Taksi elmləri namizədi Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Beynimdə o qədər fikir var ki, bir az gəzib dağıtmaq istəyirəm. Gedəsi favorit yerim var. Taksi gərəkdir.

 

Sağ olsun texnologiya, səssizcə sifariş verib, sakit yol getmək mümkündür. Elə bil casus filmindəsən.  Bir az keçmiş, mobil tətbiqdə olduğum məkan bəlli, gedəcəyim ünvanı seçirəm. Budur, seçimimi edirəm, sürücünü də seçib sifarişi təsdiqləyirəm.

 

Çox keçməmiş tətbiqdən zəng gəlir.

– Alo, – deyirəm.

– Alo, – səsi gəlir.

– Qardaş, taksi sifariş vermisiniz? – deyir.

Daxilimdə bir səs – Axı mən bozbaş istəmişdim, – kinayəli şəkildə səslənsə də, mülayim tərzdə “bəli” deyirəm.

Növbəti sual eşidilir:

– Hardasınız?

Tətbiqdə ünvanım elə detallı görünür ki, tapmamaq qeyri-mümkündür. Ancaq buna rəğmən:

– Filan yerdəyəm, – cavabını verib zəngi sonlandırmaq istəyərkən, budur, növbəti sual fikir qapımı döyür:

– Ora haradır?

– Filan yerin yanı.

– Tanımıram.

– Yanında filan şey də var.

– Yanında filan bank olanı deyirsiniz?

– Yox, yox. Qarşısında filan çayçı da var.

– Hə, hə, tanıdım, – deyir. – Qardaş, iki dəqiqəyə oradayam.

 

On dəqiqə sonra taksi gəlir. Qapını açıb, salamlaşıb əyləşirəm.

– Hara gedirik? – sualı gəlir, baxmayaraq ki, tətbiqdə gedəcəyimiz ünvan bəllidir. Ünvanı deyirəm. Bir müddət sükut yaranır. Gözlərimi yumuram. Az keçmiş, qarşıdakı maşının qəribə davranışı sürücünü qapanmış və yaranmış sükutu söyüşlə pozmağa vadar edir.

 

Yolboyu “Harada işləyirsən? Haralısan?” – siyasətdən, cəmiyyətdən müzakirələr edib suallar ünvanlanır. Bəxtimdən şikayətlənsəm də, sosial şəbəkədə tanınmış aktyor Kamran Ağabalayevin taksilər haqqındakı sosial hesabındakı postu qarşıma çıxır və təskinlik tapıram. Budur, artıq ünvana çatmışam. Nağd şəkildə beş manat verib 2 manat 60 qəpiyimi gözləsəm də, qəpiyim ixtisara düşüb 2 manat mənə qayıdır. İki manata baxıb, dünənki taksi sürücüsünün çatmayan otuz qəpiyimə görə saldığı hay-küy gözümün önündə canlanır və bir anlıq mən də hay-küy qoparmaq arzusuna düşsəm də, beynimdə olan hay-küy artıq mənə bəs etdiyindən, qalsın, – deyib sağollaşıb qapını örtürəm.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.