ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Konsertlər 22-23 may tarixlərində Türkiyənin İğdır və Qars şəhərlərində Diasporla İş üzrə Dövlət Komitəsinin, İğdır valiliyinin, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Qars Bələdiyyəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və İğdır Azərbaycan Evinin birgə təşkilatlatçılığı ilə keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ümummilli lider Heydər Əliyevin və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildikdən sonra dövlət himləri səsləndirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İğdır valisi Ercan Turan, Qars Bələdiyyəsinin sədri, professor Ötüken Senger, ölkəmizin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev konsert proqramlarının Şərqi Anadolu bölgəsində keçirilməsinin əhəmiyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səylərindən söhbət açıblar. Natiqlər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, işğala son qoyulduğunu qeyd ediblər. Ölkə başçısının müvafiq Sərəncamına əsasən sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilldiyini diqqətə çatdırıblar.

Konsert proqramında Azərbaycan Respublikasının incəsənət ustaları və İğdır valiliyinin rəqs kollektivi iştirak edib. Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov balabanda sevilən xalq və  bəstəkar mahnılarını, özünün bəstələdiyi musiqiləri ifa edib. Tanınmış tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun müşayiəti ilə tanınmış xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti  Rəvanə Qurbanovanın ifasında Azərbaycan muğamının könül oxşayan nümunələri, xalq və bəstəkar mahnıları səslənib. Azərbaycan və Türkiyədə məşhur olan "Xudayar təsnifi" və "Çırpınırdı Qara dəniz" mahnısı alqışlarla qarşılanıb.

Konsert proqramında Bakı Milli Geyim Evinin direktoru, modelyer Könül Vəlibəylinin kolleksiyasından Azərbaycan milli geyimləri  nümayiş olunub. Proqramın aparıcısı, İstanbul Universitetinin doktorantı, TRT TÜRKÜ radiosunda yayımlanan "Azərbaycan Rüzgarı" proqramının müəllifi və aparıcısı Səidə Ömər Azərbaycan şairlərinin şeirlərini ifa edib. Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeiri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, konsert proqramları Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Budur, daha bir Kann kinofestivalı (Festival de Cannes) tarixə qovuşdu. 20-24 may tarixlərində Fransanın Cənubi sahilindəki məşhur kurort şəhəri Kannda keçirilən builki festivalda həm sənətkarlıq, həm də siyasi cəsarət baxımından yadda qalan filmlər nümayiş olundu. Festivalın yekunları aşağıdakı kimidir:

 

ƏSAS MÜKAFATLAR

 

Palme d'Or (Ən Yüksək Mükafat):

İranlı dünyaşöhrətli rejissor, Azərbaycan əsilli Cəfər Pənahi “It Was Just an Accident” (Bir Sadə Qəza) adlı filmiylə bu mükafata layiq görülmüşdür. Film, Pənahinin öz həbs təcrübələrindən ilhamlanaraq çəkdiyi siyasi trillerdir.

Yeri gəlmişkən, Pənahi, festivalda çıxış edərək İran xalqına azadlıq və birliyə çağırıb.

 

Grand Prix (Böyük Mükafat):

Norveçli rejissor Yoaquim Trierin “Sentimental Value” (Sentimental Dəyər) adlı komediya-dramı bu mükafata layiq görülmüşdür. Film, ailə bağları və keçmişlə əlaqəli emosional bir hekayəni izhar edir .

 

Jüri Mükafatı:

Bu il mükafat iki film arasında bölüşdürülüb:

Oliver Laxenin “Sirât” və  Maşa Şilinskinin “Sound of Falling” filmləri arasında.

 

Ən Yaxşı Rejissor:

Braziliyalı rejissor Kleber Mendonça Filho “The Secret Agent” (Gizli Agent) filmi ilə bu mükafata layiq görülmüşdür. Film, Braziliya hərbi diktaturasının son illərində baş verən siyasi intriqaları izah edir

 

Ən Yaxşı Aktrisa:

Fransız aktrisa Nadia Melliti “La Petite Dernière” (Kiçik Bacı) filmindəki roluna görə bu mükafatı qazanmışdır. Yeri gəlmişkən, bu, onun kinodakı debütüdür.

 

Ən Yaxşı Aktyor:

Braziliyalı aktyor Wagner Moura “The Secret Agent” filmindəki performansına görə bu mükafata layiq görülmüşdür.

 

Ən Yaxşı Ssenari:

Belçikalı rejissor qardaşlar Jan-Pyer və Lük Darden “Young Mothers” (Gənc Analar) filmi ilə bu mükafata layiq görülmüşlər.

 

Xüsusi Mükafat:

Çinli rejissor Bi Gan “Resurrection” (Diriliş) filmi ilə bu mükafata layiq görülmüşdür.

 

FƏRQLİ BAXIŞ MÜKAFATLARI:

 

Un Certain Regard Mükafatı:

Çilili rejissor Diego Céspedesin “La Misteriosa Mirada Del Flamenco” (Flamenko’nun Sirli Baxışı) filmi bu mükafata layiq görülmüşdür.

