn, İran şairi Sohrab Sepehri öz şeirlərində belə göstərir ki:
Uzun anlardan sonra
Bir əlin kölgəsi bədənimin üzərinə düşdü
Və barmaqlarının titrəyişi məni oyatdı.
Və mən hələ
Öz yalnız şüamı
İçimin qaranlıq uçurumuna atmamışdım ki,
Yola çıxdım.
Misralarında sufizmin əsas ideyasını Tanrını batində axtarmağı incə bir şəkildə əks etdirir. Burada “bir əlin kölgəsi” və “barmaqlarının titrəyişi” Tanrının rəmzi toxunuşudur; insan hələ içindəki nuru yəni ilahi işığı kəşf etməmişkən, yola çıxması, mənəvi oyanışın məhz ilahi təmasla başladığını göstərir. Bu, sufi ənənəsindəki “seyr və süluk” yolunun başlanğıcını simvolizə edir.
Türkiyədə İslam mistisizmi ilə müasir şeir arasında körpü quran İsmet Özel və Sezai Karakoç kimi adlar da bu baxımdan önəmlidir. Onların şeirlərində Tanrıya doğru qaçış, batinən özünü tanıma prosesi, "ölmədən əvvəl öl" fəlsəfəsi tez-tez qarşımıza çıxır. Karakoçun "Mona Roza" şeirində eşq bədənə deyil, ruha yönəlmiş bir duyğudur. Bu da sufilikdəki eşq anlayışı ilə səsləşir eşqin dünyəvi maskası altında ilahi axtarış önə çıxır.
Azərbaycan poeziyasında da bu tendensiya müşahidə olunur.
Salam Sarvan, Ramiz Rövşən kimi şairlərin bəzi şeirlərində Tanrı, ruh, tənhalıq və insanın öz mənliyini axtarması ön plana çıxır. Klassik ədəbiyyatda olduğu kimi açıq sufi fikirləri olmasa da onun izləri özünü göstərir. Salam Sarvanın bir şeirində deyilir:
Yuxu dərmanıymış içimdə qəhər
Udub bu küncdə yatdım bir təhər...
Gün döydü, qapı tək açıldı səhər,
Gördüm, gecə çıxır işıq içindən.
Üzüdönük baxtın üzübəridi...
Yaş-yorğun gözlərin axan təridi...
Dünya – altı sümük, üstü dəridi,
Biz də bu bədənin boşuq içində.
Qələm – barmaqların altında tətik...
Ömrün daxılında hər gün bir qəpik...
Torpaq yeyir bizi, bişdik-bişmədik,
Gedirik bir taxta qaşıq içində.
Bu misralarda sufiliyin əsas mahiyyəti batində olanı görmək, təfəkkür və sükutla Tanrıya yaxınlaşmaq aydın hiss olunur. “Qəhər”in içə çəkilməsi nəfsin dərdini, “gecənin işıq içindən çıxması” isə nurun, ilahi həqiqətin zülmətdən doğmasını simvolizə edir. Dünya təsviri altı sümük, üstü dəridən ibarət bədən sufilikdəki fanilik anlayışına işarədir. Şair burada maddi varlığın içindəki boşluğu göstərərək, ruhani həqiqətə çatmağı təlqin edir. “Qələm tətik” kimi hər söz, hər an ilahi təcəlli ola bilər.
Ramiz Rövşənində bu misralarında neosufizmin əsas cizgiləri görünür: Tanrını zahirdə deyil, batində, sevginin özündə tapmaq ideyası gözə çarpır. Şairin poetik dili sadə görünsə də, içində dərin bir fəlsəfə və mistik işarələr daşıyır. “Bir quşam, bu quşun dəni sevgidi” – deyə başlayan misra, ilahi eşqin insan qəlbindəki izini simvolizə edir. Sevgi, burada həm dinin təməli, həm də Tanrının özü kimi təqdim olunur. Bu da sufilikdəki əsas mahiyyəti əks etdirir: Tanrıya eşqlə yaxınlaşmaq, onu könüldə, sevgidə tapmaq.
Bir quşam, bu quşun dəni sevgidi,
Məni dinsiz saymaq günahdı axı.
Dünyanın ən gözəl dini sevgidi,
Ən gözəl sevgili Allahdı axı...
Müasir sufi poeziyasının əsas xüsusiyyətləri aşağıdakı kimi formalaşır:
1. Daxili axtarış – Müasir sufi şairləri Tanrını kainatın zahiri ölçülərində deyil, insanın daxili aləmində axtarırlar. Tanrı, artıq uzaqda olan bir varlıq deyil, insanın öz mənəvi dərinliyində gizlənmiş həqiqətdir.
2. Simvolizmlə zəngin poetik dil – Klassik sufilikdə geniş istifadə olunan gül, su, şərab, ayna və yol kimi simvollar müasir poeziyada yeni mənalar qazanır. Bu simvollar həm fərdi təcrübələri, həm də universal mənəvi gerçəklikləri ifadə etmək üçün yenidən şərh olunur.
3. Tənhalıq və mənəvi boşluq hissi – Müasir dövrün insanı bəzən Tanrının varlığından çox, Onun yoxluğunu və ya susqunluğunu hiss edir. Bu duyğular sufilikdəki “fəna” (yoxluqda varlıq) və “təcrid” (dünyadan ayrılıq) anlayışlarının çağdaş forma və ifadələridir.
4. İlahi eşq və insan eşqi arasında sərhədin silinməsi Müasir sufi poeziyasında şairin bir qadına yazdığı şeir əslində Tanrıya yönəlmiş bir duadır və ya Tanrıya ünvanlanan şeirdə bəşəri eşqin izləri sezilir. Bu yanaşma, klassik sufilikdəki “məcazi eşqdən həqiqi eşqə keçid” anlayışının müasir poeziyada davamı kimi çıxış edir.
Poeziyada sufilik niyə bu qədər cazibədardır?
Çünki sufilik, insanın özünü anlaması üçün yazılmış poetik bir ssenaridir. Müasir insan texnologiyanın, sürətli həyatın və mənasızlığın içində ruhunun itirdiyi hissələri poeziyada axtarır. Sufilik isə bu axtarış üçün bələdçidir. O, şairə də, oxucuya da deyir: “Tanrını uzaqlarda axtarma, o sənin qəlbindədir.”
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)