Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Zəngli saatın səsinə yuxudan oyandım. Səhər açılmışdı. Saat səkkizə işləmişdi. Hər gün olduğu kimi yerimdən qalxaraq dərsə getmək üçün hazırlaşmağa başladım. Universitetdə axırıncı ilim idi. Son vaxtlar həm yorucu, həm də əyləncəli keçirdi. Bitirməyin verdiyi gələcək qayğıları da məni bir az qorxudurdu.
Elə ağlımda gələcək planlarla universitetə daxil oldum. Tanıdığım müəllimlərlə salamlaşaraq sinif otağına doğru pilləkənlərlə qalxmağa başladım. Tək deyildim, yanımda qrup yoldaşlarımdan bir neçəsi var idi. Biz söhbət edərək pillələri qalxırdıq. Universitetin təmizlikçi qadını həmin pilləkənləri təmizləyə-təmizləyə aşağı düşürdü. Biz sakitcə, mane olmadan kənardan keçib getmək istəyirdik ki, birdən kimsə bizi “Qızlar!” deyə səslədi. Hamımız səs gələn tərəfə çevrildik. Bu, təmizlikçi qadının səsi idi. Səsi həm kədərli, həm də mənə tanış olmayan bir hisslə dolu idi. Gözləri çox dərin baxırdı. Bir anlıq nəzərlərini üzərimdə hiss etdim. Baxışları çox şey ifadə edirdi. Hər birimizə diqqətlə baxandan sonra dedi:
-Məndən utanırsız?
Nə baş verdiyini anlamadıq. Sual dolu baxışlarla bir-birimizə baxdıq.
-Mənə nə üçün salam vermirsiniz? Müəllim olmadığım üçün? Buraları təmizləyən birinə salam vermək, hal-əhval soruşmaq sizə ağır gəlir? Buraları təmizləyirəm deyə adımı belə soruşmağa ehtiyac duymursunuz? – dedi qadın.
Səsi bir az titrəyirdi:
-Siz mənim övladlarım yaşındasınız. Həyatı hələ tam anlamırsınız. Lakin mən bu pilləkənlərdən gəlib-keçən çox insan gördüm, çox tələbə gördüm. Bəziləri üçün görünməz idim, bəziləri isə varlığımı dərk edirdi. Salam verib keçirdi. Bilirsiniz, salam vermək adi söz deyil, “Sən varsan”, “Sən insansan” deməkdir. Salam bir insanın gününü dəyişə bilər, həyatını xilas edə bilər.
Biraz dayandı. Baxışları uzağa yönəldi, sonra bizə tərəf dönərək davam etdi:
-Mən salam alanda özümü görünməz hiss etmirəm. Bu da mənə kifayət edir.
Qadının sözləri bizi yerimizdəcə saxladı. Heç nə deyə bilmədik. Bəlkə də heç bir cavab kifayət etməzdi. Çox sarsılmışdıq. Olsun ki, qadının qarşısında yox, özümüzün qarşısında utanırdıq. Qəlbimizdən keçirdi ki, o olmasa, heç düşünməzdik, bir salamın bu qədər önəmli olduğunu.
Qürurla danışan bu qadın o anda müəllimlərdən daha çox öyrətdi bizə. Və biz dərsə girmədən öncə dərsimizi almışdıq. Bu hadisədən sonra hər dəfə o pilləkənləri qalxanda ilk axtardığımız qadının baxışları oldu. Hər dəfə ona salam verdik – həm də ürəkdən. Bu həm də bir təşəkkür idi. Bizə görməyi, salam verməyi öyrətdiyi üçün.
Və anladım ki, həyatda dərsi sadəcə müəllimlər vermir. Pilləkənlərdə qarşına çıxan təmizlikçi bir qadın da səssizcə həyat dərsi verə bilər.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)