Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) 23 may 2025-ci il tarixində ADA Universitetində təşkil olunan 13-cü Beynəlxalq Festivalda iştirak edib. Universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, festivalda 50-yə yaxın ölkənin mədəniyyəti təqdim olunub. Müxtəlif dövlətləri və beynəlxalq təşkilatları təmsil edən stendlərdə milli mətbəx nümunələri, nəşrlər, dekorativ-tətbiqi sənət inciləri, musiqilər, rəqslər və milli geyimlər nümayiş etdirilib.
Bayram ab-havasında keçən tədbirdə səfirlər, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər.
Festival çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(24.05.2025)