“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində nəsr saatıdır, sizlərə Oğuz Ayvazın “Soyuducuya aşıq olan adam” hekayəsi təqdim edilir.
Oğuz AYAZ
“SOYUDUCUYA AŞİQ OLAN ADAM”
Bu il cəhənnəm istiləri yayın ilk günlərindən şəhərdə köç saldı. Yollarda, küçələrdə, parklarda, dayanacaqlarda adamlar azalmağa başladı. Camaat dənizə getməyə ərinir, kondisionerlərin, sərinkeşlərin qabağında vaxt keçirir, yavaş-yavaş tənbəlləşirdilər.
Bizim evdə də məişət qaydaları istilərə görə dəyişdi. Gündə iki dəfə yemək yeyir, fasilələrlə duş qəbul edir, bir dəfə çay içir, adama litrlərlə su içir, qalan saatları çarpayımızda uzanıqlı keçirirdik. Bircə qızım evin hər küncünə qaçır, hoppanır, gülür, küçəyə çıxmaq üçün can atırdı; sanki dəhşətli istilər ona təsir etmir, kəpənək misalı olanlardan xəbərsiz görünürdü. Arvadım bütün gününü gözünü dirədiyi telefonuyla keçirir, hərdənbir ayağa qalxır, yemək bişirir və təzəcə öyrəndiyi yoqaya girişirdi (tərləyən kimi gülə-gülə bu qədim şərq fəlsəfəsindən uzaqlaşıb təzədən hamama cumurdu). Mənsə vaxtaşırı siqaret çəkmək üçün pəncərəyə çıxır, buzxanadakı su butulkasını başıma çəkir, əsnəyə-əsnəyə kitab oxuyur və başımı soyuducuya salıb qulaqlarım buzlayana qədər orda saxlayırdım; başımın içində qalan ilğım Şimal Buzlu okeanının havasına qarışır, sinir hüceyrələrim sərinlənir, fikirlərim qaçış üzrə dünya çempionu kimi qıvraqlaşırdı... Heyif ki bu gözəl hisslər salona qayıdan anda yoxa çıxır, qulaqlarımın da, burnumun da buzu əriyir və elə o vaxt evin içində bardaş qurub məni gözləyən isti hiyləgərcəsinə üzümə baxıb gülümsünürdü.
Hər səhər ərinə-ərinə yerimdən qalxıb noutbuku dizlərimin üstünə qoymağım mənim işə başlamağı göstərən işarə olurdu. Pandemiya başlayandan evdən işləyirdim, hər gün dəqiqəbaşı admin panelə xəbər qoymaqdan boğaza yığılmışdım. Redaktorumuz ehtiyatda olan zabit idi, gəncliyində əyalətlərin birində qəssab işləmiş, toyuq, yumurta satmış, əlinə bir az pul keçəndən sonra Bakıya gəlib özünə xəbər saytı açdırmışdı. Onda zabitlikdən qalma ifrat nizam-intizam vardı, hamını hərbi rejimlə işlədir, əsgərsayaq danlayır, yayın istisində məzuniyyət gözləyən işçiyə isə erməni gözüylə baxırdı. Redaktorun gözünə çöp kimi batan, gün ərzində saysız-hesabsız danlaq yiyəsi olansa mən idim – hərbidəki pis xatirələrin, qəssablığı dövründəki iylənmiş ətlərin, toyuq, yumurta satanda qiyməti öldürmək istəyən əyalət arvadlarının qisasını məndən alır, balaca bir səhvimi belə bağışlamır, telefonda, ya da inboksda danışanda boğazındakı damarların şişə-şişə partlamaq həddinə çatdığını hiss edirdim. Hər səfər onun danlağını qulaqardına vurur, bu günə-sabaha küləkli havaların gələcəyini gözləyir, xəstəliyin yoxa çıxacağına, hamının o xoşbəxt güzəranına qayıdacağına ümid edir və hər gün yatmazdan əvvəl inanmadığım Allaha əlimi açıb deyirdim ki, təzə iş tapım, bu leş yeyəndən canım qurtarsın.
