ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında  Fikrət Sadıq yadigarı yazıçı, publisist Aysel Fikrətin "Qəmin tərifi" adlı kitabının təqdimat mərasimi keçirildi və biz də bu mərasimdə böyük həvəslə qatıldıq. 

 

Tədbirdə Xalq artisti Xalidə Quliyeva, rejissor Sədaqət Maarif, şairlər Qabil Nəbi, Yadigar Təvəkkül, qəzəlxan şair Mahcamal Babayeva, Qəhrəman Kamiloğlu, jurnalist Salihə Əliyeva, eyni zamanda digər ziyalılar və oxucular iştirak edirdilər. 

Tədbiri Kitabxananın əməkdaşı açıq elan etdi və sonra tədbirdə iştirak edən qonaqlar ardıcılıqla Aysel Fikrətə təbriklərini bildirdilər. Çıxışlar zamanı Azərbaycan ədəbiyyatında silinməz izi olan şair Fikrət Sadıqla bağlı xatirələr də yada salındı və Aysel Fikrətin bu ailənin layiqli davamçısı olduğu vurğulandı.

Qonaqlar Aysel Fikrətin poeziyasından bir neçə şeir səsləndirdilər və nəsr yaradıcılığından bəzi məqamları müzakirə etdilər.

Tədbirin sonunda isə Aysel Fikrət qonaqlara təşəkkürünü bildirdi, ədəbiyyata ilk nəsrlə gəldiyini söylədi və atasının yadigar qalmış kitabxanasına həsr etdiyi şeirini söylədi.

Kitabın təqdimatının Beynəlxalq Kitab Bağışlanma Gününə təsadüf etməsi Aysel Fikrətin oxucularına gözəl hədiyyəsi idi. 

Biz də "Ədəbiyyat və İncəsənət" portalı adından Aysel Fikrətə uğurlar arzu  edib bol nailiyyətlər dilədik.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Bazar ertəsi, 17 Fevral 2025 10:05

Sizə YAXŞI ADAM barədə danışmaq istəyirəm

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İnsan sadə olduğu qədər də mürəkkəb varlıqdır. Necə deyərlər, onun haqqında yazmaq, olduğu kimi tanıtmağı bacarmaq adamdan səriştə və məharət tələb edir. Xüsusən də elm camiyyəsinə məxsus olan adamları tərənnüm etmək olduqca çətindir.

 

Bəli, haqqında söhbət açmaq istədiyim şəxs də elm adamıdır. Parlaq zəkası, savadı və mükəmməl araşdırmaları ilə tanınır. Təmsil olunduğu mühitdə həm ideyaları, həm də görünüşü ilə diqqət çəkməyi bacarır. Fikirlərində çox sabitdir. Bacarığına, biliyinə arxayın olduğu üçün gündəlik çətinliklər onu maraqlandırmır. Yalnız bəşəriyyətə fayda vermək uğrunda mübarizə aparır. Yerində saymağı xoşlamır, daim müasir dövrlə ayaqlaşmağa can atır. Yeniliklərə həmişə açıqdır. Azadlığa olan həvəsi isə, onu məhdudlşdırılmaqdan uzaq saxlayır...

 

1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Uşaqlıq illərində qoyun-quzu da otarıb, ot da çalıb, su da daşıyıb. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Univeristetinə qəbul olunub və 1982-ci ildə oranı bitirərək, ali təhsilə yiyələnib. Sonra müsabiqə yolu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna daxil olub. Baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifələrinədək yüksələ bilib. Bir müddət "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, İctimai elmlər və Sənətşünaslıq, 2020-ci ildən isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.

Onun elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayaraq, ilk dəfə ərəb qrafikasından transliterasiya və tərtib edib. Ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri ona məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb və sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni də o, ərsəyə gətirib. Son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. "Molla Nəsrəddin" Ensiklopediyası"na onun 33 məqaləsi daxil edilib. Ona yaxın elmi əsərin, iyirmiyə yaxın kitabın müəllifidir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır....

