Super User

Super User

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət”

 

1976-cı ildə rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun ekran  əsəri olan “Dərviş Parisi partladır”  filmi barədə söhbət edəcəyəm.  Film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" pyesi əsasında lentə alınıb.

 

Milli kinematoqrafiyamızda Axundovun yaradıcılığına çox müraciət olunmayıb. Onun bu əsərindən başqa bir də “Hacı Qara” pyesi ekranlaşdırılıb.

“Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" müəllifin digər əsərlərindən yığcamlığı, mövzuya daha sadə yanaşması, hətta bəsitliyi ilə seçilir.

Süjetə görə fransız alim Müsyo Jordan (aktyor Sergey Yurski) Qarabağa yerli bitkiləri öyrənmək, onlar haqda məlumat toplamaq üçün gəlir. Burda onu Qarabağ xanlarından biri Hətəmxan ağa (Adil İsgəndərov) qarşılayır. Onun qardaşı oğlu Şahbaz bəy (Ənvər Həsənov) Müsyo Jordanla fransız dilini, elm öyrənmək üçün Parisə getməyə hazırlaşır. Şahbaz bəy əmisiqızı Şərəfnisəyə (Mömünat Qurbanova) nişanlıdır və o, Parisdən qayıdandan sonra evlənməyi qərara alır. Bundan qeyzlənən əmisi arvadı Şəhrəbanu (Leyla Bədirbəyli) onun Parisə gedən yolunu kəsmək üçün cadugər Dərviş Məstəli şahdan (Mirzə Babayev) kömək istəyir...

 

Filmin ideya problematikası avamlığın tənqidi, təhsilin, elmin önəmini vurğulamaqdır və əsas konflikt Müsyo Jordanla Məstəli şah arasında baş verir. Hərçənd, süjetə əsasən bu obrazlar görüşmürlər. Müsyo Jordanın onun varlığından belə xəbəri olmur. Çünki əhvalatda əsas məsələ obrazların yox, ideyaların, dünya görüşlərin konfiliktidir ki, onu da müəlliflər çatdıra biliblər.

Ümumiyyətlə, filmdə həmin dövrün sosial-ictimai mühitin, cəmiyyətdə kök salmış dominant dünyagörüşün, mentallığımızın təsviri obrazlı verilib. Evin xanımının alimə çör-cöp yığan kimi baxması, onu ciddiyə almaması, toy ənənəsinin bizim üçün həyati əhəmiyyət kəsb etməsi, yeniliyə açıq olmamaq, yaşamın ailə təsəvvürləri, məişətlə sərhədlənməsi, ağsaqqal-ağbirçək institutunun gənclərin qərarlarına müdaxiləsi, özlərini bunda haqlı bilməsi və digər problemlər əhvalatda əks olunur.

Filmin müəlliflərindən biri Ş. Mahmubdəyov xatirələrində əsərin ekranlaşdırılmasının zərurətini belə izah edir: “Axundov hiyləgər, fırıldaqçı, avam adamları aldadıb soyan, tüfeyli Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyo Jordanın obrazını yaratmışdır. Məstəli şahin simasında feodal cəmiyyətin tipik nümayəndəsini gördük. Müsyo Jordan elm, maarif və tərəqqi simvolu kimi diqqətimizi cəlb edib. Biz məhz bu obrazları kino dili ilə canlandırmaq məqsədilə böyük dramaturqun komediyasına müraciət etmişik”.

 

Ancaq problem ondadır ki, pyes demək olar, olduğu kimi ekrana köçürülüb. Yəni onun müəlliflər tərəfindən bədii interpretasiyası yoxdur. Ssenari müəllifi Ədhəm Qulubəyov filmə Rəşid obrazını əlavə edib. Ş. Mahmudbəyov Rəşid obrazının əlavə olunmasını onunla izah edir ki, müəllif (yəni ssenarist) müsbət cəhətlərin inkişafını qabartmaqla tənqidi daha da gücləndirmək istəmişdir: Bu məqsədlə də ali savadlı Rəşid bəy obrazını ssenariyə əlavə etmişdir ki, onunla müqayisədə savadsızlıqdan irəli gələn, nadanlıq, avamlıq gülüş hədəfinə çevrilsin”.

 

Bu arada kino mütəxəssilərinin də fikrini çatdırım. Halbuki, mütəxəssilər Məstəli şaha, qadın obrazlarına geniş yer verməklə, hətta bəlkə Müsyo Jordanla Məstəli şahı qarşılaşdırmaqla müəlliflər filmi ənənəvi komediyaya yox, absurda çevirə bilərdilər və məzmunun məna miqyası daha da genişlənərdi. Ümumiyyətlə, Axundovun əsərlərini komediyanın demək olar ki, bütün subjanrlarında işləmək mümkündür.

Filmin son epizodlarından birində qulluqçu qadın Sənəm (Səfurə İbrahimova) deyir: “Eh, xanım, kişilərin ağlı olsaydı, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?” Misalçün, bundan çıxış edərək, əsəri qadın dramı da etmək mümkün idi.

“Dərviş Parisi partladır” filminin iki rejissoru, iki operatoru olması maraqlı faktdır. Çünki quruluş etibarilə bu, sadə bir filmdir. Yəni iki rejissora ehtiyac nədən qaynaqlanıb?

“Aranfilm” yaradıcılıq mərkəzinin rejissoru, milli filmlərimizin araşdırıcılarından biri Babək Abbaszadə deyir ki, “Dərviş Parisi partladır” filmini əslində Hüseyn Seyidzadə çəkməliydi: “Hüseyn Seyidzadə bizim ən başıbəlalı rejissorumuz olub və onun neçə filmini əlindən alıblar. “Qatır Məmməd”i, sonra “Dərviş Parisi partladır”ı və digərlərini. Ancaq filmdə iki rejissorun adı olsa da, müxtəlif adamların xatirələrindən rejissor kimi ən çox Şamil Mahmudbəyovun adı çəkilir”.

 

Başqa bir mənbənin dediyinə görə, Kamil Rüstəmbəyov xarakter olaraq çox müstəqil idi, “sözəbaxan” olmadığına görə onu filmdən uzaqlaşdırıblar.

Müsyo Jordan roluna çəkilmiş aktyor Sergey Yurski fransız dilini mükəmməl bilib. Filmdə fransız dilində mahnını da özü ifa edib. Hərçənd, filmdə nədən rus dilində mahnının ifa olunması aydın deyil. Aktyor Azərbaycan dilində sözləri özü səsləndirib. Onun üçün Azərbaycan dilində mətnlər yazılıb, o da əzbərləyirmiş.

Milli kinomuzun epizod ustaları Kamil Məhərrəmovun, Fazil Salayevin, Mirzə Babayevin ifaları, qadın obrazları əhvalatı dinamikləşdirir.

Çəkilişlərin bir hissəsi Qarabağda və Şamaxıda, bəzi səhnələr isə pavilyonda aparılıb. Dərviş Məstəli şahın həyata keçirdiyi partlayış səhnəsi kinostudiyanın pavilyonunda çəkilib. Müsyo Jordanın Fransada inqilabın baş verdiyi xəbərini alanda, huşunu itirdiyi yer Mərdəkanda, zəngin bir azərbaycanlının evinin önündə lentə alınıb.

 

Müsyo Jordanın içində Fransanın təsvirləri olan aparat filmin rəssamı (Nadir Zeynalov) tərəfindən verilmiş eskiz əsasında hazırlanıb. Filmdə istifadə olunan atlar ippodromdan gətirilib.

