
Super User
“Türk Mədəniyyətinin Rəqəmsal Transformasiyası” mövzusunda sessiya təşkil olunub
Xəbər verdiyimiz kimi, Özbəkistanın Xivə şəhərində Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Baxşı Festivalı keçirilib. Festivalın tərkib hissəsi: “II Türk Dünyası Mədəniyyət Forumu” çərçivəsində “Türk Mədəniyyətinin Rəqəmsal Transformasiyası” mövzusunda sessiya təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sssiya, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) ilə birgə hazırlanıb.
Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Nuri Aksunun moderatorluğu ilə baş tutan sessiyada mədəni irs və rəqəmsallaşdırma sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər bir araya gəlib. Cənab Aksu çıxışında TİKA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında qurulan əməkdaşlıq münasibətlərindən bəhs edib, tərəflər arasında imzalanmış Anlaşma Memorandumuna istinad edərək 2025-ci il üçün nəzərdə tutulan birgə layihələr barədə məlumat verib, "Macarıstandakı Türk İrsinin Rəqəmsallaşdırılması" layihəsinə xüsusi diqqət ayırıb.
Əlavə olaraq, sözügedən sessiyanın da məhz TİKA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında mövcud əməkdaşlıq hesabına həyata keçirildiyini vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sessiyaya qatılaraq təqdimatları dinləyib və iştirakçıları təbrik edib.
Sessiyada Türk Memarlıq Araşdırmaları Mərkəzinin Baş katibi Hasan Fevzi Çügen, Balkanlardakı Türk Memarlıq İrsinin Bərpası və Rəqəmsallaşdırılması layihələri haqqında danışıb. O, təqdimatında Balkanlar və Türküstandakı müxtəlif irs sahələri ilə yanaşı, TİKA-nın dəstəyi ilə bərpa edilən Gül Baba Türbəsi və Muzeyi, eləcə də Serbiyadakı Mahmud Paşa Hamamı kimi layihələrə toxunub.
Restavrator Erdinç Gökçe, Divriyi Ulu Məscidi kimi UNESCO Dünya İrsi Siyahısında yer alan ərazilərdə fotoqrammetriya və lazer skanlama texnikalarından istifadə olunaraq həyata keçirilən bərpa və qoruma işləri haqqında məlumat verib.
Carleton Universitetinin müəllimi və ICOMOS-SIPA-nın fəxri prezidenti Prof. Mario Santana, onlayn qoşularaq iştirak etdiyi sessiyada "Mədəni İrsin Qorunması, İdarə Edilməsi və Təqdimatı üçün Rəqəmsal Alətlər" adlı təqdimatında dünya miqyasında yaxşı təcrübə nümunələrini və rəqəmsallaşmada qarşılaşılan texniki çətinlikləri müzakirəyə qoyub.
University College London-un müəllimi Prof. Tim Williams, onlayn təqdimatında Orta Asiya Arxeoloji Landşaftları (CAAL) Layihəsini təqdim edərək peyk təsvirləri, Coğrafi İnformasiya Sistemləri (GIS) və açıq girişli rəqəmsal arxivlərin yaradılması sahəsində görülən işlərdən bəhs edib.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi dos. Dr. Fatma Sezin Doğruer Türkiyənin Efes Rəqəmsal Təcrübə Muzeyi, Ayasofya Tarix və Təcrübə Muzeyi, Virtual Troya Muzeyi kimi genişmiqyaslı rəqəmsallaşdırma layihələri və milli inventar sistemləri haqqında məlumat paylaşıb.
Sessiyada Türk Dünyasının zəngin mədəni irsinin rəqəmsal texnologiyalar vasitəsilə qorunmasının və tanıdılmasının vacibliyi xüsusi vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Təkcə elmi yox, həm də həyatın və sevginin ən gözəl rəngləri
İlahə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün
Zamanın unudulmaz səhifələrində elə simalar vardır ki, xatirələri bir nəğmə kimi qəlblərdə əbədi səslənir. Zərifə Əliyeva da bu nəğmənin ən zərif notlarından biridir – sadəcə elm aləminin deyil, zərifliyin özünün, sədaqətin ilahi rənginin və insanpərvərliyin sonsuz kainatının simvoludur.
Onun adı çəkildikcə qəlbimizdə bir nur oyanır, çünki bu adın arxasında təmiz bir ümidin şəfəqi, dəqiq elmi bir baxışın hikməti və hər bir insan qəlbinə uzanan mərhəmətli bir əl dayanır.
Zərifə Əliyeva oftalmologiya sahəsində təkcə bir alim deyildi, o, gözlərin dərinliyindəki sirli dili anlayan, ruhun ən kövrək tellərinə toxunan bir sənətkar idi. Onun traxoma və peşəkar göz xəstəlikləri üzərindəki fundamental tədqiqatları bu sahənin elmi axarını dəyişdirən bir çay kimiydi. O, soyuq statistik rəqəmlərə yox, hər birinin özünəməxsus hekayəsi olan insan talelərinə nəzər salırdı. Hər bir klinik analiz onun üçün bir həyat dramı, hər bir elmi təsbit isə ədalət axtarışının bir fəryadı idi.
Zərifə xanımın qələmindən çıxan “Peşə Göz Xəstəlikləri” monoqrafiyası bu sahədə ilk işıqlı yol kimi tarixə düşdü. Elmi kəşfləri bir zamanlar böyük bir imperiyanın tibb sistemində yeni üfüqlər açan bir bahar səhəri kimi təravət gətirdi. O, mikroskopun sirli dünyasında insan gözündəki ilahi nurla yanaşı, həyatın ən kövrək həssaslığını da oxuyurdu – sanki bir şairin qəlbinin dərinliklərinə enirdi.
Ailənin İlahi Bağçası və Nəcibliyin Zirvəsi
Zərifə xanımın elmi zirvələr qədər uca olan bir başqa dünyası da var idi – ailəsinin ilahi bağçası. Heydər Əliyev kimi böyük bir dövlət xadiminin həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaqla yanaşı, o, ailənin sükunətini qoruyan bir mələk idi. Oğlu ,bu günkü Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan İlham Əliyevin tərbiyəsində onun qadın zərifliyinin incə toxunuşu ilə müdrik bir ananın ağıllı nəzərəti vardı. Evdə o, kölgə deyil, hər zaman işıq saçan bir günəş idi.
Zərifə Əliyevanın səbirli qəlbi, dinləyən ruhu və anlayışlı nəzərləri ailəsindəki sevgi atmosferinin ən gözəl rəsmlərini çəkirdi. Rəfiqələri onu “sözə ehtiyac duymadan qəlblərindəkiləri oxuyan, hiss etdiklərini anlayan bir sirdaş” kimi xatırlayırlar.
Elmi Eşqin İctimaiyyətə Yayılan Nuru
Elmi eşqi ilə ictimai missiyasını bir qanad kimi daşıyan Zərifə xanım qadın hüquqlarının müdafiəsi üçün bir səda, gənc alimlərin ruhunu qidalandıran bir bulaq, səhiyyənin sistemli inkişafı üçün bir memar kimi fəaliyyət göstərmişdir. O, çox vaxt sözlərin gücündən daha çox, davranışlarının zərif dili və addımlarının mənalı ritmi ilə ictimai fikrə təsir edirdi.
