
Super User
BİRİ İKİSİNDƏ – Ayxan Ayvazın “Banan qabığı” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Ayxan Ayvazın “Banan qabığı“ hekayəsini təqdim edirik.
Ayxan AYVAZ
“BANAN QABIĞI”
Psixoloq bacıma sarı rəngin onu xoşbəxt edəcəyini deyibmiş. Xəstəxanadan qayıdanda atamla anam yolboyu bacımın öz-özünə danışmağına baxıb başlarını bulayıblarmış. Qış təzəcə sovrulub gedir, ağacların rəngi özünə qayıdırmış, küləklər şəhərimizlə hələ vidalaşmasa da, soyuqlar artıq yola çıxmağa hazırlaşırmış.
Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın qulağına pıçıldayıb ki, çoxlu limon gətir, bir də elə elə, çay sapsarı olsun. Ofisiant onda atama deyib ki, ananas aromalı çay var, o elə siz deyən kimidir, gətirim baxın. Süfrədə hər şey sarı rəng olub: ofisiant hardansa sarı örtük gətirib masaya sərib, ananas aromalı, sapsarı çayı şüşə çaynikdə qarşılarına qoyub. Üç qabda limon dilimləri və qənd qabındakı qəndlər də sarıymış. Onda günün günorta çağıymış, hardasa gizlənmiş günəş də birdən çıxıb göyün üzünə və düz bacımın gözlərinə zillənibmiş.
Evə gələndə bacım yenə öz-özüylə rabitəsiz söhbətə başlayıb. Atam yorğun-arğın stula çöküb, anam yemək tədarükü üçün mətbəxə gedib. Bacımın ogünkü söhbətindən atam “qaranlıq”, “maşınlar”, “iki oğlan”, “taksi” sözlərini başa düşüb. Sözləri bir yerə yığıb cümlə qurmağa təpəri çatmayıb, eləcə fikirli-fikirli anamın gətirdiyi yeməyi yeməyə girişib. Yemək sarı rəngdə deyilmiş, atam ona görə anama bərk əsəbiləşib, deyib, həkimin dediyini eşitmədinmi, get qızıma sarı rəngli yemək bişir. O gün anam sapsarı qayğanaq eləyib bacımın qabağına qoyub. Bacım yeməyə baxır, gülür və dodaqaltı nəsə deyirmiş.
“Nə deyirsən, ay qızım? De, biz də bilək” – atam onu əzizləyib, saçına sığal çəkib.
Bacım bircə “yol qaranlıq idi” deyib. Anamla atam bir-birlərinə baxıblar və görüblər ki, hər ikisinin gözləri dolub.
O günlər mən universitet imtahanlarına hazırlaşırdım və demək olar, otağımdan qırağa çıxmırdım. Dərslərin yoğunluğu bir tərəfdən, o biri tərəfdən də aşiq olmuşdum, Süsəni sevirdim.
Qrupumuzu başqa bir qrupla birləşdirmişdilər. Yaman səs-küy idi. Rəsul aranı qatmışdı, müəllim hövsələdən çıxmışdı. Bu yerdə qapı döyüldü və sarışın bir qız üzr istəyə-istəyə içəri keçdi. Mən o sarışın qızı əvvəllər heç görməmişdim. Heç universitetdə sarışın qızla rastlaşmamışdım. Sarışın qız görmüş olsaydım, mütləq ona aşiq olardım. Universitetdə isə bütün qızlar qaraşın idi və mən aşiq ola bilmirdim. O gün sarışın qız içəri girəndə içimdə nələrsə tərpəndi və mən onu sevdiyimi anladım. Rəsul söhbəti biləndə xəfifcə başımdan vurdu, dedi, o qız sənə baxarmı?.. Doğrudan da, o qız heç mən tərəfə baxmırdı.
Qapının arxasından səslər gəlirdi, bacım var-gəl edir, öz-özünə nəsə pıçıldayırdı. Ondan Süsən üçün kömək istəmək fikrinə düşdüm, qapını açıb dustaqlar kimi bir o yana, bir bu yana gedən bacımı dayandırdım. Dedim, bir qız var, onu sevirəm, mənə kömək elə də, necə eləyim, qız mənə baxsın, sevgimə qarşılıq versin. Bacım dilinin altında nəsə dedi, anlaya bilmədim, elə bil Çin dilində danışırdı. Atam o yandan üstümə çəmkirdi ki, qızdan əl çək, görmürsən danışa bilmir. Bacım mənə baxıb güldü və əl çaldı.
Növbəti gün atam evi sarıya boyatmaq üçün usta çağırmışdı. Ustanın yanında bir fəhlə də vardı və onlar bacım qalan otağın bir divarını sarıya boyayıb işdən soyumuş, nə haqdasa mübahisə edirdilər. “Ala, sənin başın xərəbdü, o boydana yerə o pul çatar heç? Mayası deyil” – usta fəhlənin başından qapaz vurub qaqqıldadı.
Atam hərdən bir ustayla fəhlənin yanına gəlir, lətifə danışır, onları güldürür, özü isə gülmürdü. Mən dərs oxumaqdan sıxılıb mətbəxə gələndə bacımın döşəmədə oturub özü üçün mahnı zümzümə elədiyini gördüm. Bacım mahnının sözlərini dəyişə-dəyişə oxuyur, gülür, əl çalırdı. Məni görəndə ayağa durmaq istədi, bacara bilməyəndə təzədən yerinə çökdü. İndi fikir verdim ki, qabağında xeyli banan var və o bananları bir-birinə toxundurub gülür. İki-üçünü yemiş, qabığını da çiyinlərinə qoymuşdu. Bananların bir qırağı qaralmışdı, çoxdan alındıqları bəlliydi.
Özümə çay süzüb oturdum və o an anam əlində dolu sellofan içəri girdi, hələ dodaqaltı deyindi də: “Heç gör biri qabağıma çıxırmı...” Anamın qabağına yüyürdüm, əlindəkiləri alıb mətbəxə apardım və onda gördüm ki, bacım uzanıb, bananları da üstünə düzüb. Elə o an mətbəxə gələn atamla usta da bu mənzərəni görüb çaşdılar. Usta özünü görməməzliyə vurdu, “qaqa, ordan su ver də mənə” deyib mətbəxdən çıxdı, suyu ona sarıya boyadıqları otağın qabağında verdim.
