
Super User
Elmin və ruhun qovuşduğu şəxsiyyət - XUDU MƏMMƏDOV
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycan elminin parlaq simalarından biri olan Xudu Məmmədov həm alim, həm də insan kimi xalqımızın yaddaşında silinməz iz qoymuş şəxsiyyətlərdəndir. O, bütövlükdə müasir Azərbaycan elminin fəxri, ruhunu və şəxsiyyətini qoruyan bir ziyalı obrazıdır.
Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda - Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.
Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi. Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib. Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub.
Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişib. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub. Böyük alim elmi fəaliyyəti ilə yanaşı, hər zaman xalqının yanında olub və 1987-ci ilin əvvəllərindən başlayan xalq hərəkatının liderlərindən birinə çevrilib. Milli azadlıq hərəkatına rəhbərlik edənlər Xudu Məmmədovun tələbələri və dostları olublar. Onun böyük ürəyi hər zaman Azərbaycan üçün döyünüb və elə onun üçün də dayanıb.
Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. Ruhu şad olsun!
Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:
Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Elim köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.
Bu Qala - bizim Qala,
Qaldıqca bizim Qala.
Qurmadım, özüm qalam,
Qurdum ki, izim qala.
Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.
El arxadı, güvən, gəz!
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz.
Xəyalım daşdı, neynim,
Sədləri aşdı neynim?!
Düyünlər açan fikrim
Səndə dolaşdı, neynim?!
Çətənsiz qara bağlar,
Ürəyi yara bağlar.
Elindən ayrı düşən
Ümidi hara bağlar?
Qəlbim sənə əsirdi.
Hikmətinə qəsrdi.
Səninlə də sənsizəm
Bu nə hikmət, nə sirdi?
Söyüdə barsız demə,
Təklərə yarsız demə.
Dərdə acı güldürər,
Gülənə arsız demə.
Bu dünya şirin-şəkər.
Başımızda turp əkər.
Dərdimiz yetim qalsa,
Bizdən sonra kim çəkər?
El anadı. el ata,
Özgə olma elata.
Tanrı atsa, el saxlar,
Qorx o gündən, el ata.
Dərdlərimi ələsəm,
Heyim çatmaz tələsəm.
Mən bir yetim quzuyam.
Kim eşidər mələsəm?
Söz açma qanadınnan.
Qan axar qanadınnan.
Xəyalım gəzən yerdə,
Quş uçmaz qanadınnan.
Gəldiz, durduz eşikdən,
Baxdız mənə deşikdən.
Bəxtim yatanda gəlir,
Mən beləyəm beşikdən.
Əzizinəm, ha sarı,
Sınıq könlüm ha sarı.
Aşıq qəmdən ev tikdi,
Dərddən çıxdı hasarı.
Yad etdi dağlar məni,
Düyünlər, dağlar məni.
Sağkən ölüm olmaya,
Kim anıb ağlar məni?
Dolaylarda bulağam,
Suyu zolaq-zolağam.
Tökmə qaş-qabaq.
Gedəriyəm, qonağam.
Dərd gələr tapar bizi.
Təndirə yapar bizi.
Araza gətirmisən,
Təbrizə apar bizi.
Qarşımızda nə qaldı?
Nə qovğadı, nə qaldı.
Fələk mənim başıma
Gətirməmiş nə qaldı?!
Elə-belə fərd oldun,
Dostlarına nərd oldun.
Uzaq səni görmədi,
Yaxınlara dərd oldun.
(Mənbə: Xudu Məmmədov “Qurdum ki, izim qala”)
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Şuşaya bu səfərimdə Bəstəkarlar İttifaqını təmsil etməkdən qürur duyurdum – TƏƏSSÜRATLAR
Aysel Kərim, Accel group-un baş direktoru, Gənclər mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün
Bu il aprel ayı bir çox maraqlı tədbirlərlə yaddaşıma həkk olundu. Onlardan ən əsası isə məhz 17 aprel tarixində Şuşada keçirilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi idi. Üstündən 12 gün keçib, amma təəssüratlarım o qədərdir ki, onlardan ayrıla bilmirəm...
Bildiyimiz kimi 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdi. Vurğulamaq yerinə düşər ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərmişdi.
Çox sevindirici haldır ki, artıq bir neçə ildir Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edir. Təbii ki, bu mənim Şuşaya ilk səfərim deyildi. Artıq neçənci dəfədir ki, Şuşa şəhərində keçirilən dövlət tədbirlərində iştirak edirəm.
17 aprel tarixində reallaşan “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimində bir sıra dövlət rəsmiləri, beynəlxalq ekspertlər, ICESCO-nun nümayəndələri, quruma üzv bir sıra respublikalardan mədəniyyət mütəxəssisləri, səfirlik nümayəndələri, incəsənət xadimləri və media mənsubları, həmçinin Bəstəkarlar İttifaqının və Yazıçılar Birliyinin üzvləri olan həmkarlarım iştirak edirdi.
Öncəliklə “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəniyyət Forumu keçirildi. Forumun açılış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmi şəxslər, beynəlxalq ekspertlər və eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirdi. Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə viran edilmiş və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur. Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” və “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzularına həsr olunmuş panel müzakirələri aparıldı.
Forumdan sonra “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin bağlanış mərasimi keçirildi. Tədbirin rəsmi hissəsində ilk olaraq ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin tədbir iştirakşılarına video müraciəti səsləndi. Həmçinin “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinə həsr edilmiş videoçarx nümayiş olundu.
Çıxışçılar "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin əhəmiyyətindən, eyni zamanda prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirildiyini qeyd etdilər.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına videomüraciətində deyilirdi: “Biz, həmçinin ortaq tariximizin xəzinələrini qoruyan İslam Dünyası İrs Komitəsinin toplantılarını gördük. Biz ruhu coşduran incəsənət festivalları, müqəddəs musiqi, elmi dialoqlar və mənəvi tədbirlər yaşadıq. Məscidlərdən muzeylərə, sinif otaqlarından konsert salonlarına qədər - Şuşa canlı idi. Bu, uzaqgörən rəhbərliyin gördüyü işin nəticəsi idi və burada biz milli kimliyə, mədəni ləyaqətə və tarixi ədalətə misilsiz sədaqəti olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyində işğaldan azad edilmiş bütün ərazilər kimi, Şuşada geniş bərpa və quruculuq işlərinin aparıldığını bildirdi. Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşadığını vurğuladı.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında qeyd etdi ki, Şuşa hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Şuşa möhkəmliyin və mədəniyyətimizin dirçəlişinin rəmzidir. Bu şəhər ədəbiyyatımızı, musiqimizi və milli kimliyimizi formalaşdırmış, eləcə də erkən dövlətçilik ənənələrimizin və mədəni diplomatiyamızın mərkəzi olub.
“Əməkdaşlığımız ICESCO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ICESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır” - deyə nazir müavini diqqətə çatdırdı.
Çıxışlardan sonra geniş konsert proqramı təqdim olundu. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin ifa etdiyi milli rəqslərimiz, müğənni və solo ifaçıların səsləndirdiyi xalq və bəstəkar mahnıları, eləcə də qazax, qırğız, özbək, tacik və ərəb xalqlarının nəğmələri və aşıq havası tədbirin qonaqlarında xoş hisslər oyatdı.
Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan, mədəniyyət beşiyimiz, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhəri 5 ildir ki, may ayını azad qarşılayır.
Ad günüm ərəfəsində Şuşaya bu unudulmaz səfər bir ömür xoş xatirələrlə ruhuma hopdu. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqını təmsil etməkdən böyük qürur duydum.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Təkcə elmi yox, həm də həyatın və sevginin ən gözəl rəngləri
İlahə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün
Zamanın unudulmaz səhifələrində elə simalar vardır ki, xatirələri bir nəğmə kimi qəlblərdə əbədi səslənir. Zərifə Əliyeva da bu nəğmənin ən zərif notlarından biridir – sadəcə elm aləminin deyil, zərifliyin özünün, sədaqətin ilahi rənginin və insanpərvərliyin sonsuz kainatının simvoludur.
Onun adı çəkildikcə qəlbimizdə bir nur oyanır, çünki bu adın arxasında təmiz bir ümidin şəfəqi, dəqiq elmi bir baxışın hikməti və hər bir insan qəlbinə uzanan mərhəmətli bir əl dayanır.
Zərifə Əliyeva oftalmologiya sahəsində təkcə bir alim deyildi, o, gözlərin dərinliyindəki sirli dili anlayan, ruhun ən kövrək tellərinə toxunan bir sənətkar idi. Onun traxoma və peşəkar göz xəstəlikləri üzərindəki fundamental tədqiqatları bu sahənin elmi axarını dəyişdirən bir çay kimiydi. O, soyuq statistik rəqəmlərə yox, hər birinin özünəməxsus hekayəsi olan insan talelərinə nəzər salırdı. Hər bir klinik analiz onun üçün bir həyat dramı, hər bir elmi təsbit isə ədalət axtarışının bir fəryadı idi.
Zərifə xanımın qələmindən çıxan “Peşə Göz Xəstəlikləri” monoqrafiyası bu sahədə ilk işıqlı yol kimi tarixə düşdü. Elmi kəşfləri bir zamanlar böyük bir imperiyanın tibb sistemində yeni üfüqlər açan bir bahar səhəri kimi təravət gətirdi. O, mikroskopun sirli dünyasında insan gözündəki ilahi nurla yanaşı, həyatın ən kövrək həssaslığını da oxuyurdu – sanki bir şairin qəlbinin dərinliklərinə enirdi.
Ailənin İlahi Bağçası və Nəcibliyin Zirvəsi
Zərifə xanımın elmi zirvələr qədər uca olan bir başqa dünyası da var idi – ailəsinin ilahi bağçası. Heydər Əliyev kimi böyük bir dövlət xadiminin həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaqla yanaşı, o, ailənin sükunətini qoruyan bir mələk idi. Oğlu ,bu günkü Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan İlham Əliyevin tərbiyəsində onun qadın zərifliyinin incə toxunuşu ilə müdrik bir ananın ağıllı nəzərəti vardı. Evdə o, kölgə deyil, hər zaman işıq saçan bir günəş idi.
