İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Respublikanın Əməkdar müəllimi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, şair, neçə-neçə kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, hər kəs tərəfindən tanınan və sevilən Ofelya Babayeva ilə müsahibə.
-Hər vaxtınız xeyir, Ofelya xanım, xoş gördük Sizi. Necəsiniz?
-Salam olsun. Yaxşıyam. Dəvətiniz üçün təşəkkür edirəm.
- Bir şeirinzdə yazmısınız ki,:
Mən bir Allah
Bəndəsiyəm,
Məndə Günah
Axtarmayın.
Özü görür,
Mən bilərəm
Nədir günah…
Cavab məndə,
Sorğu onda.
Nə olacaq?
Olmayacaq,
Bilinəcək
Ancaq sonda.
Maraqlıdır, sonda nə bilinəcək?
- Sonda Allah bilir, nə bilinəcək.
-Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.
– deyirsiniz. Hələ də axtarışdasınızmı?
- Bəli, insan bir ömür boyu axtarışda olmalıdır və axtardığını arayıb tapmalıdır. Tapmırsa, təəssüflər...
-Bəs, könlünüzün dünyadan umacağı nədir?
- Dünyadan umacağım çox şey var və hesab edirəm ki, arzuladığım o çox şeyə nail olmuşam.
-Ədəbiyyat, poeziya sizin üçün hansı anlamdadır?
- Mənə elə gəlir ki, insana hava, su lazım olduğu kimi, ədəbiyyat, poeziya da gərəkdir. Hələ uşaq yaşlarımdan ədəbiyyata böyük maraq göstərmişəm. Evimizdə olan kitabları oxumuşam. Sonralar şəhər uşaq kitabxanasına üz tutmuşam, bu gün də həmin kitabxananın üzvüyəm. Təxminən yetmiş ilə yaxındır ki, kitabxana mənim üçün doğma bir məkandır.
-Sizin görkəmli şairlərimizdən bir neçəsi ilə bağlı xoş xatirələriniz var. Onlardan hansını bizimlə bölüşərdiniz?
-Əlbəttə, şair dostlarımla bağlı xeyli xoş xatirəm var. Mirvarid Dilbazi, gözəl şairimiz Cabir Novruz, Məmməd Aslan, Nəbi Xəzri, Süleyman Rüstəmlə sağlığında görüşmüşəm və hər biri mənim qəlbimdə unudulmaz xatirətək yaşayır. Bu haqda gözəl bir yazı qələmə almağı düşünürəm.
- Gənc şairlərə münasibətiniz və tövsiyəniz?
- Əlbəttə, təkcə gənc şairlərə yox, ümumiyyətlə, gənc insanlara münasibətim müsbətdir. Çünki onlar bizim sabahımızdır. Tövsiyələrləsə nəsə etmək olmur, hər kəs öz yolunu tapıb getməlidir.
- İstedadlı ilə istedadsızı necə ayırd edirsiniz?
- Dərhal ayırd edirəm. Acınacaqlıdır ki, çox sayda insan ədəbi biliyə malik deyil, Azərbaycan folklorunu, qrammatikasını, orfoqrafiyasını bilmir, amma özünü şair adlandırır.
- Ötən illərə boylananda nələrə təəssüf və nələrə şükr edirsiniz?
- Heç nəyə təəssüf etmirəm. Çünki artıq keçmiş zamana boylananda təəssüflənmək insana heç nə verimir. Və şükr edirəm ki, Allah mənə bu gün bu yaşa çatmağı qismət edibdir.
- Tez-tez ictimaiyyət, yazarlar arasında olursunuz, gözəl, məzmunlu, ibrətamiz çıxışlar edirsiniz. Yorulmursuz ki?
- Təkcə çıxışlar etmirəm. Təxminən əlliyə yaxın gənc şairə xeyir-dua verərək haqqlarında “Uğurlu yol” yazmışam. Normal ədəbiyyat adamı, fikir sahibi, filololoq, ictimaiyyət nümyəndəsi natiqliyi bacarmalı və yorulmamalıdır. Mən də niyə yorulmalıyam? Əksinə, mənə xoşdur.
- Sumqayıtın fəxri sayılan vətəndaşı kimi, bu şəhər haqqında fikirləriniz də bizə maraqlıdır.