Evimiz sarıya boyanan gün bacımın öz-özünə danışmağı yavaş-yavaş anlaşılan olurdu. Psixoloq atama deyibmiş ki, arada bu cür danışacaq, fikir verməyin, sonra yorulacaq və onda sağalmağa başlayacaq. Bacımın danışıqları başa düşüləndə atamla anam onu söhbətə tutur, əzizləyirdilər. Atam bildiyi bütün lətifələri bacıma danışır, onun güldüyünü görəndə daha da coşur, qızını bundan çox güldürmək üçün dəridən-qabıqdan çıxır, özünü meymunluğa vurur, sərt görünüşünə yaraşmayan komikliklər eləyirdi.
Süsəni başqa bir oğlanla görmüşdüm. Oğlanın ağ maşını da vardı. Elə maşından düşəndə Rəsul qoluma vurub mənə göstərdi. Dedi, gördün, sənə demişdim. Acıqlandım Rəsula, söydüm onu. Sözünün haqlı çıxmasıyla fəxr eləyirdi oğraş gədə. Rəsulla danışmadım, ertəsi gün salamını da almadım.
Süsənin gəzdiyi oğlan universitetin həmkarlar komitəsinin sədriymiş. Kirpikləri uzun oğlan idi, hamıyla kitab dilində mədəni-mədəni danışırdı. Səidə dedi ki, uzun kirpikli oğlanları qızlar çox sevir. O gün onu da öyrəndim ki, Süsənin saçları yalançı sarıymış.
Bacımın pal-paltarı, telefonu, çarpayısı da sarıya çevrilmişdi. Bütün günü öz-özünə danışır, arada bananları ilə oynayır, sonra uzun-uzadı pəncərədən çölə baxırdı. Atama qalsa, onun pəncərədən baxdığı mənzərələri də sarıya boyayardı.
Səhər tezdən çörək almağa məni göndərdilər. Yaxınlıqdakı çörək sexindən alırdıq həmişə. Orda çörək imisti və dadlı olur. Rusa oxşayan oğlandan iki çörək istədim.
– Qaqa, səndən bir şey soruşacam. Pis başa düşmə. Qardaşyana...
– Hə... Nə olub? – dedim çörəkçi oğlanın uzatdığı çörəkləri ala-ala.
– Bir qız var e, ikinci mərtəbədə qalır. Onu tanımırsan?
Bacımı deyirdi. Bizim pəncərə burdan görünürdü.
– Yox, tanımıram. Nolub ki?
– Nəsə xoşuma gəlir o qız. Yaxşı qıza oxşayır.
– Nə bilim, qaqa... – söhbəti kəsib evə getdim.
Atamla anama çörəkçi oğlanın dediklərini dedim. Anam sevindi, atamın qaşları düyünləndi.
Səhərisi gün atamla sexə getdik. Çörəkçi oğlan yerində deyildi, yaşlı bir kişi “neçə dənə” soruşub çörəklərə sarı çöndü. Atam dedi, çörəyi burax, burda bir oğlan vardı, hanı o? Kişi dedi ki, o oğlan mənim oğlumdu, nə olub ki?
– Qızımdan uzaq olsun, yoxsa onun başına oyun açaram.
– Nə qız, ay qardaş? Mənim oğlum nə eləyib ki?
– Dedim də sənə... Uzaq olsun!
– Yaxşı, deyərəm... – kişi söhbəti çox uzatmadı.
Payız gələndə atam yaman borca düşdü, evi satası oldu. Əşyaları daşımağa fəhlə tutduq. Aşağıda yığılan barxananın yanında atam siqaret çəkirdi. Çörəkçi oğlan o an yaxınlaşıb kömək lazım olub-olmadığını soruşdu və cavab gözləmədən mənim qabağıma yüyürdü. Əlimdəki televizoru götürüb geri çevrildi. Arxamda bacım gəlirdi, gülə-gülə, əlindəki bananı soya-soya. Çörəkçi oğlanla yuxarı qalxdıq, qalan şey-şüyləri də köməkli yerə düşürdük.
Atam bacımı sevən oğlanın həmin oğlan olduğunu bilmədi. Mən də demədim. Əşyalar qurtaranda çörəkçi oğlan əl uzadıb mənimlə sağollaşdı və çəkinə-çəkinə bacıma baxdı. Bacım yarısoyulmuş bananı əlində tutub gülümsünür və təzəcə dil açmış uşaqlar kimi nəsə deyirdi. Atam onun əlindən tutdu, alnından öpdü.
Biz maşına doluşanda çörəkçi oğlanın uzaqdan əl elədiyini gördüm. Atama zarafatla soruşdum:
– O oğlan sarı olsa, Dilrubəni verərdin ona?
– Hansı oğlan?
– Çörəkçini deyirəm...
Atam gülümsündü və maşın sarıya boyanan küçəmizin yanından keçəndə bacım banan qabığını pəncərədən eşiyə atdı...
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
Bu dünya səni anlamır, sən də onu. Bərabərsiz bir müharibədəsiniz
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəzən elə olur ki, həyat səni süfrəyə yox, birbaşa qazanın içinə atır. Deyəsən, mən də elə o adamlardanam. Yəni yaşamaqla bişmək arasında konkret fərqi hiss etməyənlərdən. Səhərlər başını yastıqdan ayırmaq, günün ilk "hansı gündü axı bu?" sualı ilə savaşmaq, metroya minib yuxu ilə reallıq arasında ilişmək... Və bu ritmin içində elə bir an olur ki, başın bir fayl olur. "Sənin içində hələ də insan var" deyə çığırmaq istəyir, amma o da imtahan cədvəlini yadına salıb susur.
