İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Ötən gün -24 may 2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi və Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Kitabxananın oxu zalında Azərbaycanın xalq şairi Rəsul Rzanın 115-ci ildönümü münasibətilə "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirilib.
Tədbirdə Bakı şəhərindən gələn qonaqlar, bölgə yazarları, kitabxana sisteminin əməkdaşları, ziyalılar, aktyorlar və məktəblilər iştirak ediblər.
Xalq şairi Rəsul Rzanın keçdiyi həyat yolu barədə tədbir iştirakçılarına məlumat verilib, video-çarx numayiş olunub. Yubilyarın yaradıcılığı barədə AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim Vaqif Yusiflinin geniş məruzəsi istirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, tədbirdə Rəsul Rzanın həyat yolu və yaradıcılığından əhatəli şəkildə danışanlardan biri də Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, tanınmış yazıçı-dramaturq Qafar Cəfərli olub.
Tədbirdə çıxış edənlər R.Rzanın yaradıcılığı barədə öz düşüncələrini bölüşüblər.
Tanınmış aktrisa Aynur Əhmədova və məktəbli şagirdlər tərəfindən ifa olunan şeirlər, həmçinin R.Rzanın və onun ömür gün yoldaşı Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnılar tədbirə xüsusi bir gözəllik qatmaqla yaddaşlara həkk olunub.
“Ədəbiyyat və incəsənət”
(25.05.2025)