 

Həmyerlisi, sabiq Xarici İşlər naziri Vilayət Quliyev onun haqqında yazır: “Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirəndə otuz bir yaşı vardı. O, böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini, tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki "ağ ləkələrin" aradan qaldırılması deyildi, həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı.

Onun yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz - Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar məhz Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə "Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət" adlı ümumrespublika konfransı keçirdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində "Azərnəşr"də çap olundu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin o, olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur "Azərbaycan Cümhuriyyəti" kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra başqa bir Cümhuriyyət xadiminin - xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın "Azərbaycan" kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi...”

 

Onun da həyatda öz prinsipləri var- ətrafında yalnız ağıllı, savadlı, təfəkkürlü insanlar olmalıdır. Dediklərini başa düşməyən və ya həyatda məqsədi olmayan insanlardan həmişə uzaq gəzib. Poeziyanı çox sevir. Parlaq istedada, kamil yaradıcılığa qiymət verməyi bacarır. Duyumu, hissləri mükəmməldir. Bir yaxşı misradan kövrələ bilir...

Deyir ki:- “Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi - musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır...”

 

Gözəl xasiyyəti var, ünsiyyət qurmağı, diqqət göstərməyi xoşlayır. Uzun illər ayrı düşsə də canı qədər sevdiyi Qarabağa çox bağlıdır. O gün zarafat edərək söyləyir ki: “Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Görəsən Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi?!.

Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq - xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb...”

 

 İctimai siyasi quruluşlar dəyişdikcə, bir vaxtlar insanlara verilən ödüllər növbəti qruluşda öz mahiyyətini itirir. Təkcə dəyərdən düşməyən və bütün zamanlarda adama başucalığı gətirən, özündən sonra rəhmət oxutduran bir qiymət var- YAXŞI ADAM! 

Dünən - fevralın 16-sı haqqında söhbət açdığım YAXŞI ADAMın - Asif Rüstəmlinin 71 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

 

Görkəmli Azərbaycan şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlının AzərTAC-a verdiyi məlumata görə, fevralın 21-də TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək.

Tədbirin təşkilati dəstəyi TÜRKSOY ilə yanaşı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən həyata keçiriləcək.

“Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi haqqında qərar 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilib”, - deyə E.Qafarlı xatırladıb.

Onun sözlərinə görə, TÜRKSOY-un Baş katibliyində bu əlamətdar hadisə münasibətlə tədbirlərin ən yüksək səviyyədə təşkili üçün müvafiq plan hazırlanır.

Qeyd edək ki, TÜRKSOY türkdilli ölkələrin oxucularını görkəmli Azərbaycan şairinin yaradıcılığı ilə geniş şəkildə tanış etmək məqsədilə müxtəlif illərdə konfranslar təşkil edib, Bəxtiyar Vahabzadənin əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.

Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. O, respublikamızın hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edib, milli mədəniyyətin təbliği və Azərbaycanın ədəbi irsinin populyarlaşdırılması üçün səylərini əsirgəməyib.

Ədəbi və elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə uğurla birləşdirən B.Vahabzadə Bakı Dövlət Universitetinin professoru kimi uzun illər Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verib.

Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı - “İstiqlal” ordeni ilə təltif edilib.

Şair 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Nizami Kino Mərkəzində “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya filmləri nümayiş olunub.

Həmçinin britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyub.

Festival “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunub, “British Council” tərəfindən dəstəklənib. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

14 fevral 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Nərimanov Sosial Xidmət Mərkəzinin, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin və Hövsan qəsəbəsi 172 saylı orta məktəbin şagirdləri “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, uşaqların iştirakı ilə “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day)”nə həsr olunmuş tədbir və uşaq yazarları Zahirə Cabir və Nailə Həsənzadə ilə görüş keçirilib.