Bu günlərdə başım o qədər qarışıqdı ki, sanki içimdə bir marketin endirim günüdür. Hər şey bir-birinə girib. Dərs? Var. Fiziki iş? Gecədən qalmadı. Zehni iş? O da evə gizlincə gəlib, "sürpriz, sən mənə hələ vaxt ayırmamısan!" deyir. Bir yandan tələbəlik, bir yandan iş həyatı, digər yandan isə sosial mövcudluq.. Sən deyə bilmirsən ki, “bir az ləngiyin, növbə ilə gəlin” Çünki bu həyat növbə tanımır - hər şey birdən gəlir və sən onsuz da boş olan sinirlərini daha da boşaldırsan.
Yazmaq? Məqalə, esse, notlar, qeydlər? Əzizim, mənim indi yalnız "gündə neçə dəfə başımı əllərimin arasına alıb dərin nəfəs almışam" mövzusunda dissertasiya yazmağa halım var. Bəlkə də bir gün "Tələbə Beyni və Üzərinə Yüklənmiş Gözləntilərin Psixo-fiziki Təsirləri" adlı bir kitab yazaram. Ən pis halda bestseller olmaz, amma bəlkə də psixoloqlar məni tədqiqat obyekti kimi götürər.
İmtahanlar – ah, onlar haqqında saatlarla danışmaq olar. Amma onsuz da heç birini yadda saxlamıram. Onlar sanki bir növ beyində qısamüddətli kirayənişin kimidirlər. Gəlirlər, stress gətirirlər, və sonda heç nə buraxmadan çıxıb gedirlər. Bəzən suallara baxanda düşünürəm: “Bunu mən öyrənməliydim? Doğrudanmı?” Çünki beyin artıq yalnız "səhər işə gecikməmək", "borcu necə ödəyim", "tezliklə yuxuya getməliyəm, çünki 5 saat sonra ayılacam" kimi əsas funksiyalara proqramlanıb. Qalan hər şey “əlavə əlavələr”dir.
Fiziki iş isə öz növbəsində zehni işi təxirə salır, zehni iş isə bədəni o qədər yükləyir ki, sonda heç nə etməyib sadəcə tavanı izləməyə məcbur qalırsan. Çalışdığım işdə günün sonunda əlimdə qalan sadəcə bir az yorğunluq, bir az kir, bir az da “hələ dərs də oxumamışam” stressidi. Bu balanssız həyat mənə fizikanın qanunlarını sorğulatdırır. Yəni, enerji itməməli idi axı? Niyə mənimki bu qədər itir?
Zehnimi sakitləşdirən tək şey qalıb: musiqi. Və... onun səsi. Bəzən bir melodiya gəlir, sənə "dayan, nəfəs al, sən insansan" deyir. Bəzən bir insanın sakit, amma içində dənizlər olan səsi gəlir – və sən, ətrafındakı bütün xaosun ortasında, bir anda sükun tapırsan. Sanki bütün şəhər yuxuya gedib, yalnız ikiniz oyanıqsınız. Musiqi isə bu oyancağın fon sədasıdır – və sən başa düşürsən ki, bu səs olmasa, bəlkə də çoxdan səsin özü itibdi.
Əgər biri soruşsa ki, “sənə vaxt qalıbmı?”, cavabım hazırdı: “Vaxt yoxdur, vaxt da yorulub, o da bir az istirahətə çəkilib.” Mən indi hər şeyə “gecikmişəm” baxışı ilə baxıram. Söhbətə gecikmişəm, hisslərə gecikmişəm, bəlkə də özümə belə gecikmişəm. Amma hələ ki gəlirəm. Bir az gec, amma gəlirəm.
Nəticə? Bilmirəm. Ola bilsin, bu həyat mənim üçün bir növ psixoloji gimnastikadır. Bəzən gülürəm, bəzən çökürəm, bəzən də sadəcə baxıram. Bəzən ironiyanı tapıram – məsələn, nə vaxt ki ən çox iş var, o vaxt daha çox musiqi dinləyirəm. Nə vaxt ki ən çox dərd var, o vaxt ən gözəl zarafatlar ağlıma gəlir. Bəlkə də bu, beynin müdafiə mexanizmidir – ya da, sadəcə, mənim dəli versiyamın gündəliklə yaşadığı bir həyat...
Bəzən insanın başı elə qarışır ki, sanki içində küçələr var. Biri işə aparır, biri evə, biri də elə-belə dolanmağa. Amma elə bir küçə var ki, adı yoxdur. Sadəcə gedirsən. Yəni, səncə mən hər səhər oyananda "bu gün motivasiya ilə doluyam" deyirəm? Əsla. Mən daha çox "bu gün məni yolda hansı absurdluq gözləyir" sualı ilə başlayıram. Və həmişə də cavab tapılır – metroda itmiş bir uşaq baxışı, dərsdə anlamadığın bir formul, işdə “səni əvəz edən yoxdur, gəlməlisən” tipli zəng...
Təqvimlər dəyişir, saatlar keçir, insanlar danışır. Amma mən susuram. Çünki danışmaq, bəli, o da enerji tələb edir. Bəzən beynimdə o qədər fikir toqquşur ki, sanki orada kiçik miqyaslı bir müharibə gedir. Bir tərəfdə “oxumalısan, Harun”, digər tərəfdə “sən onsuz da yorğunsan, nə olacaq bir gün oxumasan?” deyən səslər. Arbitraj yoxdur. Sonda qərarı musiqi verir. Hər şeyi bir kənara qoyub qulaqlığı taxıram. Səssizcə bir az həyatın içində yox oluram. Çünki bəzən sadəcə yox olmaq da yaşamaqdır.
Bəziləri deyir ki, qarışıq olmaq zəiflikdir. Amma əgər zəiflik gündə 10 fərqli məsələni həll etməyə çalışmaq, həm ruhi, həm fiziki, həm maddi yükü daşımaqdırsa – o zaman bəli, mən zəifəm. Amma bu zəifliyin içində dirəniş var. Axı biz necə öyrənmişik? “Güclü olmaq” dedikləri şey çox zaman susmaq, boğmaq və gülümsəməkdən ibarətdir. Mən gülümsəmirəm. Mən sadəcə davam edirəm. Və bəlkə də bu, daha güclü bir davranışdır.