Diqqəti çəkən səhnələrdən biri Müsyö Jordanın şərəfinə verilən ziyafətdə Şahbaz bəyin əla rəqsiydi. Şahbaz rolunun ifaçısı Ənvər Həsənov İncəsənət İnstitutunda oxuyanda Əlikram Aslanovun rəhbərlik etdiyi "Qobustan" rəqs ansamblının üzvü olub.

Ə. Həsənov bu filmə kimi artıq “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm” filmlərində oynamışdı. Şərəfnisə rolunun ifaçısı Mömünat Qurbanova filmə çəkiləndə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsiydi. Rola uyğun aktrisa tapmaq üçün rejissorlar Ə. Həsənovan xahiş etmişdilər ki, o da həmin axtarışlara qoşulsun. Aktyor İncəsənət İnstitutunda kursları gəzəndə, Mömünat Qurbanovanı görür və ilk baxışdan onun rola uyğun olduğunu hiss edir. Filmdən sonra isə onlar nişanlanıb, ailə həyatı qururlar. Bundan sonra cütlük daha iki filmdə “Atları yəhərləyin” və “Son döyüş” filmlərində tərəf müqabili olur. (Mömunat Qurbanova 2008-ci ildə avtomobil qəzasında həlak olub).

“Dərviş Parisi partladır” filmi üzərində 2011-ci ildə Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə bərpa işləri aparıb.

Filmin quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, bəstəkarı Tofiq Quliyevdir.

Məncə, bu qədər bəs etdi. Baxmayanlar varsa, buyurub baxsınlar.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Robin Şarmanın uğura yönəldən 30 kəlamından son 10-u.

1.   Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.

2.   Tam yetkin şəxsiyyət olmağın əlaməti -  baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.

3.   Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.

4.   Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.

5.   Möcüzəli anların qədrini bil, onlarda çim!

6.   Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.

7.   Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.

8.   Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.

9.   Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.

10.               Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

“YADIMA DÜŞDÜ”

                       Oğlum Anara

 

Dənizdə ləpə var, göydə bulud var,

Gündə durna keçir göydən yüz qatar.

Baxdım üfüqlərə həzin axşamlar,

O məlul durmağın yadıma düşdü.

 

Bax, yaşıl Krımda yarpaqlar solub,

Elə bil təbiət işdən yorulub,

Hərdən qərib-qərib gözlərin dolub,

Boynunu burmağın yadıma düşdü.

 

Könlüm sənsiz ağlar, səninlə gülər,

Ata olmayanlar bunu nə bilər?

Tutub çarpayının yanından səhər

Ayağa durmağın yadıma düşdü.

                                 Krım, Yalta, 1938

                                                           

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Cümə, 25 Aprel 2025 08:34

Diqqət İRƏVANA!

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

 

 

(ll bölüm)

 

 

 

Tarixi kontekst və texniki gerçəkliklər

 

 

 

Vəkilovların mülkü – İrəvanda yerləşən, yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən gətirilmiş seçmə materiallarla ucaldılmış üçqatlı ev və yardımçı tikililərdən ibarət olub.

 

Əsasən İrəvan çevrəsindən (yaxınlarından) daşınmış materiallardan başqa,

 

ağac materiallar (palıd, qozqara, vələs, fıstıq) – Vəkilovlara doğma Şəmşəddil meşələrindən (indiki Tovuz-Qazax bölgəsi),

 

daşlar – İrəvanın ətraf dağlıq və bəzək daşları ilə zəngin ərazilərindən gətirilib.

 

Bəzi materiallar at arabaları ilə, bəzi hallarda (Trans-Qafqaz) dəmiryolu ilə daşınıb.

 

Naxışlı taxta şəbəkələr və ornamentli daş oymalar – dövrün zövqünə uyğun yerli ustaların əl, ağıl və ruhi gücüylə işlənib.

 

 

 

Müsadirə və yenidən istifadə mexanizmi

 

 

 

1920-ci illərdə sovetləşmədən sonra İrəvandakı bir çox azərbaycanlılara məxsus mülk:

 

 • Dövlətləşdirilib (müsadirə olunub),

 

 • Dağıdılıb və ya yenidən istifadəyə yönləndirilib.

 

 

 

Memarlıq baxımından praktika:

 

-Sökülən binaların saxlamalı və künc bağlama daşları – yenidən istifadə üçün ən yararlı materiallar sayılıb;

 

-Ən keyfiyyətli daşlar fasadların sütun bazalarında, karniz elementlərində, portal girişlərdə istifadə olunub;

 

-Şəbəkələr və bəzəkli ağac elementləri – daha çox interyer təmirində, pəncərə üstlüklərində, tavan naxışlarında və s. tətbiq edilib.

 

 

 

Hökumət binasında izlər…

 

 

 

Gəlin bu məqamda, memarlıq araşdırmaçıları üçün maraqlı paralellər (ritorik suallar) qurmağa çalışaq:

 

-Hökumət binasının karnizlərindəki qəhvəyi və açıq-boz rəngli daş parçaları, öncəki mülklərdən daşınmayıbmı?..

 

-Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz yerlərdə istifadə olunan materialların ikinci dərəcəli daşlardan olması, onların sökülmüş tikililərdən gəldiyini göstərmirmi?..

 

-Əgər azərbaycanlı mülklərinin yeni fotoşəkilləri və ya planları tapılsa, Hökumət Evi və çevrədəki 100 yaşlı tikililərdə detallar ilə müqayisə aparmaqla bənzərliklər ortaya çıxarıla bilməzmi?.. 

 

(XX yüzilin sonlarında Qarabağdan talanıb aparılmış ev materialları, hətta qəbristanlıqlardan çıxarılmış mərmərlər erməni generalların, imkanlı ermənilərin villalarında, bağ evlərində istifadə olunmayıbmı?..)

 

 

 

Mübaliğəyə nə hacət? - Vəkilovlar mülkünün ağac işləmələri və daşları, həmin dönəmin iqtisadi çətinliyi və material çatışmazlığı ortamında, sistematik şəkildə sökülüb, yenidən istifadə edilib… Özəl boyaların əldə edilməsi üçün Naxçıvan, Göyçə, İrəvan və b. yerlərdən yığılmış çöl bitkilərinin, ağac qabıqlarının emalı, habelə azərbaycanlılara məxsus ev quşlarının bir neçə aylıq yumurtasının toplanaraq (halal yolla) satınalınması - onların Vəkilovlar mülkünün tikintisində, süsündə, boyanmasında incədən incə istifadəsi də bu məqamda xatırlanmalıdır…

 

Bax, onların izi – artıq yoxa çıxmış bir sarayın ruhu kimi, Ermənistan Hökumət Evinin, çevrədəki 100 yaşlı tikililərin təməlində, divarlarında və s. “susub” yaşayır… Yaşayır ki, doğma səs duysun, doğma söz eşitsin, doğma üz görsün və bir gün yenidən doğma ruha köklənsin…

 

 

 

Pozğunların pozuculuğu

 

 

 

İrəvanın tarixdəki ilk erməni dövlətinin paytaxtı elan edildiyi zaman Vəkilovların və digər yerli İrəvanlıların mülklərinin yadellilər tərəfindən “milliləşdirilmə”si, daha doğrusu, müsadirəsi mülki hüquq pozuntusudur.

 

Əgər bu mülklər yaxud mülk yeri sonradan dövlət binası kimi istifadəyə verilibsə, bu, hüquqi təzminat iddiası baxımından önəm daşıyır.