Tədbir zamanı müxtəlif mövzularda maraqlı oyunlar və interaktiv sual-cavab sessiyası təşkil olunub, uşaqlar üçün müxtəlif kitablarla bağlı cizgi filmləri nümayiş olunub. Həmçinin Nailə Həsənzadənin tərtib etidiyi “Mustafanın lupası” adlı autizm spektr pozuntulu uşaqlar üçün adaptiv mütaliə vəsaiti haqqında məlumat verilib. Qeyd olunub ki, vəsait inklüziv təhsilə cəlb olunan şagirdlər üçün bir növ dərslik kimi tərtib edilib. Onların təşviş keçirməməsi üçün vəsaitdə sadə cümlələrdən istifadə edilib. Vəsait qavramaya mane olan müxtəlif ləngimə, autizm spektr pozuntusu olan, öyrənməkdə çətinlik çəkən uşaqlar üçün nəzərdə tutulub.

Həmçinin kitabxana əməkdaşlarının təqdimatında “Cırtdan” və “Alma” adlı nağıl-tamaşalar təqdim edilib. Uşaqlar bu fəaliyyətlər vasitəsilə kitablarla daha yaxından tanış olmaq, öz yaradıcılıqlarını ifadə etmək, təxəyyüllərini genişləndirmək və yeni biliklər əldə etmək imkanı qazanıblar.

Sonda kitabxana tərəfindən hər bir iştirakçıya maraqlı və faydalı kitablar hədiyyə edilib. Kitablar uşaqların empati və anlayış qabiliyyətlərini inkişaf etdirir. Fiziki məhdudiyyətli uşaqların və sağlam uşaqların bir arada oxuması, sosial inklüzivlik və həmrəylik üçün gözəl bir addımdır.

Tədbirin məqsədi fiziki məhdudiyyətli uşaqlara kitablar vasitəsilə müsbət təsir göstərmək, onların təhsil və sosial inteqrasiyasına dəstək olmaq, uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onlarda oxumağa qarşı daha böyük bir maraq oyatmaqır.

 

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

 

 

 

“Azərbaycan Qərblə yaxşı əlaqələrə malik, İsrail və ABŞ-nin etibarlı müttəfiqi olan ölkədir. Ermənistan isə İranla sıx əməkdaşlıq edir, ABŞ və Qərbin düşməni Rusiyaya köməklik göstərir. Belə olan halda, ABŞ kimi dəstəkləməlidir? Təbii ki, Azərbaycanı.”

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-nin Qeytstoun İnstitutunun (Gatestone Institute) “Azərbaycan erməni girovları qanunsuz olaraq saxlamaqda və onlara işgəncə verməkdə davam edir” adlı məqaləsinə etiraz olaraq yazıb.

“Jewish Press”də yayımlanmış “Vardanyan və digər erməni məhbuslar niyə girov sayılmamalıdır” başlıqlı məqalədə qeyd olunub ki, Azərbaycanın “müharibə cinayətləri törətməkdə” və “günahsız erməniləri girov saxlamaqda” ittiham edilməsi həqiqətlərin təhrifi tendensiyasının davamıdır. Bunu edənlər hələ də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri açıqlamır.

Bildirilib ki, Ruben Vardanyan ən geniş miqyasda “çirkli” pulların yuyulmasını həyata keçirib və onun Rusiyada qalan biznes əlaqələri hazırda Qərbin sanksiyalarından əziyyət çəkir. Üstəlik, Vardanyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını sabotaj etməkdə, sərhədləri qanunsuz keçməkdə, terrorçuluğu maliyyələşdirməkdə və Azərbaycana qarşı erməni terrorizmində şəxsən iştirakda ittiham olunur.

Məqalədə o da vurğulanıb ki, erməni separatçılarının Vardanyandan aldıqları böyük miqdarda silahların gizlədildiyi anbarlar bugünədək aşkarlanmaqdadır. Vardanyan bu məlumatları heç vaxt təkzib etməyib, hətta “Azərbaycanın başına hər şey gələ bilər” deyərək Azərbaycan hökumətini hədələməkdən də çəkinməyib.