Bir də insanlar soruşur: “Necəsən?” Cavab vermək istəmirəm. Çünki “normalam” demək yalandır, “pisəm” desəm sorğular başlayacaq, “əla” deyəndə isə, özümə xəyanət etmiş olaram. Ona görə də cavab vermirəm. Çünki mənim “necəliyim” bir neçə cümləyə sığmır. Mənim halım hər axşam yataqda “bu gün də keçdi” deyib dərin bir nəfəs almaqdadır. Hər dəfə yeni günə başlamağa qərar verməkdədir.
İnsan bəzən durub güzgüyə baxır və düşünür – bu mənəm? Bu yorğun, amma inadkar adam kimdir? Niyə bu qədər yüklənib? Bəlkə başqa bir yolda daha az əziyyət çəkərdi? Amma yox. Biz o yollardan keçmək istəmirik. Çünki bizim yolumuz – bəzən tikanlı, bəzən dolama, bəzən də bomboş – bizim özümüzü tapdığımız yoldur.
Bir də var, axşamlar. Axşamlar mənim ən sevdiyim hissədir günün. O anlar ki, hər şey bir az susur. İnsanlar az danışır. Yollar boşalır. Mən isə, oturub fikirləşirəm – bugün nəyi bacardım, nəyi çatdıra bilmədim. Və bəzən, içimdən gələn bir səssiz səs deyir: “Bacardın, Harun. Heç olmasa bu gün də bacardın.” Və bu səsin, nə qəribədir ki, insan səsi olduğunu anlayıram. Bircəmin... Onun sakit, amma arxayınlaşdırıcı səsi. Sanki deyir: “Gecə gəlir, dincəl. Sabah yenə savaş var.”
Səni yoran şey sadəcə fiziki yorğunluq deyil. Gündə 8 saat işləmək, sonra dərsə qaçmaq, metronun havasızlığında boğulmaq, evə gələndə ailənin suallarına təbəssüm etmək – bunlar bir yerə qədər yorur. Amma əsl yoran... heç kimə danışmadığın, danışa bilmədiyin hisslərdir. Yəni o yük ki, sənin kürəyindədir, amma heç kim görmür. Özünü yaxşı aparırsan deyə, “güclüdür” deyirlər. Bəlkə də, bir dəfə “yoruldum” desən, səni anlayacaqlar. Amma qorxursan. Çünki bizdə yorğunluq da qüsur kimi görünür.
Əslində görünməyən yüklərin bir növ "tərbiyəsi" var. Danışmazlar. Sadəcə susub, içindəki enerjini yeyərlər. Bir gün səni yatmağa qoymazlar, bir gün səhər oyananda ayağa qalxmaq istəməzsən. Bəzən olur, düz bir saat tavana baxıram. Heç bir şey düşünmürəm. Amma eyni zamanda hər şeyi düşünürəm. Gözləntilər, uğursuzluqlar, kiminsə bir vaxtlar dediyi mənasız cümlə... Bunlar yığılıb içimə, yastıq kimi yumşaq deyil, daş kimidir. Və mən bu daşı hər gün cibimdə gəzdirdiyim halda, birinə “ağırdı” desəm, bəlkə də deyəcəklər: “Hamı yorğundu.”
Yorğunluq demokratikdir. Hamıya çatır. Amma içindəki yüklə necə yaşadığın fərqlidir. Mən, məsələn, onunla dost olmağa çalışıram. Onu inandırıram ki, sən mənə aidsən, mən sənə yox. Musiqi ilə, yazmaqla, düşünməklə. Və bir də o səs var axı... Hər şeyə rəğmən səni sakitləşdirən səs. Onun səsi. Deyirlər, insanın başı qarışıq olanda bir nəfər yetər ki, səni başa düşsün. Amma o bir nəfəri tapmaq, o səsi tanımaq... çox adamın ömrünə başa gəlir.
Bəzən bir çay stəkanının buxarı içində boğuluram. Amma yenə də içirəm. Çünki vərdişdir. Vərdiş, insanın başı qarışanda tapındığı ən təhlükəsiz sığınacaqdır. Kimi siqaret çəkir, kimi gəzintiyə çıxır, kimi də səssizcə qulaqlıqla, musiqi ilə özünü unutmağa çalışır. Sən özünü unutdunmu heç əziz Oxucum? Mən çox dəfə. Bəzən öz adımı eşidəndə belə qəribə gəlir. Elə bil bu həyatda sadəcə rollardan birini oynayıram. Günün sonunda isə səhnədən çıxıram. Tək.
Sən, deyəsən, artıq hiss eləmisən. Bu dünya səni anlamır. Sən də onu anlamırsan. Bərabərsiz bir müharibədəsiniz. Amma ən qəribəsi odur ki, yenə də səhər oyanırsan. Yenə də mübarizə aparırsan. Çünki içindəki o balaca səs – bəzən bir insanın səsinə qarışan o səs deyir: “Bir az da döz. Bəlkə bu dəfə fərqli olar.”
Mən artıq yorğunam. Elə yorğun ki, bəzən yatmağa da halım olmur. Fiziki yük deyil bu. Deyək ki, çantamda 10 kilo kitab daşıyıram. Bax o asan məsələdir. Amma içimdə daşıdığım şeylər... Onlar ölçülmür. Kiməsə nə isə izah etməyə çalışanda dilim dolaşır. Çünki nə deyəcəyimi özüm də bilmirəm. İçimdə o qədər fikir var ki, bir-birinin səsini batırırlar. Sanki bir otaqda yüz nəfər danışır, mən isə sadəcə divarda asılmış bir tablo kimi baxıram.
Günüm belə keçir. Səhər oyanıram, telefonun ekranına baxıb “yenə başladı” deyirəm. Bir gözüm saatda, bir gözüm əhvalımda. İşə gedirəm. Orada “qaydasız döyüş” başlayır. Biri deyir, sən cavabsan, biri deyir, sən cavabdeh deyilsən, amma yenə də elə bil sən bütün deyilənlərə cavabdehsən. Zehnimi cəmləməyə çalışıram, amma sanki RAM doludur. Fon proseslərdə hələ də düşünürəm: axşam nə oxuyacam? Sevgilim nə hiss edir? Görəsən son günlərdə ona vaxt ayıra bilməməyimi həqiqətən anlayırmı? Mən hara gedirəm?
