“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə– Şamil Həsənin “Bağacıq” hekayəsini təqdim edirik.
Şamil HƏSƏN
“BAĞACIQ”
Otaq böyük və rütubətli idi, divarların bütün küncləri kiflənmiş, tündyaşıl rəngli göbəklər suvağın sarımtıl rəngini xırda-xırda tutmuşdu, uzaqda səmanın ənginliklərində doğan günəşin buludlar arasından boylanan zəif şüaları pəncərədən bir küncə düşürdü. Binanın ətrafındakı qamışlıqdan gələn üfunət otağın havasını ağırlaşdırırdı, buna görə otağın nəmi artır, yenicə pöhrələnən günəşin istiliyi qüvvəsiz qalırdı.
Mərkəzi istilik sistemi kəsildiyindən bütün bina sakinləri kimi, mən də elektrik sobasına möhtac olmuşdum. Bu soba ən soyuq yerdə – çarpayımın yanında qoyulmuşdu, lakin divar soyuqluq və islaqlıq saçdığından o soba da çarəsiz qalırdı. Hərdən çarpayımda fırlanıb ağzı aşağı düşəndə əlim divara dəyən kimi islanırdı, onda əlimi yorğanıma silib tez qurulayırdım.
Mən yuxudan ayılanda artıq saat 12-nin yarısı idi, günortaya az qalırdı, dəqiqləşdirmək üçün gözlərimi qıyıb divarda tıq-tıq salan saata bir də baxdım: doğru görmüşəm. Tərləmişdim, anamın səhər tezdən işə gedərkən alnımın üstünə saldığı qalın dəsmalı qaldırıb sifətimi, boyun-boğazımı sildim. Anam səhər işə gedərkən mənə demişdi ki, stuldan asdığı paltarlarla əynimi dəyişim, mən yuxulu-yuxulu başımı tərpədərək onu eşitdiyimi təsdiqləmişdim. İndi durub tərli tuman-köynəyimi dəyişməliyəm. Amma nədənsə qanım it qanına dömmüşdü, bu sətəlcəmə görə deyildi, pulsuzluğuma görə heç deyildi.
Mən gecəyarısı sayıqladığım vaxt bir yuxu gördüyümü xatırladım, görürdüm ki, qrosmeyster Kasparovla şahmat oynayıram, o, məni yarışda məğlub edir, sonra mənə bic-bic dodaqaltı gülümsəyirdi. Çox əsəbiləşmişdim, yuxudan qışqıraraq ayılanda anamı başımı ovxaladığını, qaynar su uzatdığını gördüm. Doğrudur, gecə bunu sayıqlama kimi qəbul etdim, amma indi oyananda məndə kiməsə, nəyəsə qarşı ikrah yaratdığını hiss edirəm. Şahmatı hələ bir həftə bundan qabaq bir qız öyrətmişdi, o qızdan yaman xoşum gəlirdi. İndi hiss edirəm ki, o, məni öyrədibsə, mən heç kimə məğlub ola bilmərəm.
Mən bunları düşünə-düşünə cəld əynimi dəyişməyə başladım, tərim soyumamış mütləq maykamı çıxarmalı, tərimi silməli, yenisini geyməli idim, çünki mən uşaqlıqdan artıq belə öyrəncəli idim. Bu zaman pərdəyə yapışan bağacıq gözümə sataşdı, dəftərlə böcəyi vurub saldım, ayağımla da əzdim. Bundan sonra otaqda onun kəskin qoxusu yayıldı, peşman oldum, gərək ayağımla əzməyəydim. Bu vaxt yenə biri gözümə dəydi, onu vurub yerə saldım, ancaq bu dəfə əzmədim, ayağımla vurub otağın digər başına doğru dığırlatdım. Böcək ağzı yuxarı, qanadları üstə durdu. Onu əzmək istəyirdim, amma o, ayaqlarını hərəkət etdirərək yerindən qalxmaq, uçmaq istəyirdi. Bir anlıq məni qəribə bir maraq bürüdü, çay-çörək yeməyə getməli olduğum halda nədənsə durub vuraraq gicəlləndirdiyim böcəyə tamaşa etmək istədim. Mən onun döşəmədə qanadları üstdə çabaladığını, xırda, nazik və qəhvə rəngli ayaqlarını seyr edirdim. Ağımtıl qarnının üstündə rəqs edən ayaqları mənə əsgərlərin marşını xatırladırdı. Mən ona rəhm elədim, əzmədim. Əgər çevrilib uçmağa çalışsa, cəld öldürəcəkdim, bu şərti özümə sanki qanun kimi qoydum.