Onun təşəbbüsü ilə həyata keçirilən sosial tibbi proqramlar, ucqar kəndlərdən başlayaraq şəfa axtaran minlərlə insanın ümid çırağı oldu. O, cəmiyyətə yalnız gözləri ilə deyil, qəlbinin dərinliklərindən süzülən bir nurla baxmağı öyrədirdi.
Zamana Meydan Oxuyan İz
Zərifə Əliyeva fiziki olaraq bu dünyadan köç etsə də, onun xatirəsi solmayan bir çiçək kimi qəlblərdə əbədi yaşayır. Bu gün Zərifə xanımın adını daşıyan elm məbədləri – tibb mərkəzləri, institutlar, xeyriyyə fondları onun elmi irsinin davamıdır. Hər il xatirəsinə həsr olunan anım mərasimləri, konfranslar onun müdrik fikirlərini yenidən canlandırır və cəmiyyətə bir miras kimi təqdim edir.
O, sadəcə bir alim deyildi, o, elmin insan siması, qadın zərifliyinin ən uca zirvəsi, şəfqətin canlı bir heykəli idi. Onun elmi əsərləri təbabətin səhifələrində əbədi yaşayacaq, onun xatirəsi və ruhu isə insanlığın ən dəyərli əsəri kimi qəlblərdə daim parlayacaq.
“Həqiqi alim olmaq üçün təkcə görmək kifayət deyil – hiss etmək, anlamaq və sevmək lazımdır,” – bu hikmətli sözlər Zərifə Əliyevanın bütün həyatının və elmi idealının ən dərin mənasını açır. Adı kimi zərif, işığı kimi dərin, izi kimi silinməz bir şəxsiyyət olan Zərifə Əliyeva tariximizin elm, sevgi və insanlıqla yoğrulmuş ən parlaq səhifəsidir. Gələcək nəsillər onun timsalında təkcə elmi yox, həm də həyatın və sevginin ən gözəl rənglərini oxuyacaqlar.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Əkil-Bəkil quş idi... – BİR DÜZGÜNÜN TARİXÇƏSİ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yəqin ki, çoxunuz uşaq vaxtı “Gizlənpaç” oynamısınız. Və o vaxt kimin “qalacağını” (yəni gözlərini yumacağını) müəyyənləşdirmək üçün aşağıda verilmiş düzgünü də söyləmiş və ya eşitmisiniz:
Əkil-Bəkil quş idi,
Divara (ağaca) qonmuş idi.
Getdim onu tutmağa,
O məni tutmuş idi.
Meydana salmış idi.
Meydanın ağacları,
Bar (dən) gətirib ucları (quşları),
Çəpər çəkdim, yol aşdım,
Qızıl gülə dolaşdım.
Bir dəstə gül dərməmiş
Anası (nənəsi) gəldi, mən qaçdım.
Düzgüdə sanki süjetli bir hadisə nağıl olunur. Bəs burdakı personajlar kimlərdir? Niyə quşun adı Əkil-Bəkildir? Əkil-Bəkil neçə quş idi? Nə üçün siz onu tutmamış o sizi tutub, meydana salıb? Niyə çəpər çəkdiniz, yol açdınız və qızıl gülə dolaşdınız? Nə üçün bir dəstə gül dərməmiş anası (nənəsi) gələn kimi qaçdınız?
Məlumdur ki, düzgülər adətən uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Amma bu düzgüdə, qeyd etdiyimiz kimi, fərqli bir hal var: ibtidai, primitiv şəkildə olsa da, müəyyən məzmun nəzərə çarpır. Orada bəsit bir hadisə - ov səhnəsi və ovçunun başına gələnlər təsvir olunur. Təsadüfi deyildir ki, folklorşünaslar M.Seyidovla A.Nəbiyev də “Əkil-Bəkil”in ovçu nəğməsi olduğunu bildirirdilər.
A.Namazlının yazdığına görə, ola bilsin ki, bu oyun ən qədim versiyada uşaqların ova hazırlığı kimi ortaya çıxıb. Necə ki təbiətdə heyvanlar, quşlar öz balalarına ovlamağı öyrədirlərsə, eləcə də insanlar övladlarını belə bir oyunla ov prosesinə hazırlayırmışlar. Həm də maraqlıdır ki, bu iş quşun (Əkil-Bəkilin) üzərində icra olunur. Bəlkə də ona görə ki, professor Y.Heyzinqin də yazdığı kimi, insanlar daha çox quşları təqlid ediblər.
Lakin hər şey bu qədər sadə deyil. Düzgüdə adı çəkilən Əkil-Bəkil adam deyil, ovçu bir quşdur. Amma adi quş yox. Onun qəribə bir xasiyyəti də vardır. Onu tutmaq, ovlamaq istəyəni Əkil-Bəkil ondan qabaq tutur, ovlayır. Çünki çox yaxşı ovçudur.
"Kitabi-Dədə Qorqud" dastanının "Bəkil oğlu Əmranın boyu"nda da bu qədim ada rast gəlirik. Maraqlıdır ki, buradakı Bəkil də ən yaxşı ovçularından biri kimi təsvir olunur.
Güman ki, "Əkil-Bəkil" qədim çağlarda zoomorfik onqon (müqəddəs qəbul edilən heyvan) olub. (Ovçuluq peşəsi ilə bağlı mifik nəğmələrdə hami quşun obrazları yetərincə təsvir olunur.) Bəlkə də, Əkil-Bəkil ov tanrısının adı olub. Sonralar zaman ona insan cildi geydirmiş, “Kitabi-Dədə Qorqud”dakı kimi, onu sərhədi qorumaq (gözətçi) işi ilə məşğul olan bir igidə çevirmişdir. Tanınmış türkoloq alim, görkəmli qorqudşünas, professor Ə.Tanrıverdinin fikrincə, "Bəkil" antroponimindəki "bək" titul, "il" hissəsi isə siyasi toplum, oba mənasında olan "el" sözünün qədim formasıdır. Belə demək mümkünsə, “Əkil-Bəkil” ov quşlarının himayəçisidirsə, dastanın qəhrəmanlarından olan Bəkil də bir elin himayəçisi sayıla bilər. Təsadüfi deyildir ki, “Kitabi-Dədə Qorqud ensiklopediyasında (II cild, səh:54) Bəkilin əsas funksiyası da “qarovulçu” kimi verilir.