 

Bəs, bu bilgilər gələcəkdə tarixi mülkiyyət iddiası üçün (mülki və uluslararası) hüquq tribunallarında istifadə edilə bilərmi? - Əlbəttə, hüquq uzmanları bu suala daha detallı cavab verə bilər.

 

Mövzu üzrə başqa bir istiqamət arxitektonika və ailə soykökü ilə bağlıdır:

 

Paşa bəy → Kərim bəy → Məhəmməd bəy → Kərim bəy, Qədim bəy, Yusif bəy və b. – bu nəsil ağacı həm tarixi tanıqlıq, həm də miras hüququnun izlərini göstərmək baxımından vacib sayılmalıdır.

 

Sizcə, bu ailənin üzvlərinin İrəvandakı mülkiyyət bəlgələri, şəkilləri, məktubları və ya istinad edilə biləcək qaynaqları varsa, bunlar ən güclü hüquqi sübut sayılmazmı?.. - “Çıraqov və digərləri Ermənistana qarşı” (Chiragov and Others v. Armenia) adlı - 10 il öncə qərara bağlanan işi yadımıza salaq. — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü, 14-cü maddələrinin, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun bundan 20 il öncə - 06.04.2005-ci ildə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16.06.2015-ci ildə qərar qəbul edib

 

 

 

Beləliklə, gəlin

 

Vəkilovların İrəvan mülkləri, torpaqları və s. ilə bağlı mümkün uluslararası hüquq istinadlarını sıralamağa çalışaq:

 

a.) Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi:

 

“No one shall be arbitrarily deprived of his property”.

 

(Universal Declaration of Human Rights, Article 17(2));

 

b.) İrsi mülkiyyətin qorunması:

 

“Every person has the right to the peaceful enjoyment of his possessions”.

 

(Protocol No. 1 to the European Convention on Human Rights, Article 1);

 

c.) Tarixi mülklərin müharibə və köç sonucunda müsadirəsi hallarında hüquqi məsuliyyət:

 

“Expropriation without due process or compensation constitutes a breach of customary international law”.

 

(UN Sub-Commission on Prevention of Discrimination and Protection of Minorities, 1993 Report).

 

 

 

Vəkilovların milli hüquqla uyğunlaşdırıla biləcək istinadları (Azərbaycan Respublikası Mülki Məcəlləsi kontekstində):

 

a.) Əmlak hüququ:

 

“Əmlak hüququ — mülkiyyətçinin əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam hüququdur”.

 

(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 148.1);

 

b.) Öncəki hüquqi rejimə əsaslanan mülkiyyətin bərpası:

 

“Əgər mülkiyyət hüququ qanunsuz olaraq məhdudlaşdırılıbsa, o bərpa olunmalı və zərərçəkmiş şəxsə kompensasiya ödənilməlidir”.

 

(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157.2);

 

c.) İrs hüququ:

 

“Vəsiyyət və ya qanun üzrə irs əmlakın varisə keçməsi hüququnu müəyyən edir”.

 

(Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 1143 və davamı)…

 

 

 

Haşiyə-2:

 

 

 

Əgər İrəvanda Vəkilovlara məxsus mülk 1920–1930-cu illərdə müsadirə olunubsa, bu zaman həmin prosesin əsaslandığı qanunverici akt SSRİ-nin şəhərsalma və yenidənqurma planları (özəlliklə İrəvanın sovetləşdirilməsi planları; 1924–1935) ola bilər. Məhz bu planlarla türk-müsəlman irsi sistemli şəkildə sökülüb, əvəzində “sovet monumentalizmi” qondarılıb.

 

Bəli, 

 

1920-ci ildən sonra Qafqazda Sovet hakimiyyətinin qurulması ilə mülkiyyət münasibətləri radikal şəkildə dəyişib. Öncəki hüquq sisteminin – Çar Rusiyası dönəmində qanuni qüvvəyə malik olan tapuların və mülkiyyət aktlarının hüquqi qüvvəsi aradan qaldırılıb və “xalq mülkiyyəti” konsepti irəli sürülüb. SSRİ-nin formalaşma dönəmində fərdi mülkiyyət hüququ sistemli şəkildə ləğv edilərək, genişmiqyaslı milliləşdirmə siyasəti tətbiq olunub. Bu, özəlliklə şəhərlərdə yerləşən əmlaklara, o cümlədən İrəvan azərbaycanlılarına xas mülklərə şamil edilib.

 

Vəkilovlara məxsus mülkün müsadirəsi də məhz bu “hüquq rejimi”nin (hüquqsuzluğun!) tərkib hissəsi kimi həyata keçirilib. Lakin diqqətçəkən məqam odur ki:

 

-Milliləşdirmə aktları çox vaxt fərdi mülkiyyətin hüquqi sahibinə bilgi verilmədən, formal razılıq alınmadan həyata keçirilib;

 

-Əksər hallarda bu müsadirə prosesi yazılı aktlar və qanuni əsas olmadan icra edilib;

 

-Vətəndaşların məhkəməyə müraciət və ya kompensasiya tələb etmək hüququ real olaraq təmin olunmayıb və s.

 

 

 

SSRİ-nin hüquq sistemində mülkiyyət hüququ formal olsa da, onun faktiki qorunması ideoloji və siyasi şərtlərə tabe idi. Beləliklə, Məhəmməd ağa Vəkilovun tapulu mülkünün müsadirəsi yalnız ideoloji təmələ deyil, həm də milli mənsubiyyətə əsaslanan təzyiq siyasətinə söykənib…

 

Vəkilovların mülkünün Ermənistan hökuməti nəfinə keçirilməsi SSRİ qanunları ilə “formaca” əsaslandırılsa da, bugünkü beynəlxalq hüquq və insan hüquqları konvensiyaları baxımından mülkiyyət hüququnun pozulmasıdır. - Bu, əmlakın qaytarılması və ya kompensasiya tələb etmək üçün hüquq zəmini yaradır.

 

 

 

Vəkilovların başqa bir hüququ - 

 

qeyri-qanuni müsadirə hallarında restitusiya və təzminat prinsipləri:

 

- Pinheiro prinsipləri-BMT (Pinheiro Principles– UN, 2005):

 

“Bütün qaçqınlar və məcburi köçkünlər, qanunsuz və ya əsassız şəkildə məhrum edildikləri hər hansı yaşayış yeri, torpaq və/və ya əmlakın onlara geri qaytarılması hüququna malikdirlər” (“All refugees and displaced persons have the right to have restored to them any housing, land and/or property of which they were arbitrarily or unlawfully deprived”).

 

Bu prinsip əmlakın bərpası hüququnun beynəlxalq səviyyədə tanınmasına dair olub, mülkiyyət hüququnun pozulmasına qarşı müdafiə mexanizmi olaraq çıxış edir

 

(Principle 2.1, UN Principles on Housing and Property Restitution for Refugees and Displaced Persons).

 

 

 

Bəs 

 

Ermənistan Respublikasının Anayasası nə deyir? -

 

 

 

Ermənistanın Anayasasında mülkiyyət hüququnun toxunulmazlığına təminat ifadə olunur. Anayasanın 31-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququna malik olduğu və bu hüququn yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla biləcəyi vurğulanır. Bu müddəa, mülkiyyətin qanunsuz müsadirəsinin qarşısını almağa yönəlib.

 

Gəlin

 

Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri də xatırladaq. Ermənistan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu konvensiyalar da mülkiyyət hüququnun qorunmasını təmin edir.