Zərifə Əliyevanın səbirli qəlbi, dinləyən ruhu və anlayışlı nəzərləri ailəsindəki sevgi atmosferinin ən gözəl rəsmlərini çəkirdi. Rəfiqələri onu “sözə ehtiyac duymadan qəlblərindəkiləri oxuyan, hiss etdiklərini anlayan bir sirdaş” kimi xatırlayırlar.
Elmi Eşqin İctimaiyyətə Yayılan Nuru
Elmi eşqi ilə ictimai missiyasını bir qanad kimi daşıyan Zərifə xanım qadın hüquqlarının müdafiəsi üçün bir səda, gənc alimlərin ruhunu qidalandıran bir bulaq, səhiyyənin sistemli inkişafı üçün bir memar kimi fəaliyyət göstərmişdir. O, çox vaxt sözlərin gücündən daha çox, davranışlarının zərif dili və addımlarının mənalı ritmi ilə ictimai fikrə təsir edirdi.
Onun təşəbbüsü ilə həyata keçirilən sosial tibbi proqramlar, ucqar kəndlərdən başlayaraq şəfa axtaran minlərlə insanın ümid çırağı oldu. O, cəmiyyətə yalnız gözləri ilə deyil, qəlbinin dərinliklərindən süzülən bir nurla baxmağı öyrədirdi.
Zamana Meydan Oxuyan İz
Zərifə Əliyeva fiziki olaraq bu dünyadan köç etsə də, onun xatirəsi solmayan bir çiçək kimi qəlblərdə əbədi yaşayır. Bu gün Zərifə xanımın adını daşıyan elm məbədləri – tibb mərkəzləri, institutlar, xeyriyyə fondları onun elmi irsinin davamıdır. Hər il xatirəsinə həsr olunan anım mərasimləri, konfranslar onun müdrik fikirlərini yenidən canlandırır və cəmiyyətə bir miras kimi təqdim edir.
O, sadəcə bir alim deyildi, o, elmin insan siması, qadın zərifliyinin ən uca zirvəsi, şəfqətin canlı bir heykəli idi. Onun elmi əsərləri təbabətin səhifələrində əbədi yaşayacaq, onun xatirəsi və ruhu isə insanlığın ən dəyərli əsəri kimi qəlblərdə daim parlayacaq.
“Həqiqi alim olmaq üçün təkcə görmək kifayət deyil – hiss etmək, anlamaq və sevmək lazımdır,” – bu hikmətli sözlər Zərifə Əliyevanın bütün həyatının və elmi idealının ən dərin mənasını açır. Adı kimi zərif, işığı kimi dərin, izi kimi silinməz bir şəxsiyyət olan Zərifə Əliyeva tariximizin elm, sevgi və insanlıqla yoğrulmuş ən parlaq səhifəsidir. Gələcək nəsillər onun timsalında təkcə elmi yox, həm də həyatın və sevginin ən gözəl rənglərini oxuyacaqlar.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Sabaha bir ömür var - MÜSAHİBƏ
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Respublikanın Əməkdar müəllimi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, şair, neçə-neçə kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, hər kəs tərəfindən tanınan və sevilən Ofelya Babayeva ilə müsahibə.
-Hər vaxtınız xeyir, Ofelya xanım, xoş gördük Sizi. Necəsiniz?
-Salam olsun. Yaxşıyam. Dəvətiniz üçün təşəkkür edirəm.
- Bir şeirinzdə yazmısınız ki,:
Mən bir Allah
Bəndəsiyəm,
Məndə Günah
Axtarmayın.
Özü görür,
Mən bilərəm
Nədir günah…
Cavab məndə,
Sorğu onda.
Nə olacaq?
Olmayacaq,
Bilinəcək
Ancaq sonda.
Maraqlıdır, sonda nə bilinəcək?
- Sonda Allah bilir, nə bilinəcək.
-Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.
– deyirsiniz. Hələ də axtarışdasınızmı?
- Bəli, insan bir ömür boyu axtarışda olmalıdır və axtardığını arayıb tapmalıdır. Tapmırsa, təəssüflər...
-Bəs, könlünüzün dünyadan umacağı nədir?
- Dünyadan umacağım çox şey var və hesab edirəm ki, arzuladığım o çox şeyə nail olmuşam.
-Ədəbiyyat, poeziya sizin üçün hansı anlamdadır?
- Mənə elə gəlir ki, insana hava, su lazım olduğu kimi, ədəbiyyat, poeziya da gərəkdir. Hələ uşaq yaşlarımdan ədəbiyyata böyük maraq göstərmişəm. Evimizdə olan kitabları oxumuşam. Sonralar şəhər uşaq kitabxanasına üz tutmuşam, bu gün də həmin kitabxananın üzvüyəm. Təxminən yetmiş ilə yaxındır ki, kitabxana mənim üçün doğma bir məkandır.
-Sizin görkəmli şairlərimizdən bir neçəsi ilə bağlı xoş xatirələriniz var. Onlardan hansını bizimlə bölüşərdiniz?
-Əlbəttə, şair dostlarımla bağlı xeyli xoş xatirəm var. Mirvarid Dilbazi, gözəl şairimiz Cabir Novruz, Məmməd Aslan, Nəbi Xəzri, Süleyman Rüstəmlə sağlığında görüşmüşəm və hər biri mənim qəlbimdə unudulmaz xatirətək yaşayır. Bu haqda gözəl bir yazı qələmə almağı düşünürəm.
- Gənc şairlərə münasibətiniz və tövsiyəniz?
- Əlbəttə, təkcə gənc şairlərə yox, ümumiyyətlə, gənc insanlara münasibətim müsbətdir. Çünki onlar bizim sabahımızdır. Tövsiyələrləsə nəsə etmək olmur, hər kəs öz yolunu tapıb getməlidir.
- İstedadlı ilə istedadsızı necə ayırd edirsiniz?
- Dərhal ayırd edirəm. Acınacaqlıdır ki, çox sayda insan ədəbi biliyə malik deyil, Azərbaycan folklorunu, qrammatikasını, orfoqrafiyasını bilmir, amma özünü şair adlandırır.
- Ötən illərə boylananda nələrə təəssüf və nələrə şükr edirsiniz?
- Heç nəyə təəssüf etmirəm. Çünki artıq keçmiş zamana boylananda təəssüflənmək insana heç nə verimir. Və şükr edirəm ki, Allah mənə bu gün bu yaşa çatmağı qismət edibdir.
- Tez-tez ictimaiyyət, yazarlar arasında olursunuz, gözəl, məzmunlu, ibrətamiz çıxışlar edirsiniz. Yorulmursuz ki?
- Təkcə çıxışlar etmirəm. Təxminən əlliyə yaxın gənc şairə xeyir-dua verərək haqqlarında “Uğurlu yol” yazmışam. Normal ədəbiyyat adamı, fikir sahibi, filololoq, ictimaiyyət nümyəndəsi natiqliyi bacarmalı və yorulmamalıdır. Mən də niyə yorulmalıyam? Əksinə, mənə xoşdur.
- Sumqayıtın fəxri sayılan vətəndaşı kimi, bu şəhər haqqında fikirləriniz də bizə maraqlıdır.
- Sumqayıt mənim doğma şəhərimdir. Bütün həyatım - uşaqlığım, gəncliyim, indiki ahıl çağım bu gözəl məkanla bağlıdır. Bu şəhəri çox sevirəm. Geniş prospektləri, maraqlı insanları var. Eyni zamanda, burada təhsil alımışam. bir zamanlar məşhur olan 13 nömrəli, 1 nömrəli məktəblərdə oxumuşam. Sumqayıt təhsilində müəyyən xidmətlərim olubdur. Bununla fəxr edirəm. Şəhərdə hər addımımda şagirdlərimi, vaxtilə mənimlə işləyən insanları görürəm və xoş hisslər keçirirəm.
Sumqayıt son on ildə isə daha da gözəlləşibdir. Müasir bir Azərbaycan diyarına çevrilibdir. Cənubi Qafqazın ən gözəl şəhəridir. Təkcə respublikamızın deyil, mən deyərdim ki ,dünyanın əksər şəhərləri ilə rəqabətə girə bilər. Çünki Sumqayıt ağıllı insanların ərsəyə gətirdiyi bir şəhərdir. Baxmayaraq, yarım millyondan artıq əhalisi var, insanlarının hamısı sanki bir-biriylə doğmadır.
Sumqayıt yeganə şəhərdir ki, burada gənclərimizin, orta yaşlı insanların, ahılların ən çox sevdiyi poetik bir məkan - Poeziya evi fəaliyyət göstərir. Həmçinin bu şəhərdə gözəl kitabxanalar, dövlət universiteti, kolleclər, digər mədəniyyət müəssisələri mövcuddur. Ümumiyyətlə, Sumqayıt təkcə sənaye şəhəri deyil, həm də şairləri, yazıçıları ilə tanınan mədəniyyət şəhəridir.
Sumqayıta daha böyük inkişaf və sumqayıtlılara can sağlığı, uğurlar arzulayıram.
- Tanrının Sizə bəxş etdiyi ömrü qürurlu, əqidəli, şərəfli yaşayırsınız. Yetmədiyiniz arzunuz olubmu? Eyni zamanda, poeziyada da özünüzəməxsus dəsti-xəttiniz var. Hansı şeirinizi yaradıcılığınızın möhürü sayırısınız. Bəlkə sonluğu həmin arzuyla və şeirlə bitirək?
- Bütün arzularım çin olub. Artıq erməni əsarətində olan torpaqlarımız alınıb. Ali Baş Komandanımız, əsgərlərimiz həmişə var olsun! Allah bu yolda şəhid olan övladlarımıza cənnət bəxş etsin. Qazilərimizə can sağlığı diləyirəm. İstəyirəm ki, torpaqlarımız uğrunda gənclərimiz bir nəfər kimi qalxıb necə Zəfər qazanıblarsa, bundan sonra da həmin ruhda olsunlar.
Bəli, şeirlərim hesab edirəm ki, maraqlıdır. Amma təəssüf ki, bu gün oxucu qıtlığı var. İndi sosial şəbəkələr kitabların yerini alıb və burada maraqlı da, maraqsız da şeirlər yerləşdirilir.