“Əkil-Bəkildə” ki “əkil” sözü də maraq doğurur. Filologiya üzrə elmlər doktoru, professor R.Əliyev “Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər”) əsərində yazır: “...təxmin etmək olar ki, ən qədim mifoloji təsəvvürlərdə Əkil adlı mifik hami olmuş, funksiyasını yerinə yetirə bilmədikdə özünə yaxın bir hami ilə (Bəkillə) qoşalaşmış, daha sonra öz yerini ona tərk etmişdir. Bunu “Kitabi-Dədə Qorqud”dakı Bəkil adının izahından da görmək olar”. Tənqidçi, ədəbiyyatşünas, mifoloq-türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi M.Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində yazır: “Zoomorfik obraz Əkil-Bəkil adındakı əkil tərkibi onun ovçuluqla bağlılığını göstərən dəlillərdəndir. Əkilin türk dillərində, eləcə də Azərbaycan dilində bir anlamı da qaçmaqdır. Ancaq “əkil”in gizli, gözə görünmədən qaçmaq anlamları da vardır. Doğrudur, əkil sözü gizlənpaçla da uyğunlaşır. Gizlənpaç oyununda gərək gizlənən elə gizlənsin ki, onu tapmasınlar. Bu hal ovda da olur. Ov heyvanı da qaçıb gizlənməlidir. Əkil sözünün Bəkilə birləşməsi və onların qoşa işlənməsi sözsüz ki, zəruriyyət nəticəsində olmuşdur. Görünür ki, Əkil Bəkillə qoşa işlənərkən azərbaycanlıların ulu babaları belə təsəvvür edirmişlər ki, Əkil-Bəkil birlikdə ov heyvanlarının ovçudan qaçıb gizlənməsinə kömək edir”.
Düzgünün 1855 və 1968-ci il varantlarını müqayisə edən folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor R.Qafarlının fikrincə, çoxsaylı ixtisar və əvəzetmə nəticəsində onun ilkin məzmunu tamam itmiş, daha doğrusu, hadisələr arasında əlaqə pozulmuş, uyğunsuzluq əmələ gəlmişdir. Alim “Uşaq folklorunun janr sistemi və poetikası” (Bakı-2013, “Elm və təhsil”) adlı əsərində bu barədə yazır: “... II variant da eynilə ovçunun ağaca qonmuş quşu tutmaq istəyi ilə başlayır. Ov tanrısının adı (Əkil-Bəkil) çəkilir. Sonra başqa bir tanrının quşu ovçunun əlindən almasından, ovçunun özünü tutub meydana salmasından danışılır. Bura qədər hər şey aydındır. Birdən tamam başqa hadisə təsvir edilir: çəpər çəkilir, yol açılır (Görəsən, nə səbəbə? Məlum olmur), qızılgüllə rastlaşır, bir dəstə gül dərmək istəyəndə nənəsi gəlir və ovçu baş götürüb qaçır. Bu hadisələr arasındakı rabitəni I varianta baxandan sonra görmək mümkündür. Aydın olur ki, başqa bir mifik tanrı meydanda əzilən, dövrəyə alınıb döyülən ovçunu xilas edir və quşu qoruyan ilahi qüvvənin qarşısına “çəpər çəkir”, ovçu üçün “yol açır”. Ovçu bir bağçaya girir, burada Qızılgülü - pəri libasında ilahəni görüb ona vurulur, “bir dəstə gül dərmək” - murada yetmək istəyəndə anası və ya nənəsi (Baş tanrı) gəlir, ovçu qaçır... “Əkil-Bəkil” nəğməsinin variantlarına diqqət yetirəndə, aydın görürük ki, düzgü ötən yüz il ərzində uşaqların səviyyəsinə uyğun şəklə salınmışdır....”.
Professor R.Əliyevə görə, “Əkil-Bəkil” nəğməsinin strukturundakı mifoloji layları belə də açmaq olar: “Əkil-Bəkil qədim insanların inandığı ov hamisidir. İnsanlar ona inanırlar, kimin uğuruna Əkil-Bəkil çıxırsa, onun ovu yaxşı olacaq. Məhəbbət dastanında da buta alan öz ovunu tutmaq, ona yetişmək üçün hər cür əziyyətlərə sinə gərir. O, ovunu tutmağa gedərkən ov özü onu məhəbbətinin cənginə salır. Yuxusunda “qızıl gülə dolaşan” - öz butasına aşiq verilir. “Bircə gül dərməmiş” anası gəlir, yuxudan ayılır”. Gözəl bir nağıla, əfsanəyə oxşadı, deyilmi?
Şübhəsizdir ki, «Əkil-Bəkil» ovçular tərəfindən düzülüb qoşulmuş, sonralar isə uşaqlara keçmişdir. Təsadüfi deyildir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü A.Nəbiyev “Azərbaycan folklorunun janrları” əsərində “Əkil-Bəkil”in ovçu mifi ilə bağlı olmasını, səhvən “düzgü” adı ilə uşaq folklor nümunəsi hesab olunduğunu qeyd edirdi.
Uşaqların böyüklərdən aldığı bu nəğmədə (düzgüdə) “natamam fikirlər, qırıq-kəsik ifadələr”in müşahidə edilməsi onların – uşaqların “xidmətinin” nəticəsidir. Nəğmənin məzmuna xələl gətirən məqsədsiz ixtisarı ancaq uşaqlar apara bilərdilər.
Onlar poetik nümunəni mənimsədikdən sonra öz səviyyələrinə uyğun şəklə salaraq bir-birilərinə ötürmüşlər. Beləliklə də, mifoloji elementlərlə zəngin olan bir ovçu nəğməsini özləri üçün düzgüyə çevirmişlər.
Allah onları xöşbəxt eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Sumqayıtda Ağalar İdrisoğlunun yubileyi qeyd edildi
Rəna Təbəssüm, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, Mahmud Kaşğari mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50, anadan olmasının 75 illik yubileyinə həsr olunmuş çox maraqlı tədbir keçirildi.
Yubilyarın şərəfinə yüksək səviyyədə hazırlanan tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Qubadlı Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin əməkdaşları, incəsənət xadimləri, yazıçılar, şairlər, jurnalistlər, həmçinin altı mindən çox aforizmlər müəllifi, yazıçı-publisist, həkim, ictimai-xadim Hümbət Həsənoğlunun yaratdığı və rəhbərlik etdiyi məşhur Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvləri və başqaları iştirak edirdi.
Əməkdar artist Cəlal Məmmədov tədbiri giriş sözü ilə açaraq təbrik üçün sözü gələn qonaqlara verdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbir iştirakçılarına yubilyarın mənalı həyat yolundan və çoxşaxəli yaradıcılığından bəhs etdi. O bildirdi ki, Ağalar İdrisoğlu ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edib. Ötən illərin on doqquz ili, doqquz il aktyor və on il teatrın bədii rəhbəri-direktoru kimi çalışmağı Sumqayıt şəhərində teatrın birinci intibah dövrünə təsadüf edir. Həmin illərdə Sumqayıt teatrı məhz Ağalar İdrisoğlunun rəhbərliyi, inkişaf səviyyəsinə görə respublikada birinci yerdə olub. Onun səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi incəsənət və mədəniyyətə böyük töhfələridir. Ağalar müəllimin 150-dən artıq hekayəsi, altı romanı, on iki povesti, on beş pyesi, 1500-dən çox məqaləsi, publisist yazıları, esseləri, elegiyaları, 20-dən çox kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur.