Həmçinin Rusiyanın qabaqcıl silahlar üçün önəmli çipləri Qərbin təsirindən qoruyaraq öz ərazisinə daşınması üçün Vardanyanı Ermənistana göndərdiyi qeyd edilib. İran Rusiyanı pilotsuz uçan aparatları ilə, Ermənistan isə həmin çiplərlə təmin edir. Habelə Ermənistan öz ərazisindən İran silahlarının Rusiyaya ötürülməsinə şərait yaradır.

Müəllifin fikrincə, Vardanyan olmasaydı, Rusiya-İran-Ermənistan logistik şəbəkəsi də mövcud olmazdı.

Sonda qeyd edilir ki, Ruben Vardanyan və ermənipərəst tərəfdarları onu günahsız göstərməyə çalışsalar da, o, belə bir şəxs deyil. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan onu və digər cinayətlərə qarışan şəxsləri mühakimə etmək hüququna malikdir: “Terrorçular girov deyil və olmayacaq da”.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Tanıyaq! Daha bir Vətən qəhrəmanı - Hərbi Dəniz Qüvvələrinin mənsubu Əli Kazımov. 

Bu gün onun doğum günüdür.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub. 

1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızı bayraqlı Xəzər Ali Hərbi–Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis–şturman" ixtisasına yiyələnib. 

 

İndi isə sizə onun hərb sahəsində əldə etdiyi nailiyyətlərindən söz açım. 

1978–1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur.

1989–1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat–səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.

1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat–Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat–Səfərbərlik İdarəsinin rəisi–Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir. 

Daha sonra başqa  vəzifələrdə Vətənə xidmət göstərmiş, 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdı. 2 il sonra isə genaral - mayor Əli Kazımov ömrünün 60-cı ilində dünya ilə vidalaşmışdır.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Bazar ertəsi, 17 Fevral 2025 08:32

Lənkəranda “Ölüm sevinməsin qoy” deyildi

Könül, “Ədəbiyyat və incəsənət”

 

15 fevral 2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Azərbaycanın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 115 illiyi münasibətilə "Ölüm sevinməsin qoy.." adlı tədbir keçirildi. 

 

Tədbir barədə daha dolğun məlumat almaq üçün AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərliyə müraciət etdik.

Qafar Cəfərli bildirdi ki, tədbiri giriş sözü ilə o özü açıb. O, görkəmli sərkərdənin yubiley tədbirinə yığışan bütün iştirakçıları salamlayıb, İkinci Dünya müharibəsində sovet xalqının faşizm üzərində qələbə qazanmasında azərbaycanlıların göstərdiyi şücaətdən danışıb. Bu şanlı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-mayor yüksək hərbi rütbəyə və Sovetlər dövrünün ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adına iki dəfə layiq görülən Həzi Aslanovun xidmətlərindən söz açıb. Qafar Cəfərli hərbi sərkərdə olaraq Həzi Aslanovun ədəbiyyatımızda ən çox tərənnüm olunan ədəbi qəhrəman kimi xalqımız tərəfindən çox sevildiyini xüsusilə vurğulayıb. Bu səbəbdən AYB Lənkəran Bölməsi olaraq bu tədbirin keçirilməsini həm də mənəvi borc olaraq qəbul etdiyini, görkəmli sərkərdənin əziz xatirəsinin anılmasının insanlarımızın, xüsusən gənclərimizin hərbi vətənpərvərlik ruhunun formalaşmasında önəmli rol  oynadığını bildirub. 