Bağacığı elə vurmuşdum ki, otaqdakı kiçik dekor masasının altına, daha doğrusu, küncünə düşmüşdü. İndi artıq bu cücü çabalaya-çabalaya, qarnı yuxarı, ayaqlarını mümkün qədər tərsinə yerə vuraraq harasa doğru getməyə çalışırdı. Əl-üzümü yudum, çay-çörəyimi yedim. Hələ üstəlik zoğal mürəbbəsini qaynar çayıma qatıb içib, qəşəngcə gəyirdim də...
İndi baxıram ki, o bağacıq artıq xeyli məsafə qət edib, çarpayımın yanına çatıb; əyilib diqqətlə baxdım, həqiqətən, o bayaqkı kimi qarnı yuxarı tərs addımlayır, amma mən ona imkan verməzdim ki, uçub yorğan-döşəyimə qonsun, orda yenidən qış yuxusuna getsin, ona görə qəzetlə sürüyüb həmənki yerinə qaytardım. Hər ehtimala qarşı, yorğanımı, mələfəmi silkələyib çarpayını səliqə-sahmana saldım. Bu zaman döşəməyə nəsə düşərək tıq deyə zəif səs çıxardı – bu, doğrudan, başqa bir bağacıq idi. Mən öz-özümə düşündüm: Kim bilir, bəlkə, bu öz qardaşını axtarır, ən yaxşısı onu da dostunun yanına sərim.
Əslində, mənim ürəyim sıxılırdı, kiməsə, nəyəsə qarşı naməlum hisslər keçirirdim, sanki qisas alırdım, bu hisslərə nə ad qoyacağımı da bilmirdim. Hərdən canım sıxılanda pərdəni çəkib yamyaşıl ağacların budaqları arasından boylanan Kür çayının mənzərəsinə baxırdım. Bu dəfə pərdəni çəkəndə yamyaşıl ağaclar görmürdüm, yarpaqları tökülüb keçəl qalan həmin ağacları və bir də təzə gəlinin üzü kimi duvaq altında qalan Kürü deyil, artıq qayınata yanına çıxa bilən gəlini – Kür çayını gördüm. Mən elə hiss elədim ki, günəş lap qərbdə doğub, onun zəif şəfəqləri üzümə candərdi vurur.
Eyvana çıxıb təmiz hava alandan sonra yenidən bağacıqların yanına baş çəkdim. Yeni gətirdiyim bağacıq zəif hərəkət edirdi, mən bayaqdan kəlləmayallaq yeriyən bağacığın yanına əyilib gözümü düz onun ayaqlarına, bığlarına zillədim: o yorulmamışdı. Karandaşı götürüb onun qarnına yaxınlaşdırdım. Karandaşı qaldırdım, o da karandaşla bərabər qalxırdı. Artıq o, ayaqları üstündə durur, ağır-ağır ləngər vura-vura yeriməyə başlayırdı. Mən onun dostunu qaldırmadım, heç özü də qalxmağa cəhd göstərmirdi, ancaq arabir tərpənir, hələ ölmədiyini nümayiş etdirirdi.