Söyləyim ki, hər bir oxucu üçün hansı şeirim xoş gəlirsə, demək, həmin şeir yaradıcılığımın möhürüdür. Yekun olaraq son vaxtlarda yazdığım kiçik şeirimdən bir misranı oxuculara təqdim edirəm:
Dünən yoxdu, bu gün var,
Ömür xəzri, gilavar.
Sabah varmı, bilmirəm.
Sabaha bir ömür var.
-Ofelya xanım, hər zaman var olmanızı, ömrünüzün sağlam, daha mənalı və sevincli keçməsini Sizə arzulayırıq!
SONDA OXUCULARA OFELYA XANIMIN ŞEİRLƏRİNDƏN BİR ÇƏLƏNG TƏQDİM EDİRİK:
Dağa böyük
Tar qoyulub
Xatirədir, baş daşıdır
Müşfiqimə…
Tarzən külək,
Dinləyici
Dağı, daşı
Yaradandır..
Bu iltifat,
Bu böyüklük
Haradandır?...
Onu sevən, sevdirən də
Yaradandır… Yaradandır…
(07.07.2017)
ANA
Sənsiz bu yerlərə yenə də gəldim,
Hələ gələcəyəm... canımda can var.
Hələ döyünəsi qəmli ürəyim,
Hələ sənsiz mənə zindan cahan var.
Oğlumun, qızımın təəssüf dolu
Qara gözlərində mərhəmətə bax.
İllər hər yaranı sağaltsa belə,
Sağalmaz yaram da, bu hikmətə bax.
Zaman da, məkan da ayırdı bizi,
Qalmışam aranla, dağ arasında.
Gəzirəm sən gəzən cığırı, izi,
Hələ də çəmənlə bağ arasında...
Anasız bir ömür heçdi, hədərdi,
Anasız bir ömür qəmdi, kədərdi.
Anasız bir ömür tale, qədərdi,
Qoruyaq anaları...
Yuxusu çəkilmiş gözdü analar,
Bir şirin nəğmədi, sözdü analar,
Neçə nazımıza dözdü analar,
Qoruyaq anaları...
Qəmli bayatıdı, şirin nağıldı,
Ürəkdə abidə, başda ağıldı.
O getdi nəğməli dünyam dağıldı,
Qoruyaq anaları...
Başımın üstündə hey çaxar şimşək,
Onsuz dünyam viran, dözməyir ürək,
Dili dualıdı, özüsə kövrək,
Qoruyaq anaları...
***
Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.
Cismim dərdə aşiyan,
Ruhum göylərə uçdu.
Mənzilim göy, kəhkəşan,
Yolum eniş-yoxuşdu...
Mən dağlar övladıyam,
Anam dağ, atam zirvə.
Heç nə əbədi deyil,
Ömür yol gedir hələ...
Sanma dağ-daş əbədi,
Hər şey ürəkaçandı.
Sənə doğru, ilahi,
Yol gəlirəm haçandı...
Könül qırıq, ruh xəstə,
Sanki axır-zamandır.
Vaxt ötür asta-asta,
Dövran yaman dövrandır...
***
Ömrüm ömürlərə calandı, getdi,
Yad-yalan odumda qalandı, getdi,
Beləcə bir ömür talandı, getdi,
Daha nə umarsan dünyadan, könül?
Sən görən zirvələr ucadan-uca,
Çatmaz neçə ömür düysəm uc-uca.
Kimdi qiymət verən mənəvi borca,
Daha nə umarsan dünyadan, könül?
Ağıllı ötürür bir-bir ayları,
Dəli vurub keçir coşqun çayları.
Qiymətə mindirdik ağlı zayları,
Daha nə umarsan dünyadan, könül?
Bir ömür verilib, vallah, hərəyə,
Gözləmə o dağı durub yeriyə...
O yaz bəlkə döndü bir gün geriyə,
Daha nə umarsan dünyadan, könül?
Dinsəm deyəcəklər, dinmə qonaqsan,
Dünya, çoxuna yay, mənə sazaqsan.
Yol çəkən gözlərim, yoldan uzaqsan,
Daha nə umarsan dünyadan, könül?
Eləcə mavidir o göy, o dəniz,
Hələ də sayrışır o uzaq yıldız.
İlahi, beləcə kirimiş, yalqız
Daha nə umarsan dünyadan, könül?
***
Heç yadımdan çıxmadı,
O yaz, o qış, o bahar.
Sonuncu nəfəsədək
Yol gələcək arzular.
Solacaq o bağça-bağ,
Ağacdakı son yarpaq...
Hər şey bəyaz, ağappaq
Yol gələcək arzular.
Çıxacaq məhvərindən,
Bu yer, bu göy, kainat.
Adiləşəcək dünya,
Adiləşəcək həyat.
Təptəzə sevgilər də
Olacaq bir az boyat.
Yol gələcək arzular,
Yol gələcək arzular.
BİLMƏDİM
Min illərin qoxusunu,
Ata bilmədim, bilmədim.
Yuxularım quş yuxusu,
Yata bilmədim, bilmədim.
Yer gizlədi igidləri,
Hər biri bir dünya idi.
Dəli könül, ağla, kiri,
Taleyə bata bilmədim.
Fələk necə yazdı, pozdu
Bilmədim ki, qışdı, yazdı.
Sabaha inamım azdı,
O dağa çata bilmədim.
Ömrümün mənası budur,
Zaman hər şeyi doldurur.
Dəli şeytan, uzaqda dur,
Günaha bata bilmədim.
Yol gedirəm yorğun-arğın,
Öndə dağlar, mənzil uzun.
O illər qar, boran, çovğun,
Gəldim həyata, bilmədim.
Neynim saçımda qırovu,
Ağlım qəlbimin girovu.
Ucuz alıb sözü-sovu,
Mən baha sata bilmədim.
Qadağalar yerli-yersiz,
Keçmədi ömrümdən izsiz.
Sevgimi duyğusuz, hissiz,
Odlara ata bilmədim.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Əkil-Bəkil quş idi... – BİR DÜZGÜNÜN TARİXÇƏSİ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yəqin ki, çoxunuz uşaq vaxtı “Gizlənpaç” oynamısınız. Və o vaxt kimin “qalacağını” (yəni gözlərini yumacağını) müəyyənləşdirmək üçün aşağıda verilmiş düzgünü də söyləmiş və ya eşitmisiniz:
Əkil-Bəkil quş idi,
Divara (ağaca) qonmuş idi.
Getdim onu tutmağa,
O məni tutmuş idi.
Meydana salmış idi.
Meydanın ağacları,
Bar (dən) gətirib ucları (quşları),
Çəpər çəkdim, yol aşdım,
Qızıl gülə dolaşdım.
Bir dəstə gül dərməmiş
Anası (nənəsi) gəldi, mən qaçdım.
Düzgüdə sanki süjetli bir hadisə nağıl olunur. Bəs burdakı personajlar kimlərdir? Niyə quşun adı Əkil-Bəkildir? Əkil-Bəkil neçə quş idi? Nə üçün siz onu tutmamış o sizi tutub, meydana salıb? Niyə çəpər çəkdiniz, yol açdınız və qızıl gülə dolaşdınız? Nə üçün bir dəstə gül dərməmiş anası (nənəsi) gələn kimi qaçdınız?
Məlumdur ki, düzgülər adətən uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Amma bu düzgüdə, qeyd etdiyimiz kimi, fərqli bir hal var: ibtidai, primitiv şəkildə olsa da, müəyyən məzmun nəzərə çarpır. Orada bəsit bir hadisə - ov səhnəsi və ovçunun başına gələnlər təsvir olunur. Təsadüfi deyildir ki, folklorşünaslar M.Seyidovla A.Nəbiyev də “Əkil-Bəkil”in ovçu nəğməsi olduğunu bildirirdilər.
A.Namazlının yazdığına görə, ola bilsin ki, bu oyun ən qədim versiyada uşaqların ova hazırlığı kimi ortaya çıxıb. Necə ki təbiətdə heyvanlar, quşlar öz balalarına ovlamağı öyrədirlərsə, eləcə də insanlar övladlarını belə bir oyunla ov prosesinə hazırlayırmışlar. Həm də maraqlıdır ki, bu iş quşun (Əkil-Bəkilin) üzərində icra olunur. Bəlkə də ona görə ki, professor Y.Heyzinqin də yazdığı kimi, insanlar daha çox quşları təqlid ediblər.
Lakin hər şey bu qədər sadə deyil. Düzgüdə adı çəkilən Əkil-Bəkil adam deyil, ovçu bir quşdur. Amma adi quş yox. Onun qəribə bir xasiyyəti də vardır. Onu tutmaq, ovlamaq istəyəni Əkil-Bəkil ondan qabaq tutur, ovlayır. Çünki çox yaxşı ovçudur.
"Kitabi-Dədə Qorqud" dastanının "Bəkil oğlu Əmranın boyu"nda da bu qədim ada rast gəlirik. Maraqlıdır ki, buradakı Bəkil də ən yaxşı ovçularından biri kimi təsvir olunur.
Güman ki, "Əkil-Bəkil" qədim çağlarda zoomorfik onqon (müqəddəs qəbul edilən heyvan) olub. (Ovçuluq peşəsi ilə bağlı mifik nəğmələrdə hami quşun obrazları yetərincə təsvir olunur.) Bəlkə də, Əkil-Bəkil ov tanrısının adı olub. Sonralar zaman ona insan cildi geydirmiş, “Kitabi-Dədə Qorqud”dakı kimi, onu sərhədi qorumaq (gözətçi) işi ilə məşğul olan bir igidə çevirmişdir. Tanınmış türkoloq alim, görkəmli qorqudşünas, professor Ə.Tanrıverdinin fikrincə, "Bəkil" antroponimindəki "bək" titul, "il" hissəsi isə siyasi toplum, oba mənasında olan "el" sözünün qədim formasıdır. Belə demək mümkünsə, “Əkil-Bəkil” ov quşlarının himayəçisidirsə, dastanın qəhrəmanlarından olan Bəkil də bir elin himayəçisi sayıla bilər. Təsadüfi deyildir ki, “Kitabi-Dədə Qorqud ensiklopediyasında (II cild, səh:54) Bəkilin əsas funksiyası da “qarovulçu” kimi verilir.