 

-Avropa İnsan Hüquqları Konvensiyası (AİHK): Ermənistan, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinə qoşulub. Bu maddəyə əsasən, hər kəsin mülkiyyət hüququna hörmət edilməlidir və dövlətlər bu hüququ yalnız ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdıra bilər.

 

-BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi: 

 

Ermənistan, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 17-ci maddəsini qəbul edib. Bu maddəyə əsasən, hər kəsin mülkiyyətə sahib olmaq hüququ vardır və heç kəs öz mülkiyyətindən əsassız olaraq məhrum edilə bilməz.

 

 

 

Göründüyü kimi, 

 

tarixi ədalətsizliklərlə dolu bir yaddaş oyanır... Bu, təkcə Vəkilovlar ailəsinin deyil, ümumən Azərbaycan tarixinin yaddaşına yazılmalı bir hadisədir. Bu hadisəni hüquq planı ilə yanaşı digər əməli çalışma sahələri üzrə də incələməkdə fayda vardır. 

 

İndi isə hüquqdan yayınmadan, ömrü boyu hüquqdan yayınmışların əməllərinə münasibətdə publisistikanın imkanlarına üz tutaq:

 

Unudulmuş taxta pilləkənlərdən baştutmamış dövlət (unconsolidated state) tribunasına…

 

Bəli, 

 

tarix bir binadan, evdən ibarət deyil. Bəzən bir daşın yerindən tərpədilməsi bir xalqın yaddaşını silkələyir. - “Hər saxsı parçası, hər məzar daşı,

 

Nəsildən nəsilə bir yadigardır”… - Elə bu poetik müəyyənlik də Vəkilova - Xalq şairi Səməd Vurğuna məxsusdur…

 

İrəvanda Ermənistan hökumətinə, İrəvan şəhər neriyasına və s. tabe qurumların yerləşdiyi bəzi binalar — azərbaycanlıların sovet hakimiyyəti qurulduqdan sonra, əsassız olaraq “milli”ləşdirilən tapulu mülkləri və torpaqları üzərində ucaldılıb. İstər Vəkilovlara, istər digər yerli irəvanlılara məxsus mülklər təkcə maddi sərvət deyildi — onlar böyük azərbaycanlı ocaqlarının yaşadığı, nəfəs aldığı, xatirələr və zəhmətlə dolu məkanlar olub. İrəvanın ən baxımlı ərazilərində ucalan evlərin sökülüb “Yeni İrəvan”, “Sovet Ermənistanı” binalarında istifadə edilməsi sadəcə texniki deyil, simvolik zorakılıq aktı olub… — Bir xalqın yaddaşının tikə-tikə daşınması kimi… - Bu, erməni xislətidir: XX yüzilin başlarında beləydi, 100 ildən sonra da belə oldu; çalışmalıyıq, o adıyaman eyləmlər 50-100 ildən sonra (və heç vaxt!) bir daha təkrarlana bilməsin!..

 

 

 

Bu gün həyatda olan İrəvan doğumlu soydaşlarımız keçmişin ağrı-acını təkcə ailə deyil, milli yaddaşın itkisi kimi yaşayır...

 

 

 

XX yüzilin əvvəllərində Güney Qafqazın sosial-siyasi coğrafiyasında baş verən dəyişiklər bir sıra ailələrin mülkiyyət hüququnun ciddi şəkildə pozulması ilə sonuclandı. Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bu günün hüquqi və mənəvi borclarını müəyyən edən qaynaqdır (kateqoriyadır).

 

Uluslararası hüququn çağdaş normativləri belə halları yalnız tarixi fakt kimi deyil, eyni zamanda hüquqi qiymətləndirmə və kompensasiya mexanizmləri çərçivəsində çözülməli məsələ kimi nəzərdən keçirir. Bu yazıda vurğulanan mülkiyyətin “milliləşdirilməsi” və onun üzərində dövlət binası tikintisi faktı da uluslararası hüququn prinsipləri çərçivəsində incələnməli, dünya təcrübəsi və hüquqi presedentlər araşdırılmalıdır.

 

 

 

Tarix hər zaman yalnız keçmişi anlamaq üçün deyil, həm də bu günün hüquqi və mənəvi gerçəklərinin idrakı üçün öyrənilir. Qafqaz coğrafiyasının zəngin, eyni zamanda ziddiyyətli tarixi, xalqların taleyinə toxunan yüzlərlə ədalətsizlik və hüquq pozuntuları ilə doludur. Bu kontekstdə, İrəvan şəhərinin mərkəzində bir vaxtlar yerli irəvanlılara məxsus olmuş mülklərin sovet dönəmində qanunsuz şəkildə “milliləşdirilərək” yeni forma və “məzmun qazanması”, hüquqi, siyasi baxımdan dərindən incələnməli hadisədir.

 

Məhəmməd ağa Vəkilovun mülkü də, yalnız bir ailəyə deyil, bütün bir nəsilə — Azərbaycan ictimaiyyəti üçün əlamətdar bir nəslin İrəvandakı tarixi varlığına tanıqlıq edən bir simvoldur. Bu nəsil maarifçi, yaradıcı soyun təmsilçilərindən ibarətdir.

 

Təkrarçılıq olmasın, mülkiyyət hüququ yalnız fərdi mülkiyyətə deyil, həm də kollektiv kimlik və tarixi yaddaşa bağlı olduğundan, belə halların hüquqi qiymətləndirilməsi uluslararası hüququn əsas prinsipləri baxımından önəm daşıyır.

 

 

 

Hazırda həyatda olan İrəvan azərbaycanlıları orada keçirdikləri uşaqlıq və gənclik xatirələrini yaşadır. Onlar dv-eşiklərinin memarlıq üslubunu, interyer detallarını, hətta pilləkənlərin materialına qədər dəqiq şəkildə təsvir edir. Bu xatirələr təkcə nostalji deyil — onlar hüquqi kontekstdə “şifahi sübut” xarakteri daşımaqla, mülkiyyətin faktiki varlığını və ailəyə mənsubiyyətini təsdiqləyən ikinci dərəcəli hüquqi dəlillər qismində qəbul oluna bilər.

 

(Davamı var)

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(25.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə– Şamil Həsənin “Bağacıq”       hekayəsini təqdim edirik.

 

 

Şamil HƏSƏN

      

“BAĞACIQ”

 

Otaq böyük və rütubətli idi, divarların bütün küncləri kiflənmiş, tündyaşıl rəngli göbəklər suvağın sarımtıl rəngini xırda-xırda tutmuşdu, uzaqda səmanın ənginliklərində doğan günəşin buludlar arasından boylanan zəif şüaları pəncərədən bir küncə düşürdü. Binanın ətrafındakı qamışlıqdan gələn üfunət otağın havasını ağırlaşdırırdı, buna görə otağın nəmi artır, yenicə pöhrələnən günəşin istiliyi qüvvəsiz qalırdı.

Mərkəzi istilik sistemi kəsildiyindən bütün bina sakinləri kimi, mən də elektrik sobasına möhtac olmuşdum. Bu soba ən soyuq yerdə çarpayımın yanında qoyulmuşdu, lakin divar soyuqluq və islaqlıq saçdığından o soba da çarəsiz qalırdı. Hərdən çarpayımda fırlanıb ağzı aşağı düşəndə əlim divara dəyən kimi islanırdı, onda əlimi yorğanıma silib tez qurulayırdım.