Birinci müavin Teymur Səmədov son zamanlar Sumqayıt şəhərində sosial-mədəni sahədə müsbət dəyişikliklərin geniş vüsət aldığını, bu sahədə çalışan insanların işlərinin faydalı olduğunu bildirdi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından yubiliyarı təbrik edərək Sərəncamla bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50, anadan olmasının 75 illik yubileyi münasibətilə şəhərin ictimai-mədəni həyatında göstərdiyi fəaliyyətinə görə təltif edildiyi Fəxri fərmanı Ağalar İdrisoğluna təqdim etdi.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyev rayonun icra başçısı Malik İsaqovun təbrikini çatdırdı. Allahverdi Haqverdiyev bildirdi ki, hələ 1990-cı illərdə rəhbərlik etdiyi Sumqayıt Dövlət Musiqili-Dram Teatrının kollektivi ilə Qubadlı rayonunda tamaşalarla qonaq olan Ağalar İdrisoğlu ən ağır illərdə də incəsənətin və mədəniyyətin inkişaf tarixində yorulmadan çalışır, rayon camaatı və torpağın müdafiəsinə qalxan əsgərlərlə görüşlər keçirirdi. Həmin vaxtı onun rəhbərlik etdiyi teatr hər yerdə böyük coşqu ilə qarşılanırdı. Təbriklərə qoşulan Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov çıxışlarında qeyd etdilər ki. qəlbi həmişə teatra yeni töhfələr vermək istəyi ilə çırpınan Ağalar İdrisoğlu həqiqətən incəsənətə bağlı insandır.
Yubilyara Fəxri fərmanlar və çoxlu hədiyyələr təqdim olundu.
Ötən şirin xatirələrdən danışılaraq qeyd olundu ki, Milli səhnəmizin rejissor- yazıçısı Ağalar İdrisoğlu (Mehdiyev) dünyaya göz açdığı Masallı rayonunun və 26 yaşından taleyini bağladığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskva şəhərində Beynəlxaq Teatr Akademiyada təhsil alan ilk və yeganə peşəkar teatr rejissoru və yeganə Əməkdar İncəsənət Xadimidir. O, qırx səkkiz dramaturq arasında “İnan mənə” pyesi ilə üç laureatdan biri kimi təsdiq olunub. 1986-cı ildə Moskvanın “İskusstvo” nəşriyyatında işıq üzü görən “Məhəbbət və başqaları” adlı antologiyada bu pyes də dərc edilib. Ağalar İdrisoğlu SSRİ Dramaturgiyası Antologiyasında pyesi çap olunan yeganə azərbaycanlı sovetlər ittifaqının dramaturqlar laureatıdır.
Tanrıdan verilən istedad Ağalar İdrisoğlunun bütün həyatını al-əlvan rənglərlə boyayıb işıqlı yolun yolçusu etməklə cəmiyyətdə sevilən, seçilən, zəngin mənəviyyata malik əsl şəxsiyyət kimi tanıdıb. Xoş xatirələrlə dolu olan mənalı və düşündürücü ömrün 75 ilini geridə qoyan Ağalar İdrisoğlu haqqında bu gün yazılan esselər, şeirlər, bəstələr, məşhur yazıçıların, rejissorların, tənqidçilərin, tanınmış ictimai xadimlərin və digərlərinin onun haqqında dedikləri fikirlər maraqla qarşılanır.
Ağalar İdrisoğlu tədbirin təşkilatçılarına, iştirakçılara və onu təbrik edib ürək sözlərini çatdıranlara minnətdarlığını bildirdi. Yubilyar öz çıxışında baş rejissor, Prezident mükafatçısı, Xalq artisti Firudin Məhərrəmovun, direktor Samir Şəfiyevin böyük zəhməti sayəsində Sumqayıt Dövlət Dram Teatrının ikinci intibah dövrünü yaşadığını vurğuladı. İdeya müəlliflərindən biri olduğu Azərbaycan dahilərinin əksi olan foto kolajı yadigar olaraq teatra təqdim etdi. Son dövrdə çapdan çıxan sayca iyirminci kitabı, pyeslər toplusunun birinci cildi olan “Şah İsmayıl Xətai” kitabını və Azərbaycanda təhsilin yüksək səviyyədə inkişaf etdirilməsində böyük əhəmiyyətə malik ola biləcək “Müəllim qaranlığı yaran işıqdır” iyirmi birinci kitabını teatrın kitabxanasına hədiyyə verdi.
Möhtəşəm keçən tədbirin sonunda Ağalar İdrisoğlunun tərcüməsi əsasında hazırlanan, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşaçı rəğbətini qazanan Georgi Xuqayevin “Varlı Ev” tamaşası ikinci dəfə teatrsevərlər tərəfindən maraqla izlənildi. Bu tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, icraçı rəssamlar - Nizami Dadaşov, Arif Müzəffərov, musiqi tərtibatçısı Şəmistan Muradxanlıdır. Həmin tamaşada rolları bu aktyorlar ifa etdilər. Beçir- Əməkdar artist Rauf Ağakişiyev, İrma - Əməkdar artist Elmira Kərimova, Sərmət - Oktay Mehdiyev, Saniyyət- Aynur Hümbətova, Həbi - Əməkdar artist İzaməddin Bağırov, Uari - Elay Xasıyev.
Tamaşanın hər epizodu tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Bu da ondan xəbər verirdi ki, tamaşa tamaşaçıların xoşuna gəlir.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası – AZƏR TURAN
“Ədəbiyyat və incəsənət” portalının UŞAQ SAATI rubrikasında “Ulduz” bu gün sizlərə ədəbiyyatşünas, publisist Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” məqaləsi təqdim edilir.
Uşaq ədəbiyyatı barədə mütəxəssislər yazsa, bu daha uyğun olar, lakin məni düşündürən odur ki, tutalım, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poeması, yazılışından 40 ilə yaxın vaxt keçsə də, ədəbiyyatşünaslığımızda niyə müzakirə və tədqiqat obyektinə çevrilməyib?
Teymur Elçinin bu poemasını hətta fransız şairi Prevertin "Bir quşun rəsmini çəkmək istəsən" şeiri ilə də müqayisə etmək mümkündür. Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa, nağıllar aləminə səyahət, milli təfəkkürün və estetik dünyagörüşünün formalaşdırılması baxımından "Toğrul Babanın nağıl ağacı" poemasının doğurduğu intibalar çoxdur...
Şuşalı Teymur Elçin poeziya dili ilə Bakının sağ əlində, Xəzərin sahilində kuklaların evində şuşalı Toğrul Nərimanbəyovun çəkdiyi divar rəsmlərinin nağıllarını təfsir edib; rəng sözə, söz rəngə qarışıb.
Toğrul baba sehrkardır, rəngləri də sehrlidir, çubuqlarla – fırçayla "danışır" və kuklaların evinin divarında bircə anda bağ salır. Toğrul baba nağıl rəssamıdır... Onun rəngləri "gülür-danışır", "küsüb-barışır"lar. Lazım gələndə Toğrul baba rənglərə əmr edir, onlar bir yerə "yığışır", içi heyva, nar dolu xurcuna, səbətə çevrilirlər, yaxud göyçək bir qıza dönüb mışıl-mışıl yatır, nar olub yaşıl budaqlardan sallanırlar və s.