Jüri Mükafatı:

 Kolumbiyalı rejissor Simón Mesa Soto “Un Poeta” (Bir Şair) filmi ilə bu mükafata layiq görülmüşdür.

Ən Yaxşı Rejissor:

Fələstinli rejissorlar Tarzan və Arab Nasser “Once Upon a Time in Gaza” (Qəzzada Bir Zamanlar) filmi ilə bu mükafata layiq görülmüşdür .

Ən Yaxşı Aktrisa:

Fransız aktrisa Cleo Diára “I Only Rest in the Storm” (Sadəcə Fırtınada Dincəlirəm) filmi ilə bu mükafata layiq görülmüşdür.

Ən Yaxşı Aktyor:

İngilis aktyor Frank Dillane “Urchin” (Dəniz Uşağı) filmi ilə bu mükafata layiq görülmüşdür.

Ən Yaxşı Ssenari:

Britaniyalı rejissor Harry Lighton “Pillion” (Pillion) filmi ilə bu mükafata layiq görülmüşdür.

 

DİGƏR MÜKAFATLAR:

 

Caméra d'Or (Debüt Filmi)

Ən Yaxşı Debüt Film:

Həsən Hadi “The President's Cake” (Prezidentin Tortu) filmi ilə bu mükafata layiq görülmüşdür.

Xüsusi Qeyd:

Akinola Davies Jr. “My Father's Shadow” (Atamın kölgəsi) filmi ilə bu mükafata layiq görülmüşdür.

 

Qısa Film Palme d'Or

Ən Yaxşı Qısa Film:

Tawfeek Barhom “I'm Glad You're Dead Now” (İndi ölümünə şadam) filmi ilə bu mükafata layiq görülmüşdür.

 

Şəkildə: Cəfər Pənahi mükafatlandırma mərasimində

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi

 

Ötən gün -24 may 2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi və Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Kitabxananın oxu zalında Azərbaycanın xalq şairi Rəsul Rzanın 115-ci ildönümü münasibətilə "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirilib.

 

Tədbirdə Bakı şəhərindən gələn qonaqlar, bölgə yazarları, kitabxana sisteminin əməkdaşları, ziyalılar, aktyorlar və məktəblilər iştirak ediblər.

Xalq şairi Rəsul Rzanın keçdiyi həyat yolu barədə tədbir iştirakçılarına məlumat verilib, video-çarx numayiş olunub. Yubilyarın yaradıcılığı barədə AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim Vaqif Yusiflinin geniş məruzəsi istirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, tədbirdə Rəsul Rzanın həyat yolu və yaradıcılığından əhatəli şəkildə danışanlardan biri də Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, tanınmış yazıçı-dramaturq Qafar Cəfərli olub.

Tədbirdə çıxış edənlər R.Rzanın yaradıcılığı barədə öz düşüncələrini bölüşüblər.

Tanınmış aktrisa Aynur Əhmədova və məktəbli şagirdlər tərəfindən ifa olunan şeirlər, həmçinin R.Rzanın və onun ömür gün yoldaşı Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnılar tədbirə xüsusi bir gözəllik qatmaqla yaddaşlara həkk olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) 23 may 2025-ci il tarixində ADA Universitetində təşkil olunan 13-cü Beynəlxalq Festivalda iştirak edib. Universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, festivalda 50-yə yaxın ölkənin mədəniyyəti təqdim olunub. Müxtəlif dövlətləri və beynəlxalq təşkilatları təmsil edən stendlərdə milli mətbəx nümunələri, nəşrlər, dekorativ-tətbiqi sənət inciləri, musiqilər, rəqslər və milli geyimlər nümayiş etdirilib.

Bayram ab-havasında keçən tədbirdə səfirlər, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər.

Festival çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

22 may 2025-ci il tarixində Miqrasiya Orqanları Rəhbərləri Şurasına üzv dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının yüksək vəzifəli şəxslərinin rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən MDB-nin müvafiq orqanlarının və Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

 

Xəbər verdiyimiz kimi, Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə çərçivəsində Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması qərara alınıb. Bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siarto ilə birgə mətbuat konfransında məlumat verib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən TDT-nin Dövlət Başçılarının 11-ci Zirvə Toplantısında Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv statusunda qoşulmasına hazır olduğunu elan etmişdi.

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan Respublikasının, Qırğız Respublikasının və Türkiyə Respublikasının Prezidentlərinin dəstəyi ilə yaradılmışdır. Fondun Nizamnaməsi 2012-ci ilin 23 avqust tarixində Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında təsdiqlənib.

Fondun məqsədi zəngin Türk mədəni irsinin və çoxəsrlik tarixinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Təşkilatın qərargahı Bakı şəhərində yerləşir və hazırda Fondun prezidenti vəzifəsini xanım Aktotı Raimkulova (Qazaxıstan) icra edir.