Musiqi olmasa, bəlkə də bir yerə toqquşardım. Hər gün eyni mahnıları dövr edirəm. Çünki tanış səslər içimi sakitləşdirir. Yeni şeylər eşitmək üçün halım yoxdur. Tanış notlar, tanış səslər. Və bir də onun səsi. Qısa cümlələr deyir, amma mənə bir roman qədər güvən verir. Hərdən zarafatlaşır, hərdən isə susub qulaq asır. Mən danışanda susan insanlara dəyər verirəm. Çünki dinləmək, həqiqətən dinləmək – nadir şeydir bu dünyada.
Gecələr daha fərqli olur. Bəzən sadəcə yatmaq üçün deyil, düşünmək üçün də gecəni gözləyirəm. Çünki gündüzlər çox səs var. Axşamlar isə beynimin səssizliyinə sığınmaq olur. Tək-tək suallar gəlir: "Bütün bunların axırı nədir?", "Yorulmaq normaldırmı?", "Bəlkə, sadəcə hamı kimi yaşamaq kifayətdir?" Amma cavablar yoxdur. Mən cavab istəmirəm əslində. Mən sadəcə bu sualların mənə aid olduğunu bilmək istəyirəm. Özümə yadlaşmaqdan qorxuram.
Ən çox da bu hissə ağırdır. Başqalarına güclü görünmək. Gülürəm, zarafat edirəm, daha işə qismən az gecikirəm, dərsə vaxtında çatmağa çalışıram. Amma içimdə bir səssiz dirəniş gedir. Qışqırmıram, amma döyüşürəm. Çoxları məni "sakit və xoşhal" bilir. Halbuki içimdə səs-küy var. Sadəcə danışmıram. Çünki danışsam, nəyi haradan başlamaq lazım olduğunu da bilmirəm.
İndi isə telefonu söndürürəm. Çünki mənim laptopum yoxdur. Həyat mənə ya batareyası az qalan telefon, ya da sonsuz yuxular təqdim etdi, mən də ikisinin arasında get-gəl edirəm. Çantamın dibində bir dəftər var, bir az əzik, bir az ləkəli-həyatımın metaforu kimi. Sabah yenə işə gedəcəm, əlimdə kofe əvəzinə tərləmiş su şüşəsi, metroda “yer boşalacaqmı?” deyə ümidsiz gözləntilərlə. Yol boyu qulağımda köhnə bir mahnı, cibimdə isə xırda pulla dolu böyük problemlər. Bir anlıq pəncərədən baxıb düşünəcəm: “Bəlkə də həyat, yaşamaq dediyimiz şey, səhv vaqona minmək, amma endiyin stansiyada özünü bir az daha tanımaqdır.”
Və yenə də içimdə o tanış səs var. Sakit, amma təkidli. Heç vaxt qışqırmır, çünki bilirəm ki, həqiqi güc fısıltıdadır. Deyir ki, “Harun, sən nə qədər yorulsan da, nə qədər sualların cavabsız qalsa da, sən hələ də dimdik, alnın açıq durmusan. Bu xaosun içində sənin adını daşıyan bir sistem var. Sənlik bir sistem.” Bəzən düşünürəm ki, bəlkə də insanın beyni Google Chrome kimidir. Onlarla tab açıq, hamısı “çox vacib”, amma bir internet zəifiliyində hamısı çökür. Yaxşı ki, bizdə "refresh" düyməsi var. Bir musiqi, bir nəfəs, bəzən sadəcə sevdiyinin səsi.
Hə, başım qarışıqdır, bəli. Amma bəlkə də ən gözəl yollar elə qarışıqlığın içindən çıxır. Çünki səliqəli həyatların tarixini oxuyan yoxdur, amma qarışıqlığın ortasında ayaqda qalanların hekayəsi bəzən bir dünyanın ruhunu daşıyır. Və mən, çantasında cırıq dəftər, cibində metal qəpiklər, beynində min sualla belə, yenə də yaşamağı seçirəm...
Və bir həftədir ki, bu sözləri sənə yazmağa çalışıram, əziz Oxucum.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
IX Muğam Televiziya Müsabiqəsi başlayır
Muğamsevərlərin, ümumən musiqisevərlərin maraqla qarşılayacağı bir xəbər - Heydər Əliyev Fondunun dəstəyi ilə IX Muğam Televiziya Müsabiqəsi başlayır.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun rəsmi facebook səhifəsində məlumat verilib.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə baş tutacaq müsabiqənin hazırda seçim turları keçirilir.
Aprelin 30-dək davam edəcək seçim turlarında münsiflər heyəti respublikanın bütün bölgələrindən müsabiqəyə sənəd təqdim edən iştirakçılar sırasından 20 nəfər gənc və 10 nəfər yeniyetməni seçəcək.
Mayın 13-də start götürəcək IX Muğam Televiziya Müsabiqəsində yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edəcək.
“Ədəbiyyat və incəsənət”
(27.04.2025)
GƏNCƏ DÖVLƏT FİLARMONİYASInda “Sözün gücü”
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Sözün gücü" layihəsi təqdim olunub. Layihə çərçivəsində Filarmoniyanın Urban Mərkəzində Xalq şairi Səməd Vurğuna həsr olunmuş "Vurğunun qiraət gecəsi" keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, tədbirdə Gəncə şəhər 1 və 4 nömrəli UMM-nin şagirdləri, qiraətçilər İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin "Dünya", "Şair nə tez qocaldın sən", "Gözlər", "Lalə", "Aygün" poemasından Əmirxanın monoloqu, "Vurğun dünyası", "Vaqif" dramından Qacarla Vaqifin dialoqu, "Azərbaycan" şeirlərini səsləndiriblər.