Günlər qarşıqa yerişiylə keçir və heç nə ifadə etmirdi: küçələr dodaq kimi çat-çat, ağaclar isə hələ də heykəl kimi qalmışdı.
Bu gün yayın onuncu günü idi. Səhərlər artıq zəngli saatın hesabına yox, ilğımın üstümüzə hücum çəkməsilə oyanırdıq. Oyanan kimi pəncərədən göy üzünə baxır, heç olmasa bu günün buludlu olmasını diləyirdik. Göy üzü rəsm tablosu kimi dəyişilməz olaraq qalmışdı. Qızım sərçə ayaqlarına bənzəyən əlləri ilə səmada bulud çəkir, məhəlləmizə yağış yağdırırdı. Əlləri göydə rəqs edir, üzünə yağışın nəfəsi hopurdu.
Həyətdə adamların səs-küyü eşidildi. Qonşunun soyuducu аldığını görüb yerimdə dondum. Bəmbəyaz, par-par parıldayır, işıq saçır. Bu işıq seli ağlımı başımdan aldı. Afrodita soyuducu libasında gülümsəyirdi. Onu təkcə mən görə bilirdim. İlahi, içimdə sevgi nəğmələri cəh-cəh vururdu.
– Qonşu? Özündəsən? Ə, buna nə oldu?
Qonşu əlini havada yellədir, dodaqları açılıb-örtülür, sözlərsə gəlib mənə çatmırdı.
– Xeyirli olsun soyuducun, – deyəndən sonra qonşunun key-key mənə baxdığını gördüm.
– Nə?
– Soyuducu da...
– Hə... Kefsən e. Xoşumuza gəlməyəndə dəyişirik onsuz. Varlığa nə darlıq, – qəhqəhə çəkib çiynimdən vurdu. – Xeyirli olsun deyəndə elə bildim nişanı deyirsən. Oğlumu nişanlamışam axı. Toyu da rayonda gizlicə eləyəcəyik.
Soyuducuda yaşamaq istəyi qəfil güllə kimi beynimin bir küncünə saplandı. Bizim soyuducumuz balaca olduğundan bircə başımı yerləşdirə bilirdim. Qonşunun soyuducusu əsl mənim ölçümdə dizayn edilmişdi. Bütün günü o soyuducuya necə girəcəyimin xəyalını qururdum.
Dəhşətli istilər, arvadım, redaktorum, kanalizasiyamızın tez-tez sıradan çıxıb əsəblərimi sıradan çıxarması – hər şey məndə kondisionerin süni havası kimi soyuq və uzaq gəlir, heç nə içimə yatmırdı. İşdən başımı qaldırıb siqaret fasiləsinə çıxanda səbəbsiz yerə qonşuya baş çəkir, gizlicə soyuducuya tamaşa edirdim. İndi də özümü qonşugildə tapdım – necə gəlmişdim, necə divanda oturub çay hortuldadırdım, xəbərim olmamışdı. Qonşu yenə müxtəlif mövzulardan danışsa da, mənim qulağım soyuducunun mühərrikində ilişib qalmışdı. İçinə girməyi, üşüməyi hər şeydən çox istəyirdim. Soyuducu ona baxanda daha da gözəlləşir, təzə gəlin kimi utana-utana yanaqlarını qızardır və bu an məni daha da özümdən çıxarırdı. Soyuducuyla baş-başa qaldığımızı, onu qucaqladığımı, qapısını açdığımı xəyalımda yüz dəfə fırladıb xoşhal olarkən birdən qonşunun arı vızıltısını xatırladan sözləri aydınlanmağa başladı:
– Kəndə gedirik, qapının açarını sənə verirəm, evdən muğayat olarsan.