- Sumqayıt mənim doğma şəhərimdir. Bütün həyatım - uşaqlığım, gəncliyim, indiki ahıl çağım bu gözəl məkanla bağlıdır. Bu şəhəri çox sevirəm. Geniş prospektləri, maraqlı insanları var. Eyni zamanda, burada təhsil alımışam. bir zamanlar məşhur olan 13 nömrəli, 1 nömrəli məktəblərdə oxumuşam. Sumqayıt təhsilində müəyyən xidmətlərim olubdur. Bununla fəxr edirəm. Şəhərdə hər addımımda şagirdlərimi, vaxtilə mənimlə işləyən insanları görürəm və xoş hisslər keçirirəm.
Sumqayıt son on ildə isə daha da gözəlləşibdir. Müasir bir Azərbaycan diyarına çevrilibdir. Cənubi Qafqazın ən gözəl şəhəridir. Təkcə respublikamızın deyil, mən deyərdim ki ,dünyanın əksər şəhərləri ilə rəqabətə girə bilər. Çünki Sumqayıt ağıllı insanların ərsəyə gətirdiyi bir şəhərdir. Baxmayaraq, yarım millyondan artıq əhalisi var, insanlarının hamısı sanki bir-biriylə doğmadır.
Sumqayıt yeganə şəhərdir ki, burada gənclərimizin, orta yaşlı insanların, ahılların ən çox sevdiyi poetik bir məkan - Poeziya evi fəaliyyət göstərir. Həmçinin bu şəhərdə gözəl kitabxanalar, dövlət universiteti, kolleclər, digər mədəniyyət müəssisələri mövcuddur. Ümumiyyətlə, Sumqayıt təkcə sənaye şəhəri deyil, həm də şairləri, yazıçıları ilə tanınan mədəniyyət şəhəridir.
Sumqayıta daha böyük inkişaf və sumqayıtlılara can sağlığı, uğurlar arzulayıram.
- Tanrının Sizə bəxş etdiyi ömrü qürurlu, əqidəli, şərəfli yaşayırsınız. Yetmədiyiniz arzunuz olubmu? Eyni zamanda, poeziyada da özünüzəməxsus dəsti-xəttiniz var. Hansı şeirinizi yaradıcılığınızın möhürü sayırısınız. Bəlkə sonluğu həmin arzuyla və şeirlə bitirək?
- Bütün arzularım çin olub. Artıq erməni əsarətində olan torpaqlarımız alınıb. Ali Baş Komandanımız, əsgərlərimiz həmişə var olsun! Allah bu yolda şəhid olan övladlarımıza cənnət bəxş etsin. Qazilərimizə can sağlığı diləyirəm. İstəyirəm ki, torpaqlarımız uğrunda gənclərimiz bir nəfər kimi qalxıb necə Zəfər qazanıblarsa, bundan sonra da həmin ruhda olsunlar.
Bəli, şeirlərim hesab edirəm ki, maraqlıdır. Amma təəssüf ki, bu gün oxucu qıtlığı var. İndi sosial şəbəkələr kitabların yerini alıb və burada maraqlı da, maraqsız da şeirlər yerləşdirilir.
Söyləyim ki, hər bir oxucu üçün hansı şeirim xoş gəlirsə, demək, həmin şeir yaradıcılığımın möhürüdür. Yekun olaraq son vaxtlarda yazdığım kiçik şeirimdən bir misranı oxuculara təqdim edirəm:
Dünən yoxdu, bu gün var,
Ömür xəzri, gilavar.
Sabah varmı, bilmirəm.
Sabaha bir ömür var.
-Ofelya xanım, hər zaman var olmanızı, ömrünüzün sağlam, daha mənalı və sevincli keçməsini Sizə arzulayırıq!
SONDA OXUCULARA OFELYA XANIMIN ŞEİRLƏRİNDƏN BİR ÇƏLƏNG TƏQDİM EDİRİK:
Dağa böyük
Tar qoyulub
Xatirədir, baş daşıdır
Müşfiqimə…
Tarzən külək,
Dinləyici
Dağı, daşı
Yaradandır..
Bu iltifat,
Bu böyüklük
Haradandır?...
Onu sevən, sevdirən də
Yaradandır… Yaradandır…
(07.07.2017)
ANA
Sənsiz bu yerlərə yenə də gəldim,
Hələ gələcəyəm... canımda can var.
Hələ döyünəsi qəmli ürəyim,
Hələ sənsiz mənə zindan cahan var.
Oğlumun, qızımın təəssüf dolu
Qara gözlərində mərhəmətə bax.
İllər hər yaranı sağaltsa belə,
Sağalmaz yaram da, bu hikmətə bax.
Zaman da, məkan da ayırdı bizi,
Qalmışam aranla, dağ arasında.