“Əkil-Bəkildə” ki “əkil” sözü də maraq doğurur. Filologiya üzrə elmlər doktoru, professor R.Əliyev “Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər”) əsərində yazır: “...təxmin etmək olar ki, ən qədim mifoloji təsəvvürlərdə Əkil adlı mifik hami olmuş, funksiyasını yerinə yetirə bilmədikdə özünə yaxın bir hami ilə (Bəkillə) qoşalaşmış, daha sonra öz yerini ona tərk etmişdir. Bunu “Kitabi-Dədə Qorqud”dakı Bəkil adının izahından da görmək olar”. Tənqidçi, ədəbiyyatşünas, mifoloq-türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi M.Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində yazır: “Zoomorfik obraz Əkil-Bəkil adındakı əkil tərkibi onun ovçuluqla bağlılığını göstərən dəlillərdəndir. Əkilin türk dillərində, eləcə də Azərbaycan dilində bir anlamı da qaçmaqdır. Ancaq “əkil”in gizli, gözə görünmədən qaçmaq anlamları da vardır. Doğrudur, əkil sözü gizlənpaçla da uyğunlaşır. Gizlənpaç oyununda gərək gizlənən elə gizlənsin ki, onu tapmasınlar. Bu hal ovda da olur. Ov heyvanı da qaçıb gizlənməlidir. Əkil sözünün Bəkilə birləşməsi və onların qoşa işlənməsi sözsüz ki, zəruriyyət nəticəsində olmuşdur. Görünür ki, Əkil Bəkillə qoşa işlənərkən azərbaycanlıların ulu babaları belə təsəvvür edirmişlər ki, Əkil-Bəkil birlikdə ov heyvanlarının ovçudan qaçıb gizlənməsinə kömək edir”.
Düzgünün 1855 və 1968-ci il varantlarını müqayisə edən folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor R.Qafarlının fikrincə, çoxsaylı ixtisar və əvəzetmə nəticəsində onun ilkin məzmunu tamam itmiş, daha doğrusu, hadisələr arasında əlaqə pozulmuş, uyğunsuzluq əmələ gəlmişdir. Alim “Uşaq folklorunun janr sistemi və poetikası” (Bakı-2013, “Elm və təhsil”) adlı əsərində bu barədə yazır: “... II variant da eynilə ovçunun ağaca qonmuş quşu tutmaq istəyi ilə başlayır. Ov tanrısının adı (Əkil-Bəkil) çəkilir. Sonra başqa bir tanrının quşu ovçunun əlindən almasından, ovçunun özünü tutub meydana salmasından danışılır. Bura qədər hər şey aydındır. Birdən tamam başqa hadisə təsvir edilir: çəpər çəkilir, yol açılır (Görəsən, nə səbəbə? Məlum olmur), qızılgüllə rastlaşır, bir dəstə gül dərmək istəyəndə nənəsi gəlir və ovçu baş götürüb qaçır. Bu hadisələr arasındakı rabitəni I varianta baxandan sonra görmək mümkündür. Aydın olur ki, başqa bir mifik tanrı meydanda əzilən, dövrəyə alınıb döyülən ovçunu xilas edir və quşu qoruyan ilahi qüvvənin qarşısına “çəpər çəkir”, ovçu üçün “yol açır”. Ovçu bir bağçaya girir, burada Qızılgülü - pəri libasında ilahəni görüb ona vurulur, “bir dəstə gül dərmək” - murada yetmək istəyəndə anası və ya nənəsi (Baş tanrı) gəlir, ovçu qaçır... “Əkil-Bəkil” nəğməsinin variantlarına diqqət yetirəndə, aydın görürük ki, düzgü ötən yüz il ərzində uşaqların səviyyəsinə uyğun şəklə salınmışdır....”.
Professor R.Əliyevə görə, “Əkil-Bəkil” nəğməsinin strukturundakı mifoloji layları belə də açmaq olar: “Əkil-Bəkil qədim insanların inandığı ov hamisidir. İnsanlar ona inanırlar, kimin uğuruna Əkil-Bəkil çıxırsa, onun ovu yaxşı olacaq. Məhəbbət dastanında da buta alan öz ovunu tutmaq, ona yetişmək üçün hər cür əziyyətlərə sinə gərir. O, ovunu tutmağa gedərkən ov özü onu məhəbbətinin cənginə salır. Yuxusunda “qızıl gülə dolaşan” - öz butasına aşiq verilir. “Bircə gül dərməmiş” anası gəlir, yuxudan ayılır”. Gözəl bir nağıla, əfsanəyə oxşadı, deyilmi?
Şübhəsizdir ki, «Əkil-Bəkil» ovçular tərəfindən düzülüb qoşulmuş, sonralar isə uşaqlara keçmişdir. Təsadüfi deyildir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü A.Nəbiyev “Azərbaycan folklorunun janrları” əsərində “Əkil-Bəkil”in ovçu mifi ilə bağlı olmasını, səhvən “düzgü” adı ilə uşaq folklor nümunəsi hesab olunduğunu qeyd edirdi.
Uşaqların böyüklərdən aldığı bu nəğmədə (düzgüdə) “natamam fikirlər, qırıq-kəsik ifadələr”in müşahidə edilməsi onların – uşaqların “xidmətinin” nəticəsidir. Nəğmənin məzmuna xələl gətirən məqsədsiz ixtisarı ancaq uşaqlar apara bilərdilər.
Onlar poetik nümunəni mənimsədikdən sonra öz səviyyələrinə uyğun şəklə salaraq bir-birilərinə ötürmüşlər. Beləliklə də, mifoloji elementlərlə zəngin olan bir ovçu nəğməsini özləri üçün düzgüyə çevirmişlər.
Allah onları xöşbəxt eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Sumqayıtda Ağalar İdrisoğlunun yubileyi qeyd edildi
Rəna Təbəssüm, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, Mahmud Kaşğari mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50, anadan olmasının 75 illik yubileyinə həsr olunmuş çox maraqlı tədbir keçirildi.
Yubilyarın şərəfinə yüksək səviyyədə hazırlanan tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Qubadlı Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin əməkdaşları, incəsənət xadimləri, yazıçılar, şairlər, jurnalistlər, həmçinin altı mindən çox aforizmlər müəllifi, yazıçı-publisist, həkim, ictimai-xadim Hümbət Həsənoğlunun yaratdığı və rəhbərlik etdiyi məşhur Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvləri və başqaları iştirak edirdi.
Əməkdar artist Cəlal Məmmədov tədbiri giriş sözü ilə açaraq təbrik üçün sözü gələn qonaqlara verdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbir iştirakçılarına yubilyarın mənalı həyat yolundan və çoxşaxəli yaradıcılığından bəhs etdi. O bildirdi ki, Ağalar İdrisoğlu ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edib. Ötən illərin on doqquz ili, doqquz il aktyor və on il teatrın bədii rəhbəri-direktoru kimi çalışmağı Sumqayıt şəhərində teatrın birinci intibah dövrünə təsadüf edir. Həmin illərdə Sumqayıt teatrı məhz Ağalar İdrisoğlunun rəhbərliyi, inkişaf səviyyəsinə görə respublikada birinci yerdə olub. Onun səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi incəsənət və mədəniyyətə böyük töhfələridir. Ağalar müəllimin 150-dən artıq hekayəsi, altı romanı, on iki povesti, on beş pyesi, 1500-dən çox məqaləsi, publisist yazıları, esseləri, elegiyaları, 20-dən çox kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur.
Birinci müavin Teymur Səmədov son zamanlar Sumqayıt şəhərində sosial-mədəni sahədə müsbət dəyişikliklərin geniş vüsət aldığını, bu sahədə çalışan insanların işlərinin faydalı olduğunu bildirdi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından yubiliyarı təbrik edərək Sərəncamla bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50, anadan olmasının 75 illik yubileyi münasibətilə şəhərin ictimai-mədəni həyatında göstərdiyi fəaliyyətinə görə təltif edildiyi Fəxri fərmanı Ağalar İdrisoğluna təqdim etdi.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyev rayonun icra başçısı Malik İsaqovun təbrikini çatdırdı. Allahverdi Haqverdiyev bildirdi ki, hələ 1990-cı illərdə rəhbərlik etdiyi Sumqayıt Dövlət Musiqili-Dram Teatrının kollektivi ilə Qubadlı rayonunda tamaşalarla qonaq olan Ağalar İdrisoğlu ən ağır illərdə də incəsənətin və mədəniyyətin inkişaf tarixində yorulmadan çalışır, rayon camaatı və torpağın müdafiəsinə qalxan əsgərlərlə görüşlər keçirirdi. Həmin vaxtı onun rəhbərlik etdiyi teatr hər yerdə böyük coşqu ilə qarşılanırdı. Təbriklərə qoşulan Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov çıxışlarında qeyd etdilər ki. qəlbi həmişə teatra yeni töhfələr vermək istəyi ilə çırpınan Ağalar İdrisoğlu həqiqətən incəsənətə bağlı insandır.
Yubilyara Fəxri fərmanlar və çoxlu hədiyyələr təqdim olundu.
Ötən şirin xatirələrdən danışılaraq qeyd olundu ki, Milli səhnəmizin rejissor- yazıçısı Ağalar İdrisoğlu (Mehdiyev) dünyaya göz açdığı Masallı rayonunun və 26 yaşından taleyini bağladığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskva şəhərində Beynəlxaq Teatr Akademiyada təhsil alan ilk və yeganə peşəkar teatr rejissoru və yeganə Əməkdar İncəsənət Xadimidir. O, qırx səkkiz dramaturq arasında “İnan mənə” pyesi ilə üç laureatdan biri kimi təsdiq olunub. 1986-cı ildə Moskvanın “İskusstvo” nəşriyyatında işıq üzü görən “Məhəbbət və başqaları” adlı antologiyada bu pyes də dərc edilib. Ağalar İdrisoğlu SSRİ Dramaturgiyası Antologiyasında pyesi çap olunan yeganə azərbaycanlı sovetlər ittifaqının dramaturqlar laureatıdır.