Mən yuxudan ayılanda artıq saat 12-nin yarısı idi, günortaya az qalırdı, dəqiqləşdirmək üçün gözlərimi qıyıb divarda tıq-tıq salan saata bir də baxdım: doğru görmüşəm. Tərləmişdim, anamın səhər tezdən işə gedərkən alnımın üstünə saldığı qalın dəsmalı qaldırıb sifətimi, boyun-boğazımı sildim. Anam səhər işə gedərkən mənə demişdi ki, stuldan asdığı paltarlarla əynimi dəyişim, mən yuxulu-yuxulu başımı tərpədərək onu eşitdiyimi təsdiqləmişdim. İndi durub tərli tuman-köynəyimi dəyişməliyəm. Amma nədənsə qanım it qanına dömmüşdü, bu sətəlcəmə görə deyildi, pulsuzluğuma görə heç deyildi.

Mən gecəyarısı sayıqladığım vaxt bir yuxu gördüyümü xatırladım, görürdüm ki, qrosmeyster Kasparovla şahmat oynayıram, o, məni yarışda məğlub edir, sonra mənə bic-bic dodaqaltı gülümsəyirdi. Çox əsəbiləşmişdim, yuxudan qışqıraraq ayılanda anamı başımı ovxaladığını, qaynar su uzatdığını gördüm. Doğrudur, gecə bunu sayıqlama kimi qəbul etdim, amma indi oyananda məndə kiməsə, nəyəsə qarşı ikrah yaratdığını hiss edirəm. Şahmatı hələ bir həftə bundan qabaq bir qız öyrətmişdi, o qızdan yaman xoşum gəlirdi. İndi hiss edirəm ki, o, məni öyrədibsə, mən heç kimə məğlub ola bilmərəm.

Mən bunları düşünə-düşünə cəld əynimi dəyişməyə başladım, tərim soyumamış mütləq maykamı çıxarmalı, tərimi silməli, yenisini geyməli idim, çünki mən uşaqlıqdan artıq belə öyrəncəli idim. Bu zaman pərdəyə yapışan bağacıq gözümə sataşdı, dəftərlə böcəyi vurub saldım, ayağımla da əzdim. Bundan sonra otaqda onun kəskin qoxusu yayıldı, peşman oldum, gərək ayağımla əzməyəydim. Bu vaxt yenə biri gözümə dəydi, onu vurub yerə saldım, ancaq bu dəfə əzmədim, ayağımla vurub otağın digər başına doğru dığırlatdım. Böcək ağzı yuxarı, qanadları üstə durdu. Onu əzmək istəyirdim, amma o, ayaqlarını hərəkət etdirərək yerindən qalxmaq, uçmaq istəyirdi. Bir anlıq məni qəribə bir maraq bürüdü, çay-çörək yeməyə getməli olduğum halda nədənsə durub vuraraq gicəlləndirdiyim böcəyə tamaşa etmək istədim. Mən onun döşəmədə qanadları üstdə çabaladığını, xırda, nazik və qəhvə rəngli ayaqlarını seyr edirdim. Ağımtıl qarnının üstündə rəqs edən ayaqları mənə əsgərlərin marşını xatırladırdı. Mən ona rəhm elədim, əzmədim.  Əgər çevrilib uçmağa çalışsa, cəld öldürəcəkdim, bu şərti özümə sanki qanun kimi qoydum.

Bağacığı elə vurmuşdum ki, otaqdakı kiçik dekor masasının altına, daha doğrusu, küncünə düşmüşdü. İndi artıq bu cücü çabalaya-çabalaya, qarnı yuxarı, ayaqlarını mümkün qədər tərsinə yerə vuraraq harasa doğru getməyə çalışırdı. Əl-üzümü yudum, çay-çörəyimi yedim. Hələ üstəlik zoğal mürəbbəsini qaynar çayıma qatıb içib, qəşəngcə gəyirdim də...

İndi baxıram ki, o bağacıq artıq xeyli məsafə qət edib, çarpayımın yanına çatıb; əyilib diqqətlə baxdım, həqiqətən, o bayaqkı kimi qarnı yuxarı tərs addımlayır, amma mən ona imkan verməzdim ki, uçub yorğan-döşəyimə qonsun, orda yenidən qış yuxusuna getsin, ona görə qəzetlə sürüyüb həmənki yerinə qaytardım. Hər ehtimala qarşı, yorğanımı, mələfəmi silkələyib çarpayını səliqə-sahmana saldım. Bu zaman döşəməyə nəsə düşərək tıq deyə zəif səs çıxardı bu, doğrudan, başqa bir bağacıq idi. Mən öz-özümə düşündüm: Kim bilir, bəlkə, bu öz qardaşını axtarır, ən yaxşısı onu da dostunun yanına sərim.

Əslində, mənim ürəyim sıxılırdı, kiməsə, nəyəsə qarşı naməlum hisslər keçirirdim, sanki qisas alırdım, bu hisslərə nə ad qoyacağımı da bilmirdim. Hərdən canım sıxılanda pərdəni çəkib yamyaşıl ağacların budaqları arasından boylanan Kür çayının mənzərəsinə baxırdım. Bu dəfə pərdəni çəkəndə yamyaşıl ağaclar görmürdüm, yarpaqları tökülüb keçəl qalan həmin ağacları və bir də təzə gəlinin üzü kimi duvaq altında qalan Kürü deyil, artıq qayınata yanına çıxa bilən gəlini Kür çayını gördüm. Mən elə hiss elədim ki, günəş lap qərbdə doğub, onun zəif şəfəqləri üzümə candərdi vurur.

Eyvana çıxıb təmiz hava alandan sonra yenidən bağacıqların yanına baş çəkdim. Yeni gətirdiyim bağacıq zəif hərəkət edirdi, mən bayaqdan kəlləmayallaq yeriyən bağacığın yanına əyilib gözümü düz onun ayaqlarına, bığlarına zillədim: o yorulmamışdı. Karandaşı götürüb onun qarnına yaxınlaşdırdım. Karandaşı qaldırdım, o da karandaşla bərabər qalxırdı. Artıq o, ayaqları üstündə durur, ağır-ağır ləngər vura-vura yeriməyə başlayırdı. Mən onun dostunu qaldırmadım, heç özü də qalxmağa cəhd göstərmirdi, ancaq arabir tərpənir, hələ ölmədiyini nümayiş etdirirdi.