"Kilimçi" nağılı Qız qalasının yaxınlığında qaravəlliylə başlayır. Teymur Elçinin yaratdığı teatral mənzərə unikaldır. Məncə, Azərbaycanda nağıl estetikasını bu qədər dərindən mənimsəmiş ikinci şairi təsəvvürə gətirmək çətindir.
Bayaq da qeyd etdiyim kimi, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poemasını Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarına çəkdiyi rəsmlərin iştirakı ilə oxumaq xüsusi estetik anlam kəsb edir. Bu, Azərbaycan estetik düşüncə tarixində yeni hadisədir. Həm də o mənada ki, tutalım, bizdə nağıl motivləri əsasında yazılmış poetik nümunələr, hətta nağıl-pyeslər var. Amma Azərbaycan nağıllarının az qala hamısının divar rəsmlərinə mövzu olması, onların bir süjet ətrafında birləşdirilməsi ənənəsi Toğrul Nərimanbəyova qədər olmayıb və Teymur Elçinin bu poeması da o rəsmlərin təkrarsız poetik, nəzəri və ensiklopedik şərhidir.
Teymur Elçin Toğrul Nərimanbəyovun rəsmlərini şeirləşdirir. Bu şairanəlikdə rənglərin səciyyəsini dərindən bilən sənətşünas manerası da var; hər şey (məsələn, Qız qalasının yanında kilimçi Qara Vəlinin obrazı və bu obrazın ətrafında baş verənlər, görünən başqa obrazlar) şair Teymur Elçinin poetik izharları ilə tanınır:
Uzanıb pəhləvantək Kilimçi Qara Vəli.
Oyun çıxardır yenə, Danışır qaravəlli.
Əlləri, ayaqları meydançadır elə bil.
Göstərdiyi tamaşa bir xonçadır elə bil.
Kilimin üstündəcə arxası üstə uzanıb əlayaqlarını yuxarı qaldırmış kilimçini Toğrul Nərimanbəyov şəkilləndirir. Amma onu Qara Vəli olaraq tanıdan, poetik rakursu meydançaya çevirən, onun danışdığı qaravəllini mətnləşdirən, Toğrulun çəkdiyi tablonun şərhini verən Teymur Elçindir. Kilimçinin açıq ovcunun birində eşşəyə minmiş xurcunlu oğlan, digərində isə haldan-hala düşən və qazı əlbisəsi geymiş başqa bir obraz var.
Bax bu eşşəkçi oğlan evdən getmişdi çoxdan.
Quş südü istəmişdi şəhər qazısı ondan.
Quş südü bəhanədi, Kim bilir ki, o nədi...
Evlərində heç kəsi, Tamam boşdur heybəsi.
Gətirdiyi bir az nar – sirli bağın meyvəsi...
Sol ovcunda qazını oynadır Qara Vəli:
– Qazı deməyin buna – Cəlladdır – əmmaməli...
Kilimçinin qaldırdığı ayaqlarının birinin pəncəsində bir oğlan təsvir edilib:
Bu da tacirin oğlu,
Pulu var çoxlu-çoxlu.
Satın alar dünyanı...
Görün necə qalıb mat:
Oğlan gəlib salamat...
Qara Vəlinin yuxarı açılmış digər pəncəsi üstündə rəqs edən qız:
Qonşu qız çıxıb səsə,
Salmışdılar qəfəsə.
Gah oynayıb-oxuyur,
Məhəl qoymur heç kəsə.
"Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Yarım qayıdıb gəlib,
Görəcəyəm doyunca".
Teymur Elçin Toğrul babanın nağıl personajlarını bir-bir şərh edir. Toğrul baba rənglərlə nağıl dünyası yaradır. Onun rəssam təxəyyülündən yaranan nağıllar ətirlidir, rəngarəngdir. Və elə buradaca əlavə edim ki, bu nağılların – rəsmlərin mifoloji mündəricəsi də çox dərindir. Teymur Elçinin qurduğu süjet Nərimanbəyovun çəkdiyi rəsmləri danışdırır. Boyu bir tikə olan Cırtdan Toğrul babanın xurcununa girir və oradan yekə bir nar çıxarır. Toğrul baba bütün dəcəlləri çağırıb nağıla başlayır.
Növbəti nağıl – "Nar bağı" təkcə uşaq ədəbiyyatında deyil, ümumiyyətlə, ədəbiyyatımızda yeni hadisədir. Günər Nar bağında "Məlikməmməd" nağılından tanıdığımız dördbuynuz devi öldürüb nar giləsi kimi şirin və gözəl qızları ölüm yuxusundan oyadır. Yuxudan ayılan Narcan: Arzun nədir, gizlətmə gəl, Eylərəm ona əməl, – deyə Günərə səslənir. Günərin arzusu günəşi tapmaqdır. Çünki eli-obası zülmətdədir. Narcan ona yol göstərir. Buynuzlaşa-buynuzlaşa qabağına gələcək Ağ qoçla Qara qoçun epizodu yekunlaşır və Narcan məsləhət görür ki, Günər Qara qoça yaxınlaşmasın, Ağ qoçun buynuzundan möhkəm yapışsın, çünki Ağ qoç onu işığın ünvanına – Qaf dağının ətəyinə aparacaq.
"Cırtdan" nağılındakı işıq gələn tərəf semantikası Azərbaycan uşaq şeirində bu şəkildə dəyişdirilir. Ardınca süjet xəttinə Qaf dağı səmtində uca və tənha çinar ağacında yuva qurmuş Zümrüd quşu – yuvasında balalarıyla daxil olur. Simurqun əfsanəvi səciyyəsinin müasir uşaq ədəbiyyatı mətninə bu şəkildə daxil edilməsi ədəbi baxımdan hadisədir.
Züm rüd indi Qaf dağının ətəyindədir. Amma Toğrul babanın nağıl ağacına o, Qız qalasından pərvazlanıb:
Pərdə salıb ağ bulud,
Üstündə Zümrüd quşu.
Qalanın başı üstdə
Göyərçinlər uçuşur...
Bütün mənəvi zirvələrdə Zümrüd quşu vardır. İşıq zirvədədir. İşığa qovuşmağın sirri isə narın içindədir. Narcan Nar bağında Günərə nar verib demişdi ki, çinar ağacında yuva qurmuş Zümrüdü görəndə narı dənələyib quşun balalarına yedirdərsən, sonra harda dara düşsən, zümrüd quşları səni xilas etməyə gələcək. İşıq soraqlı xəyali yol beləcə davam edir. Bu dəfə süjet xəttində Qaf dağının zirvəsində zəncirlənmiş gəncin obrazını görürük (Teymur Elçin mətni ağırlaşdırmır. İşıqdan soraq verən Prometeyi, sadəcə, zəncirlənmiş gənc oğlan olaraq təqdim edir):
O zirvəyə çıxsan əgər,
O cavanın zincirini Qırıb atsan,
Çatacaqsan istəyinə.
Rəssamın yaratdığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm də folklor elementləri və s. birlikdə iştirak edir.