Sonra Q.Cəfərli sözü tədbir iştirakçılarına verib. Həzi Aslanovun Ev Muzeyinin direktoru Həcər Nəsirova generalın həyat yolundan, muzeyin fəaliyyətindən, qəhrəmanla bağlı görülən işlərdən danışıb. Lənkəran Dövlət Tarix Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova məruzəsi ilə qəhrəmanın keçdiyi həyat və döyüş yoluna işıq salıb. AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məşhur sərkərdə haqqında rus və Azərbaycan ədəbiyyatında yazılmış bədii, tarixi və publisistik əsərlər, filmlər barədə məlumat verib. Azərbaycan ədəbiyyatında H. Aslanov obrazını yaradan yazıçı və şairlərlə yanaşı yerli yazarlardan Məmmədhüseyn Əliyevin, Mirhaşım Talışlının, Şəkər Aslanın, Mütəllim Abdulovun, Qüdrət Cəfərovun, Səyavuş Süleymanlının, Xudaverdi Cavadın və başqalarının əsərlərindən söz açıb. 

Tədbirdə çıxış edən yazıçı Səyavuş Süleymanlı H.Aslanova həsr etdiyi "Tale yolu" romanı, "Qətl" pyesi və "Xəbis niyyətlər" hekayəsi haqqında danışıb. Şair-publisist Xudaverdi Cavad "Generalla söhbət" poemasının yer aldığı eyni adlı kitab barədə iştirakçılara məlumat verib, poemadan parçalar oxuyub. Yazıçı-publisist Şəfahət Şəfi "Müharibənin taleyini dəyişən sərkərdə" adlı pyes yazdığını qeyd edib.

Tədqiqatçı-tarixçi İldırım Şükürzadə öz çıxışında Həzi Aslanovun adının əbədiləşdirilməsi tarixindən, Lənkəranda ona qoyulmuş abidələrin, onun adını daşıyan müəssisə və təşkilatların tarixindən söz açlb.

Yazarlardan Hafiz Mirzə, Bəxtiyar Hüseynov, Əlizadə Əsədov və Kamil Duyğun Lənkəranın mədəniyyət və idman sahəsində Həzi Aslanova həsr etdikləri mədəni-kütləvi tədbirlərdən, adına təyin olunan mükafatlardan, idman turnirlərindən danışıb, bu tədbir və yarışların bir ənənə halını aldığını söyləyiblər

Şairlərdən Salman Məmmədoğlu, Nəriman Azəri və Əfsanə Soltan qəhrəmana həsr etdikləri şeirlərini oxuyublar

Tədbirdə iştirak edən gənc qiraətçilərdən Lənkəran şəhər 4 saylı tam orta məktəbin şagirdi Zəhra Əliyeva və 5 saylı tam orta məktəbin şagirdi Nazxanım Rzayeva H. Aslanova həsr olunan şeirlər ifa ediblər. 

Tədbirin sonunda Qafar Cəfərli çıxış edərək ruhu yad edilən görkəmli sərkərdənin yubiley tədbirin iştirakçılarına təşəkkür edərək böyük şairimiz S.Vurğunun obrazlı ifadəsi ilə deyilsə, “Ölüm  sevinməsin ki, qəhrəmanı əlimizdən aldı”, onun  adının daima yaşayayacağına, əziz xatirəsi həmişə xalqımız tərəfindən əziz tutulacağına, dünya və ölkə hərb tarixində əbədiyaşar bir sərkərdə olaraq ən uca yerdə qalacağına əmin olduğunu bildirib.

Tədbir xatirə şəkilləri çəkilməklə başa çatıb.

Beləcə, daim fəal olan AYB Lənkəran bölməsinin növbəti tədbiri də major notlarla başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Şənbə, 15 Fevral 2025 22:04

Sevgimiz kitab olsun

 

Zübeydə Məmmədova, Sumqayıt MKS Uşaq bölməsinin böyük multimedia mütəxəssisi. “Ədəbiyyat və incəsənət” üçün 

 Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbdə “Sevgimiz kitab olsun” adlı tədbir keçirildi. Tədbirin təşkilində Sumqayıt MKS Uşaq bölməsi də yaxından iştirak etdi.