Tanrıdan verilən istedad Ağalar İdrisoğlunun bütün həyatını al-əlvan rənglərlə boyayıb işıqlı yolun yolçusu etməklə cəmiyyətdə sevilən, seçilən, zəngin mənəviyyata malik əsl şəxsiyyət kimi tanıdıb. Xoş xatirələrlə dolu olan mənalı və düşündürücü ömrün 75 ilini geridə qoyan Ağalar İdrisoğlu haqqında bu gün yazılan esselər, şeirlər, bəstələr, məşhur yazıçıların, rejissorların, tənqidçilərin, tanınmış ictimai xadimlərin və digərlərinin onun haqqında dedikləri fikirlər maraqla qarşılanır.
Ağalar İdrisoğlu tədbirin təşkilatçılarına, iştirakçılara və onu təbrik edib ürək sözlərini çatdıranlara minnətdarlığını bildirdi. Yubilyar öz çıxışında baş rejissor, Prezident mükafatçısı, Xalq artisti Firudin Məhərrəmovun, direktor Samir Şəfiyevin böyük zəhməti sayəsində Sumqayıt Dövlət Dram Teatrının ikinci intibah dövrünü yaşadığını vurğuladı. İdeya müəlliflərindən biri olduğu Azərbaycan dahilərinin əksi olan foto kolajı yadigar olaraq teatra təqdim etdi. Son dövrdə çapdan çıxan sayca iyirminci kitabı, pyeslər toplusunun birinci cildi olan “Şah İsmayıl Xətai” kitabını və Azərbaycanda təhsilin yüksək səviyyədə inkişaf etdirilməsində böyük əhəmiyyətə malik ola biləcək “Müəllim qaranlığı yaran işıqdır” iyirmi birinci kitabını teatrın kitabxanasına hədiyyə verdi.
Möhtəşəm keçən tədbirin sonunda Ağalar İdrisoğlunun tərcüməsi əsasında hazırlanan, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşaçı rəğbətini qazanan Georgi Xuqayevin “Varlı Ev” tamaşası ikinci dəfə teatrsevərlər tərəfindən maraqla izlənildi. Bu tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, icraçı rəssamlar - Nizami Dadaşov, Arif Müzəffərov, musiqi tərtibatçısı Şəmistan Muradxanlıdır. Həmin tamaşada rolları bu aktyorlar ifa etdilər. Beçir- Əməkdar artist Rauf Ağakişiyev, İrma - Əməkdar artist Elmira Kərimova, Sərmət - Oktay Mehdiyev, Saniyyət- Aynur Hümbətova, Həbi - Əməkdar artist İzaməddin Bağırov, Uari - Elay Xasıyev.
Tamaşanın hər epizodu tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Bu da ondan xəbər verirdi ki, tamaşa tamaşaçıların xoşuna gəlir.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
BİRİ İKİSİNDƏ – Orxan Həsəninin “Metro terminalının sevgisi” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Orxan Həsəninin “Metro terminalının sevgisi” hekayəsini təqdim edirik.
Orxan HƏSƏNİ
“METRO TERMİNALININ SEVGİSİ”
“Beləliklə, hər şey yuxuyla başladı”
Edqar Keret. “Yalanlar dünyası”.
“Qadın qəzəblə qışqırıb: “Axmaqlar!” Və fəhlələr ordan uzaqlaşmağa hazırlaşarkən belə deyib: “Oğlum öldü və bir göyərçinə çevrildi”.
Eduardo Qaleano. “Qadınlar”.
Birinci dəfə iyirmi yaşımda öldüm. Hər şey qəfil baş verdi və heyrətdən genişlənib az qala əlliqəpiklik boyda olan gözlərimdən xəstə bir sızıltı keçdi. Zəif bədənim ölümün bihuşedici dadını hiss edən an səyriməyə başladı, damar-damar olmuş sifətim buz soyuğu özünə çəkdi. Hündür körpüdən lil, bullanıq suyu üstündə çör-çöplə qabağına qatıb aparan çaya yıxıldım. Məni kimsə itələdi, ancaq bilmirəm kim. Suda çırpına-çırpına, ləhləyə-ləhləyə boğuldum. Lilli su həbəşi dodaqlarımı yarıb keçidi, zəif, incə boğazımın qısılmağına məhəl qoymadan ağciyərimə, mədəmə doldu. Ölüm anımda içimi nəhayətsiz bir genişlik duyğusu sardı. Hər yan dümağ, gözqamaşdıran işığa bürünmüşdü, daha sonra zil, qatı qaranlıq...
İçimə yığılan nəhayətsiz genişlik duyğusu çəkiləndən və yerini zil, qatı qaranlıq alandan sonra, təxmin edirəm, başqa bir aləmə keçid elədim. Ruhum soyuq bədənimdən yağdan tük çıxan kimi ləzzətlə çıxmışdı. Mən geniş, divarları görünməz salonda idim. Tavan və döşəmə şəffafdı. Bura kürsüdən, kürsünün üstündə səliqəsiz yığılan dairəvi püşk toplarından, bir külfət adamın asta-asta əyləşdiyi paralel masalardan ibarətdir. Mən elə düşündüm ki, biz səhradayıq, ətraf ucsuz-bucaqsız genişlik idi, ancaq istilikdən əsər-əlamət yoxdu. Daha sonra kürsüdə bir adam göründü və diqqətlə zilləndiyi yaşıl dəftərdən adlarımızı oxumağa başladı. Hamı buradaydı. O, şəhadət barmağını hərəkətsiz duran püşk toplarına çəkdi və astadan dedi:
– Diqqətlə baxın. Sizin gələcək taleyiniz onların içində gizlidir.
Düzü, heç nə anlamadım. O, püşk toplarını bir-bir qırmızı, zərli torbanın içinə atdı və qarışdırdı. Torbadan çıxan püşklə siyahıdakı adamları tutuşdurur; budur, beləcə sizin bundan sonrakı həyatınızın hansı bədəndə keçəcəyi məlum oldu. Adı tutuşdurulan adamlar qalxır və dümağ, gur işığın arası ilə uzanıb yoxa çıxan cığıra qoşulurlar, asta-asta duman içində itən kimi itirlər, nəhayətsiz genişlik onları udur. Siyahıda adım səslənəndə qəfil məni həyəcan bürüdü. Əlimi cibimdə gizləmək istədim, ancaq ciblərim yox idi.
– Orxan Həsəni! – Zərfi oxudu və gözlərimə dikilib birnəfəsə dedi – Siz bundan sonrakı həyatınıza metro terminalı olaraq davam edəcəksiniz.
***
İkinci həyatıma metro terminalı olaraq başladım. Yerin altında lal-dinməz, tərpənməz dayanmaq məni şiddətlə darıxdırır. Metal səthimin gur işığı şirə kimi canına çəkməyini, istiliyin qarmaqarışıq naqillərimin arasında gəzişməyini hiss edirəm. Yəqin ki, bu qəbir əzabından daha dəhşətlidir. Ah, kaş hamı kimi mən də çürüyüb torpağa qarışardım! Zavoddan Bakı metropoliteninə aparan yolda tozlu pəncərədən şəhəri izlədim. Bircə dəfə də olsun şəhər üzü görməmişəm. Yurdum arı vızıltılarının ətrafı bürüdüyü göyçəmənlər, sal qayaların bağrında yuva quran qartal qanadlarının altı və salxımlarından ətli meyvələr sallaşan yaşlı ağacların kölgəsi idi. Dümdüz asfalt, səkilər, insanlar, hamısı məni həyəcanlandırır, bu zaman elektrik naqillərimin əsdiyini ana bətnində körpə tərpənişi kimi duyuram. Nəhayət, məni o dərin çuxura saldılar. Tək deyiləm. Dostlarım da var. Onlar iki nəfərdir. Biz hərdən söhbətləşirik. Qaradinməz olsalar da, elə də pis oğlan deyillər. Dediyinə görə, Anton təyyarədən paraşütlə atlanıb, təəssüf, paraşüt açılmayıb. Rafiq isə Qarabağ müharibəsində minaya düşüb, ayaqlarının ikisini də itirib, qanaxmadan ölüb. O hərdən özü-özünə mızıldanır:
– Hər iki ayağımı itirmişdim. İndi isə düz dörd ayağım var. Cəhənnəmə ki, qoy heç yana tərpənməyək.
Mən isə darıxa-darıxa deyirəm:
– Elə bil bu gün dünənin təkrarıdır. Baxın, adamlar necə də bir-birinə bənzəyir. Dəhşətdir!
***
Bir aydan sonra bu amansız darıxmağı kəsib doğramaq, baş qatmaq üçün oyunlar kəşf etməyə başladıq. Kassamızdakı qəpikləri hərəkətə gətirir, qırıq-qırıq səslər çıxarırıq. Eyni anda təkrar olunan səslərdən ritm yaranır. Hə, onu da deyim ki, həftədə bir dəfə boz geyimdə, papaqlı adamlar gəlir, açarı kassanın kilidi üstə çevirir, yığılan qəpikləri, kağız pulları kassaqarışıq götürüb aparırlar. Başqa kassa qoyurlar və biz bir neçə gün bədənimizdəki yad parçaya öyrəşməli oluruq. Bu zaman özümü boş və mənasız hiss edir, şiddətlə darıxıram. Yox! Bunu heç kimə deməyin, biz yeni üsul tapmışıq. Qəpiklərdən bəzilərini kassaya yox, içimizdəki gizli, boş hissəyə yola salırıq və beləliklə, gecə əyləncəmiz davam edir. Çık, Tak. Tuk və s.
Günlərin bir günündə səhərin alatoranında mənə bir qadın yaxınlaşdı, metro kartına pul vurdu və necə gəlmişdisə, eləcə də tələsik yoxa çıxdı. Bu hadisə hər gün eyni saatda günlərlə, aylarla davam etdi. Onun saçı dağınıq idisə, deməli, bayırda külək əsirdi. Bu gün Bakıda əməllicə həngamə qopacaqdı və mən bütün gün həmin küləyin vıyıltısını öz içimdə dəfələrlə təkrar edəcəkdim. Yox, əgər yaşıl, iri düyməli paltosunun çiyinlərini yaş görsəm, deməli, bayırda yağış vardı, bu zaman ağacların yaşıl yarpaqlarına vuran, yarpaq üstə göllələn damcıları nöqtə-nöqtə hiss edəcəkdim. O vaxt bütün gün mənim içimdə yağış yağacaq, hər tərəfi sel-su aparacaqdı. Çiynində qoruyub gətirdiyi qar dənəsindən, çiyinlərini bir-birinə sıxmağından, ya ağzından çıxan isti buxardan sitildəyərdim.