Teymur Elçin Toğrul babanın nağıl ağacını şimal motivləri – Şimal mifləri ilə də zənginləşdirir. "Nə yoğurub, nə yapıb, hazırca kökə tapan" Cırtdan "tapdığı" kökəni bir qartala verir. Qartal onu şimala aparır. Azərbaycan nağıl estetikasının obrazlar silsiləsinə yeni elementlər daxil olur. Cırtdan qarlı çöldə itlərə qoşulmuş xizəyə minir. Yolda qartalın "lazım olacaq" deyə ona verdiyi:
Lələyi verdim,
Bir nağıl aldım.
Bura gələndə
nağılı saldım.
Bir ağ göyərçin
havada tutdu.
Ala bilmədim,
Nağılı uddu.
Göyərçin nağılı qardaşına danışanda Əsmər eşidib Cırtdana söyləyir. Teymur Elçin nağıl estetikası ilə, mifoloji təsəvvürləri, özü də həm türk mifologiyasını, həm yunan mifologiyasını, hətta xristian mifologiyasında müqəddəs ruhu təmsil edən Ağ göyərçini, o cümlədən, bir qartalın qanadlarında şimala uçan Cırtdanın nağılıyla şimal miflərini, üç oğulun etinasızlığından Ağ göyərçinə – ruha çevrilib evdən gedən Ananın nağılını, şimaldan gələn "Ağ göyərçinin nağılı"nı, eləcə də Azərbaycanın yeni Nar mifini – Nar qızın nağılını bir mətnin içində çox rahat şəkildə əridə bilib.
Poemanın dili nağıl dili kimi yüyrəkdir. "Elçi gəldi Təpəgöz" nağılı, əslində, xaosun gəlişidir, Səməndərin danışdığı "Yuxucul Domrulun nağılı"nda Domrulun yuxudan oyanması eli xilas edir, harmoniyanı bərpa edir. Uşaq şeirinin süjetinə Dədə Qorqud motivli təsvirin məhz bu şəkildə, rahatlıqla aşılanması Toğrul Nərimanbəyovun nağıl kosmosunu Teymur Elçinin qələmi ilə uşaq ədəbiyyatımızın poetik güzərgahına çevirir. Nağıl bitir. "Toğrul babanın nağıl ağacı"nda hər şey işıqla yekunlaşır, amma göydən üç alma düşmür:
Cırtdan çıxıb uzanmışdı
yaşıl nağıl ağacına.
Nağıllara baxırdı o,
Nağılların qucağında...
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
O Tahir Tahiroviçdir, kinoya köklü dəyişikliklər gətirmək istəyən adamdır
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Təqvimdə 1975-ci ilin aprel ayının 28-i idi. Həmin gün Ərəb Sosialist Dirçəliş partiyasının İraq üzrə rəhbəri və İnqilabi komandanlıq şurasının sədri, marşal Səddam Hüseyn 38 yaşını qeyd edirdi. Bu zaman Azərbaycanın Bakı şəhərində bir oğlan uşağı “İnqa-inqa“ çığıraraq dünyaya gəldi. Adını Tahir qoydular.
İllər ötdü. Tahir boya-başa çatıb orta təhsilini başa vurdu. Arzusu mülki təyarəçi olmaq idi. O qədər bu peşənin vurğunu idi ki, hətta özünə təyarəçi “paqon”ları da almışdı. Amma ataların sözü olmasın - sən saydığını say, gör Fələk nə sayacaq? Necə deyərlər, Fələk onu hərləyib-fırlayıb İncəsənət Universitetinə gətirdi. Qismətinə Cəmil Quliyevin emalatxanasında təhsil almaq düşdü...
Deyir ki:- “1993-98-ci illər aralığında mənim gəncliyim çox pis keçib. Niyə? 13-14 yaşım olanda Qarabağ hadisələri başladı. 15 yaşımda 20 yanvar qırğını oldu. 17 yaşım olanda Şuşanı itirdik. 20 yaşım komendant saatı olan vaxtlara düşdü. Mənim indiyə kimi yadımdadır 1995-ci ilin 28 aprelində 20 yaşım tamam olanda bir qızla şəhərdə gəzirdim, başımız elə qarışdı ki, bir də gördük gecə saat 12-dir. Həmin gün məni həbs etdilər. Səhv etmirəmsə, Hüsü Hacıyev küçəsində baş vermişdi bu hadisə. Dedilər, siz getməlisiniz komendaturaya, orada qalmalısınız. Dedim, icazə verin, bu gün şənlənim, mənim ad günümdür axı. Pasportuma baxanda, dedilər sən çox pis gündə doğulmusan. Söz yox, bizi həmin gün azad etdilər. Yəni onu demək istəyirəm ki, çox pis vəziyyətdə, normal, xarakteri olmayan cəmiyyətdə böyüdük. 20 yanvarda və Qarabağda baş verənlər xaraktersiz hadisələr idi. Dediyim kimi əcaib bir cəmiyyətdə böyüdüm...”
1988-ci ildə meydan hərəkatında fəal iştirakçılardan biri olub. 20 yanvar hadisələri də ondan yan keçməyib, küçə barikadalarında iştirak edib. Bu hadisələr onun təfəkkürünə elə təsir göstərib ki, İncəsənət Universitetinə, kinoya gəlib. Kinonu incəsənətin kəskin və aqressiv növü hesab edir. Düçünür ki, ictimai baxışı, ictimai rəyi, ictimai düşüncəsi olmayan adam kino rejissorluğundan uzaq olmalıdır...
“80 milyondan çox əhalisi olan Türkiyədə ildə 500 nəfər rejissor diplomu alır. Ona görə ki, telekanalların sayı 5000-dən çoxdur, rejissorlara ehtiyac var. Sizcə, Azərbaycanda sənədli kino 90-cı illərdə niyə inkişaf etdi? Çünki Azərbaycan kinosunda bədii filmlərə dövlət dəstəyi olmadı. Amma buna baxmayaraq müəyyən şirkətlər kinoya pul ayırırdılar. Sadəcə bu şirkətləri tapmaq çətin idi. Televiziyalarda sənədli filmlərin çəkilişi isə istedadlı tələbələrin hesabına başa gəlirdi.”- söyləyir.
İnanır ki, kino baxımından 5-10 il sonra hər şey öz qaydasına düşəcək. Qarabağı dirçəldənnən sonra dövlət bu sahəyə də əl gəzdirəcək, kino sənətinin inkişafına daha böyük yardımlar edəcək. Amma inanmır ki, dövlətdən kənar kimsə kinoya külli miqdarda pul qoysun. Bunu mümkünsüz hesab edir...
Deyir ki:- “Azərbaycan kinosu artıq inkişaf edir. Yeni kino təşkilatları var. Kino Agentliyi, “Cinema” Gənc Kinematoqrafçıları Mərkəzi, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası, Ssenari Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatların sayı çox olmalıdır. Xarici fondlarla əlaqələr qurulub müştərək işlər görülməlidir. İnkişaf puldur. Pul da ki var. Yaxşı filmlərin ortaya çıxmamağı isə pulla bağlı deyil. Pulun olub-olmamağının kinomuzun inkişafına dəxli yoxdur. Futbola Azərbaycandan çox pul buraxan ölkə var? Amma qol vura bilmirlər. Problem başqadır. Ədəbiyyatın da inkişafı da lazımdır. Nuri Bilgə Ceylanın son illərdə qazandığı uğurlar təkcə ona aid deyil. Onun uğurlarında Orxan Pamukun da payı var. Buna görə düşünürəm ki, Kamal Abdulla ya da başqa bir yazıçımız "Nobel" mükafatı almalıdır...”