Hiss edirdim ki, o, mənə dua oxuyur, alqış edir, o biri isə hələ yalvarır, mənim xeyirxahlığımı gözləyir, ona görə şəstlə onlara baxırdım. Anidən ağlıma yenicə ayağa qaldırdığım bağacığı tərsinə çevirmək düşdü. Ona rəhm elədim, ağlımdan keçən cinayətləri həyata keçirmədim, o bu dəfə ayaqları üstündə normal yeriyirdi, mən onun istiqamətini dəyişib sonradan gətirdiyim həmcinsi tərəfə çevirdim, o ləngər vura-vura, səyillənərək dostunun yanına gedirdi. Mən onun öz dostunu qaldırmağını, bir yerdə məndən yaxa qurtarmaqlarını gözləyirdim, ona görə səbirlə onu izləməyə başladım. Heyhat, o dostuna əl uzatmadı, heç onu dikəltmək fikrinə də düşmədi. Mən anidən onu əzdim, kəskin keşniş qoxusu otağa yayıldı, püfləyib burnumu tutdum; onu əzərkən xırçıltı səsi çıxdı. Bu səs mənə tanış idi, bir dəfə yıxılıb əlimi biləkdən çıxaranda blə bir xırçıltı eşitmişdim. Sanki onun da biləyi çıxdı. Onda əvvəl mən ağırını hiss eləməmişdim, neçə saat sonra yavaş-yavaş ağırmağa başladı, həmin vaxt, yəqin, elədim ki, mənim əlim çıxıb. Bu dəfə də belə güman elədim, o, ağrını hiss eləməyəcək, bir azdan dostuna deyəcək ki, mənim qanadlarım qırıldı. Təzə gətirdiyim bağacıq indi çabalamağa başladı, sürətlə ayaqlarını tərpədir, döşəmənin üzərində var-gəl edirdi. Nəhayət, uzun zəhmətdən sonra ayaqları üstünə qalxdı, elə qalxar-qalxmaz döşəmədə çabalayan dostuna tərəf yaxınlaşdı. Mən yenə qəribə əminliklə hiss edirdim ki, onlar mənə bütün gücləri ilə yalvarır, məndən imdad gözləyirlər; hələ bu canlı bağacıqdan dostuna rəhmət, özünə isə uzun ömür arzuladığını eşitdim. Canlı bağacıq yeriyir, canını ölümdən qurtarmaq istəyir, lakin hər dəfə istiqamətini dəyişib dostundan aralanmağa çalışanda mən onu canını tapşıran böcəyə doğru çəkirdim. Budur, artıq mənim canlı böcəyim ölən böcəyin ətrafında dövrə vururdu. Mən pərdəni silkələyib yeni bir böcəyi döşəməyə saldım, bu da qış yuxusundan kal durub ləngər vurmağa başladı; onu ayaq barmağımın ucu ilə sürüyə-sürüyə köhnə dostlarının yanına gətirdim. Artıq o da dostu kimi dövrə vururdu. Sonra bir neçə yeni bağacıq gətirib yanlarına qoydum. Onlar yavaş-yavaş, mənə dua edə-edə fırlanır, öz dostlarını ziyarət edirlər. Daxilimdən bir səs çıxıb onlara mənə tabe olmalarını əmr edirdi. Mən artıq o səslərə qulaq asır, ziyarətçi bağacıqlara eşitdirirdim. Onlar daha mənim sözümdən çıxmamalı idilər. Onların yallı ayininindən sonra ölən bağacıq ayaqlarını çox yavaş tərpədir, həm dostlarını, həm də məni ölümsüzlüyə inandırırdı.

Başımı qaldıranda gördüm ki, daha saat üçdür, yeni bir şey də gördüm: atamın ən yaraşıqlı düşdüyü şəkli. Və bu yaraşıqlı şəkil qəbir daşına ömürlük həkk edilmişdir. Bayaq saata baxanda bunu heç görməmişdim, indi otağımda yeni-yeni xatirələr kəşf edirəm. Bir də onu kəşf etdim ki, 23 yaşıma gəlmişəm, böyük oğlan olmuşam; güzgü də mənim fikrimi təsdiqlədi.

Aclıq mədəmdə binamızın yanındakı gölməçədən gələn qurbağa qurultusunu qoparırdı. Atam həmişə deyirdi ki, ac ayı oynamır. Mən isə acanda ayıdan betər oluram lap. Mətbəxə keçib şorbanı qızdırdım, ondan iki boşqab içib "dopumu doldurdum", çay da içmək istədim. Bu vaxt qapımız döyüldü; qonşumuz bir stəkan duru yağ istədi.

Məni yuxu aparırdı, mətbəx pişiyi kimi divanda əsnəməkdən ölürdüm. Maraqlı bir yuxu görürdüm. Az öncə öldürdüyüm bağacıq dağın dibində dəfn edilib, üstünə də nəhəng sərdabə düzəldiblər; indi ora yüzlərlə bağacıq ziyarətə gəlir. Mən orda özümü də gördüm; gördüm ki, başımda şlyapa, əlimdə nazik nar çubuğu, əynimdə qoyun dərisindən palto var. Mənə gətirilən qurbanlar xoşuma gəlməyəndə nar çubuğu ilə bağacıqları döyürdüm, məsum bağacıqlar da mənə yalvarırdılar ki, gələn dəfə daha böyük taxıl dənəsi gətirəcəklər. Mən onlara əmr etdim: bu dəfə mənə yalnız qoz-fındıq ləpəsi gətirməlidirlər, əgər gətirməsələr, onları sürüdən qovacaqdım. Belə də dedim. Onlar özləri də, mən də bilirdik ki, onların qida mənbəyi kəndlilərin taxıl sahəsi, qoz-fındıq bağları idi, lakin mən belə şey yemirdim, bunu mənə hörmət əlaməti olaraq gətirmişdilər. Sərdabənin yanında nəhəng buğda, fındıq, düyü və s. ləpələri qalaqlanmışdı. Onların arasında dişlənmiş buğda gördüm, tez əmr etdim ki, dişlək buğdanın sahibini tapsınlar. Nəhayət, həmin bağacıq tapıldı. O mənə dedi ki, yalnız yeyilmiş buğda gətirə bilib, indi də mənim mərhəmətimə sığınır. Mən buna qane olmaram, yenə əmr etdim: bu bağacıq qanadları qırılaraq sürüdən qovulmalıdır. Bütün bağacıqları kötəklədim, yalnız bir bağacıqdan savayı, o da gələn kimi mənim ayaqlarımı fındıq yağı ilə masaj etmiş, qanadları ilə silmişdi.

Bu nə yuxudur, deyib ayıldım. Qan-tər içində üzürdüm, divanda nə təhər yatıb qalmışdımsa, elə də oyandım. Boynum çox pis ağrıyırdı, ürəyim şiddətlə döyünür, əllərim əsir, bədənim titrəyirdi. Hiss elədim ki, təzyiqim düşüb, tünd şokoladlı qaynar çay içmək istədim, ancaq nə şokalad tapdım, nə də qaynar çay. Çaydanın altını çoxdan söndürmüşdüm.

Dərman atdım, sonra bütün evi gəzib öz otağıma keçdim. Bu dəfə gördüm ki, döşəmədəki bağacıqların bir neçəsi dekor masasının üstünə qonublar. Onların hamısını öldürüb salfet ilə götürdüm. Yadıma bağacıqlar haqqında oxuduqlarım düşdü ki, onların buraxdıqları maye üzə, gözə dəyəndə qaşınma salır.

Gözümə yenə bağacıqlar dəyirdi. Mən bağacıqlarımdan doymamışdım, otaqdakı bağacıları eyni yerə düzdüm, elə ordaca birini bayaqkı kimi öldürüb, digərlərini də yallı getməyə vadar elədim. İşin tərsliyindən indi onları ölünün başına fırlanmaq əvəzinə yumalayan görürdüm, hətta bu dəfə hiss elədim ki, onlar öz sürü başçılarını qaçırmağa çalışırlar, qulağıma hərdən mənə dedikləri söyüş də çatırdı. Onlar cığal məxluqa oxşayırdı, ona görə hamısını kibritlə yandırdım.

Yaxşı ki, qapımız açıq idi, qonşumuz Nərminə müəllimə məni soyuq döşəmədən qaldırıb öz isti evinə gətirdi. O gələndə məni otağın ortasında huşsuz görmüşdü. Mən indi özümü yaxşı hiss eləyirdim, hələ elektrik sobasının istiliyi də məni lap xumarlandırırdı. Mən qalxıb getmək istəyəndə:

Uzan, deyə dilləndi, sonra nəvazişlə gülümsədi, Böcəklər yazıqdır, bala, onlar təzə Allah istəmirlər.