Qeyd edək ki, mütəmadi olaraq layihə çərçivəsində Azərbaycanın görkəmli yazıçı və şairləri yad ediləcək.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Gənclər Kitabxanasında görkəmli alim, Əməkdar elm xadimi Mir Cəlala həsr edilən virtual sərgi hazırlanıb
Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin anadan olmasının 117 ili tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Mir Cəlal Paşayevin anadan olmasının 117 illiyi münasibətilə növbəti material “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərənəcamı ilə qəbul edilən rəsmi sənədlərin, yazıçının müəllifi olduğu və haqqında qələmə alınan kitabların tam mətni təqdim edilir. Belə ki virtual sərgidə müəllifin müxtəlif illərdə Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən, minlərlə oxucunun hafizəsində və qəlbində Mir Cəlal obrazını yaradan “Bir ömrün imzası”, “İki rəssam”, “Ədəbi tənqid”, “Füzuli sənətkarlığı”, “Mir Cəlal dünyasından sətirlər”, “Yuxu və külək”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli ideyaları”, “Mir Cəlal xatirələrdə”, “Mir Cəlal dünyasından sətirlər” kimi 40-dan çox kitabın tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Mir Cəlalın çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları - Nizami Cəfərov”, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turanın “Mir Cəlal şəxsiyyəti 1937 və 40-cı illər kontekstində”, şair, publisist İntiqam Yaşarın “Müəllimimin böyük ustadı - Mir Cəlal Paşayev”, jurnalist Nəzakət Ələddinqızının “Xeyirxah insan, görkəmli yazıçı, böyük alim - Mir Cəlal Paşayev” kimi 10-dan çox məqalənin tam mətni də sərgilənir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/professor-mir-celal-pasayev linkindən istifadə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Sabah ara-sıra yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sabah – aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 22-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırlır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda keçirilən “II Türk Dünyası Mədəniyyət Forumu”nda iştirak edib
26 aprel 2025-ci il tarixində qədim Xivə şəhərində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans və “II Türk Dünyası Mədəniyyət Forumu” öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, forumda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova tədbirin yüksək səviyyədə təşkili, səmimi qəbul və qonaqpərvərlik üçün Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyeva və Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Çıxışında xanım Raimkulova Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olaraq yaxın zamanda qoşulacağı ilə bağlı məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu addım Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi elmi, mədəni və maarifləndirici birgə təşəbbüslər üçün yeni üfüqlər açacaq, önəmli mərhələ olacaq”.
Forum iştirakçılarına Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi əsas layihələr təqdim olunub. Prioritet istiqamətlər sırasında — Türk xalqları folklorunun Antologiyasının hazırlanması, çoxdilli rəqəmsal irs kataloqunun yaradılması, beynəlxalq konfrans və sərgilərin təşkili, bərpa layihələrinin dəstəklənməsi və Türk mədəniyyəti və irsi mərkəzlərin yaradılması xüsusi qeyd olunub. Fond, Mədəniyyət Nazirliyinin dəstəyi ilə belə mərkəzlərdən birinin Daşkənddə yaradılmasına hazır olduğunu bildirib.
Aktotı Raimkulova bu tədbirin baxşı sənətinin elmi tədqiqatlarının dərinləşdirilməsi ilə yanaşı, Türk dünyası ölkələri arasında mədəni-mənəvi əlaqələrin genişləndirilməsi məqsədi daşıdığını vurğulayıb.
Qeyd etmək lazımdır ki, Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri, Qırğız Respublikasının mədəniyyət nazirinin müavini, eləcə də ICESCO, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış alimlər, folklorşünaslar, baxşılar, Türk dünyasının mədəniyyət xadimləri və media təmsilçiləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
İzmirdə Balkan türkləri ədəbiyyatı coşqusu
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Şair, ədəbiyyatşünas Təranə Turan Rəhimli İzmir Karşıyaka Kültür Mərkəzində KIbrıs Balkanlar Avrasiya Türk ədəbiyyatları Qurumunun ev sahibliyi ilə tanınmış şair, araşdırmaçı, Balkan türkləri ədəbiyyatının yorulmaz tədqiqatçısı Necil Şükrü Aydının "Balkanlardakı Anadolu: Fustana və çevrəsi", "Qarasunun səsi" adlı türkoloji araşdlrmalarına həsr edilmiş tədbirdə iştirak edib.
Bildirdiyinə görə, türkologiya elminə qiymətli töhfələr olan bu kitabların yaddaşlarda dərin iz buraxacağına inanan dəyərli Türk dünyası aydınları, görkəmli şair və yazıçılar, TRT sənətçiləri, siyasətçilər, millət vəkilləri tədbirdə iştirak edərək sözügedən əsərlər haqqında fikir söyləyiblər. Tədbirdə dövlət himni səsləndikdən sinra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Kıbrıs, Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun fəxri və qurucu başqanı Fəyyaz Sağlam tədbiri giriş sözü ilə açaraq Necil Şükrü Aydının Balkan torpaqlarının övladı olduğunu, Bolqarıstandakı tarixi türk yurdlarına, doğulduğu Qarasu çevrəsinə, Fustana kəndinə sevgisindən söz açıb. Türk dünyası ziyalılarının işığına toplaşdığı dəyərli kitablarının da məhz həmin sevgidən qaynaqlandığını, böyük bir millətsevərlik, yurd, el-oba təəssübkeşliyi ilə yazıldığını vurğulayıb. Natiq uzun illər ədəbi fəaliyyətində doğulduğu ana torpağı, onun dəyərlərini tərənnüm edən Necil Şükrü Aydının indi də oxucularının görüşünə bu qiymətli türkoloji kirabları ilə gəlməsini Bolqarıstan türkləri üçün önəmli bir mənəvi sərvət olduğunu qeyd edib.
Şair Leyla İşıq çıxışına bu sözlərlə başlayıb: "Azadlıq və müstəqillik mənim xarakterimdir" deyən, görüş və düşüncələriylə bizlərə işıq tutan Mustafa Kamal Atatürk də bir Balkanlı idi. O da Balkanların itirilməsindən sonra başqa bir vətəni olmadığını bildiyi üçün Anadolu torpaqlarını düşməndən qurtarmaq savaşına başladı və bizlərə bir vətən qoyub getdi, Türkiyə Cümhuriyyətini qurdu. Yalnız bir gerçək də var ki, özü kimi o torpaqları və bütün bütün sərvətlərini qoyub yurdlarını tərk etmək məcburiyyətində qalanlar dərdləri ilə birlikdə xatirələrini də gətirdilər. Atatürk məhz buna görə "Mücahidlər itirdikləri ölkələrinin milli xatirələridir" deyirdi."