...Rəhmətlik atası Cabbar kişi kinonu sevən adam olub. Oğluna komandiri, bir vaxtlar marşal Jukovun yavəri olmuş, azərbaycanlı polkovnik Nemət Kərimovdan çox danışıb. Bu da Tahirdə müharibədə iştirak etmiş marşallara ciddi maraq yaradıb. Uşaq vaxtı marşalların fotolarını toplamaqla yanaşı, müharibə haqqında çəkilmiş filmləri də diqqətlə izləyirdi. Böyüyüb sənədli kinoya gələndən sonra isə, özünə söz verib ki, ikinci dünya müharibəsini araşdırıb, bu haqda sənədli filmlər çəksin. Bu da onda alınıb və çox maraqlı filmlər ərsəyə gətirib. Deyir ki, elə qəhrəmanlar var ki, Azərbaycanda tanınmırdılar, unudulmuşdu, onları ortaya çıxardıq...
Bəli, Tahir Əliyev 1993-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində ali təhsil alıb. 2012-2014-cü illərdə isə Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr pilləsinə yuksəlib. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır...
“Elə adamlar var ki, pul onları qudurğan edir, elə adamlar da var ki, pul onları zadəgan edir. Biri var milyonçu, biri də var oliqarx. Oliqarx odur ki, televiziya, kinostudiya açır və oraya qazanc mənbəyi kimi baxmayaraq pul xərcləyir. Milyonçu isə milyonunun üzərinə milyon gətirmək üçün çalışır. Bax, milli zadəganlarımız kinoya yadım etməlidirlər...”- söyləyir.
Tahir Əliyev 1995-2000-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, 2003-2007-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, 2007-2008-ci illərdə AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor, 2008-2016-cı illərdə "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür. İndiyədək bir neçə filmin ssenari müəllifi, eləcə də otuz beşə yaxın bədii və sənədli filmlərin rejissoru olub...
Xülasə, onun 4 yaşı olanda Səddam Hüseyn İraqın prezidenti vəzifəsini icra etməyə başlayıb və 24 il İraqın prezidenti olub. 2003-cü ildə iraqlılar onu ölümdən qoruya bilmədilər. Corc Buşun zavalına tuş gəldi. Onda Səddamın 66, Tahir Əliyevin isə 28 yaşları vardı. Artıq o vaxtdan 22 il ötüb. Düşünürəm ki, Tahir Əliyevin xidmətlərini nəzərə alıb, onu mükafatlandırmağın zamanı çatıb...
Bəli, dünən, aprelin 28-i kinorejissor, kinossenarist Tahir Əliyevin 50 yaşı tamam oldu. Gec sayılmaz, ona möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.
Yubileyi mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
“Kitabi-Dədə Qorqud – Türklərin mifoloji dünyası və qəhrəmanlıq anlayışı”
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqlarının mədəni irsi layihəsində növbəti görüşümüzdə sizlərə "Kitabi-Dədə Qorqud" dastanı barədə danışacağıq.
Türk xalqlarının ən qədim və möhtəşəm ədəbi abidələrindən biri olan "Kitabi-Dədə Qorqud" dastanı, türk mifoloji dünyagörüşünü, qəhrəmanlıq idealını və tarixi yaddaşını əks etdirir. Dastan yalnız bir ədəbiyyat nümunəsi deyil, həm də türklərin mənəvi-mifik dünyasının, sosial münasibətlərinin və dəyərlər sisteminin ifadəsidir. Oğuz türklərinin tarixi, dini inancları, adət-ənənələri və qəhrəmanlıq anlayışı bu əsərdə özünə güclü yer tapmışdır.
Dədə Qorqud dastanının mənşəyi:
- Tarixi Kontekst: Dastan Oğuz türklərinin VIII–X əsrlərdə Orta Asiyadan Ön Asiyaya və Qafqaza köçü zamanı formalaşmışdır.
- Şifahi ənənə: Əsərin yaranmasında aşıq-ozan ənənəsi mühüm rol oynamış, dastan nəsildən-nəsilə ağızdan-ağıza ötürülmüşdür.
- Yazıya alınması: XV–XVI əsrlərdə Azərbaycan və Anadolu ərazisində dastan yazıya köçürülmüşdür.
Türklərin mifoloji dünyası və Dədə Qorqud:
1. Kosmoqonik təsəvvürlər:
- Göy Tanrı inancı: Dastanda təbiət hadisələri, səma qüvvələri müqəddəsləşdirilmişdir.
- Su və torpaq kultu: Yer və suyun həyat mənbəyi kimi təsviri ("su başı", "dağ kökü" ifadələri).
- Qurd simvolu: Qurd türk mifologiyasında qəhrəmanlığın və soyun başlanğıcının rəmzidir. Bu simvol Dədə Qorqudda birbaşa göstərilməsə də, qəhrəmanların şücaətində bu mifoloji kök hiss olunur.
2. Ruhlar və şəhidlik:
- Qoruyucu ruhlar anlayışı: Döyüşçülərin ruhunun döyüş zamanı ilahi qüvvələr tərəfindən qorunduğuna inam.
- Ölüm və qəhrəmanlıq arasında əlaqə: Ölüm şərəflə qəbul edilir, şəhidlik və igidlik bir arada təsvir olunur.
Dədə Qorqud dastanında qəhrəmanlıq anlayışı:
1. İdeal qəhrəman modeli:
- Fiziki güc: Dastanın qəhrəmanları (Basat, Bamsı Beyrək, Qazan xan və başqaları) fiziki güc və cəsarətləri ilə seçilirlər.
- Əxlaq və vicdan: Qəhrəmanlıq təkcə fiziki şücaət deyil, eyni zamanda ədalət, böyüyə hörmət, vədə sadiqlik, sözə əməl etmək kimi dəyərlərlə ölçülür.
- Ailə və icma qoruyuculuğu: Qəhrəman yalnız öz şəxsi şərəfi uğrunda deyil, ailəsinin, tayfasının və xalqının rifahı uğrunda mübarizə aparır.
Nümunə:
Bamsı Beyrək öz sevgilisi Banuçiçək uğrunda mübarizə aparır, lakin əsas məqsədi Oğuz elinin şərəfini qorumaqdır.
2. Qadın qəhrəmanların Rrolu:
- Dastanda qadınlar yalnız sevgi obyekti deyil, həm də mübarizə aparan, ağıllı və iradəli şəxsiyyətlər kimi təqdim olunur (məsələn, Banuçiçək döyüş bacarıqları ilə fərqlənir).
3. Qəhrəmanlıq və taleyin rolu:
- Dastanda qəhrəmanların taleyi Tanrı iradəsinə bağlıdır. Bu, türklərin qədim qismət və yazıqlıq inancını əks etdirir.