Qonşunun əlini sıxıb açarı götürdüm. Necə sevinəcəyimi, qışqırmağımı içimdə yaşayırdım. Az qalırdım küçəyə çıxıb hoppanam, insanları qucaqlayam. Arvadımın qorxusundan qələbəmin atəşfəşanlığını gözlərimdə saxladım. O da içəri keçən kimi duyuq düşdü:
– Yaman sevinclisən! Nolub?
Mənalı-mənalı üzümə baxdı.
– Heç nə. – Yalan axtardım. – Elə-belə...
– Sənin üzün belə gülməzdi. Yüz faiz nəsə olub.
– Qonşunun oğlu evlənir, – tapdığım yalana özümün də gülməyi gəldi. Arvadım da əlini etinasızlıqla yelləyib mətbəxə yollandı, yolüstü ocaqdakı yeməyini yandırmağa səbəb olduğum üçün məni yaş yuyub quru sərməyi də unutmadı.
Səhər siqaret fasiləsinə çıxanda arvadıma mağazaya gedirəm deyib qapını örtdüm. Ətrafa göz gəzdirə-gəzdirə qonşunun qapısını açdım. İçəri keçib qapını bağlamaq istəyəndə əlimi saxladım. Bəs bura girsəm, qapını kim açacaq? Axı soyuducuların içinə girəndə qapını ancaq çöldən açmaq olur. Kor-peşman içəridən çıxıb evə qayıtdım. Gedə-gedə düşünürdüm: bir uşaq tapmalı idim, mənimlə birgə qonşunun evinə girməli, soyuducuyla eşq yaşamağıma köməklik eləməliydi. Məhəlləmizdə də itətök uşaq vardı. Birinin başını bişirməliydim, soyuducuda sərinlədiyim yerdə növbə çəkməli, qapısını açmalı idi. Evə girən kimi arvadımdan gizli saxladığım pulu gizlətdiyim yerdən çıxarıb cibimə qoydum. Oyuncaq dükanından bir neçə balaca maşın, xırda əsgərlər, rəngli karandaşlar, toplar aldım. Qalan pulu da saxladım ki, köməkçimə hər gün bir dondurma alım. Axşamüstü uşaqların toplandığı meydançaya getdim. Aralarına girib futbol oynadım. Qarabuğdayı, sısqa bədənli oğlan uşağını gözümə kəsdirdim. Onunla daha mehriban, sakit tonla danışdım və qısa müddətdə ürəyini qazandım.
Səhəri oğlan uşağını marketdə gördüm. Çıxmağını gözlədim. Günəşdən yanmış qolları parlayırdı. Yaxınlaşıb saçına tumar çəkdim. Ona aldığım oyuncaqlardan danışdım. Oyuncaqları indi istədiyini dedi. Mən də ona bir şərtlə verəcəyimi dedim. Şərtim belə idi: mənimlə guya qardaşımın evinə girmək və soyuducunun yanında gözləmək. Hər gün də bir dondurma. Uşaq şərtlərimi qəbul elədi. “Urraa” deyib hoppandı. Marketdən dondurmanı alıb yollandıq qonşunun evinə. Ətrafı dinşəyib içəri keçdik. Uşağa dəfələrlə soyuducunun qapısının necə açılmağını başa saldım. Soyuducunu açıb içəri keçdim. Uşaq dondurmasını acgözlüklə yeyə-yeyə oyuncaqlarla oynamağa girişdi.
Afroditamın qapısını açdım. Üzümə sərinlik, şadyananlıq yayıldı. İçəridəki rəflərdən birini ən yuxarıda saxladım. Qalanını da döşəməyə sərdim. İçəridə qışın soyuğu hökm sürürdü. Elə bil Afrika qitəsindən Anrtaktidaya addım atmışdım.