Moderator, yazıçı –dramaturq Hafiz Ataxanlı kitab bağışlama gününün yaranma ideyasından, kitabın şəxsiyyətin formalaşmasında rolundan danışdı, məktəb kollektivinin hər zaman kreativ layihələri gerçəkləşdirməsini vurğuladı və qonaqları təqdim etdi.

Yazıçı-publisist, ssenarist, əməkdar jurnalist Eyruz Məmmədov uşaq vaxtlarından bu günə kimi kitabxanalarla davam edən dostluğunu xatırlatdı, intellektli, zəkalı Azərbaycan gəncliyi üçün kitabların töhfəsindən söz açdı və son illər yazdığı kitabları məktəbin kitabxanasına hədiyyə etdi.

AYB Sumqayıt bölməsiin sədri, şair-publisist Gülnarə Cəmaləddin çıxışını məktəblilərlə bədii mütaliə, poeziya mövzusunda polemikada qurdu.

Sumqayıt MKS Uşaq bölməsinin müdiri, 25 nömrəli məktəbin məzunu Yeganə Hüseynova bildirdi ki, o, adı məktəbə verilmiş Anar Şükürovla bir sinifdə oxuyub və Anarın da mütaliə sevgisindən söhbət açdı.

Sonra məktəbin direktoru Ayna Fleydanlı və tədbirin təşkilatçısıTəranə Hüseynova belə tədbirlərin keçirilməsinin şagirdlərin yaddaşında gözəl iz buraxdığını bildirdi. Tədbirin sonunda  məktəb şagirdləri bir – birinə kitab hədiyyə etdilər və mütaliə etdikdən sonra bu kitabları öz aralarında dəyişəcəklərinə söz verdilər. 

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Trend-in mədıniyyət müxbiri Vüqar İmanovun yazısını təqdim edir

 

Günəşli uşaqlar adlandırılanlardan biri idi. (Tibbdə onlara albinoslar deyirlər- red.) Bədənindəki əlavə xromosom ona dünyaya aşiq gözlərlə baxmaq və sevgi və gözəlliyin hamımızı xilas edəcəyinə əmin olmaq imkanı vermişdi. 

 

Həm də ətrafdakı hər şeyi başqalarının gördüyü kimi görə bilməyən əsl sənətkarın lütfü var idi onda. 

Cəmi 33 il yaşadı. Qısa ömrü ərzində 43 sərgi keçirdi. Bakıda ilk nümayişlərdən sonra onun rəsmləri Rusiya və Fransa, Türkiyə və Amerika, İtaliya və Yaponiya, Belçika və BƏƏ-də sərgiləndi.

"Kiçik şahzadə" yə həsr olunmuş bir sıra əsərləri gözəl musiqili bur cizgi filmində əks olundu. Bir çox fərqli insan onun rəsmlərinə  heyran qaldı, onları əldə etdi və yaratdığı hər şeyin inanılmaz enerjisindən danışdı.

Məşhur fransız aktrisa Juliet Binosch onun haqqında yazırdı: "Onun həyat susuzluğu alovlanır və bir hərəkətlə çəkdiyi üçün bizə ötürülür. Burada heç vaxt doymaq yoxdur, yalnız gözəllikdən əvvəl böyük bir sürpriz var."

Məşhur rus sənətşünası Olga Sviblova isə onun haqqında yazımışdı: “Məryəm sənətdə yaşayır və sənətdə yaşayır, özünü onun vasitəsi ilə kəşf edir və dünya ilə ünsiyyət qurmağın əsas yoluna çevirir. Bəlkə də buna görə onun bədii mesajı çox güclü və heyrətamizdir."

Böyük fırça ustası Tahir Salahov əmin idi ki, Məryəm heç kimə bənzəmədən unikal rəssam ola bilər. Qobustana həsr olunmuş bir sıra əsərlərinə heyran qalmışdı dahi rəssam. 

Bizi tərk etdi. Onun əsərləri qaldı və biz onun  rəsmlərindən güc alırıq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.