Hiss edirdim ki, o, mənə dua oxuyur, alqış edir, o biri isə hələ yalvarır, mənim xeyirxahlığımı gözləyir, ona görə şəstlə onlara baxırdım. Anidən ağlıma yenicə ayağa qaldırdığım bağacığı tərsinə çevirmək düşdü. Ona rəhm elədim, ağlımdan keçən cinayətləri həyata keçirmədim, o bu dəfə ayaqları üstündə normal yeriyirdi, mən onun istiqamətini dəyişib sonradan gətirdiyim həmcinsi tərəfə çevirdim, o ləngər vura-vura, səyillənərək dostunun yanına gedirdi. Mən onun öz dostunu qaldırmağını, bir yerdə məndən yaxa qurtarmaqlarını gözləyirdim, ona görə səbirlə onu izləməyə başladım. Heyhat, o dostuna əl uzatmadı, heç onu dikəltmək fikrinə də düşmədi. Mən anidən onu əzdim, kəskin keşniş qoxusu otağa yayıldı, püfləyib burnumu tutdum; onu əzərkən xırçıltı səsi çıxdı. Bu səs mənə tanış idi, bir dəfə yıxılıb əlimi biləkdən çıxaranda blə bir xırçıltı eşitmişdim. Sanki onun da biləyi çıxdı. Onda əvvəl mən ağırını hiss eləməmişdim, neçə saat sonra yavaş-yavaş ağırmağa başladı, həmin vaxt, yəqin, elədim ki, mənim əlim çıxıb. Bu dəfə də belə güman elədim, o, ağrını hiss eləməyəcək, bir azdan dostuna deyəcək ki, mənim qanadlarım qırıldı. Təzə gətirdiyim bağacıq indi çabalamağa başladı, sürətlə ayaqlarını tərpədir, döşəmənin üzərində var-gəl edirdi. Nəhayət, uzun zəhmətdən sonra ayaqları üstünə qalxdı, elə qalxar-qalxmaz döşəmədə çabalayan dostuna tərəf yaxınlaşdı. Mən yenə qəribə əminliklə hiss edirdim ki, onlar mənə bütün gücləri ilə yalvarır, məndən imdad gözləyirlər; hələ bu canlı bağacıqdan dostuna rəhmət, özünə isə uzun ömür arzuladığını eşitdim. Canlı bağacıq yeriyir, canını ölümdən qurtarmaq istəyir, lakin hər dəfə istiqamətini dəyişib dostundan aralanmağa çalışanda mən onu canını tapşıran böcəyə doğru çəkirdim. Budur, artıq mənim canlı böcəyim ölən böcəyin ətrafında dövrə vururdu. Mən pərdəni silkələyib yeni bir böcəyi döşəməyə saldım, bu da qış yuxusundan kal durub ləngər vurmağa başladı; onu ayaq barmağımın ucu ilə sürüyə-sürüyə köhnə dostlarının yanına gətirdim. Artıq o da dostu kimi dövrə vururdu. Sonra bir neçə yeni bağacıq gətirib yanlarına qoydum. Onlar yavaş-yavaş, mənə dua edə-edə fırlanır, öz dostlarını ziyarət edirlər. Daxilimdən bir səs çıxıb onlara mənə tabe olmalarını əmr edirdi. Mən artıq o səslərə qulaq asır, ziyarətçi bağacıqlara eşitdirirdim. Onlar daha mənim sözümdən çıxmamalı idilər. Onların yallı ayininindən sonra ölən bağacıq ayaqlarını çox yavaş tərpədir, həm dostlarını, həm də məni ölümsüzlüyə inandırırdı.
Başımı qaldıranda gördüm ki, daha saat üçdür, yeni bir şey də gördüm: atamın ən yaraşıqlı düşdüyü şəkli. Və bu yaraşıqlı şəkil qəbir daşına ömürlük həkk edilmişdir. Bayaq saata baxanda bunu heç görməmişdim, indi otağımda yeni-yeni xatirələr kəşf edirəm. Bir də onu kəşf etdim ki, 23 yaşıma gəlmişəm, böyük oğlan olmuşam; güzgü də mənim fikrimi təsdiqlədi.
Aclıq mədəmdə binamızın yanındakı gölməçədən gələn qurbağa qurultusunu qoparırdı. Atam həmişə deyirdi ki, ac ayı oynamır. Mən isə acanda ayıdan betər oluram lap. Mətbəxə keçib şorbanı qızdırdım, ondan iki boşqab içib "dopumu doldurdum", çay da içmək istədim. Bu vaxt qapımız döyüldü; qonşumuz bir stəkan duru yağ istədi.
