Seçmə şeirlər – RƏSUL RZA, “Bəlkə də” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

“BƏLKƏ DƏ”

M.Rəfiliyə

 

Onunla həmmərəz idik biz, o deyirdi:

Eh! Cəhənnəm olsun

bütün dərman, pəhriz!

Mənə dağ havası verin!

Sac yuxası verin!

İstəyirəm sərxoş olum meyindən

əyriboyun bənövşədən

qalxan ətrin.

Mənə

qızıl söyüd çubuğundan hörülmüş səbətdə

moruq gətirin!

Açın sinəmi!

Dəniz yeli dəysin ona!

Haram olsun mənə

bu torpağın çörəyi,

dincimi almadan,

yorulmadan, qocalmadan

səksəndən getməsəm doxsana.

Azarı, ölümü

büküb qoymasam ayağımın altına!

Belə deyərdi,

Əllini yeni keçmişdi,

qara örtük saldılar tabutuna

Bəs niyə belə?

Həkimlər gəldi,

yazdılar, pozdular.

Gah elə, gah belə yozdular.

Yan-yana düzüldü,

neçə-neçə qəşəng latın sözü.

Qərara gəldilər:

... Xəstəliyin şiddəti...

Bir də... özü...

Ancaq bir deyən olmadı

bəlkə... səbəb başqadır,

Bəlkə... arzusu doğrulmadı

Bəlkə...

ona dağ havası

sac yuxası,

bir də

qızıl söyüd çubuğundan hörülmüş səbətdə

moruq verən olmadı?...

1958

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.