Leyla İşıq Necil Şükrü Aydının Balkanlardan köç edən bir ailənin övladı, o torpaqlarda dünyaya göz açan Balkan türkü kimi türkologiya sahəsində 50 ildən çox araşdırdırıb topladığı bilik və məlumatları "Balkanlardakı Anadolu: Fustana və çevrəsi", "Qarasunun səsi" kitablarında fakt və sənədlərlə oxuculara təqdim etdiyini bildirib. O, müəllifin bu araşdırmalarından daha öncə 2024-cü ildə nəşr edilən "Qarasunun səsi - Mesta Qarasu vadisi sözlü mədəniyyəti" adlı kitabında da Bolqarıstan türklərinin tarixi, dili və ədəbiyyatına dair dolğun ədəbi-elmi münasibətinin əks olunduğunu vurğulayıb.
Tədbirin rəsmi hissəsində çlxış edən Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun başqanı Aygün Selvitopu, Balkan Köçmənləri Dərnəyinin başqanı Abdurrahim Nursoy, Makedoniya Köçmənləri Dərnəyinin başqanı Kadri Altınkalp, Makedobiya Köçmənləri Dərnəyinin fəxri və qurucu başqanı, Millət vəkili Kemal Vatan, Dr. Fadil Ünal, Dosent Doktor Seçkin Sevim və başqaları çıxış edərək Necil Şükrü Aydının şair, araşdırmaçı şəxsiyyətindən, "Balkanlardakı Anadolu: Fustana və çevrəsi", "Qarasunun səsi" kitabkarının məziyyətlərindən bəhs ediblər.
Tədbirin Ədəbiyyat paneli ilə davam edən elmi hissəsi KİBATEK-in qurucu və fəxri başqanı Fəyyaz Sağlamın moderatorluğu ilə gerçəkləşib. Ədəbiyyat panelində Dosent Doktor Atıf Akgün, Dosent, doktor Təranə Turan Rəhimli, Doktor Mevlut Kaplan, Doktor Mehmet Yardımçı Balkan türkləri ədəbiyyatı və Necil Şükrü Aydının araşdırmalarına dair məruzələrlə çıxış ediblər.
Filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli çıxışında Azərbaycan və Balkan Türklərinin ədəbi əlaqələrinin tarixindən söz açaraq Bolqarıstan türkləri ilə əlaqələrin öz miqyası, zənginliyi baxımından digər Balkan türkləri ilə əlaqələrdən daha dərin olduğunu vurğulayıb. Bolqarıstan türklərinin milli-mənəvi mədəniyyətinin, ədəbi irsinin formalaşmasında və inkişafında Azərbaycan xalqının müstəsna rolu olduğunu qeyd edərək bu əlaqələrin XX əsrin ortalarından başlandığını nəzərə çatdırıb. O, 1950-ci ildə Bolqarıstan türklərinin Türkiyəyə köç etməsinin çox az bir müddətdə Bolqarıstanın ağır sənayesini, kənd təsərrüfatını tənəzzülə uğratdığını, bundan narahat olan siyasi dairələrin ölkə üçün faciəyə çevrilən böyük köçün qarşısını almaq üçün Stalindən yardım istədiyini, beləliklə, Stalinin Moskvadan Nazim Hikməti köçün qarşısını almaq üçün Bolqarıstana təbliğata göndərdiyini xatırladıb. Bu tarixi səfərdən sonra Bolqarıstan türklərinin milli-tarixi taleyində ciddi dönüşü isə ilk nöbədə1951-ci ildə köç durdurulunca Stalinin türkcə məktəblər açdırması və orada dərs demək üçün Azərbaycandan müəllimlər göndərilməsi ilə əlaqələndirdi. Bolqarıstana göndərilən müəllimlər, alimlər, ədəbiyyatçılar və mədəniyyət işçilərinin Bolqarıstan türklərinin elm, mədəniyyət yolunda mayakı olduğunu vurğulayan Təranə Turan Rəhimli Bolqarıstan türklərinin mətbuatının, teatrının formalaşmasında da Azərbaycan aydınlarının ciddi təsiri olduğunu qeyd edib.
Eləcə də Bolqarıstan türklərinin Azərbaycana böyük sevgisinin kökləri haqqında bəhs edərək vurğuladı ki, Bolqarıstan Türkləri Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn qıpçaq, peçeneq və proto-bolqar xalqları ilə birgə Xorasan və Azərbaycandan gələn oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə yörük və türkmən boyları da buraya qatılmışdır. Təranə Turan Rəhimli Balkan Türklərinin ədəbiyyatını bütünlükdə yaradıcılığında, istər poeziyasında, istərsə də araşdırmalarında layiqincə təmsil edən, bu ədəbiyyata önəmli töhfələr verən Necil Şükrü Aydını Bolqarıstan türklərinin milli-tarixi taleyinə son dərəcə həssas münasibəti ilə seçilən bir ziyalı kimi tanıdığını bildirib. Çox kiçik yaşlarında doğma vətən torpaqlarından qoparılan, ancaq bütün ruhuyla, qəlbiylə o torpaqlara bağlı olan şair-tədqiqatçının KIBATEK Yayınlarında nəşr edilən “Qarasunun səsi”, Balkanlarda Anadolu: Fustana və çevrəsi” kitablarında müəllifin öz şair, türkoloq, pedaqoq, nəhayət, təəsübkeş, vətənsevər Türk mövqeyini ortaya qoyduğunu qeyd edib. O, çıxışında xüsusi olaraq vurğulayıb: "Şükrü Aydın araşdırmasında Balkanlardan ortaq yurd kimi söz açır, bu yurdda tarix boyu xalqların iç-içə, birlikdə yaşadığından, tarixdə türk-bolqar yaxınlığından bəhs edir, bununla da müasir dünyada xalqlar arasında irqçilik, şovinizm kimi insanları qruplara parçalayan anti insan münasibətlərə etirazını bildirir. Əslində müasir dünyanın müharibələrin içində yox olmaq təhlükəsi yarandığı, hər gün uşaqların öldürüldüyü, gələcəyin soyqırımına xitam verildiyi XXI əsrdə məsələyə belə humanist mövqedən elmi münasibət göstərmək son dərəcə qiymətli və gərəklidir. Onun kitabları Qarasu vadisində yaşayan türklərin kültürünün, Anadolu kültürünün daha uzaqlarda əks-sədasından xəbər