Konsertlər 22-23 may tarixlərində Türkiyənin İğdır və Qars şəhərlərində Diasporla İş üzrə Dövlət Komitəsinin, İğdır valiliyinin, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Qars Bələdiyyəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və İğdır Azərbaycan Evinin birgə təşkilatlatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ümummilli lider Heydər Əliyevin və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildikdən sonra dövlət himləri səsləndirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İğdır valisi Ercan Turan, Qars Bələdiyyəsinin sədri, professor Ötüken Senger, ölkəmizin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev konsert proqramlarının Şərqi Anadolu bölgəsində keçirilməsinin əhəmiyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səylərindən söhbət açıblar. Natiqlər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, işğala son qoyulduğunu qeyd ediblər. Ölkə başçısının müvafiq Sərəncamına əsasən sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilldiyini diqqətə çatdırıblar.
Konsert proqramında Azərbaycan Respublikasının incəsənət ustaları və İğdır valiliyinin rəqs kollektivi iştirak edib. Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov balabanda sevilən xalq və bəstəkar mahnılarını, özünün bəstələdiyi musiqiləri ifa edib. Tanınmış tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun müşayiəti ilə tanınmış xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəvanə Qurbanovanın ifasında Azərbaycan muğamının könül oxşayan nümunələri, xalq və bəstəkar mahnıları səslənib. Azərbaycan və Türkiyədə məşhur olan "Xudayar təsnifi" və "Çırpınırdı Qara dəniz" mahnısı alqışlarla qarşılanıb.
Konsert proqramında Bakı Milli Geyim Evinin direktoru, modelyer Könül Vəlibəylinin kolleksiyasından Azərbaycan milli geyimləri nümayiş olunub. Proqramın aparıcısı, İstanbul Universitetinin doktorantı, TRT TÜRKÜ radiosunda yayımlanan "Azərbaycan Rüzgarı" proqramının müəllifi və aparıcısı Səidə Ömər Azərbaycan şairlərinin şeirlərini ifa edib. Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeiri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, konsert proqramları Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(25.05.2025)