Gəzirəm sən gəzən cığırı, izi,
Hələ də çəmənlə bağ arasında...
Anasız bir ömür heçdi, hədərdi,
Anasız bir ömür qəmdi, kədərdi.
Anasız bir ömür tale, qədərdi,
Qoruyaq anaları...
Yuxusu çəkilmiş gözdü analar,
Bir şirin nəğmədi, sözdü analar,
Neçə nazımıza dözdü analar,
Qoruyaq anaları...
Qəmli bayatıdı, şirin nağıldı,
Ürəkdə abidə, başda ağıldı.
O getdi nəğməli dünyam dağıldı,
Qoruyaq anaları...
Başımın üstündə hey çaxar şimşək,
Onsuz dünyam viran, dözməyir ürək,
Dili dualıdı, özüsə kövrək,
Qoruyaq anaları...
***
Min ildir yol gəlirəm,
Mənzilə çatmamışam.
Nə bir dost, nə bir həmdəm
Arayıb, tapmamışam.
Cismim dərdə aşiyan,
Ruhum göylərə uçdu.
Mənzilim göy, kəhkəşan,
Yolum eniş-yoxuşdu...
Mən dağlar övladıyam,
Anam dağ, atam zirvə.
Heç nə əbədi deyil,
Ömür yol gedir hələ...
Sanma dağ-daş əbədi,
Hər şey ürəkaçandı.
Sənə doğru, ilahi,
Yol gəlirəm haçandı...
Könül qırıq, ruh xəstə,
Sanki axır-zamandır.
Vaxt ötür asta-asta,
Dövran yaman dövrandır...
***
Ömrüm ömürlərə calandı, getdi,
Yad-yalan odumda qalandı, getdi,
Beləcə bir ömür talandı, getdi,
Daha nə umarsan dünyadan, könül?
Sən görən zirvələr ucadan-uca,
Çatmaz neçə ömür düysəm uc-uca.
Kimdi qiymət verən mənəvi borca,
Daha nə umarsan dünyadan, könül?
Ağıllı ötürür bir-bir ayları,
Dəli vurub keçir coşqun çayları.
Qiymətə mindirdik ağlı zayları,
Daha nə umarsan dünyadan, könül?
Bir ömür verilib, vallah, hərəyə,
Gözləmə o dağı durub yeriyə...
O yaz bəlkə döndü bir gün geriyə,
Daha nə umarsan dünyadan, könül?
Dinsəm deyəcəklər, dinmə qonaqsan,
Dünya, çoxuna yay, mənə sazaqsan.
Yol çəkən gözlərim, yoldan uzaqsan,
Daha nə umarsan dünyadan, könül?
Eləcə mavidir o göy, o dəniz,
Hələ də sayrışır o uzaq yıldız.
İlahi, beləcə kirimiş, yalqız
Daha nə umarsan dünyadan, könül?
***
Heç yadımdan çıxmadı,
O yaz, o qış, o bahar.
Sonuncu nəfəsədək
Yol gələcək arzular.
Solacaq o bağça-bağ,
Ağacdakı son yarpaq...
Hər şey bəyaz, ağappaq
Yol gələcək arzular.
Çıxacaq məhvərindən,
Bu yer, bu göy, kainat.
Adiləşəcək dünya,
Adiləşəcək həyat.
Təptəzə sevgilər də
Olacaq bir az boyat.
Yol gələcək arzular,
Yol gələcək arzular.
BİLMƏDİM
Min illərin qoxusunu,
Ata bilmədim, bilmədim.
Yuxularım quş yuxusu,
Yata bilmədim, bilmədim.
Yer gizlədi igidləri,
Hər biri bir dünya idi.
Dəli könül, ağla, kiri,
Taleyə bata bilmədim.
Fələk necə yazdı, pozdu
Bilmədim ki, qışdı, yazdı.
Sabaha inamım azdı,
O dağa çata bilmədim.
Ömrümün mənası budur,
Zaman hər şeyi doldurur.
Dəli şeytan, uzaqda dur,
Günaha bata bilmədim.
Yol gedirəm yorğun-arğın,
Öndə dağlar, mənzil uzun.
O illər qar, boran, çovğun,
Gəldim həyata, bilmədim.
Neynim saçımda qırovu,
Ağlım qəlbimin girovu.
Ucuz alıb sözü-sovu,
Mən baha sata bilmədim.
Qadağalar yerli-yersiz,
Keçmədi ömrümdən izsiz.
Sevgimi duyğusuz, hissiz,
Odlara ata bilmədim.
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)