verir. Fistana türküləri, ezgiler, havalar, sülalə və yer adları, manilər, ata sözləri, əfsanə və nağıllar, lətifələr, xüsusilə Nəsrəddin hocanın lətifələri Qarasu vadisindəki Fustana və çevrəsinin, eləcə də Balkanlardakı Anadolunun yüz illərlə yaşatdığı milli-mənəvi dəyər kimi Bolqarıstan türkləri haqqında qəhrəman xalq təəssüratını doğurur. “Qarasunun səsi” kitabının sonunda “Yörəsəl sözlük” verilib, o sözlüyü oxuyanda yarıdan çoxunun Azərbaycan türkcəsindəki sözlər olduğunu gördüm. Əba, ağa, ağız, analıq, ambar, əcəb, aş, ayran kasası, bayramlıq, bulamac, babalıq, çardaq, davar, dəbəlləşmək, qaytan və bunun kimi çox sözlər Azərbaycan türkcəsində də eyni mənanı verir. Bu da onu göstərir ki, türk xalqları uzaq yüzillərdən bəri əcdadlarının dilini qoruyub saxlaya bilib. Və bu dil yaşadıqca türk xalqı yaşayacaq, harada olmasına, hansı çətinliklərdən keçməsinə baxmayaraq türklərə uzanan xain əllər bu topluimu öz milli dəyərlərindən qopara bilməyəcək. Şükrü Aydın hocanın kitablarındakı hər bir bölüm başlığı ayrıca bir araşdırma mövzusu ola bilər. Buradakı məsələlərin dərinliyi, tarixin qaranlıq səhifəsinə işıq tutan həqiqətlərin yozumu yeni-yeni araşdırmaların ortaya çıxmasına stimul verir."
Tədbirin bədii hissəsində də çıxış edən Təranə Turan Rəhimli Balkan mövzusunda yazdığı "Batı Trakya", "Mənim tarixim" adlı şeirlərini və Azərbaycan dilinə yeni tərcümə etdiyi, Azərbaycan-Bolqarıstan türklərinin dostluq rəmzi kimi səslənən, Necil Şükrü Aydının "Azərbaycanımız bizim" adlı şeirini oxuyub.
Tədbirin bədii hissəsində TRT sənətçiləri - Hasan Karataş məharətli "Sarı Zeybek" rəqsi, Havva Karakaş dinləyiciləri sehrləyən bədii qiraəti, Hale Gürer rəhbərlik etdiyi xorun ifası ilə türk incəsənəti və mədəniyyətinin zənginliyini bütün gözəlliyi ilə canlandırıblar.
Tədbirin sonunda çıxış edərək iştirakçılara təşəkkürünü bildirən şair, türkoloq Necil Şükrü Aydın ədəbiyyatın birləşdirici gücünü ən önəmli təbliğat vasitəsi və mədəni dostluqların təməli kimi dəyərləndirib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
RƏŞAD MƏCİD: "Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı dövlətimizin mediaya ciddi dəstəyinin nümayişidir”
“Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial media hesabında qeyd edib.
Rəşad Məcid daha sonra yazır:
“Bu Sərəncam həm də Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm.
Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır.
Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar.
Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq.
Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da.”
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Mənim Mir Cəlalla bağlı bir xatirəm
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”
Bu gün görkəmli alim, yazıçı, içtimai xadim və pedaqoq Mir Cəlalın anadan olduğu gündür. Mənim müəllim kimi yetişməyimdə böyük rolu və təsiri olmuş məşhur pedaqoqa öz hörmət və ehtiramımı bildirməkə kiçicik bir xatirəmi sizlərlə bölüşmək istəyirəm.
Müəllim sarıdan bəxtim həmişə gətirib.Qismətimdən mükəmməl müəllimlərim olub. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs almışam. Ali məktəbdə (ADPU-da) isə İsmayıl Şıxlı, Afat Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev və Mir Cəlal kimi tanınmış pedaqoqlarım olub.
Bəli, M.Cəlal kimi.
Düzdür, o, ADU-da (indiki BDU-da) işləyirdi. Biz də 1976-1977-ci illərdə imkan və şərait olan kimi ADU-ya gedər, oradakı dostlarımızın köməyilə içəri keçər, Mir Cəlal müəllimin mühazirələrində iştirak edərdik. Görkəmli yazıcımız heç vaxt mühazirələrində iştirak etməyimizə etiraz etməzdi. İlk dəfə dostum Etibarla ondan mühazirəsində iştirak etmək üçün izin istəyəndə kim olduğumuzla maraqlanmışdı. Gələcəkdə dil-ədəbiyyat müəllimi olacağımızı biləndə “Hə, onda gəlin”, – demişdi.
Mir Cəlal müəllim auditoriyaya daxil olanda əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Çünki mənəvi dünyası əzəmətli idi. Həm bütöv xarakteri, pedaqoji etikası, həm də müstəqil düşüncəsi, zəngin nitqi ilə məni valeh edirdi.
Mən onda bir sadəlik və böyüklük, Tanrı sənəti olan müəllimliyə ilahi sevgi görürdüm. O, adi müəllim deyil, ustad müəllim idi. Parlaq şölə tək biliyini tələbələrindən əsirgəmirdi. M.Cəlal müəllim kamil insan, tanınmış alim, görkəmli yazıcı və ustad pedaqoq kimi təkcə mövzunu izah etmir, eyni zamanda insanların şüuruna, baxışlarına təsir edirdi.
Azərbaycanın Xalq şairi N.Həsənzadənin yazdığı kimi “…onu tanımaq, o dovrün tələbələri üçün bir şans, bir xoşbəxtlik idi”. Bu şans mənə də qismət olmuşdu və mən də o xoşbəxtlərdən idim. Müəllim kimi yetişməyimdə digərləri ilə yanaşı, Mir Cəlal müəllimin də müstəsna rolu oldu. Məhz onların sayəsində müəllimliyin zirvəsinə yüksələ bildim.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)