Könül, "Ədəbiyyat və incəsənət"
Ədəbiyyatsevərlərin sevimli dərgisi olan “Ulduz”un may sayının işıq üzü görməsi xəbərini alınca onu əldə etməyə hələ səbrimiz çatmamış dərginin baş redaktoru, sevilən şair Qulu Ağsəsdən bilgi almaq qərarına gəldik.
Və öyrəndik ki, may ayının “Ulduz”u ulduzlu yazılarla doludur.
Dərgi Seyid Aynurun “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr” bölümü Xan Abdullanın “Dumru”, Tural Cəfərlinin “Eyforiya”, Zəka Vilayətoğlunun “Eeey, səs salma”, Əlisəfdər Hüseynovun “Meloman”, Mübariz Cəfərlinin “Amədə” və “Bal” hekayələrini təqdim edir.
“Şeir vaxtı”nda Elşən Əzim, Sevinc Yunuslu, Tural Turan, Ceyhun Ötkəm, Xuraman Hüseyn, Rəsmiyyə Sabirdir.
Qulu Ağsəs bu dəfə Xalq artisti Arif Babayevlə “Ayrı söhbət” eləyib.
Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi İsa Zakriyevin qısa hekayələri Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunur.
“Anım”da Nizami Tağısoy “Vətən ağrılarının ağırlığı”ndan yazır.
“Tribuna” Aysel Xanlarqızının “Vasif Süleyman yaradıclığı haqqında”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər” yazısını təqdim edir.
“Debüt”də “İndinin simfoniyası” ilə Məryəm Bağırovadır.
İltimas Səmimi, İlkin Əhmədoğlunun şeirləri də “Ulduz”un may sayında yer alır.
“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin “Qeysdən Məcnuna: təsəvvüfün mistik zaman modeli kontekstində subyektin sufi transformasiyası”nı (3-cü məqalə) təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Xatirə Həsənzadədir.
Yəqin “Ulduz”u almağa səbirsizləndiniz. Haydı, köşklərə!
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)