Hə, bizim bu dilsiz-ağızsız dostluğumuz aylarla davam etdi. Mən artıq gecələr oyunlar oynamırdım. Dostlarımla kəlmə də kəsmirdim. Uydurduğumuz əyləncələrin hamısını tərgitmişdim. Bircə o qadın haqqında düşünür və qadının mənə düşündürdüyü yağış, külək, şəhər, səkilər, ağaclar üçün darıxırdım. Hisslərim alüminium tellərin arasından kəsik-kəsik keçən elektrik enerjisinə bənzəyirdi və hərdən bu metal bədənimin içində cövlan eləyən hisslərdən qorxurdum. Kənardan görən olsa, deyərdi: “Gör necə bədbəxtdir. Dünya dayandığı yerdən ibarətdir” – amma yəqin ki, içimdə birdən-birə baş qaldıran qəribə hisslər mənə özgə aləmlərin qapısını açırdı. Qorxunun xoşbəxtliyimə gücü çatmırdı.
Qızın atdığı qəpikləri kassaya yola salmırdım. Onları saxlayırdım ki, gecələr qoxusunu hiss eləyim, qəpiyin üstündə naxış kimi qalan əl izlərini öz içimə köçürüm, soyuğunu və getdikcə dəmir pulun içimdə istiləşməyini hiss eləyim. Kağız pullara hopan onlarla qoxudan onunkunu seçib çıxara bilirdim. Bu qoxu mənə yağışı xatırladırdı, hər tərəfi sel-su aparırdı, dəli bir külək ağacları döyür, şelə yarpaqlarını havada oynadırdı, ya da hava əməllicə isti idi, onun ağappaq boynundan muncuq kimi tər damcıları axıb sinə düyməsinin altında yoxa çıxırdı.
Dostum Antonun da dediyi kimi, hər şey gözlənilməz anda baş verdi. Adi səhərlərdən biri idi. Qadın gəlmədi, sonrakı səhər də gəlmədi və ondan sonrakı səhər də. Onu bir daha görmədim. Nə çiynindəki nəmişliyi, nə saçındakı küləyin çəkilməyən ətrini, nə də ki ağappaq boynundan muncuq kimi tər damcılarının axıb sinə düyməsinin altında yoxa çıxmağını. Və bununla sanki bir daha nə yağış yağdı, nə külək əsdi, nə də adamlar təri dabanından çıxa-çıxa dəhşətli istidən qorunmaq üçün bir kölgəlik gəzdilər. Özgə aləmlərə açılan qapı birdən çakk eləyib örtüldü. Qadın bətnimdə körpə kimi qoruduğum, üstünə əl izi hopmuş qəpikləri, qoxusunu onlarla qoxunun içindən çəkib çıxardığım kağız pulları qoyub birdəfəlik itdi. Və hekayəmin ən dəhşətli anları bundan sonra başladı.
Amansız darıxmaq məni büsbütün bürüdü. İçimdə yorğan içində eşələnən kimi eşələnir, özümə bir yer tapa bilmirdim. Məndən də, əziz oxucum, səndən də, burda səssiz-səmirsiz dayanıb taleyin onlara biçdiyi ömrə boyun əyən dostlarımdan da əvvəl axıb gedən həyatla aramdakı sonuncu tellər qophaqopdaydı. Və həmin amansız gecələrin birində elektrik naqillərimdən keçib bütün əzalarımda hiss olunan kədər məni bir anda yıxdı. Müqavimət hissimi itirdim və özümü elə qüvvətlə sıxdım ki, elektriklərin çırtıltısını eşitdim, bu an qısaqapanma baş verdi, yanan naqillərdən çıxan qatı tüstü məni bürüdü, bəyazlığın içində görünməz oldum. Yanan naqillərin qoxusu içimdə qadının aylarla saxladığım əskinazlara hopan qoxusunu yox elədi. Qəfil partlayışla öldüm. Bətnimdə körpə kimi qoruduğum qəpiklər dığırlana-dığırlana ətrafa yayıldı. Çık, tak, tuk. Kağız əskinazları od götürdü. Bir neçə saniyə havada uçuşdular və asta-asta quş lələyi kimi yerə qondular, kül oldular.
***
Mən yenidən həmin salondayam. Püşkatmadır. Kürsüdəki adam adımı ucadan çağırır.
– Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı dar otaqda, heç kimlə ünsiyyət qurmadan hekayə yazaraq keçirəcəksiniz.
Mən indi həmin eni, uzunu beş addımı keçməyən pəncərəsiz, dar otaqdayam. Başımın üstünü kəsdirən qara kapüşonlu, uzun plaşlı adam hər səhər məndən bir hekayə təhvil alır. Burda çox darıxıram, ona görə daha yaxşı hekayələr uydurmaq istəyirəm və hərdən o qadını düşünürəm. Burda çoxdandır yağış yağmır.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
KİNOŞTRİX – Səməndər Rzayev niyə aktyor oldu?
“Ədəbiyyat və incəsənət” portalı Kinoştrix-də Anar Tağıyevin mərhum aktyor Səməndər Rzayevin sənətə gəlişi əhvalatından ibarət yazısını təqdim edir.
Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər Rzayev dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.
Elə bu hadisə də onun həyatını büsbütün dəyişir.
Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyur. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi “Arxip baba və Lyonka” radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.
Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq “sən böyük aktyorsan” deyir.
Onun həm də gözəl şarjları, həcvləri vardı. Aktyor harda olsa, dəftərin, kağızın bir küncünə nəsə çəkirmiş. Rəhmətlik Mikayıl Mirzə Səməndər Rzayevin bu rəsmlərini ondan alır ki, haqqında yazacağı kitaba daxil etsin. Lakin, iş elə gətirir ki, Mikayıl Mirzənin evində yanğın baş verir, şarjlar da həmin yanğın zamanı tələf olur.
Bax belə bir tale.
Mərhum aktyor özü də çox az yaşayır, cəmi 41 il.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası – AZƏR TURAN
“Ədəbiyyat və incəsənət” portalının UŞAQ SAATI rubrikasında “Ulduz” bu gün sizlərə ədəbiyyatşünas, publisist Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” məqaləsi təqdim edilir.
Uşaq ədəbiyyatı barədə mütəxəssislər yazsa, bu daha uyğun olar, lakin məni düşündürən odur ki, tutalım, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poeması, yazılışından 40 ilə yaxın vaxt keçsə də, ədəbiyyatşünaslığımızda niyə müzakirə və tədqiqat obyektinə çevrilməyib?
Teymur Elçinin bu poemasını hətta fransız şairi Prevertin "Bir quşun rəsmini çəkmək istəsən" şeiri ilə də müqayisə etmək mümkündür. Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa, nağıllar aləminə səyahət, milli təfəkkürün və estetik dünyagörüşünün formalaşdırılması baxımından "Toğrul Babanın nağıl ağacı" poemasının doğurduğu intibalar çoxdur...
Şuşalı Teymur Elçin poeziya dili ilə Bakının sağ əlində, Xəzərin sahilində kuklaların evində şuşalı Toğrul Nərimanbəyovun çəkdiyi divar rəsmlərinin nağıllarını təfsir edib; rəng sözə, söz rəngə qarışıb.
Toğrul baba sehrkardır, rəngləri də sehrlidir, çubuqlarla – fırçayla "danışır" və kuklaların evinin divarında bircə anda bağ salır. Toğrul baba nağıl rəssamıdır... Onun rəngləri "gülür-danışır", "küsüb-barışır"lar. Lazım gələndə Toğrul baba rənglərə əmr edir, onlar bir yerə "yığışır", içi heyva, nar dolu xurcuna, səbətə çevrilirlər, yaxud göyçək bir qıza dönüb mışıl-mışıl yatır, nar olub yaşıl budaqlardan sallanırlar və s.
"Kilimçi" nağılı Qız qalasının yaxınlığında qaravəlliylə başlayır. Teymur Elçinin yaratdığı teatral mənzərə unikaldır. Məncə, Azərbaycanda nağıl estetikasını bu qədər dərindən mənimsəmiş ikinci şairi təsəvvürə gətirmək çətindir.
Bayaq da qeyd etdiyim kimi, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poemasını Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarına çəkdiyi rəsmlərin iştirakı ilə oxumaq xüsusi estetik anlam kəsb edir. Bu, Azərbaycan estetik düşüncə tarixində yeni hadisədir. Həm də o mənada ki, tutalım, bizdə nağıl motivləri əsasında yazılmış poetik nümunələr, hətta nağıl-pyeslər var. Amma Azərbaycan nağıllarının az qala hamısının divar rəsmlərinə mövzu olması, onların bir süjet ətrafında birləşdirilməsi ənənəsi Toğrul Nərimanbəyova qədər olmayıb və Teymur Elçinin bu poeması da o rəsmlərin təkrarsız poetik, nəzəri və ensiklopedik şərhidir.
Teymur Elçin Toğrul Nərimanbəyovun rəsmlərini şeirləşdirir. Bu şairanəlikdə rənglərin səciyyəsini dərindən bilən sənətşünas manerası da var; hər şey (məsələn, Qız qalasının yanında kilimçi Qara Vəlinin obrazı və bu obrazın ətrafında baş verənlər, görünən başqa obrazlar) şair Teymur Elçinin poetik izharları ilə tanınır:
Uzanıb pəhləvantək Kilimçi Qara Vəli.
Oyun çıxardır yenə, Danışır qaravəlli.
Əlləri, ayaqları meydançadır elə bil.
Göstərdiyi tamaşa bir xonçadır elə bil.
Kilimin üstündəcə arxası üstə uzanıb əlayaqlarını yuxarı qaldırmış kilimçini Toğrul Nərimanbəyov şəkilləndirir. Amma onu Qara Vəli olaraq tanıdan, poetik rakursu meydançaya çevirən, onun danışdığı qaravəllini mətnləşdirən, Toğrulun çəkdiyi tablonun şərhini verən Teymur Elçindir. Kilimçinin açıq ovcunun birində eşşəyə minmiş xurcunlu oğlan, digərində isə haldan-hala düşən və qazı əlbisəsi geymiş başqa bir obraz var.