Əminik ki, Özbəkistanın Fonda tamhüquqlu üzvlüyü türk dünyası naminə birgə işə əhəmiyyətli töhfə olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

24 may görkəmli Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti, professor Zöhrab Adıgözəlzadənin anım günüdür.

 

Zöhrab Adıgözəlzadə1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib.

1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.

 

Mükafatları 

 

- Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979

 

Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

Aşıq Nargilə Mehdiyeva Gürcüstanın İctimai Televiziyasında yayımlanan və geniş izləyici auditoriyasına sahib "Xalq Mahnısı" musiqi layihəsində çıxışı ilə yadda qalıb. O, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin məşhur "Düşdü" misralarına bəstələnmiş "Səməndəri" havasını ustalıqla ifa edib. Soydaşımızın ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və tamaşaçıların geniş rəğbətini qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nargilə Mehdiyevanın çıxışı Komitənin Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycanın zəngin folklorunun və aşıq sənətinin qonşu ölkədə tanıdılması və yerli ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycan ilə Gürcüstan arasında mövcud mədəni əlaqələrin möhkəmlənməsinə və regionda ortaq dəyərlərin paylaşılmasına töhfə verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri Fuad Poladovun bu gün doğum günüdür.

 

Fuad Poladov1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

 

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

 

Filmoqrafiya 

 

1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim

2. Ağasadıq Gəraybəyli (film, 1974)

3. Axırıncı dayanacaq (film, 2014) - rol: Davud

4. Ailə (film) (tammetrajlı bədii film) — rol: mafiya başçısı

5. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev

6. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Əmin Bəxtiyarov

7. Arxada qalmış gələcək (film, 2004) - rol: Malik

8. Atayevlər ailəsi (film, 1978) - rol: Şahsuvarov

9. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) - rol: Məcid

10. Cəza (film, 1996)

 

Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar

 

1. Ferdinand — "Məkr və məhəbbət"(Fridrix Şiller)

2. Fərhad — "Məhəbbət əfsanəsi", (Nazim Hikmət)

3. Nizami — "Qılınc və qələm" (Məmməd Səid Ordubadi)

4. Baron — "Həyatın dibində", (Maksim Qorki)

5. Rauf — "Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov)

 

Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar

 

- Erve Monten — "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)

- Daniel — "Tənha kişi üçün tələ" (R. Tom)

- Pavel Trunnikov — "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)

- Lopaxin — "Albalı bağı" (A.P. Çexov)

- Yuliy Sezar — "Kölgələrin oyunu" (Y. Edlis)

- Stefan — "Qara dəlik" (Q. Stefanovski)

- İblis — "İblis" (H.Cavid)

 

Mükafatları 

 

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Teatr Xadimi" qızıl medalı

- "Qızıl Dərviş" mükafatı

- "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı

- Cəfər Cabbarlı mükafatı

 

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 4 may 2018-ci ildə vəfat edib.

Məzarı "Qurd qapısı" qəbiristanlığındadır

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Doğrudur, heç nədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kretiv” və bunlara bənzər kəlmələr yaranmayıb ki...

 

Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum salam- vəssalam. Rəşad Məcidi deyirəm. Mərd və kişiyanə xarakterləri ilə ön plana çıxan Rəşad Məcidi...

 

Niyə gizlədim, ona qibtə, paxıllıq edənlər də az deyil. Və bütün paxıllıqlar sonda riyakarlığa çevrildiyi üçün, bəzən eşidirəm ki, onu bəziləri hökumət qarşısında üzüyola olmaqda və müxtəlif digər ittihamlarla suçlayırlar. Ümumiyyətlə, onun nümayəndəsi olduğu Şir bürcünün adamlarını bütün dünyada çox vaxt səhv anlayırlar. Çünki bu bürcün kişiləri özünəinam baxımından digər insanları geridə qoyurlar. Böyük özgüvənə sahib olan şirlər həmçinin xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarırlar. Bu da xəbis adamların bağrını çatladır. Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri də onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır...

 

...Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də... Amma yaxşı adam haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni bu qənaətimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir...

 

Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, qürurlu kişilərdəndir.  Hamı yaxşı bilir ki, səxavətli adamdır.  O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də mərd kişilərdən fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə var-dövləti var, nə də səltənəti. Sıradan, orta imkanı olan bir vətəndaşdır...

 

Amma rahatlığını, alnıaçıqlığını, qürurunu heç nəyə qurban vermir. Nəyisə əldə etmək üçün bütün enerjisini istifadə edərək istədiyinə zəhmətilə, halallıqla nail olmağı bacarır. Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Odur ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır...

 

 O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. Soruşan ola bilər ki, niyə bunları söyləyirəm. Söylədim ki, rahatlıq tapım. Axı, yaxşı adamları sağlığında dəyərləndirib barələrində xoş söz demək, səmimi danışmaq Allahın xoşuna gələn əməllərdəndir. Həm də hələ ki, avqust ayınadək onun 60 illik yubileyi davam edir. Qoy bu söhbətim, ona hədiyyəm olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

 


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.