Simvollar :
Simvol |
Anlamı |
Qılınc |
İgidliyin və ədalətin simvolu |
At |
Azadlıq, çeviklik və qəhrəmanlıq |
Qurd |
Soyun müqəddəs başlanğıcı və döyüş ruhu |
Su |
Təmizlik və həyatın davamı |
Dağ |
Qüdrət və müqəddəslik |
Dədə Qorqud – mifik şəxsiyyət:
- Dədə Qorqud özü yalnız bir dastan yaradıcısı deyil, həm də şaman obrazı kimi təqdim olunur.
- O, həm nəğməkar, həm kahin, həm də ağsaqqaldır – bu, qədim türk şamanlarının və ozanlarının xüsusiyyətlərini birləşdirir.
- Dədə Qorqud dastan boyunca qəhrəmanlara ad verir, yol göstərir, cəmiyyətin mənəvi lideri kimi çıxış edir.
Nəticə:
"Kitabi-Dədə Qorqud" dastanı türk mifoloji düşüncəsinin və qəhrəmanlıq ideyasının ən parlaq ifadələrindən biridir. Burada insan və təbiət, fərd və icma, şərəf və cəng, ölüm və ölümsüzlük kimi fundamental anlayışlar bir-birinə bağlı şəkildə təsvir olunur. Dədə Qorqud dastanı təkcə tarixi bir abidə deyil, həm də türk xalqlarının ortaq mənəvi yaddaşının, kimliyinin və qəhrəmanlıq ruhunun təcəssümüdür.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Darısqallıq”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“DARISQALLIQ”
Uzun illər sıxdı məni:
gah çəkmələrim –
bəzən uzunu, bəzən eni ilə,
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim, yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı,
Gah alçaq buludların qalın pərdəsi;
Gah bir nadan qələmindən
tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynəyimin yaxalığı.
Qırıb çıxmaq istədim
"olar", olmaz" çərçivəsindən.
Dedilər, yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni,
maddələrlə, sözlərlə…
İş otağım
on iki metr yarım.
Altısında
mən,
yazı masam,
həsrətim, ümidim.
Sabir.
Heminquey.
Tavandan süzülən damcıların izi.
Bricid Bordonun
bığsız, pişik üzü.
Falk, Mikayıl,
Tağı,
Bəhlulun nəvəsi.
İlk sırada olmaq
və qalmaq həvəsi.
Altı metr belə.
Altı yarım:
kitablar, kitablar, kitablarım.
Pəncərələr sıxdı məni
uzunsov dördbucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş yarğanını.
Maşınlar sıxdı məni
markalarına münasib.
Sıxdı məni vaqonların
güzgülü kupeləri və
yol hesabatını yoxlayan mühasib.
Məsafələr metrlərlə,
işıq kilovatlarla doldurulub.
Nəğmələr oktava içində
Xəstələrin hərarəti
dərəcələr içində.
İri meyvələr dənələrə,
üzüm – göz yaşı gilələrə dolub.
Şəhərimin yaşıllığı
ölçülüb, biçilib
salınıb rəqəmlərə.
Dağlar darıxıb göyə qalxıb
dərələr çöküb yerə.
Darıxır insan
hüdudlar, ölçülər içində.
Yayda uzun gündüzlər,
qışda uzun gecələr içində.
Deyirəm:
öləndə, atın
ən dərin dəryaya məni;
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı.
Yox, yox.
Ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür,
darısqallıq kənarda deyil;
hər meyvənin tumunda,
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
Görünür,
yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə…
1967
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
“Kitabi Dədə-Qorqud” dastanının 1325 illiyi qeyd olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət və Uşaq şöbələri İ.İbrahimov adına 167 №-li tam orta məktəbin şagirdləri arasında “Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyi ilə əlaqədar inşa müsabiqəsi keçirdilər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Müsabiqənin məqsədi “Kitabi-Dədə Qorqud” dastanının tarixi əhəmiyyətini vurğulamaq, onun ədəbiyyatımızda və mədəniyyətimizdə əhəmiyyətini göstərmək idi.
Məktəbin şagirdləri Mədinə Məmmədli, Mehriban Ağayeva, Ruslan İsmayılzadə və kitabxananın fəal oxucusu Zəhraxanım Hüseynova müsabiqənin qalibləri oldular.
Mərkəzi Kitabxanada “Yubilyar kitablar” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyi ilə əlaqədar ““Kitabi-Dədə Qorqud” dastanı – milli-mənəvi sərvətimizdir” adlı videoçarx da hazırlandı. Videoçarxda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyində söylədiyi tarixi nitqindən sitatlar yer alır. Videoçarxda “Kitabi-Dədə Qorqud” dastanı haqqında maraqlı məlumatlar verilir. “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan kitabxanalarında saxlanılan əlyazmalarının səhifələri nümayiş olunur. İzləyicilərə dastanın tərcüməsi, öyrənilməsi, filmoqrafiyası haqqında da məlumatlar verilir, Dədə Qorqudun Azərbaycanda olan heykəlləri nümayiş olunur. Videoçarxda Dədə Qorqud obrazını yaradan və dastana illüstrurasiyalar çəkən bir neçə rəssamın əsərləri verilir. “Ə
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:https://www.youtube.com/watch?v=uvNTA-HEOdE&t=8s
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Prezidentimizə Çində onun barəsində danışıblar
Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb. Həmin gəncin orada fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil aldığını və özünə yeni bir gələcək qurduğunu bildirib.
Haqqında danışılan həmin gənc – doktorant Tağı Məmmədov 2 ildən çoxdur ki, Çində yaşayır. Soydaşımız Pekin Texnologiya İnstitutunda magistr pilləsində təhsil alıb, hal-hazırda isə Çinkianq şəhərində Jiangsu (Çianqsu) Universitetinin doktorantıdır.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşımızın Çinə olan marağı 2019-cu ildə Yay məktəbinə gedişi ilə başlayıb və o, bundan sonra təhsilini həmin ölkədə davam etdirmək qərarına gəlib.
Tağı Məmmədov bildirib ki: ”Bir neçə ay öncə Çindəki qış iqtisadiyyatı mövzusunda CCGN TV-yə, ölkənin nüfuzlu jurnalistlərindən olan Liu Xinə müsahibə verdim. Mən Liu Xinlə Pekində bir dəfə də görüşdüm. O, mənə Azərbaycanla bağlı suallar verdi və mən də onları ətraflı cavablandırdım”.
Xatırladaq ki, ölkəmizi Çində yüksək səviyyədə təmsil edən Tağı Məmmədov 2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diasporun Qarabağa səfəri çərçivəsində Şuşada olub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin tələbələrindən olan Tanq Yuxuan da həmin səfərdə iştirak edib. Onlar sosial şəbəkə hesablarında Qarabağla bağlı paylaşımlar edib, səfərlə əlaqədar geniş məlumat veriblər.
Qeyd edək ki, Çində yaşayan soydaşlarımız, həmçinin bu ölkənin nüfuzlu ali məktəblərində təhsil alan tələbələr Azərbaycanla Çin arasındakı münasibətlərin inkişafına töhfələr verir, icmanın inkişafı istiqamətində uğurlu fəaliyyət göstərirlər və onların fəaliyyəti hər zaman dövlətimizin diqqət mərkəzindədir.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)