Elmin və ruhun qovuşduğu şəxsiyyət - XUDU MƏMMƏDOV Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycan elminin parlaq simalarından biri olan Xudu Məmmədov həm alim, həm də insan kimi xalqımızın yaddaşında silinməz iz qoymuş şəxsiyyətlərdəndir. O,  bütövlükdə müasir Azərbaycan elminin fəxri, ruhunu və şəxsiyyətini qoruyan bir ziyalı obrazıdır.

 

Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda - Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.

Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi. Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib. Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişib. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub. Böyük alim elmi fəaliyyəti ilə yanaşı, hər zaman xalqının yanında olub və 1987-ci ilin əvvəllərindən başlayan xalq hərəkatının liderlərindən birinə çevrilib. Milli azadlıq hərəkatına rəhbərlik edənlər Xudu Məmmədovun tələbələri və dostları olublar. Onun böyük ürəyi hər zaman Azərbaycan üçün döyünüb və elə onun üçün də dayanıb.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. Ruhu şad olsun!

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

 

Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

 

Elim köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.

 

Bu Qala - bizim Qala,
Qaldıqca bizim Qala.
Qurmadım, özüm qalam,
Qurdum ki, izim qala.

 

Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.

 

El arxadı, güvən, gəz!
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz.

 

Xəyalım daşdı, neynim,
Sədləri aşdı neynim?!
Düyünlər açan fikrim
Səndə dolaşdı, neynim?!

 

Çətənsiz qara bağlar,
Ürəyi yara bağlar.
Elindən ayrı düşən
Ümidi hara bağlar?

 

Qəlbim sənə əsirdi.
Hikmətinə qəsrdi.
Səninlə də sənsizəm
Bu nə hikmət, nə sirdi?

 

Söyüdə barsız demə,
Təklərə yarsız demə.
Dərdə acı güldürər,
Gülənə arsız demə.

 

Bu dünya şirin-şəkər.
Başımızda turp əkər.
Dərdimiz yetim qalsa,
Bizdən sonra kim çəkər?

 

El anadı. el ata,
Özgə olma elata.
Tanrı atsa, el saxlar,
Qorx o gündən, el ata.

 

Dərdlərimi ələsəm,
Heyim çatmaz tələsəm.
Mən bir yetim quzuyam.
Kim eşidər mələsəm?

 

Söz açma qanadınnan.
Qan axar qanadınnan.
Xəyalım gəzən yerdə,
Quş uçmaz qanadınnan.

 

Gəldiz, durduz eşikdən,
Baxdız mənə deşikdən.
Bəxtim yatanda gəlir,
Mən beləyəm beşikdən.

 

Əzizinəm, ha sarı,
Sınıq könlüm ha sarı.
Aşıq qəmdən ev tikdi,
Dərddən çıxdı hasarı.

 

Yad etdi dağlar məni,
Düyünlər, dağlar məni.
Sağkən ölüm olmaya,
Kim anıb ağlar məni?

 

Dolaylarda bulağam,
Suyu zolaq-zolağam.
Tökmə qaş-qabaq.
Gedəriyəm, qonağam.

 

Dərd gələr tapar bizi.
Təndirə yapar bizi.
Araza gətirmisən,
Təbrizə apar bizi.

 

Qarşımızda nə qaldı?
Nə qovğadı, nə qaldı.
Fələk mənim başıma
Gətirməmiş nə qaldı?!

 

Elə-belə fərd oldun,
Dostlarına nərd oldun.
Uzaq səni görmədi,
Yaxınlara dərd oldun.

(Mənbə: Xudu Məmmədov “Qurdum ki, izim qala”)

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.