Bax bu eşşəkçi oğlan evdən getmişdi çoxdan.
Quş südü istəmişdi şəhər qazısı ondan.
Quş südü bəhanədi, Kim bilir ki, o nədi...
Evlərində heç kəsi, Tamam boşdur heybəsi.
Gətirdiyi bir az nar – sirli bağın meyvəsi...
Sol ovcunda qazını oynadır Qara Vəli:
– Qazı deməyin buna – Cəlladdır – əmmaməli...
Kilimçinin qaldırdığı ayaqlarının birinin pəncəsində bir oğlan təsvir edilib:
Bu da tacirin oğlu,
Pulu var çoxlu-çoxlu.
Satın alar dünyanı...
Görün necə qalıb mat:
Oğlan gəlib salamat...
Qara Vəlinin yuxarı açılmış digər pəncəsi üstündə rəqs edən qız:
Qonşu qız çıxıb səsə,
Salmışdılar qəfəsə.
Gah oynayıb-oxuyur,
Məhəl qoymur heç kəsə.
"Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Yarım qayıdıb gəlib,
Görəcəyəm doyunca".
Teymur Elçin Toğrul babanın nağıl personajlarını bir-bir şərh edir. Toğrul baba rənglərlə nağıl dünyası yaradır. Onun rəssam təxəyyülündən yaranan nağıllar ətirlidir, rəngarəngdir. Və elə buradaca əlavə edim ki, bu nağılların – rəsmlərin mifoloji mündəricəsi də çox dərindir. Teymur Elçinin qurduğu süjet Nərimanbəyovun çəkdiyi rəsmləri danışdırır. Boyu bir tikə olan Cırtdan Toğrul babanın xurcununa girir və oradan yekə bir nar çıxarır. Toğrul baba bütün dəcəlləri çağırıb nağıla başlayır.
Növbəti nağıl – "Nar bağı" təkcə uşaq ədəbiyyatında deyil, ümumiyyətlə, ədəbiyyatımızda yeni hadisədir. Günər Nar bağında "Məlikməmməd" nağılından tanıdığımız dördbuynuz devi öldürüb nar giləsi kimi şirin və gözəl qızları ölüm yuxusundan oyadır. Yuxudan ayılan Narcan: Arzun nədir, gizlətmə gəl, Eylərəm ona əməl, – deyə Günərə səslənir. Günərin arzusu günəşi tapmaqdır. Çünki eli-obası zülmətdədir. Narcan ona yol göstərir. Buynuzlaşa-buynuzlaşa qabağına gələcək Ağ qoçla Qara qoçun epizodu yekunlaşır və Narcan məsləhət görür ki, Günər Qara qoça yaxınlaşmasın, Ağ qoçun buynuzundan möhkəm yapışsın, çünki Ağ qoç onu işığın ünvanına – Qaf dağının ətəyinə aparacaq.
"Cırtdan" nağılındakı işıq gələn tərəf semantikası Azərbaycan uşaq şeirində bu şəkildə dəyişdirilir. Ardınca süjet xəttinə Qaf dağı səmtində uca və tənha çinar ağacında yuva qurmuş Zümrüd quşu – yuvasında balalarıyla daxil olur. Simurqun əfsanəvi səciyyəsinin müasir uşaq ədəbiyyatı mətninə bu şəkildə daxil edilməsi ədəbi baxımdan hadisədir.
Züm rüd indi Qaf dağının ətəyindədir. Amma Toğrul babanın nağıl ağacına o, Qız qalasından pərvazlanıb:
Pərdə salıb ağ bulud,
Üstündə Zümrüd quşu.
Qalanın başı üstdə
Göyərçinlər uçuşur...
Bütün mənəvi zirvələrdə Zümrüd quşu vardır. İşıq zirvədədir. İşığa qovuşmağın sirri isə narın içindədir. Narcan Nar bağında Günərə nar verib demişdi ki, çinar ağacında yuva qurmuş Zümrüdü görəndə narı dənələyib quşun balalarına yedirdərsən, sonra harda dara düşsən, zümrüd quşları səni xilas etməyə gələcək. İşıq soraqlı xəyali yol beləcə davam edir. Bu dəfə süjet xəttində Qaf dağının zirvəsində zəncirlənmiş gəncin obrazını görürük (Teymur Elçin mətni ağırlaşdırmır. İşıqdan soraq verən Prometeyi, sadəcə, zəncirlənmiş gənc oğlan olaraq təqdim edir):
O zirvəyə çıxsan əgər,
O cavanın zincirini Qırıb atsan,
Çatacaqsan istəyinə.
Rəssamın yaratdığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm də folklor elementləri və s. birlikdə iştirak edir.
Teymur Elçin Toğrul babanın nağıl ağacını şimal motivləri – Şimal mifləri ilə də zənginləşdirir. "Nə yoğurub, nə yapıb, hazırca kökə tapan" Cırtdan "tapdığı" kökəni bir qartala verir. Qartal onu şimala aparır. Azərbaycan nağıl estetikasının obrazlar silsiləsinə yeni elementlər daxil olur. Cırtdan qarlı çöldə itlərə qoşulmuş xizəyə minir. Yolda qartalın "lazım olacaq" deyə ona verdiyi:
Lələyi verdim,
Bir nağıl aldım.
Bura gələndə
nağılı saldım.
Bir ağ göyərçin
havada tutdu.
Ala bilmədim,
Nağılı uddu.
Göyərçin nağılı qardaşına danışanda Əsmər eşidib Cırtdana söyləyir. Teymur Elçin nağıl estetikası ilə, mifoloji təsəvvürləri, özü də həm türk mifologiyasını, həm yunan mifologiyasını, hətta xristian mifologiyasında müqəddəs ruhu təmsil edən Ağ göyərçini, o cümlədən, bir qartalın qanadlarında şimala uçan Cırtdanın nağılıyla şimal miflərini, üç oğulun etinasızlığından Ağ göyərçinə – ruha çevrilib evdən gedən Ananın nağılını, şimaldan gələn "Ağ göyərçinin nağılı"nı, eləcə də Azərbaycanın yeni Nar mifini – Nar qızın nağılını bir mətnin içində çox rahat şəkildə əridə bilib.
Poemanın dili nağıl dili kimi yüyrəkdir. "Elçi gəldi Təpəgöz" nağılı, əslində, xaosun gəlişidir, Səməndərin danışdığı "Yuxucul Domrulun nağılı"nda Domrulun yuxudan oyanması eli xilas edir, harmoniyanı bərpa edir. Uşaq şeirinin süjetinə Dədə Qorqud motivli təsvirin məhz bu şəkildə, rahatlıqla aşılanması Toğrul Nərimanbəyovun nağıl kosmosunu Teymur Elçinin qələmi ilə uşaq ədəbiyyatımızın poetik güzərgahına çevirir. Nağıl bitir. "Toğrul babanın nağıl ağacı"nda hər şey işıqla yekunlaşır, amma göydən üç alma düşmür:
Cırtdan çıxıb uzanmışdı
yaşıl nağıl ağacına.
Nağıllara baxırdı o,
Nağılların qucağında...
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)
TORPAĞIN ARZUSU - Məndən 10 yaş böyük olan bu əsərin vurğunuyam
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri mən doğulmamışdan 10 il öncə çəkilib. – Azərbaycan təsviri sənətində unikal bir mənzərə poetikasını təcəssüm etdirən “Torpağın arzusu”nu çəkəndə rəssamın 54 yaşı vardı – sənətinin lap zirvə vaxtlarıydı… Hətta sənətkarın yaradıcılığında “partlayış dönəmi” (1950-ci illərin sonu – 1960-cı illər) də adlanırmaq olar: Bu, Bəhlulzadənin öz bənzərsiz üslubunu tapdığı və təbiətə fəlsəfi-mistik yanaşmasını ortaya qoyduğu bir mərhələ olsa gərək…
O, məhz həmin dönəmdə fantastik-realist adlanan özgü üslubda əsərlər yaradıb. “Xəzərdə axşam” (1959) əsəri ilə başlayan bu “partlayış dönəmi”nin digər ilk və əsas örnəkləri “Qudyalçay vadisi” ilə məhz “Torpağın arzusu” (1963) olmalı…
Bu mərhələdə sənətkarın yaradıcılığı həm tematik, həm forma baxımından tam çiçəklənib. Hətta təbiət motivləri fonunda mistik elementlər, torpaqla ruhun dialoqu kimi yeni məzmun qatları formalaşıb.
Mən məndən 10 yaş böyük olan bu əsərin vurğunuyam. İndi - bu sətirləri yazıram və düşünürəm, deyə bilərlər: sənətkatın doğum günü deyil, anım genü deyil, ev-muzeyinin açıldığı günün ildönümü də hələ gələn ayın 22-sindədir… bə bu yazı nə münasibətlə yazılmış ola? - Deyim: məncə, Səttar Bəhlulzadə kimi nadir sənətkarlar və “Torpağın arzusu” kimi möhtəşəm əsərlər haqqında özəl gün, münasibət, səbəb axtarmağa heç ehtiyac yoxdur - macal olsa, onlar elə hər gün yazılmalı hadisələrdir! Mənim də (ən azından bu ilki torpaq oyanışı vaxtından) könlümdən yazmaq keçirdi və bölüşmək imkanım bu günə düşdü…
Bu əsərdə torpağın, təbiətin və insan ruhunun sarsılmaz birliyi, içsəl özləmləri və ecazkar enerjisi ifadə olunub.
