Şuşaya bu səfərimdə Bəstəkarlar İttifaqını təmsil etməkdən qürur duyurdum – TƏƏSSÜRATLAR Featured

Aysel Kərim, Accel group-un baş direktoru, Gənclər mükafatçısı. “Ədəbiyyat və incəsənət” üçün


Bu il aprel ayı bir çox maraqlı tədbirlərlə yaddaşıma həkk olundu. Onlardan ən əsası isə məhz 17 aprel tarixində Şuşada keçirilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi idi. Üstündən 12 gün keçib, amma təəssüratlarım o qədərdir ki, onlardan ayrıla bilmirəm...

 

Bildiyimiz kimi 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdi. Vurğulamaq yerinə düşər ki, Şuşanın na­mizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərmişdi. 

Çox sevindirici haldır ki, artıq bir neçə ildir Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edir. Təbii ki, bu mənim Şuşaya ilk səfərim deyildi. Artıq neçənci dəfədir ki, Şuşa şəhərində keçirilən dövlət tədbirlərində iştirak edirəm.

17 aprel tarixində reallaşan “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimində bir sıra dövlət rəsmiləri, beynəlxalq ekspertlər, ICESCO-nun nümayəndələri, quruma üzv bir sıra respublikalardan mədəniyyət mütəxəssisləri, səfirlik nümayəndələri, incəsənət xadimləri və media mənsubları, həmçinin Bəstəkarlar İttifaqının və Yazıçılar Birliyinin üzvləri olan həmkarlarım iştirak edirdi.

Öncəliklə “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəniyyət Forumu keçirildi. Forumun açılış  mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmi şəxslər, beynəlxalq ekspertlər və eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirdi. Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə viran edilmiş və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur. Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” və “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzularına  həsr olunmuş panel müzakirələri aparıldı.

Forumdan sonra Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin bağlanış mərasimi keçirildi. Tədbirin rəsmi hissəsində ilk olaraq ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin tədbir iştirakşılarına video müraciəti səsləndi. Həmçinin Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinə həsr edilmiş videoçarx nümayiş olundu.

Çıxışçılar "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin əhəmiyyətindən, eyni zamanda prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirildiyini qeyd etdilər.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına videomüraciətində deyilirdi: “Biz, həmçinin ortaq tariximizin xəzinələrini qoruyan İslam Dünyası İrs Komitəsinin toplantılarını gördük. Biz ruhu coşduran incəsənət festivalları, müqəddəs musiqi, elmi dialoqlar və mənəvi tədbirlər yaşadıq. Məscidlərdən muzeylərə, sinif otaqlarından konsert salonlarına qədər - Şuşa canlı idi. Bu, uzaqgörən rəhbərliyin gördüyü işin nəticəsi idi və burada biz milli kimliyə, mədəni ləyaqətə və tarixi ədalətə misilsiz sədaqəti olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyində işğaldan azad edilmiş bütün ərazilər kimi, Şuşada geniş bərpa və quruculuq işlərinin aparıldığını bildirdi. Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşadığını vurğuladı.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında qeyd etdi ki, Şuşa hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Şuşa möhkəmliyin və mədəniyyətimizin dirçəlişinin rəmzidir. Bu şəhər ədəbiyyatımızı, musiqimizi və milli kimliyimizi formalaşdırmış, eləcə də erkən dövlətçilik ənənələrimizin və mədəni diplomatiyamızın mərkəzi olub.

“Əməkdaşlığımız ICESCO ilə fərdi tədbirlərdən daha çox davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ICESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır” - deyə nazir müavini diqqətə çatdırdı.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olundu. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin ifa etdiyi milli rəqslərimiz, müğənni və solo ifaçıların səsləndirdiyi xalq və bəstəkar mahnıları, eləcə də qazax, qırğız, özbək, tacik və ərəb xalqlarının nəğmələri və aşıq havası tədbirin qonaqlarında xoş hisslər oyatdı.

Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan, mədəniyyət beşiyimiz, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhəri 5 ildir ki, may ayını azad qarşılayır.

Ad günüm ərəfəsində Şuşaya bu unudulmaz səfər bir ömür xoş xatirələrlə ruhuma hopdu. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqını təmsil etməkdən böyük qürur duydum.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

 



 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.