Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“ÇİNAR ÖMRÜ”
Nə payızdı,
nə qışdı...
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü
yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü –
Çinar beş yüz ildən bir az,
bircə yaz
az
yaşadı.
Amma yaşadı ha!
Yaşadı, puçurlaya-puçurlaya
bu gündən sabaha.
Çinarın ölüm günü
ilk pöhrəsindən,
ilk yarpağından başlamışdı.
Əsr-əsr yaşadı bu ölüm
çinarın budağında,
gövdəsində, kötüyündə.
Ayrılmadı çinardan
bir an da, bir gün də;
Çinar duymasa da onu,
Ölüm keçdi pöhrə-pöhrə
yarpaq-yarpaq,
budaq-budaq yolunu.
Bir qış duyan olmadı ki,
çinar artıq quruyub.
Yazbaşı gördülər ki,
budaqlar oyanmadı.
Yarpaqlar göyərmədi.
Çinar yatmışdı, nədi?!
Günlər keçdi.
Nə qotaz sarı sırğaları sallandı
Çinarın,
nə kölgəsi sərildi çəmənə
naxış-naxış.
Arxada qalmışdı,
qılıncı şaxtadan qış.
Yazbaşı gördülər ki,
Çinar quruyub, ölüb.
Bir gecə qara yeldən
budaq-budaq tökülüb.
Nə boy-buxundan gileyi vardı
çinarın,
nə ucalıqdan.
Çinar beş-on insan ömrü –
dörd yüz doxsan doqquz il
yarpaqlandı,
sırğalandı,
ağır-ağır yırğalandı,
sakit-sakit öldü
qocalıqdan.
Nə meydan kölgəsi qaldı,
nə narın, xəfif yeldən
bəstələdiyi nəğmə –
titrək pıçıltıları.
Bir acı göynək qaldı
insanların qəlbində
Çinardan,
Bir də həzin xatirə qaldı.
“Necə meydan kölgəsi vardı”
dedilər.
“Neçə ulduz-ulduz yarpaqlayardı”,
“Neçə qoyun-quzu
dincələrdi altında”
dedilər.
“Neçə nəğmələr gətirərdi ona
quşlar qanadında”
dedilər.
Çinar getdi;
könüllərdə yanğısı
yeri qaldı.
Dodaqlarda xan çinarın
bahar nəğmələri qaldı.
Əlli olsun, yüz olsun,
neçə-neçə əsr olsun –
ömrün ilk günü,
son günü var.
Beş yüz ildən bir əskik
yaşadı çinar.
Fırtınada, qasırğada
əyilmədi.
Acizlik, qorxu nədir –
bilmədi.
Yaşadı çinar kimi;
budaqları çətir-çətir,
kölgəsi meydan-meydan.
Az da, çox da yaşasaydı,
belə yaşayacaqdı.
Kökü torpağa bağlı,
vüqarlı çinar kimi:
müdrik babalar kimi.
Getdi səssiz, haraysız.
Təəssüfü, yanğısı gəzdi
dodaq-dodaq,
ağız-ağız,
Çinar getdi.
Ondan –
“Kaş bir il də yaşayaydı...” –
bir arzu qaldı.
Dibindən qaynayan
bir bulaq su qaldı.
Bir belə çinar ömrü
olsun, deyirəm, ömrüm.
İllərin sayına görə yox!
Bir ömür ki,
xatirələrdə yanğısı, izi qalsın,
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü –
kişi ömrü, kişi...
İyun 1976, oktyabr 1977
Bakı – Göyçay
“Ədəbiyyat və incəsənət”
(23.05.2025)