Soyuducunun içi bambaşqa planet idi. Burada süd rəngli işıq selinin içində nağıllar aləmindəydim. Yuxarı başımdakı rəfdə göyərtilərin, kahıların yamyaşıl yarpaqları məni meşənin qoynundakı kimi hiss elətdirirdi. Aşağıdakı qutularda isə rəngli limonadlar gözə çarpırdı. Hər şey susmuşdu – bütün səslər, sözlər, istilər, xatirələrim, həyatım... Sükutun, soyuğun içində gözlərimi yumub şirin xəyallar içində gəzişirdim. Başımın içində işğal edilən düşüncələrim azadlıqlarına qovuşurdu. Cəhənnəmi unutduran bu hava axını içimdə sevinc toxumları əkir, cücərdirdi...
Nə qədər vaxt keçdiyini bilmirdim. Aclıq hiss elədim. Soyuducunun aşağı tərəfində kolbasa gözə dəydi. Burda içdiyim su, yediyim kolbasa tamam başqa dad verirdi. Heç evdə, kafedə, küçədə belə ləzzət vermirdi.
Uşaq ara-sıra qapını vurur, deyirdi, işəməyim gəlir, məni tualetə apar. Mənsə onun sözlərini vecimə almırdım. Soyuducunun içində xoşbəxt idim. Qəfil beyin hüceyrələrimin arasında arvadımın səsini eşitdim, içimi isti doldurdu. İçəridən qapını vurdum. Uşaq qapını açdı. Evə getmək istədiyini dedi. Qapını açıb onu uşaqlığına qovuşdurdum. Qonşunun qapısını kilidləyib evə sarı getdim. Arvadım istinin gətirdiyi tənbəlliklə harda olduğumu soruşdu, mən də ağacın kölgəsində oturub bir az dincəldiyimi dedim. O isə ardını gətirmədi, telefonun ekranında gəzinməyinə davam elədi. Hərdən mənə elə gəlirdi ki, arvadım telefona çevrilib. Telefon adam olub. Bəlkə də, arvadım telefona çevrilidiyindən mən soyuducuya aşiq olmuşdum.
Hər gün başını bişirdiyim uşaqla birlikdə qonşunun evinə girir, soyuducuyla eşq yaşayıb təzədən süni havalı evimizə qayıdırdım. Hər şey bir saat kimi işləyirdi. Burda dayanın. Elə bilirsiniz, həyat bu qədər sadədir? Yuxarı təpəliklərdə qeybət qıran arvadlar dəstəsinin gözünə tuş gəlmişdim. Günortalar yığışıb mənim taleyim haqqında gap edir, adıma min cür qulp qoşurdular. Məhəllə uşağı əsgər sayaq verilən əmrləri saniyəsində yerinə yetirir, arada tualet istəyi olmasa, heç cınqırını da çıxarmır, soyuducuyla baş-başa qaldığım saatların ömrünü qısaltmır, başqa uşaqlar kimi ərköyünlük eləyib ayağını yerə döyüb “mən getmək istəyirəm” demirdi. Elə bu gün də uşağın səsi çıxmadı, məni soyuducuya təhvil verəndən sonra öz əyləncə dünyasına qayıtdı və bu dəfə heç tualet adı da çəkmədi.
– Xanımınız sizdən boşanmaq istəyir, – soyuducunun içində bütün həzzlərin üstündə bir həzz yaşadığım vaxt telefonuma zəng gəldi və qalın, bariton səsli qadın mənə belə dedi: – Asan Xidmətə yaxınlaşarsınız. Nə baş verdiyini anşıra bilmədim.
Qapının açıldığını eşitdim, ev yiyəsini nazik səsindən tanıdım. Uşağı görüb təəccüblənmişdi: “A bala, sən burda nə gəzirsən, necə girdin içəri?” Bu an səssizlik oldu. Hiss elədim ki, uşaq soyuducunu işarə elədi. Soyuducunun qapısı açıldı. Qarşımda ev yiyəsi, qonşular, arvadım, qızım vardı. Qızım uşağın saçından dartır, mızıldanırdı.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)