Məni yuxu aparırdı, mətbəx pişiyi kimi divanda əsnəməkdən ölürdüm. Maraqlı bir yuxu görürdüm. Az öncə öldürdüyüm bağacıq dağın dibində dəfn edilib, üstünə də nəhəng sərdabə düzəldiblər; indi ora yüzlərlə bağacıq ziyarətə gəlir. Mən orda özümü də gördüm; gördüm ki, başımda şlyapa, əlimdə nazik nar çubuğu, əynimdə qoyun dərisindən palto var. Mənə gətirilən qurbanlar xoşuma gəlməyəndə nar çubuğu ilə bağacıqları döyürdüm, məsum bağacıqlar da mənə yalvarırdılar ki, gələn dəfə daha böyük taxıl dənəsi gətirəcəklər. Mən onlara əmr etdim: bu dəfə mənə yalnız qoz-fındıq ləpəsi gətirməlidirlər, əgər gətirməsələr, onları sürüdən qovacaqdım. Belə də dedim. Onlar özləri də, mən də bilirdik ki, onların qida mənbəyi kəndlilərin taxıl sahəsi, qoz-fındıq bağları idi, lakin mən belə şey yemirdim, bunu mənə hörmət əlaməti olaraq gətirmişdilər. Sərdabənin yanında nəhəng buğda, fındıq, düyü və s. ləpələri qalaqlanmışdı. Onların arasında dişlənmiş buğda gördüm, tez əmr etdim ki, dişlək buğdanın sahibini tapsınlar. Nəhayət, həmin bağacıq tapıldı. O mənə dedi ki, yalnız yeyilmiş buğda gətirə bilib, indi də mənim mərhəmətimə sığınır. Mən buna qane olmaram, yenə əmr etdim: bu bağacıq qanadları qırılaraq sürüdən qovulmalıdır. Bütün bağacıqları kötəklədim, yalnız bir bağacıqdan savayı, o da gələn kimi mənim ayaqlarımı fındıq yağı ilə masaj etmiş, qanadları ilə silmişdi.
– Bu nə yuxudur, – deyib ayıldım. Qan-tər içində üzürdüm, divanda nə təhər yatıb qalmışdımsa, elə də oyandım. Boynum çox pis ağrıyırdı, ürəyim şiddətlə döyünür, əllərim əsir, bədənim titrəyirdi. Hiss elədim ki, təzyiqim düşüb, tünd şokoladlı qaynar çay içmək istədim, ancaq nə şokalad tapdım, nə də qaynar çay. Çaydanın altını çoxdan söndürmüşdüm.
Dərman atdım, sonra bütün evi gəzib öz otağıma keçdim. Bu dəfə gördüm ki, döşəmədəki bağacıqların bir neçəsi dekor masasının üstünə qonublar. Onların hamısını öldürüb salfet ilə götürdüm. Yadıma bağacıqlar haqqında oxuduqlarım düşdü ki, onların buraxdıqları maye üzə, gözə dəyəndə qaşınma salır.
Gözümə yenə bağacıqlar dəyirdi. Mən bağacıqlarımdan doymamışdım, otaqdakı bağacıları eyni yerə düzdüm, elə ordaca birini bayaqkı kimi öldürüb, digərlərini də yallı getməyə vadar elədim. İşin tərsliyindən indi onları ölünün başına fırlanmaq əvəzinə yumalayan görürdüm, hətta bu dəfə hiss elədim ki, onlar öz sürü başçılarını qaçırmağa çalışırlar, qulağıma hərdən mənə dedikləri söyüş də çatırdı. Onlar cığal məxluqa oxşayırdı, ona görə hamısını kibritlə yandırdım.
Yaxşı ki, qapımız açıq idi, qonşumuz Nərminə müəllimə məni soyuq döşəmədən qaldırıb öz isti evinə gətirdi. O gələndə məni otağın ortasında huşsuz görmüşdü. Mən indi özümü yaxşı hiss eləyirdim, hələ elektrik sobasının istiliyi də məni lap xumarlandırırdı. Mən qalxıb getmək istəyəndə:
– Uzan, – deyə dilləndi, sonra nəvazişlə gülümsədi, – Böcəklər yazıqdır, bala, onlar təzə Allah istəmirlər.
Məsələnin nə yerdə olduğunu anladım, yəqin ki, məni görübmüş. Susdum və bir az da utandım, sonra qaynar kofedən ləzzətlə içib axşamacan anamı gözlədim.
“Ədəbiyyat və incəsənət”
(25.04.2025)