Məsələnin nə yerdə olduğunu anladım, yəqin ki, məni görübmüş. Susdum və bir az da utandım, sonra qaynar kofedən ləzzətlə içib axşamacan anamı gözlədim.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Rəsm qalereyası: Mixail Suffçinski, “Yaşıl ev”

 

Polyak rəssamı Mixail Suffçinski (Michal Suffczynski) müasirimizdir, 1969-cu il təvəllüdlüdür. Amma çəkdikləri Renessans dövrü şedevrləri qədər gözəldir. Elə bu təqdim edilən rəsmə baxın. Orada günəş işığı o qədər canlıdır ki, hətta ən yüksək meqapikselli fotoobyektiv belə çəkə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.

Görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə iki ölkə arasında əlaqələrin tarixindən danışıb. Bu əlaqələrin daha da inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasından verilən məlumata görə, S.Nəsirov çıxışında bildirib ki, Akademiyada Azərbaycan dilini yetişdirdiyimiz misirli mütəxəssis, Azərbaycanşünas Əsma Əhməd və diaspora fəalı İnarə Osmanova tədris edəcək. Diqqətə çatdırılıb ki, bu sahədə yerli mütəxəssislərin sayının artırılması akademiyanın əsas hədəflərindəndir. Eyni zamanda, Akademiyada ana dilimizdə səlis nitqi inkişaf etdirmək üçün danışıq klubu yaradılıb.

Əsma Əhməd çıxışında Azərbaycan dili ilə ərəb dili arasında oxşar və fərqli cəhətlərdən, dillərin öyrənilməsində müasir üsullardan danışıb və bu sahədə öz təcrübəsini bölüşüb.

Daha sonra yeni müdavimlər üçün açılan qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və digər ölkələrin vətəndaşları da var.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 650 dən çox tələbə ödənişsiz əsaslarda təhsil alır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bu gün maliyyə fırıldaqçılığına qarşı mühüm təhlükəsizlik tədbirləri tədbiq edilsə də təəssüflər olsun ki, qarşısını tam almaq mümkün olmayıb. Bura çoxfaktorlu əməliyyatların real vaxtda izlənməsi, şübhəli məlumatların bloklanması və kibertəhlükəsizlik testləri daxildir. Eyni zamanda bu ammillərlə bərabər müştərilərin maarifləndirilməsi də mühüm yer tutur.

 

Mobil, tədbiqlər, kartdan-karta köçürmələr texniki baxımdan təhlükəsiz sayılsa da, istifadəçilərin şəxsi davranışları da risk səviyyəsini müəyyən edir. Qeyri-rəsmi tədbiqlər və Wi-Fi şəbəkələri təhlükə mənbəyi ola bilər.

Demək olar ki, ən çox edilən səhvlər arasında kart məlumatlarının (PIN, CVV, SMS kodları) tanımadıqları şəxslərlə paylaşılması və saxta linklərə keçid etmək halları yer alır. Bu hallar əsasən sosial manipuliyasiya yolu ilə baş verir.

Bəs bu haqda mütəxəssislər nə deyir?

 

Təhlükəsizlik həm texnologiyadan, həm də istifadəçidən asılıdır

“Ədəbiyyat və incəsənət” portalınamüsahibəsində Mərkəzi Bankın Naxçıvan İdarəsinin bölmə rəhbəri Mərhəmət Bayramov bildirib ki, mobil tətbiqlər vasitəsilə həyata keçirilən ödənişlər və kartdan-karta köçürmələr texniki baxımdan təhlükəsizdir. İstifadəçilərə yalnız rəsmi mənbələrdən endirilmiş tətbiqlərdən istifadə etmək tövsiyyə edilir. Əks halda, yəni qeyri-rəsmi tətbiqlər və ictimai şəbəkələr üzərindən aparılan əməliyyatlar təhlükə yarada bilər. Təhlükəsizlik, həm texnoloji infrastrukturdan, həm də istifadəçinin davranışından asılıdır. Müasir banklar bu risklərə qarşı çoxsəviyyəli müdafiə sistemləri tətbiq edir.

İstifadəçilər tez-tez kart nömrəsi, PIN kod, CVV və ya SMS təsdiq kodlarını tanımadıqları şəxslərlə paylaşmaqla ciddi səhvlərə yol verirlər. Həmçinin, şübhəli linklərə keçid etmə, saxta sosial şəbəkə profillərinə inam və qeyri-rəsmi tətbiqlərin istifadəsi də məlumatların ələ keçirilməsinə şərait yaradır.

Kartdan vəsaitin oğurlanması halı baş verdikdə və istifadəçi şəxsi məlumatlarını paylaşmayıbsa, bank tərəfindən daxili araşdırma aparılır. Texniki nasazlıq və ya bankın nəzarətində olan zəiflik aşkar edilərsə, vəsait qaytarıla bilər. Lakin məlumatlar istifadəçinin özü tərəfindən paylaşılıbsa, bu halda bank məsuliyyət daşımır və məsələ fərdi hüquqi qiymətləndirməyə tabe olur.

Əgər istifadəçi öz iradəsi ilə kart və ya əməliyyat məlumatlarını üçüncü şəxsə təqdim edərsə, bank bu halda məsuliyyət daşımır. Qanunvericiliyə əsasən, bu cür hallarda məsuliyyət birbaşa istifadəçinin üzərində olur. Bu səbəbdən banklar daim maarifləndirici kampaniyalar vasitəsilə vətəndaşları bu risklər barədə məlumatlandırırlar.

Belə hallarla üzləşən vətəndaşlar ilk növbədə kartı təqdim edən banka, daha sonra isə Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına və ya Prokurorluq orqanlarına müraciət etməlidirlər. Araşdırma prosesində əməliyyat tarixçəsi, SMS bildirişləri, zəng qeydləri, ödəniş sübutları və ekran görüntüləri mühüm sübut hesab olunur.

 

Geniş yayılmış fırıldaq üsullarını bilmək sizi qoruyar

Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Kənan Hüseynəliyev qeyd edib ki, texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində bank kartlarından oğurluq hallarının artması müşahidə olunur. Sosial mühəndislik texnikaları, fişinq hücumları, saxta veb-saytlar və zərərli proqramlar vasitəsilə kart sahiblərinin məlumatları oğurlanır. İnternet üzərindən edilən əməliyyatların sayı artdıqca, fırıldaqçılar üçün hədəflər də çoxalır. Xüsusilə etibarsız və qorunmayan saytlar üzərindən aparılan əməliyyatlar zamanı şəxsi və kart məlumatlarının oğurlanması riski daha yüksək olur.

Bu tip oğurluqlar müxtəlif üsullarla həyata keçirilə bilər, lakin ən geniş yayılmış və effektiv üsullar bunlardır:

Phishing

Bu, dələduzların insanları aldatmaq üçün saxta e-poçtlar, SMS-lər və ya zənglər vasitəsilə istifadəçi məlumatlarını ələ keçirmə üsuludur. Çox zaman bu mesajlar rəsmi bank və ya tanınmış şirkət adından göndərilir və istifadəçidən kart məlumatları və ya şifrə daxil etməsi istənilir. Bu üsul, texnologiyadan çox sosial manipulyasiyaya əsaslanır.

Skimming

Burada dələduzlar bankomat və ya POS terminallarına xüsusi qurğular quraşdırırlar. Bu cihazlar kartın məlumatlarını oxuyur və eyni zamanda PIN kodu izləmək üçün kamera da yerləşdirilə bilər. Bu üsul fiziki olaraq kartı istifadə edən şəxslərə qarşı yönəldilir.