Əsərin önplanında al qırmızı lalə tarlaları — məhsuldarlığın, sevginin və torpağın canlı nəfəsinin rəmzi kimi canlanır. Və bəlkə də, “Nə vaxtdı Bakının gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr” Rəşidi ismarıcı vardır burada - nə bilim…
Ortada yerləşən su hövzəsi və onun çevrəsindəki çoxrəngli əkin zolaqları torpağın arzusunu — dirçəlişi, bərəkəti və rəngarəng həyat eşqini əks etdirir. Fon planında dağlar və göyə ucalan ağ buxar zolaqları isə həm mistiklik, həm də ümidin simvolik dilidir. Quş dəstəsi isə bu arzunun qanadlanması, təbiətin ruhani çağırışı, təbiət elementlərinin harmonik tamlığıdır…
Bu rəsm, bu rəsm özü dil açıb danışır, danışır sanki:
Torpağın arzusu - rəngin, ruhun və mədəniyyətin içsəsi yayılır dörd yana…
“Mən torpağın nəfəsini eşidirəm… Dağ danışır, çay isə ürəyini açır mənə. Mən sadəcə boyanı çəkirəm, amma mənzərə özü içimdə yaranır”… - Bu cümlələri sanki Səttar Bəhlulzadənin xatirə dəftərindən oxuyuram…
Sənətkarın əsərlərinə baxdıqda, hiss edirsən ki, o, təbiəti (sadəcə) seyr etməyib – təbiətin öz içindən baxıb dünyaya. Onun tabloları sadəcə gözəllik tərənnümü deyil – bunlar torpaqla ruhun dialoqudur. Hər bir rəsmdə bir içsəslə danışır – bu səs nə çığırtıdır, nə də pıçıltı – bu, torpağın arzusudur…
Əgər rəssamın fırçası bir alxışıydısa, həmin alxış torpağa deyilib…
Əgər rənglər bir səsiydisə, bu səs lalə kimi torpaqdan doğulub...
Və əgər bir tablo öz içində təbiət qədər və təbii dərinlik daşıyırsa, o da Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri olmalı...
Bu əsər sadəcə bir mənzərə deyil, deyil!..
Bu əsər, bu əsər – torpağın nəfəsidir.
Lalələrin qıpqırmızı alovu ilə yanan bir nəfəs... Əkin zolaqlarının müxtəlif rənglərə bölünməsi – torpağın göyüzünə doğru qanadlanması, yəni öz arzularını rənglərlə dilə gətirməsidir. Su isə… su – torpağın özünə baxdığı aynadır; duru, səssiz və anlamla dolu…
Hələ dağlar, fondakı dağlar – insanın sabit təbiətini, dəyişməz xarakterini simvolizə edir. Ancaq onların önündə yüksələn buxar sütunları – torpağın içindən göyə qalxan arzu çırpıntılarının ta kəndisidir... Və göyüzündə dövrə vuran quşlar – alxışların cavabıdır, arzuların çiçək açmasıdır. Onlar, onlar həm də qurtuluşdur, yurd həsrətidir, insan ruhunun təbiətə qovuşma ehtiyacıdır.
“Torpağın arzusu” Səttar Bəhlulzadənin sənət dünyasında bir dönüm nöqtəsi kimi də dəyərləndirilə bilər. Bəli, bu tablo onun öncəki əsərlərinin içindən boy verən məntiqi və poetik inkişafın zirvə nöqtəsi kimi çıxış edir. Əsərdə artıq təbiət portretləri sadəcə gözəllik obrazı kimi deyil, bir dünyagörüşünün, ekzistensial təbəddülatların vizual kodu kimi işlənib.
Öncəki əsərlərində torpağı, ağacları, çayları müşahidə edən, onlara bədii forma verən sənətkar, bu əsərdə artıq torpağın içindən danışır, onun adından danışır. “Torpağın arzusu” – əslində sənətkarın içsəsinin rənglə ifadəsidir. Sanki bu əsər boyaları ilə torpağın deyil, ruhun dilini danışır... Bu dil həm mistikdir, həm də yerli; həm milli, həm də kosmik...
Və elə bu səbəbdən də “Torpağın arzusu” yalnız ötən dönəmin tamamlayıcısı deyil, həm də gələcək tabloların başlanğıcıdır. Ondan sonra gələn əsərlərində (kompozisiyalarda) artıq torpaqla insan birləşir, məkana ruh qatılır, təbiət mədəni kimlik qazanır... Yəni bu əsər bir estetik və ideya qovşağıdır – həm ötəni özündə toplayan, həm də gələcək sənət xəritəsini işıqlandıran bir yaradıcılıq sınırıdır.
Bu əsərdə torpaq–ruh, rəng–kimlik, təbiət–mədəniyyət üçlükləri (triadaları) önplana çıxır. “Torpağın arzusu” sadəcə bir eko-etno-estetik ifadə deyil, həm də milli-mədəni kimliyin ruhani simvoludur. Torpaq burada yalnız fiziki məkan olmaqda qalmayıb, mənəvi dəyərlərə də işarə edir. Səttar Bəhlulzadə torpağa təkcə rəng verməyib – o, torpağın öz içində daşıdığı əbədilik kodlarını canlandırıb...
Bu torpaq bərəkət saçır…
Lalələr dilə gəlib, tarlalar söz deyir…
Dağ və su… - onlar bir-birinə nəğmə oxuyur…
Və quşlar… quşlar torpağın bağrından uçub göyə çatır…
Torpağın arzusu
torpaqdan da,
arzudan da
artıqdır…
Bəli,
Səttar Bəhlulzadə Azərbaycan mədəniyyətində torpaqla insan, təbiətlə ruh arasında körpü salan sənətkarlardandır. Onun sənəti XX yüzilin ortalarında mədəni kimlik axtarışının vizual poetikasıdır. “Torpağın arzusu” bu axtarışın qovşağı, həm də ruhun manifestidir.
Əməkdar incəsənət xadimi, rəhmətlik Ziyadxan Əliyevin, Xalq rəssamı – ünlü sənətkar Eldar Mikayılzadənin ustadları – dahi sənətkarımız Bəhlulzadə haqqında anılarını öz dillərindən eşitmişəm.
Örnəyi, Eldar müəllim belə danışırdı:
“Sənətkar dəniz mənzərəsi çəkmək üçün adətən erkəndən yola çıxırdı. Ona görə də cavan vaxtlarımda bir gecə ustadın evində qalmalı oldum ki, səhər tezdən Xəzər sahilinə birgə gedək. Çəkiliş öncəsində Səttar müəllim nə edirdisə, eynisini təkrarlayırdım – o “üçayaqlı”sını (tripodunu) hansı istiqamətə qururdusa, mən də öz “üçayağ”ımı eyni səmtə ayarlayırdım. Bunu görüncə ustad sərt şəkildə rusca dedi: “Иди, найдисвоюточку, этомояточка” – yəni, “Get, öz nöqtəni tap, bu mənim nöqtəmdir”! Mən də dərhal başqa mövqeyə – “öz nöqtəm”ə keçib, orada işləməyə başladım…”
İndi isə sinestezi və ruhi palitraya - Bəhlulzadənin duyğu harmoniyasına odaqlanalım.
Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsərinə yalnız gözlə baxmaq yetərli deyil; bu tabloya (necə deyərlər) qulaq asmaq, onu hiss etmək, dadmaq, toxunmaq və onunla nəfəs almaq, ona baxıb toxtamaq mümkündür... Əsərdə duyğular bir-birinə qarışır. Burada rənglər danışır, səssizlik səsə çevrilir, təbiət bir musiqi kimi axır, axır…
Bu, sinestezinin – duyğuların vəhdətinin bədii təcəssümüdür. Rəsmdə:
-Qırmızı lalələr isti bir səda kimi ürəyə toxunur;
-Yaşıl zolaqlar yumşaq bir melodiyanın ritmində torpağa yayılır;
-Mavi su səthi sakit bir nəfəsin şəffaflığıyla baxır sənə;
-Dağlar kəsilməyən bir susqunluqla danışır, danışır…
-Quşlar, quşlar isə səssizliyin qışqırığı kimi göyə doğru uçur, uçur...
Burada rəng səsə, forma duyğuya, məkan isə ruha çevrilir.
Səttar Bəhlulzadə bu sinestetik harmoniyanı yalnız texniki ustalıqla deyil, ruhi gücün estetik yorumu ilə yaradıb. O, duyğular arasında sınır tanımayıb. Onun fırçasında
su - dad verir,
dağ - nəfəs alır,
torpaq - danışır,
göy - dinləyir…
Bu, klassik anlamda rəsmdən çox –
şeir kimi bir tablodur,
musiqili bir mənzərədir,
ruhi bir ovqatdır. Və bu ovqat hər kəsin iç dünyasında fərqli rənglərlə təcalla tapır...
Sənətkar keçmiş partiyanın, onun keçmiş Mərkəzi Komitəsinin, keçmiş SSRİ Rəssamlar İttifaqının və b… deyil, torpağın arzusunu çəkib, torpağın! - Özü də, elə çəkib, baxan kimi görürsən: bu, Azərbaycan torpağının arzusudur!
Ona görə də “Torpağın arzusu”na baxmaq, sadəcə görmək deyil. -
Eşitmək,
hiss etmək,
duymaq və
ruhən içində olmaq
deməkdir... Rəsmdə torpaq yalnız arzulanmır – torpaqla birlikdə tamaşaçı da öz arzunu tapır elə bil…
Elə bil,
sənətkafın palitrasından hisslər, hisslər danışır:
Qırmızı – torpağın ürək döyüntüsü;
Yaşıl – nəfəs alan sükut;
Mavi – anılar kimi axın edən səssizlik;
Ağ – alxış kimi ucalan sakitlik;
Sarı – işığın altun pıçıltısı;
Qəhvəyi – torpağın dilidir…
Bəhlulzadənin “Torpağın arzusu” əsəri, əslində bir arzunun özüdür – bu, insanın torpaqla harmoniyada yaşamaq istəyinin, içində daşıdığı təbiət ruhunun rənglərə çevrilmiş mükəmməl şəklidir...
Bu tablonun önündə dayananda, sanki torpaq səni tanıyır, səni öz rəngində qəbul edir və deyir:
“Mən sənin də içində varam. Mən sənin yaddaşınam. Gəl, bir anlıq dayan… nəfəsimi eşit… məni duy”!
Və sən susursan… Susursan ki, torpaq danışsın…
Azərbaycan torpağının arzusu ümumtorpaq arzuları ilə yanaşı, bütövlük arzusudur, “mavi Vətən” - Xəzər ilə, Xəzərə uzun, ağrılı yol keçib gələn Arazın o tayı ilə, yenə Xəzərə axan Terekin bu tayı ilə, Günbatar Azərbaycanla… bir ruhi güc nümayiş etdirməkdir… Əkilərək qorunmaq, qorunaraq əkilməkdi torpağımın arzusu…
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)