Malware

Bu proqramlar istifadəçinin kompüterinə və ya mobil cihazına yüklənərək bank məlumatlarını oğurlamaq üçün işləyir. Çox vaxt insanlar bilmədən belə proqramları mobil tətbiq kimi yükləyirlər və nəticədə onların məlumatları ələ keçirilir.

Sosial mühəndislik texnikaları

Bu, texniki hücumdan daha çox psixoloji təsirə əsaslanan bir üsuldur. Dələduz özünü bank əməkdaşı, hüquq-mühafizə orqanı və ya başqa bir etibarlı şəxs kimi təqdim edir və insanı şəxsi məlumatlarını paylaşmağa inandırır. Təəssüf ki, bu üsul da geniş yayılıb, çünki insanlar hələ də bəzən bu tip zəng və mesajlara inanırlar.

Ən çox debet kartlar hədəf alınır, çünki bu kartlar birbaşa istifadəçinin hesabına bağlı olur. Kredit kartları da hədəf ola bilər, amma kredit limitləri və əlavə təhlükəsizlik qatlarıilə qismən qorunur. Virtual kartlar isə daha təhlükəsiz hesab olunur, çünki birdəfəlik və ya məhdud istifadəlidirlər.

 

Ən böyük risklərdən biri SIM-swap adlanan hücumlardır. Bu tip hücum zamanı kibercinayətkar istifadəçinin mobil operatoru ilə əlaqəyə keçərək, müxtəlif üsullarla — məsələn, sosial mühəndislik texnikaları ilə — həmin şəxsin nömrəsini öz nəzarətinə alır. Bu baş verdikdə, artıq təsdiqləmə SMS-ləri cinayətkarın əlində olur və iki faktorlu identifikasiya artıq effektivliyini itirir.

Ümumiyyətlə, mobil tətbiqlər vasitəsilə ödənişlər və kartdan-karta köçürmələr texnologiyanın inkişafı ilə daha geniş yayılıb və əgər düzgün istifadə olunarsa, bu üsullar kifayət qədər təhlükəsiz hesab olunur. İstifadəçi tətbiqi yalnız rəsmi mənbələrdən – məsələn, App Store və ya Google Play kimi platformalardan yükləsin və cihazının təhlükəsizlik ayarlarını lazımi şəkildə qoruma altında saxlasın.

Lakin təhlükəsizlik yalnız tətbiqə yox, həm də istifadəçinin davranışlarına bağlıdır. Məsələn, çiplənmiş və ya jailbreak edilmiş cihazlarda sistem səviyyəsində boşluqlar yarana bilər ki, bu da kibercinayətkarların cihazın dərin qatlarına müdaxilə etməsinə şərait yaradır. Bu zaman istifadəçinin maliyyə məlumatları risk altına düşə bilər.

Təəssüf ki, bir çox istifadəçi gündəlik həyatın rahatlığına aldanaraq kart təhlükəsizliyi ilə bağlı ciddi səhvlərə yol verir. Ən çox rast gəlinən yanlışlardan biri, kart məlumatlarını – xüsusilə kart nömrəsini və təhlükəsizlik kodu olan CVV-ni – telefonla və ya mesaj vasitəsilə paylaşmaqdır. Heç bir bank və ya rəsmi qurum heç vaxt bu cür həssas məlumatları telefonla istəmir. Belə hallar, adətən, fırıldaqçılar tərəfindən istifadə olunur.

Sadə və asan tapılan şifrələrdən istifadə etmək də çox ciddi risk yaradır. Məsələn, “1234” və ya doğum tarixi kimi PIN-lər, hücumçular tərəfindən asanlıqla təxmin oluna bilər. Güclü və unikal şifrə istifadəsi bu baxımdan olduqca vacibdir. Bir çox istifadəçi mobil tətbiqlərə lazımsız icazələr verir – məsələn, kontaktlara, kameralara və ya mesajlara giriş icazəsi. Əgər bu tətbiq etibarlı deyilsə, həmin icazələr vasitəsilə şəxsi və maliyyə məlumatları ələ keçirilə bilər.

Artıq süni intellekt texnologiyaları bir insanın səsini real şəkildə təqlid edə bilir. Bu o deməkdir ki, fırıldaqçılar sizin səsinizlə yaxınlarınıza zəng edib təcili pul istəyə və ya şəxsi məlumat tələb edə bilərlər.

QR kod fırıldaqları da artıq bəzi ölkələrdə yayılmağa başlayıb. İctimai yerlərdə – məsələn, kafe masalarında, dayanacaqlarda və ya reklam lövhələrində yerləşdirilən saxta QR kodlar vasitəsilə istifadəçilər zərərli saytlara yönləndirilə və kart məlumatları oğurlana bilər.

Bu yeni texnologiyalar bizə böyük imkanlar verdiyi qədər də məsuliyyət yükləyir. Ona görə də həm istifadəçilər, həm də təhlükəsizlik qurumları daim dəyişən təhdidlərə uyğun şəkildə maarifləndirilməli və tədbirlər görməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

Bu il poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin anadan olmasının 120 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Mikayıl Rəfilinin təhsil illəri, bədii yaradıcılığı, Azərbaycan tərcümə ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verilir.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/mikayil-refili-120 yerləşdirilən virtual kitab sərgisində şairin müəllifi olduğu “Nizami. Həyat və yaradıcılıq”, “Pəncərə”, “Lirik şeirlər” kimi kitablarının,  Viktor Hüqonun “Gülən adam”, “Paris Notr – dam kilsəsi”, “Səfillər”, Onere de Balzakın “Qobsek”, “Qorio ata” kimi tərcümələri haqqında məlumat verilir, dövrü mətbuat nümunələri sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində unudulmaz və ruhumu titrədən bir gün yaşadım. Meh Ədəbi Dərnəyinin təşkil etdiyi, Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş möhtəşəm bir görüş baş tutdu.

 

Tədbir sadəcə ədəbi düşüncələrlə yox, həm də dərin tarix sevgisi ilə dolu idi. Orada Sərdar Sandıq müzeyinin sərgisi keçirildi – sandıqlar yalnız taxta və metaldan ibarət deyildi, hər biri bir tarix, bir xatirə, bir nəfəs idi.

Ən çox diqqətimi çəkən isə İrəvan xanlığının bayrağı motivi olan üzüklər və Qərbi Azərbaycan İcmasının bayrağı ilə bəzədilmiş zinət əşyaları oldu. Hər birində keçmişin səsi, ruhumuzun tarixi var idi. Və mən – bəli, böyük bir qürurla deyə bilərəm ki – həmin İrəvan xanlığının bayrağı olan üzüyü ilk əldə edən insan oldum. O an gözlərim doldu. Bu, sadəcə bir üzük deyildi – bu, tarixin iziydi, vətən həsrətinin simvoluydu, ruhumun bir parçasıydı.

Qərbi Azərbaycan mənim üçün sadəcə bir məkan deyil – bu, damarlarımda axan qan kimidir, hər döyüntüsündə keçmişimizin, dəyərlərimizin, doğmalarımızın səsi var. O üzüyə toxunduqda, sanki nənəmin nəvazişi, babamın duası, itirdiyimiz yurd yerlərinin nəfəsi dodaqlarıma toxundu.

Qərbi Azərbaycan mənim üçün qızıldan da qiymətlidir – çünki o torpaqlar mənim ruhumun yurd yeridir.

 

“Ədəbiyyat və incəsənət

(25.04.2025)

 

10 -dən səhifə 2151

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.